Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
“Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi
İlham Abbasovun təqdimatında
Birinci Dünya müharibəsi başlayandan bərı ilk dəfə 1918-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı heç kimə verilmədi. Ancaq əvvəlki ildə mükafatı iki nəfər aldığına görə illər üzrə say sırası pozulmadı. 1919-cu ildə Nobel Mükafatları Komitəsinin qərarı ilə 19-cu mükafata “misilsiz “Olimpiya baharı” eposuna görə” məşhur İsveçrə şairi, romançısı və esseisti Karl Şpitteler layiq görüldü. Dünyanın ən şanlı ədəbiyyat ödülünü almaqları bir qədər təsadüfi görünən əvvəlki iki laureatdan fərqli olaraq, Avropa ədəbi mühitində kifayət qədər nüfuz sahibi olan K.Şpittelerin namizədliyi real və gözlənilən idi. Avropanın düz mərkəzində, Alp dağlarının qoynunda yerləşən, balaca olsa da, qitənin geosiyasi və mədəni həyatında mühüm rol oynayan bu ölkənin heç bir nümayəndəsi o vaxtacan Nobel mükafatına layiq görülməmişdi.
Məlum olduğu kimi, dövlət quruluşuna gorə konfederasiya olan bu ölkənin əhalisi təxminən yarı-yarıya alman və fransızlardan ibarətdir. Eləcə də hər iki dil eyni hüquqla dövlət dili statusuna və real işləkliyə malikdir.
Karl Fridrix Georq Şpitteler 24 aprel 1845-ci ildə ölkənin üç əsas şəhərindən biri sayılan Bazelin yaxınlığındakı Listal qəsəbəsində alman əsilli ailədə dünyaya gəlmişdi. Onun atası yüksək rütbəli hökumət məmuru idi. 1849-cu ildə o, konfederasiyanın mərkəzi bankının rəisi təyin olunduqdan sonra ailə olkənin paytaxtı Bern şəhərinə köçməli olur. Balaca Karl isə bibisinin himayəsində qalaraq orta təhsilini Bazel gimnaziyasında alır. Məktəb illərində musiqi
və rəsm sənətinə ciddi maraq göstərən Karl hətta bir müddət rəssam olmaq arzusu ilə yaşayırdı. Lakin sonralar etiraf etdiyi kimi, gimnaziyada tarix və dil-ədəbiyyat müəllimlərinin təsiri altında yeniyetmənin öz gələcəyi barədə planları dəyişir və o, meylini poeziyaya, xüsusən intibah dövrünün İtaliya ədəbiyyatına salır. Görkəmli italyan şairi Aristonun yaradıcılığının məftunu olan gənc ədəbiyyat həvəskarı çox keçmir ki, özü də klassisit poeziya üslubunda ilk şeirlərini qələmə alır.
Atası Karlın ədəbi yaradıcılığa meylini təqdir etmir, oğlunun daha “ciddi” bir işlə məşğul olmasını istəyirdi. Və ailənin qərarına tabe olan gənc gimnaziyanı bitirdikdən sonra – 1863-cü ildə Sürix Universitetinin hüquq fakültəsinə daxil olur. 1865-ci ildən isə paralel olaraq həm də Bazel Universitetinin ilahiyyat fakültəsində oxuyur. Lakin əvvəlki Nobel laureatlarının bir çoxu kimi onun da başqa sahədə təhsil alması ədəbi yaradıcılığa həvəsini söndürə bilmir. Konkret olaraq özündən qabaq Nobel mükafatı almış hər iki Danimarka yazıçısı – H.Pontoppidan və K.Gellerup kimi K.Şpitteler də ali ilahiyyat təhsili almasına baxmayaraq, ruhani karyerasından boyun qaçıraraq ömrünü ədəbi fəaliyyətə sərf edir. Təbiətin verdiyi yaradıcılıq istedadı onun hüquqçu, yaxud ilahiyyatçı olmaq cəhdlərinə üstün gəlir. Təklif olunan keşiş vəzifəsindən imtina edən 26 yaşlı K.Şpitteler yeni həyat təəssüratları ardınca Rusiyaya gedir, bir general oğlunun müəllimi və tərbiyəçisi qismində çalışaraq səkkiz il Peterburqda yaşamalı olur.
Burada Karl hələ təhsil illərindən planlaşdırdığı, mövzusu qədim yunan əsatirlərindən alınmış “Prometey və Epimetey” adlı ilk irihəcmli epık poemasını yazıb tamamlayır. Poemanın mövzu seçimi və məzmunu gənc şairin qədim yunan mifologiyası, həmçinin antik ədəbiyyat haqqında zəngin biliyə, bu cür mürəkkəb mövzulu əsəri hasilə gətirmək üçün mükəmməl poetik istedada malik olduğunu sübut edirdi. 1879-cu ildə vətəninə qayıdan K.Şpitteler 1881-ci ildə poemanı Karl Feliks Tandem təxəllüsü ilə ayrıca kitab şəklində çap etdirir. Prometey surəti simvolik xilaskar obrazı kimi yunan mifologiyasından başlayaraq Avropa ədəbiyyatının bütün tarixi boyu ayrı-ayrı xalqlara, nəsillərə və cərəyanlara mənsub olan böyük sənətkarların diqqətini cəlb etmiş, özünü insanlığın xilası yolunda fəda edən qəhrəman simvolu kimi dönə-dönə vəsf olunmuşdu. Daha cox böyük alman şairi Hötenin eyniadlı əsərində yaratdığı Prometey surətindən bəhrələnən K.Şpitteler də Prometeyin şəxsində öz zəmanəsinin aparıcı ideyaları ilə səsləşən, müasir insanın həyat amalına uyğun gələn orijinal bir obraz yarada bilmişdi.
Lakin şairin gözləntilərinin əksinə olaraq, kitab oxucuların və ədəbi ictimaiyyətin diqqətini cəlb etmir. Bu uğursuzluğu yalnız ədəbi fəaliyyətlə dolanmağın mümkün olmayacağına bir işarə kimi qəbul edən gənc şair əvvəlcə bir müddət gimnaziyada dərs deyir, sonra isə Sürix və Bazel qəzetlərində müxbir işləməyə başlayır. Qəzetçilik fəaliyyəti sayəsində maddi vəziyyətini xeyli yaxşılaşdıran K.Şpitteler yaradıcılıq təcrübəsini artıraraq yazı üslubunu da cilalayır. 1889-cu ildə gənc yazıçının “Kəpənəklər” adlı ilk şeir kitabı, sonrakı illərdə isə “Kalden tayfasından olan balaca Fred”(1891), “Qustav”(1892) adlı romanları və satirik miniatürlərdən ibarət “Ədəbi pritçalar”(1891) toplusu nəşr olunur.
Bundan əvvəl, 1883-cü ildə isə Karl vaxtilə gimnaziyada şagird olmuş Mari der Xoff adlı bir qızla ailə qurmuşdu. Bu evlilik onun həyatında və ədəbi taleyində mühüm rol oynamışdı. Xanımına 1892-ci ildə vəfat etmiş atasından qalan zəngin miras sayəsində K.Şpitteler dolanışıq qayğısından xilas olmuş, vaxtını və enerjisini bütövlüklə ədəbi yaradıcılığa həsr etmək imkanı qazanmışdı. Bundan bir neçə il sonra ailəsi ilə birgə Lütsern şəhərinə köçən yazıçı burada bir-
birinin ardınca “Balladalar”(1896), “Sen-Qotard dərəsi”(1897), “Leytenant Konrad”(1898), “Məzəli həqiqətlər”(1898) kitablarını nəşr etdirir.
Bir yazıçı kimi K.Şpittelerin sənət taleyinə özünəməxsusluq gətirən bir cəhət də o idi ki, yaradıcılığının XIX əsrin sonlarına qədər çəkən birinci mərhələsində o, əsasən klassisizm bədii metoduna üstünlük verərək mövzuların seçilməsi, həyat faktlarının ümumiləşdirilməsi və təsvirində əsasən bu cərəyanın prinsiplərinə sadiq qalırdı. Bu yolla, yəni ədəbi üslub və dəyərlərin, eləcə də oxucu zövqünün sürətlə dəyişdiyi, yeniləşdiyi bir zamanda aparıcı mövqeyini təxminən yüz il əvvəl itirmiş, çoxdan köhnəlmiş sayılan bir metodla yazılmış əsərlərlə oxucu sevgisi və populyarlıq qazanmaq çox çətin, hətta qeyri-mümkün idi. Lakin K.Şpitteler yaradıcılıq manerası ilə sıravi oxucuların sevgisini qazana bilməsə də, ədəbiyyat mütəxəssislərinin və peşəkarların dərin marağını, rəğbətini qazana bildi. Məsələ bundadır ki, 17-ci əsrin sonlarından 19-cu əsrin əvvəllərinə qədər Avropa, xüsusən də Fransa maarifçi ədəbiyyatında N.Bualo, P.Kornel, F.Loraşfuko, J.B.Molyer kimi nümayəndələri ilə aparıcı rol oynamış, əsas əlaməti antik ədəbiyyatın prinsiplərinə, məsələn, üç vəhdət prinsipinə sadiqlik olan klassisizm yaradıcılıq metodu bu dövrdə artıq öz ömrünü çoxdan başa vurmuş sayılırdı. Ancaq ədəbiyyat biliciləri birmənalı şəkildə etiraf edirdilər ki, bu metod müəllifin yaradıcılıq fantaziyasını və forma axtarışlarını xeyli dərəcədə məhdudlaşdıraraq müəyyən çərçivələrə salsa da, ondan dərin nəzəri hazırlıq və yüksək peşəkarlıq vərdişləri tələb edir.
Məhz bu keyfiyyətlərə malik olması sayəsində K.Şpitteler o zaman Almaniyanın ədəbi mühitində böyük nüfuz sahibi olan görkəmli filosof Fridrix Nitsşenin təklifi ilə Münhendə nəşr olunan, bütün Avropa ölkələrinin ədəbi dairələrində sonsuz maraqla izlənilən “Kunstvart” (“Ədəbi icmal”) jurnalının baş redaktoru vəzifəsinə dəvət olunur. Bu missiyanı uğurla yerinə yetirməsi K.Şpittelerə Avropa ədəbi həyatının mərkəzində mövqe tutmaq, bütün qitədə aparıcı ədəbi zövqün formalaşmasına hiss olunacaq dərəcədə təsir göstərmək, eləcə də bunlara müvafiq nüfuz və şan-şöhrət qazanmaq imkanı verdi.Yeri gəlmişkən, F.Nitsşenin onun həyatında oynadığı mühüm rolu cavabsız qoymayan K.Şpitteler onun haqqında publisistik kitab yazaraq 1908-ci ildə nəşr etdirir.
K.Şpittelerin həyatında F.Nitsşe ilə bağlı başqa bir maraqlı epizod da baş vermişdi. İlk dəfə uydurma imza ilə çap etdirdiyi “Prometey və Epimetey” poemasını on ildən sonra öz adı ilə yenidən nəşr etdirdikdə onu bu əsərin ideyasını F.Nitsşenin “Zərdüşt belə demişdi” traktatından “əxz etməkdə”, başqa sözlə desək, plagiatrlıqda ittiham etdilər. Sadəcə olaraq, əsərin birinci nəşri heç kimin yadında qalmamışdı. Şair yalnız poemanın F.Nitsşenin əsərindən əvvəl başqa imza ilə çap olunduğunu sübut etməklə bu ağır ittihamdan yaxa qurtara bildi.
K.Şpittelerin yaradıcılığında XIX əsrin sonlarında müşahidə olunan yüksək məhsuldarlıq XX əsrin ilk illərində də davam edir. Şairin bədii axtarışlarının xüsusı bir mərhələsini təşkil edən “Yol”(1900), “Ərgənlik çağı”(1903), “İmaqo”(1906), “Kilsə zənginin nəğmələri”(1906), “Qadın düşməni”(1907) kitabları məhz bu dövrün bəhrəsi idi.
1900-1905-ci illərdə yazaraq bəzi hissələrini dərc etdirdiyi böyük həcmli “Olimpiya baharı” epik poeması 1910-cu ildə bütöv halda, ayrıca kitab şəklində nəşr olunduqdan sonra isə K.Şpitteler İsveçrə və Almaniyanın ən məşhur şairi kimi tanınmağa başladı. Beş cilddən ibarət olan bu mürəkkəb əsərin kompozisiyası mifoloji və dini süjetlərin, alleqorik və simvolik epizodların, lirik və tragikomik məqamların, eyni zamanda sərbəst yaradıcılıq təxəyyülünün
dramatik şəkildə uzlaşması əsasında qurulmuşdu. Şairin bu epopeyanı yazmaqda məqsədi antik dünyanın yüksək romantika ilə süslənmiş ideyalarını müasir dövrə gətirmək, çağdaş cəmiyyəti bu ideyalarla tanış etmək idi. Müəllifin niyyətinə görə, bu əsər Homerin ölməz “İliada” və “Odisseya” poemaları ilə rəqabətə qadir olmalı idi.
Qədim yunanlarda mütləq iradəsi ilə insanların və dünyanın taleyini həll edən baş tanrı Zevsə analoq olaraq K.Şpitteler öz əsərində yeni dövrün baş tanrısı kimi Qades obrazını təqdim edir. Qades yalnız insanlar üzərində deyil, ruhlar aləmi üzərində də hakimdir, onun hökmü həm işıqlı dünyaya, həm də zülmət dünyasına yetir. Qades özünün əsas vəzifəsini tabeliyindəki ilahları onun iradəsindən çıxmağa cəhd edən çağdaş insanı, müasir cəmiyyəti yenidən itaətə gətirmək üçün səfərbər etməkdə görür. Onun qənaəti budur ki, öləri insan ölümsüz tanrıların iradəsindən, hökmündən çıxmağa cəsarət etməməlidir.
Müəllif mifoloji-rəmzi situasiyalarla müasir dünyanın real mənzərəsi arasında bədii paralellər apararaq azadlığa can atan insanın despotizmlə üzləşməsini böyük ustalıqla əks etdirmişdir. Əsərin coxplanlı kompozisiyasında isə bu paralellik vasitəsilə Qadesin iradəsinə tabe olmaqdan imtina edərək yenidən işıqlı dünyaya qayıtmaq istəyən ruhların mücadiləsi təsvir edilir. Ruhların işıqlı dünyaya qayıtmaq cəhdi ilə müəllif həm də özünün antik incəsənət ideyalarını müasirləşdirmək konsepsiyasını ifadə etmişdir.
K.Şpittelerin “Olimpiya baharı” poemasında epik yaradıcılıq praktikasında ilk dəfə tətbiq etdiyi çoxplanlı təhkiyə modeli XX əsr dünya ədəbiyyatında xüsusi bir üslubi cərəyanın başlanğıcını qoydu. Hadisələrin ideya ümumiliyinə malik olan bir neçə paralel süjet xətti üzrə təsvir edilməsi müəllifə cox maraqlı və gözlənilməz ifadə priyomlarından istifadə etmək, oxucunu daim intizar və gərginlikdə saxlayaraq onu daha zəngin bədii informasiya ilə “təchiz etmək” imkanı verir. Bu üslubi cərəyanın elementlərinə daha çox çağdaş dünya ədəbiyyatının romançılıq təcrübəsində, o cümlədən Azərbaycan oxucusuna yaxşı tanış olan M.Bulqakov, Ç.Aytmatov, Q.Q.Markes, O.Pamuk kimi qüdrətli nasirlərin əsərlərində, bizim nəsrdə Y.Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, Anarın “Ağ qoç, qara qoç” romanlarında, orta nəslə mənsub S.Budaqlı, S.Alışarlı, F.Mustafa, F.Uğurlu kimi yazıçıların, həmçinin çağdaş ədəbiyyatımızın ən yeni nəslini təmsil edən gənclərin əsərlərində rast gəlmək mümkündür.
XX əsr almandilli ədəbiyyatın ən parlaq nümunələrindən biri kimi dəyərləndirilən bu əsər məllifin Nobel mükafatına layiq görülməsində həlledici rol oynadı. Yeri gəlmişkən, yazıçıların əsasən ümumi yaradıcılıq uğurlarına görə təltif olunduqları bu ali mükafat çox nadir hallarda konkret bir əsərə görə verilirdi. K.Şpittelerə qədər yalnız böyük alman tarixçisi T.Mommzen 1902-ci ildə “Roma tarixi” adlı dörd cildlik fundamental araşdırmasına görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Ondan sonra 1919-cu ilə qədər başqa heç bir müəllifin təltif olunması barədə Nobel Komitəsinin qərarında konkret əsər adı çəkilməmişdı.
“Olimpiya baharı” epopeyasından müəyyən hissələri rus dilinə tərcümə etmiş görkəmli ictimai xadim, publisist, kulturoloq və sənətşünas A.V.Lunaçarski həmin əsər barədə təəssüratlarını belə ifadə etmişdi: “Mən “Olimpiya baharı”nı –“alman dilini bilən adam üçün bu əsəri oxumamaq ayıbdır” – deyən Romen Rollanın israrlı təklifindən sonra oxudum. Başqa hansısa bir əsəri oxumaqdan bu mütaliə qədər zövq aldığım, daha doğrusu, heyran qaldığım yadıma gəlmir.”
Böyük fransız yazıçısı, Nobel mükafatı laureatı R.Rollan özü isə K.Şpittelerin poeziyasını ucalıq və əzəmətdə Alp dağlarının zirvələrinə bənzədirdi. R.Rollan onun vəfatı münasibətilə yazdığı məqalədə İsveçrə yazıçısına cox yüksək dəyər verərək onu “bizim günlərin Homeri, Hote dövründən sonra ən böyük alman şairi, Miltondan sonra epik janrın ən böyük ustadı, müasir ədəbiyyatda fövqəladə yeri olan sənətkar” adlandırmışdı.
Bütün yer kürəsini qana çalxamaqla bərabər, həm də bəşəriyyətin mənəvi həyatına bir gərginlik və ümidsizlık ovqatı gətirən Birinci Dünya müharibəsinin başlanması ilə İsveçrənin neytrallıq mövqeyini təqdir edən K.Şpittelerin ölkəsinin alman əhalisinin müharibədə Almaniyanı dəstəkləmək meylini şovinizm adlandıraraq qəti şəkildə rədd etməsi onun bu ölkədəki populyarlığına son qoydu. Belə bir şəraitdə yazıçı neçə illərdən bəri yaşadığı Almaniyanı tərk edərək İsveçrəyə qayıtmalı oldu. Müharıbədə Almaniyanın rəqibi olan Fransa isə İsveçrənin fransız əhalisinin təhriki ilə dərhal yazıçının müdafiəsinə qalxaraq onu xüsusi medalla təltif etdi.
Bu məqamda Nobel Mükafatları Komitəsinin iş prinsipinin bir “qəribəliyini” qeyd etmək yerinə düşərdi: 1917-ci ildə Danimarkanın Almaniya ilə müttəfiqliyini “nəzərə alaraq” onun birdən-birə iki nümayəndəsini təltif edən komitə 1919-cu ildə Almaniya ilə konfliktə girmiş yazıçını mükafata layiq bildi... K.Şpittelerin Nobel mükafatına layiq gorülməsi münasibətilə İsveç Akademiyasınım üzvü ədəbiyyatşünas Harld Yerne onun “Olimpiya baharı” poemasını “özünüifadə azadlığı şəraitində insan ümidləri və məyusluğunun ideal səviyyədə əks edirilməsinin heyrətamiz nümunəsi” adlandırmışdı.
1910-cu ildə “Olimpiya baharı”nın tam mətninin nəşrindən sonra yaradıcılığına on illik fasilə verən və bu fasiləni fantastik bir uğurla -- dünyanın ən nüfuzlu ədəbi mükafatını qazanmaqla “qeyd edən” K.Şpitteler mükafatdan sonra cəmi iki əsər yazdı: 1920-ci ildə memuar səciyyəli “İlk həyat təcrübələrim” kitabını, 1924-cü ildə isə “Əzabkeş Prometey” poemasını. Beləliklə, taleyin qəribə gərdişi ilə son əsərində yenidən ilk əsərinin mövzusuna qayıdan şair ömrünün sonunda yunan əsatiri motivində daha bir əsər – yunan mifologiyasının ən möhtəşəm qəhrəmanı Herakl haqqında epik poema yazmağı planlaşdırırdı, lakin səhhətinin pisləşməsi ona bu layihəni reallaşdırmağa imkan vermədi. Şair 1924-cü il dekabrın 29-da Lütsern şəhərində 79 yaşında vəfat etdi.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının bir çoxu kimi K.Şpittelerin də heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib, ölkəmizdə nəşr olunmayıb və bizdə onun haqqında heç nə yazılmayıb. Əfsus ki, öz dövründə həm bir şair, həm də ədəbiyyat xadimi kimi böyük nüfuz sahibi olan bu yazıçının adı indi unudulmaqda olan sənətkarlar sırasına düşmüşdür.
K.Şpittelerin aforizmlərindən seçmələr:
- İnsanın bitərəf mövqe tutması bəzən, sadəcə olaraq, tutduğu yoldan dönməməsi kimi qiymətləndirilməlidir.
- Dünya tarixindən çıxan ən müdrik nəticəni bircə cümlə ilə belə ifadə etmək olar – hər bir dövlət nə qədər bacarırsa, o qədər də talayır. Vəssəlam. Yalnız yağmaladıqlarını həzm etmək və bir az dincəlmək üçün hərdən fasilə edirlər ki, bunu da sülh adlandırırlar.
- Dövlətin siyasətini dəstəkləyənlər onun səxavəti, bundan imtina edənlər isə qəddarlığı ilə üzləşirlər.
- Biz İsveçrə cəmiyyətində bir nəfərdən də imtina edə bilmərik. Müxalif tərəf hətta indikindən on qat az olsa belə, yenə də bizim üçün çox dəyərlidir.
- Bizim ölkəmiz, tamamilə düzgün olaraq, dünyada gedən qarşıdurmalardan kənarda dayanır. Allah eləsin ki, gələcəkdə də kənarda dayana bilək, yox əgər nə zamansa qarşı-qarşıya duran tərəflərdən birinə qoşulsaq, İsveçrənin sonu çatmış olacaq.
- Bizim olkəmizə cılızlığımızı və zəifliyimizi dəf etmək üçün vahid bir simvol lazımdır. Xoşbəxtlikdən belə bir simvol var – bu bizim İsveçrə bayrağımızdır.
- Ölkənin taleyi həmişə onun xalqının əlindədir.
- Böyüyün əsl əzəməti balacaları əzmədən yaşamağındadır.
- Mən Allaha inanmıram, ancaq ondan çox qorxuram.