Bahar Bərdəli  ədəbi yaradıcılığa 70 - ci illərin ikinci yarısında, Azərbaycan Pedaqoji Universitetinin tələbəsi olarkən başlamış, ilk şeirlərini “Gənc müəllim”qəzetində çap etdirmişdir. 80-ci illərdən şairin lirik şeirləri, hekayə və povestləri  “Azərbaycan”,  “Ulduz”,  “Azərbaycan qadını”,  “Kənd həyatı”  “Ədəbiyyat və incəsənət”, “Azərbaycan müəllimi” və başqa  mətbuat orqanlarında  vaxtaşırı dərc olunmağa başlamışdır.

Bahar Bərdəlinin yaradıcılığında poeziyası önəmli yer tutur. Çünki bu poetik duyğuların əksəriyyəti Vətənə köklənib, Vətəni təsvir, tərənnüm edir. Şairin Vətən məhəbbətindən, yurd sevgisindən, əsrarəngiz təbiətin ecazkar möcüzələrindən güc alan poeziyası bu gözəllik önündə səcdə qılan insanın daxili hiss və düşüncələrinin harmoniyasından  rişələnmişdir. Ana vətənə, onun ecazkar təbiətinə vurğunluq Bahar Bərdəli poeziyasının hər misrasında bütün çalarları ilə duyulur və oxucunu öz fikir karvanının arxasınca  aparır.  “Gecələr şamına dönərəm, Vətən! “ başlığı altında təqdim edilən “Anamın anası”, “Müstəqilliyin mübarək, Vətən!”, “Qarabağım”,  “Yurdum mənim”, “Vətən bayatıları”, “Qarabağa məktub”, “Mənim Bərdəm” silsiləsindən olan poeziya nümunələri oxucunu qeyri-adi bir gözəlliklə, sirli-sehirli aləmlə qarşılaşdırır, onu daxili dünyası ilə baş-başa qoyur.  Şairin ana  yurdun  hər qarışını göz bəbəyi kimi qorumaq istəyi,  zərif duyğuların tərcümanına çevrilən sevgi nəğmələrinin səmimi etirafı, onun  ağrı-acıları, həsrəti, nisgili, vüsalı qəlbindən süzülüb gələn misraların istisində qızınır, soyuğunda şaxta vurmuş çiçək kimi donur:

Natəvan köksündən oxlanmış mələk,

Daşlara ün düşüb, dağların yatmaz!

Vaqifin məzarı çatlamış demək,

Pənah xan yuxuda...  kimsə oyatmaz...!.

  Şeirdə 30 il erməni yağılarının tapdağında qalan,  öz nicatını gözləyən Vətən torpağının, doğma Qarabağın azad  olunacağına dərin inam ifadə edilir. İlk bəndlərdəki nostalji  kədər notları  şeirin son bəndlərində çox böyük uzaqgörənliklə nikbin əhval-ruhiyyə ilə, qələbə soraqlı  misralarla əvəzlənir:

Ay mənim anamın anası Vətən,

Düşmənin xar olub qovulacaqdı!

İnan ki, bu günün bir nağıl-duman,

Günəş gülən kimi dağılacaqdı!

Bahar Bərdəlinin vətən çiçəklərinin ətrilə süslənmiş peyzajları, həssas şair qəlbindən süzülüb gələn bənzərsiz təbiət lövhələri misraların ritmində və ahəngində şair düşüncələrinin orijinal tablolarını yaradır və oxucunun könlünü ovsunlayır, zövqünü oxşayır. Həssas oxucu gözləri qarşısında canlanan bu gözəlliyin sehrindən ayrıla bilmir:

Küləklər dağlara sığal çəkəcək,

Çiçəklər dağlara xalı düzəcək.

Hər çiçək üstündə bir al kəpənək,

Qayanın köksündə Qartal süzəcək!

 

Göydən mələklər də yerə enəcək,

Salacaq boynuna incə qolunu!

Qarqarın, Tərtərin selə dönəcək,

Köçhaköç tutacaq Şuşa yolunu!

Şairin yüksək şeiriyyətlə, həssaslıq və uzaqgörənliklə qələmə aldığı istək və  arzuları təbii ki, Azərbaycan xalqının əzəli və əbədi Qarabağ yurduna, gözəllik tacı Şuşaya qayıdışı ilə reallaşdı.

Bütün bu təbii yaşantılar, real həyat səhnələri insana paradoksallıqlarla süslənmiş gerçəkliyin özü kimi təqdim olunur. Şairin lirik qəhrəmanı həyatın, qədərin, dünyanın hər çətinliyinə mərdliklə sinə gərən, vətənpərvər, dözümlü, mübariz, yenilməz, elinə-obasına qəlbən bağlı olan üsyankar bir insandır:

Hər oymağın uludur,

Keşməkeşnən doludur,

Babəklərin yoludur

Mənim yolum, görərsən!

 

Hər övladı Koroğlu,

Od yurdunun od oğlu,

Bu torpaqda, yad oğlu,

Bircə ölüm görərsən!

Şairin poetik dünyasında tarixi  ekskurslar, fakt və hadisələrə obrazlı yanaşma, bədii düşüncənin assosativ təqdimi diqqət çəkir. Tarixi şəxsiyyətlər, yer, yurd adları, türklərin əzəli və əbədi məskənləri haqqında zəngin bilgilər şeirlərin canına-qanına hopdurulur və onların əbədiyaşarlığının təminatçısına çevrilir. Yüksək vətənpərvərlik və milli təəssübkeşliklə oxucuların qan yaddaşında qərarlaşır və ölməzlik qazanır. Şair “Ağılda Nüşabə, sevgidə Şirin, Əməli yaşasın qoy  Cavanşirin”-deyərək Azərbaycanın qədim yurdu, dahi Nizaminin ilhamla vəsf etdiyi doğma şəhəri Bərdənin sözlə rəsmini cızır, onu ülvi duyğuların yaşantısı kimi təqdim edir:

Nizaminin şövkətidir,

İsgəndərin heyrətidir,

Nüşabənin hikmətidir,

Qədim Bərdə yurdum mənim,

Ulu diyar, Bərdəm mənim!

         Bahar Bərdəlinin 30 il yağıların işğalına məruz qalan cənnət Qarabağımızın ağrı-acısını, nisgilini, möhnətini ürək ağrısı, qəlb göynərtisi, vətən yanğısı ilə əks etdirən “Vətən bayatıları”, “Şəhidlər xiyabanı”, “Heykəl analar” şeirlərində qəm-kədər motivləri üstünlük təşkil edirsə,  “Qarabağa məktub”, “Yurdum mənim”, “Qarabağım”, “Vətən”, “İgidlər doğulur” və başqa şeirlərində  qəhrəmanlıq, düşməndən öc almaq, vətən məhəbbətinin əvəzolunmazlığı və igid oğullarımızın əzmkarlığı, cəsarəti və mərdliyi böyük ilhamla vəsf olunur.  Şairin “Şəhidlər xiyabanı” şeirində oğul itirən, arzuları çilik-çilik olan ananın fəryadı, naləsi qəlbləri sızladır, könülləri parçalayırsa, “Anamsız günlər” silsiləsində yer alan “Ağılar”,  “Yolun yumulaydı”,  “Anam qayıtmaz” şeirlərində isə əksinə, anasını  itirən övladın ah-naləsi,  fəğanı, həsrəti, intizarı, qəm, kədər notları ön plana çəkilir. Lakin vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğulun anası  övlad ağrı-acısıyla qovrulsa da, o məğrurdu, yenilməzdi, qürurludu. Çünki  “Şəhid anası” kimi müqəddəs bir ad daşıyır:

Bir oğul itirib, dünya qazanıb,

Oğul böyütmüşdü elə Vətənçün,

Yox ana ağlamır, məğrur dayanıb,

Bayatı gətirib, dinlə, Vətənçün:

                        ...Ötəndi

Dərd də, qəm də ötəndi.

Hər şey keçib gedəcək,

Bir əbədi Vətəndi!!![1]

Şeirdəki əzəmətli ana obrazı gözlərimiz qarşısında erməni qəsbkarlarının gülləsinə tuş gələn Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə, Cəbrayıl Dövlətzadə kimi yüzlərlə şəhid oğullarımızın Burla xatun timsallıqəhrəman analarının yenilməz obrazını canlandırır.

         Şair Vətən dərdlərini, Qarabağ  yanğısını əks etdirən şeirlərində o taylı bu taylı Azərbaycanın geopolitik mənzərəsini, nisgilini, ayrılğını, həsrətini bir nöqtədə təmərküzləşdirir. “Durul, Arazım, durul”,  “Arazüstü bayatılar”,  “Araza” şeirləri hər bir vətən övladının dərd-qəminin məcmusuna çevrilir:

 

Qarabağın yazı var,

Bir şirin avazı var.

Dolub axar gözlərim,

Onun da Arazı var!

Əsrlərdir imperiyanın  əli ilə ikiyə parçalanmış Azərbaycanın tarixi taleyi, Cənubda yaşayan həmvətənlərimizin qanlı göz yaşları ilə lillənmiş, məhzun görünüşlü xan Arazın hüznlü, kədərli simvolu şairin yaradıcılığından qırmızı xətlə keçir:

          ...O dağdı,

O dərədi, o dağdı.

Bölünmüş bu Vətənin,

Hər tikəsi bir dağdı.

Bahar Bərdəlinin yaradıcılığına tarixiliklə müasirliyin üzvi vəhdətindən yaranan bir sinkretiklik hakimdir. Şair ənənəvi şeir formalarından, klassiklərin yaradıcılığından ustalıqla bəhrələnməklə yanaşı, modern şeirin dərin məna qatlarına enməyi, onun özünəməxsus, spesifik üslub və ifadə tərzindən yararlanmağı da bacarır. Şair qəlbinin incə tellərindən süzülüb gələn misraların batinində Vaqif Səmədoğlu və digər novator şairlərimizin poeziyasının ruhunu, xarakterini görə bilirik.

 Bəşəriyyətin mövcudluğundan bu yana lirik “mən”in öz-özünü axtarıb tapmaq arzusu,  iç dünyası ilə həmsöhbət olmaq istəyi, daxili aləmi ilə ixtilatı şairin ömür yoluna fəlsəfi baxışını sərgiləyən metaforik örtüyün  gizli məqamları kimi diqqət çəkir:

                                 Qoşulub mənə qəlbimə həmdə, kədərlə, qəm.

                       Bu gedişlə nə edəcəyəm, bilmirəm, düzünü.

                              Axtarıb-axtarıb özümü,

                                                     tapacağam bir gün.

                            Və deyəcəyəm öz sözümü!

Şairin özünü axtarmaq məramı və məqsədi əsrlərdir insanlığın qarşısında dayanan ən böyük və sonu görünməyən bir tendensiyadır. Əslində şeirin mahiyyətində bütövlükdə qarışıq, müəmmalı və xaotik bir dünyada bəşəriyyətin onu çevrələyən buxovlardan xilası, azad və xöşbəxt bir cəmiyyətdə yaşamaq ideallarının məcmusu ehtiva olunur. Bütün bunlar şairin vətəndaşı olduğu cəmiyyətdə gedən proseslərə fəal münasıbətini sərgiləyən önəmli məqamlardır.

Ümumiyyətlə, Bahar Bərdəli poeziyası üçün bir bütövlük, varlığa küll halında yanaşma mövcuddur. Bu bütövlük və kamillik təbiətdən, kainatdan, onu əhatə edən mühitdən başlamış, incə, zərif duyğuların daşıyıcısı olan insan və onun ali hisslərinin tərcümanına çevrilən kövrək məhəbbət hisslərinin tərənnümünə qədər böyük və müqəddəs bir yol keçir.

Bahar Bərdəlinin  “Gözlə məni” başlığı altında verilən “Sənə doğru”, “Sənsiz dağlarda”, “ Bu sevgimin”, “Nə deyim”, “Gəl”, “Sən ki yoxsan”, “Olaram mən”, “Unutma”, “Mən səndən uzağammı?”, “İtirdim”, “Əsiri olmuşam”, “Sənsiz”, “Dünya bizdən ötdü daha”, “Özün gəl”, “Bağışla”, “Xəbərin yoxmu”, Ürəyimdən hara qaçım, “Sevərmisən”, “Təklik”,”Sevginlə”, “Sənlə nəğməli dünyayam”, “Bir yaz axşamı” və başqa lirik sevgi şeirlərində insan təbiətin ayrılmaz bir parçası kimi poetikləşdirilir. Bu şeirlərdə saf məhəbbət, vüsal, həsrət, hicran, ayrılıq, vəfa, sədaqət və s. hisslərin yaratdığı duyğular  ətraf aləmin polifonikliyi ilə cilalanaraq təbiətlə insan ruhunun harmoniyasını yaradır.  Gözəlliyin  sehrinə düşən insanın daxili yaşantıları, sevgi hissləri bu ecazkar dünyanın təmizliyində arınır, durulur, saflaşır. Vətənin  göz oxşayan gözəl mənzərələri insanı xoş ovqata kökləyir, zərif və incə duyğuların, kövrək hisslərin yaşantısına çevrilir.

Müəllif hər poetik parçasında məzmun və mündəricənin fikir yükünü, çəkisini artırmaqla yanaşı,  epitet, təkrir, metafora, metonimiya kimi bədii təsvir və ifadə vasitələrinin zənginliyindən yerli-yerində, məqamında istifadə etməklə şeirlərin orijinal və mükəmməl poetikasını  da yaratmağa müvəffəq olmuşdur.

Bahar Bərdəlinin yaradıcılığında bu cür sərrast deyimlərin, maraqlı və yaddaqalan lövhələrin təsviri çoxdur. Şairin poetik dünyasında insan qəlbinin kövrək, həzin, ilıq, sirayətedici hiss və duyğuları olduqca real və inandırıcı boyalarla təqdim edilir. Şair xalqdan gələn doğal ifadələrə yeni ruh, yeni forma və məna çaları verməklə lirik qəhrəmanın təbii yaşantılarının  canlı tablosunu yaradır.

Bahar Bərdəli Vətənin fidan balalarını da unutmayıb. Onun  yaradıcılığında uşaq ədəbiyyatının maraqlı nümunələri də  diqqəti cəlb edir. Kiçik yaşlı uşaqların psixologiyasını  dərindən öyrənən, müşahidə edən şair uşaq dünyasının maraqlı məqamlarına diqqət çəkir, onların fərdi cizgilərinin portretini sənətkarlıqla yaradır, təlimverici və didaktik mahiyyətli əsərləri ilə uşaqların idrak fəaliyyətinin, təfəkkürünün və əqli yetkinliyinin inkişafında mühüm rol oynayır. Şairin uşaqlar üçün yazdığı “Tapmacalar”, “Dörd əməl”, “Tələsmə, Jalə”, “Kəpənəklər”, “Oxşamalar”, “Şöhrət abidəsi” şeirlərində uşaqların idrak fəallığının, zehni qabiliyyətinin inkişafı ön plana çəkilirsə, “Sel”, “Sahildə”, “Nəğməli meşələr”, “Maralgöldə”, “Bizim Bərdə”, “Dəvəçinin” və başqa şeirlərində isə məqsəd gələcəyimiz olan uşaqlarda vətənpərvərlik hissinin formalaşdırılması,  Azərbaycanın coğrafi ərazilərinin tanıdılması və sevilməsi, təbiət gözəlliklərinin qorunması, təhsil, tərbiyə, dostluq, yoldaşlıq, valideyn və övlad məhəbbəti, böyüklərə hörmət, əməyə həvəs kimi ülvi hisslərin yaradılmasına nail olmaqdır.


Gülbəniz  Babayeva

Filologiya üzrə fəlsəfə doktoru,
Dosent                        

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə