Aeroportda İstanbul-Bakı reysinin sərnişinlərini gözləyənlər arasında Sevil, atası, anası, kiçik əmisi, bibisinin əri də var idi. BDU-da oxuyan Sevil şərq gözəliydi, - qara, uzun saçlar, badamı gözlər, uzun kirpiklər öz yerində, dar şalvar və kofta geyməklə sanki ətrafdakılara deyirdi: bilin, tək sifətcə yox, bədəncə də gözələm. Kişilərin əksəriyyəti gözünü çəkə bilmirdi ondan. Bir-iki şairqəlbli isə fikirləşirdi ki, bu qız makiyajsız dünya gözəlidi, gör, dodağına azca boya, kirpiklərinə tuş vursaydı, gözümüz qamaşardı yəqin. Özü də ona yönələn aramsız sırtıq baxışları hiss etdiyindən, həmişəki ədasının dozasını bir az da artırmışdı: elə bilirdi tualetə gedəndə mütləq dikdaban ayaqqabılarını taqqıldatmalı, burnunu dik tutub gözünün ucuyla heç kimə baxmamalı, yeri gəldi-gəlmədi, bahalı gözlüyünü brend adı yazılan tərəfindən tutub ("Qoy görsünlər ki, Dolçe Qabanadandı") bir az yuxarı qaldırmalıdı. Arada ətrafa nəzər salırdı, özlüyündə tez qərar verirdi ki, burdakı qızlardan heç biri mənə çatmaz, oğlanlardansa mənə layiq olanı yoxdu.
Təyyarənin enməsinə saat yarım qalmışdı. Yaxınları öz aralarında nəyisə qızğın müzakirə edəndə, Sevil də onlara qoşulurdu, ya fikir vermirdilər, ya da anası gözlərini ağardıb deyirdi ki, sən belə şeyləri bilməzsən, böyüklərin söhbətinə qarışma. Sevil narazı-narazı əlini yellədib onlardan xeyli aralanır, boş oturacaqların birində oturub telefonunda feysbuk profilinə girirdi.
Feysbukda olanda inboksuna potok yoldaşı İsmayıldan belə bir mesaj gəldi: "Niyə yatmırsan, gözəl?" Sevil dodaqaltı "Cəhənnəm ol" deyib profilindən çıxdı. Aeroportun gözləmə zalına təzəcə gəlmiş bir oğlansa on metr aralıda ayaqüstə dayanıb gözünü çəkmirdi ondan. Oğlan yaraşıqlı, hündürboyluydu deyə, ona elə gəlirdi ki, qız da mütləq ona baxmalıdı. Sevil qəfildən ona yönələn aramsız baxışları hiss etdi, oğlana nəzər saldı, xoşuna gəldi və beləcə, ilk qığılcım baş verdi. Oğlan da bunu hiss elədi, sevindi və abırlı obrazı yaratmaqçün süni bir həya ilə gülümsədi. Az sonra şəhadət barmağından salladığı Mersedesin loqosu olan açarla onun həndəvərində gəzməyə başladı (yəni bil ki, sürdüyüm maşın Mersedesdir). Eyni zamanda Sevilə baxıb taktikanı dəyişdi, - bu dəfə bic-bic gülümsədi. Və Sevil nə qədər özünü sıxsa da, bacarmadı, dodaqları qaçdı, təbəssümünə tezcə acılıq qatdı ki, oğlan elə bilsin o, tamam başqa şeyə gülümsəyir, guya nəysə yadına düşüb. Oğlansa bicin biriydi, hər şeyi başa düşmüşdü, ona görə həmin bic təbəssümüylə bir az da qıza tərəf yaxınlaşdı, yəni başa düşdüm, mən də sənin xoşuna gəlmişəm. Onu da bilirdi ki, qız tək deyil, arada yaxınlarıyla danışdığını görmüşdü, həm də o qədər adamın yanında qızla tanış olmaq namünasib idi. Sevil hiss etdi ki, təbəssümündəki süni acılıq yox olacaq və qürur əldən gedəcək, tez ayağa durub tualetə getdi. Güzgünün qabağında dayanıb saçlarını tumarladı, sağa-sola çöndü, başdan-ayağa qədər özünə baxdı, dodaqlarını büzdü, bir-birinə sıxdı və bəlkə də həmin anlara qədər yüzüncü dəfə bunu fikirləşdi: "Yox, silikona ehtiyac yoxdu". Bədəninə sığal çəkdi və tavandan saçan gur işığın fonunda özünə necə valeh oldusa, tualetdə olduğunu unutdu, arxasını güzgüyə tərəf çevirib, telefonunda şəkilçəkmə rejiminə keçdi, qapıya baxıb tez bir neçə selfi (özünü) çəkdi. Çəkdiyi şəkillərə baxıb, xoşuna gəlməyəni sildi. Sonra xəyalən çöldə onu bir növ gözaltı edən oğlana ərə getdi, - "Buta palas"da toy, uğurlu toy gecəsi, üç gündən sonra Parisdə iki həftəlik gəzinti, oteldə səhər, axşam sevişmələri və uzağı, iki-üç ilin içində bir oğlan, bir qızın dünyaya gəlməsi kinolent kimi gözünün qabağından keçdi. Yenə telefonundan feysbuka girdi, mesajlar bölməsində İsmayılın "Bəs niyə cavab yazmadın?" sualını oxudu, özü artıq xətdə deyildi. "Zəhləmgetmiş", patoloji nifrət elədiyi potok yoldaşını dostluqdan çıxardı və ondan uzaqlaşan bu nifrətin fonunda gözləmə zalında onu gözləyən yad oğlana olan simpatiyanın istisindən qəribə bir ləzzət aldı, içi ilıqlandı. Tualetdən çıxıb, bu dəfə qüruruna salıb oğlana tərəf baxmadan doğmalarına tərəf getdi.
Oturub profilində olduğu məkanı bildirən yeri basdı, təyyarə şəkliylə bir yerdə "Sibel Canan indi Heydər Əliyev hava limanındadır" bildirişini (profil adı eləydi) qeyd elədi. İki dəqiqə keçməmiş bildirişi bəyənən, hələ də yatmayan rəfiqəsi tezcə şərh yazdı: "Hara gedirsən həyasız? Bizə niyə deməmisən?" Cavab yazmadan şərhi sildi, dərindən nəfəs alıb narazı halda çiyinlərini tərpədib tavana baxıb başını buladı. "Elə bil açot verməliyəm bunnara". Hardasa on beş dəqiqə sonra öz telefonunda eşələnən anası qəfil qızının başının üstünü kəsdirdi: "Az, başın xarab olub sənin? Sil o statusu tez". Başladılar xısın-xısın dalaşmağa. "Burda nə var e. Mən smaylik qoymuşam ki?" - "Məni özümdən çıxartma, ay qız. Deyirəm, sənə bu dəyqə sil onu! Elə eləmə ki dədənə deyim" dialoqu onunla qurtardı ki, qızı atasının qorxusundan statusu tez sildi.
Nəhayət, İstanbul-Bakı təyyarəsinin enməsi xəbərini elan elədilər. Sərnişinlər arasında canlanma yarandı. Sevilin atası, kiçik əmisi, bibisinin əri aeroportun işçilərinə yaxınlaşıb danışmağa başladı. Sevil qaşlarını çatıb anasının qoluna girdi, onun həndəvərinə yaxınlaşan yaraşıqlı oğlanın əlində iki tərəfindən tutub saxladığı A4 vərəqində qırmızı markerlə yazılmış ad, soyadı - Anar Nağıyev - və altındakı "facebook" (yəni ad, soyadım profilimdəkiylə eynidir) sözünə baxıb tez də gözünü çəkdi, yadında saxladı və fikirləşdi ki, bundakı fərasətə bax, iki daşın arasında kağız, marker tapıb yazıb bunları. Oğlan kağızı zala daxil olacaq sərnişinlər tərəfə tutmuşdu, guya özünü qarşılayacağı adama nişan verirdi.
Artıq yola düşmüşdülər. Sevil yolda yenə xəyalən gəlinlik paltarını geyindi, bəylə bəzədilmiş ağ Limuzinə oturanda abır hissi qəfil baş qaldırdı, beynindəki faylı tez bağladı, - nə qədər də olmasa, dörd-beş metr öndə gedən qara maşında hər dəfə İstanbuldan Bakıya gələndə ona hədiyyələr alıb gətirən biznesmen əmisinin meyitini aparırdılar. Beləcə, qabaqdakı maşında dayanmış, onun dalınca gələn maşında döyünən ürək yol gedirdi. Başqa bir bərk döyünən ürəyin sahibi isə maşınları ötə-ötə, pəncərədən baxa-baxa axırda vurulduğu qızın oturduğu Mersedesi tapmışdı...
Anar öz maşınını bir az uzaqda saxladı, çıxıb elə bir yerdə dayandı ki, Sevil onu görsün, yaxınları isə heç nə hiss etməsin, aeroportda qarşılayıb evlərinə apardığı dostu məsələdən xəbəri var idi deyə, gecənin bu vaxtı maşında oturub işin sonunu gözləyirdi. Qohumlar tabutu qara maşından çıxardanda, Anar bu dəfə dərdinə şərikəm, amma heç olmasa, bircə dəfə mənə bax sifətiylə gözlərini qıza zillədi. Tabut çiyinlərdə evə tərəf hərəkət etməyə başlayanda, qız "baxım-baxmayım, baxım-baxmayım" tərəddüdlərindən sonra bir göz qırpımında oğlana nəzər saldı. Həmin gecə Sevilin ürəyindən keçdi ki, anası əmisinin üçündə "potensial kürəkənin" onun qızını izlədiyini görsün, dəfndən sonra ağlaşmalararası yaranan fasilələrin birində ondan soruşanda ki, ay Sevil, bayaq həyətdə baxan oğlan kimiydi elə, cavab versin ki, tanımıram, amma dalınca uydursun: "Son günlər iki-üç dəfə bizim universitetə gəlib". Qısası, Sevil özü və anası arasında elə bir atmosferin yaranmasını istəyirdi ki, sanki evlilik məsələsinin əsas hissəsi (bir-birilərini bəyənmələri məsələsi) artıq həll olunmaq üzrəydi.
Əmisinin üçünə qədər ağlaşmaya qoşulan, sonra kiriyən Sevil sevilmək istəyindən qalmırdı, hüzürün ikinci günü tez-tez pəncərədən aşağı, - çölə baxırdı. Anar tez-tez mağarın həndəvərində olurdu, yuxarı mərtəbələrə göz gəzdirirdi. Həyətdə təsadüfən baxışlar toqquşanda, qız yenə ciddiydi, çatdırmaq istəyirdi ki, hələ olmaz, cavan əmim hələ təzəcə dəfn olunub. Hüzrün ikinci günü hər ikisi gecə yerlərinə girəndə, bir-birindən ötrü əməlli-başlı xiffət elədilər, amma əmin oldular ki, sabah mütləq bir-birini görəcəklər.
Üç mərasimində gün çıxmışdı, hava ilıq idi və Sevil bunu xeyrə yozdu, üstəlik, uyğun bir aforizm tapdı: "Biri rəhmətə gedir, biri isə dəlicəsinə vurulur". Saat on ikiyə on dəqiqə qalmış arvadlar yemək yeməyə düşəndə Anar mağarın on metrliyində hazır vəziyyətdə durmuşdu. Nəhayət, gözlər tapışdı, Anar əl-ağız işarələriylə Sevilə başa saldı ki, feysdə mənə, Anar Nağıyevə dostluq göndərərsən, ordan aralandı. Ağlaşlamalararası fasilələrdə qohumların hərəsi bir yandan anasına "Maşallah, qızın dünya gözəlidi, Ay parçasıdı", "Allah bəxtini versin", - dedi, bu sözləri eşidəndən sonra ərə getmək ehtirası daha da güclənən birinci kurs tələbəsi Sevilə elə gəldi ki, bir vaxtlar hamıya dediyi “mən diplom alıb karyera qurandan sonra ərə gedəcəm” sözləri sürətlə öz gücünü itirir.
Əmisinin üçü verilən günün sabahısı günorta evdə kompyüterinə girdi, bulvarda çəkdirdiyi şəkillərdən birini feysbuk profilinə qoydu, dalınca Anar Nağıyevi feysbukda axtarışa verib tapdı, dostluq göndərdi. On dəqiqə də gözlədi görsün, dostluğu qəbul olunubmu, təzə şəkli ilk layk edənlər kimdi. Axşama qədər bir neçə dəfə profilinə girdi, nəhayət, axşamüstü dostluğu qəbul olundu. Anar onun demək olar, bütün şəkillərini bəyənmişdi. Hə, bir də inboksuna yazmışdı: "Tanış olmağıma çox şadam. Çox gözəlsən. Sibel Canandan da gözəlsən... Ümid edirəm yaxından tanış olarıq. Rəhmətə gedən sənin nəyindir? Allah rəhmət eləsin". Son iki cümləni "görməməzliyə vuran" qız ilk yazılanlardan vəcdə gəldi, xəyalən oturduğu kreslodan profil şəklində işlədiyi ofisdə kreslosuna yayxanmış Anarın qucağına atıldı.
15 yanvar, 2016 - 14 mart 2017
Bakı