Son xəbərlər




Hər kəs olmasa da özünü bilən bəlli bir dərkə sahib fərdlər özlərinəməxsus dünyada yaşayırlar. Çərçivəsiz dünyanın çərçivəli həyatını özləri üçün biçirlər. Öz qaydaları və öz qanunları ilə bu çərçivənin kənarını hamarlayıb sökürlər. Belə şəxsiyyətlərdən biri – çərçivəsiz çərçivənin gözəl sakini, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simasi, sevimli şairimiz Çingiz Əlioğlu ilə müxtəlif məqamlardan danışdıq. Çox səmimi insan olan Çingiz müəllimlə söhbətimiz o qədər maraqlı oldu ki, 16 səhifəlik yazını 8 səhifəyə birtəhər yığa bildim. Çoxlarının duymadığı, görmədiyi gerçəklikləri içindən keçirərək maraqlı fəlsəfi görüşlərini şeirlərinə yansıdan şairlə söhbətə “Xatirələr”dən başladıq.

Ardını oxu...


1937.az hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alan şair Adil Mirseyidlə müsahibəni təqdim edir.

– Adil müəllim, özünüzü necə hiss edirsiniz?

– İndiki vəziyyətimi deyirsən, yoxsa ümumiyyətlə, soruşursan?

– Səhhətinizlə bağlı soruşuram.

– Çox ağrıyıram. Heç yaxşı deyiləm. Hətta ağrılarımdan utanıram, xəstəliyimdən utanıram.

– Xəstəliyinizin konkret adı nədir ki?

– Vallah, hamısı bir-birinə qarışıb: qaraciyər serrozu, dalaq, mədəaltı vəz... Təsəvvür edirsən, hələ ürək də bir tərəfdən. Amma Sabir demişkən, “üzü qarə ciyər”in ucbatından burdayam. Son 10-15 gündə sürətlə təzyiqim də düşməyə başlayır.

– Neçə gündür xəstəxanadasınız. Yəqin özünüz də hiss edirsiniz ki, vəziyyətiniz yaxşılığa doğru gedir.

– Sağ olsun, həkimlər. Təzyiqimi yavaş-yavaş qaydasına salırlar. Get-gedə normaya düşür. Təsəvvür elə ki, gözlərimə hallüsinasiya görünürdü, qulağıma səslər gəlirdi. Qoyyada da belə şeylər olmuşdu. İndi mənim də başıma gəlir. Qoyyanın gözünə dəhşətli varlıqlar görünürdü. Amma mən ornamentlər, naxışlar görürəm. Yəni dəhşətli şeylər görmürəm və dəhşətli səslər məni çağırmır. Məni xoş səslər çağırır, qulağıma gələn səslər çox xoş səslərdir.

– Adil müəllim, ölümdən qorxmursunuz ki?

– Yox, heç nədən qorxmuram. Halım pisləşəndə, vəziyyətim ağırlaşanda belə ölümdən qorxmadım.

– İnsan niyə ölümdən qorxmasın ki?

– Ona görə ki, mən imanlı adamam. İmanlı adam ölümdən niyə qorxsun?

– Maraqlıdır, sizin üçün ölüm nədir?

– Ölüm bir cilddən başqa cildə keçməkdir. Amma ola bilsin ki, bu dünyada qalan insanlar onu görməyəcəklər.

– Məncə, adam ölümdən qorxmasa da ən azı bu dünyada qalanlardan, məsələn, övladından ötrü çox darıxar.

– Düz deyirsən. Bir az ondan əzab çəkirəm ki, oğlumu, qızımı görə bilməyəcəm. Bir az da ondan əzab çəkirəm ki, onlar üçün heç olmasa, minimal şərait qura bilmədim. Təsəvvür elə ki, bu məmləkətdə susatan da şairdən yaxşı yaşayır. Mən kitabdan, sözdən başqa nəylə yaşamalıyam? Mənim ayrı yolum yoxdur.

– Aydındır.

– Sözün birini qoyub, o birinə keçirəm. Gənclik illərimdə bir dostum vardı. Heç ağlıma gəlməzdi ki, o, məni xatırlayır. Almaniyada yaşayır. Qızıma internetdə yazıb ki, Adilin bütün dərmanlarının siyahısını, sağalması üçün nə lazımdırsa, hamısını yazıb mənə göndər. Hesablayıblar ki, mənim tam sağalıb ayağa durmağım 12 min yevro eləyir. Məndə o qədər pul hardandır?

– Adil müəllim, uzun müddətdir xəstəsiniz, amma son vaxtlara qədər cəmiyyət sizinlə maraqlanmırdı. Yalnız vəziyyətiniz ağırlaşanda müəyyən qədər əl-ayağa düşdülər.

– Nə bilim, vallah...

– Maraqlıdır, belə bir durumda adamın yadına şeir düşür?

- Həmişə poeziyanın içində olmuşam. Rəsm çəkəndə də məni poeziya düşündürüb. Mənim üçün rəsmlə poeziyanın heç vaxt fərqi olmayıb. Yəni o mənada fərqi olmayıb ki, rəssamlığı da poeziyaya daxil eləyirəm. Rəssamlıq, poeziya və musiqi – həmişə bu üçünün vəhdətini axtarmışam və buna inanmışam.

– Sizcə, poeziya nədir?

– Qafiyəni çıxaraq, vəzni çıxaraq, metaforanı çıxaraq, yerdə nə qalırsa, bax, o, poeziyadır.

– Adil müəllim, qafiyəni, vəzni və metaforanı çıxandan sonra yerdə nə qalır ki?

– Hər nə qalırsa, bax, poeziya odur.

– Sizin bir şeiriniz yadıma düşdü. Səhv eləmirəmsə, belədir:

– Dünyada ən ağır dərddir,

 əkdiyin ağacdan,

 yazdığın şeirdən

 uzun yaşamaq...

– Sağ ol, necə yadıma saldın, o şeiri gənclik illərimdə yazmışdım.

– Amma bu gün içinizdə par-par parıldayan həyat eşqi bu şeirin məntiqi ilə uyğun gəlmir.

– Yenə deyirəm, o şeiri yazanda çox cavanıydım. Sənin kimi cavan bir oğlan idim, elə sənin kimi uzun saç saxlayırdım.

– Bir şeiriniz də  vardı:

– Allah, ölüm göndər mənə,

qəsd etməyim özümə...

– Bu şeir də eyni ovqatda, eyni vaxtlarda, yəni gəncliyimdə yazdığım şeirdir. Bu şeiri Van Qoqa ithaf eləmişdim. Bunu heç yerdə deməmişəm, ilk dəfədir deyirəm.

– Bilirəm, xəstə yatağında adam çox həssas olur.

– Sözsüz!

 – Yəqin belə bir məqamda yolunu gözlədiyiniz insanlar var. İstəyirsiniz, gəlib sizə baş çəksinlər.

– İstəmirəm giley eləyəm, gələnlər də sağ olsun, gəlməyənlər də. Amma 20-25 il görmədiyim dostumun Almaniyadan zəng eləməyi mənə qanad verdi. Çox sevindim və gördüm ki, cavanlıq dostum məni unutmayıb. (kövrəlir)

– Gənc yazarlar da sizin unutmur. “Facebook”da öz profillərinə sizin şəkillərinizi qoyublar.

– Hamısı sağ olsunlar, təşəkkürümü bildirirəm. Cavan şair Xəyal Rza çox əziyyət çəkir. Demək olar ki, hər gün yanıma gəlib-gedir, problemlərimlə maraqlanır. Xəyal Rzaya qıymıram, enerjisi gedir. Ona xüsusi təşəkkürümü bildirirəm.

– Adil müəllim, niyə səsiniz bu qədər yavaş gəlir? Güclə eşidirəm.

– Kəramət, çox danışa bilmirəm. Mənə danışmaq olmaz. Telefonumu da əlimdən alıblar ki, danışa bilməyim. Kim nə soruşub öyrənmək istəyirsə, qızım cavab verir.

– Sizi çox narahat eləməyim...

– Sən Allah, məni üzrlü hesab elə. Gələn ayaqların var olsun.

– Tezliklə sağalıb ayağa qalxmağınızı arzulayıram.

– Çox sağ ol, inşaallah, sağalım, bulvarda – dənizin qırağında çay içə-içə söhbətləşərik.

- See more at: http://1937.az/yeni/view/3310#sthash.H3Js0KHI.dpuf

1937.az hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alan şair Adil Mirseyidlə müsahibəni təqdim edir.

Ardını oxu...