Getdikcə məni çox sevəcəyini deyirdi...
o üzdən də getdi...
yəqin getməkdir sevgi...



Mənsiz yaşamayacağını, 
öləcəyini deyirdi...
yaşamayaraq öldü...
ölü döğuldu...
O yox...sevgim

Hər gün yuxularına gəldiyimi deyirdi
axı hardan biləydi...
getməyə başqa yerimin olmadığını...

Həmişə yanımda olduğunu deyirdi
Ancaq, Ona baxanda 
Onu görmürdüm...
bilmədim hara baxım
Onu görmək üçün...

Darıxma “o”nsuz da, biz birlikdə olacayıq deyirdi
ancaq nəinki biz birlikdə
Heç ikilikdə də biz olmadıq
Mən və o oldu...
Sən də olmadı...

Həyat yolunu birgə gedək deyirdi
həyat yolunu yox
iki tin küçəni
yanaşı, ancaq məsafələrdə getdik
O mənim ürəyimdə,
mən təkliyin əllərində...

Sən “mənim yarım”san deyirdi
Yarım olmadı…Yarısı oldum
Qurşaqdan aşağı…
Ürəyi ola bilmədim

Sevgimiz davam edir deyirdi...
ama biz davam edə bilmirdik...
söz də tapmırdıq danışmağa
Bütün sözlər tükəndiyində, 
insan insanı anlamağa başlarmış...

O artıq sözlərini mənə gözləri ilə deyirdi...
mən də Ona səsimi eşitdirməyim üçün 
bir az da susdum
O daha çox susaraq üstümə qışqırırdı...

Darıxanda gecələr göy üzünə, 
aya bax deyərdi... 
Ay isə nəzərlərdən gizlənərdi 
buludlar arxasında...
Sübhə qədər səmaya baxardım 
ayı görmək üçün.
Onun isə səması hamilə idi,
səhərə günəşini doğmaq üçün…

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə