Sübh günəşinin qırmızılı-sarılı şəfəqləri ucu-bucağı görünməyən səhranı bir dəniz kimi ləpələn­dirir­di. Sıralanmış qum təpələri şahə qalxmış dalğa­ları, ağ binalar və yaşıl xurma ağacları ilə uzaqdan seçilən Mədinə şəhəri isə bu qum dənizində lövbər salmış gəmini xatırladırdı.

 

Günəş qum təpələrinin üstünə qalxıb səhradan boylandıqca şəhərdə canlanan həyat getdikcə qayna­mağa başlayırdı. Məscid minarələrindən ucalıb hər tərəfə yayılan əzan səsləri bu qədim şəhərin hər bu­ca­ğına ruhani bir ovqat verirdi.

Şəhərin valisi Vəlid bin Ütbə yuxudan oyansa da hələ də gördüyü qaranlıq röyanın təsiri altındaydı. O namazını başa çatdırıb zikr və dua etsə də gözü yol çəkirdi. Hansısa bir xoşagəlməz hadisənin baş verə­cəyi fikrini özündən uzaqlaşdıra bilmirdi. Vali kiçik gözlüklü pəncərənin önünə gələrək üzünü günbatana çevirib nəzərlərini özünə də məlum olmayan bir nöqtəyə zillədi. Ona elə gəldi ki, gözlərini qıymaqla lap uzağı – Şam şəhərini, xəlifə sarayını görür. Artıq o yuxudan beyninə dolan qara fikirlərin mənbəyini tapmışdı. “Nə bəla gəlsə ordan gələcək” – sözlərini öz-özünə pıçıldayıb otaq boyu sərilmiş zolaq-zolaq naxışlı xovsuz xalça üzərində var-gəl etdi. Ağır  ad­dımlarla yenidən pəncərənin önünə gəldi. Bu vaxt səh­ranın dərinliyində bir toz dumanının qalxdığını gördü. Bu kiçik toz dumanı dənizdə ağ köpüklərə bən­zəyirdi. Bu dəfə: “Ya Rəbbim, sən özün xeyrə cala!” sözlərini öz-özünə  pıçıldayan Vəlid bin Ütbə əllə­­rini göyə açdı.

Toz dumanı yaxınlaşdıqca Vəlid bin Ütbənin həyacanı da artırdı. Bu yel qanadlı atlının kimliyini bilmək istəyi onu rahat buraxmırdı. Hər gün şəhərə saysız- hesabsız belə atlı qonaq daxil olsa da, nə­dən­sə  toz dumanı qaldıran bu atlı onun diqqətini özünə çəkmişdi. Şam hakimi, xəlifə Müaviyə ibn Əbu Süf­yanla aralarında elə bir narazılıq yox idi. Nə qədər ol­masa qohum idilər. Mədinə hakimliyinə onu Müa­viyə özü təyin etmişdi. Ancaq Hüseyn ibn Əlinin(ə) və onun üç nəfər tərəfdarı – Əbdullah ibn Ömərin, Əbdürrəhman ibn Əbu Bəkirin və Əbdullah ibn Zü­bey­rin Mədinədə yaşaya-yaşaya Müaviyə hakimiy­yətinə qarşı çıxması Vəlid bin Ütbəni narahat edirdi. Düzdür Müaviyə bu barədə hələlik susurdu. Ancaq Vəlid bin Ütbə bu susmağı hakimiyyətə qarşı çıxan­ları bağışlamaq kimi qiymətləndirmirdi. O həmişə əmi deyə çağırdığı bu qoca canavarı yaxşı tanıyırdı. Bilirdi ki, son nəfəsində belə Əliyyəl-Mürtəzanın(ə) tərəfdarlarından, övladlarından qisas almaqdan çə­kin­məz. Ona görə də az qala hər gün, hər saat Müaviyədən Hüseyn ibn Əlinin tutulması və qətli barədə məktub gələcəyindən xoflanırdı.

Vəlid bin Ütbəyə elə gəldi ki, dördnala gələn bu at sanki qan dənizində üzür. “İlahi özün kömək ol! Yəsrib torpağının qana çalxanmasına imkan vermə!” – Deyə 0, öz-özünə pıçıldayıb arxası pəncərəyə tərəf çöndü. Beyninə dolan qara fikirləri yuxunun təsiri hesab edib yenidən otağında var-gəl etməyə başladı. Düşünə-düşünə  zikr və dualar edən Vəlid bin Ütbə xid­mətçinin otağa nə vaxt daxil olmasından xəbər tutmamışdı. Valinin düşüncələrinə mane olmaq istə­mə­yən zənci qollarını sinəsində çarpazlayıb qapının ağzında skitcə dayanmışdı. Nəhayət onların baxışları bir-birinə tuşlananda xidmətçi dilləndi:

-       Ya əmir, Şamdan gələn var sizi gözləyir.

Vəlid bin Ütbənin dizləri əsdi, udqundu. Xid­mət­çinin içəri daxil olmasına nə vaxt icazə verdiyini xa­tır­lamadı. Ancaq həyacanını bildirmədi. Barmaqları əlindəki yusir təsbehinin dənələrini tez-tez çevir­mə­yə başladı. Bir müddət də beləcə davam etsəydi təs­behin ipək sapı bu gərginliyə dözməyib qırıla­caqdı. O, xidmətçiyə heç bir söz demədən qapıya yaxın­laşdı.

 

 

* * *

 

Məktub Vəlid bin Ütbənin əlində titrəyirdi. Xəlifə Müaviyə ibn Əbu Süfyan dünyasını dəyişmiş, onun taxtında oğlu Yezid oturmuşdu. Bu məktubu ona yazan da Yezid idi. O, indi başdan ayağa ciddi bir görkəm almışdı. Ürəyi şiddətlə döyünürdü. Ona elə gəlirdi ki, döşəmə ayağının altından qaçır.

Vəlid bin Ütbə  məktubu təkrar-təkrar oxusa da, hələ də aldığı xəbərdən sonra düşdüyü çaşqınlıqdan, baş verən hadisələrin təsirindən çıxa bılmirdi.”Ey çər­xi fələk, Müaviyə də ölərmiş. Səndən yaxa qurtar­maq mümkün deyilmiş”.

Zənd ilə Valinin qanı qaçmış sifətinə, çallaşmış saqqalına baxan qasid israrlı baxışları ilə ondan ca­vab gözləyirdi. Bədəncə şux və qıvraq olmasına bax­mayaraq indi gətirdiyi məktubun yaratdığı sükunətdə əbaya bürünmüş kötük kimi idi.

Müaviyənin ölüm xəbəri Vəlid bin Ütbəni nə qədər heyrətləndirdisə, Yezidin hələ atasını dəfn et­mə­miş ona məktub yazması və İmam hüseynin (ə) be­yətini istəməsi onu bir o qədər əsəbləşirdi. “İndi mən neyləyim? İmam Hüseynə necə deyim ki, Yezi­də biyət et. Lap desəm, bu işə razı olarmı? Onu məc­bur etməyə dəyərmi? Axı, tək mən yox, bütün Ərə­bistan yığışsa belə, onu əqidəsindən döndərmək müm­kün deyil. Belə olan təqdirdə Yezidin əmri ilə mən onu həbs edimmi? Qətlə yetirimmi? Həzrəti Rə­sulullahın(s) istəkli nəvəsinə mən necə əl qaldırım? Əsla yox!..” – Vəlid bin Ütbə axırıncı iki sözü elə ucadan dedi ki, özü də diksindi. Xidmətçi  zəncinin yenidən qapıda görünməsi Vəlid bin Ütbəni fikirdən ayırdı.

-Şamdan gəlmiş Mərvan sizi görmək istəyir, ya əmir.

-Mərvan?! – Deyə vali bir anlığa təəccüblənib duruxdu. Qəlbini qorxu qarışıq bir vahimə bürüdü. Sonra bu hiss tez də keçib getdi.

-Buraxın gəlsin, - deyə vali etinasız halda dilləndi.

Vəlid bin Ütbə  Mərvanı  yaxşı tanıyırdı. Özündən əvvəl Mədinənin valisi olmuşdu. İndi Şam­da Xəlifə sarayında işləyirdi. Yezidin yaxın tərəfdarlarından hesab olunurdu. Ymumiyyətlə,  Müaviyə con vaxtlar vəzifələrdə çoxlu dəyişikliklər edir, öz köh­nə dostlarından daha çox oğlu Yezidin tərəfdarlarını irəli çəkirdi. Qoca siyasətçi özündən sonrakı əməvi hökmranlığını yaşatmaq üçün zəmin hazırla­yırdı.

Mərvan elə əvvəlki görkəmində idi. Yenə başın­dakı əmmamə bahalıydı. Əbası, çuxası və başmaqları da qiymətli idi. Ancaq bütün bunlar kinli sifətinə xoş görkəm vermirdi. Yoğun ortası və gödək ayaqları onu ev ördəyinə oxşadırdı.

Mərvanın gəlişi Vəlid bin Ütbəni xəyallardan ayır­dı. Onlar köhnə dostlar kimi görüşdülər. Elə ilk baxışdan vali hiss etdi ki, Mərvanın gəlişi Yezidin məktubu ilə bağlı deyil. Heç Müaviyənin ölümündən də onun xəbəri yoxdur.

Vəlid bin Ütbə bir qədər düşündükdən sonra Yezidin məktubunun təfsilatını Mərvana danışdı. Mərvan məktubun məzmunu ilə tanış olandan sonra tamam başqalaşdı. Baxışları qəzəbdən alışıb yandı. Sağ gözünün altı söyriməyə başladı. Hikkə və əda ilə danışıb yeni xəlifənin əmrini elə onun yanında yerinə yetirməyi tələb etdi.

Vəlid bin Ütbə səhv etdiyini anlasa da artıq gec idi. O, dərk etdi ki, təkcə hakimiyyəti əlinə almış Ye­zid yox, onun bütün tərəfdarları İmam Hüseyni (ə) özlərinin ən böyük düşməni hesab edirlər. Onların baş­qa yolları da yox idi. Əbu Süfyan nəsli yalnız İmam Hüseyni(ə) aradan götürməklə rahat hökm­darlıq edə bilərdi.

Vəlid bin Ütbə Mərvanın təkidi ilə İmam Hüsey­nin(ə) arxasınca adam göndərdi...

-Axı, mən sənə dedim ki, onun yanına qasid yox, silahlı dəstə göndər, həbs edib gətirsinlər. İndi Hüseyn aradan çıxsa xəlifəyə nə cavab verəcəksən?

Vəlid bin Ütbə dinmədi. Yerində qurcalanıb də­rin­dən köks ötürməklə kifayətləndi. Daxilən isə gör­düyü röyanı yadına salıb Mərvanı lənətlədi. Vəziy­yətdən çıxmaq üçüç yollar axtardı. Hiss etdi ki, bey­ni də kütləşib, başağrısı ona mane olur. Bir bəhanə ilə Mərvanı sakitləşdirmək, bu xilafət tulasını azdır­maq istədi. Ancaq yenə əlavə söz deyib Mərvanın ağlına yeni fikirlər salmaqdan ehtiyat etdi. Nəhayət səhər yeməyi ilə onun başını qatmağı planlaşdırdı.

Lakin süfrə başında da Mərvanın kin və və sual dolu baxışları rastlaşdıqca yerində qərar tuta bilmədi. “Səbr, səbr” – deyə öz özünə daxıli bir əmr verdi.

Qasid tək qayıdandan sonra Mərvanın əvvəl­cədən dediyi sözlər Vəlid bin Ütbənin qəlbinə şübhə toxumu səpsə də o, təmkinini pozmadan dedi:

- Ey Mərvan, narahat olma, Hüseyn(ə) adi adam deyil. Peyğəmbər övladıdır, şahzadədir. Hələ indiyə kimi Mədinədə heç kim onun söz verib əməl etmədi­yini görməyib. Deyibsə gələcəm, deməli gələcək.

-Baxarıq!.. Hüseyn gəlməyincə buradan heç hara getməyəcəm,-Mərvan əsəbi halda bildirdi.

Vəlid bin Ütbə sağ əli iə qılıncının dəstəyini sıxdı. Səhərdən bəri dil boğaza qoymayan Mərvanın başını bir zərbə ilə üzmək keçdi ürəyindən. Dodaq­altı “lənət şeytana” deyib qəzəbini boğdu.

Küsülü adamlar kimi hərəsi üzünü bir tərəfə çe­virdi. Onlar bir müddət danışmadı, hər ikisinin əlin­dəki təsbehlərin pıçıltısı otağın daş sükutunu daha da ağırlaşdırdı.

“Bu Vəliddən ağlım bir şey kəsmir. Xəlifənin ölü­münə təəssüflənib Yezidin hakimiyyətə gəməsinə se­­vinmək əvəzinə, onun düşmənini müdafiə edir. Heç belə də qohumluq olar. Vali mən olsaydım Hü­seynin başı indi ayağımın altındaydı. Bəs, onda Vəli­di Hüseynə bağlayan nədir? Bəlkə, o, Vəlidə daha böyük vəzifə vəd edib”.

Mərvan düşüncələrinə haqq qazandırmaq üçün Vəlid bin Ütbəni yenidən sorğu-suala çəkdi:

-Hüseyn nə vaxtdan şahzadə olub ya Vəlid? Mən heç bunu bilmirdim.

Vəlid bin Ütbə Mərvanın hiyləsini duysa da yenə əvvəlki fikrindən daşınmadı. Ürəyindən keçənlərin hamısını söyləmək, Yezidin bu yaltaq dostunu sözlə sındırmaq istədi.

-Niyə ki, Hüseynin(ə) tərcümeyi-halını sən mən­dən yaxşı bilirsən. Onun peyğəmbər nəvəsi olduğunu danaqmı?..

Vəlid bin Ütbənin əsəbləri ilə oynamağa çalışan Mərvan atdığı oxun hədəfə dəydiyini görüb yenidən həmin istehza ilə soruşdu:

-Peyğəmbər fərzəndi olmaq səncə şahzadəlik­dirmi?

-Bəli!..

-Ya Vəlid, böyük bir şəhərin əmirinə belə danış­maq rəvadırmı?

Vəlid bin Ütbə istədi ki, söhbəti yenə susmaqla bitirsin. Ancaq Mərvan söhbəti uzadıb Vəlid bin Üt­bə­nin ürəyindəki gizli mətləblərdən agah olmaq istə­yirdi.

-Gəl lap əvvəldən başlayaq. Əbu Süfyan nəsli ilə Haşimilər arasındakı ədavəti Əli ibn Əbu Talib qızış­dırmadımı? – Mərvan valinin sual dolu nəzərlərini ona dikib danışmadığını gördükdə öz sualına özü cavab verdi.

-Hələ əvvəki hadisələri yox, xəlifə Osmanın ölü­münü deyirəm. Onu öldürtdürüb taxtında özü əyləş­mə­dimi? O, bu işi törədəndə bilmirdimi Müaviyə öz qohumunun intiqamını ondan alacaq?

Tutduğu vəzifə, Yezidlə arasında olan qohumluq əlaqəsi Vəlid bin Ütbəni yenə də susmağa məcbur edirdi. O, yaxşı bilirdi ki, Mərvan onun ağzından çıxan hər bir sözü Yezidə çatdıracaq. Vəlid bin Ütbə istədi desin ki,ədavəti Əli Əmirəlmöminin(ə) başla­mayıb.  Xəlifə Osmanın ölümündə onun zərrə qədər də günahı yoxdur. Əksinə, Həzrət Əli(ə) xəlifə Os­ma­nın qətlə yetirilməməsi üçün var gücü ilə çalı­şıb, iki oğlu Xəlifə Osmanı axıra kimi mühafızə edib. Çünki bilirdi ki, sənin kimi bəd­xahlar bu qətli gec, ya tez onun üstünə atacaqlar. Ancaq yenə susdu.

-Bir də ki, hakimiyyəti bunlar öz xahişləri ilə əməvilərə verməyiblərmi?.. Həsən ibn Əli ilə Müa­viyə ibn Əbu Süfyan arasında bağlanmış müqaviləni unudub­larmı? Bunu sən gərək Hüseynə xatırladıb Müaviyə ibn Əbu Süfyanın sağlığında Yezid İbn Müaviyə üçün biyət alaydın.

Vəlid bin Ütbə Mərvanın sözlərini cavabsız qo­yub acı-acı gülümsündü. İmam Həsənlə(ə) Müa­viyə arasında bağlanmış müqavilə bənd-bənd onun ya­dında idi. Həmin müqavılənin şərtlərinə görə Müavi­yənin başına bir iş gəlsəydi hakimiyyət yenidən İmam Həsənə(ə) qayıtmalı idi. İmam Həsənin(ə) ba­şı­na bir iş gəlsəydi, vəliəhd Hüseyn ibn Əli(ə) idi. Bir də ki, həmin müqaviləyə görə Müaviyənin xəli­fəliyi müvəqqəti idi. Yezidin xəlifə olması müqavilə şərtlərinə daxil edilməmişdi. Vəlid bin Ütbə bütün bunları bilə-bilə Mərvanın söhbətini dinləməyə və susmağa məcbur idi. O, indi istəsəydi də deyə bil­məz­di ki, İmam Həsənin(ə) zəhərlənməsində  Müavi­yənin əli var. Çirkin hakimiyyət oyununu Əli(ə) və övladları yox, Müaviyə özü oynayıb. İndi də oğlu Yezid həmin oyunu davam etdirir.

Vaxt keçir, Hüseyn ibn Əlidən(ə) bir xəbər çıxmırdı. Uzaqdan gələn at nallarının səsi Mərvanın söhbətinə xitam verdi. Vəlid bin Ütbənin qəzəbdən qaral­mış sifətinə bir işıq gəldi. Addım səsləri yaxın­laşdıqca hər ikisinin narahat baxışları qapıya zilləndi.

İmam Hüseynin(ə) otağa daxil olması ilə Vəlid bin Ütbənin və Mərvanın ayağa qalxması bir oldu. Otaqda elə bil gün doğmuşdu. İmamın əynindəki əba, başındakı əmmamə sanki işıq saçırdı.

Onlar heyrətdən böyümüş gözlərini İmamdan çəkə bilmirdilər.

“İlahi, elə bil Rəsulullahın özüdür. Əba da, əm­mamə də onundur... Ya rəbbim, keç günahımızdan. Yezid bütün dünyanı mənə bağışlasa belə, Rəsulul­lahın istəkli nəvəsinə qıymaram” deyən Vəlid bin Ütbə ürəyində qəti qərarını verdi.

Vəlid bin Ütbə və Mərvan İmam Hüseynə(ə) təzim edib hal-əhval tutdular. İmam Hüseyn(ə) fəhm ilə bura nə üçün çağrıldığını bilsə də nə vali, nə də Mərvan hələlik mətləbə keçməyə cəsarət etmirdilər. Axırda Vəlid bin Ütbə çox böyük üzürxahlıqla dedi:

-Ya Hüseyn, səni bura çağırmağım təhqiramiz bir əmr deyil. Bil və agah ol ki, xəlifə Müaviyə ibn Əbu Süfyan dünyasını dəyişib. İndi xəlifəlik taxtında onun oğlu Yezid əyləşib. O da mənə məktub göndə­rib ki, Hüseyn ibn Əlinin beyətini al.

Adi bir maraq hissi ilə valini dinləyən İmam Hüseyn(ə) dərhal cavab vermədi. İti baxışlarını qar­şı­sındakı adamların narahat çöhrələrində gəzdirdi. Mər­van da, vali də İmam Hüseynin(ə) eşitdiyi xə­bə­rə o qədər də əhəmiyyət vermədiyini görüb heyrət­dən udqunaraq iti baxışların təsirindən sıxıldılar. Məşəllərin güclə işıqlandırdığı otaqda İmamın çöh­rəsi nur saçırdı. Onun Vəlid bin Ütbəyə də Mərvana da yazığı gəldi. İstədi onlara nəsihət verib ibratamiz sözlərlə Yezidin xəlifəliyə layiq olmadığını bildirsin. Ancaq Mərvanın sifətindəki açıq kini görüb fikrini bir qədər dəyişdi. Onun niyyəti baxışından oxu­nur­du. İmam Hüseyn(ə) məsələni davasız, qansız ötüş­dürmək üçün üzünü valiyə tutaraq dilləndi:

-Yəqin ki, mənim yeni xəlifəyə beyətimi təklik­də yox, camaatın qarşısında istəyirsiniz, eləmi,- İmam Hüseyn(ə) onlardan cavab gözləməyib sözünə davam etdi:

-Sabaha qədər gözləyin, gəlib hamının yanında sözümü deyərəm.

Vəlid bin Ütbə çətin işin belə asanlıqla düzəl­diyini görüb sevincini gizlətmədi.

-Nə olar, sabahı da gözləyərik,-dedi.

Kənardan söhbəti izləyən Mərvan valinin çox yum­şaq danışdığından qeyzlənərək sərt bir tərzdə dilləndi:

-Ey Vəlid, əlavə söhbətə ehtiyac yoxdur. Ya indi Yezid ibn Müaviyəyə beyət edilməlidir, ya da qətlinə fərman veriləcək. O, buradan getsə, bir daha onu tapa bilməyəcəksən.

Söhbətin qəfildən belə dəyişəcəyini gözləməyən İmam Hüseyn(ə) qeyzlənib əlini qılıncına ataraq uca səslə dedi:

-Siz kimi qorxuzursunuz?!. İndi ki, belə oldu, mən deyirəm: Allah peyğəmbərinin ailəsindən  bir nəfər də olsun Yezidə  beyət etməyəcəkdir!

Bu sözlərin zərbindən Vəlid bin Ütbənin sifə­tində bir ümidsizlik qırışı yarandı. İmam Hüseyn(ə) bunu sezərək üzünü Vəlid bin Ütbəyə tutdu:

-Əgər şeytan səni də yoldan çıxartsa, bu sarayda qan su yerinə axar. Bil ki, həyətdə məni gözləyən silahlı dəstəm bir çağırışıma bənddir ki, sarayın altını üstünə çevirsin... Mən indi gedirəm, Burada dediklə­rimi sabah camaatın içində də söyləyəcəm.

İmam Hüseyn artıq son sözünü demişdi. Daha burda qalmağa hacət yox idi...

Mərvan ilan kimi qıvrılıb açılır, zəhərini Vəlid bin Ütbənin üstünə tökürdü:

-       Heç səndən bu cəsarətsizliyi gözləmirdim. Sən vali ola-ola gözlədin ki, əvəzinə mən danışam, onu mən həbs edəm, mən qətlə yetirəm. Nahaq bu­rax­dıq onu əlimizdən. Yezid ibn Müaviyə onun kə­sil­miş başını çoxdan gözləyir.

Baş vermiş hadisədən qapqara qaralan Vəlid bin Ütbə daha susa bilmədi. Bir az əvvəl ürəyindən keçənləri dilinə gətirdi:

-Ey Mərvan, bil və agah ol ki, Yezid ibn Müa­viy­ə bütün dünyanı belə mənə bağışlasa, mən Rə­sulul­lahın istəkli nəvəsinə qıymaram. Sən görmədin­mi o, həzrəti Rəsulullaha necə bənzəyir? Mən onu qətlə yetirsəydim o dünyada Həzrəti Mustafa, həzrəti Mürtəza, həzrəti Fatimeyi-Zəhra qarşısında nə cavab verərdim? Ona küfr desəydim dilim yanardı, əl qal­dırsaydım, əlim quruyardı.

-Onda vəzifənə əlvida deyəsi olacaqsan,- deyə Mər­van valinin sözünü kəsdi. - Hələ Yezid ibn Müa­viyə səni təkcə vəzifədən uzaqlaşdırmaqla qurtarsa sevin.

Mərvanın sözündən sonra Vəlid bin Ütbə yenə susdu. O, artıq bu şeytan nökəriylə danışıb söz güləş­dirməyin mənasız olduğunu başa düşmüşdü. Gecə gördüyü yuxu yadına düşdü. Yuxusu çin olmuşdu.

 

            * * *

...Ikinci qasidin Şamdan məktub gətirməsi Vəlid bin Ütbəni yenidən həyacanlandırdı. Bir neçə gün əvvəl keçirdiyi hisslər təkrar olunmağa başladı. Yezid bu dəfəki məktubunda açiq- aydın Hüseyn ibn Əli(ə) beyət etmədiyi təqdirdə onu qətlə yetirməyi, kəsilmiş başını Şama göndərməyi təkid edirdi. Vəlid bin Ütbə birinci namədən fərqlənən ikinci məktubu təkrar-təkrar  oxudu. Bu məktubun yazılmasına Mərvanın səbəb olduğu açıq-aydın görünürdü. Mərvan onun yanından ayrılan kimi birbaşa Şama yola düşmüş, sarayında olan söhbəti Yezidə çatdırmışdı. İndi o, bilmirdi necə etsin ki, həm özünü, həm də İmam Hüseyni(ə) Yezidin qəzə­bindən xilas etsin. Nə qədər fikirləşsə də bir işıq ucu görmədi. Axırda Yezidin məktubunun üzünü köçürt­dürüb üstəlik İmam Hüseynə bir məktub yazdı. Ən yaxın qulamlarından birini çağırıb dedi:

- Bu məktubları gizlincə Hüseyn ibn Əliyə(ə) çatdır. Elə get ki, onunla görüşdüyünü heç kim bilməsin. İmama mənim adımdan ərz et ki, qəlbən, ruhən onunlayam. Qorxum təkcə ondandır ki, məni vəzifədən çıxarıb yerimə başqasını göndərələr. O, da Yezidin əmrini yerinə yetirə. İmama de ki, bu gün-sabah başına çarə qılsın, Mədinəni tərk etsin.

 

* * *

 

İmam Hüseyn(ə) valinin məktubunu oxuduqca hiss edirdi ki, babasının, atasının qoyduğu qaydaları bərpa etmək, müqəddəs İslamı xilas etmək, Allah kəlamı olan Quranın nüfuz və paklığını təmin etmək üçün son nəfəsinə kimi mübarizə aparmalı və döyüş­məlidir. İmam Hüseyn(ə) əslində hər hansı bir müba­ri­zənin əleyhinə idi. Deyərdi ki, mübarizədə sürtün­mə, aşılanma, məhvolma var. Həyatın mənası vəh­dət­də və məhəbbətdədir. Çünki vəhdət və məhəb­bət­də qovuşma, həyat eşqi,yaranma, törəmə var. Allah-taalanın yaratdığı ilahi vəhdət bütün kainatın möv­cud­luğuna səbəbdir. Bu İmam Hüseynin(ə) fəlsəfəsi idi. Ancaq onun indi aparacağı mübarizə ilahi vəh­dətə və məhəbbətə xidmət edirdi, müqəddəs İslamın əlehdarlarına qarşı idi. Bu yoldan onu heç bir qüvvə, heç bir maneə sapdıra bilməzdi. O, öz mübarizəsi ilə zülmün, ədalətsizliyin üzərində qələbə çalmalı, haq­qın, bərabərliyin rəmzinə çevrilməlidir. Bu mübarizə və şəhidlik onun taleyi, qisməti idi. İmam Hüseyn(ə) bu mübarizəyə və şəhidliyə atası Əli əmirəl­mö­mi­nin(ə) qətlə yetirildiyi gündən, böyük qardaşı İmam Həsənə(ə) xəyanət olunan vaxtdan, yalançı və riya­karlar xəlifə taxtını zəbt etdiyi zamandan hazır idi.

İmam Hüseyn(ə) artıq evdə qərar tuta bilmədi. Bu çətin məqamda qəlbinin din yolunda mübarizə eşqilə döyündüyü bir vaxtda babası Həzrəti Rəsulul­lahın(s) mübarək qəbrini ziyarət etməyi qərara aldı. O, kövrəlmiş, bulud kimi dolmuşdu. Öz-özünə tək, qərib və kimsəsiz göründü. Ona görə də Həzrəti Rə­sulullahın(s) mübarək qəbrinə yetişəndə özünü ağla­maq­dan saxlaya bilmədi. Ağlaya-ağlaya üzünü mü­qəd­dəs qəbrin torpağna sürtdü. Təkrar-təkrar təzim edərək salam verdi. Yenə kövrəlib hönkür-hönkür ağ­­ladı. Göz yaşları ilə Rəsulullahın(s) qəbrinə sanki göv­hərlər səpdi. Bütün gününü beləcə ibadətlə, yal­varışlarla keçirdi. Ah-naləsi asimana bülənd oldu. Ağlayıb Rəsulullahdan(s) imdad dilədi. Heç axşamın nə vaxt düşməsini də, necə yuxuya getməsini də hiss etmədi. Yuxuda da ağlaya-ağlaya kömək və imdad istədi. Bu vaxt göy üzü nura qərq oldu. İmam Hü­seyn(ə) başını yuxarı qaldıranda babası həzrəti Rə­sul­ullahı(s) bu nurun içində gördü. İstəkli baba və nə­və illərin həsrətlisi kimi qucaqlaşdı. Həzrəti Rəsul­ullah(s) mübarək əlləriylə nəvəsinin göz yaşını sildi. O, da ağlayırdı. Həzrəti Rəsulullah(s) İmam Hüse­y­nə(ə) nəvaziş göstərib əliylə ucu-bucağı görünməyən səhranı, bu səhranın yanından keçən qurumuş çay yerini göstərdi. Bu düm ağ səhra gü­nə­şin şüası ilə elə işıqlanmışdı ki, sanki od tutub yana­caqdı. Bu işıqlı, ağ səhrada qara-qara nöqtələr də dəydi gözünə. Və bu nöqtələrin biri böyüyüb qara əmmaməli, qara li­baslı insana çevrildi. Seyrək saq­qallı, xırda gözlü, əyri burunlu bu adam qorxunc və əcaib idi. Dodaq­ları arasından çlxan uzun dişi onun əcaibliyini və çirkinliyini daha da artırırdı. Sonra bu ağ səhraya qır­mızı rəngli yağış yağmağa başladı. İmam Hüseyn(ə) bu qırmızı yağışdan islan­dığını və islandıqca da susadığını gördü.

İmam Hüseyn(ə) hövlnak və böyük iztirab içində yuxudan oyandı. O, babasını yuxuda gördüyü üçün həm sevinir, gördüyü əlamətlər barədə düşünüb qəm­gin olurdu. Bir anlığa xəyalı Mədinədən Məkkəyə qanadlandı. Lakin orda da qərar tuta bilmədi. Sonra vida üçün İmam Həsənin(ə) qəbrini ziyarətə getdi. Xəyalən anası Fatimeyi-Zəhra ilə, atası həzrəti Əli(ə) ilə görüşüb vidalaşdı.

İmam Hüseyn(ə) daha Yəsrib torpağında qala bilməzdi. Yezidin son məktubu onun üçün ciddi xə­bər­darlıq idi. Ancaq Mədinə onun üçün doğma və əziz idi. Bu şəhərin az qala hər addımında İmam Hüseynin(ə) bir xatirəsi yaşayırdı. O, gözünü dün­yaya burada açmış, uşaqlığını, gəncliyini bu şəhərdə keçirmişdi. Babası həzrəti Rəsulullahın(s), atası Həz­rəti Əlinin(ə), anası Fatimeyi-Zəhranın təsəllisini bu şəhərdən alırdı. Lakin o, günü sabah bu şəhəri tərk etməli idi. İndi o, hiss edirdi ki, atdığı hər bir addım təhlükəlidir. Bir də ki, hansısa gözəgö­rünməz  qüvvə onu ağır səfərə çıxmağa məcbur edirdi.

