Son xəbərlər

 

      Mən bir türk qızıyam...

Mən bir türk qızıyam!

Gözlərimdə işıq, alnımda qürur,

Qəlbimdə insanlara məhəbbət daşıdım!

*

Mən bir Vətən övladıyam!

Dağı, daşı, bulağı, torpağı,  yarpağı,

Səması, dənizi, zəmisi ilə yaşıdam!

*

Mən bir anayam!

Hamıya səadət, balalara sülh,

Dünyama, övladıma əbədi ədalət aşıdım!

*

Mən bir şairəm!

Nigaran, narahat, talesiz, üzgün,

Amma, sabaha ümidlə yaşadım!...

*

Mən Zərəngiz Dəmirçiyəm!

Məna var sözümdə, haqq nuru üzümdə,

Qayalı, beləyəm haqq işim, haqq adım!

16.10.2012.

 

Sözlə gedir

------------

Şair sözü yaranışdan haqq deməkdir,

İlahidən qurulmuş bir taxt deməkdir,

Bəlkə elə göydən gələn bəxt deməkdir,

Sözlə gəlir bu dünyaya şair olan!

Sözlə gedir bu dünyadan şair insan!

 

                  

  Söz qalır



Özüm öz şeirimi oxumuram çox,

Elə bil ürəyim boşalır onda...

Söz-eşqin dilidir, sussa, dayansa,

Şeirin meydanı boş qalır onda!

                    ***

Qəlbimdə sözüm var, Dərbənd qoruyur,

Təbrizdə gözüm var, yaşı quruyur,

Şuşada izim var, naşı yeriyir,

“Qara saz” köksümdən od alır onda!

                    ***

Zərəngiz Dəmirçi, demə dərdimi,

Bəlkə, cəsarətim yenə dərdimi,

Bu qoca millətin yenə dərdi min,

Yaz, başqa çarə yox, söz qalır onda!

               13/1-2010

 

                   Mövlam


Dərdlərim qoy gizli qalsın,

Xoş günlər göstər, ya Mövlam!

Başımda tufan oynayır,

Qanadını gər, ya Mövlam!

*

Dünyanın nazın çəkmişəm?

Gözümdən odlar tökmüşəm!

Mən saf toxumlar əkmişəm,

Bəhrəsin göndər, ya Mövlam!

*

Zərəngiz yatmadı, haşa!

Köksümdə dağ qoşa-qoşa!

Bu ürəyi yuxalmışa,

Bir təsəlli ver, ya Mövlam!

          03.06.2013

 

                                               Ana dilim

 Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bu dildə bəyan edir.

Bir dil ki, sən hələ beşikdə ikən bir laylay şəklində öz ahəng və

lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır.

 

Nəriman Nərimanov

 

Eşqdi qəlbimə dolan,

Əbədi tarix olan,

Dağları, bağlarıyla,

Gözlərimdə gül hüsnü!

Sarı xəzan tək solan,

Bir bahar təbəssümü-

Ana dilim!

*

Dərd yağdı qəlpə-qəlpə,

Qərənfil təpə-təpə,

Xəzərim ləpə-ləpə,

Kəsildi ünü, dini!

20 Yanvar günü-

Ana dilim!

*

Ömürlük utanc, ləkə,

Qəlbimə dağlar çəkən,

Basılan müstəmləkə...

Qanlı tufan, faciə,

Xocalımın qırğını-

Ana dilim!

*

Yandırıldı bir elat,

Hardaydı Dürat, Qırat?

Unutma bu ağrını!

Əsrlər boyu yaşat!

Bu bir məhşər, müsibət-

Ana dilim!

*

Qayalarımda mamır,

Torpağımdan qan damır!

Ah çəksəm göylər yanır!

Tanrı olmaq istəmir-

Allah dərddən utanır-

Ana dilim!

*

Körpəcə fidanları,

Yaxşılığa böyüyür,

İgid qəhrəmanları

Əsrlərlə öyülür!...

Haqq deyən dillər susur,

Həqiqətim döyülür-

Ana dilim!

*

Nizami, Nəsimidən,

Füzulidən güc alan,

Mövlanəsi dünyaya,

Silinməz bir iz salan,

Vaqifin, Ələsgərin,

Hikmətindən söz alan-

Ana dilim!

*

Vaqif yazdığı yazı

Sabirin güllü yazı,

Cəfərin səhnələri,

Vurğunun al səhəri!

Vahidin qəzəlləri!,

Mirzə Cəlil nəfəsi,

Yurdumun ön cəbhəsi-

Ana dilim!

*

Qobustan qayasında,

Elin toy və yasında,

Xeyir, şər dünyasında,

Adına ünvan tutan,

Axan qan, dirilən can,

Əbədiləşən cahan-

Ana dilim!

 *

Şimşək qılınc-qalxanlı,

Bilgə Xaqan məkanlı,

Atilla, Mete şanlı,

Dədə Qorqud ünvanlı,

Güvəndiyim soy və qan-

Ana dilim!

*

 

Tomrisin oğul dağlı,

Ürəyinin şöləsi,

Xətainin qılıncla,

Kəsdiyi top lüləsi!

Sarsıtdı Vətənimi,

Düşmənlərin hiyləsi!...

Yurdun “Qəm pəncərəsi”-

Ana dilim!

*

Ağ dəvələr yüklənmiş,

Dərbənd, Xorasan yolu,

Fitvaya qurban gedən,

Babəkimin cüt qolu!

Təbrizimə sirr saxlar,

Savalan, Urmu gölü,

Qapanlı, Kərkicahan-

Ana dilim!

*

Ərşə üsyan bağıran,

Qoç Koroğlu nərəsi,

Misri qınc zərbəsi,

İgid Nigar tutduğu

Qalxan, qılınc qəbzəsi

Ər Nəbinin silahı,

“Aynalı”, Həcər səsi-

Ana dilim!

*

Salatının gözündən,

Baxan ana laylası,

Gültəkin, Qaratelin,

Vəfan aslan balası!

Qalandı, bürclərindir,

Əsrlərə qalası-

Ana dilim!

*

Susma, danış el oğlu,

Düşmən aldı sağ-solu,

Dəryalar qanla dolu,

Gözlər, qurtuluş olu,

Ulu xalq, ulu yolu-

Ana dilim!

*

Milləti dardan qurtar,

Qeyrəti ardan qurtar,

Bülbülü sardan qutar,

Bir ömürdür bir vüsal,

Əbədi qələbə çal-

Ana dilim!

*

Viranə qalan ellər,

Sənindir Vedibasar,

Sənindir qədim Göyçə,

Ərəş, Urud, Zəngilan,

Şuşa , Laçın, Kəlbəcər-

Ana dilim!

*

Açmır Xarıbülbülüm,

Hardadı Göyçə gölüm?

Nigaran yurdum, elim,

Torpağım bölüm-bölüm!

Sönməz ocağım, külüm-

Ana dilim!

*

Başıma odlar ələr,

Yer bağırar, göy dinər,

Dərdimi Tanrı bilər,

Daşdan yazımı silər,

Düşmən əlində kəsər,

Üç yol dəyişdirdilər-

Ana dilim!

*

Görklü müqəddəsimdir,

Eşqimdir, həvəsimdir,

Dünyalarca səsimdir,

Təkcə sən bil, bəsimdir!

Minillik əsasımdır-

Ana dilim!

*

Ruh da var, ərən də var!

Yaxşını görən də var!

Göydə ildırım çaxar!

Yerdən fidanlar baxar,

Zərəngiz, ürəyimdə,

Xaliqin eşqi yaşar!

Dopdolu içim, çölüm-

Ana dilim! Ana dilim!

Ana dilim!  

 

Adım Böyük Turan oldu

---------------------


Bozqırlardan Tyanşana,

Ulu Türkə məkan oldu!

Uca zirvə-Kazbek demə,

Qazi bəy adlanan oldu!

***

Sibir elinin bağrını,

Ləpirlərim imzaladı!

Yaşadı türkümün adı!

Zirvələrə qonan oldu!

***

Göy rəngində, qan rəngində,

Din rəngində bayrağımız!

Çağdaş ruhum, müasirim,

Buluda ağ yelkən oldu!

***

Əziz anam-Ağrı, Qoşqar,

Şahdağ, Kəpəz, Avey, Qırxlar,

Savalan, Səhənd, Babakar,

Ovlağım bu meydan oldu!

***

Ulduzum var, hilalım var!

Nə şöhrətim, cəlalım var?

Baykallardan Dərbəndlərə,

Neçə qurğu quran oldu!?

***

Dədə Göyçə, Vedi, Urud,

Van deyilən o qədim yurd,

Olmadı Tanrı qəzəbi,

Demə, yoldan çıxan oldu!

***

Yumruq kimi birləşəlim!

Ünvanlaşa, sirləşəlim!

Paylaşalım, hürləşəlim!

Türk sevgisi ümman oldu!

***

Addımını at da mətin!

Ey ulu, qutsal millətim!

Dirçəlişin yaman çətin,

Çağrışımız: “Can, can!” oldu!

***

Türk nəsliyik özbək, qazax,

Uyğur, türkmən, qırğız, qıpçax,

Görüş yerimiz də hər vaxt,

Cənnət Azərbaycan oldu!

***

Altaylardan Yeniseyə,

Tatar, çuvaş, Dərbənd yiyə!

Sevəriz “eşq!” deyə-deyə,

Sevdalım Türküstan oldu!

***

Param-parça parçalandıq!

Bölümləndik, haçalandıq!

Düşmən od vurdu, biz yandıq!

Nəsibimiz hicran oldu!

***

Saqam, Hunam, erəm, ərəm!

Dünən vardıq, bu gün varam!

Şaman, boz qurd əziz yarım!-

Adım Böyük Turan oldu!

 

     11/11-2011-ci il

 

        Yürü əsgər

        ----------

 

Yaralarım səngiməyir!

Yurdum intiqam istəyir!

Yürü əsgər, yürü əsgər!

Harda hünər, orda zəfər!

 

Düşmən bağrını əzməyə!

Vətən sərhəddi gəzməyə!

Ucal əsgər, ucal əsgər!

Düşmənimdən öc al, əsgər!

 

Vətən çağırır, dardadır!

Analar intizardadır!

Yağıya gücümü göstər!

Səhvini, suçunu göstər!

 

Qəlbimdə dözüm var bu gün!

Ərlərə sözüm var bu gün!

Yeriyək düşmən üstünə!

Duraq yağının qəsdinə!

 

Qüvvəmizə arxalandıq!

Məşəl olub alovlandıq!

Vətənim bu gün səfərbər!

Yürü əsgər, yürü əsgər!

 

 

 

        Bayrağımı çək başına!

      ---------------------

 

      Kim verəcək təpər bizə?

              Gülsün elə bəşər bizə?

              Vətən, güvən qeyrətinə,

              Neyləyəcək bu şər bizə?

  *

              Çağırır odda yananlar,

      Çağırır şəhid fidanlar,

      Bayrağımı çək başına,

      Utansın bizi dananlar!

      *

      Yerdə qaldı igid qanı,

      Dili kəsik körpən hanı?

      Vətən, dözmə göz dağına!

      Qopar ərəsət tufanı!

      *

      Hayqır, ayılt bu dünyanı!

      Ulu xalqın qəhrəmanı,

      Kor dünya, aç de, gözünü!

      Tanı, həqiqəti, tanı!

      *

      Qarabağa yol salınsın!

      Təbillərim gur çalınsın!

      Ya bu gündə, ya sabahda,

      Qan alınsın, öc alınsın!

      *

      ÇƏKİL! Qəvi düşmən, çəkil!

      Yerini bil, həddini bil!

      Xocam xocalıq taxtında!

      Gül üstündə ötər bülbül!

      *

      Göydə uçan mələklərim,

      Yerdə açan çiçəklərim,

      Inanıram Tanrıma mən!

      Güləcəkdir diləklərim!

      *

      Göyçə də mənim olacaq!

      Düşmənə qənim olacaq!

      Qoca tarix! Yol ver bizə!

      Dalğalansın uca bayraq!

 

 

        İradəmiz yenilməsin

        -----------------

 

Yara dərin, bu gün fəqət,
Qoy eşitsin məni millət,
İradəmiz yenilməsin!
Yağı düşmən qoy gülməsin!

Bu dərdimi ovudacaq,
Səngərləri dağıdacaq,
Bir təpər var ürəyimdə!
Tanrı gücü biləyimdə!

Ordu quraq, səf-səf duraq!
Düşmənlərə qan udduraq!
Kor olmuşduq tüstümüzdən,
Qəza keçdi üstümüzdən!

 

İndi qeyrət zamanıdır
-------------------


Alovlanır içim-çölüm!
Ey igidlər, yaxşı bilin!
İndi qeyrət zamanıdır!
Yurdun imtahan anıdır!

Dalğalansın bayrağımız!
Yox! Dağılmaz növrağımız!
Oğuz eli ölməmişdir!
Düşmən görə bilməmişdir!

Damarımda axan qandır!
Həlledici imtahandır!
Ya, bu günüm, ya sabahım!
Qoy qurulsun ordugahım!

Guruldasın mərmilərim!
Düşmən üstədir səfərim!
Mübarizlər doğulacaq!
Düşmənlərim qovulacaq!

 

Güləcəksən yenə Vətən!
---------------------


Alovlara sinə gərən,
Vətənsevən bir əsgərəm!
Bu gün məğlubdur ölkəmiz!
Vətən eşqim-ümman, dəniz!

Yenilməzlər ordusuyuq!
Canfədalıq bizə buyruq!
Haqq yoluyla mən gedərəm!
Torpağı azad edərəm!

Od almışam ocağımdan,
Ad almışam torpağımdan!
Sadiqəm mən sənə Vətən!
Güləcəksən  yenə Vətən!

Zərəngiz Dəmirçi Qayalı

 

Səməd Vurğun mükafatı laureatı

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə