Azərbaycan Yazıçılar Birliyində (AYB) Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, AYB sədri, xalq yazıçısı Anar Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıb. O bildirib ki, yazıçılar H.Əliyevin diqqət və qayğısını hiss ediblər: “O, Azərbaycan ədəbiyyatının qayğıkeşi idi. Yazıçıların yubileylərində, bizim tamaşalarımızda iştirak edər, nə çətinliyimiz olardısa, maraqlanardı, onların həll olunmasında köməklik göstərirdi”.
Anar əlavə edib ki, AYB-nin qorunub saxlanması Heydər Əliyevin adı ilə bağlıdır: “Vaxtilə ona yazırdılar ki, birliyi saxlamaq lazım deyil, onu ləğv etmək lazımdır. Amma o həmişə deyirdi ki, bu millətə Yazıçılar Birliyi də lazımdır, ədəbiyyat da”.
AYB-nin katibi, xalq şairi Fikrət Qoca da H.Əliyevin qələm adamlarına qayğısından, himayəsindən danışıb: “Biz həmişə ondan qayğı görmüşük, onun himayəsini üstümüzdə hiss etmişik. Heydər Əliyev dağılmış, uçurum kənarında olan dövləti yenidən qurdu”.
Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin katibləri Arif Əmrahoğlu, Nazim İbrahimov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı və başqaları Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışıblar.