QARA QUTU
(Mistik dram)
İŞTIRAK EDİRLƏR:
KİŞİ
MƏRYƏM
MARİYA
YASƏMƏN (JASMEN)
ƏRƏSTÜN (ARİSTOTEL)
ADAMLAR (KİŞİ VƏ QADINLAR)
DOĞULUŞ VƏ YA FACİƏ
Musiqi. Səhnənin önü . Vals çalınır. Kişi və qadınlardan ibarət cütlüklər rəqs edir. Daha sonra təyyarə uğultusu və fasiləsiz həyəcan siqnalı. Rəqs başa catır. Əlində xəstəxana xörəyi ora-bura qaçıb vurnuxan ağ xalatlı adamların siluetləri: Həmin adamlar sanki havada uçuşurlar; bu, bir növ yavaşıdılmış kino kadırlarını xatırladır. Səs-küy tədricən azalır. Həzin, sakit musiqi. Kiçik sabun qovucuqlarını xatırladan rəngbərəng zərrəciklər havada uçuşur; sanki fəzanın boşluğunda mikroplanetlər, ulduzlar və yaxud kometlər axışır.
İşıq MƏRYƏMİN üstünə düşür. Qadın qollarını yana açıb səhnənin önünə gəlir, başını qaldırıb yuxarı baxır, uçan “ulduzcuqları” seyr edir. Onun sifətinin qəribə ifadəsindən əzab çəkdiyi və ya gülümsədiyi bilinmir. Musiqi sədası yavaşıyır.
Otaq tədricən işıqlanır. Divardan naməlum kişi şəkli asılıb.
YASƏMƏN qəlir. Diqqətlə Məryəmə baxır.
YASƏMƏN:- Deyəsən tanımadın, hə?...
MƏRYƏM (diqqətlə onu süzür):- Doğrusu, tanımadım...
YASƏMƏN:- Mən Yasəmənəm, Məryəm. Tanıdın?..
MƏRYƏM:- Yasəmən?.. Hansı Yasəmən?..
YASƏMƏN:- Sənin Yasəmən adlı tanışların çoxdur bəyəm?..
MƏRYƏM:- Xatırlaya bilmirəm nəsə... Bir də ki, indi az qala öz adımı da unutmuşam, Yasəmən...
YASƏMƏN:- Əlbbəttə, mən səni yaxşı başa düşürəm, Məryəm... Bu cür dərdə tab gətirmək hər adamın işi deyil.
MƏRYƏM:- Elədir... Demək sən də mənim başıma gələn müsibətdən xəbərdarsan...
YASƏMƏN:- Əlbəttə... İndi bunu az qala hamı bilir...
MƏRYƏM:- Bəlkə də soruşmaq yaxşı düşmür: biz haradan tanışıq səninlə?
YASƏMƏN:- Uşaqlığımız bir bağçada keçib... Unutmusan?
MƏRYƏM:- Unutmuşam... Eh, uşaqlıq... Doğrusu, mən çox şeyi yaddan çıxarmışam.
YASƏMƏN:- Amma mən səni o dəqiqə tanıdım. O qədər də dəyişməmisən...
MƏRYƏM:- Dəyişməmişəm?.. (Pauza). Məni sonuncu dəfə nə vaxt görmüsən?..
YASƏMƏN:-Elə o vaxt bağçada gördüyümdü.... Düzdür, sonralar bir-iki dəfə
təsadüfən rastlaşmışıq... Amma nədənsə yaxınlaşmağa cürət etməmişəm.
MƏRYƏM:- Nə üçün yaxınlaşmamısan?.. Yəni mən belə qorxuncam?..
YASƏMƏN:- Yox... Sadəcə olaraq, mənim təbiətim elədir ki, adlı-sanlı
adamlarla təmasda olmağa o qədər də can atmıram...
MƏRYƏM:- Mən qətiyyən adlı-sanlı adam deyiləm. Sadə bir həyat
yaşayıram ...
YASƏMƏN:- Amma nədənsə mənə həmişə elə gəlib ki, səninlə ümumi
dil tapmaq çətindir.
MƏRYƏM:- Özüm haqqında qəribə şeylər eşidirəm. Hər halda mən özümü
təkəbbürlü qadın hesab etmirəm. Yaxşı, bəs indi sən nə əcəb bu cür adamayovuşmazqadını axtarıb tapmısan?
YASƏMƏN:- Sənin başına gələn faciəni eşidib sarsıldım... Gəldim ki, dərdinə şərik olum... Sən hələ yaşamalısan... Ölənlə ölmək olmaz ki, Məryəm...
MƏRYƏM:- Yox, Yasəmən... Açığı, ta bu həyatın, bu dünyanın mənimçün heç bir mənası qalmayıb. Sadəcə olaraq, günlərimi sayıram. Mikayıldan sonra mənimçün yaşamağın nə mənası ola bilər ki?
YASƏMƏN:-Məryəm, əzizim, gərək adam özü özünü yıxılmağa qoymasın. İçi sınan adamın ayağa durması çətin məsələdir...
MƏRYƏM:- Elə iş də orasındadır ki, mənim içim çilik-çilikdir.
YASƏMƏN:- Sən bu cür faciəni yaşayan nə birinci adamsan, nə də sonuncu.
MƏRYƏM:- Elədir... Amma eyni müsibəti hamı eyni cür yaşamır ki....
YASƏMƏN (divardan asılmış şəklə baxaraq):- Bax, Mişanın arvadı da sənin kimi gecə-gündüz ağlayır... Amma nə olsun ki?
MƏRYƏM:-Mişa kimidir?..
YASƏMƏN:- Mixail Yusupovu deyirəm. O da Mikayıl olan təyyarədə imiş...
MƏRYƏM:- Hə, hə, bildim kimi deyirsən... Heç huşum qalıb ki?.. O bədbəxt qadın neyləyir görəsən?..
YASƏMƏN:- Sən demə o, mənim qonşum imiş. Təyyarə qəzaya düşən günü bilmişəm bunu.
MƏRYƏM:- O qadının adı nədir?..
YASƏMƏN:- Mariya... Mariya Yusupova... Yar-yaraşıqlı, boy-buxunlu bir qadındır. Sağlıq olsun, bir gün tanış eləyərəm sizi... O da yaman dərd çəkir sənin kimi... O günləri dükanda rastlaşdıq. Xeyli ürək-dirək verdim; dedim ki, Mariya, ölənlə ölmək olmaz ki...gördüm bir az dirçələn kimi oldu.
MƏRYƏM:- Allah sənin köməyin olsun, xoşbəxt olasan, Yasəmən... Bəs sən harada, işləyirsən, nəylə məşğulsan?
YASƏMƏN:- Qəzetdə müxbirəm.
MƏRYƏM:- İndi qəzetlərdə maraqlı bir şey olur ki?
YASƏMƏN:- Çalışırıq ki,oxunaqlı məlumatlar dərc edək.
MƏRYƏM:-Maraqlı məlumat? Məsələn, nə?...
YASƏMƏN:-Məsələn... (Pauza). Bu günlərdə qəribə bir informasiya verdik, oxucular şoka düşdü... Bəlkə də eşitmiş olarsan. Xəstəxanaların birində qeyri-adi bir əməliyyat ediblər: bir nəfərin beynini başqasına köçürüblər.
MƏRYƏM:- Bu məlumatı mən də eşitmişəm... Amma inanmağım gəlmir.
YASƏMƏN:- Niyə ki? Əvvəllər ürək köçürülməsinə də inanmırdılar. Ancaq indi...
MƏRYƏM:- Ürək ayrı, beyin ayrı...
YASƏMƏN:- Hə, nə isə,bax biz bu cür şok -xəbərlər yazıb birtəhər dolanırıq...
MƏRYƏM:-Hə, sizin də işiniz yüngül deyil...
YASƏMƏN:-Elədir...İndi yüngül iş var ki?..
MƏRYƏM:-Of-f-f...Ürəyim sinəmə sığmır...Yox, daha dözə bilmirəm...
YASƏMƏN:-Səbirli olmaq lazımdır, Məryəm...
MƏRYƏM:-Eh, səbr qalıb ki, səbrli də olam? Bax, sən deyirsən ki, mən bu cür müsibətə düçar olan nə birinci, nə sonuncu adamam... Elədir. (Pauza). Amma bu faciə niyə məhz mənim başıma gəlməli idi? Niyə? Bəlkə də günahkar mən özüməm? Yəqin soruşacaqsan ki, nə üçün belə düşünürəm? Doğrusu... Heç bilmirəm sənə nə cür izah edim?.. Məsələ burasındadır ki, Mikayıl o tədbirə getmək istəmirdi. Elə bil ürəyinə nəsə dammışdı. Onu mən dilə tutdum. (Divardan asılmış şəklə baxır). Dedim ki, mütləq getməlisən! Beynəlxalq festival kecirilirdi. Qaliblərə böyük məbləğdə mükafatlar vəd olunmuşdur... O, mənim sözümdən çıxmadı. (Kövrəlir). Biz qadınlar şöhrətpərəstik, Yasəmən! O, getdi... (Pauza). Elə həmin gün eşitdim ki, təyyarə qəzası baş verib... Ürəyimə damdı ki, bu, Mikayıl uçan təyyarə olacaq... Ağlıma gələn-başıma gəldi: təyyarə yerə enərkən... (Ağlayır). Qalanını özün bilirsən... İndi bunu bütün dünya bilir.
YASƏMƏN:-Deyirlər sağ qalanlar da olub...
MƏRYƏM:-Deyirlər...Deyirlər... Nə olsun ki, deyirlər?.. Qəzetlər həlak olanların siyahısını vermişdilər... (Divardan asılmış şəklin önündə dayanır). İndi mən nə edim, Mikayıl?.. Lap başımı itirmişəm...
YASƏMƏN:-Qəzadan sağ çıxanlar olubmu, Məryəm?..
MƏRYƏM:-Deyilənə görə, təyyarə meydançaya enəndə motor sıradan çıxıb. Mən də hamı kimi televizordan-qəzetdən məlumat aldım. Dedilər ki, sərnişinlər həlak olub. Deyəsən, təkcə ekipaj üzvlərindən sağ qalan olub. Onlar da ölümcül vəziyyətdədir... Mikayıl isə ekipaj üzvü deyildi. O, pianoçu idi...
YASƏMƏN:- Bilirəm... Mən onu həmişə televizorda görəndə tanışlarıma deyirdim ki, bax bu, mənim uşaqlıq rəfiqəmin əridir...
MƏRYƏM:- Eh... Mikayıl...Mikayıl...Yaxşı, Yasəmən, de görüm ailə qurmusan?..
YASƏMƏN:-Yox... Daha doğrusu, alınmadı...
MƏRYƏM:- Alınmadı?..
YASƏMƏN:- Hə...Tez ayrıldıq... Nəsə mənim də taleyim gətirmədi... Amma bunu özümə faciə hesab etmirəm. Bu, həyatdır. Onun şirini də olur, acısı da...
MƏRYƏM:- Elədir.. Bu, həyatdır... (Şəklin önündə dayanır). Of-f.. Mikayıl... Mən həyatın əsl üzünü indi-indi görməyə başlamışam...
Qapı döyülür.
YASƏMƏN:-Deyəsən, qapı döyülür...
MƏRYƏM:- Nəsə eşitmirəm...
Qapı yenə döyülür.
YASƏMƏN:- Qapıdır...
MƏRYƏM:-Hə, deyəsən həqiqətən qapıdır...
Məryəm gedib qapını açır. ƏRƏSTUN gəlir. Diqqətlə ətrafı nəzərdən keçirir. Əvvəlcə divardan asılmış şəklə , sonra Məryəmə və Yasəmənə baxır. Qadınlar çəkinə-çəkinə,döyükə-döyükə onu süzürlər. Ərəstun əlini sinəsinin üstünə qoyub kədərli halda başını aşağı salır.
ƏRƏSTUN:- Təəssüf... Min təəssüf... Qoruya bilmədik...
YASƏMƏN (çaşqın halda):- Bəlkə mən gedim?
Məryəm əvvəlcə Yasəmənə, sonra Ərəstuna baxır. Bilmir ki, nə cavab versin.
ƏRƏSTUN (Yasəmən):- Getməyiniz məsləhətdir. (Məryəmə). Bəzi detalları dəqiqləşdirmək lazımdır.
MƏRYƏM:-Yaxşı,Yasəmən, get... Sonra görüşüb söhbətləşərik.
YASƏMƏN:- Hələlik... (Müəmmalı tərzdə). Sağ olun...
MƏRYƏM:-Hələlik...
ƏRƏSTUN:-Hələlik...
Yasəmən gedir. Ərəstun fikirli halda yenə şəklə dodaqaltı nəsə mızıldanır.
MƏRYƏM:-Mən sizi eşidirəm.
ƏRƏSTUN:- Mən “Elaynz” şirkətinin yerli nümayəndəsiyəm .
MƏRYƏM (çiynini çəkir):-Heç nə anlamadım.
ƏRƏSTUN:- Şirkətin rəhbərliyi baş verən qəza ilə maraqlanır...
MƏRYƏM:-Qəza ilə maraqlanırlar?..
ƏRƏSTUN:-Daha doğrusu, qəzaya düşənlərin kimliyi ilə...
MƏRYƏM:-Bu, nə üçün lazımdır?..
ƏRƏSTUN:-Sığorta müqaviləsi onların ailəsinə kompensasiya ödəniləcək...
MƏRYƏM:-Kiminlə sığorta müqaviləsi olmalıdır ki?..
ƏRƏSTUN:-Təbii ki, aviasiya şirkəti ilə...
MƏRYƏM:-Bəlkə sığorta şirkəti ilə müqavilə tələb olunur...
ƏRƏSTUN:-Təbii ki, o da tələb olunacaq...
MƏRYƏM:-İndi deyin görüm, siz hansı şirkəti təmsil edirsiniz?..
ƏRƏSTUN:-Hansı?.. Necə yəni hansı şirkəti?..
MƏRYƏM:-Siz aviasiya şirkətinin, yoxsa sığorta şirkətinin nümayəndəsisiniz?..
ƏRƏSTUN:-Doğrusu, siz mənə lap müstəntiq kimi sual verirsiniz...
MƏRYƏM:-Bura baxın!.. Siz kimsiniz və sizə nə lazımdır?..
ƏRƏSTUN:-Mənim kimliyim maraqlandırır sizi? .. Adım Ərəstundur.
MƏRYƏM:-Ərəstun... Hım-m-m...Lap yaxşı... Eşidirəm sizi. Buyurun.
ƏRƏSTUN:-Mikayıl Yusifovun uçduğu təyyarə qəzaya uğrayıb. Siz onun həyat yoldaşısınız, elə deyilmi?..
MƏRYƏM:-Kimin?.. (Pauza). Mikayılın, yoxsa, yoxsa... təyyarənin?...
ƏRƏSTUN:-Mən yumor hissi olan insanları çox sevirəm. Xüsusən qadınları...
MƏRYƏM:-Elə mən də...
ƏRƏSTUN (Məryəmə yaxınlaşır):-Yəqin ki, siz də yumor hissi olan kişiləri sevirsiniz...
MƏRYƏM:-Xeyr! Mən də sizin kimi yumolu qadınları sevirəm.
ƏRƏSTUN:-Təəssüf... (Məryəmlə üz-üzə dayanır). Gərək ki, sizin adınız Məryəmdir. Elə deyilmi?
MƏRYƏM:-Sizinsə adınız Aristoteldir, elə deyilmi?
ƏRƏSTUN:- Hə..Daha doğrusu Ərəstun...Deməli siz mənim adımı bilirsiniz. (Məryəmin əlindən tutur). Hə, yox...Deyəsən adımı mən özüm dedim...Yoxsa siz məni tanıyırsınız?.. Mən məşhur adamam.Yəqin ki, televizorda çox görmüsüz...
MƏRYƏM:-Müğənnisiz?..
ƏRƏSTUN:- Yox... Ekstrasensəm.
MƏRYƏM:-Fala baxansız?...
ƏRƏSTUN:-Ürək oxuyanam...
MƏRYƏM:-Şirkətin falına baxırsınız?
ƏRƏSTUN:-Hansı şirkətin?.. Hə, sığorta, aviakompaniya... Əlbəttə, mən çox vaxt baş verən qəzalar barədə əvvəlcədən xəbər verirəm. (Qadının hər iki əlindən yapışır). İnanırsınız?..
MƏRYƏM:-Nəyə?...Hə, sizin öncəgörməyinizə?...İnanmıram!
ƏRƏSTUN:-Nə üçün?...
MƏRYƏM:-Bax, bu dəqiqə qəza baş verəcək...Amma siz bunu əvvəlcədən proqnozlaşdıra bilməlisiniz...
ƏRƏSTUN:-Nə qəza?... Heç bir qəza baş verməyəcək...
Məryəm əlini geri çəkib qəfildən Ərəstunu şillə ilə vurur. Ərəstun dabanı üstə fırlanıb qapıya doğru qaçır.
MƏRYƏM:-Yəqin ki, belə bir qəzanı siz qətiyyən gözləmirdiniz, eləmi?...
ƏRƏSTUN:-Qətiyyən!..
MƏRYƏM:- Bəs niyə?.. Siz ki, ürəkoxuyansınız... Bəs niyə oxumadınız ürəyimdən keçəni?
ƏRƏSTUN:-Mən qara qutuları oxuya bilmirəm...
MƏRYƏM:-Nə?...
ƏRƏSTUN:-Sizin sinənizdən ürək yox, qara qutu asılıb...
MƏRYƏM:-Deyəsən, başı xarab olanların hamısı axtarıb məni tapır...
ƏRƏSTUN:- Mənim başım yerindədir...
MƏRYƏM:-Yerindədir, amma içi boşdur...
ƏRƏSTUN:- İndi boş qafalara da beyin qoyurlar. Televizora- radioya qulaq asmırsız bəyəm? Bu yaxınlarda alimlər birisinin beynini başqasına köçürüblər. Eşitməmisiniz?..
MƏRYƏM:- Xeyir ola, bu gün hamı beyin köçürməsindən danışır?!.
ƏRƏSTUN:-Adamların köçürülməyən yeri qalmamışdı... Əl çatmayan bircə beyin idi, indi onu da bir başdan başqasına yamamağın yolunu tapıblar...
MƏRYƏM:-Sizin kimisinin beyni kimə gərəkdir ki?
ƏRƏSTUN:- Kiməsə lazım olar bir gün...
MƏRYƏM:-Yaxşı, yaxşı... Boş-boş çərənlədiniz yetər. (Onun üstünə doğru gedir). Gedə bilərsiniz...
ƏRƏSTUN (geri-geri çəkilir):- Oldu...Oldu... Niyə hirslənirsiniz?...Mən gedirəm.
Ərəstun qapıya yaxınlaşır. Kişi gəlir. Onun çiynində çanta var. Əlinə ağ əlcək geyib. Musiqi. Kişi və Ərəstun üz-üzə gəlib xeyli müddət baxışırlar. Ərəstun gedir. Kişi divardan asılmış şəklə baxır. Məryəm təəccüblə Kişini süzür.
MƏRYƏM:-Eşidirəm sizi.
KİŞİ:-Bağışla...Salam...
MƏRYƏM:-Yol azıb gəlmisiniz bura?...
KİŞİ:-Məryəm...
Kişi əllərini kürəyinin arxasında çarpazlayıb gəzişir. Məryəm ehtiyatlı addımlarla onu müşayiət edir . Sonra onlar qarşı- qarşıya dayanırlar.Kişi başını aşağı salır. Həzin musiqi sədası.
MƏRYƏM:-Sizə kim və ya nə lazımdır?..
KİŞİ:-Məryəm, əzizim...
MƏRYƏM (diqqətlə Kişiyə baxır):- Yəqin ki, siz də hansısa şirkətin nümayəndəsisiniz... (Kənara). “Əzizimə” bir bax! Yəqin ki, bu da növbəti giclərdən biridir.
KİŞİ:-Məryəm...
MƏRYƏM (İstehza ilə):- Deyəsən, bu gün havada maqnit qasırğası var.
KİŞİ:-Ola bilər... Amma bunun mənə heç bir dəhli yoxdur.
MƏRYƏM:-Bəlkə də... Mümkünsə gəlişinizin məqsədini açıqlayın...
KİŞİ:-Mən hər şeyi danışacağam, Məryəm...Tələsmə... Məni də tələsdirmə.
MƏRYƏM:-Xahiş edirəm, mənim mənzilimi tərk edəsiniz. Onsuz da əsəblərim pozulub. Bu yandan da siz...
KİŞİ:-Bəlkə məni qovmayasan hələ?...Bir az səbrini bas...
MƏRYƏM (qışqırır):- Bu, nə danışıqdır belə? Siz mənimlə elə danışırsınız ki, elə bil...
KİŞİ:-Elə bil ən yaxın adamınam, eləmi ?... Belə demək istəyirsən?...Bəlkə də elə ən adamın həqiqətən mənəm, Məryəm...
MƏRYƏM:-Çıxın...Xahiş edirəm... Onsuz da mənim son günlərim müsibətlərlə dolu olub..
KİŞİ:-Mən səni yaxşı başa düşürəm, əzizim. Sən həqiqətən dünyanın ən vəfalı qadınısan. (Şəklə baxır). Sən onu- öz ərini həmişə ürəkdən sevmisən. Yenə də sevirsən... Amma görünür, sevmək üçün təkçə ürək kifayət deyilmiş, Məryəm...
MƏRYƏM:-Sizə nə lazımdır?.. Siz... Siz... Xəstə deyilsiniz ki?..
KİŞİ:-Artıq xəstəlik arxada qalıb... Amma nə olsun ki, ən böyük xəstəlik hələ irəlidədir... Məryəm, sən bəlkə də qorxuya düşəcəksən... Xahiş edirəm özünü ələ al, əzizim. Görünür bu dünya möcüzələrdən xali deyilmiş... Ax-x, Məryəm... Mənə elə baxma... Heç özüm də bilmirəm ki, sənə necə izah edim. Həyəcanlanma... Qorxmaq da lazım deyil. Mən Mikayılam, Məryəm!.. (Qışqırır). Mən Mikayılam, Mikayıl!.. Sənin bədbəxt ərin!...Of-f-f!..
MƏRYƏM:- Nə?..Nə?..
Məryəm əlini ürəyinin üstünə qoyub kresloya çökür. Kişi onun biləyindən tutub sanki nəbzini yoxlayır. Musiqi.
KİŞİ:-Aç gözlərini, əzizim. Axı, mən sənə xəbərdarlıq elədim. Mən nə edə bilərəm, Məryəm?... Gec- tez sən bunu bilməli idin... Neçə gündür ki, əzab içində qovruluram. Elə bilirsən mənimçün asandır bu faciəni yaşamaq?... Bəlkə də ölsəm bundan yaxşı olardı. Amma neyləyim ki, məni ölməyə qoymadılar?...
MƏRYƏM (gözlərini açır, asta-asta ayağa durur):- Bura baxın... Sizə nə lazımdır? Bəlkə mənim ürəyimi partlatmaq istəyirsiniz?
KİŞİ:- Qulaq as, Məryəm. Biz taleyin bu amansız zarafatı ilə istər-istəməz barışmalıyıq. Qulaq as... O vaxt evdən çıxanda sən mənim arxamca su atdın. Bax, orada-qapı ağzında. Bu, bizim sonuncu görüşümüz oldu... (Pauza). Mən uçan təyyarə yerə enəndə qəzaya uğradı... Mən indi heç nə xatırlamıram... Gözlərimi xəstəxanada açdım... Öz bədənim, öz əl-ayağım özümə yad göründü... Həkimlər tərcüməçilər vasitəsi ilə məni inandırmağa çalışırdılar ki, qəzaya düşəndən sonra bədənimdə bəzi plastik əməliyyatlar aparıblar... Mənə hətta uzun müddət güzgüyə baxmaq da qadağan olundu. Deyirlər ki, sifətim dəyişib, özüm-özümü görsəm, psixoloji sarsıntı keçirə bilərəm... (Pauza). Hə, eşidirsən, Məryəm?.. Mən sənə gərək həqiqəti deyəm. Başqa əlac yoxdur. Nəhayət, müalicə başa çatdı. Sonra uzun müddət mənim psixoloji rebalitasiyamla məşğul oldular. Mənə əzalarımın, sir-sifətimin dəyişdiyini deyir, ürəkli olmağı, sarsılmamağı təlqin edirdilər... Axır ki, günlərin bir günü özüm-özümü gördüm: güzgüdən mənə yad bir adam baxırdı. Əslində bu adam mənə qismən tanış idi: biz onunla eyni təyyarədə iki sutkaya yaxın uzun bir yol qət eləmişdik. O, biznesmen idi. Adıda Mixail... İndi güzgüdəki adam Mixail idi... Mən qorxuya düşdüm, dəhşətə gəldim. İnsan yatır, durur və ozünü tapa bilmir... Həkimlər mənə izah etdilər ki, qəza zamanı mənim bədənim şil-küt olub sıradan çıxıbmış, təkcə beynim salamat qalıbmış; Mixailin bədəni sağ qalıbmış, beyni ölübmüş. Mənim beynimi Mixailin bədəninə köçürüblər. (Pauza. Musiqi). Mən öz faciəmdən xəbər tutanda sarsıldım, həkimlərin üstünə hücum çəkdim. Dedim ki, mən ölsəydim bundan min dəfə yaxşı idi... Bu nə eksperimentdir, bu nə bəladır mənim başıma açmısınız?.. Onlar mənə təlqin etmək istəyirdilər ki, bu, o qədər də böyük faciə deyil: güya bədən paltar kimi bir şeydir, onu geyinmək də olar, soyunmaq da... Bax, beləcə mənim beynimə başqa bir “paltar”, yəni yad bir bədən geyindirdilər... Və günlərin bir günü mən xəstəxanadan qaçıb yola düzəldim... (Pauza). Min bir müsibətlə gəlib çıxmışam öz evimə... Düzdür, arabir öz-özümə qəsd etmək keçir ürəyimdən. Amma bacarmıram. Bəlkə də sinəmdəki ürək özümünki olsaydı bacarardım bunu Di gəl ki, bacarmıram. Axı, bu mənim öz ürəyim deyil. (Əlini sinəsinə qoyur). Bu bədəndə heç nə mənimki deyil. Təkçə beyindən savayı... Lap fantastik filmlərə bənzəyir mənim başıma gələnlər. Güzgüyə baxmağa da qorxuram: oradan mənə başqa bir adam baxır... İndi bilmirəm mən kiməm: Mikayıl Yusifov, yoxsa Mixail Yusupov? Çaş- baş qalmışam... Bax, mənim sənə demək istədiklərim bunlar idi, Məryəm... İndi son qərar sənindir...
Məryəm geri-geri çəkilib diqqətlə divardakı şəklə və Kişiyə baxır. Hıçqırır.
MƏRYƏM:-Bu, nə oyundur çıxarırsınız?..
KİŞİ:-Nəyə istəsəniz and içərəm ki, mən Mikayılam...
MƏRYƏM:-Mikayıla bir bax!.. (Diqqətlə Kişini süzür). Paho!..
KİŞİ:-Sən mənim sifətimə niyə baxırsan?.. Mən Mikayılam... Bilmirəm sənə necə izah edim ... Bilmirəm...
MƏRYƏM:- Lap tutaq ki, həqiqətən, özünüz dediyiniz kimi, siz Mikayılsınız... İndi kimdir beyinə-başa baxan?.. Hətta, bu gün mən sizi qəbul etsəm də, sabah hamı məni ələ salacaq... Elə lap birinci sizin öz qohumlarınız... Hamısı danışacaq ki, Məryəm hansısa kişiyə ərə gedib, özü də deyir ki, bunun içi Mikayıldır, çölü Mixayıl... Yox, əzizim... Mən sizin arvadınız deyiləm. Yaxşısı budur siz öz arvadınızın yanına gedəsiniz... Mənə bu cür maskarad, bu cür ər lazım deyil...
KİŞİ:-Bəs mən nə neyləyim?..
MƏRYƏM:-Bilmirəm... Hər halda siz bu saat Mixayıl Yusupovsunuz. Hətta, özünüzün... daha doğrusu, beyninizin mənim mərhum ərim Mikayıla məxsus olduğunu iddia etsəniz də...
KİŞİ:-Məryəm, qulaq as, mən heç nəyə iddia etmirəm. Mən həqiqəti deyirəm sənə: mən Mikayılam... Bax o sənin cehiz gətirdiyin bufetdir. (Əli ilə göstərir). Orada-balkondakı paltaryuyan maşını biz kreditə almışıq. Əvvəlcə yataq otağımız kiçik idi, sonra köçdük böyük otağa. Mən bu son səfərə uçmazdan bir həftə qabaq mübahisəmiz olmuşdu, xatırlayırsanmı? Guya məni hansı qadınınsa evindən çıxanda görüblər. Mən səni o vaxt acıladım... Amma elə həmin gecə barışdıq. Sən onda o zərif üzünü mənim üzümə qoyaraq nə dedin?.. (Səsini dəyişir). “Bağışla, Mikayıl, mənim cəngavərim!” Bax, indi sənin cəngavərin bu sir-sifətdə qayıdıb gəlib. İndi mən nə edim?
MƏRYƏM:-Gedə bilərsiniz, əziz qonaq...
Musiqi. Onlar uzun müddət bir-birilərinə baxır. Məryam hıçqırır. Yasəmən gəlir, Kişini görüb duruxur.
YASƏMƏN:-Mən gəldim ki... Ah, bağışlayın... Bayaq ki, tip getdi?..
Kişi və Məryam təəccüblə Yasəmənə baxırlar.
KİŞİ:-Hansı tip?.. hə... Bayaqkı... Doğrudan o, kim idi elə?..
MƏRYƏM:-Mən artıq kimin kim olduğunu təyin edə bilmirəm.
YASƏMƏN:-O, fırıldaqçının biridir.
MƏRYƏM:-Kim?..
YASƏMƏN:-Ərəstun...
MƏRYƏM:-Onun mənə nə dəxli?..
YASƏMƏN:-Yaxşı, bağışlayın... (Onlara baxıb gülümsəyir)... Deyəsən, mane oldum... İcazə verin mən gedim.
Yasəmən gedir.
MƏRYƏM:-Guya gələndə icazə istəmişdi, indi də getməyinə icazə istəyir... (Əsəbi şəkildə vurnuxur, var-gəl edir). Yox, deyəsən mən ya yuxu görürəm, ya da ağlımı itirmişəm. (Kişiyə). Siz hələ buradasınız?..
Musiqi. Kişi tərəddüdlə gedir. Məryəm divardan asılmış şəklə baxıb fikirə gedir. İşıq sönür.
İşıq yananda Mariyanın mənzili görünür; bu, eyzən Məryəmin mənzilinə bənzəyir. Divardan Kişinin şəkli asılıb. Mariya şəklə baxır. Zəng. Yasəmən gəlir. Diqqətlə Mariyanı süzür.
YASƏMƏN:-Deyəsən tanımadın, hə?..
MARIYA (diqqətlə onu süzür). Doğrusu, tanımadım...
YASƏMƏN:-Mən Jasmenm, Mariya... Tanıdın?..
MARIYA:--Jasmen?.. hansı Jasmen?..
YASƏMƏN:- Sənin Jasmen adlı tanışların çoxdur bəyəm?..
MARIYA:-Xatırlaya bilmirəm nəsə... Birdə ki, indi az qala öz adımı da unutmuşam, Jasmen ...
YASƏMƏN:-Əlbəttə, mən səni yaxşı başa düşürəm, Mariya ... Bu cür dərdə tab gətirmək hər adamın işi deyil.
MARIYA:-Elədir... Demək sən də mənim başıma gələn müsibətdən xəbərdarsan...
YASƏMƏN:- Əlbəttə... İndi bunu az qala hamı bilir...
MARIYA:-Unutmuşam... Eh, uşaqlıq... Doğrusu, mən çox şeyi yaddan çıxarmışam.
YASƏMƏN:-Amma mən səni o dəqiqə tanıdım. O qədər də dəyişməmisən...
MARIYA:-Dəyişməmişəm?.. (Pauza). Məni sonuncu dəfə nə vaxt görmüsən?..
YASƏMƏN:-Elə o vaxt bağçada gördüyümdü... Düzdür, sonralar bir-iki dəfə təsadüfən rastlaşmışıq... Amma nədənsə yaxınlaşmağa cürət etməmişəm.
MARIYA:-Nə üçün yaxınlaşmamısan?.. Yəni mən o qədər qorxuncam?..
YASƏMƏN:-Yox... Sadəcə olaraq, mənim təbiətim elədir ki, adlı-sanlı adamlarla təmasda olmağa o qədər də can atmıram...
MARIYA:-Mən qətiyyən adlı-sanlı adam deyiləm. Sadə bir həyat yaşayıram...
YASƏMƏN:-Amma nədənsə mənə həmişə elə gəlib ki, səninlə ümumi dil tapmaq çətindir.
MARIYA:- Özüm haqqında qəribə şeylər eşidirəm. Hər halda mən özümü təkəbbürlü qadın hesab etmirəm. Yaxşı, bəs indi sən nə əcəb bu cür adamayovuşmaz qadını axtarıb tapmısan?
YASƏMƏN:-Sənin başına gələn faciəni eşidib sarsıldım... Gəldim ki, dərdinə şərik olum... Sən hələ yaşamalısan... Ölənlə ölmək olmaz ki, Mariya...
MARIYA:-Yox, Jasmen... Açığı, ta bu həyatın, bu dünyanın mənim üçün heç bir mənası qalmayıb. Sadəcə olaraq, günlərimi sayıram. Mixayıldan sonra mənimçün yaşamağın bir mənası qalmayıb.
YASƏMƏN:-Mariya, əzizim, gərək adam özü özünü yıxılmağa qoymasın. İçi sınan adamın ayağa durması çətin məsələdir...
MARIYA:-Elə işdə orasındadır ki, mənim içim çilik-çilikdir.
YASƏMƏN:-Sən bu cür faciəni yaşayan nə birinci adamsan nə də sonuncu.
MARIYA:-Elədir... Amma eyni müsibəti hamı eyni cür yaşamır ki...
YASƏMƏN (Divardan asılmış şəklə baxır):- Bax, Mikayılın arvadı da sənin kimi gecə-gündüz ağlayır... Amma nə olsun ki?
MARIYA:-Mikayıl kimdir?..
YASƏMƏN:-Mikayıl Yusifovu deyirəm. O da Mixayıl olan təyyarədə imiş...
MARIYA:-Hə, hə, bildim kimi deyirsən... Heç huşum qalıb ki?.. O bədbəxt qadın neyləyir görəsən?..
YASƏMƏN:-Sən demə, o, mənim qonşum imiş. Təyyarə qəzaya düşən günü bilmişəm bunu.
MARIYA:-O qadının adı nədir?..
YASƏMƏN:-Məryəm... Məryəm Yusifova... Yar-yaraşıqlı, boy-buxunlu bir qadındır. Sağlıq olsun, bir gün tanış eləyərəm sizi... O da yaman dərd çəkir sənin kimi... O günləri dükanda rastlaşdıq. Xeyli ürək-dirək verdim, dedim ki, Məryəm, ölənlə ölmək olmaz ki... Gördüm bir az dirçələn kimi oldu.
MARIYA:-Allah sənin köməyin olsun, xoşbəxt olasan, Jasmen... Bəs sən harada , işləyirsən, nəylə məşğulsan?
YASƏMƏN:-Qəzetdə müxbirəm.
MARIYA:-İndi qəzetlərdə maraqlı bir şey olur ki?
YASƏMƏN:-Çalışırıq ki, oxunaqlı məlumatlar dərc edək.
MARIYA:-Maraqlı məlumat? Məsələn, nə?..
YASƏMƏN:-Məsələn... (Pauza). Bu günlərdə qəribə bir informasiya verdik, oxucular şoka düşdü... Bəlkə də eşitmiş olarsan. Xəstəxanaların birində qeyri-adi bir əməliyyat ediblər: bir nəfərin beynini başqasına köçürüblər.
MARIYA:-Bu məlumatı mən də eşitmişəm... Amma inanmağım gəlmir.
YASƏMƏN:-Niyə ki?.. Əvvəllər ürək köçürülməsinə də inanmırdılar. Ancaq indi...
MARIYA:-Ürək ayrı, beyin ayrı...
YASƏMƏN:-Hə, nə isə, bax biz bu cür şok-xəbərlər yazıb birtəhər dolanırıq...
MARIYA:-Hə, sizin də işiniz yüngül deyil... Elədir... İndi yüngül iş var ki?..
YASƏMƏN:- Elədir... İndi yüngül iş var ki?..
MARIYA:-Of-f-f... Ürəyim sinəmə sığmır... Yox, daha dözə bilmirəm...
YASƏMƏN:-Səbrli olmaq lazımdır, Mariya...
MARIYA:-Eh, səbr qalıb ki, səbrli də olam? Bax, sən deyirsən ki, mən bu cür müsibətə düçar olan nə birinci, nə də sonuncu adamam... Elədir. (Pauza). Amma bu faciə niyə məhz mənim başıma gəlməli idi? Niyə? Bəlkə də günahkar elə mən özüməm? Yəqin soruşacaqsan ki, nə üçün belə düşünürəm? Doğrusu... heç bilmirəm sənə nə cür izah edim?.. Məsələ burasındadır ki, Mişa o tədbirə getmək istəmirdi. Elə bil ürəyinə nəsə danmışdı. Onu mən dilə tutdum. (Divardan asılmış şəklə baxır). Dedim ki, mütləq getməlisən! Beynəlxalq biznes seminarı keçirilirdi. O, mənim sözümdən çıxmadı. (Kövrəlir). Biz qadınlar şöhrətpərəstik, Yasəmən! O, getdi... (Pauza). Elə həmin gün eşitdim ki, təyyarə qəzası baş verib... Ürəyimə damdı ki, bu, Mişa uçan təyyarə olacaq... Ağlıma gələn-başıma gəldi: təyyarə yerə enərkən... (Ağlayır). Qalanını özün bilirsən... İndi bunu bütün dünya bilir.
YASƏMƏN:-Deyirlər sağ qalanlar da olub...
MARIYA:-Deyirlər...Deyirlər... Nə olsun ki, deyirlər?.. Qəzetlər həlak olanların siyahısını vermişdilər... (Divardan asılmış şəklin önündə dayanır). İndi mən nə edim, Mişa?.. Lap başımı itirmişəm...
YASƏMƏN:-Qəzadan sağ çıxanlar olbmu, Mariya?..
MARIYA:-Deyilənə görə təyyarə meydançaya enəndə motor sıradan çıxıb. Mən də hamı kimi televizordan, qəzetdən məlumat aldım. Dedilər ki, sərnişinlər həlak olub. Deyəsən, təkcə ekipaj üzvlərindən sağ qalan olub. Onlar da ölümcül vəziyyətdədir... Mişa isə ekipaj üzvü deyildi. O, biznesmen idi...
YASƏMƏN:-Bilirəm... Mən onu həmişə yolda-izdə görəndə tanışlarıma deyirdim ki, bax bu, mənim uşaqlıq rəfiqəmin əridir...
MARIYA:-Eh... Mişa... Mişa... Yaxşı, Jasmen, de görüm ailə qurmusan?..
YASƏMƏN:-Yox... Daha doğrusu alınmadı....
MARIYA:-Alınmadı?..
YASƏMƏN:-Hə... Tez ayrıldıq... Nəsə mənim də taleyim gətirmədi... Amma bunu özümə faciə hesab etmirəm. Bu, həyatdır. Onun şirini də olur, acısı da...
MARIYA:-Elədir... Bu, həyatdır... (Şəklin önündə dayanır). Of-f... Mişa... Mən həyatın əsl üzünü indi-indi görməyə başlamışam.
Qapı döyülür.
YASƏMƏN:-Deyəsən, qapı döyülür...
MARIYA:-Nəsə eşitmirəm...
Qapı yenə döyülür.
YASƏMƏN:-Qapıdır...
MARIYA:-Hə, deyəsən həqiqətən qapıdır...
Mariya gedib qapını açır. Ərəstun gəlir. Diqqətlə ətrafı nəzərdən keçirir. Əvvəlcə divardan asılmış şəklə, sonra Mariya və Yasəmənə baxır. Qadınlar çəkinə-çəkinə, döyükə-döyükə onu süzürlər. Ərəstün əlini sinəsinin üstünə qoyub kədərli halda başını aşağı salır.
ƏRƏSTUN:-Təəssüf ... Qoruya bilmədik...
YASƏMƏN (Çaşqın halda). Bəlkə mən gedim?
Mariya əvvəlcə Yasəmənə, sonra Ərəstuna baxır. Bilmir ki, nə cavab versin.
ƏRƏSTUN (Yasəmən):- Getməyiniz məsləhətdir. (Mariyaya). Bəzi detalları dəqiqləşdirmək lazımdır.
MARİYA:- Yaxşı, Jasmen... get... Sonra görüşüb söhbətləşərik.
YASƏMƏN:-Hələlik... (Müəmmalı tərzdə). Sağ olun...
MARİYA:- Hələlik...
ƏRƏSTUN:- Hələlik...
Yasəmən gedir. Ərəstun fikirli halda yenə şəklə baxaraq dodaqaltı nəsə mızıldanır.
MARİYA:- Mən sizi eşidirəm.
ƏRƏSTUN:- Mən “Elaynz” şirkətinin yerli nümayəndəsiyəm .
Musiqi. Ərəstun əl-qolu ilə Mariyaya neysə izah edir. Qadın onu dinləyir. Ərəstun qadına yaxınlaşır, əvvəlcə onun bir əlindən, sonra iki əlindən yapışır.Mariya əlini geri çəkib qəfildən Ərəstunu şillə ilə vurur. Ərəstun dabanı üstə fırlanıb qapıya doğru qaçır. Bu zaman Kişi əzəlki geyimində gəlir. Ərəstun Kişini görüb diksinir və cəld çıxıb gedir. Mariya sanki yerində donur. Heyrətlə Kişiyə baxır. Sonda özünü onun üstünə atıb hönkürür.
MARİYA:- Mişa, əzizim!.. Mixayıl!..Mənim əzizim! Ruhum, həyatım!..
KİŞİ:-Necəsən, mənim mələyim?..
MARİYA:- Heç inanmağım gəlmir. Axı, sənin barəndə burada tamam özgə məlumat çatdırmışdılar.
KİŞİ:-Eh, Mariya... Çıxmayan cana ümid çoxdur...
MARİYA:- Mən necə də xoşbəxtəm, Mişa! Amma elə bil səsin xırıldayır bir az...
KİŞİ:-Ola bilər... Ötüb keçər yəqin...
MARİYA:- Əlbəttə, səs-zad boş şeydir... Əsas məsələ odur ki, sağ qalmısan, ayaq üstəsən... O boyda qəzadan çıxmısan zarafat deyil ki...
KİŞİ:-Elədir... (Əli ilə başını tutur). Of-f-f... Başım yaman ağrıyır.
MARİYA:- Mişa, yol gəlmisən... (Onu öpür). Yorğunsan yəqin... İstəyirsən keç öz otağına yat dincəl bir az...
KİŞİ:-Eybi yoxdur... Sonra...
MARİYA:- Ay Allah, mən bu gün dünyanın ən bəxtəvər qadınıyam. (Onu oxşayır). Bu səhər Valya zəng vurmuşdu... Dedi Mixaylı yuxuda görmüşəm. Gərək ona sənin adından əla bir hədiyyə alam!.. İki gündən sonra isə Volodyanın toyudur. Onun xahişi yadındadır yəqin... Bilirsən sənin üçün ən çox dərd çəkən kim olub: Yuri Vasilyeviç! O, qızıl adammış, Mişa!.. Sənin gəlişini eşidib necə sevinəcək! O günləri telefonda ağlaya-ağlaya deyirdi ki, Mixailin xahişini yerinə yetirmişəm. O, hansı xahişdir elə?..
KİŞİ (Çiynini çəkib duruxur). Nəsə xatırlamıram...
MARİYA:- Mişa! Mənim sevincim, mənim sevgim!.. (Onu qucaqlayır). Baxıram, yaman sınıxmısan. Əlbəttə, eybi yoxdur. Mən səni necə lazımdır yemləyəcəyəm... Yenə ətə-qana gələcəksən... Hə, sənə bir xəbər də verim: Yuri Vasilyeviçin oğlu gəldi... Düz iki ildən sonra. Təbrik edərsən.
KİŞİ:-Əlbəttə... Zəng çalaram... Şərəfli borcunu yerinə yetirib.
MARİYA:- Hə? Şərəfli borc?..
KİŞİ:-Onun oğlu əsgərlikdə deyildi?
MARİYA:- Yox, Mişa. Nə əsgərlik?.. Onu tutmuşdular, türmədə idi... (Unutmusan bəyəm?). Valyanın qızının da başına iş gəldi...
KİŞİ:-Hansı qızının?..
MARİYA:- Necə yəni “Hansı qızının” ? Valyanın cəmi-cümlətanı bir qızı vardı...
KİŞİ:-Hə... Yadıma düşdü...
MARİYA:- Mişa... Bəlkə də heç indi bu cür söhbətin yeri deyil, amma gərək soruşam: o krediti ödəyə biləcəksən?..
KİŞİ:-Hansı krediti?..
MARİYA:- Bankdan maraqlanırdılar... (Kənara çəkilib diqqətlə onu süzür).
KİŞİ:-Hım-m... Baxarıq...
Telefon zəngi. Mariya dəstəyi götürür.
MARİYA:- Alo!.. Salam, Yuri Vasilyeviç!.. Necəsiniz!.. Ürəyiniz möhkəmdirmi? (Pauza). Onda sizə bir şad xəbər verim! Mişa gəlib!.. Necə yəni hansı Mişa?.. Mənim Mixailim! Əlbəttə, yanımdadır! İnanmırsan!.. İndi özü danışar sizinlə. (Kişiyə). Gəl, dəstəyi götür. Yuri Vasilyeviçdir!..
KİŞİ (dəstəyi könülsüz götürərək):- Bəli! Salam, Yuri Vasilyeviç! Təşəkkür edirəm!.. Sağ olun! Kimi görmüsüz?.. (Pauza). Nə? (Mariyaya). Nadejda Aleksandrovna kimdir?..
MARİYA:- Necə yəni kimdir?.. Sən öz bacını tanımırsan?..
KİŞİ (dəstəyə):- Hə, hə, mənim bacımı deyirsiniz?.. Sağ olun. Kim?.. Vanya dayı?.. O, kimdir elə?.. Hə?.. (Pauza). Kim?.. (Mariyaya). Kimdir Vanya dayı?..
MARİYA:- Mişa, sənə nə olub?.. Bəyəm qonşumuzu unutmusan?..
KİŞİ (dəstəyə):- Hə, qonşumuzu deyirsiz yəqin. Mənim maşınım?.. (Mariyaya). Mənim maşınım hansı rəngdədir?..
MARİYA (gülür):- Ağ rəngdədir?..
KİŞİ (dəstəyə):-Hə... Ağdır, ağ... (Mariyaya). Maşının nömrəsi neçədir?..
MARİYA (Hirsli):- Bilmirəm...
KİŞİ (dəstəyə):- Bilmirəm... Unutmuşam... Hə?.. (Mariyaya). Biz neçə ildir bu evə köçmüşük?..
MARİYA (diqqətlə Kişiyə baxaraq):- İl? İl nədir? Cəmi səkkiz aydır!..
KİŞİ (dəstəyə):- Cəmi səkkiz aydır buraya köçdüyümüz. (Pauza). Bilmirəm... Onu da deyə bilmərəm. Mənim əvvəlki arvadım?.. (Mariyaya). Bu, nə deyir?... Hansı arvadım soruşur məni? Məryəm?.. Alçaq qadın!..
MARİYA:-Sənin Ninadan başqa arvadın da olub?
KİŞİ (Mariyaya):- Yox... Olmayıb...
MARİYA:- Bəs Məryəm kimdir?..
KİŞİ (hirslə dəstəyi çırpır):- Mariya!..
MARİYA:-Mşa, Mixail... Əzizim, nə olub sənə?..
KİŞİ:-Mənə?.. Mən Mixail deyiləm...
MARİYA:-Özünü pis hiss edirsən?.. Bəlkə Fedyanı çağırım?.. Tanıyırsan onu?..
KİŞİ:-Yox... Fedyanı da tanımıram...
MARİYA:-Elə isə Nadyanı çağırım...
KİŞİ:-O, kimdir elə?..
MARİYA:-Dost-doğma bacını da tanımırsan?.. Axı, indicə...
KİŞİ:-Tanımıram, Mariya... Mən sənin tanıdığın adamların heç birini tanımıram... Elə mənim tanıdıqlarımı da sən tanımırsan... Mən Mişa deyiləm... Doğru sözümdür. Mən zarafat etmirəm...
MARİYA:-Bəlkə keçib dincələsən öz otağında...
KİŞİ:-Mən öz otağımı da tanımıram...
MARİYA:-Məni necə, tanıyırsanmı, Mişa?..
KİŞİ:-Yox... Doğrusu, heç səni də tanımıram... Həqiqətən...
MARİYA:-Mən görürəm ki, sən həqiqəti deyirsən... Zarafat etmirsən... Amma heç nə başa düşmürəm...
KİŞİ:-Mən görürəm ki, sən xeyirxah qadınsan, Mariya... Amma həqiqət gec-tez faş olmalıdır... Mən... Mən həqiqətən heç də sənin tanıdığın Mixail deyiləm...
MARİYA (dəlicəsinə gülür):- Xa-xa-xa!.. Bəs elə isə sən kimsən, əzizim?..
KİŞİ:-Mən yalnız zahirən Mixailəm...
MARİYA:-Necə yəni “zahirən”? .. Bağışla məni, onda sən daxilən kimsən?..
KİŞİ:-Mən daxilən başqa adamam... Sənin tanımadığın yad bir adam... Onsuz da sən gec-tez bunu biləcəkdin... Mənsə qətiyyən başqa rolda çıxış edə bilmirəm. Gərək həqiqəti vaxtında deyəsən...
MARİYA:-Əgər mən bir şey qandımsa, Allah mənə lənət eləsin!.. Necə yəni sən Mixail deyilsən?.. (Əli ilə onun üz-gözünü sığllayır). Bəs kimsən onda?.. (Gülür). Bəlkə doğrudan daxilən ayrı adamsan?..
KİŞİ:-Elədir! Nə qədər gülməli də olsa mən daxilən Mixail yox, Mikayılam...
MARİYA:-Mikayıl?.. Bəs eləsə mənim ərim Mixail haradadır?.. Bəlkə sən onun sir-sifətini oğurlamısan?.. Sən şarlatansan, fırıldaqçısan, şeytansan, rəmmalsan bəlkə?..
KİŞİ:-Qulaq as, qoy hər şeyi olduğu kimi, yerli-yataqlı danışım. Əlbəttə, əgər istəsən...
Musiqi sədası tədricən artır; göy gurultusu, təyyarə uğultusu eşidilir. Kişi mimika və jestlərlə nəyisə izah edir; hiss olunur ki, o qəzaya düşdüyü, cərrahiyyə əməliyyatına məruz qaldığını başa salır. Kişi öz şəklinin önündə dayanıb əlini gah başına, gah sinəsinin üstünə qoyur, hiddətlənir, ağlayır. Nəhayət, musiqi qəfildən kəsir.
MARİYA:-Hım-m-m... Belə-belə işlər... Bu gün çox qəribə gündür. Mən səndən o dəqiqə şübhələndim... Adi şeyləri bilməyib gözünü döyəndə bildim ki, burada nəsə bir sirr var.Yuri Vasilyoviçlə danışanda isə lap sarsıldım...Ürəyimə nəsə damdı... Deməli, qazetlərin yazdığı o mutant sən imişsən... İçin bir adama, üzünsə başqasına məxsusdur. Amma, hər halda, əgər sənin dediklərin həqiqətdirsə, o Mikayıl deyilən şəxs vicdanlı adam imiş; çünki sən həqiqəti danışdın... Sənə məsləhətim budur: get, hər şeyi Mikayılın arvadına olduğu kimi danış. O, ağıllı qadın olsa, səni qəbul edər. Axı, sən onun ərisən...
KİŞİ:- Mən getmişdim. Məryəm məni qəbul etmədi... Mənim arvadım, daha doğrusu, Mikayıl Yusifovun arvadı...
MARİYA:-Mənim Mikayıl Yusifov adlı ərim yoxdur; mənim ərim Mixail Aleksandroviç Yusupovdur, əziz qonaq?..
KİŞİ:-Yaxşı, bəs indi mən nə edim?..
MARİYA:-Təəssüf ki, mən sizə heç nə ilə kömək edə bilmərəm...
Kişi çantasını götürüb qapıya yaxınlaşır.Musiqi. Yasəmən gəlir.Kişi ani olaraq ayaq saxlayir sonra sürətlə qapıdan çıxır.
HƏYAT və ya TILSIM
Böyük zal. Musiqi. Adamlar-kişi və qadınlardan ibarət cütlüklər rəqs edir. Ərəstun yeməkxana işçisi (ofisiant) geyimində-ağ kalpak və xalatda gəzişir. Yasəmən gəlir. Keçib boş stollardan birinin arxasında əyləşir Ərəstun ona yaxınlaşır. Musiqi yavaşıyır, tədricən eşidilməz olur. Rəqs davam edir.
ƏRƏSTUN: -Buyurun, eşidirəm. Sifarişinizi deyin?..
YASƏMƏN:- Kofe gətirin... (Siqaret çıxarıb irəli uzadır, Ərəstun onun siqaretini alışqanla yandırır). Sağ olun! (Qadın qəfildən diksinir). Bu sənsən?.. Məni nə vaxtadək izləyəcəksən? Xahiş edirəm, rahat burax məni...
ƏRƏSTUN: -Az qala tanımayacaqdım... Hə, de görüm necəsən? Əvvəla, səni görməyimə çox şadam ikincisi də, hələ bilmək olmaz kim kimi izləyir.
YASƏMƏN:- Yox bir, bəlkə mən səni izləyirəm?..
ƏRƏSTUN: -Hər şey ola bilər...
YASƏMƏN:- Bu, ola bilməz... Çünki mən hansı tanışımın evinə gedirəmsə dabanbasaraq sən də orada zühur edirsən...
ƏRƏSTUN: -Nə olsun ki? (Gülür). Mən də hansı tanışımın evinə gedirəm, qəribə bir tip dabanbasaraq özünü ora çatdırır. Mənə elə gəlir ki, sənin xəfiyyən məni izləyir.
YASƏMƏN:- Sən kimə deyirsən?..
ƏRƏSTUN:- O çiyni sumkalını, ağ əlcəklini deyirəm. Əməlli-başlı xarabdır onun...
YASƏMƏN:- Haradan bilirsən?..
ƏRƏSTUN: -Nəyi?.. Onun başının xarablığını?.. Çünki o, tez-tez baş çəkir bura.
YASƏMƏN:- Doğrudan?..
ƏRƏSTUN:- Mənim səninlə zarafatım var?.. Bax, gəlir, keçir ora... Əyləşir, bir fincan çay sifarişi verir, mən artıq onun menyusuna bələdəm, sonra əlini söykəyir, alnına (göstərir), bax belə, lal-dinməz donub qalır. Ürəyimdə öz-özümə deyirəm ki, şükür heyvanına, xudaya, bu da adamdır bəyəm?!.
YASƏMƏN:- Sən özün bir adamsan ki, hələ başqasına da lağ eləyirsən?.. Bəlkə o, doğrudan səni izləyir?..
ƏRƏSTUN:-Yox əşi! Bayaq zarafat elədim. Əvvəlcə, elə bildim doğrudan məni izləyir: çünki mən hara gedirdim o da oraya dürtülürdü. Sonra baxıb gördüm yox, dostum heç mənim üzümə də baxmır, öz aləmindədir.
YASƏMƏN:- Bəs sənin nə itin azıb tanımadığın qadınların evlərində? Utanmırsan?..
ƏRƏSTUN (gülür):- Gözəl və dul qadınlarla tanış olmaq mənim borcumdur. Yox, ürəyinə başqa fikir gəlməsin... Mən sadəcə olaraq onları buraya-bu göydələnə, öz şirkətimizin ofisinə cəlb edirəm...
YASƏMƏN:- O nə şirkətdir elə?..
ƏRƏSTUN: -Sən özün çoxdan o şirkətin üzvüsən. (Gülür). Əlbəttə, bunu heç özün də bilmirsən hələ. Unutma ki, bura gələn qadınların elə hamısı bizim şirkətə işləyir.
YASƏMƏN:- Elə isə ta mən bu tərəfə üz tutan deyiləm.
ƏRƏSTUN: -Gələcəksən. Bu, təkcə səndən asılı deyil ki...
YASƏMƏN:-Bəs kimdən asılıdır?..
ƏRƏSTUN: -Bu, sirdir. Sirri isə açmazlar...
YASƏMƏN:-Elə isə... Mən getdim...
ƏRƏSTUN: -Özün bilərsən.
Yasəmən durub getmək istəyir. Bu vaxt Kişi gəlir; sakitcə keçib stol arxasında əyləşir. Yasəmən Kişini görüb ayaq saxlayır. əlindəki siqareti külqabıya basıb nazlana-nazlana Kişiyə yaxınlaşır. Ərəstun gedir.
YASƏMƏN:- Salam...
KİŞİ (diksinir):- Hə, salam...
YASƏMƏN:- Deyəsən, tanımadız məni...
KİŞİ:-Yox...
YASƏMƏN:- Bir-iki dəfə rastlaşmışıq... (Pauza). Məryəmgildə, sonra Mariyagildə... Bəlkə də unutmusuz...
KİŞİ:-Hə, hə, xatırladım. Bağışlayın. Son vaxtlar unutqan olmuşam... Deməli, artıq biz sizinlə tanışıq.
YASƏMƏN:- Bəli...
KİŞİ (gülür):- Siz təsadüfən məni izləmirsiz ki?..
YASƏMƏN (gülür):- Hər şey ola bilər... Sizin kimi yaraşıqlı, boy-buxunlu bir kişini nə üçün də izləməliyəm?..
KİŞİ:-Komplimenti, hətta, kişilər də xoşlayırlar.
YASƏMƏN:- Mən qətiyyən kompliment demirəm. Siz istənilən qadının ürəyini fəth edə bilərsiniz...
KİŞİ:-Bu, lap ağ oldu ki...
YASƏMƏN:- Biz qadınlar bəzən ürəyimizdən keçənləri gizlədirik. Nə üçün? Mən özlüyümdə sizi ideal bir kişi hesab edirəm. Qoy bəziləri mənimlə heç razılaşmasınlar. Eyb etməz...
KİŞİ:-Siz harada işləyirsiniz?..
YASƏMƏN:- Qəzetdə çalışıram.
KİŞİ (ayağa durub xeyli gəzişir, sonra onunla üz-üzə dayanır):- Qəzetlər bilsə ki, onların düz burnunun ucunda sensasiya dolu bir mövzu var, yəqin ki, heyrətə gələrlər...
YASƏMƏN (ayağa duraraq):-Mən indi o sensasiyanın yarım addımlığındayım. Əlimi uzatsam ona çatar. (Əlini uzadıb Kişinin çiyninə qoyur). Hə, necədir?
KİŞİ:- (geri çəkilərək):- Deməli, siz... Deməli... (Pauza). Siz nəyi nəzərdə tutursunuz?
YASƏMƏN:- O dediyiniz sensasiyanın qəhrəmanı sizsiniz...
KİŞİ:-Bəyəm siz... siz... mənim barəmdə nəsə bilirsiniz?..
YASƏMƏN (başını tərpədir):- Bəli... (Pauza). İnanmırsız?..
KİŞİ:-Bəs nə əcəb susursunuz?.. Niyə bu barədə yazmırsınız?(Qəzəblə). Niyə aləmə car çəkmirsiniz?..
YASƏMƏN:- Nəyi?.. Sizin başınıza gələnləri?.. Sizin qəhrəmanlığınızı?
KİŞİ (gülür):- Qəhrəmanlıq?.. Kimdir qəhrəman?..
YASƏMƏN:- Əlbətdə, siz qəhrəmansız!..
KİŞİ:- Kim? Mən?. Heç özümdə bilmirəm ki, mən kiməm?..
YASƏMƏN:- Ola bilər... Amma mən sizi yaxşı anlayıram...
KİŞİ:-Məni heç kəs anlaya bilməz... Heç kəs...(Pauza). Deməli, artıq mənim kimliyim sizə məlumdur... Adınız nə oldu sizin?..
YASƏMƏN:- Yasəmən... Jasmen də deyə bilərsiz...
KİŞİ:-Yasəmən... Jasmen. Yaxşı addır... Siz isə mənim adımı soruşmursunuz...
YASƏMƏN:- Sizə Mikayıl da deyirlər, Mixail də... Əslində isə siz... siz... nə Mikayılsız, nə də Mixail... Elə deyilmi?..
KİŞİ (heyrətlə ona baxır):- Görürəm ki, artıq mənim kimliyim sizə bəllidir... Amma... Doğrudan mən kiməm?
YASƏMƏN:- Siz bu suallarnan özünüzü üzməyin. İndi siz necəsinizsə, elə əslində o cürsüz.
KİŞİ:-Axı, məni olduğum kimi qəbul etmirlər.
YASƏMƏN:- Kim?..
KİŞİ:- Arvadım... Yox... Arvadlarım...(Pauza). Aman Allah, bu nə fəlakətdir? İndi heç özümdə bilmirəm onlardan hansı mənim arvadımdır?.. İksi də?.. Yoxsa... Bəlkə heç biri?..
YASƏMƏN:- Əlbətdə, heç biri arvadın deyil. Vaxtilə onlardan biri Mixailin arvadı olub, digəri Mikayılın. İndi isə nə Mikayıl var, nə də Mixail. İndi siz bu cürsüz. Sizi yalnız bu cür qəbul etmək lazımdır.
KİŞİ:-Doğrudan da... Əslində mən o qadınların hər ikisinə yadam. Daha doğrusu, (pauza) birisinə çölüm yaddır, o birisinə içim... Amma axmaqlıq edib onlardan başqa şey tələb edirəm...
YASƏMƏN:- Onları qınamaq olmaz. Gərək sən də onları başa düşəsən, əzizim...
KİŞİ:-Tutaq ki, mən onları anladım... Bəs mənim özümü necə, bir anlayan olacaqmı bu lənətə gəlmişi dünyada?..
YASƏMƏN:- Yəqin ki, belə bir qadın tapılar...
Lirik musiqi. Onlar xeyli müddət bir-birinə baxır, sonra gülümsəyirlər. Bal rəqsi. Onlar əl-ələ tutub rəqs edirlər. Ərəstun gəlir. Fincanları stolun üstünə qoyur. Kişi və Yasəmən qol-qola çıxırlar. Məryəm gəlir. O şalvar geyib. Qadın Ərəstuna yaxınlaşır. Musiqi sədası onların nə barədə danışdığını eşitməyə mane olur; hər ikisi əl-qol hərəkətləri ilə bir-birinə nəyisə izah edirlər. Rəqs edənlər tədricən uzaqlaşır. Musiqi kəsir. Ərəstun və Məryəm səhnənin önünə gəlirlər.
MƏRYƏM:- O, kiminlə getdi?..
ƏRƏSTUN: -Yasəmənlə. Siz ki, onu tanıyırsınız. Hərdən ona Jasmen də deyirlər...
MƏRYƏM:- Hə...Yasəmən... İndi o, Jasmen olub?.. Bəs bilmədiniz onlar hara getdilər?..
ƏRƏSTUN:- Deyə bilmərəm. (Mənalı tərzdə). Bəyəm getməyə yer azdır?..
MƏRYƏM: - Siz bilirsiniz kimdir o Kişi?..
ƏRƏSTUN (çiynini çəkir):- Məni qadınlar daha çox maraqlandırır... Mənim nəyimə lazımdır o kişi kimdir, nəçidir?..
MƏRYƏM:- O, mənim ərimdir.
ƏRƏSTUN:- Ərinizdir? Hım-m... Bəyəm siz ərlisiniz?..
MƏRYƏM:- Mənə nə olub ki?..
ƏRƏSTUN: -Heç... Elə-belə soruşuram. Bəs indiki qarışıq zamanda heç adam da öz ərini gözündən kənara qoyar?..
MƏRYƏM:-Doğrusu, son vaxtlar aramızda bir az anlaşılmazlıq yaranmışdı... Ona görə...
ƏRƏSTUN: -Camaat bu saat əliçıraqlı ər axtarır... Özü də belə (əli ilə təsvir edir) boy-buxunlu, enlikürək kişi...
MƏRYƏM:- O, əvvəllər bir az arıq idi... İndi boyu artıb...
ƏRƏSTUN: -Yəqin rəngi-rufu da dəyişib. Əvvəllər o, qaraşın deyildi ki?
MƏRYƏM:-Siz bunu haradan bilirsiniz?..
ƏRƏSTUN: -Baxan kimi bilinir ki, o, heç də həmişə kürən olmayıb...
MƏRYƏM (Heyrətlə):- Siz düz deyirsiniz. Deməli, onu əvvəllər də tanımısınız?
ƏRƏSTUN: -Belə də... Gör bir siz necə nəhəng bir kişini qoruya bilmirsiniz! Ax, qadın ki, qadın...
MƏRYƏM:-Doğrusu, o, son vaxtlar bir az xəstələnmişdi... Ona görə də...
ƏRƏSTUN:-Adam xəstələnər də... Burada nə var ki?.. Bu saat adam var ki, astarını üzünə çevirirlər, yaxud hər “hissəsini” bir yerdən tapıb bir təhər ayağa durğuzurlar, amma yenə ailəsi tərəfindən sevilir.
MƏRYƏM (Heyrətlə):- Siz Mikayılı tanıyırdınız?..
ƏRƏSTUN: -Bunun nə mənası var ki?.. Mən daha çox qadınları tanıyıram. Mənim sizə tövsiyyəm budur: ərinizi qoruyun!
MƏRYƏM:-Mənim də zəhləm gedir ərinə diqqət yetirməyən qadınlardan. Adamın başına lap müsibət də gələr, elə deyilmi? (Pauza). Bəyəm çətin gündə adam bir-birini atar?.. İnsan üçün ən vacib şey nədir? Ağıl! Şükür Allaha, mənim ərimin ağlı yerindədir! O, qəzaya uğramışdı, ağır travma almışdı. İndi sap-sağlamdır... Mən sizi yaxın bilib deyirəm bunları! Hə, bir balaca plastik əməliyyat aparıblar onun üz-gözündə... Əvəzində boyu daha da uzanıb, rəngi açılıb. Lap yaxşı! Mən nə itirirəm ki?.. Bəlkə elə deyil?.. Mən bu cür şeyləri başqa yerdə danışan deyiləm.
ƏRƏSTUN: -Bilirəm... Hər şeyi anlayıram... Siz arada yenə buraya-bizim şirkətə baş çəkin, mən sizi mütləq ərinizlə barışdıraram. Yəqin ki, bizə bir hədiyyə, mağarıc da düşəcək... (Gülür). Siz elə bilirsiniz ki, ərlə arvadı barışdırmaq asan məsələdir?..
MƏRYƏM:-Siz ərimi mənə qaytarın... Gözəl bir hədiyyə qazanacaqsınız... İnanın mənə!
ƏRƏSTUN: -Oldu... Məndə telefonunuz, ünvanınız var... Zəng edərəm...
MƏRYƏM:-Eləsə, hələlik. Sağ olun!
ƏRƏSTUN: -Sağ olun!
Məryəm getmək istəyir. Bu zaman Madriya gəlir: o da Məryəm kimi şalvar geyib. Məryam maraqlı nəzərlərlə Mariyanı süzür, kənara çəkilir. Mariya Ərəstuna yaxınlaşır. Gur musiqi sədası. Ərəstun Mariyaya nəyisə izah edir. Mariya gülümsəyib başı ilə Ərəstun deyənləri təsdiq edir. Musiqi azalır.
MARİYA:- Yaxşı, onda mən gedim, sonra gələrəm...
ƏRƏSTUN:-Əyləşin, sizə qulluq eləyim...
MARİYA:-Onda bir fincan çay gətir.
ƏRƏSTUN:-Oldu... Bu dəqiqə...
Mariya əyləşir. Ərəstun kənarda dayanmış Məryəmə nəsə işarə edir; qadın Mariyaya yaxınlaşır.
MƏRYƏM:-Burada əyləşmək olar?..
MARIYA:-Allah xatirinə...Əyləşin... Elə bayaqdan ürəyimdən keçirdi ki, kaş bu boş stulda bir qadın gəlib əyləşəydi.
MƏRYƏM:- Elə mən də düşünürdüm ki, kaş tək bir qadın ola, keçib yanında əyləşəm. Ailəli qadının yad kişilərlə bir yerdə oturmasını qəbul edə bilmirəm.
MARIYA:- Lap ürəyimdən tikan çıxartdınız. Yəqin ki, ərinizi gözləyirsiniz?..
MƏRYƏM:- Bəli... Siz də?..
MARIYA:- Əlbəttə... Xoşum gəlir ərinin üstündə yarpaq kimi əsən qadınlardan...
MƏRYƏM:- Elə də olmalıdır. Amma bəziləri elə düşünür ki, guya yalnız kişilər qadınların qayğısına qalmalıdır.
MARIYA:- Bu, kökündən yanlış fikirdir! Bu, patriarxal, Allah bilir, bəlkə də matriarxal düşüncədir.
MƏRYƏM:- Mənə elə gəlir ki, qadının başına gələn hər bir faciədə günahkar qadının özüdür.
MARIYA:- Sözsüz ki, elədir!.. Şükürlər olsun, indiyəcən ərimlə mənim aramda heç bir qanqaraldan söh-söhbət olmayıb.
MƏRYƏM:- Niyə də olmalıdır ki? Üzünüzə baxan kimi bilinir ki, dünyagörüşlü, ziyalı, aristokrat bir qadınsınız...
MARIYA: Hiss olunur ki, siz də əsil-nəcabətli ailədənsiniz.
MƏRYƏM:- Amma təəssüf ki, indi ev yıxan qadınlar da az deyil.
MARİYA:-Ta onu demə!.. O qədər ailə dağıdan qadınlar var ki! Siz lap mənim yaramın gözünü qopartdınız, vallah! Mən düzünəqulu, səmimi adamam. Bilirsiniz buraya nə üçün gəlmişəm?.. Eşitmişəm ki, fırıldaqçı bir qadın ərimi tora salmaq istəyir... Yox, əlbəttə, mən buna görə ərimdən inciyən deyiləm...
MƏRYƏM:- Mənim ərim də bir qadının fitnə-felinə uyub. Dəqiq bilmirəm... Bəlkə də yalan söhbətdir.
MARIYA:- Eybi yoxdur. Kişi xeylağıdır... Siz Allah xətrinə dəyməyin...
MƏRYƏM:- Siz nə danışırsınız. Mən ona güldən ağır söz demərəm! Sevgi olan yerdə nə söz nə söhbət?..
MARIYA:- Ağıllı qadınlar hərdən kişinin marşrutdan çıxmasına da şərait yaratmalıdırlar. (Gülür). Elə deyil?
MƏRYƏM:- Razıyam sizinlə! Həmişə plov yemək olmaz ki! Bəlkə mən düz demirəm?..
MARIYA:- Hamı sizin kimi müdrik deyil ki!..
MƏRYƏM:- Görürəm ki, siz çox ağıllı qadınsınız...
MARIYA (şən halda):- Of! Kişilər, kişilər! Sizinlə yaşamaq nə qədər çətindir!..
MƏRYƏM (gülərək):- Of! Kişilər, kişilər! Sizsiz yaşamaq sizinlə yaşamaqdan da çətindir!..
Gülüşürlər. Musiqi. Onlar əl-ələ tutub rəqs edirlər. Ərəstun gəlir. Onlara nəsə deyir. Qadınlar qəhqəhə çəkib gülürlər. Ərəstun hər iki qadınla əl-ələ tutub rəqs edir. Sonra qadınlar ikilikdə vals oynayırlar.
ÖLÜM VƏ YA XOŞBƏXTLIK
Kişi və Yasəmən qol-qola gəlirlər. Yasəmən uzun, geniş ətəkli don geyib. Mariya və Məryəm əl-ələ tutub bir-birilərinə nəsə deyir, qəhqəhə çəkib gülüşürlər. Onlar qəfildən Kişini və Yasəməni görüb duruxur, ciddiləşir, sonra cəld addımlarla irəli yeriyirlər... Yasəmən Kişinin qolundan daha bərk yapışır. Ərəstun onlara yaxınlaşır, döyükür, yerində qurcalanır.
MARİYA:- Mişa! Əzizim!..
MƏRYƏM:- Mikayıl!.. Harada itib-batmısan?..
YASƏMƏN:- Bunlar kimdir belə?.. Hə, bildim...
MARİYA:- Bura bax, Jasmensən-nəsən?.. Nə ortaya düşmüsən?
MƏRYƏM:- Yasəmən?.. Bu, nə oyundur çıxarırsan?..
KIŞI:- Qışqırmayın! Sakit olun! Ayıbdır!..
MARİYA (Məryəmə):- Sənə nə lazımdır?..
MƏRYƏM:- Bıy! Bəs sən kimsən belə? Özünü nə yuyulmamış qaşıq kimi atmısan ortaya?
ƏRƏSTUN: -Sakitliyi bərpa edin!..
YASƏMƏN (Kişiyə):- Bunlar səndən nə istəyirlər?
MƏRYƏM:- Qadında üzə bir bax ey!..
MARİYA:- Kənara çəkilin!.. Mişa, bir bəri gəl görüm...
YASƏMƏN:- Ay gəldi ha!
MƏRYƏM:- Ay qız, Yasəmən, sən nə istəyirsən mənim ərimdən?..
MARİYA:- Jasmen, bu nə biabırçılıqdır belə?
YASƏMƏN:- Niyə gedib öz işinizlə məşğul olmursunuz?.. (Kişiyə).
Əzizim, sən niyə bunların cavabını vermirsən?..
KİŞİ:-Doğrudan da... Siz məndən nə istəyirsiniz?
ƏRƏSTUN (şən-şən gülümsəyir, yerində dingildəyir):- Nə buyuracaqsınız? Kofe, çay, şampan, şirə, şərab!
SƏSLƏR:-Rədd ol!.. Şərab nədir?.. Nə şampan?..
Hamı Ərəstunun üstünə cumur. Səs-küy. Ərəstun qaçıb aradan çıxır.
MƏRYƏM:- Mikayıl, ailəmizin adını biabır etmə... Gəl, getdik...
YASƏMƏN:- Nə?.. Mikayıl kimdir?.. Sənin ağlın çaşıb deyəsən?..
MARİYA:- Əlbəttə, bu qadının ağlı çaşıb!.. Mişa, əzizim, gəl gir qoluma, evə gedək...
YASƏMƏN:- Mişa kimdir?.. Bu, nə deyir?.. (Kişiyə). Əzizim, bəlkə sən özün verəsən bunların cavabını?..
MƏRYƏM:- Mikayıl!
MARİYA:- Mişa! Mixail!..
YASƏMƏN (gülür):- Ha-ha-ha!.. Nə Mişa? Nə Mikayıl?.. Siz niyə anlamaq istəmirsiniz ki, burada nə Mikayıl var, nə də Mixail!..
MƏRYƏM (Yasəmənə):- Sən nə həyasız qadınsan!..
MARİYA (Yasəmənə):- Mən başa düşə bilmirəm, sən başqasının həyatına niyə burnunu soxursan?..
YASƏMƏN (Kişiyə):- De görüm, sən niyə bunların cavabını vermirsən?.. (Kişinin yaxasından tutur). Niyə? Niyə?.. Cavab versənə!..
MƏRYƏM:- Burax onun yaxasını!..
MARİYA:- Mişa, əzizim!.. Gör bir sən yaxanı kimin əlinə vermisən!
Ərəstun gəlir. Kənardan qışqırır.
ƏRƏSTUN:-Nə buyuracaqsınız? Kofe, çay, şampan, şirə, şərab!..
YASƏMƏN (Ərəstuna yaxınlaşır):- Ərəstun! Bura bax! (Kişini göstərir). Sən tanıyırsan bu kişini?...
ƏRƏSTUN:- Əlbəttə!(Duruxur). E-e–e-e...Yox!...
YASƏMƏN:- Bu, bəyəm Mişadır?...
ƏRƏSTUN:- Nə?.. Mişa kimdir?.. Mixaili deyirsən? Yox, yox, yox!...
YASƏMƏN:- Ucadan de!...
ƏRƏSTUN:- Bu, Mixail deyil!...Qətiyyən!
YASƏMƏN (Mariyaya):- Gördün? Eşitdin?...
MƏRYƏM:- Əlbəttə ki, Mixail deyil!...
YASƏMƏN:- Yox bir, bəlkə Mikayıldır bu?...
MƏRYƏM:-Bəlkə mən öz ərimi tanımıram?
YASƏMƏN:- Ərəstun, bu kişi Mikayıldır bəyəm?..
ƏRƏSTUN:- Nə?.. Mikayıl kimdir? (Kişiyə). Bəyəm sən Mikayılsan?...
Əlbəttə, yox... Burada mikayıl nə gəzir, balam !..
MARİYA (Ərəstuna):- Sən itil buradan!...
MƏRYƏM (Ərəstuna):- Sənin başına bir oyun açaram ki!... (Kişiyə). Mikayıl, şən niyə susursan?.. (Kişinin qolundan tutur). Gəl bəri...
MARİYA:-Mişa! (Kişinin o biri qolundan tutur): - Mişa, gəl getdik!... (Ərəstuna). Alçaq, bəyəm mən öz ərimi tanımıram?...
Mariya və Məryəm Kişinin qolundan tutub müxtəlif tərəflərə dartdılar.
KİŞİ:- Buraxın qolumu!.. Siz məni öldürmək istəyirsiniz?...
MƏRYƏM:- Burax kişinin qolunu!...
MARİYA:-Doğurdan da, hamınız ağlınızı tirmisiniz. Bəyəm mən tanımıram öz ərimi? Bəlkə onunla birlikdə çəkdiyim şəkli göstərim sizə? (Sumkadan şəkil çıxarıb göstərir). Baxın! Bu, şəkildir?.. Şəkildir! Mişadır?.. Mişadır! Yanındakı kimdir? Mənəm?.. Mənəm!.. Bəlkə onun bədəninin harasında xal var, harasında çapıq var-onları da açıb göstərim sizə? Lap lazım gəlsə başqa yerlərini də təsvir edə bilərəm... İnanmırsınız ? İstəyirsiniz lap qonum-qonşunu da şahid gətirim: bu, Mişadır, Mixaildir! Mənim ərimdir!
MƏRYƏM:- Deyir oğru elə bağırdı ki , doğrunin bağrı yarıldı!... Ay qız, nə “Mişa-Mişa!”- salmısan?.. Bəyəm mən tanımıram öz ərimi ?.. Bəyəm mən bələd deyiləm Mikayılın ağlına ?.. (Mariyaya). Elə isə gəl soruşaq görək sizin toyunuz nə vaxt olub? Mikayılın ata-anası kimdir?.. Hə, niyə susursan ?..Tanımırsan öz qayınatanla-qayınananı ?.. Görürsünüz də, bu, necə “gəlin” dir? Hələ arsız -arsız mənə şəkil göstərir! (Mariyanı yamsılayır). “Bu Mişadır, bu da mən!” Mikayıl ağıllı, dərrakəli, cazibədar kişidir; çox qadınlar onunla şəkil çəkdirə bilə. Nə olsun ki ?.. Ona qalmış mənim də çox kişilərlə... daha doğrusu, çox kişilərin mənimlə şəkil çəkmək arzusu olub! Paho!... Şəkilləri var! Sənin ərin nəçi olub?.. Biznesmen! Elə deyilmi?.. Amma mənim ərim pianoçudur!.. Mikayıl, tez ol, keç royalın arxasına!... (Kişinin qolundan tutub küncdəki royala sarı çəkir ). Tez ol deyirəm sənə! Deyəsən, bunlar burada maskarad qurmaq istəyirlər!
ƏRƏSTUN (yaxınlaşır):- Bəlkə mənə bir qulluğunuz var ?!. Eləsə buyurun!..
MARİYA:- Bura bax, Aristotel, özünü gicliyə qoyma! Sən ki, mənim Mişamı yaxşı tanıyırsan...
ƏRƏSTUN:- Tanıyıram, əlbəttə, tanıyıram...
MARİYA:- Bəs niyə susursan, Aristotel?...
ƏRƏSTUN:- Heç mənə qulaq asan var ki ?...
MARİYA:- Sakit olun !.. Görün bir Aristotel nə deyir?!. Sakit olun !..
ƏRƏSTUN:- Sakit olun !..
MƏRYƏM:- Ərəstu –u –u –un!.. Sən Mikayılı tanımırsan bəyəm?..
ƏRƏSTUN:- Əlbəttə, tanıyıram...
MƏRYƏM:-Tanıyırsansa niyə susursan, Ərəstun?.. Niyə həqiqəti demirsən? Düz söz desən dilin yanar sənin?..
ƏRƏSTUN:- Burada heç kəs doğru sözü eşitmək istəmir...
YASƏMƏN:- Ərəstun, sən nə çərənliyirsən? Bəyəm burada Mişa adlı bir ins–cins var?..
MARİYA:- Nə-ə-ə ?..
YASƏMƏN:- Burada Mikayıl adlı adam var bəyəm?..
MƏRYƏM:- Nə-ə-ə ?..
ƏRƏSTUN:- Burada nə Mikayıl var, nə də Mixail!.
Mariya və Məryəm Ərəstunun boğazından yapışırlar. Ərəstun qışqırır, çabalayır, ayağını yerə döyür . Musiqi. Kişi yaxınlaşır.
MARİYA:- Hə, indi de görüm bu, Mişadır, yoxsa...
MƏRYƏM:-Bax, indi deyərsən bu, Mikayıldır, yoxsa...
ƏRƏSTUN:- Bu, Mikayıldır! (Mariyaya). Bu, həm də Mişadır...
YASƏMƏN:- Ərəstun!...
ƏRƏSTUN (Yasəmənə):- Axı, mən neyləyim? Görmürsən boğazımı üzürlər. (Kişiyə). Niyə sən özün danışmşrsan? Niyə demirsən kimsən?... Qorxursan?...
KIŞI :- Bir sakit olun!... Başım ağrayır...
MƏRYƏM:- Onun başını ağratmayın!...
MARİYA:- Mişa, əzizim, ürəyini qoru...
YASƏMƏN (Kişiyə):- Başını da qoru, ürəyini də... Bunlar səni əsəbləşdirib özündən çıxartmaq istəyirlər!... (Ərəstuna). Ərəstun, deməli sən kim olduğunu deməyə qorxursan ?.
Kişi və Ərəstun yazıq-yazıq bir-birlərinə baxırlar .
ƏRƏSTUN:- Mənim bir təklifim var. Deyim?...
YASƏMƏN:- O nə təklifdir elə?...
ƏRƏSTUN:- Təklifi sonra səsə qoyarıq. Əvvəlcə bir mənə deyin görüm, təklifimi deyim, ya deməyim ?...
MARİYA :- Sənin edəcəyin təklifin bizə bir dəxli var, ya yox?...
MƏRYƏM:- Ağıllı təklifsə de ...
YASƏMƏN:- Bunun öz ağlı var ki, təklifi də ağıllı olsun? (Kişiyə). Əzizim, yəqin ki, təklif səninlə bağlıdır. İndi söz sənindir.
MARİYA:- Mişa!
MƏRYƏM :- Mikayıl!...
ƏRƏSTUN (Kişiyə) .. Deməli, belə bir təklifim var...
MARİYA :- Aristotel!...
MƏRYƏM:- Ərəstun!...
ƏRƏSTUN:- Deyim təklifi?..
SƏSLƏR:- Yaxşı, yaxşı de...
ƏRƏSTUN:- Mən mövcud vəziyyəti özüm üçün təhlil edib görürəm ki, situasiyadan cəmi bir çıxış yolu var.
SƏSLƏR:- Nə yol? Hansı yol?.. O, nə yoldur elə ?...
ƏRƏSTUN:- Püşk atmaq lazımdır ...
SƏSLƏR:- Püşk ?.. Nə püşk ?...
ƏRƏSTUN:- Püşk də püşk! Bilmirsiniz püşk nədir? Biz heç cür müəyyən edə bilmirik ki, bu kişi oğlu kişi kimə, hansı tərəfə məxsusdur? O, Mixail Yusupovdur, yoxsa Mikayıl Yusifov? Biz heç onun doğma arvadının kim olduğunu da müəyyənləşdirə bilməmişik.
YASƏMƏN:- Burada onun arvadı-zad yoxdur!
MARIYA (Yasəmənə):- Yasəmən! Sən kəs səsini!..
MƏRYƏM (Yasəmən):- Jasmen! Qadın olasan, özün də bu qədər həyasız olasan...
ƏRƏSTUN:- Deyin görüm, mən püşk atım, ya yox ?...
SƏSLƏR :- Yaxşı püşk ataq ... Olsun...
YASƏMƏN:- Onda üç yerə...
SƏSLƏR:- Üç niyə?... Yoxsa sən də...
YASƏMƏN:- Bəli, bu məsələdə mən daha çox iddialıyam...
ƏRƏSTUN:- Onda püşk üç qadın arasında atılır. (Kişiyə). Razısanmı, hörmətli insan?
KIŞI:- Neyləyim, razı olmaqdan başqa bir əlacım yoxdur .
MARIYA (qışqırır) :-Mişa !
MƏRYƏM (Hikkəli):-Mikayı-ı-ıl!..
KIŞI:- Mən neyləyim ey ?..
ƏRƏSTUN:- Aydındır... Elə təsəvvür edin ki, püşk hazırdır ... (Cibindən kağız-qələm çıxarıb nəsə yazır). Bax, buraya üç ad yazılmalıdır. (Yaza-yaza.) Əvvəlcə kimin adını yazım?..
YASƏMƏN:- Əlbəttə, mənim...
MƏRYƏM :- Nə-ə-ə ?... Mən ölmüşəm bəyəm ?...
MARIYA:- Bəs mən?.. Ay Allah, özün kömək ol-mənim ərimi göz görəsi qumara qoyublar!...
YASƏMƏN:- Yaxşısı budur, əlibba sırası ilə yaz...
ƏRƏSTUN :- Sənin adının baş hərfi nə olacaq: “J” yoxsa “Y”?..
YASƏMƏN:- Hansı hərf irəlidədir onu yaz!..
MARİYA:- Nə?:
MƏRYƏM:- Nə?..
ƏRƏSTUN:- Sakit olun! Bəlkə yaş məsələsinə görə yazaq: qadınların hansı yaşlıdır, əvvəlcə onun adını qeyd edək...
Qadınlar duruxur.
YASƏMƏN:- Mənim nə yaşım var ki?..
MƏRYƏM:- Ən kiçik mən olaram.
MARIYA:- Yəqin ki, məndən kiçiyi yoxdur burada...
ƏRƏSTUN (Başını bulayır):-Deməli, buradakıların hamısı bir-birindən kiçikdir...Elə isə neyləyək?.. Bəlkə başqa bir yol seçək?..
SƏSLƏR:-Yenə yol? Nə yol ?... O , nə yoldur elə ?..
ƏRƏSTUN :- Deyəsən bircə yol qalıb ... Kim güclüdürsə ... (Pauza ). Bu kişi (Kişini göstərir) yalnız güclü qadına məxsus ola bilər. Arığın qoruqda nə işi?!. Mən başqa bir yol görmürəm!.. Bəs siz necə?..
Yasəmən irəli çıxıb qollarını idmançılarsayaq yellədib gərdiş edir .
YASƏMƏN:- Mən razı!.. Kim istəyir irəli çıxsın! (Kişiyə). Sən qorxma, əzizim! Mən səni şər qüvvələrdən necə lazımdırsa qoruyacağam!..
MƏRYƏM:- Elə əsl şər qüvvə sən özünsən...
MARIYA :- Xeyir həmişə şərin üzərində qələbə çalıb !..
Musiqi. Mariya irəli çıxır , Yasəmən onun üstünə hücum çəkir . Onlar əlbəyaxa olurlar. Yasəmənin daha güclü olduğu hiss olunur .
ƏRƏSTUN (Məryəmə):- Təklikdə Yasəmənlə döyüşmək mümkün deyil ... Bəlkə onun öhdəsindən ikilikdə gələ bilərsiniz...
Məryəm də irəli atılır . Mariya və Məryəm birləşib Yasəməni yerə yıxaraq sürüyürlər. Səs – küy . Yasəmən yerə uzanılı halda zarıyır. Indi Mariya ilə Məryəm üz-üzə dayanırlar. Onlar tövşüyürlər. Hər ikisi geri-geri çəkilib musiqi sədaları altında döyüşkən qoç kimi irəli cumub bir-birinin üstünə atılır. Əlbayaxa döyüş başlayır. Kişi cəld addımlarla pianoya yaxınmlaşır, şıdırğı və gərgin bir hava çalır. Ərəstun əllərini yuxarı qaldırıb qadınlar arasında gedən “döyüşü” bir növ “nizamlayır”- hakimlik edir. Qadınlar əsil idmançı kimi vuruşur. Biri digərini məğlub etməyə çalışır. Onlar bir-birinin kəmərindən tutur, biri-digərini çiyninə alıb fırlayır, yıxıb dizinin altına alır, sonra yenə ayağa durub üz-üzə dayanırlar... İndi Kişi pianoda oynaq hava çalır, Ərəstun cibindən çıxartdığı fiti arabir üfürərəg “döyüşçüləri” idman “qayda-qanuna” riayət etməyə çağırır. Bu əsnada Yasəmən ayağa durub döyüşən qadınlara yaxınlaşır. İndi qadınların hamısı yorulub tövşüyür: onların hər üçü əl-ələ verib çiyin-çiyinə dayanır, yerə yıxılmağa çalışırlar. Ərəstun geri çəkilir. Kişi piano arxasından durub qadınlara yaxınlaşır. Uzaq və qəmli musiqi sədası eşidilir. Kişi diqqətlə tövşüyən qadınları bir-bir nəzərdən keçirərək gəzişir. Uzun bir fasilə.
KIŞI (Sanki öz-özünə):- Doğrudan da, mən kiməm?.. Mixail?.. (Onun üzünə gülümsəyən Mariyaya yaxınlaşır). Yox!.. Mən Mixail deyiləm! Bəlkə Mikayılam?.. (Onun üzünə gülümsəyən Məryəmə yaxınlaşır). Yox! Mən Mikayıl deyiləm! Mən nə Mikayılam, nə də Mixail! .. (şən əhval ruihiyəli Yasəmənə yaxınlaşır). Yox!.. Yox!.. Mən sən dediyin, sən axtardığın adam da deyiləm!..
Qadınların hər üçü mütəəssir olur, qaş-qabaqlarını tökürlər. Ərəstun yüyürüb nimçədƏRƏSTUN:-fincanlarda çay gətirir. Hərə çaydan bir-iki qurtum alır.
SƏSLƏR:- Bəs sən kimsən?.. Kimsən sən?.. Kimsən?..
KIŞI:- Mən kiməm?.. Mən kiməm?.. Bəyəm mən varam?.. Bəlkə mən sizin içinizdəki miskiləm?.. Bəlkə mən əzabam, ağrıyam, dərdəm?.. Elədir!.. Elədir! Mən yoxam! Məni siz yaratmısız!.. Amma... Amma... Siz məni yaşada bilməzsiniz!.. Siz məni yaşatmamalısınız!.. Hərə öz ömrünü yaşamalıdır bu dünyada... Mən artıq öz ömrümü yaşamışam. Mənim üçün hər şey bitib, amma sizin üçün yox!.. Siz hələ yaşamalısınız... Siz yaşayın... Yaşayın siz!.. Onsuz da hamımızın sonumuz əbədiyyətdir... Var olsun əbədiyyət!..
Kişi pencəyini soyunub Ərəstunun üstünə atır. Hamı təəccüblə ona baxır. Kişi qollarını yana açır; onun ağ köynəyinin enli, geniş qolları qanad kimi açılır. Sanki bu “qanadlar” Kişini yerdən götürüb harasa “uçuracaq”. Deyəsən, Kişi doğrudan da “uçmağa” hazırlaşır. O, qollarını (“qanadlarını”) geniş açaraq “uça-uça” pəncərəyə yaxınlaşır: onun qaçışı bir növ kinofilmlərdəki yavaşıdılmış kadrları xatırladır. Uzaqdan təyyarə uğultusu eşidilir. Kişi də uçmağa hazırlaşan təyyarə kimi yerində bir neçə dəfə dövrə vurub pəncərədən atılır. Təyyarə uğultusu adamların heyrət ifadə edən nida və qışqırığına qarışır. Uğultu bütün zalı bürüyür. Ərəstun qoltuğunda Kişinin pencəyi irəli cumub pəncərədən baxır. Uğultu tədricən uzaqlaşır.
ƏRƏSTUN:- Odur,o, havada təyyarə kimi, quş kimi uçur!..
SƏSLƏR:- O, özünü yerə atdı!.. O, məhv olacaq!.. Of-f-f... Aman Allah!..
Ərəstun cəld çıxır. Hamı bir-birinin üzünə qorxu, təəccüb və peşmançılıq hissi ilə baxır.
YASƏMƏN:- Mənəm günahkar... Mən !..
MARİYA:- Xeyr!.. Təqsirin hamısı məndədir!..
MƏRYƏM:- Burada bircə adam günahkardır: o da ki, mənəm, mən, mən!..
Musiqi. Bu melodiyada bir kədər və hüzn var: sanki çaylar daşır, tufan qopub, ildırımlar çaxnaşır. Qadınlar əl-ələ tutub dövrə vurur, başlarını bir-birinin çiyninə qoyurlar. Onların qalın, gur saçları coşqun şəlalələr kimi bir-birinə qarışır. Ərəstun gəlir. O, Kişinin pencəyini və əlcəyini geyib. Əlində kiçik qutu var. Qadınlar təəccüb və qəribə bir təbəssümlə ona baxırlar.
ƏRƏSTUN:- O, deyəsən, həqiqətən uçub getdi. Bayaq təyyarə səsini özünüz eşitdiniz... Amma qəribədir bu tərəflərə nə təyyarə enib, nə də ki, başqa bir naməlum uçan obyekt... Yerə də heç kəs düşməyib... Əslində göydələnin bu qatından yerə düşən adamın salamat qalması da mümkün deyil... Mən yerdə heç bir iz, heç bir qan ləkəsi görmədim... Bax, təkcə öbu qutunu tapdım. (Qutunu göstərir). Deyəsən, bu, qara qutudur. Adətən, bu cür qutular təyyarələrdə olur. Çox vaxt təyyarələrin qəzaya düşməsinin səbəbini qara qutulardan öyrənmək olur... Bax, budur, baxın... Əsl qara qutudur.
YASƏMƏN:- Yəqin bu dünyadakı adamların da hər birisinin öz qara qutusu olur.
Hamı növbə ilə qutunu əlinə alıb, diqqətlə və heyrətlə onu nəzərdən keçirir. Musiqi sədası tədricən artır.
SON
Firuz MUSTAFA