Son xəbərlər

 


Gözlərin qaralmış alovun külü,

Eşqi yox ,bilinmir dərdlidir- dərdsiz.

Bir sual altında ömrə girirsən ,

qovulanda ancaq sualsız-şərtsiz.

 

 

Ya bəxtsiz gəlinsən,ya əlacsız qız.

Bərk yuvarlanmısan bataqlıqlara.

Ya səni aldadıb hansısa oğlan,

sən qisas almısan ayrılıqlara.

 

Düşünmək xoş deyil bu saat bunu.

Bir onu bilirəm çox heyfim gəlir

bu gözə,bu qaşa,bu dodaqlara,

sehr edir insanı adam dincəlir.

 

Yenə bir siqaret pəncərədəsən,

gülürsən çəkmirsən dərdin kimsənin.

Sevincin tüstüdən olursa belə,

sevgin də siqaret qədərdir sənin.

 

Çox incə səsin var ürək tərpədən,

sən onu tərpədib neyləyəcəksən?!

Yataqlar tərpədir sənin özünü,

onu da ağrıdan çeynəyəcəksən.

 

Bədənin hər gecə çox ucuzlaşır

bir ac göz kişinin  ağ yatağında.

Sən həyat yoldaşı olmaq istərdin

lap ölən ərinin boz torpağında.

 

Yad evində qulsan,özündə qonaq

bunu düşünürəm hirslə doluram.

Amma toxunduqca sən bədənimə

mən istər-istəməz tabe oluram.

 

Bu gecə mənləsən qollarımdasan

gözündə bir ümid soraqlayıram.

Sən mənim qəlbimə ayaq açırsan

Mən sənin ismətin ayaqlayıram.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə