Son xəbərlər

Oktyabrın 8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda araşdırmaçı-tədqiqatçı publisist, şair Hüseyn Baykaraya (Qara Hüseynbəyli) həsr edilimiş tədbir keçirilib. Tədbiri filologiya elmləri doktoru, əməkdar elm xadimi Tofiq Məlikli açaraq Hüseyn Baykaranın həyat və yaradıcılığından danışıb: “Hüseyn Baykaranın mühacirətdə üç kitabı çap olunub. Onun "Azərbaycanda yeniləşmə hərəkatı. XIX əsr" Ankarada 1966-cı ildə, "Azərbaycan istiqlal mübarizәsi tarixi" adlı kitabı İstanbulda 1975-ci ildə və "İran inqilabı və azadlıq hərəkatları" adlı kitabı isə 1978-ci ildə İstanbulda nəşr edilib. "İran inqilabı və azadlıq hərəkatları" kitabında Güney Azərbaycanda baş verən Səttarxan və Xiyabani inqilablarından bəhs olunur.” Tofiq Məlikli bildirib ki, mübarizəsi zamanı həbs edilən Hüseyn Baykara Əhməd Cavadla eyni zindanda məhbus həyatı yaşayıb. “Azərbaycan istiqlal mübarizәsi tarixi"ni ilk dəfə Hüseyn Baykaranın qələmə aldığını vurğulayan Tofiq Məlikli onun iki kitabının dilimizə uyğunlaşdırılaraq çap edilməsinin sevindirindirici hal olduğunu qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Hüseyn Baykaranın istiqlaliyyət hərakatının həm iştirakçısı, həm də səlnaməçisi oluğunu bildirib: “Onun qələmə aldığı əsərlərdə ulu babam, Xudadat bəyin atası Ələkbər bəy haqqında çox gözəl fikirlər var. Mən onun ruhu qarşısında baş əyirəm. Çap edilmiş kitablara görə zəhməti olan hər kəsə təşəkkür edirəm.”

Hüseyn Baykaranın nəslindən olan Azalma xanım məşhur Şirinbəyovlar nəslindən və bu nəslin görkəmli nümayəndələrindən biri olan Hüseyn Baykara haqqında danışıb.  Yeni çap edilmiş kitablardan söz açan Azmala xanım: “Bu kitabları həm öz dilimizə, həm də rus dilinə tərcümə etdirdik. Rusdilli oxucuların da Hüseyn Baykara haqqında oxuyub öyrənməsini vacib hesab edirik. Kitabın tərcüməçilərinə minnətdarlığımı bildirirəm” deyə bildirib.

Qeyd edək ki, Hüseyn Baykara 1904-cü ildə Şuşada anadan olub. 1923-cü ildə həbs edilib. O, azadlığa qovuşandan sonra da mübarizəsini davam etdirib. 1927-ci ildə yenidən həbs edilmək təhlükəsinə görə əvvəlcə İrana, oradan Türkiyəyə gedib. İstanbul universitetinin hüquq fakültəsini bitidikdən sonra hakim, daha sonra isə Türkiyənin müxtəlif rayonlarında prokuror işləyib. 1984-cü il iyulun 1-də Kayseridə vəfat edən Hüseyn Baykara, İyulun 4-də İstanbulda Qaraca Əhməd məzarlığında dəfn edilib.

 

AYB.az