Uşaq olmaq istəyirəm batam toza-torpağa,

Ayaqyalın qaçıb çıxam dam üstünə, çardağa

Uşaq olmaq istəyirəm sapand atam, yarışam,

Çoban olub qoyun-quzu sürüsünə qarışam.

 

 

Uşaq olmaq istəyirəm nənəm mənə pay verə,

Yaxma yaxa, nəlbəkiyə şəkər sala, çay verə.

Uşaq olmaq istəyirəm sözü deyəm düzünə,

Yaxa dartam, sillə vuram cığal dostun üzünə.

 

Uşaq olam yırğalanam, mürgüləyəm beşikdə,

Cələ quram qaratoyuq eşələnən eşikdə.

Uşaq olam ordu düzəm, qala tikəm özümə,

Qar yağanda palçıq alıb sürmə çəkəm gözümə.

 

Uşaq olmaq istəyirəm dığırcəkdən yıxılam,

Üşüyəndə qucaq açıb qardaşıma sıxılam.

Günah etsəm atam döyə, anam qaçıb qoymaya,

Bibilərim yanağımdan dişdək ala doymaya.

 

Uşaq olam varlı nədir, kasıb nədir bilməyəm

Xətir üçün boş tərifə çəpik çalıb gülməyəm.

Uşaq olam yavan çörək gəvələyəm, çeynəyəm

Qonşu qızın sığalından xoşallanam, göynəyəm.

 

Uşaq olam Koroğlumuz, Babəkimiz sağ ola,

Oyun quraq, Misri Qılınc, Aynalımız cağ ola

Gözləməyək qəsbkarın böhtan dolu sözünü

Təpikləyib qovaq onu, əzək ağız-gözünü.

 

Uşaq olam arx görəndə utanmayam, lüttənəm

Qarğı atı Qır at biləm düşmən üstə attanam.

Zəfər çalam, “ura!” deyəm, arzularım çin ola,

Atam baxıb fərəh duya kaş elə bir gün ola.

 

Uşaq olmaq istəyirəm, isəyirəm a dostlar...

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə