Son xəbərlər

 


Ruhumun bədənimə “əlvida” deyəcəyi gün
Hər şey dəyişəcək…
Qurtulacağam…

 

Ancaq…
Günahlarla yüklənmiş ruhum
duya bilməyəcək azadlığın həzzini.
Həmin gün “Küləklər şəhəri”ndə
Dəli bir Gilavar qopacaq.
Allahım göndərəcək o küləyi,
Sərgərdan ruhuma yoldaş, sığınacaq.
Ölümün həyatdan üstünlüyünü ilk dəfə onda anlayacağam:
Bu dünyada tənha qalmış mən
Ölən kimi özümə dost tapacağam – küləkdən.
*****
Günlərin bir günündə
Gilavarın daha yandırıcı olduğunu hiss etsən, bil ki
Ölmüşəm…
Amma qəmlənmə, çünki,
Ölümdən sonra sənə daha yaxın olacağam.
Hər yerdə – küçədə, həyətdə…
Solun, sağın olacağam…
İndiki kimi üzüqara deyil,
Külək kimi şəffaf.
Əsdikcə günahları təmizlənən –
Gilavar kimi saf.
Hərdən səni bezdirəcəyəm də,
Lap bu dünyada olduğu kimi,
Qulaqlarına dolduracağam
Vıyıltımı – səsimi…
Hərdən də qısqanclıq güc gələcək mənə -
Şiddətlə əsəcəyəm.
Sənin görüşlərini əngəlləyəcəyəm,
Qarşını kəsəcəyəm…
*****
Mənim günümü qeyd etməyi unutma,
Nə olar, ildə cəmi bir kərə,
Sərin mart günlərinin birində
Başını qaldır, bax göylərə,
Pıçıltı ilə de:
“Çərşənbən mübarək!
Çərşənbən mübarək, əzizim KÜLƏK!”

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə