Konqresdə TÜRKSOY sədri Düsen Kaseinov, Əskişəhər valisi Güngör Azim Tuna, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, eyni zamanda müxtəlif türkdilli ölkələrdən otuzdan çox dərgi redaktoru iştirak edib. Azəbaycan ədəbi mətbuatından Konqresdə "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli və Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid iştirak ediblər.
Konqresin açılış mərasimində tədbiri giriş sözü ilə açan TÜRKSOY sədri Düsen Kaseinov təşkilati dəstəyə görə Əskişəhər valiliyinə təşəkkürlərini bildirib və iştirakçılara budəfəki toplantının özəllikləri barədə danışıb: "Bu Konqres bəzi özəllikləri ilə əvvəlkilərdən seçilir. İlk öncə burada Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi üçün ortaq bir qurumun təməli qoyulacaq. Bildiyiniz kimi, ölkə rəhbərlərimiz 23 avqust 2012-ci il tarixində Bişkekdəki zirvə toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar vermişdilər. Ölkə rəhbərlərinin bu qərarları ədəbiyyata verdikləri önəmin bariz nümunəsidir. Konqresimizin əsas mövzusu kürəsəlləşmə və ədəbiyyat dərgiçiliyidir. Mərhum İsmayıl bəy Qaspiralının yüz otuz il öncə bacardığı işləri bu gün təəssüf ki, arzulanan kimi görə bilmirik. Türk dünyasında Qaspiralının "Tərcüman"ı qədər tanınan, oxunan, İstanbuldakı "Hamal" ilə Orta Asiyadakı "Çobanı", Qafqazdakı "Müəllim"i yaxınlaşdıran bir nəşr təəssüf ki, yoxdur. Bu gün İsmayıl bəyin amallarını davam etdirməyimiz, yaşatmağımız üçün birləşməli, bərabər çalışmalıyıq".
TÜRKSOY sədri rəhbərlik etdiyi qurumun qarşıdakı aylara planlaşdırdığı tədbirlərdən də bəhs edib, dərgi redaktorlarını bu işlərdə fəal olmağa çağırıb: "2014-cü ildə Türk dünyasının iki böyük ozanı ilə bağlı tədbirlər keçiriləcək. Böyük türkmən şairi Məxtumqulu Fəraqinin 290 illiyi və böyük qırğız ozanı Toqtoğul Satılqanovun 150 illiyi bütün üzv ölkələrdə qeyd olunacaq. Sizlər də bu il Məxtumqulunun və Satılqanovun əsərlərinin çevrilməsinə, dərgilərinizdə yayımlanmasına kömək etsəniz, işimizə xeyli fayda vermiş olarsınız. Amma bizim əsas arzumuz, niyyətimiz odur ki, sənətçilərimiz, ədəbiyyatçılarımız ölümündən sonra deyil, sağ ikən qiymətləndirilsin. Türk dünyasında "İlin ədəbiyyat adamı" ödülü də məhz bu məqsədlə təsis edilib. 2013-cü ildə bu ödülü almış qazax yazıçısı Tölen Abdiki ürəkdən təbrik edir, uğurlar diləyirəm".
Daha sonra söz Avrasiya Yazarlar Birliyinin başçısı Yaqub Öməroğluna verilib. Yaqub bəy Konqres iştirakçılarını salamlayaraq çıxışına İsmayıl Qaspiralının "Dildə, fikirdə, işdə birlik" şüarı ilə başlayıb: "Bu gün Konqresə qatılan ədəbiyyat dərgilərinin hər biri öz ölkəsində, bir qədər fərqli türk ləhcələrində yayımlanır. Ona görə, bəlkə dildə birlik məqamında zəifliyimiz var, amma məzmunda birliyimizə heç bir şübhə yoxdur. İdeyalarımız, arzularımız, məzmunumuz birdir. Keçmişdə üstünlüklərimiz çox idi, dillərimiz daha yaxındı, ümumi əlifbamız vardı. Amma bu gün üstünlüklərimiz daha çoxdur. Qaspiralının zamanında belə bir konqres yox idi, türk dünyasında yayımlanan dərgilər bir araya gələ bilmirdilər. Və İsmayıl bəy onlarla əlaqə yaratmaq üçün əziyyətə qatlaşırdı, kimisinə məktublar göndərir, kimisini özü ziyarət edirdi. Amma bu gün önəmli türk ədəbiyyat dərgiləri artıq altıncı dəfədir ki, bir araya gələ bilib. Qaspiralının zamanında TÜRKSOY yox idi. Əgər İsmayıl bəy belə bir təşkilatın varlığını bilsəydi, çox sevinər, çox xoşbəxt olardı. Bu gün mədəniyyət paytaxtımız var - Əskişəhər və biz konqresimizi burda keçirə bilirik. Dünən bütün bu üstünlüklərin heç biri yox idi. İtirdiklərimizə heyfislənmək əvəzinə, bu gün əlimizdə olanlara sevinib gələcəyə doğru addımlamalı, inkişaf etməliyik".
Yaqub Öməroğlu ötən il "İlin ədəbiyyat adamı" seçilmiş Tölen Abdik yaradıcılığı haqqında da fikirlərini iştirakçılarla bölüşüb: "Tölen Abdik sadəcə öz xalqına - qazax xalqına deyil, bütövlüklə insanlığa mesajlar verən bir yazardır. Onun yalnız türk dünyasında deyil, bütün dünyada tanınmasına ehtiyacımız var. İnsanlığın onun mesajlarına ehtiyacı var. Onun "Faydasız cümə" hekayəsi onlarla türk dünyası dərgilərində müxtəlif dillərdə yayımlanıb. Onun hekayələrindən ibarət kitab da türkcə işıq üzü görüb. Onun şəxsən mənim özümə təsirindən söz açmaq istərdim. Tölen abi hekayələrindən birində "atalı yetimlər" ifadəsi işlədir. Yəni atanın başı işlərinə o qədər qarışır ki, övladları onun üzünü görmürlər. Ona görə onlar ataları olduğu halda belə yetim kimi hiss edirlər özlərini. Mən bu hekayəni oxuyandan sonra evə daha tez getməyə, övladlarımla daha çox vaxt keçirməyə çalışıram ki, onlar da "atalı yetim" hiss etməsinlər özlərini".
Çıxışının sonunda Yaqub Öməroğlu dərgilərin ədəbiyyatın inkişafındakı rolundan, önəmindən söz açıb və konqresin işinə uğurlar diləyib.
Konqresin davamında Qazaxıstanın Türkiyədəki səfiri professor, doktor Canseyid Tuymebayev və Əskişəhər valisi Güngör Əzim Tuna çıxış edərək bu cür toplantıların, tədbirlərin mədəniyyətə, ədəbiyyata faydasından söz açıblar.
Daha sonra İsmayıl bəy Qaspiralı haqda çəkilmiş sənədli film nümayiş olunub. Film konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək İsmayıl bəy Qaspiralıya ithaf edilmiş Konqresin üstünlüklərindən söz açıb: "Türk dünyası Şərqdə Baykaldan Qərbdə Balkanlara kimi, Güzeydə Yakut-Saxadan, Güneydə Kərkükə qədər uzanan bir coğrafiyanı əhatə edir. Bu coğrafiyaya yeddi dəniz - Ağ dəniz, Egey, Mərmərə, Qara dəniz, Azov, Xəzər, Aral dənizi daxildir. Və bu coğrafiya dünyaya Orxan yazılarından başlamış Dədə-Qorqudu, Koroğlunu, Manası, Yunis İmrəni, Nəvaini, Füzulini, Maxtumqulunu, Abayı, Tukayı və başqa böyük mədəni sərvətləri, insanları bəxş edib. Bu gün vəfatının yüz illiyini andığımız böyük düşüncə adamı, türkçülüyün fikir atası İsmayıl bəy Qaspiralı "Dildə, fikirdə, işdə birlik" deyirdi. Onun "Tərcüman"ı doğrudan da türk dünyasının hər yerində oxunurdu. Amma bunun əsas səbəbi o idi ki, "Tərcüman" əski əlifbayla dərc olunurdu, dilində türk xalqlarının işlətdiyi ərəb-fars sözləri çox idi və hər kəs bunu öz ləhcəsinə uyğun şəkildə oxuya bilirdi. İndi hər bir türk xalqının öz zəngin dili var. Amma bu gün dildə birlik nədən ibarət ola bilər? Mənim zənnimcə, bu gün dildə birlik Türkiyə türkcəsini rabitə, ünsiyyət dili kimi hər bir türkdilli xalqın qəbul etməsiylə mümkündür. Yəni hər bir türkdilli xalq öz dilini qorumaqla bir-biriylə ünsiyyəti bu dil - Türkiyə türkcəsi vasitəsilə qura bilər. Bu, ortaq dil haqqında xülyalardan daha gerçək, real düşüncədir. Amma Qaspiralının işdə birlik ideyasına da sadiq olmalıyıq. Bu gün ayrı-ayrı türk xalqları latın əlifbasını qəbul etdiyi halda, eyni hərfləri fərqli şəkildə yazır. Məncə, bir əlifba komissiyası yaradıb bunları ümumi məxrəcə gətirmək lazımdı. Çağdaş dünyanın tələbləri ilə dilimizə yeni terminlər daxil olur. Eyni zamanda, bu terminlərin də bərabər işlənməsi, istifadəsi üçün terminlər komissiyası yaradılsa, məqsədəuyğun olar. Bundan əlavə, Türk dünyası ədəbiyyat tarixi, Türk dünyası ensiklopediyası, Türk dünyası ümumi sözlükləri də yaranmalıdı.
Bütün bunlar işdə birlik hesab oluna bilər və nəticədə dildə də birlik yaranar". Xalq yazıçısının Türkiyə türkcəsini ortaq dil elan etmək və ümumi layihələrlə bağlı təklifləri konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra Başqırdıstan Yazıçılar Birliyinin sədri Tanzilə Davletberdina, İranda yayımlanan "Varlıq" dərgisindən Rıza Heyət, Kabardina-Balkar dərgisi "Mingitav"ın baş redaktoru Asker Doduyev, Qırğızıstanın "Alatav" jurnalından Omar Sultanov, Türkiyənin "Kardeş Kalemler" dərgisindən Osman Çeviksoy, Özbəkistanın "Cahan ədəbiyyatı" dərgisindən Şöhrət Rızayev və başqaları çıxış edərək ölkələrindəki ədəbi dərgilər, görülən işlər və ümumiyyətlə, ədəbi mühit barədə fikirlərini konqres iştirakçıları ilə bölüşüblər.
2013-cü il üçün Türk Dünyasında "İlin ədəbiyyat adamı" ödülünü qazax yazışısı Tölen Abdikə TÜRKSOY sədri Düsen Kaseinov və Əskişəhər valisi Güngör Əzim Tuna təqdim ediblər. Aldığı mükafatdan qürur hissi keçirdiyini bildirən Tölen Abdik konqres üzvlərinə təşəkkürlərini bildirib: "Həqiqətən ədəbiyyat insanın ruhunu, mənəviyyatını saflaşdıran böyük bir hadisədir. İnsanı dəyişdirən, fərqli üfüqləri onun gözü önündə açan bu işimizə dəstək olmanıza görə təşəkkür edirəm. Mədəniyyət, biz ədəbiyyatçılar üçün çox böyük bir dəyərdir. Bu dəyəri ucada tutduğunuza görə minnətdaram sizlərə".
Sonra İraq türkmənlərinin nümayəndəsi Ata Tərzibaşıya ötən il Astanada təsis edilmiş "Türk dünyasına xidmət" ödülü verilib.
Fasilədə Konqres iştirakçıları TÜRKS
OY fəaliyyətini əks etdirən sərgiylə tanış olublar. Sərgidə Azərbaycan yazıçılarından Ənvər Məmmədxanlının, Aqil Abbasın, İradə Tuncayın, Xalq yazıçıları Anarın, Elçinin, Xalq şairi Nigar Rəfibəylinin "Bengü" yayınları tərəfindən çap edilmiş kitabları, türkiyəli ədəbiyyatşünas Ayşə Atayın "Anar: sənəti, şəxsiyyəti, həyatı" kitabı da nümayiş olunub.
Proqramın davamında TÜRKSOY sədri Düsen Kaseinovun rəhbərliyi ilə "Etnikdən Milliyə, Millidən Qlobala" paneli keçirilib. Paneldə ötən illərdə Türk dünyasında "İlin ədəbiyyat adamı" ödüllərinə layiq görülmüş ədəbiyyat adamları - Əli Akbaş, Anar, Tölen Abdik çıxış ediblər.
"Kardeş kalemler" dərgisinin baş redaktoru Əli Akbaş türk dünyası ədəbiyyat tarixinə nəzər salaraq mövzu ilə bağlı fikirlərini bölüşüb, təbiətin ədəbiyyata təsirindən danışıb: "Füzulinin şeirində Bağdadın yamyaşıl səmaları görünür, Yəhya Kamalın şeirində isə Mərmərənin mavisi var. Böyük romançımız Çingiz Aytmatovun əsərlərində Tanrı dağlarının, İsıkgölün və Aralın rənglərini görə bilərsiniz. Böyük hekayəçimiz Anar bəy də "Dədə Qoqud" ruhundan, Xəzər dalğalarından təsirlənir, onları ifadə edir. Zənnimcə, ən vacib məqam məhz budur. Özümüzü ifadə edərək dünyaya çıxmaq, milliliyimizi unutmadan dünyanı öz əsərlərimizə gətirmək".
Xalq yazışısı Anar çıxışında XX- XXI yüzilin dinamik, sürətli keçdiyindən söz açıb və internet, sosial şəbəkələr zamanında kitabı, əsl ədəbiyyatı qorumağın vacibliyindən söz açıb. Dünyada tanınmağın əsas yolunun tərcümə işinə diqqətin artırılmasından keçdiyini söyləyən yazıçı bu işlə dövlət səviyyəsində məşğul olmağın mühümlüyünü vurğulayıb.
Sonra Xalq yazıçısına Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü təqdim olunub.
Konqresi Mehmet Ömər Kazancının sədrliyi ilə "Qloballaşma və ədəbiyyat dərgiçiliyi" mövzusunda panel davam etdirib. Panelin ilk məruzəçisi "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə bu cür tədbirlərin türk dünyasının ünlü şəxsiyyətlərinə ithaf olunmasının faydasını qeyd edib: "Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin hər dəfə türk dünyasının böyük bir simasının xatirəsinə həsr olunması çox gözəl bir ənənədir. Bu ənənənin gözəlliyi ondadır ki, nəsillər arasında körpü yaranır, bu insanların həyat təcrübələrindən qazandıqları fikirləri günümüzə ötürür, konqresin işinə bir konkret yön verir. Bu mənada VI Konqresin İsmayıl bəy Qaspiralının xatirəsinə ithaf olunması və onun "Dildə, işdə, fikirdə birlik" şüari konqresi türk xalqların birliyi, ədəbiyyatlarının yaxınlaşması ideyasına yönləndirir. Qloballaşma sözündə bir birləşmə, xalqların yaxınlaşması mənası var. Amma dünyada gedən qloballaşmanın ayrı-ayrı xalqların milli xüsusiyyətlərini silmək təhlükəsi var. Biz qloballaşma şəraitində milli simamızı itirməmək üçün bərabər düşünüb yollar axtarmalıyıq. Bu mənada hesab edirəm ki, Dərgilər konqresi olduqca böyük işlər görür. Bu konqres birləşməyə, türk dünyası dərgiləri arasında əlaqələrin qurulmasına xidmət edir, eyni zamanda internet medianın inkişaf etdiyi bir zamanda dərgilərin işinə dəstək olur".
Daha sonra "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli qloballaşma dövründə milli ədəbiyyatı qorumağın vacibliyindən, internet medianın ədəbiyyata təsirindən söz açıb: "Bugünkü çıxışları mən diqqətlə dinlədim, təəssüf ki, bəzi yoldaşlar dərgilərin fəaliyyətindən danışır, məhz qloballaşmanın ədəbiyyata təsirindən söz açmırlar. Məncə, qarşıya qoyulan əsas məqsəd internet medianın inkişaf etdiyi şəraitdə ədəbiyyatın təbliğinin yeni üsullarını tapmaq olmalıdır. Müzakirələr əsasən bu istiqamətdə aparılmalıdır".
Konqresin ikinci günü Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin sədrliyi ilə "Qloballaşma və ədəbiyyat dərgiçiliyi" paneli davam edib. Paneldə Qazaxıstandan Nurlan İsabəyov, Türkiyənin "Kardeş kalemler" dərgisindən Osman Çeviksoy, Kabrdina-Balkariyadan "Mingitav" dərgisinin baş redaktoru Əsgər Doduyev, Başqırdıstandan Munir Kunafin və başqaları çıxış ediblər. Panelin sonunda Rəşad Məcid Dərgilər Konqresinin üzvlərinə Azərbaycan ədəbiyyatı ilə bağlı dəstəklərinə görə təşəkkürlərini çatdırıb və Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun fəaliyyəti barədə danışıb: "Dərgilər konqresi, Çeviri simpoziumlarının keçirilməsi, Mahmud Qaşğari hekayə yarışması və Türk dünyasında "İlin ədəbiyyat adamı" mükafatı türk ədəbiyyatının təbliği baxımından çox önəmlidir. Bu fəaliyyətlərinə görə Yaqub Öməroğlu xüsusi təşəkkürə layiqdir. Təsadüfi deyil ki, Azərbaycan Yazıçılar Birliyi onu bu xidmətlərinə görə Bəxtiyar Vahabzadə mükafatı ilə təltif edib. Türk dünyasında "İlin romanı" mükfatı barədə düşüncələr və bu işin gələcəkdə reallaşdırılmasının da türk dilində danışan ölkələrin ədəbiyyatlarının tanınması baxımından uğurlu olacağına inanıram".
Daha sonra TÜRKSOY dərgisinin və Qazaxıstan Mədəniyyət Nazirliyinin hazırladığı Ədəbiyyat portalının təqdimatı keçirilib.
Sonra 2014-cü ildə Türk dünyasında İlin ədəbiyyat adamının seçilməsi ilə bağlı müzakirələr başlanıb. "Kardeş kalemler" dərgisinin baş redaktoru, şair Əli Ağbaş uzun illər Şimali Kiprdə yayımlanan "Durnalar" dərgisinə redaktorluq etmiş yazıçı İsmayıl Bozqurdun namizədliyini irəli sürüb. Çıxışçılar yekdilliklə bu təklifi dəstəkləyiblər. Beləliklə, İsmayıl Bozqurd 2014-cü ildə Türk dünyasında İlin ədəbiyyat adamı seçilib.
Daha sonra Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə təsis protokolu imzalanıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başkanı seçilib.
Sonda Konqresin Qətnaməsi qəbul olunub.
Pərvin