1
Mənim arxivimdəki bir çox məktublar arasında Hüseyn Kürdoğlunun indiyə qədər çap olunmamış bir şeiri də var və o şeiri oxuculara təqdim etməzdən əvvəl Hüseyn haqqında bir neçə söz demək istəyirəm.
Bu kiçik yazını başlayarkən "60-cılar" deyilən ədəbi nəsildən əvvəlki nəslin - 1950-ci illərin ikinci yarısında ədəbiyyata gəlmiş yalnız Hüseyn yox, onun həmnəsli olan Əli Kərim, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Xəlil Rza, Famil Mehdi, Sərdar Əsəd... bir-bir xatirəmdə canlandı və doğrusunu deyim ki, bu rəhmətliklərin canlı surətləri bir tərəfdən dünyanın faniliyindən deyirdisə, o biri tərəfdən də onlar mənim nəzərimdə sırf insani hiss-həyəcanlar baxımından, elə bil, bir ailənin mənəvi saflığı içindəydilər.
Mənəvi saflıq isə, bildiyimiz kimi, poeziyanın əsas tərəf-müqabili, həm də süzgəcidir.
Hüseyn o şairlərdən biri idi ki, şəxsiyyəti ilə poeziyası arasında üzvi eynilik var idi - o, nə qədər sadə, səmimi, mehriban və xeyirxah idisə, poeziyası da o dərəcədə iddiasız, bəzək-düzəksiz, istiqanlı idi və yalanı yox, doğrunu yazırdı. Onun tərənnümü ideoloji (yalançı, saxta) tərənnümdən uzaq idi və o, bu tərənnüm ilhamı dağlardan, meşələrdən, bulaqlardan alırdı.
Mən 1965-ci ildə aspiranturaya daxil oldum və o zaman rəhmətlik Yaşar Qarayev Nizami adına Ədəbiyyat və Dil İnstitutunda ədəbiyyat nəzəriyyəsi şöbəsində (Məmməd Cəfər müəllimin şöbəsində!) kiçik elmi işçi idi və Hüseynlə də məni o, tanış etmişdi. Yaşarla Hüseyn universitetdə bir yerdə oxumuşdular, yaxın dost idilər və elə yeri düşmüşkən deyim ki, Yaşar da ürəyi təmiz bir insan idi, onların dostluqlarının da təməlində, elə bilirəm ki, elə həmin təmizlik dururdu.
Bizim Hüseynlə tanışlığımız sonrakı illərdə səmimi və isti bir münasibətə çevrildi və mən deyə bilmərəm ki, biz tez-tez görüşürdük, danışırdıq, ancaq bu gün mən onun haqqında dediklərimi bir dost hisslərinin ifadəsi kimi yazıram. Elə bilirəm ki, onun "Yaralı torpağım, yaralı sevgim" kitabına yazdığı belə bir avtoqraf bizim münasibətimiz barədə az söz demir: "Gözəl yazıçı, nəcib insan, ədəbiyyatımızın şah zirvələrindən biri, dədə İlyas yadigarı əziz Elçinə şair töhfəsi. Hüseyn Kürdoğlu. 15.06.98.".
Bu cəhəti də qeyd etmək istəyirəm ki, indicə adlarını çəkdiyim qələm sahibləri ilə bərabər, Hüseyn Kürdoğluyla da İlyas Əfəndiyev arasında böyük-kiçikliyə, hörmətə, etibara söykənən səmimi bir münasibət var idi və 1984-cü ildə İlyas Əfəndiyevin 70 illik yubileyi zamanı ona həsr olunmuş şeirlərdən birini də Hüseyn yazmışdı.
"Yüz il yaşamağa haqqın var sənin" adlı həmin böyük və doğma koloritli şeir belə bir bəndlə başlayırdı:
Bələyə bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa.
Qəlbinə od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Mən "doğma kolorit" ifadəsini ona görə işlətdim ki, Qarabağ dağlarının ab-havası həmişə İlyas Əfəndiyevlə birlikdə idi və Hüseynin də o şeiri elə bu ab-hava ilə yazılmışdı. O da yaxşı yadımdadır ki, İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də vəfat etdikdən sonra Hüseyn sidq-ürəkdən gələn bir kədərlə başsağlığı verəndə necə doluxdu və tələsik üzünü çevirib uzaqlaşdı.
"Mənim bu dünyayla yoxdu aram" - deyən Hüseyn Kürdoğlunun öz dünyası var idi və həmin dünyada o, çox həssas idi, bircə yarpağın belə onun qəlbində öz yeri var idi:
Səhər-səhər şeh düzümü boynunu əyən
Göy otların yarpağı da titrədir məni.
O, "Mənim bu dünyaya qaynamaz qanım" - deyirdi və onun bir şair kimi "fikrə daldığı" yer, məskən də "dağ döşü" idi. Onun üçün kainata aparıb çıxaran yol belə, təbiətdən, daha konkret desəm, Qarabağdan, indiki halda Şuşadan keçirdi:
Şuşa yoxuşunun Yeddi qat yolu,
Bəlkə elə budur kainat yolu?
O, ən yaxşı şeirlərində təbiəti fotoqraf kimi yox, həmin "dağ döşündə fikrə dalan" rəssam kimi görürdü:
Bulud dağ çiynində yapıncı kimi,
Hər təpə bir çoban balıncı kimi...
Dünya ilə arası olmayan, dünyaya qanı qaynamayan Hüseyn Kürdoğlu bu dünyadakı ədalətsizliyi, rəzaləti, xəyanəti görürdü və özünü görməməzliyə vurmurdu. O:
Çiçəyə həmdəm an,
Sızıldar dəm-dəm an.
Mənim bağrımdan keçir
Dünyanın qəm damarı...
- deyirdi və buna görə də dəruni hisslərlə vətəninə, xalqına, dilinə bağlı bir şair kimi milli problemlərə biganə deyildi, əksinə, bu problemlərə də o, eyni həssaslıqla yanaşırdı.
2
1987-ci ilin sonlarında Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyəti yarandı (Ermənistanda belə bir Cəmiyyət 1940-cı illərdən fəaliyyət göstərirdi, sonralar nazirliyə çevrildi) və mən də sədr seçildim. Biz qısa bir zamanda Cəmiyyətin mətbu orqanı "Odlar yurdu" qəzetinin tirajını 300000-nə (üç yüz minə) qaldırdıq və mühüm cəhətlərdən biri də o idi ki, dünyaya səpələnmiş azərbaycanlıların oxuya bilməsi üçün "Odlar yurdu"nu üç qrafika - kiril, latın, ərəb - ilə nəşr edirdik, hər gün də Avstraliyadan tutmuş, Latın Amerikasınadək müxtəlif ölkələrdən onlarca məktub alırdıq.
İlk dəfə Fətəli xan Xoyskinin oğlu, ABŞ-da yaşayan Zahid xan Xoyskidən tutmuş, Bakı milyonçuları Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi, Fransada yaşayan yazıçı Baniyə (Ümməlbanuya), yaxud Əli bəy Hüseynzadənin oğlu rəssam Səlim Turana qədər onlarca, daha sonralar isə yüzlərlə həmvətənimizlə, Fevzi Aküzüm, Məhəmməd Gəngərli, Əhməd Qaraca, Cəmil Ünal, Yəhya Daşdələn və b. kimi siyasi xadimlərlə, eləcə də sırf siyasi təşkilatlar olan Azərbaycan Milli Şurası və Azərbaycan Mədəniyyət Dərnəyi ilə, müxtəlif ölkələrdəki başqa diaspora dərnəkləri, təşkilatları ilə əlaqələr yaratdıq - "Odlar yurdu" bütün bunlar barədə materiallar dərc edir, sənədlər tapıb ortaya çıxarırdı. Bir sözlə, sovet dönəmində nəşr olunan "Odlar yurdu" qəzeti, əslində, gəmidə oturub, gəmiçiylə dava edirdi və təfərrüata varmadan, deyim ki, heç bir ideoloji-inzibati həmlə və qorxu, müxtəlif qüvvələrin yaratdığı şayiəçilik, dedi-qodu redaksiyamızın Ramiz Əsgər, Abid Tahirli, Vaqif Bəhmənli, Rafiq Hacıyev kimi əməkdaşlarını çəkindirmirdi, onlar eyni əzmlə çalışırdılar.
Biz dünya informasiya agentlikləri ilə, BBS, "Azadlıq", "Amerikanın səsi" kimi radioqovşaqlarının Azərbaycan redaksiyaları ilə əlaqələr yaratdıq və 90-cı ilin yanvar qırğınından sonra həm teleks, həm də "Odlar yurdu" vasitəsilə Azərbaycan həqiqətlərini xarici ölkələrə çatdırdıq. Şeyxülislam Allahşükür Paşazadənin bəyanatını teleks ilə yaydıq və Pakistanın o zamankı Baş naziri Bənəzir Buhutto bu bəyanata əsaslanaraq 20 Yanvar qırğınına etirazını bildirdi, yaxud ABŞ konqresinin Con Mudi kimi məşhur və nüfuzlu üzvünü Bakıya gətirə bildik və konqresmen Mudi ilk sanballı xarici siyasi xadim oldu ki, yanvar şəhidlərinin məzarlarını ziyarət etdi, ABŞ-da da öz sözünü dedi.
Azərbaycan Demokratik Respublikasının qurucularının fotosundən və onların haqqında yazılardan, Parlamentin fəaliyyətindən tutmuş, Məhəmməd Əmin Rəsulzadənin Stalin haqqında xatirələrinədək bir çox materialları ilk dəfə "Odlar yurdu"nda dərc etdik və bu qəzetin sayəsində yüzlərlə həmvətənimiz bir-birini tapdı, bir-birilə yazışdı, görüşdü. Adlarını çəkdiyim Məhəmməd Gəngərli, Əhməd Qaraca və Cəmil Ünal kimi siyasi-ictimai xadimləri, professor İren Məlikova (Fransa), professor Turxan Gəncəyi (İngiltərə), professor Şapur Ənsari (ABŞ) kimi məşhur elm xadimlərini, rəssamlardan İbrahim Ehrari, Davud və Əyyub İmdadiyan qardaşları, fotoqraf Rza Diqqəti (Fransa), müğənni Yaqub Zurufçu (Almaniya) kimi sənət adamları və bir çox başqa tanınmış həmvətənlərimizlə ilk dəfə əlaqə yarada bildik, onları Azərbaycana dəvət etdik, birlikdə keçirdiyimiz tədbirlər, görüşlər, konfranslar haqqında məlumatlar, geniş reportajlar "Odlar yurdu"nda çap olundu.
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Mirzəbala Məmmədzadə kimi bizim XX əsr ictimai fikir tariximizin görkəmli simalarının, Qurban Səid (Əsəd bəy), Banin (Ümmülbanu), Almas İldırım və başqaları kimi qələm sahiblərinin irsinin axtarılması və tapılması, tədqiqi və təbliği sahəsində də "Vətən" Cəmiyyəti, o cümlədən də "Odlar yurdu" qəzeti ciddi rol oynamışdı.
Mən bu qısa yazıda "Odlar yurdu" və ümumiyyətlə 1988-92-cı illərdə "Vətən" Cəmiyyətinin fəaliyyəti, yeni dövrdə milli şüurun formalaşmasındakı rolu barədə söhbəti uzatmaq istəmirəm, sağlıq olsun, bu, ayrıca bir kitabın mövzusudur və mən özüm bu kitabı yaza bilməsəm, tamam əminəm ki, gələcəkdə bu barədə tədqiqatlar aparılacaq, kitablar yazılacaq.
Hüseyn Kürdoğlu da bizim o görkəmli şairlərimizdən, ziyalılarımızdan biri idi ki, "Vətən" Cəmiyyətinin fəaliyyətini cani-dildən alqışlayır və "Odlar yurdu" qəzetinin nəşrini yüksək qiymətləndirirdi.
Arxivimdəki indiyədək çap olunmamış həmin şeiri olduğu kimi oxuculara təqdim edirəm.
Canım-gözüm Elçin
Canım-gözüm Elçin, bu Yer üzündə
Bir sönməz od olsun "Odlar yurdu"muz.
Vətənə yöntutan didərginlərə
Polad qanad olsun "Odlar yurdu"muz.
Səyirtsin Qıratı, hər yana çapsın,
Ac qurdun ağzından Yusifi qapsın.
Doğmalar harda var axtarsın, tapsın,
Əsl övlad olsun "Odlar yurdu"muz.
Mil çəksin gözünə müxənnəslərin,
Duysun ağrısını qərib səslərin.
Qürbət acısını görən kəslərin
Ağzında dad olsun "Odlar yurdu"muz.
Ağır qəm yükündən yorulmuşlara,
Dilinə kilidlər vurulmuşlara,
Həsrətdən dodağı yarılmışlara
Əlac, imdad olsun "Odlar yurdu"muz.
Dönsün bir soğulmaz el bulağına,
Axsın könüllərin ümid bağına.
Çalsın külüngünü hicran dağına,
İgid Fərhad olsun, "Odlar yurdu"muz.
Sözü alay-alay düzdükcə səfə,
Oxları ortadan dəysin hədəfə.
Əslinə xor baxan hər naxələfə
Həmişə yad olsun "Odlar yurdu"muz.
Alnında Vətənin müqəddəs adı,
Qəlbində kükrəsin bir yaz gürşadı.
Canım-gözüm Elçin, sənsən ustadı,
Gərək ustad olsun "Odlar yurdu"muz.
3
Mən bu yazını Hüseyn Kürdoğlu ilə başladım və elə onunla da bitirmək istəyirəm.
Qarabağın işğal olunması, "yaralı torpaq", Laçının namərd tapdağı altına düşməsi, camaatın min bir məşəqqətə düçar olması, əlbəttə, Hüseynin bağrından keçirdi və yazdıqlarından açıq-aşkar görünür ki, onun həssas təbiəti bu müsibətə dözə bilmirdi. Qarabağla bağlı törədilən işğalçı cinayət həmin səbəblərdən biri idi ki, Hüseynin "dünyaya qanı qaynamırdı" və o, bu misraları yazmaqdan başqa nə edə bilərdi?
Biçarə Kürdoğlu, ah çəkib, inlə,
Bu qanlı dövranın hökmünü dinlə
- deyən şairin arzuladığı da bu olurdu:
Gözlərim Laçını görəydi bir də...
Mən tamam əminəm ki, onun faciəli ölümünün bünövrəsindəki dözülməz ağrılardan bir mühümü də bu arzunun nisgili idi və bu yazını da o böyük təəssüf hissi ilə bitirirəm ki, Hüseyn Kürdoğlu 44 günlük Zəfəri görmədi, bu böyük Qələbənin şahidi olmadı.