Günlərin birində gözəl bəstəkarımız Vaqif Gərayzadə köks ötürüb dedi: "Ömrün gənclik çağında zaman ilbəil dəyişir, bir az yaşa dolandan sonra aybaay dəyişir, ahıllaşandan sonra günbəgün, sanki hər yeni gün yeni səhifə açılır, hər baş verən hadisəyə yeni reaksiya verirsən..."
Bizim üçün - texnologiyanın sürəti ilə yarışan gənclik üçün zaman elə indidən çaparaq keçir. Yeni səhər yeni enerji ilə üzümüzə açılır. Elə qələm sahibləri var ki, 40 il əvvəl yazdığını oxuyanda da təzə impulsla zehninə həkk olunur, bu gün, bu saat, bu an üçün yazdığını oxuyanda da... Necə deyərlər, demək istədiyi nəsnə həmişə təzədir, sözünün canı həmişə diridir. Belə söz ustalarından biri, Xalq yazıçısı Anarla ötən gün təşkil olunan görüş, onun şirin söhbətləri bir daha mənə və onu dinləyən gənc auditoriyaya xatırlatdı ki, sözü qocalmağa qoymayan müəllifdir, onun parlaq təfəkkürüdür.
Şəhərin mərkəzində mütaliə çırağı yandıran kitab ocaqlarının birində - "Bakı Kitab Mərkəzi"ndə böyük ədibimizlə təşkil olunmuş görüşün əsas məqsədi yeni nəsil oxucuları sevimli yazıçıları ilə görüşdürmək idi. Çünki hər işıqlı görüş bir işıqlı sabaha ümiddir, hər şirin söhbət sabahın gözəl xatirəsi üçün zəmin rolunu oynayır. Əvvəlcə onu qeyd edim ki, görüş Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və İrəli İctimai Birliyinin təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən "MədəniyyətimİZ" layihəsi əsasında baş tutmuşdu. Tədbirin koordinatoru Riad Cəbrayılzadə, moderatoru isə mən idim.
Anar müəllim həmişəki kimi bütün situasiyalara adekvat və bütün söhbətlərində olduqca səmimi idi. Fenomenal yaddaş sahibi olan yazıçımız verilən bütün suallara bacardığı qədər yığcam, eyni zamanda dəqiq cavablar verməyə çalışırdı. Bu da onun xarakterindən irəli gəlir. Anar müəllimin yaradıcılığında, üslubunda, mətndəki hadisəyə yanaşma tərzində də eyni nüans müşahidə olunur: hadisənin lakonik və vəziyyətə, ovqata uyğun bədii həlli...
Anar müəllimin açılış nitqinin ardınca söhbətimiz "Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu" mövzusu ilə başladı. Anar müəllim gənclik illərinə xəyali səyahət edərək Heydər Əliyevi ilk dəfə canlı gördüyü komsomol qurultayını xatırladı və sonrakı illərdə Ulu öndərlə görüşlərini yada saldı. Anar müəllim qürur hissi ilə deyirdi: "Heydər Əliyev xarici səfərlərə gedəndə ya böyük heyət ilə gedirdi, ya da özü ilə üç-dörd nəfər aparırdı. Dəfələrlə məni də həmin səfərlərə dəvət edib. Həmin səfərləri fəxrlə xatırlayıram. Onun əlaqələri, digər dövlət başçıları ilə dialoqu, ədəb-ərkanı və ağıryanalığı həmişə məndə qürur hissi yaradıb, öz-özümə demişəm, nə yaxşı ki, bizim prezidentimiz Heydər Əliyevdir".
Xatırladaq ki, Anar müəllimin "Unudulmaz görüşlər" kitabı Heydər Əliyevlə bağlı xatirələrə həsr olunub və tədbir boyu müsahibim dəfələrlə həmin kitabdan sitatlar gətirdi. Tənqidçi Tehran Əlişanoğlunun təbirincə desək, sözügedən kitab ədəbiyyatda Heydər Əliyevin obrazını yaradan ilk irihəcimli əsərdir.
Anar müəllim lokal antiterror tədbirləri ilə yekunlaşan Qarabağ mücadiləmizdən ağızdolusu danışdı, dərin sevincini izhar elədi: "Bu Zəfərin babası Heydər Əliyevdirsə, atası İlham Əliyevdir".
Anar müəllimlə 44 günlük Vətən mühabirəsinə və parlaq Zəfərimizə həsr edilən "Qarabağ dastanı" kitabı barədə həmsöhbət olduq. İlk dəfə 1985-ci ildə "Ulduz" jurnalında dərc olunan, sonradan "Qarabağ dastanı"na əlavə edilən "Qarabağ şikəstəsi" essesini xatırladıq. Anar müəllim essenin yazılma ilini xatırladı və dedi: "Mənim müqəddəratım Şuşada həll olundu, mən Şuşada yazıçı olacağımı dərk etdim".
Layihənin "Danışır şəkil" rubrikasında Anar müəllimin Heydər Əliyevlə təyyarədəki məşhur fotosu yayımlandı. O həmin səyahəti xatırlayarkən Ümummilli liderimizin səmimi söhbətlərindən bəhs etdi: "Heydər Əliyev uşaqlıq illərini yada saldı, necə çətinliklə böyüdüyü barədə danışdı. Moskvada işlədiyi illərdə hansı əzab-əziyyətə qatlaşdığını dedi. Mən düz Bakıya qədər onunla həmsöhbət oldum və həmin səyahət həyatımın ən unudulmaz anlarına çevrildi".
Ümummilli liderin 1999-cu il dekabrın 5-də "Qobustan" jurnalı barədə etdiyi çıxışı maraqla izlədik. Anar müəllim sovet illərini xatırladı, "Qobustan"a qarşı yönələn ittihamlardan söhbət açdı. Qeyd etdi ki, "Qobustan" indi də yaşayırsa, bunun ən böyük səbəbkarı Heydər Əliyevdir, vaxtilə "Qobustan"ı mənəvi repressiyadan xilas edən məhz Heydər Əliyev oldu.
Anar müəllim böyük ehtiramla "Qobustan"ın özündən sonrakı redaktorlarını - Fikrət Qocanı, Ələkbər Salahzadəni və Vaqif Əlixanlını xatırladı. O, jurnalın indiki baş redaktoru yazıçı Pərvinin, ümumən, "Qobustan"ın bugünkü fəaliyyətindən razı olduğunu bildirdi.
"Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu" mövzusunda fikirlərini bölüşən Xalq yazıçısı Anar bu məsələlərdə Azərbaycan Yazıçılar Birliyinin dəyişməz mövqeyi barədə danışdı: "Sovet vaxtı da ana dilimizi qoruyan və hörmət edən iki-üç qurumdan biri, hətta deyərdim, yeganəsi Azərbaycan Yazıçılar Birliyi olub. Bütün sənədləşmə işləri, yazışmalar məhz rus dilində yox, Azərbaycan dilində aparılıb. Dil olmasa, ədəbiyyat da olmaz. O cümlədən, dili yaşadan da ədəbiyyatdır".
"Danışır şəkil" rubrikasında bu dəfə Anar müəllimin valideynləri, unudulmaz ədiblərimiz - Rəsul Rza və Nigar Rəfibəyli ilə birgə cavanlıq fotosu yayımlandı.
Anar müəllim valideynlərini nə qədər işıqlı xatirələrlə yada salsa da, gözündəki kədəri hiss etmək elə də çətin deyildi. Heç bu barədə də çox danışmadı. 40 günün içində həm atasını, həm anası itirməyin çətinliyindən söhbət açan yazıçımız bununla belə "Üzeyir ömrü" filminin çəkilişlərinin ertələnmədiyindən bəhs etdi: "Cümə axşamları Şuşadan Bakıya qayıdırdım, ehsan verirdik, sonra yenidən Şuşaya gedirdim. Çox çətin olsa da, filmin çəkilişlərinə davam etdim".
"Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: yaradıcı sənayənin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış" mövzusu ətrafında gedən söhbətlər Anar müəllimin nikbin fikirləri ilə yadda qaldı. Ömrünün 85-ci ilini geridə qoyan Xalq yazıçısı ara-sıra gəncləri mütaliə etdiyini dedi və Azərbaycan ədəbiyyatının gələcəyinə xoş ümidlər bəslədiyini bildirdi: "Cavanların üsyankarlığını da başa düşürəm. Əslində, elə olmalıdır. Amma bir məsələ var, 20 yaşında bu xarakter yaxşıdır, istedadlı gənc yenilikçi, üsyankar olmalıdır. Əgər 40-dan sonra da beləsənsə, deməli, bu, böyük problemdir..."
Görüşlərin çoxunda şahidi olmuşuq ki, Anar müəllim üçün auditoriyanın spontan sualları daha maraqlıdır. Gənclərin ardı-arası kəsilməyən suallarına təmkinlə və özünəməxsus kreativliklə cavab verən Xalq yazıçısı bu dəfə də məxsusi ab-havanı qoruyub saxladı:
- Anar müəllim, olubmu ki, hansısa əsərinizin finalını dəyişmək istəmisiniz? Düşünmüsünüz ki, indi yazsaydım, həmin finalı başqa cür qələmə alardım?
- Necə lazımdısa, elə yazmışam. Həmin an ürəyimdən elə yazmaq gəlib və elə də olmalı imiş.
- Hansı Azərbaycan ədibinin əsərini "kaş mən yazardım" deyə düşünmüsünüz?
- Şair olsaydım, Füzulinin, nasir kimi Cəlil Məmmədquluzadənin.
- Azərbaycan gəncliyinə məsləhət gördüyünüz üç kitab...
- "Ağ liman", "Dantenin yubileyi", "Beşmərtəbəli evin altıncı mərtəbəsi".... (Gülür) Təbii ki, zarafatdır. Düşünürəm, bunu belə çərçivəyə salmaq olmaz. Hansısa üçünü deyərəm, qalan yeddisinin müəllifi məndən inciyər...
- Gənclərə məsləhətiniz nədir?
- Kitab oxuyun... Ədəbiyyat elə şeydir ki, siz düzgün olanı onun içində axtarıb tapa biləcəksiniz...
...Bu minvalla görüşün sonuna çatdıq. Anar müəllim auditoriyadan müsbət enerji ala bilmişdi, baxışlarından aydın sezilirdi və biz də sevinirdik ki, nə yaxşı, buna nail ola bildik.
Tədbirin sonunda "Mən, sən, o və telefon" hekayəsini xatırladım və bu hissəni auditoriya ilə bölüşdüm: "Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri..."
Yaxşı bədii nümunəni ayırd etməyi bacaran, bədii zövqü buna imkan verən əziz oxucu, sənin üçün də Anar imzası əbədidir, həmişə yaddaşının bir küncündən onun cümlələri boy verəcək...
Yazıçı-publisist dostumuz Sərdar Amin daha gənc yaşlarında Mersin sahillərində bir tatar xanımla həmsöhbət olur. Xanım soruşur ki, sən haralısan? Sərdar azərbaycanlı olduğunu deyir. Ardınca xanımın söylədiyi cümlə bizim hamımız üçün böyük fəxrdir:
"Həəə, sən Anarın vətənindənsən..."
Hələ neçə-neçə işıqlı görüşlərə, Anar müəllim!