Artıq gecə yarıdan keçmişdi. Bu bir günlük izti­rab onu üzsə də gözlərinə yuxu getmirdi. Otağın ha­vası onu sıxdı.O, dərdini kiməsə söyləmək, ürəyini boşaltmaq istəyirdi. Yadına uşaqlığı düşdü. Uşaq vaxtı o, belə darıxanda qardaşı İmam Həsənlə(ə) hə­yətə çıxar, ulduzları seyr edərdilər. İmam Həsəni(ə) xatırlaması onu daha da qəhərləndirdi. Həyətə çıxdı. Bir az tək-tənha addımladı. Dayandı, başını astaca qaldırıb ulduzları seyr etməyə başladı. Baxışlarını ul­duzlardan ayırmadan öz-özünə dilləndi: “Görür­sən­­­mi əziz qardaşım, səndən sonra mənim başım nə­lər çəkir. Səninlə açıq-aşkar döyüşməyə cəsarət et­mə­­­dilər. Ancaq budur, Yezid ev dustaqlığını da mə­nə çox görüb qətlimə fərman verib”. İmam Hü­seyn(ə) bir qədər susdu. Həyətdə var-gəl etdi. Sonra yenə öz-özünə: “Yox, səni qınamıram əziz qardaşım, Bağla­dığın sülh müqavıləsi seçdiyin ən düzgün yol idi. O şərtləri ki, müqaviləyə sən daxil etmişdin, bu gün mən onları əlimdə dəstəmuz tuturam. Həmin sülh müqaviləsi sənin böyük siyasi qələbən idi. Ancaq nə biləydin ki, düşmən hiyləgər, alçaq və rəzildir”.

Bu gecə İmam Hüseyn(ə) üçün çox ağır və mə­şəq­qətli idi. Axşamdan əhli-əyalını, bütün yaxın adam­larını, doğmalarını toplayıb səfər üçün hazırlıq görməyi tapşırmışdı. Bu gecə İmam Hüseynin(ə) Mədinədə son gecəsi idi. Ona görə də doğma şəhərdə son saatlarını röyada keçirmək istəmirdi. O, yenə babası həzrəti Rəsulullahı(s) atası həzrəti Əlini(ə), anası Fatimeyi-Zəhranı xatırladı. Babasının sağlığın­da o, ömrünün ən xoşbəxt günlərini yaşamışdı. Həz­rəti Rəsulullahın(s) ən istəkli əyləncəsi onunla və qar­daşı İmam Həsənlə(ə) bir yerdə olmaq idi. İmam Hüseyn(ə) babasının onu və qardaşı İmam Həsəni(ə) bağda yuxudan oyadıb onları qucağına almasını ya­dına saldı. Beləcə həzrəti Rəsulullah(s) onları məs­cidə apardı. Ətrafındakılar ona kömək etmək istədi­lər­sə də o, buna imkan vermədi. O vaxt həzrəti Rə­sulullah(s) necə də məmnun idi. İmam Hüseyn(ə) özü­nü dünyanın ən xoşbəxti hesab edirdi. Həzrət Rə­sulullahın o vaxt məsciddəki söhbəti İmam Hüsey­nin(ə) qulaqlarında səsləndi:”Hər kim  bu iki uşağı ürəkdən sevsə cənnətdədir. Onlara düşmənçilik edən isə cəhənnəm atəşinə düçar olacaqdır”.

...Karvan hazır idi.İmam Hüseynin(ə) bütün ya­xın adamları, doğmaları onun son zikrini başa çatdır­masını gözləyirdi. Nəhayət İmam Hüseyn(ə) tərpən­mək barədə işarə verdi. Karvan hərəkətə gəldi. Zəndi onu aldatmamışdı. Az qala bütün şəhər əhli onunla vidalaşmaq üçün küçələrə çıxmışdı. Əlbəttə, bu qələ­bəlik­də Yezid bu şəhərə ordu da göndərsəydi heç nəyə nail olmazdı. Şəhərin valisi Vəlid bin Ütbə İma­mı yola salanlar arasında olmasa da uzaqdan baxış­ları ilə karvanı müşaiyət edir,dəvələrin zınqırov səslərini eşitdikcə xoşhal olurdu. O, özündən razı qalmışdı.Yaşının bu ahıl çağında vəzifəyə susamamış, İmamın səfər etməsinə şərait yaratmışdı. Artıq vəzifədə qalıb qalmaması onu narahat etmirdi. O, axirəti, Tanrı dər­gahını düşünürdü. Son məqamda həzrət Rəsulul­la­hın(s) və həzrət Əlinin(ə) yanına alnı açıq gedə­cəkdi. Hiss edirdi ki, İmam Hüseynlə(ə) xoş rəftarı sayə­sində bütün günahları əfv olunacaq, axirət əza­bın­dan xilas ediləcəkdi.

İmam Hüseyn(ə) Mədinədən sakit bir halda, heç bir söz-söhbət olmadan ayrılıb getmək istəyirdi. Ancaq vidalaşmağa gələn insanlar bu son görüşdə onun bəlağətli nitqini eşitmək, söhbət edib xudaha­fiz­ləşmək arzusunda idilər. İmam Hüseyn(ə) ona dikilən qəmli baxışları, kül rənginə çalan sifətləri seyr etdikcə susur və düşünürdü. Onun babası, atası çalışmışdılar ki, bu insanlar xoşbəxt yaşasın, Allahın buyurduğu yolla getsinlər. Bir vaxt Mədinədə hamı­nın üzü gülürdü. Ədalət və bərabərlik insanların ürə­yincə idi. Bu gün isə onlar əzab içərisində yaşayır, zalımların qorxusundan haqqı müdafiə etməyə cəsa­rət etmirdilər. Onun yadına babası həzrət Rsululla­hın(s) vəfatından sonrakı günlər düşdü. Onun ölü­mün­dən sarsılan atası həzrət Əli(ə) inana bilmirdi ki, Həzrət Rəsulullahın(s) nəşi yerdə ola-ola onun ən ya­xın adamları xəlifəlik iddiasına düşə bilər. O vaxt İmam Hüseyn(ə) 7-8 yaşlarında idi. Atası həzrət Əli(ə) onun və qardaşı İmam Həsənin(ə) əlindən tu­ta­raq şəhərə çıxdı. Bir müddət əvvəl – həzrət Rə­sulullahın(s) sağlığında həzrət Əliyə(ə) beyət edən, onu həzrət Rəsulullahın varisi kimi qəbul edən mədi­nəlilər axırda həzrət Əlidən(ə) üz döndərdilər. Ona etdikləri beyəti dandılar. İmam Hüseyn(ə) hələ o vaxt dərk etdi ki, Əhli-Beytə qarşı adamlarda qəsdən düşmənçilik hissi oyadılır. Onun gözlərinin qarşı­sın­da atasının haqqı tapdandı.  Ana­sı Fatimeyi-Zəhra Rəsulullahın(ə) ölümündən sonra elə əzablara dü­çar oldu ki, cəmi yetmiş gün yaşaya bildi. Həzrət Əlinin(ə) tərbiyəsilə böyüyən İmam Hüseyn(ə) haqq yolunda, din yolunda canından keç­məyə hazır idi. Onu heç bir qüvvə Yezidə beyət et­mə­yə məcbur edə bilməzdi. Həzrət Əli(ə) övladı düş­mən qarşısında əyilməkdənsə şəhid olmağı üstün tuturdu. O, hiss edirdi ki, müharibə  meydanında din­siz Yezidə qalib gələ bilməsə də, öz ölümü ilə zəfər çalacaq. Onun qanı Yezidin qılıncına qalib gələcək. Öz şəhidliyi ilə adamları haqqın yoluna qaytaracaq.

Mədinəlilər onu şəhərin kənarına kimi yola sal­dılar. Buradan Məkkəyə karvan yolu başlayırdı. İmam Hüseyn(ə) dörd-beş gündən sonra öz doğum gününü müqəddəs Məkkədə qeyd etmək istəyirdi.

 

***

Artıq Mədinə şəhəri arxada qalmışdı. Qarşıda çox əzablı, məşəqqətli bir yol var idi. Dəvə zınqırov­larının səsi səhranın qum sakitliyində həzin bir mu­siqiyə bənzəyirdi.” Ay işığı səhrada ecazkar bir mənzərə yaratmışdı. Ətraf elə bil süd rəngidə idi Səmadan yer üzünə elə bil nur süzülürdü. Talalanıb salxım-salxım olmuş ul­duzlar bu nurlu, ecazkar mənzərəni daha da röv­nəq­ləndirirdi. Sakitlik idi. Elə sakitlik ki, sanki bir daha bu yerlərdən səs-səmir gəlməyəcəkdi. Atların fın­xırtısı, dəvələrin kövşək çalması və pıçıltılı söh­bətlər bu sakitliyi arabir pozurdu.” Qəm karvanı” da­yan­mışdı. Axşam namazından sonra İmam Hü­seyn(ə) və onun əshabəsi istirahət edirdi. İmam Hü­seyn(ə) otu­rub çənəsini əllərinə dayayaraq dərin fik­rə getmişdi. O, ömrünün əlliyeddinci ilini yaşamasına baxmaya­raq bu günkü  qədər özünü yorğun və əzgin hiss et­məmişdi. Bir gün əvvəl babası həzrət Rəsulullahın(s) qəbrini ziyarət edərkən məzarın ya­nın­da huşa get­məsi, bütün gecəni orada keçirməsi, gördüyü röya, Yezidin sonuncu məktubu, doğma şəhəri tərk etmək məcb­u­riy­yətində qalması onu haldan salmışdı. Ömrünün bu ahıl çağında həyatı dərindən dərk edən İmam Hü­seyn(ə) bu süstlüyünə qarşı qəlbində üsyan qaldırdı. Bir anın içindəcə iradəsini toplayıb yorğun­luğunu üstələdi. O, nə etdiyini, hansı addım atdığını, qarşıda onu hansı hadisələr gözlədiyini yaxşı bılırdi.  Ancaq bir bəşər öv­ladı kimi maddi dünyaya da bağlı idi. Dax­i­lindəki han­sı bir hiss isə onu hələ yaşamağa həvəs­lən­dirirdi. Atası həzrət Əlinin(ə) bir sözü yadına düş­dü: “Mən bu dünyaya üç dəfə təlaq vermişəm”. Tək­rar-təkrar fikrindən keçdi bu sözlər. Elə bil bu sözlər onu yuxu­dan oyatdı. Öz-özünə pıçıldadı: “Əmirəl­möminin(ə) özünə haram bildiyi bu dünyanı mən ha­lal saya bilə­rəmmi?”. Bu sualın ağırlığı onun maddi dünya ilə bağlılığını elə həmin andaca qırdı. Artıq onu şə­hid­lik məqamına yetişib haqq dünyasındakı babası həzrət Rəsulullaha(s), atası həzrət Əliyə(ə), anası Fati­meyi-Zəhraya, qardaşı İmam Həsənə(ə) qovu­ş­maq dü­şün­dürürdü. O, hiss edirdi ki, sözlə, bəla­ğətli nitqlə yox, yalnız Allah yolunda fədakarlıq et­mək­lə insan­ların gözündən nadanlıq pərdəsini götü­rər, Müaviyə ibn Əbu Süfyanın qəlblərə səpdiyi küfr toxumunu yalnız həyatı bahasına təmizləyə bilər.

Atası həzrət Əlinin(ə) sözləri yenə onun qulaq­larında cingildədi: “Mən bu dünyaya üç dəfə təlaq vermişəm”. Bu deyim İmam Hüseynin(ə) bütün var­lığını çulğadı. Yenə yadına uşaqlıq illəri düşdü.  Öz-özünə pıçıldadı: “İlahi, bu qədər dözüm, bu qədər səbr Əmirəlmömində (ə) haradan idi? İyirmi beş il necə dözdü o məşəqqətlərə? Hər addımda haqqı tap­dandı, hüquqları əlindən alındı. Ancaq o, dözdü, səbr etdi. Bu qədər haqsızlığı, ədalətsizliyi görən Əmirəl­möminin(ə) bütün iztirab və məşəqqətlərini bir cüm­lə ilə necə də gözəl ifadə etmişdir”.

İmam Hüseyn atası barədə düşündükcə babası həzrət Rəsulullahdan(ə) eşitdiyi sözləri xatırladı: “Ya Əli sənin ətin mənim ətimdən, qanın mənim qa­nımdandır”.

İmam Hüseyn(ə)  bilirdi ki, indi o, ilahi nurun daşıyıcısıdır. Damarlarından axan adi yox, ali, pak bir qandır. Və onun hər addımı Bö­yük Yaradanın nəzarətindədir. Artıq onun bu göz­qamaşdırıcı, haq­sız­lıq, ədalətsizliklə dolu olan dün­yadan ayrılıb haqqa qovuşmaq məqamı yaxın­laşmaq üzrədir. Ancaq o, əl-qolunu yanına salıb, sakit bir halda zülmə və zülümkara təslim olmaq fikrindən də uzaq idi. Din uğrunda son nəfəsinə kimi çarpışacağını qət etmişdi.

Hələ Məkkəyə bir günlük yol var idi. Bu yol onun üçün doğma və əziz idi. Bir vaxtlar babası həz­rət Rəsulullah(s) Məkkədən Mədinəyə hicrət edərkən bu yolla gəlmiş,Məkkəni fəth edən qoşun da bu yolla hərəkət etmişdi. O, bu yolun hər addımından atası­nın, babasının təsəllisini alır, baxışları ilə “Fai-Sövr” mağarasının nə vaxt görünəcəyini axtarırdı. Babası həzrət Rəsulullah(s) Məkkə kafirlərinin əlindən qa-çarkən  bu mağarada sığınacaq tapmış, həyatını xilas etmişdi.

Karvan ağır-ağır irəliləyirdi. Həcc ziyarətinə ge­dən zəvvarlar yolda bu karvana qoşulur, İmam Hü­seyni(ə) ziyarət edirdilər. İmam Hüseyn onu ziyarət edənlərlə söhbət edir, öz məqsədini gizlətmədən açıq-aşkar elan edirdi ki, Yezidin xəlifə olması İslam üçün təhqirdir. Dinsiz,  bir adamın zülmünə dözmək Allah dərgahında günah işlətmək kimi qəbul olunur.

 

* * *

 

At üstündə qara yumağa bənzəyən çapar gecənin qaranlığında şəhər darvazasından içəri keçən kimi daş döşənmiş dar küçələrlə atını dördnala çapdı. Xə­lifə qasidlərinin bu adətinə Şam şəhərinin sakinləri çoxdan öyrəncəli idilər. Qasidlər bu cür hərəkətlə apa­­rıb-gətirdikləri namənin, məlumatın nə qədər vacib olduğunu nümayiş etdirmək istəyirdilər. Ona görə də şəhər sakinləri bu çaparları uzaqdan görən kimi onlara yol verir, özlərinə bir xətər toxunmasın deyə kənara çəkilirdilər. Çaparın qarşısını kəsən, ona qəsdən, ya təsadüfən mane olan hər kəs ciddi cəzala­nırdı. Şam sakinlərinin bəxtindən Mədinədən qayı­dan qasidin gəlişi gecə yarıya düşmüşdü. Küçələr kimsəsiz və sakit idi. Ancaq at nalının yola döşənmiş daşlardan çıxardığı səsləri gecənin bu sakitliyində az qala bütün şəhər sakinləri eşidirdi. Qara yumağa bən­zəyən şapar sarayın qarşısında atının cilovunu çəkib cəld bir hərəkətlə yerə sıçradı. Əlində tutduğu qamçının dəstəyi ilə bağlı darvazanı döyəclədi. Ge­cə­dən xeyli keçdiyindən səs-səmir gəlmədi. Hövsə­ləsiz çapar ətrafa boylanıb bir də darvazanı möhkəm döydü. Atın isti nəfəsini qulağının dibində hiss edən­də əsəbləşib geri çəkildi. Atın tərli sinəsinə qəzəblə bir qamçı çəkdi. Bu zərbəni gözləməyən at gözləri böyümüş halda yana çəkilib qabaq ayaqlarını şahə qaldıraraq ucadan fınxırıb kişnədi. Qasid bir az çevik tərpənməsəydi atın zərbəsindən qurtara bilməyəcək­di. O, tez müvazinətini düzəldib cilovu özünə tərəf çək­di. Dəli kimi darvazaya tərəf çevrilib bağırdı: “Harda qırılmısınız, məlunlar, mürtədlər, qapını açın!” Darvazanın o tərəfindən əvvəlcə tələsik addım səsləri, sonra isə cəftə cırıltısı eşidildi. Qasid qapıda içəri keçən kimi mürgülü gözətçılərin şişman göz­lərinə baxıb əlini qılıncının dəstəyinə ataraq qəzəblə dilləndi: “Əlimdə ixtiyar olsaydı ikinizin də başını bir zərbə ilə üzərdim”.

Qasid bunu deyib atın cilovunu hikkə ilə bala­caboy, seyrək saqqallı gözətçinin üstünə atdı. Sonra iti addımlarla saraya tərəf cumdu.

Nə baş verdiyini hələ tam anlamayan, yuxulu gözləri ilə bir-birini key-key süzən gözətçilər bir müddət yerlərindən tərpənmədilər. Sonra boyda yol­da­şından hündür olan sıx qara saqqallı gözətçi pərt­liyini biruzə vermək istəmədiyi üçün zorla gülüm­səyərək dilləndi:

-Bu Əbu Yəhya qasid olandan bəri yaman qudu­rub ha!.. Dünən bir, bu gün iki, gördün necə hökmlü danışdı?..

Balacaboy gözətçi yoldaşının bu sözündən ürəklənərək dilləndi:

-Gördüm, qudurmuş sözünü yaxşı dedin. Qızar­mış gözləri doğrudan da quduzlaşmış köpək gözünə oxşayırdı. İnsan gözü də qaranlıqda işıq saçarmış.

Birdən hündürboy gözətçinin dodaqlarında gülüş dondu. Yadına qəfildən nəsə düşən adamlar kimi:- Lağ-lağı eləməyi burax getsin. Bil ki, onun kimliyini soruşmamış qapını açdığımıza görə sabah rəis tərə­findən ciddi cəzalana bilərik.

Balacaboy gözətçinin əvvəlcə sözü ağzında ya­rım­çıq qaldı. Sonra heç nə olmayıbmış kimi əlini yellədi:

-Sənin də başına söz qəhətdir? Əbu Yəhyanın səsini tanımırıq ki, onun kimliyini soruşaq?

-Tanıdın, tanımadın, dəxli yoxdur. Eşitmədin təzə rəis dünən nə dedi?

Balacaboy gözətçi söhbətin səmtini dəyişərək astadan pıçıltı ilə dilləndi:

-Eşitməyinə eşitdim. Sən də onu bil ki, hələ çox şeylər dəyişəcək. Nə qədər ki, Müaviyə sağ idi, Ye­zi­din əl-ayağı o qədər açılmırdı. Dünən rəis dəyişdi, sabah kimlər vəzifədən götürüləcək, kimlərin başı ni­zələrə taxılıb şəhərdə gəzdiriləcək, Allah bilir. Bu Ye­­zidi mən lap uşaqlıqdan tanıyıram. Bu yad tərbi­yəsi görüb, kafir qızının qarnından çıxıb, müsəl­manın qənimi kimi tərbiyələndirilib. Sən qorx ki, öz bəd əməlləri ilə atasına rəhmət oxuda.

-Suss... Yavaş danış. Deyəsən sənin də başın bə­də­ninə ağırlıq edir, - deyə hündürboy gözətçi dostu­na acıqlanıb söhbəti kəsdi.

Qasid ikincı gözətçi məntəqəsində ləngiyəcəyini heç ağlına da gətirmirdi. Bu vəzifəyə təzə keçən və həmin gün də çox məxfi bir məktubla Mədinəyə yola düşən qasid getdiyi yerdən əliboş gəldiyi üçün onu nə gözlədiyini hələ bilmirdi. Təkcə onu bilirdi ki, xəlifə qasidinin qarşısını heç kim kəsə bilməz. Yal­nız xəlifəyə hesabat verə bilər.

Qapı gözətçilərindən fərqli olaraq saray mühafi­zəçiləri onu əllərində sıyırma qılınc qarşıladılar. Qa­pı­ya çatmağa bir neçə addım qalmış onlardan biri qorxunc səslə dilləndi:

- Dayan! Bir addım da irəli gəlsən başını bədə­nindən üzərəm!

Qulaqlarına inanmayan qasid bu səsin vahimə­sindən qorxaraq yerində mıxlanıb qaldı. Saray müha­fizəçilərinin böyüyü əli qılıncının dəstəyində bir-iki addım irəli gələrək qasidin üstünə bağırdı:

-Sən kimsən və bu vaxt burda nə gəzirsən?

 Qaranlıqda onun qarşısını divar kimi kəsən bu bədheybət vücudun səsindən qasidin canına üşütmə düşdü. Ancaq tez özünü ələ alıb əsəbi halda cavab verdi:

-Xəlifənin qasidiyəm. Məni Yezid ibn Müaviyə özü şəxsən göndərib və mənim gəlişimi, cavabımı gözləyir.

Öz sözündən ürəklənən qasid irəli şığımaq istədi. Ancaq sinəsinə dirənən qılınc ay işığında parıldayıb bərq vurdu. O, özünü yığışdırmağa, təkəbbüründən əl çəkməyə məcbur oldu. Saray mühafizəçisi bu dəfə daha qətiyyətlə dilləndi:

-Dayan sənə dedim! Yoxsa başını üzərəm.

Saray qaydalarını yaxşı bilən bu mühafizıçi hələ darvazada ikən qasidin hərəkətlərinə, yerişinə uzaq­dan göz qoymuşdu. O, sarayda təzə vəzifə almış bu cavana bir balaca dərs vermək istəyirdi. Dindən dö­nüb Yezidə rəğbət bəsləyənlərə, onun qulluğunda du­ranlara nifrətini gizlətmirdi. Bilirdi ki, Yezidin təzə təyin etdiyi mühafizə rəisi onu cəzalandırmaq üçün bəhanə axtarır. Çünki atası vaxtı ilə Həzrət Əlinin(ə) tərəfdarı olub. Bunu onun üzünə vur­ma­sa­lar da özünün Yezidin hərəkətlərinə dözə bilməyəcə­yinə əmin idi. O, sarayda qulluq etsə də evdə həzrət Əli(ə) tərbiyəsi alırdı. Artıq o, eşitmişdi ki, Yezid İmam Hüseyndən(ə) beyət almaq üçün sərt tədbirlər görməyə başlayıb. O, İmam Hüseynin(ə) bir dəfə üzü­­nü görmək, onun səsini eşitmək, həzrət Rə­sul­ul­lahın(s) ətrini ondan almaq üçün bütün varlığından ke­çərdi. Müaviyənin zülmündən təngə gəlmiş bu ca­van əsgər haqq uğrunda, din yolunda çarpışmaq, vu­ruşmaq istəyirdi. Atasının”Siffeyn” davasında həz­­rət Əlinin(ə) ordusunu tərk edib Müaviyə tərəfə keçməsi onun günahı deyildi. Sadəcə əsgər yoldaş­larının fe­linə uymuşdu. Atası bu səhvi özünə ba­ğış­la­mamış, elə bu qəbahətinə görə tövbə edə-edə dünya­dan köç­müşdü. Cavan əsgər Şamda yaşasa da, ətra­fında­kı­ların kim olduğunu bilsə də qəlbən həzrət Əli tərəf­darı idi.

-Sən əminmisən ki, xəlifə həzrətləri indi sənin gəlişini gözləyir? - Deyə mühafizəçi zorla gülüm­sə­yərək qasiddən soruşdu.

-Əlbəttə, mənim qarşımı kəsməyə sizin ixtiyarı­nız yoxdur. Mən xəlifənin qasidiyəm. Ona cavab gətirmişəm.

-Hanı gətirdiyin cavab? - Deyə mühafizəçi sərt halda dilləndi.

-Bunun sənə dəxli yoxdur. Məni xəlifənin hüzu­runa ötürün.

Arxada dayanmış mühafizəçilər təzə qasidin bu cür cavabına gülüşdülər. Ancaq qasidin qarşısını kə­sən mühafizəçi təmkinini pozmadan, bir qədər kina­yə ilə soruşdu:

-Deyirsən indi, gecənin bu vaxtında sənə görə xəlifə həzrətlərini yuxudan oyadaq.

Qasid səhv etdiyini artıq anlamışdı. Əgər indi mühafizəçılər onu xəlifənin hüzuruna aparsaydılar da danışa bilməzdi. Onu maraqlandıran yalnız xəlifənin hüzurunda olmaq, ona baş əymək, nə tapşırsa canla-başla yerinə yetirmək idi.

 

*  *  *

Gözünü yuxudan təzə açmış Yezid bu səhər özü­nü qəsdən yox,elə həqiqətən qəmli adamlar kimi aparırdı. Gecə kef məclisində içdiyi şərabın təsiri hə­lə başından getməmişdi. Şəxsi qulamının onun qula­ğına dediyi sözlərdən sonra Yezid özünə gələrək qulama tərəf çevrilərək amiranə bir səslə:

-Çağırın gəlsin görək Mədinədən nə xəbərlə qayıdıb. - Dedi.

Qapıdan içəri girib diz çökən qasidin əslində heç ayağa qalxmaq, Yezidlə danışmaq hünəri qalmamıdı. Nəhayət, Yezid qasidin ayağa qalxıb irəli gəlmədi­yini görüb qəzəblə dilləndi:

-Nə daş kimi düşüb qaldın orda. Yaxın gəl gö­rüm, Mədinədən nə xəbər gətirmisən?

Qasid xəlifənin bu sözündən sonra ayağa qalxsa da, nə deyəcəyini bilmədi. Elə doğrudan da daş kimi düşüb yerində qaldı.

-Hə,-deyə Yezid qasidin nəzakətindən qeyzlənib səsini ucaltdı, onun danışmasını gözlədi.

-Qibleyi-aləm, məlumunuz olsun ki...

-Qurtar. Kəsə de görüm,-deyə Yezid baxışlarını qasidin üzündə saxladı.

-Məktubu çatdırdım Vəlid bin Ütbəyə... Sonra...

-Sonra nə? Nə dedi vali?

-Qibleyi-aləm... Hüseyn ibn Əli Mədinəni tərk etdi. Öz əhli-əyalı, qohumları, əshabəsi ilə birlikdə Məkkəyə yola düşdü.

-Sən nə danışırsan?..

-Qibleyi-aləm mənə yazığınız gəlsin...

Yezidin rəngi ağarmış, gözləri hədəqədən çıx­mışdı. O, ayağa qalxıb yenidən oturdu. Üzünü saray­da­kılara tutub var səsi ilə bağırdı:

-Nə danışır bu mürtəd. Hanı mənım ikinci məktubumun cavabı?..Hanı mənə beyət etmə­yənlərin kəsilmiş başları?.. Mərvan hər şeyi düz deyirmiş, Mədinənin də, Məkkənin də dağılmaqdan başqa çarəsi yoxdur.

Qasid Yezidin bağırtısındanbu huşunu itirdi. Tappıltı ilə döşəməyə sərildi, xırıltı və inilti qarışıq bir səs çı­xart­dı. Qəfil yerindən sıçrayan Yezid yaxına gəlib onu təpikləməyə başladı. Gözlənilmədən dayandı və ani fikirdən sonra əmr etdi:

-Aparın bu iti burdan.

Mühafizəçilər qasidi bir göz qırpımında sürüyüb otaqdan çıxartdılar.

Yezidin hirsi hələ soyumamışdı. Onun daxilin­dəki çürüklük kəsik-qırıq ifadələrlə, ədəbsiz sözlərlə, ölçüsüz əl-qol hərəkətləri ilə zahirə çıxırdı. O, ha­mını söymək, incitmək, qovmaq istəyirdi.

-Rədd olun hamınız burdan, mürtədlər!

Bir neçə gün sonra Mədinədən, özünün daha yaxın adamlarından gələn bir xəbərdən öyrəndi ki, bütün işlərin səbəbkarə vali özüdür.  O, qəsdən förmanı icra etməmiş, bilərəkdən Hüseyn ibn Əlinin(ə) öz əhli-əyalı və qohumları, yaxın tərəfdarları birlikdə Mək­kəyə getməsinə şərait yaratmışdır. Buna görə də Ye­zid Mədinə valisinin vəzifəsindən azad olması barə­də fərman verdi.

İmam Hüseynin(ə) Məkkəyə getməsi işi bir qədər çətinləşdirmişdi. Yezid yaxşı bilirdi ki, məkkə­lilərin Əhli-Beytə rəğbəti böyükdür. Orda Hüseyn ibn Əlini(ə) açıq-aşkar camaatın gözü qabağında ara­dan götürmək mümkün olmayacaqdı. Əgər o, belə bir tədbirə əl atsa, Məkkə əyanlarını öz üzərinə qal­dıracaqdı. Ona görə də dərindən fikirləşib hiyləyə əl atmaq qərarına gəldi. Bir tərəfdən də kufəlilərin Əh­li-Beytə, xüsusilə Hüseyn ibn Əliyə(ə) meylli olma­ları Yezidi daha ehtiyatlı olmağa məcbur edirdi. Əgər Kufə, Mədinə və Məkkə əhalisi Hüseyn ibn Əlinin(ə) tərəfinə keçsə, təzəcə keçdiyi taxtında rahat otura bilməyəcəyi bəri başdan ona bəlli idi.

Yezid düşünür, var-gəl edir İmam Hüseynin(ə) timsalında çox güclü bir rəqiblə qarşılaşdığını duyur­du. Lap uşaqlıqdan qəlbində gizli saxladığı Məkkəni və Mədinəni darmadağın edib yer üzündən silmək, əhalisini qılıncdan keçirmək, Kəbə evini dağıtmaq, Şamı İslam dünyasının mərkəzinə şevirmək özünü Misir fironları kimi müqəddəsləşdirib ali məqama şatdırmaq arzusunu arxa plana şəkdi. “Ey Məkkə və Mədinə sizin daşınızı daş üstündə qoymayacam. Ata­mın, babamın, nənəmin qisasını alacam. Amma indi yox, sonra.” Öz-özünə pışıltı ilə danışan Yezid pən­cərə önündə dayanıb həyəti seyr etməyə başladı. Sa-rayın keçıd qapısında gözətçiləri dəyişən mühafizə rəisini görcək ağlına başqa fikirlər gəldi. Özünün həmyaşıdı olan bu ucaboy gənc bütün ov səfərlərində onunla birlikdə olmuşdu. Taxta çıxdığı gündən onu inanılmış adamı kimi mühafizə dəstəsinə rəis təyin etmişdi. Yezid artıq onu bütün sınaqlardan çıxarmış, etibarlı adam kimi özünə tərəf çəkmişdi. Buna görə də o, ağlına gələn fikri onunla bölüşmək üçün göz­lə­rini pəncərədən çəkmədən əlini əlinə vuraraq qula­mını çağırdı. Qapının açılması ilə qulamın içəri daxil olması bir oldu. Yezid nəzərlərini keçid qapısından çəkmədən ötkəm halda dilləndi:

-Tez mühafizə rəsini çağır yanıma!

Qulam gedəndən sonra Yezid pəncərədən ayrılıb dəli  adamlar kimi ucadan qəh-qəh çəkdi. Sonra ciddiləşib ancaq özü eşidəcəyi səslə:

-Mən səni atan Əlinin doğulduğu Kəbə evinin yanında öldürəcəm, Hüseyn! – Deyə pıçıldadı. – Sən mənə mane ola bilməzsən. Dövlət işi paklığı və mü­qəddəsliyi sevmir. Taxtı ancaq hiylə və siyasətlə qo­ruyub saxlamaq olar. Atan Əlinin, Qardaşın Həsə­nin getdiyi yerə göndərəcəm səni.

- Əmrinizə müntəzirəm, qibleyi -aləm. – Təzə mühafizə rəisi bunu deyib qapının yanında diz çıkdü.

-Qalx yanıma gəl! – Deyə Yezid keçib taxtında əyləşdi.

Təzə mühafizə rəisi bütün varlığı ilə Yezidə diqqət kəsildi.

-Ov üçün darıxmamısan?..

Təzə mühafizə rəisi bu qəfil sualı gözləmədiyindən nə cavab verəcəyini bilmədi. Yezid mühafizə rəisinin çaşdığını görüb gülümsündü. Öz sualına özü cavab verdi:

- Darıxma, bu yaxınlarda elə bir ov təşkil edəcəm ki, özün də mat qalacaqsan. İndiyə kimi birlikdə edəcəyimiz ovlar kölgədə qalacaq.

Təzə mühafizə rəisi gülümsəməklə Yezidin sözünü təsdiqlədi.

Yezid sözünə davam etdi:

-Ancaq Allaha ibadət daha vacibdir.

Təzə mühafizə rəsi yenə çaşqınlıqla susdu. Yezidin nə demək istədiyini müəyyən etməkdə çətinlik çəkdi.

Yezid sifətinə sərt  bir görkəm verib ciddi bir tərzdə sözünə davam etdi:

-Hazırlaş Həcc mərasiminə. Həm Allah evini ziyarət edərsən, həm də xilafətin mənafeyi naminə bir tapşırığı yerinə yetirərsən.

-Nə tapşırığınız olsa, yerinə yetirməyə hazıram. Tə­ki siz mənə əmr edin, qibleyi-aləm,- deyən təzə mü­hafizə rəisi yaltaq bir görkəm alaraq yumşaq­casına dilləndi.

-Mənim düşmənim kimdir, bilirsənmi?- Deyə Ye­zid qəfildən soruşdu. Və gözlərini qıyıb sınayıcı bir nəzərlə mühafizə rəisinə baxdı.

Təzə mühafizə rəisi həm qəfil verilmiş sualın, həm də Yezidin kəskin baxışlarının ağırlığından özü­nü itirən kimi oldu. Bir anlığa fikrə getdi. Cavab tapmaqda çətinlik çəkmədi. Sonra dərs əzbərləyən uşaq cəldliyi ilə cavab verdi:

-Hüseyn ibn Əli!..

Təzə mühafizə rəisinin bu hazırcavablığı Yezidin ürəyincə oldu və ov söhbətini bir kənara qoyub birbaşa mətləbə keçdi:

-Həcc mərasimində Hüseyn ibn Əlinin başı bə­də­nindən üzülməlidir. Vaxta o qədər də çox qal­ma­yıb. Xüsusi bir dəstə hazırla. Elə bir dəstə ki, külək kimi gözə görünməsin. Qılıncdan iti, oxdan sürətli olsun. Bir sözlə, cəld, sərt və dəqiq iş görsün. Vəssə­lam. Dəstə tam hazır olanda mənə məlumat ver.

...Gecədən xeyli keçməsinə baxmayaraq, Yezid İmam Hüseyni(ə) necə qətlə yetirmək barədə düşü­nürdü. Atası Müaviyənin vəsiyyətinə görə həzrət Əli(ə) övadlarını ortadan götürməmiş heç bir ciddi iş görmək istəmirdi. İndi onu yalnız və yalnız beyətdən çəkinən İmam Hüseyni(ə) məhv eləmək düşün­dü­rürdü.

 

*  *  *

 


Qədim Hicaz torpağının hər qarışı İmam Hü­seyn(ə) üçün doğma və əziz idi. Bu torpaq onun ulu məskəni, atasının, babasının doğulub boya-başa çat­dı­ğı yer idi. O, Mədinədə doğulsa da, həmişə Mək­kəni ulu vətəni hesab etmişdi.

Məkkə əyanları İmam Hüseynin(ə) gəlişindən həd­siz şad olmuşdular. Onlar hər gün İmam Hü­seyni(ə) ziyarət edir, məsciddə ondan arxada sıral­a­nıb namaz qılır, onu darıxmağa, qəm-qüssə çəkməyə qoymurdular. Ancaq özünü qəzavü-qədərin ixtiya­rına buraxan İmam Hüseyn(ə)ötən hər bir günü iztirab və məşəqqət içərisində keçirirdi. O, adamlarla söhbətləşsə də, onların məsləhətinə qulaq assa da, fikri-xəyalı xilafəti təmizləyib möhkəmlən­dirməkdə idi. O, qanı və canı bahasına olsa da dözülməz zülmə qalib gəlməli, müqəddəs İslama nicat gətirməli idi. İmam Hüseyn(ə) gedəcəyi yolun əzablarını görürdü. O, bu əzaba hazır idi. Allah-Taalanın baba­sına nazil etdiyi Quranın müqəddəsliyini qorumaq, insanların beynində İslamla bağlı çevriliş yaratmq üçün bütün işgəncələri qəbul etmişdi. Ancaq müqəd­dəs şəhidlik məqamına yetmək üçün hələ o, müba­rizə aparmalı, döyüşməli idi. Buna görə də İmam Hüseyn(ə) özü istəsə belə Məkkədə adi və süst bir həyat keçirə bilmirdi. Onun bütün söhbətləri, xüt­bələri adı müqəddəs İslama ləkə vuran Yezid və onun zülümkar hakimiyyətinə qarşı yönəlmişdi.

İmam Hüseynin(ə) Mədinədən Məkkəyə gəlməsi və Yezidə beyət etməkdən imtina edib ona qarşı çıx­ması ildırım sürəti ilə xilafətin bütün şəhər və əya­lətlərinə yayılır, söhbətlərin baş mövzusuna çevri­lirdi. İmam Hüseynin(ə) Məkkəyə gəlişindən xəbər tutan Kufə əyanları da onun ətrafında birləşib Yezidi devirmək üçün söhbətlər aparırdılar. Kufə əyanları­nın bir dəstəsinin yazdığı məktub artıq İmam Hüsey­nin(ə) əlində idi.

Kufədən gələn ilk məktubu şam işığında dönə-dönə oxuyan  İmam Hüseyn(ə) xeyli fikrə getdi. “D­eməli, zülm zəncirini qırıb parçalamaq istəyən kişilər var imiş. Deməli, haqqın, ədalətin sırası hələ tam pozulmayıbmış...”

Bu ilk məktub İmam Hüseyni(ə) riqqətə gətirdi, kövrəltdi. Onun hislərini coşdurdu. Mübarizəyə ruh­lan­dırdı. Hiss etdi ki, zülm və haqsızlığa qarşı apar­dığı mübarizədə tək olmayacaq.Elə günü sabah o, Kufəyə yola düşməyə hazır idi. Ancaq bu vaxt Mək­kəyə gələrkən yolda onu ziyarət edən zəvvarlardan birinin dediyi sözlər qulaqlarında səsləndi: “Kufəli­lə­rə heç vaxt bel bağlama, onların vədlərinə inanma”. İmam Hüseyn(ə) ayağa qalxıb var-gəl etdi. Gecədən xeyli keçdiyindən dərdini bölüşmək, məsləhətləşmək üçün kimsə oyaq deyildi. O, yenə ulduzları seyr et­mək, səhranın gecə sakitliyində tənha qalmaq üçün həyətə çıxdı. Qəribə idi. Burda ulduzlar ona daha yaxın göründü. O, üzünü təzə çıxmış aya tərəf tutub salavat çevirdi. Ay işığında Kəbə evini, səmaya di­kə­lən məscid minarələrini seyr etdi. Ürəyindən əzan sə­si eşitmək keçdi. Ancaq hələ məscid minarələrin­dən eşidiləcək sübh əzanına çox var idi. “Bəs Burir ibn Xuzeyrin səsi niyə gəlmir?” - Deyə İmam Hü­seyn(ə) öz-özünə narahat oldu. Sonra asta addımlarla qonşu evə yaxınlaşdı. Bir neçə addım atmamış şirin Quran avazı onun şübhələrinə son qoydu. Neçə illər idi ki, bu mömin insan hər gecə Quran qiraət edirdi. İmam Hüseyn(ə) ona “Seyyidül-Qürra” adı vermişdi. Sey­yi­dül-Qürranın şirin avazı gecənin bu sakitliyində İmam Hüseynin(ə) tarıma çəkilmiş, gərilmiş əsəb­lərinə sığal çəkdi. O, bu qoca abidə mane olmamaq üçün yenidən həyətdə var-gəl etməyə başladı. İndi onun müsahibi ulduzlar idi. O, səmanın ulu əngin­liyində sanki babası Rəsulullahın(s) vəd etdiyi əbədi məkanı axtarırdı.

Kufədən bir-birinin ardınca məktublar gəlməsinə baxmayaraq İmam Hüseyn(ə) hələ qəti sözünü de­mə­mişdi. Nə isə daxilindəki gizli bir qüvvə Kufədən gələn adamlarla açıq danışmaqdan onu çəkindirirdi. Çox ehtiyatla hərəkət edən İmam Hüseyn(ə) özündən əvvəl Kufəyə nümayəndə göndərməyi qərara aldı. Bu nümayəndə elə adam olmalıydı ki, ona daha səhih məlumat verə bilsin. Yalnız həmin nümayən­dənin (hə) cavabından sonra İmam Hüseyn(ə) Kufə­yə yollana bilərdi. “Bəs Kufəyə kimi göndərməli?” – Deyə İmam Hüseyn(ə) fikirləşdi. Bütün dostla rını, əshabələrini xəyalında canlandırdı. Əhli-Beytin tale­yi ilə, hakimiyyət dəyişikliyi ilə, İslamın gələcəyi ilə bağlı olan bu suala əlbəttə, cavab tapmaq çətin idi. Ku­fə­yə gedən adam həm nüfuzlu, həm siyasətcil, həm də cəngavər bir döyüşcü olmalı idi. İmam Hü­seyn(ə) fikirləşə-fikirləşə yenə nəzərlərini səmaya dikdi. Sanki bu çətin suala cavab tapmaqda ulu göy­lər­dən imdad dilədi. Bir də onunla birlikdə olan əs­ha­bələrini xəyalında canlandırdı. Müslüm ibn Əqilin adını öz-özünə pıçıldayarkən nəyi isə kəşf eləmiş adamlar kimi ucadan dilləndi: “Bəli, bu işin öhdə­sindən mənim ən yaxın sirdaşım, əmim oğlu Müslüm ibn Əqil gələ bilər”.

İmam Hüseyn(ə) öz səsinə özü diksindi. Elə gecənin bu vədəsində onu yuxudan oyadıb tapşırığını vermək istədi. Ancaq hansı bir qüvvəsə onu səbrli olmağa məcbur etdi.

 

*  *  *

 

-Mən sənə özüm kimi inanıram Müslüm ibn Əqil. Sən mənə qardaşım qədər yaxın və doğmasan. Ona görə də kufəlilərin məktublarına cavab olaraq səni elçi kimi ora göndərirəm. Əhli-Beytin taleyi sə­nin fəaliyyətindən və cavabından asılıdır. Mən yal­nız sənin ordan yazacağın razılıq məktubundan sonra Kufəyə hərəkət edəcəyəm.

İmam Hüseyn(ə) bu sözləri deyib diqqətlə Müs­lüm ibn Əqilin gözlərinə baxdı. Yox, bu sınayıcı nə­zər deyildi. Müslüm ibn Əqil artıq çox imtahandan üzü ağ çıxmış, yaxın bir qohum kimi İmam Hü­sey­nə(ə) sədaqətlə xidmət göstərmişdi. Sadəcə o, Müs­lümün baxışlarındakı sədaqətin əksini görmək üçün nəzərlərini ona tuşlamışdı.

Çoxlarının qaradinməz hesab etdiyi Müslüm ibn Əqil əslində danışmaqdan daha çox iş görməyi, fəa­liyyət göstərməyi xoşlayırdı. Bütün varlığı ilə İmam Hüseynə(ə) bağlı olan Müslüm ibn Əqil indi də onun hər bir əmrini yerinə yetirməyə hazır idi. Ən məsu­liyyətli işin ona həvalə edilməsi Müslüm ibn Əqili qəlbən sevindirirdi. Ancaq nə minnətdarlıq edip se­vincini bildirməyə, nə də görəcəyi iş barədə söhbət etməyə söz tapmırdı. Ona görə də verəcəyi cavabı ge­cikdirirdi. Lakin İmam Hüseynin(ə) zəndlə ona baxdığını, cavab gözlədiyini görüb qeyri-ixtiyari dilləndi:

-Kufəyə nə vaxt çıxmalıyam?

-Elə bu gün, elə indi,- deyə İmam Hüseyn(ə) coş­­qunluqla bildirdi. O, ötən hər anın, hər günün Yezidin xeyrinə olduğunu söylədi. Ona görə də bu din düşməninə qarşı qəzəbini soyuda bilmirdi. Əlin­də ixtiyar olsaydı müqəddəs İslama ləkə gətirən Ye­zidi devirmək üçün elə indi Şama qoşun çəkərdi.

Müslüm ibn Əqilin şücaəti İmam Hüseyni(ə) zülm və haqsızlığa qarşı mübarizəyə coşdurmuşdu. O, Müslüm ibn Əqili Kufəyə yola salandan sonra bütün İslam vilayətlərindəki nüfuzlu adamlara mək­tub­lar yazmağa başladı Bu məktublar müxtəlif ün­vanlara göndərilsə də, məzmun təxminən eyni idi. İslamı xilas etmək üçün ayağa qalxmalı, Yezidə qar­şı mübarizə aparmalı.

 

*  *  *

 

Həmişə ictimai mərkəz olan Kufə yenə də od üstündəki qazan kimi qaynayırdı. Bazar və dükanlar bağlanan kimi adamlar bir yerə toplaşır, son hadisə­lərdən – Yezidin hakimiyyətə gəlməsindən, İmam Hü­sey­nin(ə) Mədinədən Məkkəyə getməsindən danı­şır­dılar. Müslüm ibn Əqilin şəhərdə peyda olması kufəliləri daha da ruhlandırmış, Yezid hakimiyyətinə qarşı etiraz dalğasını daha da gücləndirmişdi. Qısa müddət ərzində on səkkiz min nəfərdən çox adamın İmam Hüseynə(ə) beyət etməsi Müslüm ibn Əqili Məkkəyə məktub yazıb İmam Hüseyni(ə) Kufəyə çağırmağa sövq etdi.

Şəhər valisi Hüman ibn Bəşir öz sarayında heç bir sözü, əmri eşidilməyən quru bir müqəvvaya, bəd­bəxt bir insana çevrilmişdi. O, dəfələrlə şəhər əyan­ları ilə söhbət edip onları Müslüm ibn Əqil ilə həm­fikir olmaqdan yayındırmağa çalışsa da sözlərini eşi­dən olmamışdı. O, bir tərəfdən xalqın qəzəbindən qorx­­duğından, digər tərəfdən daxılində Əhli-Beytə rəğbət olduğundan Müslüm ibn Əqil barədə ciddi tədbir görməkdən çəkinirdi. Üzdə Yezidin tərəfini saxlaması yalnız vəzifəsi naminə idi. Məsciddə min­bərə çıxanda da boğazdan yuxarı danışırdı. Əslində o, heç istəmirdi camaat fikrindən dönyb onun de­diyini eləsinlər, Yezidin tərəfində dayansınlar. İndi o, yaxşı bilirdi ki, şəhəri tərk edip getməkdən başqa çarəsi yoxdur.

Kufədə yaranan yeni ab-hava Yezid tərəfdar­ları­nı bərk narahat edirdi. Məsciddəki son toplantıdan sonra onlar bir tərəfə çəkilib pıçıldaşmağa, vəziyyəti müzakirə etməyə başladılar. Şəhərin məhşur əyan­ların­­dan olan Ömər ibn Səd daha çox hirslənmişdi. Yezid tərəfdarı olan bu cavan İmam Hüseynə(ə) olan kinini indiyə kimi gizli saxlasa da şəhər valisinin nüfuzdan düşdüyünü, Müslüm ibn Əqilin adamları öz tərəfinə çəkməsini qəbul edə bilmirdi. Ona görə də şəhərdə Yezidin cəsusu kimi tanınmış Əmmar ibn Vəlid onu söhbətə çəkəndə marağını gizlətmədi.

-Bu vali lap maymağın biri imiş ki,- deyə Əm­mar ibn Vəlid birbaşa mətləbə keçdi.

Ömər ibn Səd yuxarıdan aşağı bu sallaqqarın şişman əyanı süzüb hirslə dilləndi:

-Yox, maymaq deyil. Əksinə, çoxbilmiş və hiy­lə­gərdir. Görmürsən sözlərinin hamısını boğazdan yuxarı deyir. Bir neçə gün də geciksək bu məlunun özü gedib Hüseyn ibn Əlinin ayaqlarına döşənib onu Kufəyə gətirəcək.

-Bəs neyləyək?- Deyə Əmmar ibn Vəlid sual dolu baxışlarını Ömər ibn Sədin üzünə dikdi.

-Biz əvvəldən səhv elədik. Gərək Müslüm ibn Əqil Kufəyə gələn gündən onun başını bədənindən ayıraydıq. İndi nə qədər qatil-cəsus göndərirəm ha­mısı əliboş qayıdır. Yaxın düşmək mümkün deyil, bü­tün şəhər o məlunu qoruyur.

-Belə getsə Kufə əldən çıxacaq, ya Ömər!.. Təcili tədbir görmək lazımdır. Məktub yazıb Yezidi bu işdən xəbərdar etməliyik,- deyə Əmmar ibn Vəlid həyacanla bildirdi.

Hirsində ilan kimi qıvrılıb açılan Ömər ibn Səd ağzının acısını Əmmar ibn Vəlidin üstünə tökdü:

-Namə yazmaq sənin işindir. İndiyə kimi niyə lən­gitmisən?.. Mən döyüşçüyəm. Müslümün yox, Hüseyn ibn Əlinin başını kəsmək üçün qılıncımı itiləyirəm.

Əmmar ibn Vəlid Ömər ibn Sədin qəzəbini so­yutmaq üçün:

-Yaxşı sən qılıncını itiləməkdə ol. Mən günü bu gün sənin və və öz adımdan məktub yazıb Yezidə göndərərəm.

Məscidin qarşısındakı meydandanın başqa bir tərə­fində isə tamamilə başqa söhbət gedirdi. İnsan­ların əksəriyyəti Müslüm ibn Əqilin başına toplaş­mışdı. Onlar valinin çağırışının camaat tərəfindən qəzəblə qarşılanmasından sonra daha da ruhlan­mış­dılar. Müslüm ibn Əqilin də ovqatı yaxşılaşmışdı. Artıq o, elə məscidin qarşısındaca məktub yazıb qasidi Məkkəyə yola salmışdı. Səbirsizliklə İmam Hüseynin(ə) yolunu gözləyirdi. Kufə əyanları onu təbrik edir, Əhli-Beytin şəninə təriflər söyləyirdilər.

 

*  *  *

 

Qara həbəş qızınin rəqsi Yezidi məst etmişdi. O, sanki oynamır, ilan kimi qıvrılıb açılılır, quş kimi qanad açıb süzürdü. İndiyə kimi qara dərili qadınlara ikrah hissi ilə baxan Yezid bu gün həbəş qızının ovsununa düşmüşdü. Onun daim gülümsəyən şəhvət dolu ətli dodaqları arasından sədəf kimi bərq vuran ağ dişləri, dərya dərinliyini xatırladan iri gözləri, mütanasib bədəni, bir cüt ilana bənzəyən zərif qolları Yezidə zövq və ləzzət verirdi. Ritmik ərəb musiqisi həbəş qızını daha gözəl, zərif və titrək göstərirdi. İlk dəfə idi ki, o, qaradərili qızın rəqsinə tamaşa edirdi. Bu axşam “qara mirvari”ni ona təqdim edəndə əv­vəlcə qəzəblənib rədd cavabı vermək istəmişdi. Son­ra maraq xatirinə sarayına təzə gətirilmiş həbəş qızı­nın rəqsinə tamaşa etməyə razı olmuşdu. Həmişə Rum, Çin, Hind, İran rəqqasələrinə tamaşa edən Yezid heç ağlına da gətirmirdi ki, qara dərililərin də gözəli ola bilər. Yezid artıq nə musiqi eşidir, nə də qarşısında ilan kimi qıvrılıb açılan yarıçılpaq həbəş qızının göbək rəqsinə tamaşa edirdi. Onu ancaq bu “qara mirvari”dən necə kam almaq düşündürürdü. Bu rəqs həbəş qızının son oyunu idi. Yezid onu hə­rəm­xanaya göndərmək barədə daxilən qərar ver­miş­di. Artıq o, həbəş gözəli ilə çəkəcəyi ləzzətin key­fini xəyalən duyur və bədənində axan isti qanın həra­rətini hiss edərək xoşhallanırdı.

Qulamın qapıdakı pərdə arxasından boylanması Yezidin nəzərlərindən yayınmadı. Bu görüntü və baxış onun ovqatını korlasa da hiss etdi ki, onu hər an narahat etməyə icazəli olan qulam adi bir işdən ötrü belə cürət etməz. Taxt-tacının daim təhlükədə olduğunu bilən Yezid nə isə fövqəladə bir işin baş verdiyini duyub ayağa qalxdı. Elə həmin an musiqi kəsildi. Rəqqasə yerə sərilib Yezidin ayaqları önündə diz çökdü və beləcə donub qaldı. Qırmızı tülə bürün­müş həbəş qızı bu halında sanki özü boyda od idi.

Taxtında əyləşmiş Yezid Kufədən gələn qasidi qəbul etməyə hazır idi. Son vaxtlar o, Kufə, Mədinə və Məkkə şəhərləri ilə bağlı hər hansı xəbəri dinlə­məyi bütün işlərindən vacib hesab edirdi. Bu üç şə­hər, xüsusi ilə Kufə onun ən zəif, həssas yeri idi. O, Kufəyə Şamın rəqibi kimi baxırdı. Bilirdi ki, haki­miy­yəti əldən getsə xilafətin paytaxtı Kufə olacaqdır. Hakimiyyəti devirmək üçün qiyama hazırlaşan İmam Hüseyn(ə) bu üç şəhərə, xüsusilə Kufəyə daha çox arxalanırdı.

Qasidlə birlikdə dövlət işlərində xüsusi təcrübəsi olan vəzir Sərxun da içəri daxil oldu. Kufədən Yezi­din yaxın adamları Əmmar ibn Vəlid və Ömər ibn Səd tərəfindən yazılmış məktub oxunduqca Yezid haldan hala düşdü. Məktubu sona kimi dinləməyə səbri çatmadı. Qəzəblə qasıdın üstünə qışqırdı:

-Bəs Nüman ibn Bəşir nə işlə məşğuldur orda?

-Qibleyi-aləm...

Qəzəblənmiş Yezid üzünü vəzir Sərxuna tərəf tutaraq:

-Nümanın namizədliyini atam Müaviyəyə sən vermişdin. Tərifləyirdin, dil boğaza qoymurdun. Deyirdin onu vali təyin etsək Kufədən arxayın ola bilərik. Hanı bəs?..

Təcrübəli vəzir təmkinini pozmadan:

-Narahat olmağa dəyməz qibleyi-aləm. Siz səbr edin, hər işi qaydasına qoyarıq.

-Səbr, səbr, səbr... Nə qədər səbr etmək olar. Və­lid bin Ütbə maymaqlıq eləyib Hüseynin Mək­kəyə getməsinə mane ola bilmədi, dedin səbr et. İndi ca­vab ver. Müslüm ibn Əqil Kufədə Hüseyn ibn Əliyə on səkkiz min nəfərdən beyət alıb. Budur, bax. Ya­zır­lar ki, bundan ruhlanan Hüseyn Kufəyə gəlməyə hazırlaşır.

Yezidin qəzəblənməsi, əsib coşması vəzir Sərxu­nu qətiyyən narahat etmirdi. O, bilirdi ki, təcrübəsiz Yezid onun məsləhəti olmadan heç bir iş görə bil­məz. Ona görə də yenə təmkinlə asta-asta dilləndi:

Qibleyi-aləm, hər işin öz məqamı var. Səbrli olun. Və onu da bilin ki, mən Əli övladlarına sizdən az kin bəsləmirəm. Onlar mənim qan düşmən­lə­rimdir.

Yezid əlini yelləyərək vəzirin sözünü yarımçıq kəsdi:

-Bunların hamısını bilirəm. Artıq səbr etməyə nə hövsələm var, nə də vaxtım. Təcili tədbir görmək la­zım­dır. Kufə əldən gedə bılər. Kufənin əldən getməsi heç bilirsən nə deməkdir?..

Gecədən xeyli keçməsinə baxmayaraq Yezid və vəziri Sərxun hələ də yatmamışdı. Onlar Kufədə baş verən hadisələrlə bağlı məsləhətləşirdilər. Artıq Ye­zi­din qəzəbi soyumuş, hiyləgər və tədbirli vəzirin qar­­şısında müəllimindən dərs öyrənən bir uşağa çevrilmişdi.

-Nüman ibn Bəşiri Kufəyə vali təyin etməyimiz səhv deyil. Hüseyn ibn Əlinin nüfuzunun böyüklüyü, Müslüm ibn Əqilin çalışqanlığı sayəsində o, aciz­ləşib. Günü sabahdan Kufəyə daha qəddar adamı vali təyin etmək lazımdır,- deyə Sərxun adəti üzrə asta-asta danışdı.

Kiçilib cılızlaşmış Yezid vəzirin səsinə uyğun tərzdə acizanə soruşdu:

-Kimi məsləhət bilirsən?

-Bəsrə valisi Übeydullah ibn Ziyadı.

Yezid bu cavabdan diksinən kimi oldu. Yenə də asta bir ahənglə:

-Axı, aldığım məlumata görə Bəsrədə də vəziy­yət yaxşı deyil. Hüseynin tərəfdarları orda da fitnə-fəsad törədirlər.

-Mən Übeydullah ibn Ziyadı yaxşı tanıyıram. İnanmıram ki, Hüseyn Kufədəki kimi Bəsrədə də be­yət toplaya. Bir də, Hüseynin iknci Müslümü yoxdur axı, Bəsrəyə göndərsin.

-Onda İbn Ziyada təcili məktub yazıb göndər­mək lazımdır ki, Kufəyə vali təyin olunursan. Bəs­rəyə isə özü kimi istəyisə onu da təyin etsin,- deyə Yezid qəti fikrini bildirdi.

Yezid və vəziri söhbət edə-edə həyətə çıxdılar. Ayıq-sayıq dayanmış mühafizəçılər və nəzarətçılər on­la­rın hər addımını izləyirdilər. Mühafizəçılərin tə­zə təyin olunmuş rəisi sədaqət və etibarını göstərmək üçün Yezidi addım-addım izləyir, hər sözünə yalan­dan gülümsünür, əmr gözləyən qul kimi bəzən hey­kəl kimi tərpənməz olurdu.

Sağ əli qılıncın dəstəyində farağat dayanmış uca boy mühafizəçi Sadiq ibn Xəlil daş döşəməyə bitili sal qayanı xatırladırdı. O, gözünü belə qırpmadan daş kimi hərəkətsiz dayansa da Yezid və vəzirin heç bir hərəkətini nəzərdən qaçırmırdı. O, özü də göz­lə­mə­diyi bir halda təzə mühafizə rəisi tərəfindən Mək­kədə, həcc ziyarətində İmam Hüseynə(ə) qarşı törə­di­ləcək sui qəsdin iştirakçılarınin tərkibinə daxıl edil­­mişdi. Sabah tək Məkkəyə yola düşməli idi. Qa­tillər qrupunun başqa iştirakçıları da tək-tək onun ki­mi gedib Məkkədə bir yerə cəm olmalı idilər. Sadiq ibn Xəlil təzə mühafizə rəisi ilə aralarında olan söhbəti xatırladı:

- “Kimdən soruşmuşamsa sənin haqqında mənə yaxşı rəy verən olmayıb. Hamı gözləyir ki, mən səni nə vaxt cəzalandıracam. Ancaq mən bütün deyilən­lərin əksinə edəcəm. Dedyimi eləsən müavinim ola­caq­san. Sən döyüşcüsən, ona görə də siyasətdən uzaq ol, yalnız əmrə tabe ol, nə deyirlərsə onu elə. Mək­kədə bir əməliyyatımız olacaq. Silahdaşlarınla Mək­kədə görüşəcəksən. Özləri gəlib səni tapacaqlar. Həcc mərasimi başlayan günü harda duracağını sənə deyəcəklər. Hüseyn ibn Əliyə ilk qılınc zərbəsini sən vuracaqsan. Sonrakı məsələlər yoluna qoyulacaq. Qətli başqasının üstünə, Hüseynin şəxsi düşmən­lə­rindən birinin üstünə atacaqlar. Sağ-salamat qayıdıb gələcəksən evinə. Hüseynin də ölümü şəxsi düşmən­çilik zəminində baş verən adi bir hadisə kimi sənəd­ləşdirilib camaata elan ediləcək. Bununla da həm öz gələcək xoşbəxt həyatını qazanacaqsan, həm xilafəti təhlükədən qurtaracaqsan. Həm də bizim dayağımız olan uşaqlıq dostum Yezid ibn Müaviyəni xilas edib rəğbətini qazanacaqsan”.

Təzə mühafizə rəisinin bu söhbətindən sonra o, dinməmiş susmaqla razılığını bildirmişdi. Daxılildə isə onun həyata keçirəcəyi başqa əməliyyat var idi. Arzusunu həyata keçirmək üçün o, özünə son dərəcə təmkili olmağı əmr etmişdi. İstəsəydi elə indi Yezidi asanlıqla burda qətlə yetirə bilərdi. Bu onun da, ail­ə­sinin də, nəslinin də məhvi demək idi. Yox, o daha ağıllı hərəkət etmək istəyirdi. Məqsədi qan tökmə­dən, özünə, ailəsinə, nəslinə heç bir xətər toxundur­madan İmam Hüseyni(ə) xilas etmək idi. Artıq o nə edəcəyini qərara almışdı. Ona görə də iki gün idi ki, daxilən rahat idi. Gecəni gözləyirdi ki, Məkkəyə yola düşsün. Görəcəyi işin üstü açılsaydı belə, narahat ol­ma­yacaqdı. Atasının etdiyi səhvi o, düzəltməliydi. Mü­qəddəs Məkkədə töküləcək qanın qarşısını o alacaqdı.

Ovqatı yaxşılaşmış Yezid yeni mühafizə rəsini yanına çağırdı:

-İşlərin necə gedir?..

O, bu sualla sui-qəsdçilərin həcc ziyarətinə hecə hazırlaşdıqlarına işarə etdi. Sui-qəsd məsələsi Yezi­din vəziri Sərxundan gizli saxladığı yeganə sirr idi. Hiyləgərlikdə mahir olan mühafizə rəisi çox ustalıqla cavab verdi:

-Qibleyi-aləmin sayəsində bütün işlərimiz qay­dasındadı.

Yezid bu sirri istədi vəzirə də açsın. Ancaq nə fikirləşdisə sözləri dilinin ucundan qaytardı. Qara dərili rəqqasə xəyalında canlandı. Vücudunu vəhşi bir şəhvət çulğadı. Bir yırtıcı ehtirası ilə döyünən ürəyindən öz ovunu parçalamaq keçdi. O, bu vəhşi istəyin təsiri altında ayaq saxlayıb gecə gəzintisinin sona yetdiyinə işarə etdi.

 

*  *  *

 

Məkkədəki süst və sakit həyat İmam Hüseyni(ə) artıq darıxdırırdı. O, həcc ziyarətinin başlanmasını gözləməklə bərabər, həm də əmisi oğlu Müslümün çağırış məktubunun intizarındaydı. Həcc mərasiminə o qədər də çox vaxt qalmamışdı. Zəvvarlar müqəd­dəs torpağa toplaşmaqdaydılar. Onların sayı artdıqca İmam Hüseynin(ə) asudə vaxtı azalırdı. İndi ziyarətə gələnləri bir-bir yox, dəstə-dəstə qəbul etməyə başla­mışdı. Son günlər isə zəvvarlarla görüşünü məsciddə keçirirdi. İmam Hüseyn(ə) yaxşı blbrdi ki, onu ziya­rət edənlərin arasında Yezidin əlaltıları, xəfiyyələri də var. Bu bədxah adamların istənilən vaxt fəsad tö­rə­də­cəyindən ehtiyat edib mühafizəsini gücləndir­miş­di. Oğlu Əli-Əkbər, qardaşı həzrət Əbülfəzl Ab­bas, qulamı Firuzan onu bir an belə nəzarətsiz qoy­mur­dular. Belə həyacanlı günlərin birində bütün bun­lara baxmayaraq, Şamdan gələn bir nəfərin onu tək­likdə qəbul etmək xahişini rədd etmədi. Əli-Əkbərin nəzarəti ilə hücrəyə daxil olan uca boylu, görkə­mindən döyüşçüyə bənzəyən Sadiq ibn Xəlil İmam Hüseynə(ə) təzim edərək əlini öpdü. Sonra kövrək, qəlb parçalayan bir səslə:

-Həyatım boyu arzum sizin nurlu üzünüzü görmək, səsinizi eşitmək olub.

Sadiq ibn Xəlil atasının elədiyi səhvi, tövbə et­məyini, vəsiyyətini, özünün Yezidin sarayında mü­hafizəçi işləməyini. Yezidin həcc günü ona sui-qəsd hazırladığını və qatillər dəstəsinə özünün də daxıl olduğunu İmam Hüseynə(ə) söylədi.

Xəbər İmam Hüseyni(ə) dəhşətə gətirdi, sarsıtdı. “Yox, bu Yezid artıq heç bir hədd, sədd tanımaq is­təmir. Kəbədə qan tökməyi günah bilmir”. - Öz-özü­nə pıçıltı ilə danışan İmam Hüseyn(ə) başını yuxarı qaldıranda oğlu Əli-Əkbərin məsum baxışları ilə qar­şılaşdı. Bir andaca oğlunun narahatlığına son qoy­maq üçün heç nə olmayıbmış kimi zorla gülüm­sündü. Ancaq Əli-Əkbərə hər şey aydın idi. Ata və oğul şam işığında bir-birlərinə baxıb susdular. Əli-Əkbər atasının haldan hala düşdüyünü görüb sükutu pozdu:

-Bəlkə uydurmadır. Bəlkə bu da bir hiylədir.

-Yox, əziz oğlum, hiylə deyil. Yezid atası Müa­vi­yə kimi bizim qanımıza susayıb. Onun sui-qəsd hazırlayacağını mən duymuşdum. Sadəcə bu işi Həcc ziyarəti zamanı,müqəddəs Kəbə evinin yanında ye­rinə yetirmək istəməsi məni hövsələdən çıxardır. Məkkə bizim ulu nəslimizin məskənidir. Burda qan tökülməsinə, nifaq yaranmasına razı ola bilmərəm. Bura müqəddəs torpaqdır. Bizim ətimiz, qanımız da bu torpaqla bağlıdır. Bir də ki...

İmam Hüseyn qəhərlənib sözünün ardını deyə bilmədi. Yanağında gilələnmiş göz yaşlarını oğlun­dən gizlətmək üçün üzünü yana çevirdi. Ancaq Əli-Əkbərin sual dolu məsum baxışlarını cavabsız qoy­mağa da qıymadı. Əvvəlki sözünün üstünə qayıdaraq dedi:

-Bir də ki, qəzavü-qədərin karvanı bizi başqa səmtə çəkir.

-Əmim Müslümdən bir xəbər gəlsəydi,-deyə Əli-Əkbər dərindən köks ötürüb söhbətin axarını döyişdi.

-Gələr inşallah. Ürəyimə damıb. Bu günə, saba­ha Kufədən şad bir xəbər alacağıq.

“Şad xəbər” kəlməsini İmam Hüseynin(ə) dili desə də ürəyi qəbul etmədi. Bəla və müsibət şərt­ləri­ni qəbul etmiş İmam Hüseyn(ə) üçün indi şadya­na­lıq­dan danışmaq heç də yerinə düşmürdü. Ancaq oğ­lunu ovundurmaq, ona təsəlli vermək üçün başqa nə deyəydi ki.”Hər şey Böyük Yaradanın məsləhəti ilə olacaq. Onun əmrindən kənarda heç bir hadisə baş verə bilməz. Bizə yalnız ulu Tanrının göstərdiyi yol məğbuldur”. - Deyə İmam Hüseyn(ə) öz-özünə düşündü.

Əli-Əkbər getmişdi. İmam Hüseyn(ə) yenə hüc­rədə tək qalmışdı. Son vaxtlar o, tənha qalmağa daha çox meyl edirdi. Belə anlarda o, fikir və düşüncələri ilə birlikdə olur, öz-özüylə söhbət edirdi. İndi də o, Müaviyə ibn Əbu Süfyanla görüşünü xatırladı. Mə­dinədə bu görüş zamanı hiyləgər Müaviyə özünü çox qayğıkeş, səmimi və mehriban gəstərdi. Ancaq bu zahiri ədəb-ərkan İmam Hüseyni(ə) aldatmadı. Ürə­yindən keçənlərin hamısını bütün sərtliyi ilə Müavi­yənin üzünə vurdu. Müaviyə isə heç nə olmayıbmış kimi yenə ondan vəliəhd Yezid üçün beyət etməyi xahiş etdi. Bütün bunlardan sonra Müaviyənin ondan bu cür rica etməsi İmam Hüseyni(ə) heyrət və dəh­şətə gətirdi. Belə  riyakar adamların İslama rəhbərlik etməsinə acıdı. O, bilirdi ki, Yezidlə də qarşılaşsa, o, da atası Müaviyə kimi onunla ədəb-ərkanla görü­şə­cək, qarşısında təzim edəcək, üzünə gülüb arxada ayağının altını qazacaq. Ancaq Yezid kimi düşmənlə İmam Hüseyn(ə) nəinki görüşməyi, heç rastlaşmağı da özünə rəva bilmirdi.

“Gör bu Yezid yolunu nə qədər azıb ki, həcc ziyarəti zamanı mənə sui-qəsd hazırlayır. Yox, yox, burda təəccüblənməli heç nə yoxdur”.- Deyə İmam Hüseyn(ə) öz-özünə düşünürdü.—“Məgər atam Həz­rət Əli(ə) məsciddə namaz qılan vaxt qılıncla zərbət­lənmədimi? Qardaşım İmam Həsən(ə) öz evində. Oca­ğının başında zəhərlənmədimi? İndi Yeziddən baş­qa nə gözləmək olar. Mən öz ata-babamın tutdu­ğu yolu davam etdirdiyim kimi, o, da öz ata-baba­sının əməllərini təkrar etdirmək istəyir... Daha yetər. Bu müqəddəs torpaqda qan tökülməsinə, hərc-mərc­lik yaranmasına yol verə bilmərəm”.

Gecədn xeyli keçməsinə baxmayaraq, İmam Hüseynin(ə) qulamı Firuzan çöldə qapının ağzında sa­kitcə dayanmışdı. Onun sifətindəki səmimiyyət, meh­­ribanlıq İmam Hüseyni(ə) fikir və xəyallar alə­min­dən ayırıb ona toxtaqlıq verdi. O, Firuzana heç bir söz demədən onun yanından ötüb çölə çıxdı. Firu­zan təbəssümlə baş əyib ona yol verdi. Gecənin qaranlığında zəncinin təbəssümü ay işığına bənzədi. Elə İmam Hüseyni(ə) çevrilib arxaya baxmağa sövq edən də bu təbəssüm oldu.

-Ey Firuzan yaxın gəl,- deyə İmam Hüseyn(ə) səsləndi.

Uca boylu, dəmir əzələli Firuzan bir göz qırpı­mın­da onun qarşısında dayandı.

-       Səndən bir söz soruşacam,- deyə İmam Hü­seyn(ə) Firuzanın səmimiyyətlə dolu olan çöhrəsinə baxıb bir qədər fikrə getdi.

-       Buyruq sizindir, ya imam,- deyə Firuzan tə­bəs­­sümlə dilləndi.

-       Mən səni azad edəndə niyə çıxıb getmədin öz diyarına?

Bu qəfil suala Firuzan həmin an cavab tapa bilmədi. Başını aşağı salıb bir qədər fikrə getdi. Bu bir neçə anın içərisində bütün olub keçənlər şimşək çaxımı sürəti ilə gözləri önündən gəlib keçdi. Sonra başını yuxarı qaldırıb nəzərlərini İmam Hüseynin(ə) nurlu çıhrəsinə dikdi. Ağır-ağır və zorla eşidiləcək bir səslə dilləndi:

-Siz məni azad edəndən sonra İslamı qəbul edib ömrümün axırına kimi sizə xidmət edəcəyimə and içmişəm.

İmam Hüseyn(ə) həmin hadisəni yaxşı xatırla­yırdı. Firuzanın da ən yaxın adamlarından biri oldu­ğunu bilirdi. Sadəcə gecənin bu vaxtında təzədən bu söhbətə qayıtmaqla öz qulamının sədaqətini bir daha görmək və onun xoş sözlərini öz dilindən eşitmək istəyirdi. İmam Hüseyn(ə) adamlarda sədaqət və eti­bar görəndə gücü daha da artırdı. Nankorluq və riya­karlıqla qaşılaşanda isə əlini bu dünyadan üzürdü. İndi Firuzanın dediyi son sözlər, onun sifətindəki inam və iman onun gərilmiş əsəblərinə bir sığal çək­di. İmam Hüseyn(ə) tam yəqinliklə inandı ki, bu dün­yada onun ən doğma, yaxın adamlarından biri də zənci xidmətçi Firuzandır. Əgər şəhidlik mərtəbəsinə ucalıb cənnətdə ali bir məqam bulsa Firuzan da onun yanında olacaq. Axırda bu qərara gəldi ki, Yezidin ətrafında Firuzan sədaqətli bir nəfər də yoxdur. Olanların hamısı hansısa təmənnaya görədir.

 

*  *  *

Gecənin qaranlığında üzü rübəndli atlını görən kufəlilər İmam Hüseynin(ə) şəhərə təşrif gətirdiyini zənn edib hamılıqla küçələrə çıxmışdılar. Onlar at­lıya yaxınlaşır, üzlərini atın üzəngisinə sürtür, se­vinc­lərini gizlətmirdilər. Alqış və dua sədaları bütün şəhəri başına götürmüşdü. Öz tərəfdarları ilə məş­vərət edən Müslüm ibn Əqil bu xəbərdən heyrət­lən­mişdi. Bu tezliklə göndərdiyi məktubun Məkkəyə çat­masını, İmam Hüseynin(ə) Kufəyə gəlməsini göz­lə­mirdi. O, yaxşı bilirdi ki, İmam Hüseyn(ə) onun razılıq məktubunu almayınca hərəkət etməyəcəkdi. Buna baxmayaraq yenə dostları ilə birlikdə küçəyə çıxdı. Onun qırğı gözləri şəhər əhalisinin əhatəsində olan atlını həmin andaca gördü. Bəli, o, yanılma­mışdı. Yzü rübəndli atlı İmam Hüseyn deyildi. O, adamları yara-yara vali sarayına tərəf getdi. Atlının da həmin istiqamətə tərəf gəldiyini artıq  duymuşdu. Sarayın qarşısında da qələbəlik idi. Buna baxma­yaraq şəhər hakimi Nüman ibn Bəşir hələ sarayın davazasını açdırmamışdı. Müslüm ibn Əqil ora çatar-çatmaz Nüman ibn Bəşirin uca səsi bura toplaşmış adamların hay-küyündən daha aydın eşidildi. Atlının gəlişindən vahiməyə düşən Nüman ibn Bəşir uca səslə bildirdi:

-Ey peyğəmbər övladı gəl sən fitnə-fəsada bais olma. Və heç də inanma ki, Yezid Kufəni sənə bağış­laya. Mən onsuz da sarayın qapısını sənin üzünə aç­ma­yacam. Yaxşısı budur burdan uzaqlaşıb səhəri gözlə.

Saray darvazasının üstünə çıxıb qışqıra-qışqıra danışan Nüman ibn Bəşirin səsi bu sözlərdən sonra eşidilməz oldu. Təlatümə gəlmiş insan dalğası şəhər hakiminin sözünü kəsərək onu hədələməyə başladı.

Özünü darvazanın yanına çatdıran Müslüm ibn Əqil hündür bir yerə çıxıb üzünü camaata tutdu:

-Ey camaat! Hiyləyə uymayın. Təntənə ilə gətir­di­yiniz bu atlı Hüseyn ibn Əli(ə) deyil.

Gözlənilməyən bu bildiriş getdikcə dalğası güc­lə­nən səs axınını yavaşıtdı. Adamların şadlıq təbəs­sümü dodaqlarında dondu. Əlləri havada qaldı.

-Bu kimdir? Nə danışır? Rədd eləyin o mürtədi ordan!

Müslüm ibn Əqilin üzərinə hücumlar başladı. Qaranlıq olduğundan kufəlilər onu tanıya bilmirdilər

Müslüm ibn Əqil vəziyyətin gərginləşdiyini gö­rüb yenə gücü səsinə verdi:

-Mən Müslüm ibn Əqiləm. İmamın səfiriyəm. İnanmırsınız mənə? Onda ona deyin rübəndini açsın.

Müslüm İbn Əqilin dediyi axırıncı sözlər yenə adamların əl-qolunu boşaltdı. Bir anlıq tərəddütdən sonra baxışlar atlıya zilləndi. “Doğru deyir, aç rü­bəndini”, “yəbnə Rəsulullah, rübəndini üzündən götür, düşmənlər xar olsun”.

Camaatın hücum və təkidindən çaşqınlaşmış atlı çıxış yolu tapmayıb üzündəki rübəndini götürdü. Meydanı uğultu bürüdü. Şəhər hakimi Nüman ibn Bəşir Übeydullah ibn Ziyadı tanıyıb cəld sarayın dar­vazasını açdırdı. Camaatın ona bir xətər yetirmə­məsi üçün saray mühafizəçiləri atlını əhatəyə alıb içəri apardılar.

Çox qısa müddətdə vəziyyətin belə gözlənilməz halda dəyişməsi Kufə əhalisini haldan hala saldı. Əvvəlcə onlar Müslüm ibn Əqilin ətrafında toplaşıb elə bu gecə qiyam etmək istədilər. Sonra nə fikirləş­dilərsə məsələnin həllini sabaha saxladılar.

Müslüm ibn Əqil artıq vəziyyətin gərginləşdiyini hiss etdiyindən gecəni yatmayıb yollar aradı. O, İmam Hüseynə(ə) razılıq məktubu göndərməkdə tə­ləs­diyini duymuşdu. Bu gecə onun sözündən çıxıb qəti hərəkət etməkdən ehtiyatlanan kufəlilərə sabah üçün də bel bağlamırdı.

Yezidin fərmanı ilə İbn Ziyadın Kufəyə vali tə­yin olunması xəbəri sübh tezdən bütün şəhərə ya­yıl­dı. Çox keçmədi ki, hökumət divanında əyləşən ibn Ziyad özü öz valiliyini Kufə əhlinə xəbər verdi.

 

*  *  *

 

Müslüm ibn Əqil meydanda tək qalmışdı. Onun ən yaxın dostları Hani ibn Ürvə, Məhəmməd ibn Kəsir və başqaları həlak olmuş, Muxtar əbu Übeydə, Süleyman Sürəd-Xüzai öz qoşunu ilə şəhərdən çıx­mış­dı. O, nə bacarırdısa etmişdi. İki dəfə böyük qo­şun toplayaraq İbn Ziyadın sarayına hücum etmiş, qələbəyə yaxın olduğu bir vaxtda kufəlilərin hərdəm­xəyallığı üzündən fürsəti əldən vermişdi. Yezidin Şam­dan göndərdiyi qoşun ibn Ziyadın köməyinə ça­tandan sonra topladığı dəstənin adamları ondan üz döndərərək qaçıb gizlənmişdilər. İndi Müslüm ibn Əqil son döyüşə hazırlaşırdı. Sığınacaq tapdığı evin sahibi tərəfindən satıldığını duymuşdu. Bilirdi ki, bir azda ölüm-dirim savaşına girəcək. İki günlük yuxu­suz­luq onu taqətdən salmışdı. Qılınc çalmaqdan əl­ləri qabar olmuş, qolları heydən düşmüşdü. Ağır dəmir zireh indi ona əlavə bir yük kimi görünürdü. Bütün bunlara baxmayaraq Müslüm ibn Əqil özünü döyüşə hazırlayırdı.

Atların nal səsləri küçədə eşidilirdi. Müslüm ibn Əqil əllərini göyə açıb üzü Məkkəyə dayandı.

-Ya Rəbbim, bağışla bu günahkar qulunu. Mən əlimdən gələni etdim...

Müslüm ibn Əqilin pıçıltı ilə dediyi bu sözlərdən sonra gözləri yaşardı. Uşaq kimi hönkür-hönkür ağlamağa başladı. Sonra hıçqırıqlı səslə:

-Ya Rəsulullah, yanına günahkar kimi gələcəm. Qoruya bilmədim sənin əziz xələfini... Ya Hüseyn, ya Əlinin, Fatimənin gözünün nuru, ya bütün müsəl­manların başının tacı, əfv etməni. Tələsdim sənə mək­tub yazmaqda. Gəlmə, ya Hüseyn, Kufəyə gəl­mə. Bu hərdəmxəyallar, əqidəsizlər səni də güdaza verəcəklər.

-Hanı, harda gizlənib o məlun? – Bağırtı ilə de­yil­miş bu sözlər Müslüm ibn Əqili xəyaldan ayırdı.

Bayaqdan kövrəlmiş Müslüm ibn Əqilin sifəti bu səsdən sonra ciddiləşdi. Baxışları itiləşdi, sərt bir görkəm aldı.

-Ya Rəbbim imamımız Hüseyn ibn Əli yolunda bir qoşunla təkbətək döyüşə gedirəm. Sən özün imamızı hifz elə.

Müslüm ibn Əqil “Allah, Məhəmməd, ya Əli deyib” qılıncını çəkərək qapıya tərəf şığıdı. Onun bir­zər­bəsindən sonra içəri daxil olmaq istəyən üç əsgər qapı ilə birlikdə yerə sərildi. O, həyətə çıxaraq düşmən əsgərlərinin üstünə hücum çəkdi. Əsl qanlı döyüş başladı. Kiçik həyətdə əsgər cəsədindən tər­pən­məyə yer yox idi. Vahiməyə düşən dəstə başçısı Məhəmməd əşəs əlavə qüvvə üçün ibn Ziyadın yanına adam göndərdi. Üç yüz nəfərlik dəstə Müs-lüm ibn Əqıllə döyüşdə qalib gələ bilmirdi. Kiçik hə­yətə hamılıqla daxil ola bilməyən əsgərlər bu min­valla Müslümü məğlub edə bilməyəcəklərini görüb damların üstünə çıxdılar. Buradan onu oxla vurmaq çətin deyildi.

Qoşun başçısı Məhəmməd Əşəs xeyli canlı qüv­və itirdiyini görüb döyüşü dayandırdı. Uzaqdan Müslüm ibn Əqili səslədi:

-Ey Müslüm, tək tənha bir qoşunla döyüşdə nə hasil edə biləcəksən? Silahını at yerə. Özünü mənə təslim et. Mən səni İbn Ziyadın yanlna aparıb ondan aman istəyərəm.

Arxasını divara söykəyib üstünə gələn əsgərlərin qılınc zərbələrini dəf edən Müslüm ibn Əqil Məhəm­məd Əşəsin səsini eşitmirdi. O, araya sakitlik çök­düyünü, daha üstünə hücum edilmədiyini görüb yenə İmam Hüseyni(ə) xatırladı. Onun hesablamasına gö­rə göndərdiyi məktub bu gün Məkkəyə çatmalı və İmam Hüseyn(ə) ordan çıxıb Kufəyə hərəkət etməli idi. Susuzluqdan yanan dodaqları bu sözləri pıçıl­dadı: “Sən özün İmama, Əhli-Beytə kömək ol, ya Rəbbim!”

-Niyə cavab vermirsən? Dinsənə?!. – Deyə Mə­həmməd Əşəs yenidən bağırdı.

-Lənət sənə də, sənin qoşununa da, sənin höku­mətinə də! – Deyə Müslüm bütün gücü ilə qışqırdı. – Lənətə gələsiniz hamınızı. Məlunlar, riyakarlar, al­çaq­lar. Onsuz da qiyamət günü Allah-Taala hamı­nızın cəzasını verəcək.

Artıq dam üzərinə çıxmış əsgərlər Müslüm ibn Əqili oxa tutdular.

Müslüm ibn Əqil iki əli ilə qılıncın dəstəyindən tutub yenə döyüşmək istəyir, yaralarından qan sıza-sıza deyirdi:

-Gəlin, hamınızı qıracam, məlunlar...

Məhəmməd Əşəs uzaqdan qışqırıb əmr verdi:

-Yetər, daha ox atmayın, öldürməyin, diri tutun onu!

Müslüm ibn Əqilin artıq qılınc çalmağa taqəti qalmamışdı. Dizləri qatlanmasın deyə, qılıncı yerə san­cıb nona söykəndi. Nəfəsi də ağır-ağır gəlirdi. Bu­nu görən Məhəmməd Əşəs cəld onu tutmaq işa­rəsi verdi. Beləliklə, hər tərəfdən hücum çəkib Müs­lüm ibn Əqili tutdular. Onun üstünə hücum çəkənlər arasında döyüşçülərdən əlavə şəhər sakinləri də var idi. O sakinlər ki, bir neçə gün əvvəl onun əlini öpüb beyət edirdilər. Elə Müslüm ibn Əqili ağrıdan, inci­dən də qan sızan yaralarından daha çox bu idi.

 

*   *  *

 

Alçaq tavanlı salonda bir neçə şam yanırdı. An­caq salonu bu şamlardan daha çox divarlardan asıl­mış çıraqlar işıqlandırırdı. Gecədən xeyli keçməsinə baxmayaraq Kufənin yüksək mənsəb sahibləri bura toplaşmışdılar. Əyanlar divar boyu yerə döşənmiş döşəkçələrin üstündə əyləşmişdilər. Yalnız ibn Ziyad salonun baş tərəfində qoyulmuş taxtın üstündə otur­muşdu. Taxtın üzərinə atılmş pələng dərisi bu taxt sa­hibinə ovunu parçalamağa hazır olan bir vəhşi görkəmi verirdi. Başları əmmaməli, əyinləri əbalı, saqqalları boyalı əyanlar isə ov səhnəsinin başlan­masını gözləyən çaqqallara bənzəyirdilər.

Ağır addım səsləri yaxınlaşdıqca salondakıların da həyacanı artırdı. İki nəfər əsgərin müşaiyəti ilə gələn Müslüm ibn Əqil qollarının arxadan bağlan­ma­sına baxmayaraq qamətini düz tutmuşdu. Hiss olu­nur­du ki, sifətindəki qılınc çapığı, sinəsindəki ox ya­raları onu haldan salır. Ancaq Müslüm ibn Əqil baş­dan ayağa al qan içərisində olmasına baxmayaraq bü­­tün gücünü toplayıb düşmən qaşısınds mərdanə dayanmağa çalışırdı.

-Hə, necəsən Müslüm ibn Əqil? İmamın niyə köməyinə çatmır?

Taqətdən düşmüş Müslüm ibn Əqil qollarının bağlı olmasına təəssüf etdi. Onun bir addımlığında da­yanmış, çəkdiyi qəh-qəhədəngözləri hədəqədən çıx­­mış ibn Ziyadın üzünə tüpürməkdən başqa ayrı ça­rəsi qalmamışdı. Amma son anda əsəblərini cilov­layıb fikrindən daşındı. Bunun əvəzinə kəlmeyi şəha­dətini pıçıldadı.

Müslüm ibn Əqlin kəlmeyi şəhadətini oxuması ibn Ziyadın gülüşünü sifətində dondurdu. Sonra nə fikirəşdisə qılıncını çıxarıb Müslüm ibn Əqlin boğa­zına dirədi. Qeyzli bir səslə dedi:

-Aç qulağını eşit ey Müslüm. Zəmanənin imamı Yezid ibn Əbu Süfyandır.

Müslüm ibn Əqil bütün gücünü toplayıb qılınc zərbəsindən yaralanmış dodaqlarını zorla açaraq:

-Ey ibn Ziyad, zəmanənin imamı Hüseyn ibn Əlidir. Mən də onun fərmanı ilə bu şəhərə gəlmişəm. Onun yolunda ölüm də mənim üçün şərəfdir. Bilirəm ki, məni qətl edəcəksən. Çünki zülümkarsan, -- dedi. – Ancaq səndən bir iltimasım var. Vəsiyyətimi din­ləyin və onu mən istədiyim yerə çatdırın

Müslümü məğlub etdiyinə görə içdiyi şərabın tə­si­rindən haldan-hala düşən ibn Ziyad tez qəzəb­lə­n­diyi kimi, tez də yumşaldı. Ömər ibn Sədə onun vəsiyyətini dinləməsini əmr etdi.

Müslüm ibn Əqil dedi:

-Ey Ömər, sənə üç vəsiyyətim var. Biri budur ki, bu şəhərdə 700 dirhəm borcum var və mənim atım Nüman ibn Hacidədir. Alıb borcumu verərsən. İkinci vəsiyyətim: məni qətl edəndən sonra cəsədimi dəfn edərsən. Üçüncü vəsiyyətim də budur ki, başıma gə­lən əhvalatı yazıb həzrət İmam Hüseynə(ə) gön­də­rər­sən ki, bu tərəflərə gəlməsin.

Quduzlaşmış ibn Ziyad çarəsiz Müslüm ibn Əqi­lin qətli ilə də əylənmək istəyirdi. O, üzünü məc­lisdəkilərə tutub həvəslə dedi:

-Kim Müslüm ibn Əqili qətlə yetirmək istəyir?

İntiqam hissindən alışıb yanan Bəkr ibn Həmran irəli çıxdı:

-Bu dünən mənim atamı qətlə yetirib.

Müslüm ibn Əqil pıçıltılı səslə dilləndi:

-Atan elə ölməli it idi!

-Onu öldürmək mənim işimdir,-deyə Bəkr ibn Həmran Müslüm ibn Əqilin səsini eşitmirmiş kimi üzünü ibn Ziyada tutdu.

Müslüm ibn Əqili qətlə yetirmək üçün qəsrdən kənara çıxartdılar. İbn əllərini göyə açıb dedi: “Şü­kürlər olsun ki, Allahın və dövlətimizin böyük düş­mən­lərindən birini aradan götürdük”. Sonra bu ha­disədən Yezidin necə məmnun olacağını düşünüb özün­dən razı halda gülümsədi. Artıq o, Kufənin sa­hibi idi. Qardaşının idarə etdiyi Bəsrə də əslində ona tabe idi.

İbn Ziyad xoş xəyallarda ikən Bəkr ibn Həmran həyacanla geri qayıtdı:

-Ya əmir, bunlar qəribə nəsildir.Qılıncı çəkib başını üzmək istəyirdim, qeybdən bir səs gəldi,-dedi. – Qorxdum. Mən onu öldürməkdən imtina edirəm.

İbn Ziyad qeyzlənib başqa birisinə əmr etdi. Bir azdan o da gəlib həmin sözləri dedi. Axırda Şamdan gəlmiş qoşunun əsgərlərindən bir nəfər Müslüm ibn Əqili qətlə yetirdi. Müslüm ibn Əqil Əhli-Beytin ilk şəhidi oldu.

 

*  *  *

 

Müslüm ibn Əqilin imzası ilə Kufədən gələn məktub İmam Hüseynin(ə) intizarına son qoymuşdu. Müslüm ibn Əqil on səkkiz min nəfərdən çox ada­mın İmam Hüseynə(ə) beyət etdiyini, təcili olaraq Ku­fəyə gəlməsinin vacibliyini bildirirdi. Artıq lən­gimək olmazdı. İmam Hüseyn(ə) özü qədər inandığı Müslüm ibn Əqilin cavabını almışdı. Bir tərəfdən də Şamdan gələn adamın söhbəti onu Məkkə torpağını tərk etməyə tələsdirirdi.

İmam Hüseynin(ə) Kufəyə hərəkət edəcəyini eşidən Məkkə əyanları dəstə-dəstə onun yanına gəlir, düşdüyü fikirdən çəkindirməyə çalışırdılar. İş o yerə gəlib çatmışdı ki, İmam Hüseyn(ə) hətta həcc məra­simini gözləməyib onu ümrəyə çevirmişdi.

Dəvə karvanının zınqırov səsləri bütün Məkkəni bürümüşdü. İmam Hüseyn(ə) at belində hər tindən, döngədən keçdikcə köks ötürür, bir daha görməyə­cəyi doğma ata-baba yurdu ilə vidalaşırdı. Onun yola düşməsindən xəbər tutan məkkəlilər küçələrə çıxır, karvana qoşulur, böyük bir izdiham yaradırdılar.

Karvan Məkkədən xeyli uzaqlaşsa da İmam Hüseynlə(ə) birlikdə şəhərdən çıxanlar hələ ondan ayrılmamışdılar. Buna səbəb bir gün əvvəl oxuduğu və sonralar tarixin yaddaşına həkk olunmuş “Xüttəl Mout” adı ilə məhşur olan xütbəsi idi. İmam Hü­seyn(ə) bu xütbənin axırında buyurmuşdu ki, hər kəs istəsə ki,öz ürəyinin qanını bizim yolumuzda qurban versin və bizimlə yola düşməyə hazırdırsa Allah qoysa mən sabah hərəkət edəcəyəm.

Bu sözlər çoxlarını riqqətə gətirmiş, onları İmam Hüseynlə(ə) getməyə ruhlandırmışdı. Bu gün isə İmam Hüseyn(ə) Əhli-Beytə qoşulanları son dəfə sınaqdan keçirmək qərarına gəldi. Ona görə də Mək­kədən bir az uzaqlaşandan sonra karvanı dayan­dırıb hamıya müracıətlə dedi:

-Ey buraya cəm olan mənim əzizlərim! Mən bir müsibət səhrasının sıyyahıyam. Getdiyim yolda mə­nim başıma çox işlər gələ bilər. Bu dünyanın ləzzəti mənim üçün heç nədir. Ona görə də bütün müsi­bət­lərə dözməyə hazıram. Mənə inanın, əzizlərim. Söh­bə­tim hiylədən uzaqdır. Sizin heç birinizi dünya ne­mətləri müjdəsi ilə öz tərəfimə çəkmirəm. Heç kimə söz vermirəm ki, məlun Yezidi devirəndən sonra ona vəzifə, rütbə verəcəm. Mənim bayrağım altına topla­şan­lar vəzifə, var-dövlət təmənnasındadırlarsa elə bu­­­radan geri qayıtsalar yaxşıdır. Bu gecəlik sizə möh­lət verirəm. Məndən utanıb üzümə söz deyə bilməyənlər bu gecə heç nə demədən ayrılıb gedə bilərlər.

O gecə İmam Hüseyn(ə) səhərə qədər yatmadı vəşam yandırılmasına da icazə vermədi. Səhər açı­landa İmam Hüseyn(ə) ətrafına baxıb adamların ço­xu­nun gecə ikən getdiyini görəndə qətiyyən nara­hat olmadı. Əksinə, ən etibarlı dostlarını yanında görüb xoşhal oldu. Və onların bu sədaqəti onun gözlərini ya­şartdı. Gözünə ilk dəyən müəzzin Həccac ibn Məs­ruq oldu. Onun şirin avazla başladığı səhər əzanı İmam Hüseynin(ə) əsəblərini yumşaltdı. Artıq neçə illər idi ki, o, Həccac ibn Məsruqun səsinə yuxudan oyanır, sübh namazını qılırdı.

İmam Hüseyn(ə) sübh namazından sonra oğlu Əli-Əkbəri yanlna çağırdı. Adamların çox hissəsinin gecə ikən onları tərk etməsi Əli-Əkbəri qəzəblən­dir­mişdi. Bunu oğlunun baxışlarından hiss edərkən təm­kinlə dilləndi:

Narahat olma, oğlum. Getdiyimiz yolun ağır­lığına hamı tab gətirə bilməzdi. Eşitmədinmi, dünən mən özüm onlardan çıxıb getmələrini xahiş etdim

-İnsanları tanımaq olmurmuş. Deməli, bu bir qoşun adamın hamısı vəzifə, mənsəb almaq üçün bi­zə qoşulubmuş! – Deyə Əli-Əkbər ürəyindəkiləri giz­lət­mədi. – Deməli, bu adamlar Allah yolunda, din yolunda yox,mənsəb, var-dövlət yolunda qanlarını axıtmağa hazır imişlər.

-Sən dediyin mənsəb, var-dövlət, səltənət insan­ların çoxlarına hakim kəsilib. O bədbəxtləri qınama. Onlar həyatın mənasını onda görürlər. Ancaq bilmir­lər ki, ən böyük sərvət, mənsəb Böyük Yaradanın buyurduğu siratəl müstəqim yolu ilə getməkdir Bi­zim mübarizəmizin mənası da bundadır. Biz insan­lara Allahın buyurduğu düzgün yolu göstərməliyik. Yolun azıb Allaha, onun peyğəmbərinə, peyğəm­bə­rin ətindən, qanından törəyən övladlarına qarşı, mü­qəd­dəs dinimizə qarşı çıxanları Allah Taala özü cə­za­landıracaq. Biz ya cəmiyyətimizi dinsizlərdən tə­miz­ləməliyik, ya da bu yolda şəhid olmalıyıq. Bizim işimizin çətinliyi ondadır ki, yer üzünü riyakarlıq, haqsızlıq, dinsizlik bürüyüb. Bizim üstünlüyümüz on­dadır ki, qələbəmiz Allah tərəfindən yüksək qiy­mət­ləndiriləcək. Fərqi yoxdur, şəhidliyimiz də, qələ­bə­miz də İslamı xilas edəcək. Yadında saxla, oğlum. Bizim damarlarımızdan ali qan axır. Biz ulu Tanrının nəzarətindəyik. Bizim qismətimizdə məğlubiyyət yox­­dur. Bizim yaşamağımız da qələbədir, ölməyimiz də.

Bir kənardan bu söhbəti izləyən Zeynalabdin(ə) atasının sözlərindən sonra kövrəldi. Bədəni tir-tir əsməyə başladı.

Bu halı görən İmam Hüseyn(ə) Əli-Əkbərlə bir­likdə ona yaxınlaşdı. Zeynalabdinin(ə) məsum sifə­tin­də ilahi nurun işartıları görünürdü.

-Ağlama oğlum. Biz döyüşə yollanırıq. Dinimizi xils etməyə gedirik. Adamların çoxunun bizdən ay­rıl­ması sənə də pis təsir etməsin. Təki Allah bizimlə olsun Ulu cəddimizin ruhu bizimlə olsun.

Artıq karvan bir neçə mənzil yol qət etmişdi. Sabah adlı bir yerdə İraqdan gəlib Hicaza gedən şair Fərəzdəq Əhli-Beytin karvanı ilə rastlaşanda İmam Hüseynlə(ə) görüşdü. İmam Hüseyn(ə) ondan İraq tərəfin vəziyyətini soruşduqda Fərəzdəq heç nə giz­lət­­mədən Kufədə gördüklərini ona danışdı. Bu o vaxt­lar idi ki, Müslüm ibn Əqilin ətrafında on səkkiz min nəfərdən çox insan var idi.

“Ey peyğəmbər övladı kufəlilərin ürəkləri sizinlə olsa da qılıncları sizə qarşıdır”. – deyə Fərəzdəq qəti fikrini bildirdi.

 

*  *  *

 

Artıq ikinci həftə idi ki, Yezid bərk narahat idi. O, nə nədimlərini – piyalə dostlarını başına yığıb kef məclisi qurur, nə rəqqasələrə tamaşa edir, nə ova çıxır, nə də bir kimsəni qəbul edirdi. Bütün gününü və­ziri Sərxunla və sarayın digər mühüm vəzifə tutan əyanları ilə keçırır, Kufədə baş verən hadisələri öl­çüb-biçir, İmam Hüseyni(ə) zərərsizləşdirmək üçün yollar axtarırdı.

Müslüm ibn Əqilin Kufədə peyda olması və çox qısa vaxtda İmam Hüseynə on səkkiz min nəfərdən çox adamın beyətini toplaması onun yuxusunu ərşə çəkmişdi. İndiki halda Müslüm ibn Əqil onunçün Hüseyn ibn Əlidən(ə) daha qorxulu idi  İbn Ziyadın Kufəyə gəlişindən sonra ondan cəmi iki məktub almışdı. Təzə valinin vədlərlə dolu sözlərini o hələ tə­səlli kimi qəbul edirdi. Onun hakimiyyətdən üz dön­dərmiş Kufə əhalisini ram edəcəyinə o qədər də inanmırdı.

“Bu ibn Ziyad niyə məktubların arasını kəsdi? Yoxsa... yox, yox...” – deyə Yezid beyninə dolmuş fikirləri özündən kənarlaşdırmağa çalışdı. Ancaq nə qədər elədisə onlardan yaxa qurtara bilmədi. “Bəs qo­şun necə oldu? Mənim ümidim bu qoşuna idi Müs­lüm əgər bu qoşunu məğlub edib Kufəni ələ ke­çirsə mənim burda taxtda oturmağıma dəyməz. Ku­fə­ni əldən versəm, bütün vilayətlər üstümə ayaq açacaq.” – Yezidin öz-özünə verdiyi bu suallar onu haldan salıb üzürdü. O, vahimə və qorxu içərisində otaqda var-gəl edir, nə edəcəyini, çıxaracağı qərarı müəyyənləşdirə bilmirdi. Artıq Sərxun da, şəhərin adlı-sanlı əyanları da onu bezdirmişdi. Yezid ömrün­də ilk dəfə idi ki, belə çıxılmaz vəziyyətə düşürdü. İlk dəfə idi ki, hakimiyyətə gəldiyi üçün peşiman­çılıq hissi keçirirdi. O, özü də bilirdi ki, hakimiyyət adamı deyil. Ondan olsaydı həyatını başqa cür qurar­dı. Gözəl qadınlarla əylənməkdən, kef məclisləri qur­maqdan, nədimləri ilə yeyib – içib söhbət etmək­dən, lətifə danışmaqdan və bütün gecəni xəyala dalıb şeir yazmaqdan, hərdən-birdən ova çıxıb havasını dəyişməkdən başqa heç bir iş görmək istəmirdi. Elə həyatın mənasını da kef məclislərində və gözəl qa­dın­larda, eşqyanə şeirlərdə görürdü. Ənçox xoşladığı iş isə qumar oynamaq idi. Ancaq atası Müaviyə onun hə­yat yolunu dəyişdi. İstəməyə-istəməyə onu haki­miyyətə gəlməyə məcbur etdi İndi, bu gün Yezid düş­düyü sıxıntılar işərisində atasını da, onun dost­larını da lənətləyirdi. O, imam Hüseynin(ə) haki­miy­yəti ələ aldıqdan sonra özünün aqibətini gözləri önü­nə gətirdikcə dəhşətə gəlirdi. Yezid adamları pulun, şərabın gücünə özünə dost etmişdi. Yaxşı bi­lirdi ki, səhərdən axşamacan onu tərifləyən əy­yaşlar İmam Hüseynin(ə) üstünlük qazanacağını eşidən kimi on­dan üz döndərəcəklər.

Qulamın qapıda görsənib “Məkkədən gələn var” deməsi Yezidi xəyallardan ayırdı. Eşidəcəyi xəbərin onu sıxıntıdan qurtaracağı ümidi ilə qasidi təcili qəbul etdi.

Ancaq oxuduğu məktubun məzmunu onu nəinki sıxıntıdan qurtardı, əksinə, bütün vücudunu qorxu və dəhşətə saldı. Məkkədə törədiləcək sui-qəsd baş tut­ma­mışdı. Həcc mərasimi başlamamış İmam Hü­seyn(ə) Məkkədən çıxaraq Kufəyə yollanmışdı.

Yezidə elə gəldi ki, hər şey məhv olub “Heseyn Kufəyə yollanıbsa deməli, şəhər Müslümün əlinə ke­çib”. Ağlına gələn bu fikrin təsirindən var səsi ilə qış­qırdı: “Yox, ola bilməz”.

Eşitdikləri qışqırığa içəri daxil olan müha­fi­zə­çilər Yezidi çox pəjmürdə hal görsələr də, ondan bir söz soruşmağa cəsarət etmədilər. Mühafizəçılərin içəri keçməsi tələyə düşmüş vəhşi kimi çırpınan Ye­zi­din halını özünə qaytardı. Onun gözləri böyüyüb hədəqədən çıxmış, rəngi kağız kimi ağarmıçdı.

-Sərxunu çağırın gəlsin.

Yezidin düşdüyü halı görüb heyrət və təəccüb­dən donub yerlərində qalan mühafizəçilər deyilən əm­ri eşitsələr də yerlərindən tərpənmədilər.

-Sizinlə deyiləm, məlunlar nə gözlərinizi döyür­sünüz?

Yezidin bu çığırtısından sonra mühafizəçilər ildırım sürəti ilə otaqdan çıxdılar.

“Əbləhlər, burnunuzdan gəlsin yeyib içdiyiniz. Məni arxayın saldılar.”Hərşey yaxşı olacaq, axı, Hüseyn ibn Əlinin nə qüvvəsi var ki, ondan qorxur­san?” – deyib başımın altına yastıq qoydular. Şeirlə­rimi tərifləyib, “sən Şərqin ən böyük şairisən” deyib məni dövlət işlərindən ayırdılar. İndi budur, uzağı bir həftəyə - on günə Hüseyn Kufəyə çatıb Müslümlə birləşib üstümə qoşun yeridəcək.”

-Qibleyi-aləm, Kufədən gələn var. Hüsurunuza təşrif gətirmək istəyir, - qulamın qapının ağzında çox ehtiyatla, qorxa-qorxa dediyi bu sözləri Yezid eşitsə də ilk anda dərk edə bilmədi.

-Necə? – deyə o, hədəqədən çıxmış gözlərini qa­pı­nın büzüşüb yumağa dönmüş və dediyi sözə pe­şiman olmuş qulama zillədi.

-Kufədən gələn var, qibleyi-aləm. Hüzurunuza gəlmək istəyir, - deyə qulam yenə qorxudan titrək səslə dilləndi.

-Kufədən? – deyə Yezid qulamın üstünə şığıyıb ikiəlli onun yaxasından tutdu.

Nələr baş verdiyini anlamayan qulam:

-Bəli qibleyi-aləm, - deyə zorla cavab verdi. Ar­tıq onun qorxudan danışmağa taqəti qalmamışdı.

-Bəs, nə durmusan, əbləh oğlu əbləh? Təcili onu gətir hüzuruma.

Müslüm ibn Əqilin mis sinidəki başı Yezidin ovqatını tamamilə dəyişmişdi. O, qəh-qəh çəkərək gülür, sevincindən az qalırdı çırtıq çalıb oynasın.

-Görürsən ibn Ziyadın şücaətini? – Deyə Yezid bayaqdan onun hərəkətlərinə göz qoyan, dodaqaltı gülümsəyən vəziri Sərxuna tərəf çevrildi.

-Görürəm qibleyi-aləm. Sənin bütün dostların ibn Ziyad qədər şücaətli və sədaqətlidir. İnşallah böyük düşmənimizə də beləcə qalib gələrik.

-Yox, Sərxun.Sən bilmirsən. Bizim ən böyük düşmənimiz elə bu idi. – Deə Yezid şəhadət barmağı ilə Müslüm ibn Əqilin sinidəki başını göstərdi. Sonra sözünə əlavə etdi:

-Hüseyn ibn Əlinin gücü bunda idi. O, Müslümə görə qürrələnib bizə hədə-qorxu gəlirdi. Cəmi bir neçə gün ərzində bir şəhəri yoldan çıxartmışdı. On səkkiz min adamdan beyət toplamaq bilirsən nə de­mək idi? Ey Sərxun sən bilirsən ki, bu müddət ər­zində mən neçə dəfə ölüb dirilmişəm.

-Qibleyi-aləm, deməli, ibn Ziyadı Kufəyə vali tə­yin etməkdə yanılmamışıq, - Sərxun söhbətin səmtini dəyişib özünün də bu işdə xeyli xidməti olduğunu Yezidin nəzərinə şatdırmaq istədi.

Yezid Sərxuna tərəf gəlib əlini onun çiyninə qoy­du. Sonra gülümsəyərək dedi:

-Bilirəm nə demək istəyirsən. Əhsən sənə, vəzir. Xidmətin qiymətləndiriləcək. İndi isə Müslümün başını nizəyə keçirtdir. Əmr et ki, bütün Şam əhlinə göstərsinlər. Sonra şəhər darvazasının üstündən asdır ki, düşmənlərimizə görk olsun.

Vəzir cəld dilləndi:

-Baş üstə qibleyi-aləm!

Yezid:

-Hə az qalmışdı yadımdan çıxsın Axşam məclis qur. Adımızı uca tutan əyanları dəvət et. Musiqi də öz yerində. Görərsiniz necə gözəl şeirlər oxuyacam

Vəzir Yezidin kefinin durulduğunu görüb gü­lüm­səyərək dilləndi:

-Qibleyi-aləm, siz Şərqin böyük şairisiniz. Ərəb dünyası ikinci belə bir dahini görməyəcək. Bu gecə həbəş qızının odlu rəqsi çəkdiyiniz bütün əziyyətləri sizə unutduracaq, yeni qəzəllər yazmağa sövq edəcək.

-Yox, - deyə Yezid tərs bir baxışla vəziri süzdü. Sonra sözünə əlavə edərək: - həbəş qızının adını bir də dilinə gətirənin... – Həmişə danışanda həd-səd bil­məyən Yezid bu dəfə nədənsə sözünün ardını demədi. Bir neçə anlıq sərtlikdən sonra onun sifət ciz­giləri yenə qaydasına düşdü. Təmkinlə sözünə da­vam etdi: - Həbəş qızı dünəndən mənim hərəm­xa­nam­dadır. O, artıq rəqqasə deyil.

Bu işdən xəbərsiz olan vəzir səhv etdiyini bilsə də, üzürxahlıq eləməyə yer qalmadığını gördü. Otaq­dan çıxmaq istəyən vəziri Yezid yenidən səslədi:

-Hara gedirsən, bəs Kufəyə, ibn Ziyada məktub göndərməyəkmi?

-Özünüz belə buyurdunuz, qibleyi-aləm. Necə məsləhətdir, elə də edək.

-Yaxçı get əmrini ver qayıt gəl bura. Tapşır ki, axşam camaatı məscidə toplasınlar. Hadisədən onları xəbərdar edək.

“İndi qaldı Hüseyn ibn Əli. O, Kufəyə gəlib çıxsa təzədən iş qəlizləşə bilər. İbn Ziyada yazmaq lazımdır ki, Hüseyni yolda qarşılasın. Ya beyət, ya qətl. Üçüncü yol yoxdur. Vəssəlam.” – Deyə Yezid öz-özünə pıçıldadı. Sonra mizin üstündəki boş qal­mış siniyə baxdı. “Hüseyn ibn Əlinin də başını bu sinidə görsəm, dərdim olmaz.” – dedi.

 

*  *  *

 

İmam Hüseyni(ə) Müslüm ibn Əqildən başqa heç kim düşündürmürdü. O, cəsur əmisi oğluna, onun şücaətinə arxalanıb Kufəyə gedirdi. Şair Fərəz­dəqdən aldığı məlumat onu ruhlandırsa da qəlbinin dərinliyində qara bir nöqtəyə dönmüş nisgil ona ra­hatlıq vermirdi. Böyük bir müsibətlə, bəla ilə qar­şılaşacağı fikri beynindən çıxmırdı. “Hər şey Allahın hökmü ilədir. Hər şey o böyük Yaradanın əlindədir. Necə məsləhətdirsə elə də olacaq.” – Deyə İmam Hüseyn(ə) yol boyu onu çulğamış qara fikirlərə sanki nöqtə qoydu. İlk mənzildə dəstədən adamların azal­ması İmam Hüseyni(ə) məyus etməsə də sevi­ndir­mə­mişdi. İndi hiss edirdi ki, qoşunun sayını artırmaq, hər ehtimala qarşı daha çox döyüşçü ilə Kufəyə get­mək lazım idi. Ancaq bu qoşunun hər bi döyüşçüsü ona sədaqətli olmalı, baş verə biləcək əzabdan, bəla­dan qorxmamalı,müqəddəs İslamın paklığı uğrunda qılınc çalmağı bacarmalı, dünya malına, sərvətə, mənsəbə göz yummalı idi.

Imam Hüseyn(ə) bu fikrini lap əvvəldən bəyan etmişdi. Yaxın, uzaq şəhərlərə, vilayətlərə yazıb gön­dərdiyi məktubların məzmununu da bu fikirlər təşkil edirdi. O, qoşununa həm döyüşçü toplamağa, həm də ona qoşulmuş təsadüfi adamları, dünya malına uyan­ları uzaqlaşdırmağa çalışırdı. Dünən Dürud adlı yerə çatanda Züheyr ibn Qeys Nəhayi ilə də söhbəti açıq-aşkar aparmış, Məkkədən qayıdan bu mömin insanı öz qoşununa cəlb edə bilmişdi. Züheyr bütün əzab­lara, bəlalara hazır olduğunu, İmamla birlikdə olar­kən özünü səadətə qovuşan bir insan kimi hiss etdi­yini söyləmişdi.

Karvan Şuqut adlı yerə çatanda İmam Hüseynin işarəsi ilə hamı istirahət etmək üçün dayandı. Namaz qıldıqdan sonra gecənin sərinliyində istirahət edən İmam Hüseyn(ə) oğlu Əli-Əkbərin bir nəfər namə­lum şəxslə ona tərəf gəldiyini gördü. Ay işığında Əli-Əkbərin əyilmiş qaməti və ağır yerişi onun diq­qətindən yayınmadı.

“Əli –Əkbərə nə olub belə? Bu qəmginlik nədən­dir onda?” – Deyə İmam Hüseyn(ə) öz-özünü sula tutdu.

Göz yaşları içində boğulan Əli-Əkbər qəhərdən danışa bilmirdi.

Son vaxtlar övladları və qardaşları ilə daha meh­ri­ban rəftar edən İmam Hüseyn(ə) adətinin əksinə olaraq sərt halda dilləndi:

-Nə olub sənə? Nə hadisə baş verib? – İmam Hü­seyn(ə) sual dolu baxışlarını Əli-Əkbərin göz yaş­larından islanmış üzünə dikdi.

- Dilim gəlmir deməyə,- deyə Əli-Əkbər hönkür-hönkür ağlamağa başladı. Sanki dolmuş bulud leysan tökdü. Sonra iki kəlmə - “Əmim müslüm” – deyib göz yaşlarından islanmış üzünü əlləri içərisində gizlətdi.

İmam Hüseynin(ə) qulaqları uğuldadı. Səhrada külək səsinə bənzəyən bu uğultu artıq başqa sözlər eşitməyə ona imkan vermədi. İstədi dikəlib ayağa qalx­sın, ancaq ona elə gəldi ki, ayağa qalxsa eşitdiyi xəbərin ağırlığı onu yenidən torpağa sıxacaqdı. Qey­ri-ixtiyari dodaqlarından bu sözlər qopdu: “İnna lillahi və inna iləyhi raciun”.

Müslüm ibn Əqilin şəhid olması xəbəri hamını sarsıtmışdı. Əhli-Beyt qadınlarının qışqırıq və şivəni ürək parçalayırdı.

Tək-tənha oturub fikrə getmiş İmam Hüseyn(ə) başını qaldıranda ən doğma adamlarının ona tərəf gəldiyini gördü. Qadınlar ona çatar-çatmaz and ver­dilər ki, Kufə səmtinə getmək fikrindən əl çəksin və əhli-əyalına əzab verməsin.

İmam Hüseyn(ə) Müslüm ibn Əqlin şəhid olması xəbərini eşidəndən sonra elə süstləşmişdi ki, başını qəldırıb əhli-əyalından kiməsə cavab verməyə belə taqəti qalmamışdı. Bu vaxt Müslüm ibn Əqilin qızı cəsarətlə irəli yeriyib onun qarşısında dayandı. Çox qəti bir halda dedi:

-Ya İmam, Kufə əhlindən Müslümün qanını al­ma­yınca biz geri qayıda bilmərik. Ya intiqam alarıq, ya da şəhid olarıq.

İmam Hüseynin(ə) qanı qaçmış, səhra küləyin­dən bozarmış dodaqlarına bir təbəssüm qondu. Ba­xış­larını asta-asta qızdan yana çəkib fikrini qətiləş­dirdi:

-Bu sözlərdən sonra daha mən yaşamaqda heç bir məna görmürəm.

Artıq “qəm karvanı” əvvəlki sürətlə getmirdi. Də­vələrin də, atların da elə bil yerişi ağırlaşmışdı. Hər­­­dən Kufə səmtdən əsən isti külək səhranın qu­munu göyə sovuraraq karvanın qarşısını boz bir divar kimi kəsir, Əhli-Beyti, onun qoşununu hərəkət­dən saxlayırdı. Ancaq karvan ağır-ağır irəliləyirdi.

Malə adlı mənzildə karvan yenidən dayandı. Yas içində olan Əhli-Beyt öz təziyəsini susmaqla, dərin xəyallara dalmaqla keçirirdi. İmam Hüseyn(ə) yenə bir tərəfə çəkilib tənha oturmuşdu. Müslüm ibn Əqi­lin ölümündən sarsıldığından təklikdə için-için ağla­yırdı ki, əhli-əyalı,sədaqətli dostları, qohumları onun bu halını duyub pərişan olmasın. Qadınlar olan xey­mə­dən gələn ağlaşma səsi ürəkləri parçalayırdı. Ha­mıdan çox özünə sitəm edən cənab Zeynab idi. O, Müslüm ibn Əqilin ölüm xəbəri gələn andan susmaq bilmir,elə hey nöhə söyləyib ağı deyirdi.

İmam Hüseynin(ə) xəyalında yenə babası Rə­sululah(s) ilə, atası həzrət Əli ilə, qardaşı İmam Hə­sən(ə) ilə keçirdiyi günlər canlanırdı. İmam Hü­seyn(ə) bu müqəddəs şəxsləri xatırladıqca salavat çe­vi­rir, dodaqaltı Quran ayələrini zikr edirdi. O, ba­ba­sının, atasının və qardaşının tutduğu yola haqq qazandırır, onların yolunu davam etdirəcəyinə and içirdi.

Uzaqdan gələn atlı İmam Hüseynin(ə) diqqətin­dən yayınmadı. Əli-Əkbər onu xeymələrin yanında qarşıladı. Onların etdikləri söhbət uzaqdan eşidil­məsə də qasidin Kufədən gəldiyini və heç də xoş xə­bər olmadığını duydu. Bir azdan qasid Əli-Əkbərlə bir­l­ikdə onun hüzuruna gəlib Ömər ibn Sədin gön­dərdiyi məktubu ona təqdim etdi.

“Ya Hüseyn, məlumun olsun ki, sən inandığın Kufə əhli öz vədinə xilaf çıxdı. Böyük ümid bəslə­diyin Müslüm indi yoxdur. Onun mənə etdiyi vəsiy­yəti olduğu kimi sənə çatdırıram. O, buyurdu ki, mənim ölümümdən sonra Hüseyn ibn Əliyə çatdır ki, Kufəyə gəlməsin”.

Məktub İmam Hüseynin(ə) əlində titrədi. “Kufə­dən qasid gəlib” xəbərini eşidən döyüşçülər İmam Hü­seynin(ə) ətrafına toplaşmışdılar. İmam Hü­seyn(ə) bu xəbəri də sükutla qarşıladı. Artıq onun de­məyə sözü qalmamışdı. Döyüşçülər Müslüm ibn Əqilin vəsiyyətindən xəbərdar olandan sonra kənara çəkilib bir-birləri ilə pıçıldaşmağa başladılar.

Gün batmış, qaranlıq çıkmüşdü. Göylərin dərin­li­yində ulduzlar işıldayırdı. Xeymələrdən azacıq ara­lıda bir yerə toplaşan atlıların qaraltısı görünürdü. İmam Hüseyn(ə) bilirdi ki, bu gecə də onun dəstəsi seyrələcək, mal-mülk həvəsində olanlar onu tərk edə­cəklər. Ancaq nə İmam Hüseyn(ə) onlara bir söz dedi, nə də onlar İmam Hüseynin yanına məsləhətə gəldilər. Gecənin qaranlığında qəfildən at nallarının səsi eşidildi. Onlar qoşunu tərk edib geri qayıdan döyüşçülər idi.

“Bunlar da belə getdi. Sadiq dostlar ələnib ələk­dən keçəndən sonra tanınırmış...” – deyə İmam Hü­seyn(ə) öz-özünə düşündü. Sonra ayağa qalxaraq karvanın hərəkət etməsi barədə göstəriş verdi.

İmam Hüseyn(ə) kiçik saylı qşunun get-gedə azal­masından narahat olmağa başlamışdı. Onun məktub göndərdiyi vilayətlərdən heç bir soraq gəl­mə­mişdi. Əslində heç Müslüm ibn Əqilin qətlindən sonra heç kimdən nicat gözləmirdi.

“Adamları sınamadan tanımaq olmur” – deyə İmam Hüseyn(ə) düşündü. Sonra astadan öz-özünə pıçıldadı: “Mənə elə gəlir ki, hələ də qoşunun içəri­sində üzə düşüb yalandan sədaqət göstərən adamlar var. Bu gecə onlara son sözümü deyəcəm”.

Bir daha ətrafındakı adamları bir yerə toplayıb onlara son sözünü demək İmam Hüseyni(ə) rahat buraxmırdı. Karvan Qət-qətanə deyilən yerə çatanda İmam Hüseyn(ə) dəstəsində olan adamları bir yerə topladı. Bəlağətli bir səslə nitq söylədi:

-Ey mənim qohumlarım, ey mənim dostlarım! Sizə məlum olduğu kimi bizim böyük ümid çırağı­mız olan Müslüm ibn Əqil Kufədə qətlə yetirilib. Yezid Kufəyə böyük qoşun göndərib. Təzə vali ibn Ziyad mənə beyət edənləri öz ətrafına toplayıb bizə qarşı yönəldib. Bundan sonra şücaət köstərib qələbə qazanmaq mümkün deyil. Ancaq mən tutduğum yoldan geri qayıdası deyiləm. Sizin isə düşəcəyiniz bəladan yaxa qurtarmağa hələ ki, imkaniniz var. Mən razı ola bilmərəm ki, sizə zərərim dəyə və mənim ucbatımdan zərər çəkəsiniz. Ona görə də gecənin bu vaxtı sizdən geri qayıtmağı, öz evlərinizə dönməyi rica edirəm. Gördünüzmü, keçən dəfə də belə bir söh­bət elədim. Və məndən ayrılıb geri qayıdanlara heç bir irad tutmadım. Yenə təvəqqe edirəm, bu gecə kim istəyirsə geri qayıtsın.

İmam Hüseyn(ə) gecə yenə şamları söndürməyi əmr etdi. Yenə gecənin bir vədəsində at nallarının səs­ləri eşidildi. Yenə dünya malı təmənnasında olan­lar İmam Hüseyni(ə) tərk  etdilər.

At nallarının səsinə oyanan Əhli-Beyt və səda­qətli dostlar yenidən onun ətrafına toplaşdılar. Artıq bu dəfə qalanlar onun ən sədaqətli dostları, pak əqi­dəli, din uğrunda hər bir əzaba hazır olan mömin adam­lar idi. Onlar İmam Hüseynə(ə) təsəlli verərək son nəfəslərinə kimi onunla birlikdə olacaqlarına söz verdilər. Dəstəyə təzə qoşulan Züheyr İmam Hü­seynə(ə) daha yaxın gələrək onun qəmli çöhrəsinə baxa-baxa dedi:

Ya Hüseyn, dəstəmizin azalması yox, sənin belə kədərli olmağın bizi üzür. Bir də ki, əqidəsiz çoxluq­dansa, ətrafında bir nəfər sədaqətli dostunun olması daha yaxşı deyilmi? Biz kəfənimizi boynumuza do­layıb sənə qoşulmuşuq. Sayca az olmağımız səni narahat etməsin.

Züheyr kövrəldi, Qəhər onu boğdu. Sözünün ar­xasını deyə bilmədi, əlləri ilə üzünü tutub hönkürdü.

İmam Hüseyn ayağa qalxıb nəvazişlə əlini onun çiyninə toxundurdu. Sonra üzünü ətrafındakılara tutaraq kövrək bir səslə dedi:

-Siz dünyanın ən mömin, saf ürəkli müsəlman­larısınız. Çünki müqəddəs İslam uğrunda döyüşə atılmısınız. Çünki Allahın göstərdiyi yolla gedirsiniz. Rəsulullahın vəsiyyətinə əməl edirsiniz. Onun ətin­dən qanından törəyən övladlarının köməyinə gəlmi­siniz. Gözlərinizə baxanda görürəm ki, bu  dünyanın əzab və işgəncələri sizi qorxutmur. Siz Allah xofun­dan qorxaraq qorxmursunuz.

İmam Hüseyn(ə) danışdıqca kövrəkliyi azalır, səsi də, sifətinin cizgiləri də sərtləşirdi.

-Eşidin və bilin. Bu dünya bizim dünyamız de­yil. Bu dünya bizlər üçün yaddır. Bizim dünyamız şəhadətlikdən sonra qovuşacağımız məkandır. Əbədi bir məkan. Həzrət Rəsulullahın(s) həzrət Əlinin(ə) qovuşduğu Behiştdir, Cənnətdir.

İmam Hüseyn(ə) bir anlığa susdu. Yenə yadına atası həzrət Əlinin(ə) sözləri düşdü. Sonra nitqinə davam edərək dedi:

-Atam Əliyəl-Mürtəza(ə) buyurmuşdu ki, mən bu dünyaya üç dəfə təlaq vermişəm. Bu namırd dün­yaya mən də bu gündən təlaq verirəm. Bizim məqsə­dimiz insanları düzgün yola çəkmək idi. Lakin Yezid kimi iblis, ibn Ziyad kimi şeytanlar insanları elə qor­xu və ehtiyac içərisində saxlayırlar ki, onları düçar olduqları bəladan xilasetmək mümkün deyil. Biz bu şeytanları məhv etsək də kökünü kəsə bilməyəcəyik. Dünya durduqca onlar da duracaq. Allah yolunun pak ürəkli, saf əqidəli yolçularına nisbətən daha çox olacaqlar. Çünki pislərdən pis törəməklə yanaşı, yaxşılardan da pislər törəyəcək. İnsanları bu şeytan­ların əlindən xilas etmək, onların şüurunda çevrılış yaratmaq üçün tək bir yolumuz qalıb. Bütün əzab və işgəncələrin ağırlığını öz üzərimizə götürüb şəhadətə yetişmək. Çəkəcəyimiz əzablar bütün bəşəriyyətin çəkə biləcəyi işgəncələrdən ağır ola bilər. O, qadir Allah bizim üçün hansı yolu buyursa, o yolla da gedəcəyik. İndi deyin görüm, razısınızmı mənimlə?

İmam Hüseynin bu sözlərindən sonra dirçəlib coşmuş adamlar yerbəyerdən “razıyıq” dedilər.

 

*  *  *

 

Kufədə səs-səmir gəlmirdi, elə bil qurbağa gö­lünə daş atılmışdı. Hərdən bir xəyala düşən şəhər əhalisi Müslüm ibn Əqilin qətlindən sonra bir az əsib cöşsa da, yalançı qeyrət nümayiş etdirsə də sakitləş­miş və süstləşmişdi. Artıq İbn Ziyad onlardan yox, onlar ibn Ziyaddan qorxurdular. Bir vaxt İmam Hü­seynin(ə) gəlişini səbirsizliklə və hədsiz həyacanla gözləyən şəhər əhalisi artıq onun bir dəstə və öz əhli-əyalı ilə Kufəyə gəlişini mənasız bir iş sayırdı. Onlar indi ibn Ziyadın adamlarını görəndə əyilib ikiqat ola­raq təzim edir, bir-birini cəsuslara İmam Hü­seyn(ə) tərəfdarı kimi satırdılar. Hiyləgər ibn Ziyad İmam Hüseynlə(ə) bağlı hər bir məlumatı çox diq­qətlə din­ləyir, bir-birini satan,günahlandıran adam­ları həvəslə qəbul edir,satqınlıqla bağlı onların bütün dediklərini yerinə yetirir, özünü ədalətli vali kimi göstərirdi. Bütün bunlarla yanaşı o, əsas diqqətini İmam Hü­seynin(ə) gəlişinə yönəltmişdi. O, İmam Hü­seynin(ə) az qala hər addımını izləyən xəfiyyələrin verdiyi məlumatları, bu barədə bütün eşitdikləri və bildik­lərini ardıcıl olaraq yazıb Yezidə göndərirdi. Yezidin göndərdiyi məktublarda yazılan təriflər ibn Ziyadın əl-qolunu xeyli açmışdı. O. Artıq özünü xəlifənin ən yaxın adamı hesab edir, uşaq vaxtı hər dəfə eşidəndə acıqlandığı sözlərlə bu gün fəxr edirdi. Bəli o, hələ uşaq ikən nənəsinin əbu Süfyanla yaxın olduğunu və əslində atası Ziyadın Əbu Süfyanın qeyri-qanuni oğ­lu olduğunu eşitdikcə əsəbləşirdi.. Zinadan tərəmiş ibn Ziyad bu gün özünü Əməvi nəslinə calamaq üçün əldən ayaqdan gedirdi.

Yezidin İmam Hüseynlə(ə) bağlı ibn Ziyadın qarşısında qoyduğu “ya beyət, ya qətl” şərti onu ciddi tədbirlər görməyə məcbur etmişdi.

Sonuncu məlumatı alan ibn Ziyad artıq qəti addım atmağın vaxtı çatdığını hiss etdi. Ona görə də məşhur sərkərdə Hürr ibn Yezid Riyahini yanına çağırıb onu qoşuna başçı təyin etdi və dedi:

-Ey Hürr, səni qoşuna başçı təyin edirəm. İmam Hüseyni yolda qarşılayıb Kufəyə yetişənə kimi onu müşaiyət etməlisən. Başqa səmtə dönməyinə imkan vermə. Müqavimət göstərsə hamısını qılıncdan keçir. Hüseyn ibn Əlinin başını səndən istəyirəm.

Hürr bir qədər susub cavab vermədi. İstədi etiraz eləsin. Ancaq ibn Ziyadın qəzəbinə düçar olacağın­dan ehtiyat edib heç bir söz demədi. Son vaxtlar ibn Ziyad o qədər azğınlaşmışdı ki, sözünün üstündən söz deyəni də cəzalandırırdı. Buna görə də razılıq verib təzim etməkdən başqa çarəsi qalmadı. Ancaq son dərəcə ayıq-sayıq və hiyləgər olan, gözündən tük belə yayınmayan ibn Ziyad Hürrün tərəddüd etdiyini sifətindən oxuyub rişxəndlə dedi:

-Nədir, yoxsa sən də axirət cəzasından qorxur­san?..

Hürr dinməsə də nə isə deməliydi. Ancaq ürəyin­də “lənət şeytana” deyib qəzəbini boğdu, çox müla­yim halda dedi:

-Ya əmir, axirət qorxusu bütün müsəlmanlar üçün var. Ancaq mən indi sizin əmrinizi yerinə yetir­məkdən başqa heç nə fikirləşmirəm.

İbn Ziyad qəh-qəhə çəkib güldü:

-Bax, indi xoşum gəldi səndən. Tez ol, min nəfər süvari götürüb yola çıx. Hüseyn ibn Əlini addım-ad­d­ım izlə. Bir yerə çapar göndərməsinə icazə vermə. Ona qoşulmaq istəyənləri cəzalandır.

 

*  *  *

 

İntəhasız qum səhrası... Sanki bütün dünya də­yir­man daşından keçərək üyünüb quma çevrilmişdi. “Qəm karvanı” bu intəhasızlıqda ağır-ağır irəlilə­yi­rdi. Qarşı tərəfdə səhranın dərinliyində bir qaraltı göründü. Sonra bu qaraltı böyüyüb sürünə-sürünə onlara yaxınlaşan nəhəng bir ilana bənzədi.

Qarşıda çoxsaylı bir qoşun dayandığını İmam Hüseynə(ə) xəbər verdilər. İmam Hüseyn(ə) təcili bir atlı göndərib onların kim olduğunu öyrənmək istədi. İmam Hüseyn(ə) hələ də ümidini itirməmişdi. Hər an, hər dəqiqə göndərdiyi məktubların nəticəsi kimi ona dəstə-dəstə pak əqidəli, müqəddəs din uğrunda döyüşə hazır olan adamların qoşulmasını gözləyirdi. Çox keçmədi ki, göndərdiyi atlının ucaboylu, qiyafə­sindən sərkərdəlk hiss olunan ikinci bir atlı ilə bəra­bər ona tərəf gəldiyini gördü. Atlı İmam Hüseynin(ə) hüzuruna çatıb təzim etdi. Onun üzünü görmək şərə­findən özünü xoşbəxt saydığını bildirdi.

Edilən təzimdən, deyilən sözlərdən İmam Hü­seyn(ə) xoşhal oldu. Müslüm ibn Əqilin şəhadət xə­bə­rini eşidən gündən bəri ilk dəfə olaraq üzünə təbəssüm qondu.

-Sən kimsən, ey cəngavər? Hamının məndən üz döndərdiyi vaxtda, din düşmənlərinin bizi üstələdiyi bir məqamda belə tərifə, təzimə ehtiyac vardırmı? – Deyə İmam Hüseyn(ə) Hürrün günəşdən mis kimi qızarmış üzünə baxdı.

-Ya İmam, mənim adım Hürdür – Hürr ibn Yezid Riyahi. Sizin haqqınızda dediyim sözlər layıq olduğunuzun mində biridir.

-Ey Hürr, de görüm köməyə gəlmisən, yoxsa mü­haribəyə? – Deyə İmam Hüseyn(ə) baxışlarını Hür­rün üzündən çəkmədən soruşdu.

-Mən İmamın, Rəsuli-Əkrəmin əziz nəvəsinin, Əliyəl-Mürtəzanın istəkli övladının hüzurundayam. Ona görə də sizdən heç nə gizlətməyəcəm, - deyə Hürr tam aydınlığı ilə fikrini bildirdi. Sonra sözünə əlavə edərək: - Mən ibn Ziyadın əmri ilə bura gəlmi­şəm. Məqsəd sizin dəstəni tam nəzarətdə saxlayıb müşa­yət etməkdir, - dedi.

Onu diqqətlə dinləyən İmam Hüseyn(ə) bu­yurdu:

-Allahdan başqa güc və qüvvət sahibi yoxdur.

Hürr:

-Mən sizinlə şərikəm ya Hüseyn.

Hürr mum kimi yumşalmış, körpə fidan kimi köv­rəlmişdi. İmam Hüseyn(ə) Hürrün bu halını gö­rüb dedi:

-Ya Hürr, indi namaz vaxtıdır, gəl dəstələrimizi birləşdirib birlikdə namaz qılaq. Sonra hansı səmtə lazımdırsa gedərik.

-Siz necə deyirsinizsə elə də olmalıdır. Sən za­manın imamısan. Ona görə də imamlıq et namaza başlayaq, - deyə Hürr bildirdi.

Hamının namaza hazır olduğunu görən İmam Hüseyn(ə) dua edib üzünü Hürrün qoşununa tutaraq dedi:

-Siz, Kufə əhli məni dəvət etdiniz. Çünki Yezidə beyət etmədiyimi bilirdiniz. İndi yanımda olan bu qa­laq-qalaq məktubları siz kufəlilər mənə yazmış­dınız. Bütün məktublarınızda “İmamımız, müqtə­da­mız yoxdur. Bizim tərəfə təşrif gətir” – deyirdiniz. Bəs, nə tez əqidənizdən döndünöz? Müslümü nə üçün meydanda tək qoydunuz? – İmam danışdıqca əsəbləri tarıma çəkilir,qeyzlənirdi. Axırda o, səsini yavaşıdaraq yumşaq bir halda dilləndi. – İndi əgər meşmansınızsa heç olmasa mənim qarşımı kəsmə­yin. – İmam hüseyn əli ilə Hürrü göstərərək: - Sizin sərkərdəniz çox ağıllı və qorxmaz bir adamdır. Mən onunla ətraflı danışmışam. Əlavə qan tökülməsinə nə o, razı olar, nə də mən.

İmam Hüseyn(ə) danışdıqca yerində qurcalanan Hürr dözə bilməyib dedi:

-Ya Hüseyn mənim o namələrdən xəbərim yoxdur.

İmam Hüseyn(ə) buyurdu:

Sənin xəbərin olmasa da, qoşunun içərisində xə­bəri olan çoxdur. – Əlinin işarəsi ilə məktubların gəti­ril­məsini istədi. – Bax, budur o məktublar. Gö­rürsünüz? Bunların hamısını siz kufəlilər yazmısınız. Mən sizin bu dəvətlərinizi qəbul edib bura gəlmişəm. Onu da bilin ki, əqidəsizlik və hərdəmxəyallıq bağış­lan­maz günahlardandır.

Əsgərlər dinməyib sakitcə başlarını aşağı sal­dılar. Elə bu vaxt Kufə tərəfdən bir neçə atlının gəl­diyi göründü. Qasidlər qoşundan xeyli aralıda Hürlə qısa söhbət edib tələsik atlarını geri çapdılar.

Namazdan sonra İmam Hüseyn(ə) Hürrü xeyli qəmgin görüb soruşdu:

-Nə olub ya Hürr? Yoxsa mənimlə xoş rəftar erdiyinə peşimansan?

Bu sözdən alınan Hürr xırıltılı və yorğın bir səslə dilləndi:

-Xeyr, ya Hüseyn. Məsələ tamamilə başqadır. M­əlun ibn Ziyad məni bura göndərəndən sonra ağlı­na nə gəlibsə arxamca əlavə məktub da göndərib. Ba­yaqkı qasidlər həmin məktubu gətirmişdilər. Məni kədərləndirən odur ki, ibn Ziyad da, Yezid də sənin qanına susayıb. Bax, gör məktubda nə yazır, - deyə Hürr əlində bükələdiyi məktubu açaraq yenə həmin kədərli səslə oxudu. Sonra dərindən köks ötürrüb əvvəlki sözünə qayıtdı: - Görürsənmi o məlunu? Onun fikri-zikri sənsən. Sizin dəstəni susuz bir yerdə saxlatdırıb beyət almayınca buraxmamağı tapşırır. İn­di mən nə edim bilmirəm. Səni müdafiə etsəm ibn Ziyad və Yezid məni, mənim ailəmi, nəslimi cəza­lan­dıracaq. Sənə qəsd etsəm, Allah tərəfindən cəza­la­­nacam.

Aralığa dərin sükut çıkmüşdü. Nə İmam Hü­seyn(ə) danışırdı, nə də Hürr. İmam Hüseynin(ə) daha Hürrə deyiləsi sözü yox idi. Nə lazımdırsa bildirmişdi. Ona görə də Hürrün qəti qərarını gözlə­yirdi.

“Yenəmi zəndimdə yanılmışam? Axı, Hürr na­mərd adama oxşamır. Yəni bu Kufədə bir nəfər də ol­sun əqidəli adam qalmayıbmı? Yəni bu şeytanın nökərləri hamınınmı gözünə pərdə çəkib, ürəyini ovsunlayıb, ağlını əlindən alıb?” – Deyə fikirləşən İmam Hüseyn gözaltı baxışlarını yerə dikib kədərli dayanan Hürrü süzdü. “Yox, yox. Bu insanda hiy­lə­dən, məkrdən əsər-əlamət yoxdur. Mən sənə inanı­ram Hürr. Atam Əliyəl-Mürtəzanı da. Qardaşım Həsən-Müctəbanı da hamı insanlara inanmaq üstün­də qınayıb. O adamlar dərk etməyiblər ki, inam ən yüksək insani keyfiyyədir. İndi günah məndədi, yox­sa kufəlilərdə? Mən səhv eləmişəm, yoxsa kufəlilər? Gələcək nəsil məni kufəlilərə inandığım üçün qına­yacaq, yoxsa onları öz əqidələrindən döndükləri üçün lənətləyəcək?..”

-Ey peyğımbər övladı, sizin bircə an belə kədər­lənməyinizi bütün dünya malına dəyişmərəm. Qəm eləməyin. Qoymaram başınızdan bir tük də əskik olsun, - deyə Hürrün səsi İmam Hüseyni(ə) xəyaldan ayırdı.

İmam Hüseyn(ə) gözləri yaşarmış halda, dodaq­ları titrəyə-titrəyə, qəhərdən boğula-boğula danışan Hürrü süzüb əlini onun çiyninə toxundurdu.

Kövrəlib coşmuş Hürr bu sözsüz minnətdar­lıqdan vəcdə gələrək dedi:

-O əl qələm olsun ki, sənin kimi şahzadəyə qı­lınc çəkə. Dağılsın o igidin yurdu ki, dünya malından ötrü sənin kimi pak, müqəddəs bir vücuda qəsd edə. Ancaq müşayətimi də davam etdirəcəm. Təzədən geriyə, Məkkəyə qayıtmağınıza imkan verə bilmə­rəm.

... İmam Hüseyn(ə) də, Hürr də sakitləşmişdi. Artıq qaranlıq düşmüş, səmada ulduzlar görünməyə başlamışdı. Xəfif səhra mehi onların ruhunu oxşayır­dı. Hürr artıq özünə gəlmişdi. O, indi İmam Hü­seyni(ə) xilas etmək üçün yollar axtarırdı.

-Ya hüseyn, mən belə fikirləşirəm ki, sizin dəstə əsgərlərdən aralansın. Mən sizi kənardan da izləyə bilərəm. – Hürr nədənsə qəlbində tutduğu gizli fik­rini – onu xilas etmək istəyini bildirmədi.

İmam Hüseyn Hürrün məsləhətini bəyənib on­dan ayrıldı. Hürrün dediyi kimi öz dəstəsini qoşun­dan aralı çəkdi. Gecə yarısı yenə yolu davam etdir­məyi bildirdi. Ancaq nədənsə dəstənin bütün üzv­lərin­dən fərqli olaraq İmam Hüseyn(ə) yolunu dəyiş­diyindən heç də sevinmirdi. O, atına minib “Allah necə məsləhət bilibsə elə də olacaq,” – dedi.

Karvan yolun səmtini dəyişib hərəkətə gəlmə­sinə baxmayaraq İmam Hüseyn(ə) görünmürdü. Adə­tən dəstənin önündə gedən İmam Hüseyn(ə) bu dəfə hamıdan arxada qalmışdı. Əli-Əkbər və həzrət Abbas narahat olub atlarını geri çapdılar. Onlar İmam Hüseynə(ə) çatarkən qəribə bir mənzərənin şahidi oldular. İmam Hüseyn(ə) atı qamçılayıb irəli getməsini məcbur etsə də, at çahə qalxıb kişnəyir, son­ra dırnaqları ilə qumu göyə sovurur, geri çevril­məyə can atırdı. İmam Hüseynin ləngidiyini görən dəstənin süvariləri bir hadisənin baş verdiyini güman edib geriyə qayıtmışdılar.

İmam Hüseyn atın hərəkət etmədiyini görüb yerə atıldı. Əli ilə tərləyib köpük içində olan atın boynunu sığalladı. Bayaqdan bəri dırnaqları ilə qumu göyə sovuran, kişnəyib şahə qalxan, yerə mıxlanıb hərəkət etməyən at İmam Hüseynin bu əl təmasından sonra sakitləşdi. Həyatında ilk dəfə idi ki, Zülcənah adlı bu at onun sözünə baxmırdı. İmam Hüseyn(ə) atı incit­məyə qıymadı. O, atın mülayimləşdiyini görüb yeni­dən ayağını üzəngiyə qoymaq istədi. Lakin Zülcınah yenə fınxırıb kənara çəkildi. Heç kim gözlərinə inanmaq istəmirdi. Zülcənahın öz sahibi ilə bu cür rəftarını ilk dəfə idi görürdülər.

Əli-Əkbər bu hala dözməyib dilləndi:

-Başqa at gətirin...

Yox, lazım deyil, - İmam Hüseyn Əli-Əkbərin sözünü kəsdi. Sonra üzünü bələdçilərə tutaraq so­ruşdu:

-Bu yerin adı nədir, blirsiniz?

-“Bra mariyə torpağı deyərlər” – deyə bələdçilər bildirdilər.

İmam Hüseyn(ə) bir qədər fikrə gedib yenidən bələdçilərdən soruşdu:

-Bəlkə buranın başqa adı da var?

Başqa bir bələdçi etinasız halda yerindən dil­ləndi:

-Hə, bir adı da Kərbəladır...

İmam Hüseyn(ə) bu sözlərdən diksinən kimi ol­du. Gecənin qaranlığında ətrafa boylanıb baxışları ilə nəyi isə, kimi isə axtardı. Sonra heç kimin gözlə­mə­diyi bir halda əllərini göyə açıb uca səslə dillənmdi:

-La ilahə illəllah!  Aman Allahım, bura dərd və bəla torpağıdır,- dedi.

İmam Hüseynin(ə) yadına Mədinədə babası Rəsulullahın(s) mübarək qəbrini son dəfə ziyarət etməsi düşdü. Orda yuxuya gedərkən bu bəlalı tor­paq onun gözünə görünmüşdü. İmam Hüseyn(ə) bir də yaddaşının dərinliyinə getdi. Axı, həmin yuxudan əlavə də bu torpağın cizgiləri onun yaddaşına həkk olun­muşdu. Bu yerin havası da, ayaq basdığı hər qa­rışı da ona tanış idi. Yaddaşını vərəqləyən İmam Hü­seyn(ə) axır ki, axtardığını tapdı. Bu çoxdankı bir əhvalat idi. Onda atası həzrət Əli(ə) ilə”Siffeyn” dö­yüşünə gedirdi. Həzrət Əli(ə) bu yerə çatanda atdan düşüb dincəldi. Mübarək başını İmam Həsənin(ə) dizi üstünə qoyub yuxuya getdi. Və qəflətən yuxu­dan oyanıb ah çəkdi. İmam Həsən(ə) ondan nara­hat­lığının səbəbini soruşanda o dedi:

-Səni gördüm yuxuda Hüseyn. Gördüm ki, bu səhra dönüb olub qan dənizi. Sən də bu dənizdə bo­ğu­lur, nicat istəyirsən. Nə edirəmsə imdadına yetişə bilmirəm. –Sonra sınayıcı bir nəzərlə Hüseyni süzüb. - Ya Hüseyn yuxuda gördüklərim sənə üz versə nə edərsən? – soruşdu.

Onda İmam Hüseyn(ə) Qurandan bir ayə misal gətirmiş, sonra isə “Ya Əli, səbr edərəm. Və səbr ilə əcr istərəm” – deyə cavab vermişdi.

Ətrafdakıların ona diqqətlə baxdığını görən İmam Hüseyn(ə) qılıncını sıyırıb yerə sancdı. Sonra üzünü Əli-Əkbərə, həzrət Abbasa tərəf tutaraq dedi:

-Daha heç hara gedəsi olmadıq. Karvanı dayan­dırıb düşərgəni burda salın.

 

*  *  *

 

İmam Hüseynin(ə) qasidinin tutulduğunu eşidən ibn Ziyad bu xəbəri gətirənə ənam verib təcili onu gör­mək istədiyini bildirdi. O, otaqda var-gəl edir, İmam Hüseyni(ə) məğlub etdikdən sonra Yezidin onu necə tərifləyəcəyini, bütün İraqı onun ixtiyarına verəcəyini xəyalında canlandırırdı. O, yumruqlarını düyünləyib havalanmış adamlar kimi öz-özünə da­nış­mağa başladı: “Bütün İraq mənim olacaq. Kufənin də Bəsrənin də, Bağdadın da hakimi özüm olacam...”

Mühafizəçilərin Qeys ibn Müsəhhəri otağa gətir­mələri ibn Ziyadı xəyaldan ayırdı.

 İbn Ziyad qolu bağlı olmasına baxmayaraq, qar­şısında şax dayanmış, tutqun sifətli, ucaboy cavanı başdan ayağa süzüb yenə otaqda var-gəl etdi. İkinci dəfə ona yaxınlaşanda xəncərini sıyırdı. Qeys ibn Ziadın bu hərəkətindən gözünü də qırpmadı. O, ürəyində dua oxumaqla məşğul idi. Hamıya elə gəldi ki, ibn Ziyad xəncərlə Qeysi qətlə yetirəcək. Ona görə də nəfəslərini belə dərmədən bu mənzərəni seyr edirdilər. Ancaq ibn Ziyad Qeysin arxa tərəfinə ke­çib xəncərlə onun qollarının kəndirini kəsdi. Hamını təəccüb və heyrət bürümüşdü. İbn Ziyad yenə otaqda var-gəl etməyə başladı. Qəfildən Qeysin qarşısında dayanıb çox mülayim bir səslə dilləndi:

-Cırdığın məktub kimdən idi və sən onu kimə verməli idin?

Qeys hiss etdi ki, indi ibn Ziyada İmam Hüsey­nin(ə) haqlı olmasından danışmaq kor adama rəng­ləri təsvir etmək kimi bir şeydir. Ona görə də cavabı ləngidib İmamla son söhbətini xatırladı. “Ya Qeys, bu mənim Kufəyə sonuncu məktubumdur. Bil ki, Əhli-Beytin taleyi, bizim gələcək hər hansı bir uğurumuz bu məktubla bağlıdır.” İmam Hüseyn(ə) bu sözlərdən sonra Kufədəki dostlarına ünvanladığı məktubu ona vermişdi. İndi Qeysi ölüm cəzası deyil, məktubu ünvana çatdıra bilməməsi narahat edirdi. Qeys qətlə yetiriləcəyini duymuşdu. Ona görə də ibn Ziyadın bu xoş rəftarına aldanmadı. Əksinə, daha kəsgin şəkildə cavab verdi:

-Dost sirri düşmənə gizli gərək.

Hiyləgər ibn Ziyad Qeysin bu cür kəskin danış­ma­sından qeyzlənmək əvəzinə şaqqnaq çəkib güldü. Axırda Qeysi ram etmək məqsədilə dedi:

-Ey Qeys, görürəm cəsarətli cavansan. Hüseynin adamı olduğunu da bilirəm. Səni öldürməyə əlim gəlmir. Əfv olunmaq üçün iki şərtə əməl etməlisən. Ya məktubun məzmununu və kimə göndərildiyini de­­məlisən, ya da minbərə çıxıb Hüseynə və onun ailə­sinə nasəza söyləyib, Yezidə itaət etdiyini bildir­məlisən.

İmam Hüseynə(ə) öz sədaqətini daha qabarıq bildirmək arzusunda olan Qeys ibn Ziyadın ona ver­d­iyi son fürsətdənm istifadə edəcəyinə sevinərək dedi:

Ey ibn Ziyad, namənin məzmununu özümdən uy­durub sənə deyə bilərəm. Ortada əşyayi-dəlil ol­ma­dığına görə sən inana da bilərsən, inanmaya da bi­lər­sən. Ancaq minbərdən Hüseynin əleyhinə danış­maq təklifini daha məğbul hesab edirəm. Əmr ver camaat toplaşsın.

Nə isə təzə bir xəbər eşitmək arzusunda olan Kufə camaatı məscidə və onun qarşısına toplaşdı. Heç onların ağlına da gəlməzdi ki, İmam Hüsey­nin(ə) göndərdiyi adam minbərdən yenidən onlara müraciət edib Yezid hakimiyyətinə qarşı çıxmağa çağıracaq. Onlara elə gəlirdi ki, Müslümün qətlindən sonra İmam Hüseyn(ə) yenidən Məkkəyə qayıdacaq və bununla da ara sakitləşəcək.

Qeys minbərdən məscidə toplaşanları süzdü. Ba­yırda içəri daxil ola bilməyən xeyli adam vardı. Saq­qallı sifətlər, durğun baxışlar mənasız və ifadəsiz görünürdü.əvvəlcə şəhəri süzdü. O, dodaqaltı pıçıl­dadı: “Ya Hüseyn, sənin yolunda ölümə getməyi əbə­­di səadət sayıram. İndi kufəlilərə dərs verəcəm. Bəlkə bundan sonra onlar hidayət yoluna qayıdalar. Sən naməni bir nəfərin üstünə yazmışdın. Mən sənin sözünü bütün şəhər əhlinə çatdıracam... Əlvida, ya Hüseyn. Tapşırığını yerinə yetirib Rəsulullahın(s), Əliyəl-Mürtəzanın(ə) hüzuruna gedirəm.!” – Qeys hamının onun danışmasını gözlədiyini görüb, düşün­cədən ayrılaraq uca səslə dedi:

-Ey Kufə əhli. Mən bura Hüseyn ibn Əli tərəfin­dən göndərilmişəm. Gəlmişəm sizi xəbərdar edəm ki, o, Kərbəlada düşərgə salıb sizin yolunuzu göz­lə­yir. O, vədinə əməl edərək gəlib. Bəs sizin verdiyiniz söz hanı? Siz niyə vədinizə xilaf çıxdınız.? İbn Ziya­dın da, Yezidin də hakimiyyəti müvəqqətidir. Əbədi səadətə çatmaq istəyirsinizsə Hüseynə kömək edin. Zəmanənin imamına yardımçı olun.

Qeys əsgərlərin ona tərəf şığıdığını görüb var səsə ilə qışqırdı:

-Ey ibn Ziyad, lənət olsun sənə və sənin bö­yüyün Yezidə. Salam olsun İmam Hüseynə... Onsuz da Allah siz zülmkarların cəzasını verəcək. Ey Kufə əhli, niyə dayanmısınız? Niyə daş-qalaq edib öldür­mürsünüz o məlunu? O da, Yezid də peyğəmbərimiz Rəsulullahın ətindən, qanından törəyən övladlarının düşmənidir. O, müsəlman deyil, kafirdir...

Sinəsinə, boğazına sancılan oxlar Qeysin sözünü yarımçıq kəsdi. Qeys son nəfəsində kəlmeyi-şəha­dətini söyləyib Allahın rəhmətinə qovuşdu.

Qeysin bəlağətli nitqindən, onun minbərdə ox­lan­masından sonra həyacanlanan camaat dəniz kimi dalğalandı. Qorxuya düşən ibn Ziyad qoşuna adam­ları sakitləşdirmək əmri verdi. Həmişə olduğu kimi, bu dəfə də tez qızışan kufəlilər əli qılınclı, nizəli qoşunla qarşılaşanda boşalmış tuluğa bənzədilər.

İbn Ziyad İmam Hüseynin(ə) Kərbəlada qərar tut­duğunu bilirdi. Qeysin bu xəbəri təsdiq etmə­sin­dən sonra yenidən vahiməyə düşdü. Ömər ibn Sədi, Şimr Zilcövşəni, Sinan ibn Ası və digər əyan və sər­kərdələri məşvərət üçün yanına çağırdı.

-Nə deyirsiniz, ey Kufənin əyanları? Budur, Hü­seyn ibn Əli gəlib Kərbəlada qərar tutub. Kufəlilərin də xasiyyətinə yaxşı bələdsiniz. Bir də gözümüzü yumub açsaq, görəcəyik ki, bütün şəhər əhli Hüseyn ibn Əlinin pişvazına gedir. O mürtəd Qeysin nitqin­dən sonra gördünüz camaat necə coşmuşdu? – İbn Ziyadın bu sözlərindən sonra həmişə olduğu kimi, bu dəfə də əyanlar danışmaq üçün Ömər ibn Sədə işarə etdilər. O, irəli çıxıb dedi:

-Ya əmir,sən bizim hamımızdan ağıllısan. Sənin məsləhətlərindən, gördüyün işlərdən sonra şəhərdə bir az əmin-amanlıq yaranıb. Sizdən əvvəl Müslüm adamları necə başdan çıxarmışdısa, heç kimi tanı­maq olmurdu. İndi də siz necə məsləhət bilirsinizsə, elə də edin. Biz də amin deyək.

İbn Ziyad əsəbi halda:

-Yox, Ömər ibn Səd, bu məsləhət olmadı.

Şimr Zilcövşən ibn Ziyada yarınmaq üçün özünü irəli verdi:

-Ya əmir, Hüseynin ətrafında cəmi bir ovuc adam toplaşıb. Məndən olsa onları elə Kərbəlada məhv edərik qurtarıb gedər.

Ömər ibn Səd:

-Sən Hüseyn ibn Əlini yaxşı tanımırsan, ya Şimr. Onu bil ki, Hüseynin bu kiçik dəstəsi hər gün böyü­yüb qarşısıalınmaz bir qoşuna çevrilə bilər.

İbn Ziyad onların sözünü kəsərək:

-Şimr düz deyir. Hüseyn ibn Əlinin başı bədə­nin­dən ayrılmayana qədər o, qorxulu və təhlükəlidir. Ona görə də qərara gəlmişəm ki, Şamdan yenə qoşun dəvət edim. Birinci ona görə ki, Şamda Əliyə və Əli övladlarına nifrət daha güclüdür. Rəhmətlik Müaviyə ibn Əbu Süfyan onları elə tərbiyə edib ki, Əlini və övladlarını düşmən sayırlar, onların qanını axıtmağa həmişə hazırdırlar.

Ömər ibn Səd Şimr Zilcövşənin onu üstələdiyini görüb bu dəfə yeni təkliflə danışmağa başladı:

-Ya əmir, deyirəm bəlkə Hüseyn ibn Əliyə əv­vəl­cə bir məktub yazasınız. Bəlkə fikrini dəyişib Ye­zidə beyət edəcək. Belə halda artıq əziyyətə, qan tökməyə dəyərmi?..

İbn Ziyad taxtından qalxıb yenə otaqda var-gəl etdi. Sonra Ömər ibn Sədin qarşısında dayanaraq: “Mən də bu fikirdəyəm” – dedi. Üzünü katibə tərəf tutaraq uca səslə dilləndi:

-Yaz ki, ey Hüseyn, səndən beyət almaq Yezid ibn Əbu Süfyanın qəti fikridir. Beyət etməsən, qib­leyi aləm səni qətlə yetirməyi əmr edib. Gəl sözə qulaq as. Özünə yazığın gəlsin. Əgər beyət etməsən müharibəyə hazır ol.

 

*  *  *

 

İbn Ziyad narahat idi. Nə göcəni rahat yatır, nə gündüzü dincələ bilirdi. İmam Hüseynlə(ə) döyüş­mək üçün 20 min nəfərlik qoşun toplamasına bax­ma­ya­raq, yenə hansı bir gözəgörünməz qüvvəsə onu içə­ridən oyur, ruhunu sanki məngənə arasında sıxır­dı. Qara bir qorxu onun bütün varlığını sarmışdı. Bü­tün bu iztirabların, əzab və işgəncələrin hansı xəs­təliklə bağlı olduğunu zənd edən ibn Ziyad Kufəyə gəldiyi gündən indiyə kimi ilk dəfə olaraq şəhər həkimini hüzuruna çağırtdırdı.

-Bilmirəm nə bəladır məni sarıb? Əllərim od tu­tub yanır,qulaqlarım kürə kimi qızarır. Hamı gözümə cin-şeytan şəklində görünür, - deyə ibn Ziyad onu səbrlə dinləyən təbibə bütün başına gələnləri danışdı.

Təbib uzun çəkən müayinədən sonra dedi:

-Ya əmir, elə bir ciddi xəstəliyiniz yoxdur. Ürə­yi­nizin döyünməyi də, tənginəfəs olmağınız da əsəb­lə bağlıdır. Sizə rahatlıq və dinclik lazımdır. Qə­zəb­lən­mək, kiminləsə mübahisə etmək səhhəti­nizə mən­fi təsir edə bilər.

İbn Ziyad əsəblərinin pozulmasını yüngül mərəz sayıb gülümsündü:

-Çox arxayın adama oxşayırsan, təbib. İlin-gü­nün bu vaxtında sakit dayanmaq olar? Eşitməmisən Hüseyn ibn Əli öz dəstəsi ilə gəlib dayanıb Kərbə­lada. Xəlifənin, mənim ünvanına yüz cür nalayiq sözlər söyləyir. Deyir siz taxtdan düşün, mən çıxım. İndi buna necə qəzəblənməyəsən?

-Mən sizin davanıza qarışmıram. Ancaq onu de­yim ki, həzrət Rəsul-Əkrəmin əziz övladının, Əhli-Beytin üstünə bu qədər qoşun göndərib onlarla cəng etmək günaha batmaqdır. Peyğəmbərimizə səcdə edib, onun övladlarına əzab vermək...

-Dyan ey təbib. Həddini aşma,-deyə ibn Ziyad əlini qılıncının dəstəyinə atdı. Sonra ona yaxınlaşdı:

-Bəxtin onda kəsdi ki, təbibsən. Yoxsa.. – ibn Ziyad sözünün ardını gətirməmiş təbib çox təmkinlə dilləndi:

-Ya əmir, mən səni istəyib belə dedim. Sizin dərdinizin əlacı İmam Hüseynlə(ə) münaqişədən əl çəkməyinizdədir. Yaxşı bilirsiniz ki, müqəddəslərə əl qaldırmağın cəzası böyük olur. Bir də ki, Allahın barmağı yoxdur ki, adamın gözünü çıxartsın. O, öz günahkar bəndəsini dərd və bla ilə, xəstəlik və mə­rəzlərlə cəzalandırır, - deyən təbib ibn Ziyadın fikrə getdiyini görüb daha da ürəklənərək: - Ya əmir, mə­nim sözlərimin saflığına inana bilərsiniz. Allaha and olsun ki, riyakarlıq eləmir və sizi istədiyimdən bu sözləri deyirəm. Əl çəkin bu münaqişədən. Yoxsa daha ciddi dərdlərə mübtəla olarsınız.

Allah xofu ibn Ziyadın ürəyinə azacıq yol tapdı­ğından və xəstəliyinin daha da güclənməsindən qor­xa­raq həkimə daha bir söz demədi. Sadəcə əli ilə ona otağı tərk eləməyi işarə etdi. Sonra otaqda var-gəl edə-edə xeyli fikirləşdi. Öz hərəkətlərini, əməlini öl­çüb biçdi. Dünya malı, vəzifə və mənsəblə əbədi dün­ya­dakı səadəti, pak vicdanı, həqiqəti, müqəddəs­li­yi müqayisə etdi. Şeytanın göstərdiyi yol daha cazibəli göründü gözlərinə. İbn Ziyad gülümsünüb əli­ni əlinə vurdu, öz-özünə danışaraq dedi: “Bu adam­lar niyə bu qədər əbləh və sadəlöhvdürlər. Nəqd işi qoyub nisyə dalınca gedirlər... Ay səni hə­kim, əməlli başlı ənam hazırlamışdım onunçün. Özü öz əli ilə çırağını söndürdü. Belə xatalı adamları birdəfəlik rədd eləmək lazımdır”.

Kufənin əyanları darul-əmarəyə toplaşmışdı. İbn Ziyad İmam Hüseyndən(ə) aldığı cavabla əlaqədar onları bura dəvət etmişdi. Həkimlə söhbətindən əsəb­ləri tarıma çəkilmiş vali yenə qeyzli idi. O, üzünü məclis əhlinə tutub dedi:

-Ey Kufənin böyükləri, Şamdan gələn sərkər­də­lər! Müharibəyə hazırlaşın. Bilirəm, bu, ağır döyüş olacaq. Ancaq kim bu döyüşə rəhbərlik etsə, İraqın hansı böyük vilayətini istəsə ona verəcəm.

Heç kimdən cavab gəlmədi. Məclisdəkilər başla­rını aşağı salıb sakitcə dayandılar. İbn Zyadın vücu­du­nu yenə vahimə bürüdü. Öz-özünə:”Bu nədir, heç kim dillənmir. Bəlkə, mənim son hadisələrdən xəbə­rim yoxdur? Bəlkə Hüseyn ibn Əli ətrafına yeni qo­şun toplayıb? Yoxsa heç kim günaha batmaq istə­mir? Yox, elə şey yoxdur. Bu döyüşdə hamı iştirak etməlidir. Deməli, bunlar yaxasını qırağa çəkib məni irəli vermək istəyirlər. Ay siz öləsiniz. Hüseyn ibn Əlinin qanına hamımızın əli batmalıdır. Gör nə sa­kitcə dayanıblar, məlunlar. Hamısı müftə yem axta­rır, vəzifə arzulayır, mənsəb istəyir, amma bir ovuc adamın qarşısına çıxmağa cəsarət tapmırlar. Yox,elə şey yoxdur. Daha xəzinədə var-dövlət  də qoyma­dınız. Bütün dəmirçixanalar sizə işləyir. Havayı qı­lınc, nizə hazırlayır. Yaraşıq üçünmü götürəcəksiniz onları? O qılınclar Hüseyn ibn Əlinin başını kəsmək üçün düzəldilir. Havayı mindiyiniz atlar Hüseynin və onun adamlarının cəsədini ayaqlamaq üçün bəs­lə­nib... Bunlara bax, mənimlə oyun oynayırlar.” – De­yə fikirləşdi. Bir qədər də var-gəl etdikdən sonra Ömər ibn Səd Vəqqasın qarşısında dayandı. Əsəbi bir səslə:

-Sənin atan Kufənin bünövrəsini qoyanlardan biri olub, İranı dinə gətirib. Nə vaxtdır ki, özün də Rey və Təbəristan arzusundasan. O mülkü verdim sənə, ey ibn Səd. Öz şücaətinlə xəlifəmiz Yezid ibn Müa­viyənin etimadını doğrultmalısan. Səni qoşuna başçı təyin edirəm. Hüseyn ibn Əlinin üstünə sən get­məlisən. Çünki xilafətdə səndən cəsur döyüşçü yox­dur. Get və xəlifə Yezid ibn Müaviyəyə Hüseyn Əlidən beyət al. Qəbul etməsə, Hüseynin və onun əhli-əyalının, əshabəsinin başlarını kəsib bu otağa gətir.

Məclisə ölü bir sükut hakim kəsilmişdi. Hamı nəfəsini dərmədən ibn Ziyadın havalı adamlar kimi etdiyi söhbəti dinləyir və Ömər ibn səd Vəqqasın nə cavab verəcəyini gözləyirdi. Xəcalət, qorxu və izti­rab tərindən islanmış Ömər ibn Səd ibn Ziyadın onu vəcdə gətirəcək sözlərindən və vədindən sonra xəya­lən özünü hakimlik taxtında hiss etdi. Kef məclis­lə­rini, rəqqasələri, təzə hərəmxanasını gözləri önündə canlandırdı. Sonra Kərbəlanı, susuz səhranı gözü önünə gətirdi. Bir tərəfdə dünya malı, bir tərəfdə saf əqidə, paklıq, müqəddəslik. O, hansına üstünlük ve­rəcəyini müəyyənləşdirə bilmirdi. İbn Ziyadın cavab gözlədiyini duyub xəyaldan ayrıldı, ancaq yenə bir söz demədi.

-Eşidirsənmi ey Ömər?!. Rey və Təbəristan. Bu o mülklərdir ki, onları sənin atan fəth etmişdi. – İbn Ziyad bir az da yaxına gəlib müsahibini vəcdə gəti­rə­cək bir tərzdə dilləndi. Sonra sözünə davam edərək: -- Mən həmin mülkləri başqalarına da təklif edə bilərəm, - dedi.

Ömər ibn Səd Şimrin və başqa əyanların gözlə­rin­dəki paxıllıq parıltısını görüb ibn Ziyadın təklifinə razılıq verdi.

 

*  *  *

 

Xeymələri qurub dərd və bəla torpağında gə­lə­cək taleyini gəzləyən İmam Hüseyn(ə) günorta na­ma­zından sonra istirahət edirdi. O, düşünür, yollar axtarırdı. Ruhu onu səmanın ənginliklərinə cəlb etsə də, vücudu, ağlı ona hələ mübarizə aparmağı, döyüş­məyi tövsiyə edirdi. Onun səmaya meyl etməsi ali bir qandan yaranmasından,mələksima olmasından irəli gəlirdisə, maddi aləmə bağlılığı bir bəşər övladı kimi torpağı sevməsi ilə əlaqədar idi. İmam Hüsey­nin(ə) ruhu nə qədər cənnət eşqi ilə qanad açırdısa, qəlbi yaşamaq, müqəddəs İslamı yaşatmaq, insanlara həqiqəti söyləməyi öyrətmək, Allahın düşmənləri ilə mübarizə aparmaq eşqi ilə çırpınırdı. Ancaq nə ya­şamaq fərmanını vermək onun əlində idi, nə də göy­lərə çəkilmək istəyi özündən asılı idi. Özünü taleyin ağuşuna atan İmam Hüseyn(ə) cənab Haqqın buyru­ğunu gözləyirdi. “Allah necə məsləhət bilirsə, elə də olacaq”, - deyə səbr edirdi.

-Ya İmam, Kufə tərəfdən səhranı bürümüş bir qara duman görünür,- deyə Əli-Əkbər xurma ağacının kölgəsində fikrə getmiş atasına yaxınlaşdı. Öz ülvi aləminin seyrinə dalmış İmam Hüseyn(ə) başını yuxarı qaldırıb oğluna baxdı. Bu baxışlardan ətrafa nur saçıldı. Təmkinini pozmadan dedi:

-Yəqin ibn Ziyad təzə qoşun göndərir. – Sonra gözlərini qıyaraq qaraltı görünən səmtə baxdı.

Bu bir kəlmə söz bir anın içində bütün düşərgəyə yayıldı. Döyüşçülər silahlanıb hazır vəziyyətdə da­yan­dılar. Qadınlar və uşaqlar xeymələrinə çəkildilər.

İmam Hüseyn(ə) qardaşı Əbülfəzl Abbas tərəfə çevrilərək soruşdu:

-Ehtiyat su varmı?

Onun əvəzinə Əli-Əkbər cavab verdi:

-Var, ancaq azdır. Hürrün əsgərlərinə və atlarına verdik.

İmam Hüseyn(ə) Əli-Əkbərin məsum və səmimi gözlərinə baxıb dərindən bir ah çəkdi. Onun iztirablı çöhrəsi gələcək bəlalardan soraq verirdi.  Ancaq indi əziz oğluna, istəkli qardaşına necə deyəydi ki, düş­mən bizi qılıncla yox,bu odlu səhrada susuzluqla imtahana çəkəcək.

İmam Hüseyn(ə) Hürlə olan söhbətdən sonra ba­şı­na gələn hadisəni xatırladı. Axı, Müslümün ölüm xə­bərini eşidəndən sonra, bu hadisədən əvvəl də ge­riyə - Məkkəyə qayıtmağa imkan var idi. “Deməli, Allah özü belə məsləhət bilib”, - deyə o, öz-özünə təskinlik verdi.

Çox keçmədi mki, at nallarının tappıltısı bütün Kərbəla düzünü bürüdü. Ömər ibn Sədin başçılıq etdiyi beş min nəfərlik qoşun düşərgədən bir az kə­nar­da dayandı. Rey və Təbəristan hakimi olmaq hə­vəsilə döyüşə gələn Ömər ibn Səd əvvəl İmam Hüseynə(ə) belə bir məzmunda məktub yazıb gön­dərdi: “Ey Hüseyn bu diyara gəlməkdə qərəzin nə­dir?” Hər an döyüşə hazır olan Ömər ibn Səd İmam Hüseynin cavab məktubunu oxuyanda təəccübləndi “Bu ki, bizimlə müharibə eləmək fikrində deyil. Söz­lərinin hamısı həqiqətdir. Məkkədə oturub ibadətini eləyirdi. Biz kufəlilər qalaq-qalaq məktub yazıb onu çağırdıq. İndi də...”

Ömər ibn Səd bu sözləri öz-özünə pıçıldayıb əllə­rini göyə açdı. “Ya Rəbbim, elə et ki, arada heç bir hadisə baş vermədən Hüseyn ibn Əli öz diyarına qayıtsın.” – Öz-özünə hirslənən Ömər ibn Səd yenə öz-öznə danışdı: “Yox, yox, mən bu günaha bata bil­mərəm.” Sonra nə isə düşünərək: “İbn Ziyadın ağzını bir də sınayacam. Kaş sülhə razı ola.” – Dedi.

Artıq qasidlərin gediş-gəlişi, Ömər ibn Sədlə İbn Ziyadın məktublaşması qurtarmışdı. Ömər ibn Sədə acığı tutan ibn Ziyad Həsən ibn Tamiri. Şis ibn Rə­bini və Şimr ibn Zilcövşəni on min nəfərlik doyüşçü ilə Kərbəlaya göndərdi. İmam Hüseynin(ə) düşərgəsi üzük qaşı kimi dairəyə alınmış, Fərat çayına gedən yol kəsilmişdi. Məhərrəm ayının yeddinci günündə Əbülfəzl Abbas ibn Əli əlli nəfər süvari ilə müha­si­rəni yararaq düşərgəyə bir qədər su gətirə bildi. Bu hadisə İmam Hüseynin(ə) dəstəsi ilə ibn Ziyadın qoşunu arasında baş verən ilk döyüş oldu.

Su yolunun kəsilməsi İmam Hüseyni(ə) sarsıt­mış­dı. O, əlacsız qalıb Ömər ibn Sədlə görüşmək is­tə­­di­yini bildirdi. Onlar qoşunlardan xeyli kənarda bir neçə nəfərin iştirakı ilə görüşdülər. İmam Hüseyni(ə) oğlu Əli-Əkbər və qardaşı Əbülfəzl Abbas müşaiyət edirdi.

İmam Hüseyn(ə) diqqətlə onu süzəndən sonra hiss etdi ki, bu cavan sərkərdə var-dövlət və vəzifə hə­risidir. Gözlərinin dərinliyində isə hansısa bir tə­rəd­düd, peşmançılıq odu sönmüşdür.

-Ey Ömər, sənin atan Səd ibn Vəqqas xilafətin sayılan igidlərindən olub. İranda yolundan azanları o, imana gətirib. Atəşgahları uçurub yerində məscid­lər tikib. Sən məgər məni tanımırsan ki, üstümə qo­şun çəkib gəlmisən? Axı, mən sənə məktubumda yaz­­mışdım. Məni bura siz kufəlilər dəvət edibsiniz. Siz mənə beyət edib İmam seçibsiniz, mən sizi yox. Bəs indi vədə xilaf çıxmağınız bir yana qalsın, Əhli-Beyti su ilə imtahana çəkmək nədir?

İbn Səd günahkar adamlar kimi başını aşağı salıb bir qədər fikrə getdi. Sonra çox qəmgin halda dil­ləndi:

-Ey peyğəmbər övladı, buyurduqlarınızın hamısı haqqdır. Açığını deyim ki, heç sizinlə qarşılaşıb ya­nı­nızda özümü bu qədər günahkar aparmaq istə­məz­dim. Görüşə sizin xahışinizlə gəldim. – deyən ibn Səd sözünə ara verdi. Bir qədər tərəddüddən sonra sifəti tamamılə dəyişdi. Baxışlarında közərən peş­mançılıq qığılcımı yox olub getdi:

-Mənim ayrı yolum yoxdur, ya Hüseyn. Fərmanı yerinə yetirməsəm, ibn Ziyad qəzəblənib malımı, mülkümü dağıdar, əhli-əyalımı əsir götürər. O ki, qaldı su məsələsinə... O da göstərişlədir.

İmam Hüseyn(ə) bir daha Ömər ibn Sədin ürə­yində peşmançılıq hissi yaratmaq məqsədi ilə bu­yurdu:

-Belə mal-mülk həvəskarısansa, Mədinədəki ma­li­kanəmi və mənzilimi bağışlayıram sənə. Sən ibn Ziyaddan yox, axirət əzabından qorx ey Ömər! Bu dünyaya məgər etibar varmı?

Ömər ibn Sədin artıq bəhanəsi kəsilmişdi. O, ba­xış­larını İmam Hüseyndən(ə) gizlədib yalnız sus­maqla kifayətləndi. Həmişə susmağı razılıq əlaməti bi­lən İmam Hüseyn(ə) bu dəfə Ömər ibn Sədin ca­vab verməməyini onun etirazı kimi qiymətləndirdi və qəzəblənərək dedi:

-Ey zalım, inan ki, bu əməllə muradına yetiş­mə­yə­cəksən. Mən gedirəm, səni isə ulu Yaradanın ixti­yarına buraxıram. Necə məsləhətdirsə, elə də etsin.

 

*  *  *

 

Kufədə qarışıqlıq idi. İbn Ziyadın adamları ev­bəev düşüb şəhər əhalisini İmam Hüseynlə(ə) müha­ribə etməyə təhrik edir, onlara ənam, at qılınc, nizə vəd edirdilər. Yezid Şamda xəzinənin ağzını açdığın­dan ibn Ziyad da “səxavətli” olmuşdu. Yeni səfərbər etdiyi on min nəfərlik qoşunu Ömər ibn Sədin kö­mə­yinə göndərəndən sonra ibn Ziyad bir qədər sakit­ləşsə də, Kərbəla məsələsini nəzərindən bir an da olsun yayındırmırdı. Şimr Zilcıvşənin gətirdiyi son xəbər ibn Ziyadı yenidən hövsələdən çıxartdı.

-Necə? Nə görüş ola bilər Ömərlə Hüseyn ara­sında? Bu nə cəsarətdir belə? – Deyə o, Şimrin üs­tünə qışqırdı. Sonra bir az mülayimliklə:

-Elə indi qayıdırsan Kərbəlaya. İbn Sədə məktub da yazacam, əgər müharibədən imtina etsə, Rey və Təbəristan mülklərinin fərmanını ondan geri alıb orduya da özün rəhbər olarsan, - dedi.

Sevincdən göm-göy gözləri işım-işım işıldayan Şimr bir neçə dəfə təzim edib “baş üstə, ya əmir” – deyə dilləndi. Sonra istədi ibn Ziyada bildirsin ki, gərək əvvəldən bu fərmanı mənim adıma yazaydın, onda görərdin ki, mən nələr edirəm. Ancaq dilinin ucundan qaytardı bu sözləri. Artıq onun başında Rey və Təbəristan havası vardı. Bu cür böyük mülklərə sahib olmaqdan ötrü Şimr doğma övladını da qətlə yetirməyə razılıq verərdi.

 

*  *  *

 

Məhərrəm ayının səkkizinci günü Kərbəlada qə­rar tutan İmam Hüseyn(ə) döyüşün labüdlüyünə zər­rə qədər də şübhə etmirdi. Qoşun sərkərdələri tərə­fin­dən ona göndərilən məktubların hamısının məz­mu­nu bir idi: “Yezidə beyət et”.

Ondan hər gün yeni bir söz, məsləhət gözləyən əshabələri bu gün də sakitcə dayanıb İmam Hüseyn­dən(ə) nəsə eşitmək intizarındaydılar. Susuzluqdan dodaqları cadar-cadar olmuş, sifətlərinə səhranın to­zu hopmuş bu sədaqətli, möhkəm əqidəli insanlara baxdıqca İmam Hüseynin(ə) qəlbi şan-şan olurdu.

-Mənim igidlərim, cəngavərlərim! Sizin əqidə bir­­liyiniz, mübarizliyiniz məni riqqətə gətirir. Siz qorx­maz və cəsarətli adamlarsınız. Ancaq görün bir ətrafımıza nə qədər kafirlər toplaşıb. Bu din düşmən­ləri bizi əqidəmizdən, tutduğumuz siratəl müstəqim yolundan döndərmək istəyir. Din düşmənlərinin hü­cumuna tab gətirə biləcəyikmi? – Deyə İmam Hü­seyn(ə) sual dolu baxışlarını mücahidlərin üzünə dikdi.

-Bu qoşuna çox demə, ya əmi. Bir belə də gəlsə sizin gücünüz müqabilində çox azdır. Yezid və ibn Ziyad hiyləgər, dinsiz və əxlaqsız olsalar da, sizin gücünüzü bilirlər. Ona görə də belə vahiməyə, qor­xuya düşüblər, - deyə Müslüm ibn Əqilin oğlu Ab­dul­lah irəli çıxıb İmam Hüseynin(ə) qarşısında da­yandı. Qəhərdən boğulduğundan sözünün ardını de­yə bilmədi. Üzünü yana çevirib göz yaşlarını dolmuş bulud kimi boşaltdı. Bir qədərdən sonra yenidən əmisinin qarşısında diz çöküb danışmağa başladı:

-Ya əmi, bircə xahişim var səndən. Susuzluq ha­mı­mızı əldən salıb. Əmim Abbasın bir dəfə su gəti­r­məsindən sonra düşmən bütün gücünü bizi sudan məhrum etməyə yönəldib.

-Ey peyğəmbər övladı göstər gücünü. Dua et, ya İmam. Böyük Allaha dua et ki, ulu cəddimiz xatirinə yox yerdən bizə su var eləsin.

-Göstər qüdrətini ey zəmanənin İmamı.

-Bizə su ya Hüseyn!

-Bir udum suyumuz olsa kafirlərdən zərrə qədər qorxumuz olmaz.

Mücahidlər  arasından qopan bu nidalar İmam Hüseyni(ə) vəcdə gətirib ruhuna qanad verdi. Artıq o, heç nə eşitmir və görmürdü. Əvvəlcə pıçıltı ilə Qu­randan dediyi ayələr getdikcə bəlağətli, ilahi kəra­məti olan bir səsə çevrilirdi. Əllərini göyə açıb uca­dan dua oxuyan İmam Hüseynin(ə) bu qeyri-adi, mə­lək­lərə bənzər görünüşü onun ətrafına toplaşanları hey­rətə saldı. Onlar hansısa bir möcüzənin baş verə­cəyinə tam yəqinliklə inanırdılar. İmam Hüseyn(ə) maddi dünyadan bir anlığa təcrid olmuşdu. Bütün ba­xışlar onun baxdığı səmtə yönəlmişdi. Orda isə mavi səma və ulduzlardan başqa heç nə yox idi. Birdən bu ulduzlardan birinin işığı bir andaca artdı, çoxaldı və bir anda ətraf mavi bir nura büründü. Hamı nəfəsini içinə çəkib yerindəcə donub qalmışdı.

-Min şükür sənə, İlahi, min şükür! Sübhənallah, əlhəmdullah, la ilahə illəllah və Allahu-Əkbər.

Hamı bir ağızdan bu ilahi kəlmələri təkrarladı. Bir müddətdən sonra İmam Hüseyn(ə):

-Şükr edin, duamız müstəcəb oldu,- deyib bir neçə addım kənara çəkildi. Yerdə nə isə axtarırmış kimi ayağının ucu ilə qumluqda bir çuxur yaratdı. Sonra çox təmkinli bir səslə buyurdu: -Qazın buranı!

Heyrətdən donub qalmış döyüşçülər qılınc və nizələrin ucu ilə həmin yeri bir qədər qazdılar. Göz yaşı kimi şəffaf olan su tapılmasına hamı uşaq kimi sevindi. Bir qədər ehtiyat götürdükdən sonra çeşmə qeyb oldu.

*  *  *

 

İmam Hüseyn(ə) yenə dərin fikirlərə dalaraq bir qədər kənardan onun dəstəsini mühasirəyə almış qo­şuna baxıb təəssüflənirdi. “Bunlar necə də bədbəxt və günahkar adamlardırlar. Bir az bundan əvvəl na­maz qılıb peyğəmbərin adına salavat çevirən bu mə­lun­lar namazları başa çatan kimi peyğəmbər övla­dına yüz cür nalayiq söz söyləyir, qılınclarını çəkib onu hədələyirlər”.

İmam Hüseynin(ə) yadına atası həzrət Əlinin Xəvaricilərlə döyüşü düşdü. O vaxt həzrət Əliyə qar­şı çıxan bu adamlar zahirdə abid və zahid idilər. Hət­ta onlar o qədər səcdə edirdilər ki, alınlarında möhürün izi qalırdı. Ancaq onlar nə etdiklərini bil­mir­dilər. Həzrət Əli(ə) onlar haqqında buyurmuşdu: “Onlar haqqı batilin zülmətində axtarırlar”.

İmam Hüseyn(ə) yenə öz atları və silahları, say şoxluğu ilə onun qəlbində qorxu və vahimə hissi ya­rat­maq istəyənləri süzüb acı-acı gülümsündü: “On bu qədər də yığışsanız, yenə məni əqidəmdən döndərə bilməzsiniz. Yezid kimi  adama beyət etmək mənim əsil və nəcabətimə yaraşmaz”.

Şeypur və təbil səsləri İmam Hüseyni(ə) xəyal­dan ayırdı. Bir anın içindəcə şəhidliyini qəbul etmiş əsgərləri onun ətrafında cəm oldu. Bu şeypur və təbil səsləri qarşıdakı qoşunun “müharibəyə başlayıram” deməyi idi.

İmam Hüseyn(ə) yaşına uyğun olmayan bir cəldliklə ayağa qalxdı. Diqqətlə əshabələrini gözdən keçirdi. Hər an onun əmrinə müntəzir olan bu cəsur insanlar indi də onun bir işarəsini gözləyirdilər. Göz­ləyirdilər ki, üstlərinə gələn qoşunu qarşılasınlar. İmam Hüseyn(ə) də dəyişmişdi. Müslüm ibn Əqilin ölümündən sonra çox fikirli görünən İmam indi cəng meydanına atılmaq istəyən bir cəsur sərkərdəyə oxşayırdı.

İmam Hüseyn(ə) üzünü Əbülfəzl Abbasa tuta­raq:

-Ya Abbas çıx onların qarşısına, gör nə hay-küy­dür. Əgər döyüşə gəlirlərsə, bir gecəlik möhlət alıb onları geri qaytarmağa çalış,- dedi.

Əmrə müntəzir dayanan Əbülfəzl Abbas iyirmi nəfərlə qoşuna tərəf at çapıb müqabil bir məsafədə dayandı.

Əbülfəzl Abbasın ürəyindən özünü qoşunun içə­ri­sinə vurub döyüşmək, İmamın qanına susamış bu adamları cəhənnəmə vasil etmək keçirdi. Ancaq İmam Hüseynin(ə) əmrindən çıxa bilmədiyindən uca səslə buyurdu:

-Allahın Rəsulunun övladı sizdən bir gecəlik möhlət istəyir.

Qoşunun qarşısında gələn Ömər ibn Səd sərkər­də­ləri ilə məsləhətləşdikdən sonra var səsi ilə bağırdı:

-Sizə aman yoxdur, müharibəyə hazır olun.

Əbülfəzl Abbas əlini qılıncın dəstəyində saxla­yaraq istədi hücum çəkib Ömər ibn Sədin üstünə şı­ğı­sın. Ancaq yenə indiyə kimi bir sözünü iki eləmə­diyi qardaşı İmam Hüseynin(ə) verdiyi əmr onu bu cəsarətli hərəkətdən çəkindirdi.Çarəsiz qalıb üzünü yenidən qoşuna tərəf tutdu:

-Ey zalımlar, biz sizinlə döyüşdən çəkinmirik. İma­mın əmrindən çıxa bilmirəm. Yoxsa qanınıza qəl­tan eyləyərdim sizi. Siz gör nə qədər zalımsınız ki, Rəsulullahın övladına bir gecəlik möhlət vermir­siniz. Siz necə müsəlmansınız? Siz necə ibadət edir­siniz? Qorxmursunuzmu axirət əzabından? Qorx­mur­sunuzmu Allah başınıza daş yağdırar, od ələyər?

Qoşun əhli nəfəsini dərmədən hünərini çox eşit­dikləri Abbas ibn Əlinin sözlərini dinləyirdi. Ömər ibn Səd Abbas ibn Əlinin sözlərinin əsgərlərə təsir edəcəyindən,onları haqq yoluna qaytaracağından qorxub döyüşü səhəri günə saxlamağa razılıq verdi.

 

*  *  *

 

O gecə Kərbəla düzünə elə bil qəm ələnmişdi. Həmişə parlaq şöləsi ilə səhranı nura qərq edən gümüşü ayın üzünü kədər tozu bürümüşdü. Ulduzlar xəcalətdən kiçilib iynə gözü boyda olmuşdu. O gecə hər tərəf qara geyinmişdi. Sıra-sıra uzanan qum təpələri çadra örtüb ağı deyən qadınlara bənzəyirdi. Heç nədən xəbərsiz sakit-sakit axan Fərat çayı sanki təbiətin göz yaşları idi. Havadan ölüm iyisi gəlirdi, hər tərəf qan qoxuyurdu. Səhranın bu gecəki ölü sü­ku­tunu yenə at kişnərtiləri, əsgərlərin dəmir zireh­lə­rinin, qılınc və nizələrinin cingitisi pozurdu. Hər şey, hətta ibn Ziyadın qoşunu tərəfdə yandırılan məşəllər də müdhiş bir qorxu duyğusu təlqin edirdi.

Mücahidlər səhərki döyüşə hazırlıq işlərini başa çatdırmışdılar. Xeymələri əhatə edən dairəvi xəndək qazılmış, döyüş üçün yalnız bir yol qoyulmuşdu. Ki­min hansı istiqamətdə vuruşacağı müəyyən­ləşmişdi.

İmam Hüseyn(ə) əsgərlərə baxdı. Susuzluqdan dodaqları cada-cadar olmuş bu adamlar öz sədaqət və dözümləri ilə İmam Hüseyni(ə) heyrətə salırdılar. “Bu müqəddəs mömünlər məndən ötrü bu qədər əza­ba düçar olurlar. Axı, nə üçün? Bəlkə hələ başı­mıza gələcək bəla tam aydınlığı ilə onlara məlum deyil”. Bu sözləri fikrindən keçirən İmam Hüseyn(ə) oğlu Əli-Əkbəri yanına çağırıb bütün əshabələri bir yerə yığmağı əmr etdi. Son dəfə onlarla söhbət etmək qə­rarına gəldi.

-Ey əzizlərim, - deyə İmam Hüseyn(ə) üzünü əs­ha­bələrinə tutub buyurdu: - Sizə məlum olduğu kimi bu kafirlərin işi təkcə mənimlədir. Bu qədər qoşunu yığıblar ki, mən Yezidə beyət edəm. Bu isə mümkün deyil. Məni nə gözlədiyini bilirsiniz. Gördüyüm röyalarda, Rəsulullahla yuxuda etdiyim söhbətlərdə sabahkı gün nişan verilib. Sabah aşura günü məni səbirsizliklə gözləyən cəddimə qovuşacam. Bu sirri sizə açmaqda və düşməndən bir gecəlik möhlət al­maqda məqsədim sizi sabahkı hadisələrdən hali etməkdir. Onu da bilin ki, sabaha kimi mənimlə kim burda qalsa onu dərd və bəla gözləyir. Çıxın gedin evinizə. Gecənin qaranlığında iki-bir, üç-bir qoşunun gözündən yayınıb mühasirədən çıxmaq olar.

İmam Hüseyn(ə) sözlərini sona yetirəndə Müs­lüm ibn Əqilin oğlu Abdullahın gözləri yaşara-yaşa­ra ona zəndlə baxdığını gördü.

-Ey Abdullah! – deyə İmam Hüseyn(ə) ona ya­xın­laşıb nəvazişlə dilləndi, - Biz Kufə camaatının yalançı dəvətinə inanıb atan Müslümü ora göndərdik. O fəsad əhli Müslümü şəhid etdi. İndi məsləhət budur ki, ananızı da götürüb Mədinəyə gedəsiniz.

