Son xəbərlər

 

A böyük uşaq körpələş,

Get torpağa sarı get.

Qapıdan gedə bilməsən,

Uçurdub hasarı get,

Get torpağa sarı get.

 

Üz-gözün kir içindədi,

Harda oynamısan belə,

Özünə yazığın gəlsin,

Atan ki, ölməyib hələ,

Anan ki, ölməyib hələ,

Yu üzünü yu, bir az yu,

Bir dəfə,

Yox beş dəfə,

Lap istəsən 10 dəfə yu,

De, mən səndən duruyam su,

Bir də aydan arı get,

A böyük uşaq körpələş

Get torpağa sarı get

Qapıdan gedə bilməsən,

Uçurdub hasarı get,

Get, torpağa sarı get.


Ora bax, ora bax, ora,

Ordan sonra bir də bax.

Bir də ora get, bir də,

Çiçəklər səni tanısın,

Ağaclar səni tanısın,

Öləndən sonra qəbirdə...

Atan ki, ölməyib hələ,

Anan ki, ölməyib hələ,

Ölməmişdən barı get,

A böyük uşaq, körpələş,

Get torpağa sarı, get.

Qapıdan gedə bilməsən,

Uçurdub hasarı get,

Get torpağa sarı get...


Aynaya bax gör nə deyir

Yenə bir intihar oldu

Yenə bir əsgər öldü

Şər deyir ki, xeyir öldü

Xeyir deyir ki, şər öldü.

Sən sağ-salamatsan axı

Qır o aynanı, qır tulla

Babalar gedən düz yolla

Ucalar gedən düz yolla

Allahdan aşağı get

Dünyadan yuxarı get

A böyük uşaq körpələş

Get torpağa sarı get

Qapıdan gedə bilməsən

Uçurdub hasarı get

Get, torpağa sarı get.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə