Son xəbərlər

 


Qəm yeyir ürəyim nə vaxtdan bəri,

Çox görüb hicrindən o, dərdi- səri.

Sənsiz hər səhəri açmışam diri,

Dikilib yoluna göz, alagözlüm!

 

 

Sən yoxsan həyatım sanki bir ölüm,

Mən necə danışım, mən necə gülüm?

Elə yandırmısan qalıbdır külüm,

Alışır sinəmdə köz, alagözlüm!

 

Eşqimiz böyükdür, deyildir hədər,

Ayrı qaldıq bizə yar oldu kədər.

Dedim dözəcəyəm sən dözən qədər,

Daha söyləmə ki, döz, alagözlüm!

 

Bu elə həsrət ki, bu elə dərd ki,

Taleyin rüzgarı o qədər sərt ki,

Firqətin amansız, elə namərd ki,

Çəkmişəm hicrini yüz, alagözlüm!

 

Yoxluğun qəlbimi tarimar edib,

Cəllad bıçağı tək bağrımı didib.

Qoy yazsın dərdimi bir şair, ədib,

Nə çox ürəyimdə söz, alagözlüm!

 

Səndən bəhs eyləyir hər misra, sətir,

Gəl ki, şeirimdə həsrəti bitir.

Hicranın izini bir yolluq itir,

Ayrılıq dərdini çöz, alagözlüm!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə