Dino BUTSATİ (1906-1972) – tanınmış italyan nasiri, jurnalisti və rəssamıdır. Adətən onu "İtaliyanın Kafkası" da adlandırırlar.
Krala məxsus villanın bağında Beynəlxalq Bənövşəyi Xaç Cəmiyyəti on iki yaşa qədərki uşaqlar üçün Pasxa yumurtaları üzrə əyləncəli "ov" təşkil eləmişdi. Biletin biri iyirmi min lirəyə idi.
Yumurtaları saman altında gizlətmişdilər. "Axtar!" komandası veriləndən sonra uşağın orada tapacağı yumurta onunku sayılacaqdı. Yumurtalar cürbəcür çeşiddə və ölçüdə idi: şokoladdan, metaldan və kartondan hazırlanan bu yumurtaların hər birinin içində misilsiz bir hədiyyə vardı.
Xidmətçi Cilda Sozo bu yumurta "ov"u barədə evində çalışdığı Zernatta ailəsində gedən söhbətdən xəbər tutmuşdu. Xanım Zernatta bayram şənliyinə dörd övladını aparacağı üçün biletlərə düz səksən min lirə ödəyəcəkdi.
İyirmi beş yaşına dolan Cilda Sozo incə-mincə bir qadın idi, nə gözəl sayılırdı, nə də çirkin, çəlimsiz görünürdü, üzündən həyat eşqi yağırdı, xoşniyyətli biri olsa da, həyatda bəxti heç gətirmədiyindən özünə qapalı qadın idi: atasız böyütdüyü dörd yaşlı, şirin-şəkər qızını o, bu bayram şənliyinə aparmağa niyyətliydi.
Gözlənilən gün yetişincə, təptəzə paltosunu və keçə şlyapasını geyinən Antolella ilə zəngin ev sahibinin balaları arasında bir elə fərq qalmadı.
Halbuki Cilda özünü varlı bir xanım kimi qələmə verməyə əsla çalışmayacaqdı, çünki əyin-başı onsuz da köhnə-kühnə və miskin idi. Ona görə də düşdüyü vəziyyətdən bu yolla çıxdı: bir kapyuşon (başlıq - A.Y.) taxmaqla, o özünü zəngin övladlarının dayəsinə bənzətməyi bacardı, hərçənd ilk baxışdan onu Cenevrə və ya Nyuşatel məktəblərinin məzununa da bənzətmək mümkün idi.
Kral villasının bağına özünü vaxtında çatdıran Cilda qızının əlindən tutub, girişdə dayanmışdı və öz xanımını gözləyirmiş kimi, elə hey sağına-soluna boylanırdı. O ara dalbadal həmin əraziyə yan alan maşınlardan yumurta "ov"una qatılacaq zəngin balaları enirdilər. Xanım Zernatta da dörd övladıyla birgə oraya gəlincə, Cilda cəld bir kənara çəkildi ki, sahibəsinin gözünə görünməsin.
Yoxsa Cildanın göstərdiyi bunca səy boşamı gedəcəkdi?! Bayaqdan bəri biletsiz içəri girə bilməkdən ötrü onun göstərdiyi səylər və vurnuxmalar hələlik bir nəticə verməmişdi.
Yumurta "ov"u saat üçdə başlanacaqdı. Üçə beşcə dəqiqə qalmış oraya rəsmi nömrəyə malik bir maşın yanaşdı: maşında bu tədbirə qatılmaq üçün Romadan gələn hansısa nazirin xanımı və bir cüt övladı əyləşmişdi. Həmin dəm Beynəlxalq Bənövşəyi Xaç Cəmiyyətinin prezidenti, onun müşavirləri və onların xanımları bu nüfuzlu qonağı qarşılamaqdan ötrü girişə tərəf qaçışdılar. Bu sayədə Cildanın bayaqdan bəri intizarla gözlədiyi qarışıqlıq yarandı və dayə qılığına girmiş bu qulluqçu qadın da o ara qızıyla birlikdə bağçaya girmək fürsəti qazandı. Həmin anlarda Cilda qızına durmadan öyüdlər verirdi ki, özündən yaşca böyük və gözdən tük çəkən varlı balalarından zərrəcə çəkinib-eləməsin.
Çəmənliklərin ora-burasında, həm də irili-xırdalı yüzlərlə saman yığını gözə dəyməkdə idi. Bunlardan biri haradasa üç metr yüksəkliyində idi - kim bilir, onun altında nə vardı elə? - ya da ki, yerli-dibli heç nə yox idi.
Şeypur çalınan kimi "ov" başlandı və start xəttindəki lent kəsilən kimi uşaqlar qaraqışqırıq qopararaq "ov"a girişdilər.
Ancaq bu zəngin balaları balaca Antonellanı yamanca hürküdürdülər. Çaşqın halda bir saman yığınından digərinə tərəf qaçsa da, qızcığaz əlini onların içinə uzatmağa cürət eləmirdi, halbuki digər uşaqlar samanın altını üstünə gətirməkdə idilər, içində hansısa hədiyyə gizlədilən, şokoladlı və ya bəzəkli kartondan hazırlanan iri yumurtaları sinələrinə sıxaraq, artıq analarına tərəf qaçışırdılar.
Ən nəhayət, Antonella da xırda əlini ürkək-ürkək samanın içində gəzdirdi və əl havasına iri, həm də sərt bir yumurta tapdığını təxmin elədi. Həyəcan içində: "Tapdım! Tapdım" - deyə çığırdı və yaxaladığı yumurtanı çıxartmağa çalışdı. Ancaq böyründəki bir oğlan uşağı, eynilə reqbiçilər kimi, əlüstü saman komasına dalmaqla, o iri Pasxa yumurtasının üzərinə çökdü və az sonra onu qucağına alıb qaçarkən, geri dönüb, yandı-qındı verərmiş kimi, balaca qıza hələ əl hərəkətləri də göstərdi.
Əcəb qoparaqlı imiş ha bu uşaqlar! Saat üç tamamda start verilsə də, bütün saman yığınlarındakı yumurtalar aradan heç on beş dəqiqə ötməmiş çoxdan öz sahiblərini tapmışdı. Təkcə Cildanın kiçik qızı əlləri bomboş halda dayanıb, dayə qılığındakı anasını tapmaq üçün ora-bura baxınırdı. Əlbəttə, uşağın qəlbi üzüntüdən sıxılmaqda idi, ancaq hər şeyə rəğmən, o, göz yaşlarını tuturdu, çünki buna görə çevrəsindəki uşaqların onu ələ salacağından tamamilə əmin idi. Buradakı hər kəs özünə görə, az və ya çox, hədiyyə qazanmışdı, hədiyyəsiz qalan isə bircə Antonella idi.
Uşaqların arasında altı-yeddi yaşlarında, sarışın bir qız vardı, qucağına yığdığı al-əlvan yumurtaları güclə aparırdı. Antonella onun bunca hədiyyəni necə qazandığına, düzü, heyrət edirdi. Sarışın qız canıyananlıqla soruşdu:
- Sən necə, heç nə tapmadın ki?
- Heçcə nə tapammadım.
- İstəyirsənsə, məndəki yumurtalardan birini götür.
Antonella ürəkləndi:
- Doğru sözündür? Hansını verərsən?
- Xırdalardan birini al.
- Bunu olar?
- Hə, götür, sənin olsun.
Qızcığazın qəlbi fərəhlə doldu:
- Sağ ol. Bəs sənin adın nədir?
- İqnasiya, - dedi sarışın qız.
Bu vaxt hündürboy bir qadın söhbətə qarışdı: çox yəqin, o, İqnasiyanın anası idi.
- Niyə öz yumurtanı bu qıza verdin ki?!
İqnasiya səsini yüksəltdi və uşaqlara xas xainliklə dedi:
- Onu mən vermədim, qız özü qucağımdan qamarladı.
Antonella etiraz elədi:
- Yalan deyir! Bunu o özü mənə verdi.
Sözügedən yumurta parlaq kartondan hazırlanmışdı, yəqin ki, içində hansısa oyuncaq, kukla geyimləri və ya tikmə üçün dəst vardı.
Bənövşəyi Xaç Cəmiyyətinin əməkdaşı olan əlli yaşlarında və başdan-ayağa bəmbəyaz geyinmiş qadın bu söhbəti eşidib, uşaqlara yanaşdı:
- Hə-ə, əziz balalar, nə olub aranızda?
Bunu deyərkən qadın üzünə, soyuq da olsa, bir təbəssüm qondurmuşdu.
- Yoxsa nə isə bir narazılıq var?
İqnasiyanın anası dilləndi:
- Yox, canım, elə bir şey yoxdur. Kimliyini belə bilmədiyim bu əl boyda meymunça qızımın bir yumurtasını tutub əlindən alıb. Əhəmiyyətsiz bir şeydir. Alsın ey, yetər ki, yaxamızdan əl çəksin. Gedək, İqnasiya! - deyə o, qızını əlindən darta-darta oradan uzaqlaşdı.
Ancaq təşkilatçı qadın məsələni bitmiş saymırdı, odur ki, dönüb Antonelladan soruşdu:
- Sən ondan yumurta almışdın ki?
- Yox, o özü vermişdi bunu.
- Eləmi? Sənin adın necə oldu?
- Antonella.
- Adın Antonelladır, bəs soyadın?
- Antonella Sozo.
- Bəs anan haradadır?
Bu vaxt Antonellanın nəzərləri anasına sataşdı. Onlardan bir neçə addım aralı dayanan qadın olub-bitənlərə göz qoymaqdaydı. Qızcığaz əliylə onu nişan verdi:
- Budey, buradadır.
- Kim? Bu xanımmı? - deyə qadın dəqiqləşdirdi.
- Hə.
- Bəyəm o sənin dayən deyil ki?
Cilda onlara yanaşdı:
- O mənim qızımdır.
Nə edəcəyini bilməyən qadın qarşısındakı xanımı maraqla süzərək soruşdu:
- Üzr istəyirəm, xanım, siz tədbirə giriş bileti almısınız? Mümkünsə, onu mənə göstərin görüm.
Antonellanın böyrünü kəsdirən Cilda etiraf elədi:
- Biletim yoxdur.
- Onu itirmisiniz ki?
- Yox, yerli-dibli biletim olmayıb.
- Deməli, tədbirə biletsiz girmisiniz? Onda vəziyyət tamamilə dəyişir. Qızım, bu yumurtanı sən ala bilməzsən, - deyən qadın yumurtanı Antonellanın əlindən qaba tərzdə dartıb aldı.
- Heç gör, bir utanırsınız?! Təcili qaydada parkı tərk edin!
Qızcığaz yamanca karıxıb qaldı: gözlərində peyda olan iztirabın təsirilə sanki səma da qaralmağa başladı.
Təşkilatçı qadın əlində tutduğu yumurta ilə, həm də qürurla onlardan uzaqlaşdığı anlarda sanki Cildanın mənliyində bir tufan qopdu: indiyədək qəlbində üst-üstə qalaqlanmış təhqirlər, incikliklər, gömülən istəklər qəfildən və dalğa-dalğa baş qaldırmağa başladı. Qadın əsdi-gurladı, dişinin dibindən çıxan ən ağır söyüşləri, təhqirləri bu "işgüzar" qadının ünvanına yağdırdı, nə yağdırdı.
Ən yüksək təbəqəni təmsil edən kübar xanımlar, onların qucaqları çeşidli hədiyyələrlə dolub-daşan övladları toplaşdı bu ana-balanın başına. Cildanın söyüşlərini duyunca, bəzi xanımlar oradan əlüstü aralandılar. Digərləri isə ona təpinməyə başladılar:
- Bu nə abırsızlıqdır? Ayıb olsun sizə! Uşaqların yanında gör nələr deyirsiniz! Bunu həbsə atın!
- Haydı, yaramaz qadın, əgər türməyə düşmək istəmirsənsə, təcili buradan uzaqlaş! - deyə təşkilatçı qadın xəbərdarlıq elədi.
Antonella hönkürüb, necə için-için ağladısa, bunu eşidən dağlar-daşlar da bəlkə əriyib muma dönərdi. Çilda isə tamamən özünü-sözünü bilmirdi artıq, püskürdüyü qəzəb, utanc və çarəsizlik duyğuları qarşısıalınmaz bir həddə çatmışdı:
- Kasıb bir qızcığazın əlindən hədiyyəlik yumurtanı aldığınıza görə əslində sizə ayıb olsun! Ancaq bundan heç utanıb, xəcalət də çəkmirsiniz, çünki hamınız cındırsınız!.. Bəli, bəli, cındırsınız siz!
Qaçıb gələn bir cüt polis nəfəri Cildanın biləklərindən yapışdı:
- Haydı, dışarı çıxın!
Qadın isə çırpınaraq onlara çımxırırdı:
- Buraxın məni! Toxunmayın mənə, əclaflar!
Qollarını geri qanırıb, qadını parkın çıxışına doğru sürükləməyə başladı polislər.
- Kəs səsini! İndi səni şöbəyə aparar və ictimai asayişi pozmağın nə demək olduğunu orada sənə yaxşıca anladarıq!
Ancaq bu yekəpər kişilər çəlimsiz və incə-mincə qadını tutub-saxlamaqda yamanca çətinlik çəkirdilər. Qadın bağırırdı:
- Xeyr! Xeyr! Hanı mənim qızım? Buraxın məni, yaramazlar!
- Ana! Anacan!
Antonella anasının ətəyindən bərk-bərk yapışmışdı, titrəyərək hönkürür, anasını səsləyir, həmin itələşmə əsnasında o da məcburən ora-bura sürüklənirdi.
Artıq Cilda ilə qovğaya qoşulan qadın və kişilərin sayı on nəfərə yüksəlmişdi.
- Bu qadının ağlı azıb! Ona dəli köynəyi geyindirmək gərəkdir! Dəlixanaya basın bunu!
Polis furqonu gəldi, qapıları açandan sonra qadını qamarlayıb, içəri basmağa çalışdılar. Bənövşəyi Xaçın əməkdaşı olan qadın bərk-bərk Antonellanın əlindən yapışdı:
- Sən mənimlə gedəcəksən. Anana elə bir dərs verəcəyəm ki, heç yadından çıxmasın!
Görünməmiş haqsızlıqla qarşılaşan bir insanın mistik güc-qüvvət qazanma ehtimalı o arada heç kəsin ağlına gəlməzdi, əlbəttə.
Polis maşınının içinə sürüklənən Cilda səsini başına atıb, çığırırdı:
- Bax, son kərə deyirəm sizə: bu-ra-xın mə-ni! Bu-ra-xın, yoxsa canınıza qəsd edəcəyəm!
- Yox ha! Yetər ey bunun nazıyla oynadıq! Aparın! - deyə göstəriş verən təşkilatçı xanım həm də balaca qızı bərk-bərk tutmağından qalmırdı.
- Belə oldu, hə? Onda ilk qurbanım elə sən olacaqsan, ləçər! - deyən Cilda var gücüylə ona tərəf dartınmağa başladı.
- İlahi, sən özün qoru! - deyə, bəyaz geyimli qadın canını tapşırıbmış kimi yerə sərildi.
Bu xidmətçi qadın özünün növbəti hökmünü verdi:
- Əllərimi tutduğun üçün indi də növbə sənindir!
Bunun ardınca hamı bir-birinə qarışdı, sonra bir polis nəfərinin cansız bədəni furqondan yerə düşdü. Cildanın növbəti hədələrini ünvanladığı digər polis isə asfaltdaca sərilib qaldı.
İzaholunmaz bir dəhşətə qapılan polislər bundan karıxıb geri çəkildilər. Artıq Cilda ona yanaşmaqdan ehtiyatlanan bir dəstə adamla üz-üzə dayanmışdı.
Qızı Antonellanın əlindən yapışan ana şəstlə yeriməyə başladı:
- Çəkilin yolumdan!
Ona toxunmağa cürəti yetməyən kütlə oradan uzaqlaşdı, polislər isə iyirmi metr ara saxlamaqla, qadını təqib etməyə başladılar. "Təcili yardım" və yanğınsöndürən maşınların, polis ciplərinin sirenaları bir-birinə qarışdığından bayaqdan bəri olub-bitənlərin tamaşasına yığılanlar təşviş içində dağılışmağa başladılar. Yaxalama operasiyasına rəhbərliyi polis rəisinin bir müavini öz üzərinə götürdü.
Onun əmri eşidildi:
- Təzyiqli su nasoslarını işə salın! Gözyaşardıcı mərmilərlə atəş edin!
Cilda qorxu-hürkü hiss etmədən geri qanrıldı:
- Kimin cürəti çatırsa, çıxsın qabağıma!
Aşağılanan, təhqirə uğrayan bu qadının içində qarşısıalınmaz bir qəzəb vulkanı püskürməkdəydi.
Silahlı polis kordonu qadını mühasirəyə aldı:
- Əllərini qaldır, zavallı qadın!
Havaya açılan xəbərdarlıq atəşi qulaqları lərzəyə gətirdi.
Cilda hayqırdı:
- Yoxsa siz tək məni yox, qızımı da öldürmək istəyirsiniz? "Yolumdan çəkilin" dedim sizə!
Qorxusuz-hürküsüz irəlilədi. Heç toxunmadığı halda, o ara altı polis nəfəri dəryazla biçilmiş ot kimi yerə sərildi.
Beləcə, o, evinə döndü. Yaşadığı iri və gözoxşamayan bina şəhərdən kənarda, kol-kos basmış bir çöllükdə yerləşirdi. Asayiş qüvvələri binanı cəld mühasirəyə aldılar.
İrəli çıxan polis rəisi meqafonu əlinə alıb, bina sakinlərinə mənzilləri tərk etmək üçün beş dəqiqə vaxt verdi, ciddi xəsarət toxunmasın deyə, çılğına dönən anaya isə qızcığazı polisə təhvil verməyi məsləhət gördü.
Ən üst qatdakı pəncərədən boylanan Cilda buna cavab olaraq, məğzi anlaşılmayan nələrsə çığırdı. O ara binanı dövrəyə alan polislər, gözəgörünməz bir müqavimətlə rastlaşıbmış kimi geri çəkilməyə məcbur qaldılar.
Polis zabitləri sıravilərə çımxırdılar:
- Nə olub axı sizə?! Möhkəm dayanın!
Ancaq az sonra onlar özləri də məcburən geri çəkildilər.
Artıq binada təkcə Cilda ilə qızı qalmışdı. Görünür, qadın axşam yeməyi hazırlayırdı, çünki bacaların birindən namnazik tüstü zolağı qalxmaqdaydı.
Yer üzünə dalğa-dalğa qaranlıq çökərkən binanın ətrafında 7-ci motorlu alayın zirehli maşınlarından geniş bir mühasirə zolağı qurulmaqda idi. Pəncərədən başını çıxaran Cilda daha nələrsə çığırdı bayırdakılara. Ağır tanklardan biri yerində ləngər vurduqdan sonra qəfildən böyrü üstə çevrilib qaldı. Onun ardınca isə ikinci, üçüncü və dördüncü zirehli tank aşdı. Sanki gözəgörünməz bir qüvvə tənəkə oyuncaq saydığı bu tanklara gah ordan, gah burdan dürtmə vurur, sonra isə ən ağlasığmaz vəziyyətlərə salmaqla, onları aşırıb zərərsizləşdirirdi.
Bu durumla bağlı fövqəladə vəziyyət elan olundu, Birləşmiş Millətlər Təşkilatının qüvvələri bu ixtilafa cəlb olundu. Həmin ərazidə genişmiqyaslı təxliyyə işləri aparıldı. Dan yeri ağaranda isə bombardman başlandı.
Cilda ilə Antonella isə dirsəklərini balkonun kənarına dayayaraq, matı-qutu qurumuş halda baş verənləri seyr edirdilər. Atılan bombaların heç birinin hədəf binaya tuş gəlməməsi dərin heyrət doğurmaqdaydı. Binaya üç yüz, dörd yüz metr qalmış, onlar, nədənsə, elə havadaca partlayırdılar. Bu partlayışlardan təlaşlanan Antonella ağlamağa başladığı üçün ən nəhayət, Cilda da evə girməyə gərək duydu.
İndi də onu aclığa və susuzluğa məhkum etməklə, diz çökdürəcəkdilər. Binaya su verilməsi dayandırıldı. Ancaq buna rəğmən, hər səhər və hər axşam mənzilin bacasından yüksələn o nazik tüstü zolağı Cildanın hələ də yemək bişirdiyini isbatlayırdı.
Generallar binaya hücum saatını da dəqiqləşdirdilər. Ancaq təyin olunan saatda Yer kürəsinin həmin qismində kilometrlər boyu yeraltı sarsıntılar hiss olundu. Hərbi maşınlar nərildəyərək o yaşayış binasına hücuma keçdiyi vaxt sanardın ki, Qiyamət günü gəlib çatıbdır.
Cilda o ara təkrar pəncərədə göründü:
- Yetər daha! Rahat buraxın məni!
Cərgəylə hücuma keçən tanklar zərblə gözəgörünməz bir səddə çırpılırmış kimi dağılır, polad fillərtək ulayıb-qıcırdayaraq param-parça olur, orda-burda üs-üstə təpələnən metal yığınlarına çevrilirdilər.
BMT-nin baş katibi şəxsən ağ bayraq qaldıraraq, xidmətçi qadının qarşısına çıxmalı oldu.
Cilda əl işarətiylə onu mənzilinə dəvət elədi.
Baş katib bu xidmətçi qadının sülh şərtlərini öyrənməyi umurdu. Məlum oldu ki, bu ölkə özünün sonuncu günlərini yaşayır, çünki nə xalqda güc və səbir qalmışdı, nə də ki orduda.
Cilda qonağa bir fincan qəhvə uzadıb dedi:
- Mən qızım üçün sizdən bircə dənə Pasxa yumurtası istəyirəm.
Az sonra binanın önündə on yük maşını dayandı. Qızcığaz könlünə yatanı seçə bilsin deyə, ən müxtəlif ölçüdə, al-əlvan rənglərə boyanmış minlərlə bayram yumurtası endirildi həmin maşınlardan. Bunlardan birinin diametri hətta otuz beş santimetrə yaxın idi və xalis qızıldan hazırlanmaqla, bütün səthi qiymətli daş-qaşlarla bəzənmişdi.
Ancaq Antonella bunların içindən ən kiçiyini və rəngli kartondan hazırlanan yumurtanı, yəni o təşkilatçı qadının onun əlindən dartıb aldığına bənzər bir yumurtanı bəyənib, götürdü.
Tərcümə: Azad YAŞAR
"Ədəbiyyat qəzeti"