![]() |
![]() ![]() |
Bir neçə il bundan qabaq Leninqradda (onda hələ Leninqrad idi) Azərbaycan günlərinin iştirakçıları sırasında Aydınla mən də vardıq. Sözləşib məşhur alim-türkoloq L.N.Qumilyovgilə getdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanış etsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gənc azərbaycanlı həmkarına xüsusi bir hörmətlə yanaşdığını görür, qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, öz keşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovun atasıyla bir barakda, üst-üstə taxçalarda yatmağından danışırdı. Söhbət Azərbaycan xalqının mənşəyindən düşdü. Qumilyov: “Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü müəyyənləşdirmək üçün ora-bura boylanırlar? – deyə soruşdu: – Səlcuqların əsl varisisiniz. Azərbaycan tarixində üç ulu Səlcuqun – Toğrulun, Alp-Arslanın, Məlikşahın həlledici yeri var. – Sonra diqqətlə Aydına və mənə baxdı – Səlcuq mənşəyiniz hər birinizin zahiri görkəmində belə əks olunub, – deyə əlavə etdi.
Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanın quruluşu, mənəviyyatın yönü, ruhun gözəlliyidir. Və Aydının Səlcuq ruhuna sədaqəti, türk mənəviyyatına, xalqımızın həqiqi mənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununla əlaqədardır. Aydın əsl alim idi. Ciddi dilçi-alim kimi Azərbaycan dilinə aid araşdırmalar aparmaq, iltisaqi şumer diliylə iltisaqi türk dilləri arasında müəyyən bağları axtarmaq, tələsik səthi nəticələr yox, inandırıcı dəlillər tapmaq istəyirdi. Bu barədə dəfələrlə etdiyimiz söhbətlər zamanı “ayrı-ayrı sözlərin bənzərliyinə, oxşarlığına uymaq olmaz, – deyirdi – “Xalq etimologiyası” deyilən məsələ təhlükəli və sürüşkən sahədir. Başı çıxanın da, çıxmayanın da zahiri əlamətlərə görə qəti hökmlər verməsi gülüncdür. Həqiqi elmi etimologiyanı “ehtimalogiya” ilə əvəz etmək olmaz”. Şumer dilinə ciddi marağı, bu sahədə tədqiqatları onu görkəmli qazax şairi Oljas Süleymenovla yaxınlaşdıran, məhrəmləşdirən, doğmalaşdıran ümdə cəhətlərdən idi.
Səksəninci illərdə bir neçə gənc dilçi-alimimiz, yəqin ki, ədəbi tənqid sahəsində müəyyən kasadlıq, xüsusən də, cavan nəsil tənqidçilərinin az olması səbəbindən, əzm və həvəslə ədəbiyyatımızın bu cəbhəsində fəaliyyət göstərməyə başladı. Aydın da onlardan biri, həm də ən dərin mühakimələrə, ən dəqiq təhlilə qadir olanlarından idi. İstər öz ədəbi nəsli, istərsə də daha yaşlı nəsillərin nümayəndələri haqqında yazıları, o cümlədən mənim haqqımda yazdığı məqalə o dövrki tənqidimizin yeni, daha müasir səviyyəsini müəyyənləşdirirdi.
1987-ci il “Ulduz” jurnalının 6-cı nömrəsində Aydınla mənim dialoqumuz çıxdı. Bu dialoqda ilk dəfə olaraq latın əlifbası məsələsini qaldırmışdıq və həmin söhbətin əks-sədası hətta Orta Asiya respublikalarında da eşidilmişdi. Mən bu söhbətdə bir sıra vacib məsələləri “səsimiz eşidilənədək” deyəcəyimizə boyun olmuşdum. Sonralar Aydın məqalələr kitabını nəşr etdirdi, o kitaba həmin dialoqumuzu da saldı və kitabı həmin sözlərimlə adlandırdı: “Səsimiz eşidilənədək”. Ay keçdi, il dolandı. O vaxt qaldırdığımız məsələlərin bir çoxu keçmişdə qaldı, bir sıra məsələlərdə isə həyat bizim ən qabaqcıl fikirlərimizi ötüb keçdi. Yeni ictimai iqlim yarandı, yəni mənəvi ab-hava müəyyənləşdi, yeni siyasi şərait təsdiq və bərqərar oldu. Və bütün bu sürəclərdə (proseslərdə) Aydın yalnız alim-tənqidçi, publisist kimi deyil, nüfuzlu siyasi xadim kimi də böyük rol oynadı. Həm də o siyasətçi kimi çox tez bir zamanda yetişdi, püxtələşdi, sözü gözlənilən və sözü eşidilən bir adam oldu. Müxalifətin bu gün geniş tanınmış, o vaxtlar isə siyasi meydanda hələ ilk addımlarını atan xadimləriylə Yazıçılar İttifaqında təşkil etdiyimiz görüşlərin fəal iştirakçılarından biri də Aydın idi. Belə görüşlərdən birinin lent yazısı məndə durur. Bu kasetdə indiki məşhur müxalifət liderlərinin səsləriylə bərabər, mənimçün çox əziz olan iki nəfərin – faciəli aqibətə düçar olmuş Tofiq İsmayılovun və Aydın Məmmədovun da səsləri eşidilir.
Aydın ayıq siyasi təfəkkürə, nadir natiqlik bəlağətinə, geniş elmi və ədəbi erudisiyaya malik bir şəxsiyyət idi. Odur ki, uzun səylərdən sonra Azərbaycan Yazıçılar İttifaqı nəzdində Tərcümə və Ədəbi Əlaqələr Mərkəzini yaratmağa nail olduğumuz zaman buranın rəhbərliyini mən məhz Aydın Məmmədova təklif etdim. Aydın bu təklifi məmnuniyyətlə qəbul etdi. O vaxtkı qaydalar üzrə “yuxarılar” da onun namizədliyini təsdiq etdilər. Aydın işə həvəslə, səriştəylə girişdi və qısa müddətdə peşəkar kollektiv toplayıb, görüləsi işləri planlaşdırdı. Bu çətin və ciddi işlə bərabər Aydın siyasi fəaliyyətindən də kənar qalmırdı, Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. İstər şəxsiyyətində, istər siyasi fəaliyyətində ziddiyyətli cəhətlər də vardı, siyasətin “oyunlarından” və “fəndlərindən” də agah idi, yanıldığı məqamlar da olurdu. Amma siyasi həyatımızda Aydının öz əvəzsiz yeri vardı və bu yeri indi də görünür.
Ali Sovet sessiyalarında onun parlaq, ağıllı, təmkinli çıxışları xalq tərəfindən böyük rəğbətlə qarşılanırdı. Xalq onun sözünə inanır, etibar edirdi. Parlamentimizin bugünkü çarpışmalarında Aydının müdrik sözünə, inandırıcı məntiqinə, konstruktiv təkliflərinə daha artıq ehtiyac duyulur. Azərbaycan Yazıçılarının IX Qurultayı ərəfəsində xəbər yayıldı ki, Aydın Tərcümə Mərkəzindən getmək istəyir. Bu xəbər müəyyən dərəcədə onun “Yol” qəzetinə verdiyi müsahibəsinə əsaslanırdı. Güman olunurdu ki, Aydın bütün fəaliyyətini yalnız Ali Sovetdəki işiylə bağlamaq istəyir. Axı o yalnız deputat deyil, həm də Ali Sovet komissiyasının sədri idi. “Türkologiya” jurnalı redaktorunun da birinci müavini, faktiki olaraq bu jurnalı çıxaran idi. Qurultayda Aydın Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü və o vaxt keçiriləcəyi güman edilən SSRİ Yazıçılar Qurultayına nümayəndə seçilmişdi. Azərbaycan Yazıçılar Qurultayından sonra, təşkilat plenumumuzdan bir gün əvvəl axşam Aydın mənə evə zəng elədi, bir qədər həyəcanlı səslə: –Anar müəllim, mən Tərcümə Mərkəzindən getmək istəmirəm, – dedi, – bütün başqa vəzifələrimdən, işlərimdən əl çəkərəm, hətta deputatlıqdan imtina etməyə də hazıram, amma Tərcümə Mərkəzindən ayrılmaq istəmirəm. –Aydın, nə söhbət ola bilər, – dedim, – Tərcümə Mərkəzinin ilk müdiri sənsən, kollektivi sən toplamısan və qalıb işləmək istəyirsənsə, çox gözəl. Deputatlıqdan imtina-filan da lazım deyil. Aydının bu telefon söhbətindən sonra bir qədər sakitləşdiyini hiss etdim, amma görünür, nədənsə nigaran idi, ya kimsə onu bu sarıdan nigaran salmışdı, çünki elə həmin gün gecəyarısına yaxın bir də zəng elədi və yuxarıda gətirdiyim dialoq demək olar ki, bir də təkrar olundu. Səhər plenumda Aydın Məmmədov Azərbaycan Yazıçılar Birliyinin katibi və Tərcümə Mərkəzinin müdiri seçildi. 1991- ci il mart ayının son günləri idi, kim bilərdi ki, Aydının ömür möhlətinə cəmi-cümlətanı bir aydan da az qalıb.
Türkiyədən dönən kimi Emin Sabitoğluyla birlikdə Şəkiyə, Kiş kəndinə, Aydının qəbri üstünə, sonra da ata evinə, valideynlərinə başsağlığı verməyə getdik.
İnsanlar bir-birinə bənzəmədikləri kimi, dərdi də müxtəlif cür çəkirlər. Dərdini içində, zahirən büruzə vermədən, mətanət və dözümlə çəkənlər adamı daha artıq sarsıdırlar. Aydının atasının nurani sifətinə, anasının məsum üzünə çökmüş kədər işığını heç bir vaxt unutmaram. Dözülməz oğul dağını, təsəllisi mümkünsüz övlad dərdini elə ləyaqətlə çəkirdilər ki, bu saatlarda Aydının hansı sağlam və əbədi köklərə bağlı olduğunu daha dəqiq duya bildim.
Aydın yaşayarkən o, atası Mirsaleh kişi üçün iftixar etdiyi, fərəhləndiyi oğul idi, balaca bir kənddən çıxıb Bakıya getmiş, orada peşəyə yiyələnmiş, alim olmuş, ad-san qazanmış bir ailə üzvü idi. Ölümündən sonra Aydını bütün xalq – Azərbaycan xalqı öz oğlu, istəkli, ağıllı-kamallı balası saydığını dərk etdi. Mirsaleh kişinin bizə dediyi sözlər çox adi, çox sadə, ona görə də çox təbii və səmimi sözlər idi: –Heç bilməzdim ki, Aydını bu qədər sevirlərmiş. Azərbaycanın hər yerindən adamlar axın-axın gəlir, məktublar, teleqramlar, güllər...
Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün Azərbaycandan axıb gəlmiş güllər, dəmətlər, çələnglərə qərq olub. Bir tərəfdə füsunkar gözəlliyə malik olan Marxal yaylağı – Aydın buranı çox sevərdi. “Marxal”ın qədim türk sözü olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş bir ev – itirdikləri oğlun dərdini səssiz-səmirsiz, içindən yanayana, yanıb qovrula-qovrula çəkən iki qoca ata-ana. Hər tərəfdə – qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, Azərbaycanın hər yerində məhəbbətlə, hörmətlə, minnətdarlıqla, yanğıyla anılan bir ad – Aydın Məmmədovun adı. Aydının butün Vətən torpağımızı dolaşan ruhu. Yaddaşlarımızda, qəlblərimizdə, talelərimizdə yaşayan işıqlı surəti. Aydın surəti.
28 mart, 1992