09 oktyabr tarixində «Qobustan» Sənət Toplusunun Payız sayı işıq üzü görüb.
Dərgi bu dəfə Muzeylər Özəl sayı olaraq oxucularının görüşünə gəlib. Gənclərin milli-mədəni, estetik tərbiyəsində xüsusi əhəmiyyəti olan muzeylərin təbliğatı məqsədiylə buraxılan sayda həm paytaxtda, həm də bölgələrimizdə olan müxtəlif muzeylər haqda geniş araşdırma yazıları yer alıb. Sənətşünas Ayaz Salayev, publisist Esmira Nəzərli, yazıçı-publisist Narıngül Nadir, şair-esseist Ramil Əhməd, sənətşünas alim Minəxanım Təkləli, Dürdanə Qurbanova, yazıçı-dramaturq Pərvinin və başqa müəlliflərin yazılarında Şuşa muzeylərinə, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə, İncəsənət, Tarix Muzeylərinə, 100 yaşlı Milli Kitabxananın keçdiyi tarix yoluna və s. sənət məbədlərinə səyahət imkanı yaranır. Həmçinin Hacı Zeynəlabidin Tağıyevin, Səməd Vurğunun ev-muzeylərinə həsr edilmiş məqalələr dövrün sənətkarının da, milyonçusunun da həyat hekayəsinə onun məişəti vasitəsi ilə nəzər salmaq fürsətidir. Eyni zamanda dərgidə yer alan Quba Memorial Kompleksi və Repressiya muzeyləri haqqında materiallar Xalqımızın bu günə qədər keçdiyi çətin və keşməkeşli, kədərli qürur tarixinə nəzər salmaq üçün vasitədir.
Qeyd edək ki, «Qobustan» dərgisi ildə bir neçə sayını belə konseptual mövzulara həsr etməklə ayrı-ayrı diqqətdən kənarda qalmış sənət hadisələrinin aktuallaşmasına töhvə verməyə çalışır.
Oxucular dərgini Azərbaycan Yazıçılar Birliyinin dördüncü mərtəbəsindən, «Qobustan» redaksiyasından əldə edə bilərlər.