İmam Hüseynin(ə) ətrafına toplaşan adamlar də­niz kimi dalğalandı. Onların etiraz səsi ucaldı. Ab­dul­lah irəli yeriyib ağlaya-ağlaya dilləndi:

-Ya əmi, daha bu qədər sınaq olmaz. Siz də ina­nın ki, din və həqiqət yolunda şəhid olmağı özümüzə şərəf bilirik. Bizi əbədi səadətdən məhrum etmə. Hər birimiz düşmənin yüz əsgərinə cavab verəcəyik. O ki, qaldı mənə, anama və bacılarıma Müslümün inti­qamını almayınca bu qılıncı qınına qoymayacam.

Bu sözlərdən sonra İmam Hüseyn(ə) kövrəlib onu bağrına basdı. Sönra üzünü yenə əshabələrinə tutub buyurdu:

-Hamınıza əbədi səadət üçün zəmanət verirəm. Bilirəm ki. Qarşımızı kəsən bu quduzlara qarşı son nəfəsinizə kimi döyüşəcəksiniz. Onu da bilin ki, siz dünyanın ən mömin müsəlmanları, ən güclü insan­larısınız.

-Ey peğəmbər övladı bir susuzluq dərdindən başqa bu dünyada ayrı təmənnamız yoxdur,- əsgər­lər­dən kiminsə dediyi bu sözlər İmam Hüseyni(ə) yenə sarsıtdı. Əsgərlərin dilindən qopan “ya imam su” nidasından sonra İmam Hüseyn(ə) başını aşağı salıb bir qədər fikrə getdi. Hiss etdi ki, susuzluqdan alışıb yanan bu insanlar ondan yenə bir möcüzə gözləyirlər.

-Möcüzəmi istəyirsiniz? – deyə İmam Hüseyn(ə) qəhərini zorla boğaraq kədərli halda dilləndi. Sonra heç kimdən səs gəlmədiyini görüb öz sualına özü də cavab verdi: - Möcüzə sabah baş verəcək. Tale bizim üçün artıq şəhadət şərbətini hazırlamışdır. Əbədi səa­dətə, cənnətə qovuşmaq istəyirsinizsə sabaha qədər gözləyin. Mən sizə su əvəzinə dözüm bəxş edirəm.

- Ey peyğəmbər övladı, dünyanın ən güclü adamı biz yox, sizsiniz, - deyə Əbülfəzl Abbas dilləndi. Sonra sözünə əlavə etdi:

-Siz təkcə bizim yox, zəmanənin imamısınız. Nə deyirsinizsə bizim üçün məğbuldur. Bəli, susuzluğa dözməliyik. İbn Səd kimi riyakara, məluna əl açıb su istəməkdənsə inamımıza sığınıb dözməliyik. Susuz­luq bizi yox, biz susuzluğu yandırmalıyıq.

Artıq gecədən xeyli keçmişdi. İmam Hüseyn(ə) Əhli-Beytlə vidalaşmaq üçün hansı xeyməyə ayaq basdısa yalnız susuzluq dərdi ilə qarşılaşdı. Onlar öz dərdlərini ona izhar etməsələr də İmam Hüseyn(ə) hər şeyi görür və duyurdu. Göz yaşları içində olan bacısı Zeynəbi, Gülsümü, qızları Səkinəni, Fatiməni dinləmək onun üşün daha ağır idi.

-Ümidimiz sənə idi ey peyğəmbər övladı. İmam Həsəndən(ə) sonra Rəsulullahın(s), Əliyəl Mürtə­za­nın(ə) çırağını sən yandırırdın. Səndən sonra biz ney­lə­yəcəyik? – Deyə həzrət Zeynəb göz yaşlarını sel kimi axıtdı.

-Taleyin qisməti belədir, əziz bacım. Razı olar­sanmı mən Yezid kimi bir din düşməninə itaət edəm.

Ümmü Gülsüm bacısı Zeynəbi qabaqlayaraq dedi:

-Yox...

İmam Hüseyn:

-Onda bircə iltimasım var sizdən. Məndən sonra ağlayıb saçınızı yolmayın. Sizi incitsələr də, işgən­cə­lərə mətanətlə dözün. Bilin ki, bütün müqəddəs pey­ğəmbərlərin ruhları mənim ruhumun yolunu gızləyir. Bir də ki, hər şey Allahın əlindədir. O necə istəyirsə, elə də olacaq.

İmam Hüseyn(ə) bacılarından ayrılıb öz xey­mə­sinə gəldi. Zeynalabdin huşunu itirmişdi. Susuzluq onun bu yolda xəstələnmiş övladını daha çox əldən sal­mışdı. İmam Hüseyn(ə) onun solğun çöhrəsində bir nur işartısı gördü. Və hiss etdi ki, bu gecə vəziy­yətinin ağır olmasına baxmayaraq Zeynalabdin daha çox yaşayacaq, peyğəmbər nəslinin davamçısı ola­caq. Bütün seyidlər onun nəslindən artıb törəyə­cək­lər. Ancaq hələ imamlıq sirrini ona açmaq tez idi.

Yuxusuzluğa adət etmiş İmam Hüseyn(ə) adəti­nin əksinə olaraq səhərin açılmasının intizarında de­yildi. Əksinə, bu əzablı gecənin daha da uzanmasını arzulayırdı. Ancaq vəfasız dostlar kimi gecə də öz kö­çünü çəkməkdə idi. Dan yeri sökülürdü. Buna bax­­mayaraq Əhli-Beytin xeymələrindən nöhə, ağlaşma səsi gəlməkdə idi. Səhərə kimi yatmayıb əh­li-əyalına təsəlli verən, sonra da ibadətlə məşğul olan İmam Hüseyn(ə) xeyməsindən çıxar-çıxmaz bütün əshabəsi hüzurunda hazır oldu. Su olma­dığından səh­ra qumu ilə dəstəmaz almış bütün dəstə İmam Hü­seynin(ə) işarəsi ilə sübh namazına dayandı. Artıq səhra günəşi qum təpələrinin arxasından boylanmağa başlayırdı. Elə bil hansı qüvvəsə günəşi aşağı çəkir, İmam Hüseynin(ə) son duasını qurtarmasına şərait yaradırdı. Ancaq düşmən qoşunu tərəfdən gələn ney və təbil səsləri İmamın son sözlərini eşidilməz etdi. Dəstə-dəstə meydana dolan atlıların tozanağı hər tərəfi bürüdü. Bu hay-haraylı, vahiməli hücum İmam Hüseyni(ə) və onun ətrafına toplananları əsla qor­xuz­madı. O, ayağa qalxıb xeyməsinə getdi. Rəsulul­la­hın(s) mübarək əmmamısini başına qoydu. Zire­hini, əbasını geyindi. Atasının zülfüqar qılıncını be­linə bağladı.

İmam Hüseynin(ə) dəstəsi döyüşə tam hazır idi. Züheyr sağ cinaha, Həbib ibn Məzahir sol cinaha rəhbərlik edirdi. Bayraq Abbas ibn Əlinin əlində idi. İmam Hüseyn(ə) atını cövlan etdirib öz qoşununun qarşısına gəldi. Mərkəz hissəyə özü başçılıq etməyə başladı. Düşmən qoşununun qarşısında Ömər ibn Səd, onun sağ tərəfində Ömər ibn Həccac, sol tərə­fində isə Şimr Zilcövşən dayanmışdı.

Əyninə zireh geyinib, belinə qılınc bağlamış İmam Hüseyn(ə) indi pak, məsum bir abiddən daha çox din yolunda, zülmə qarşı ölüm-dirim savaşına gi­ri­şən yenilməz bir sərkərdə idi. Ona görə də ərəb müharibə qaydalarına əməl edərək atını irəli sürdü. Bəlağətli bir nitqlə düşmən qoşununa müraciət etdi:

-Ey rəhimsizlər, ey allahın bədbəxt və günahkar bəndələri. Mən Rəsulullahın(s) istəkli övladı, Fati­meyi-Zəhranın əziz xələfiyəm. Başımdakı əmmamə, əynimdəki əba Rəsulullahındır(s). Bilin və agah olun ki, ata və babam kimi mən də heç vaxt yalan və böh­tan danışmamışam. Məni bura siz kufəlilər dəvət etdiniz. Ey Ömər ibn Səd, ey Ömər ibn Həccac, ey Şis ibn Rəbi, ey Sinan ibn Ənəs, bu nə qəddarlıqdır?

İbn Ziyadın qoşunu tərəfdən etiraz dalğaları ucal­dı. İmam Hüseyn(ə) onlardakı bu naxələfliyi gö­rüb üzünü arxaya – oğlu Əli-Əkbərə tərəf çevirdi:

-Gətirin o xurcunlardakı məktubları bura. İndi ki, bunlar öz vədlərinə naxələf çıxırlar, gözlərinin qaba­ğındaca od vurub yandırın onları, - sonra üzünü düşmən qoşununa tərəf tutdu:

-Biz Əhli-Beytik. Rəsulullahdan(s) törəyən bü­tün nəsil hamısı burdadır. İndi məqsədiniz nədir? Pey­ğəmbər nəslini qırıb qurtarmaqmı istəyirsiniz?

Ömər ibn Səd atını qamçılayaraq irəli çapdı. Son­ra vəhşi bir səslə bağırdı:

-Ey Hüseyn, artıq gecdir. Bu söhbətlər bir nəticə verməz. Qarşında dayanan bu qoşunun hər bir əsgəri Yezid, ibn Ziyad tərbiyəsi görüb. İki yolun var. Ya Yezidin beyətini qəbul etməlisən, ya da həyatına vida söyləməlisən.

İbn Səd bu sözləri dedikdən sonra İmam Hü­seyn(ə) tərəfə bir ox ataraq üzünü qoşuna tərəf çe­virdi: - Ey kufəlilər, şahid oldunuzmu ki, Hüseynə qar­şı müharibəni mən başladım. – Ömər ibn Səd əs­lində bu sözləri onun hər bir hərəkətinə göz qoyan Şimrə eşitdirirdi.

İmam Hüseyn(ə) atını cövlan etdirib yenidən dilləndi:

-Ey Ömər ibn Səd, bil ki, mən də Əliyyəl Mür­təza tərbiyəsi görmüşəm. Və məlumun olsun ki, Yezid kimi din düşməninə heç vaxt beyət etmərəm. Ey kufəlilər, sizə  Allahın qəzəbi Ali-Rəsula qəsd et­di­yinizə görə artıq yetişib. Əfsuslar olsun ki, mən sizi bu günahdan xilas edə bilmədim. İndi isə Yezid qoşunun sayını on qat artırsa da, fikrimdən dönən deyiləm.

Döyüşə əmr almış düşmən qoşunu İmam Hüsey­nin(ə) sözlərini eşitmirdi. İmam Hüseyn(ə) qarşı tə­rəf­dən ox yağışına tutulduğunu görüb geriyə qa­yıtdı və əshabələrinə buyurdu:

-Ey Allahın sadiq bəndələri, səfər vaxtı yetiş­mək­dədir. Qan tökülmək əyyamı gəlir. Şəhidliyi qə­bul edirsinizsə, əbədi səadətə qovuşmaq istəyir­si­nizsə sıyırın qılınclarınızı. Bu nadan insanları mən sözlə başa sala bilmədim. Görünür müqəddəs dini­mizi yaşatmaq üçün bizim şəhidliyimiz vacibdir. Qar­şı­mızda dayanan bu yalançı, riyakar insanların dəmir zirehləri, polad qılıncları qorxuzmasın sizi. Bilin ki, Allah bizimlədir. Biz onun nəzarətindəyik. Bizim din uğrunda şəhid olmağımız, susuzluq əza­bına dözməyimiz Ulu Tanrının məsləhətidir. Biz bu əzab və işgəncələrə, zülmlərə sinə gərib dözməklə əbə­di bir ömür qazanırıq. Axirət gününə kimi, dünya dur­duqca bütün müsəlmanlar sizi yad edib qəlb­lərində yaşadacaq, 61-ci ilin məhərrəm ayının 10-nu – Aşura gününü qanlı bir tarix kimi göz yaşları ilə qeyd edəcəklər. Bu bədbəxtlər isə bu gündən dünya­nın sonuna kimi lənətlənəcəklər.

*  *  *

 

Öz qoşununu səhrada dolandırıb İmam Hüsey­nin(ə) xilas olmasına şərait yaradan Hürr geri qayı­dırdı. O, Kərbəla düzünə çatanda ordakı toplantını, qoşunu görüb vahiməyə düşdü. Əsgərlərinə sürətlə irəliləmək əmrini verdi. Onun heç ağlına da gəlməz­di ki, İmam Hüseyn(ə) Kərbəlada qalmış ola. Vəzi­yyəti öyrənən Hürr ibn Yezid Riyahi atını birbaşa Ömər ibn Sədin yanına çapdı. Artıq o, özündə deyil­di. Bu qədər qoşunun İmam Hüseynin(ə) kiçik dəstə­sini qətlə yetirmək üçün bura toplaşması onu sarsıt­mışdı. Səhranın tozu hopmuş saç-saqqalı, günəşin hərarətindən qaralıb qızarmış rəngi ona sərt bir gör­kəm vermişdi. Hürrün uzaqdan gəlişini izləyən Ömər ibn Səd bu igid sərkərdənin saymazyana qoşunun içərisindən çıxıb ona tərəf gəlməsini yaxşı əlamət hesab etmədi.

Tozun-tərin içində olan, əzələləri gərilmiş, ba­xış­la­rından od yağan Hürr ibn Yezid Riyahi atını düz Ömər ibn Sədin qarşısına sürüb salam belə vermədən qəzəblə soruşdu:

-Ey Ömər ibn Səd, Hüseyn ibn Əli ilə müharibə etməyə artıq qərar verilibmı?

Ömər ibn Səd əvvəlcə istədi baş sərkərdə səla­hiy­yətindən istifadə edib onun indiyə kimi haralarda olduğunu soruşsun. Ancaq qarşısında sərt qaya kimi dayanan Hürrü başdan ayağa süzüb fikrindən daşın­dı. Onu dolayı yolla daha da sarsıtmaq, ürəyin­dəki­ləri bilmək üçün Hürrü də bu işə həvəsləndirəcək bir tərzdə dilləndi:

-Vaxtında özünü yetirdin ey Hürr. Sıyır qılıncını. Artıq döyüş başlayıb. Bu gün burda başlar kəsiləcək, qanlar töküləcək, böyük mükafatlar,ənamlar almaq istəyirsənsə atını meydana sür.

Hürrün sifəti qaraldı. Beynində elə bil ildırım çaxdı. Qəzəbindən nəfəsi daraldı, qəlbi köksünə sığ­madı. İti baxışlarını Ömər ibn Sədə tuşlayıb bir an­lığa onu süzdü. Ömər ibn Səd  artıq bu baxışlara tab gətirə bimirdi. Hürrün baxışları onu sanki dəlib ke­çir, parçalayırdı. Hiss etdi ki, bir az da bu cür davam etsə bu baxışların odunda yanıb kül olacaq.

-Hə. Niyə durmusan? Sıyır qılıncını igid Hürr, - deyə Ömər ibn Səd zorla dilinə gətirdiyi bu sözlər­dən sonra elə zorla da gülümsədi.

-Bu günahına görə qiyamət günü nə cavab verəcəksən, ey Ömər ibn Səd?

Ömər ibn Səd Hürrün çox təmkinlə və sərrast dediyi bu sözlərdən diksinsə də, özünü eşitməzliyə vur­du. Artıq o, Hürrün fikrini oxuduğundan ona ca­vab verməyə ehtiyac duymadı. Hətta Hürrün üzünə baxmağa belə cəsarət etmədi. Görkəmindən qorxu və zəhm yağan sərkərdədən ehtiyat etdi.

Hürr ibn Sədin cavab vermək istəmədiyini, üzü­nü başqa səmtə çevirdiyini görüb atının cilovunu çəkdi. Qəfildən yanına gözləmədiyi qamçı zərbəsi də­yən at şahə qalxıb iki ayaq üstündə fırlandı. Dəli bir kişnərti ilə yerindən götürüldü. Ömər ibn Səd də, yanındakı yavərləri də Hürrün atının tozanağında bir müddət görünməz oldular.

Hansı bir qüvvənin təsiri iləsə Hürr vəcdə gəl­miş, coşmuşdu. O, atını döyüş meydanından xeyli kənarda dayanmış öz qoşununa tərəf çapdı. Sonra nə fikir elədisə bir də geri qayıtdı. Atına daha bir-iki qamçı vurub ildırım sürəti ilə Ömər ibn Sədin qoşu­nunun arasından qılınc qınından çıxan kimi sıyrıldı. Döyüş meydanından adlayıb İmam Hüseynin(ə) qo­şu­nunun dayandığı cəbhəyə keçdi. Atdan düşüb İmam Hüseynin(ə) hüzuruna yüyürdü. Onun ayaqla­rını qucaqlayıb üzünü atının üzəngisinə sürtdü. Qəh­rə­man ərəb pəhləvanı hönkür-hönkür ağlayıb İmam Hüseynə(ə) üzürxahlıq etdi.

-Əfv et məni ey peyğəmbər övladı. Keç güna­hım­dan. Mən gərək əvvəldən sənin yanında olaydım.

Hürr danışır, danışdıqca kövrəlir, baxışlarını İmam Hüseynin(ə) nurlu çöhrəsinə dikir, bircə kəlmə onun dillənməsini, razılığını istəyirdi. Sel kimi axan göz yaşları içərisində sanki Hürr paklanır, təmiz­lə­nirdi. İmam Hüseyndən(ə) ayrılandan qəm dəryasına batan, heç kiminlə söhbəti tutmayan Hürr təzə dil açan uşaq kimi tez-tez, sürətlə danışır və danışa bildiyi üçün ruhən sevinirdi. O, uzun müddət səhrada qalıb boş-boşuna fırlanan, nəhayət, həyat yolu tapan bir səyyaha bənzəyirdi.

-Ya Hürr, bizim lütf və ehsan qapımız üzr istə­yənlər üçün həmişə açıqdır. Günahını etiraf edənlər hər zaman amandadır., - deyə İmam Hüseyn(ə) Hür­rün qolundan tutub onu qaldırdı. Bütün ərəb düny­a­sın­da öz igidliyi ilə ad çıxaran bu cəngavərin paklan­mış nurlu çöhrəsinə baxıb xoşhal oldu. Sonra baxış­ları ilə səmanın ənginliyini göstərib “Bütün günah­ları bağışlayan odur”, - deyə astadan pıçıldadı.

-Ey peyğəmbər övladı, günahımın elə-belə ba­ğış­lan­masını istəmirəm. Mənə mükafat ver, mənə ənam ver, ey zamanın İmamı. Rüsxət ver döyüşə birinci mən başlayım. Əbədi səadət yolunun ilk yol­çusu olum. – Hürr yenə İmamın ayaqlarını qucaq­ladı. Yenə üzünü atının üzəngisinə sürtdü. İmam Hüseyn(ə) yenə onun qolundan tutub qaldırdı.

-Ya Hürr, halın çox pəjmürdədir. Bir az dincəl, istirahət elə. Qoy döyüşə başqa igidlərimiz başlasın. – İmam Hüseyn(ə) nəvazişlə əlini onun polad zirehli çiyninə toxundurdu.

Vəcdə gəlib coşmuş Hürr inadından dönmədi:

-Ey peyğəmbər övladı, məni məhrum etmə bu mükafatdan.

İmam Hüseyn Hürrün təkid etdiyini görüb əllə­rini göyə açdı. Onun dua etməyi döyüşə razılıq ver­məsi demək idi. Hürr bir andaca dəyişib başqa bir adam oldu. Bayaqdan bəri uşaq kimi ağlayan, halda-hala düşən bu igid cəngavər bir anın içindəcə böyü­yüb bərkidi, sərtləşdi. “Ya Allah” deyib atını döyüş meydanına şapdı.

Ömər ibn Səd Hürrün meydanda cövlan edib pəh­ləvan istədiyini görəndə canına vəlvələ düşdü. Qo­­şunun içərisində böyük nüfuza, hörmətə malik olan Hürrün İmam Hüseynin(ə) tərəfinə keçib birinci döyüçə atılması hər şeyi alt-üst edib əməliyyatı poz­maq təhlükəsi yaradırdı. Ömər ibn Sədi Hürrün dəs­təsindən qorxusu yox idi. Onlar sayca o qədər də çox deyildilər. İnanmırdı ki, cəsarət edib öz həmşəhər­li­ləri ilə döyüşələr. Ömər ibn Səd öz qoşununun içəri­sində təfriqə yaranmasından ehtiyat edirdi. Böyük vədlər, mükafatlar və ənamlarla aldadılıb toplanmış qoşun döyüşdən imtina edib əks tərəfə keçə bilərdi. O gözləri ilə kimisə axtardı. Yaxınlığında dayanmış Səfvan adlı bir döyüşçünün üstünə qışqırdı:

-Nə gözünü döyürsən? Tez ol özünü yetir mey­da­na. Hürrü ələ al. De ki, əbləhlik eləməsin. Gör nə istəyir, ürəyindən nə keçir, bir tövrlə aldadıb fikrin­dən daşındır onu.

Səfvan atını döyüş meydanına çapıb Hürrün müqabilində dayandı. Hürr onun döyüşməyə gəldi­yini zənn edib əlini qılıncına atanda Səfvan bağırdı:

-Əl saxla ey Hürr. Sənə nəsihət verməyə gəlmi­şəm. Dünya nemətindən özünü mərhum edib nə üçün əzab və zillət yolu tutursan?

- Sən belə şeyləri anlamazsan ey Səfvan. Dedi­yin var-dövlət sənin gözünü kor edib. Əzab və zillət yolunu sən tutmusan, mən yox. Mənim yolum ilahi dincliyə doğrudur, - deyə Hürr özünü döyüşə hazır vəziyyətdə saxladı.

Səfvan Hürrü yola gətirə bilmədiyini görüb qə­zəblə əlindəki nizəni ona tərəf atdı. Düşmənin hücu­munu dəf edən Hürr qılıncını sıyırmaqla Səfvanı at­dan salmağı bir oldu.

Döyüş başladı. Səfvanın ölümündən sonra onun üç qardaşı bir-bir meydana çıxıb Hürrün öldürücü zərbələri ilə məhv oldu. Ömər ibn Sədin qoşununda Hürrün qarşısına çıxmağa heç kim cəsarət etmirdi. Qazandığı uğurdan coşmuş Hürr düşmən tərəfdən heç kimin gəlmədiyini görüb İmam Hüseynin(ə) hü­zu­runa qayıtdı. Ondan xoş sözlər eşidib yenidən ruhlanaraq meydana döndü. Təkbətək döyüşə cəsarət etməyən qarşı tərəf danışılmış şərti pozaraq dəstə ilə Hürrün üstünə hücum çəkdi. Artıq Hürrün atı vurul­muş, o, piyada qalmışdı. Lakin buna baxmayaraq yenə hünərlə döyüşür, çaldığı qılınc zərbələri hədəf­dən yayınmırdı. Hürrün döyüşünü diqqətlə izləyən İmam Hüseyn(ə) təcili ona iti yerişli bir at göndəri­l­məsini əmr etdi. Hürr atlanandan sonra elə bil gücü iki qat artdı. Vəhşi quzğun kimi dəstə-dəstə onun üs­tünə hücum eləyən düşmən əsgərləri Hürr atlanandan sonra yenidən pərən-pərən oldu.

Yorğunluq və susuzluq artıq özünü göstərirdi. Buna baxmayaraq Hürr nərə çəkərək qoşunun dərin­liyinə yeriyir, dörd tərəfdən ona hücum edənləri cə­hən­nəmə vasil edirdi. Artıq onun qolunun taqəti qal­ma­mışdı. Aldığı yaralar əvvəlki kimi döyüşməyə imkan vermirdi. Nizəsi sındığından qalxanı düşdü­yün­dən təkcə qılıncla vuruşurdu. O, bu döyüşdə hə­lak olacağını bilirdi. Şəhidliyi özü qəbul etmişdi. Ona görə də zərrə qədər də olsun qorxu hissi keçir­mirdi. Döyüşə başlayan andan gözü bayraqdarda idi. Yezidin bayrağını gəzdirən həmin məlunu məhv etmək üçün özü qəsdən o səmtə üz tutmuşdu. Ancaq sayı-hesabı bilinməyən əsgərləri yarıb keçmək o qə­dər də asan deyildi. Ömər ibn Səd bu bayrağın ətra­fına sanki ətdən hasar çəkmişdi.

Daha qolunun qalxıb qılınc çala bilməyəcəyini gö­rən Hürr geri çevrilib İmam Hüseyni(ə) səslədi:

-Ya İmam, cəddinin xidmətinə gedirəm. Dua et mənə güc və qüvvət gəlsin.

Hürr yenidən qızmış şirə çevrildi. Artıq o, bay­raqdara yetişmişdi. Qarşısında dayanan iki-üç süva­rini də məhv edə bilsəydi, Yezidin bayrağını atının ayaqları altına salardı.

Bu səhnəni kənardan seyr edən Şimr çığıraraq Hürrün üstünə əlavə döyüşçülər göndərdi. Mühasirə daha da daraldı. Ətrafındakı adamların çoxluğundan Hürr istədiyi kimi atını cövlan etdirib döyüşə bilmirdi. Atdan salınan Hürr var səsi ilə qışqıraraq İmam Hüseyni(ə) köməyə çağırdı:

-Ey peyğəmbər övladı imdadıma yetiş!

Hürrün atdan salındığını görən və onun çığır­tı­sını eşidən İmam Hüseyn(ə) qeyri-ixtiyari atını mey­dana çapdı. Bir neçə döyüşçünün müşayəti ilə müha­sirəni yarıb Hürrü xilas etdi.

-Ya İmam məndən razı qaldınmı? – deyə Hürr ağır nəfəs ala-ala sönməkdə olan baxışlarını onun başı üzərində dayanmış İmam Hüseynə(ə) zillədi. Ağuşunda yaralı aslan kimi çırpınan Hürrün sözləri İmamı kövrəltdi. O, bu igid pəhləvanın yaralarından axan qanı silə-silə onun od-alovu sönməkdə olan ba­xışlarına, qana bulaşdığından qızarmış saqqalına, susuzluqdan cadar-cadar olmuş dodaqlarına baxdı. Dəsmalını çıxarıb alnındakı qılınc yarasını bağladı. Hiss etdi ki, Hürr onun danışmasına, cavab ver­mə­sinə möhtacdır. Artıq əbədi dincliyin astana­sındadır.

-Mən razı oldum. Allah səndən razı olsun, - deyə İmam Hüseyn(ə) qəhərləndi. Göz yaşını saxlaya bilmədi.

Hürrün ölümü İmam Hüseyni(ə) də, onun döyüş­çülərini də sarsıtmışdı. Hürr öz cəsarəti ilə elə bir nü­munə göstərmişdi ki, indi hamı onu təkrar etməyə tələsirdi.

İmam Hüseyn(ə) nəzərlərini ona tuşlayıb döyüşə icazə almaq istəyən əshabələrinə baxa bilmirdi. Hər biri bir qoşuna bərabər olan bu igidləri qan dənizinə göndərməyə qıymırdı.

Onların baxışlarındakı həyat eşqi, yaşamaq eh­tirası İmam Hüseyni bir qədər düşünməyə vadar etdi. “Bütün bu işlər mənim üstümdədir. İndi neyləyim? Din düşməni olan Yezid kimi bir məluna beyət edib bütün həyatlarını mənə görə fəda edən bu cəngə­vər­ləri, qorxmaz insanları xilas edimmi?”. İmam Hü­seyn(ə) ağlına gələn bu fikri özündən tez uzaqlaş­dırdı. “Əsla yox, hələ Mədinədə ikən mənə bir nəfər də olsun qoşulmasaydı, özüm tək başlayacaydım bu işə. Tək gedəcəydim Yezidin üzərinə. Atam Əliyəl-Mürtəza iyirmi beş il ona görə susub səbr etdi ki. onun öz haqqı tapdanırdı. İndi isə tək mənim yox, bütün müsəlmanların haqqı əlindən alınır. Tək mənə deyil, bütün müsəlmanlara zülm edilir. Yezid mənə qarşı çıxsaydı, dözərdim. O, Allahın fərmanını po­zur. Onun yaratdığı dinə xələl gətirir. Ona görə də mən susub səbr edə bilməzdim. Bəlkə yenə tək qa­lım? Əshabələrimi qorumaq üçün yenə ibn Sədə müraciət edim. Axı, bu dava mənim davamdır”. – İmam Hüseyn(ə) qeyri-ixtiyari atın cilovunu çəkib meydana sürdü. Bayaqdan bəri onu çuğlayan fikirlər İmamı hərəkətə gətirmişdi.

Düşmən qoşunu ilə müəyyən məsafədə üzbəüz dayanan İmam Hüseyn(ə) uca səslə buyurdu:

-Ey özünü islam və iman əhli adlandıranlar. Mən Əhmədi-Muxtar nəvəsiyəm. Mən sahibi-Zülfüqaram. Elə hesab etməyin ki, ordunuzun çoxluğundan qor­xu­ram. Əgər ilahi tərəfindən icazə verilsə, tək özüm döyüşərəm hamınızla. – İmam Hüseyn(ə) beyni du­manlanmış bu adamların onun sözlərinə məhəl ver­mədiklərini görsə də sözünə davam etdi: - Bili­rəm, Yezidin və ibn Ziyadın vədləri sizin gözünüzü kor, qu­lağınızı kar etmişdir. Amma yenə nəsihətimə da­vam edərək deyirəm: Nəbada dünya malı sizi aldat­sın! Çünki dünya vəfasızdır, heç kimə vəfa etmir. Bu gün siz bura nahaq cəm olubsunuz. Niyyətinizə görə Allah sizə qəzəb edəcəkdir. Siz özünüz məni bura çağırıbsınız, indi özünüz də öldürməkmi istəyirsiniz.

İmam Hüseyn(ə) beyni dumanlanmış sərkərdə­lərin çığır-bağırını eşitsə də sözünə yenə davam etdi:

-Ey camaat, Allahdan qorxub məndən əl çəkin. Məni öldürmək sizə şərəf gətirməyəcək. Mən sizin peyğəmbərinizin nəvəsiyəm. Nənəm peyğəmbərin hə­yat yoldaşı Xədicədir. Peyğəmbərin sözünü xatır­layın. O, deyirdi ki, Həsən ilə Hüseyn cənnət gənc­ləridir. Ey camaat, sözümü eşidin, məni öldürməyə tə­ləs­məyin. Mən bu sözlərlə borcumu ödəyirəm. Mən sizə həqiqəti anlatmalıyam.

-Ey Hüseyn, başının üstünü almış bu təhlükədən sənə nicat yoxdur. Sən ya burda Yezidə beyət etmə­lisən, ya da qalxanını başına çəkib müdafiə olun­ma­lısan. Əshabələrinin və Əhli-Beytin xilası da sənin Yezidə beyətinlə bağlıdır.

Qarşı tərəfdən ibn Sədin yavərinin dediyi bu söz­lər İmam Hüseyni sarsıtmaq əvəzinə, təəssüfləndirdi və hiss etdi ki, aldadılıb bura gətirilmiş bu insanları düçar olduqları günahlardan xilas etmək mümkün deyil. O, zamanın imamı kimi son nəsihətlərini verir, onların kilidlənmiş qəlblərini açmağa çalışırdı. O. blirdi ki, insanlar onun sözlərinə irad tutduqca, çağı­rışına məhəl qoymadıqca çəkəcəkləri əzablar birə on artır.

-Son iltimasımı edirəm sizdən, - deyə İmam Hü­seyn(ə) üzünü yenə Yezid qoşununa tərəf tutdu: - Adına salavat çevirdiyiniz Rəsulullahın(s) övladları gördüyünüz xeymələrdə susuzluqdan həlak olurlar. Çaya gedən yolu açın ki, əhli-əyal üçün su gətirək. Sonra yenə davamız dava olsun.

İmam Hüseyni(ə) bu son iltiması eləməyə övlad istəyi, ata məhəbbəti məcbur etdi. Körpə övladı Əli-Əsğərin dünəndən bəri susuzluqdan ağlaması onun qəlbini didib parçalayırdı.

Ömər ibn Səd, Şimr və başqa sərkərdələr İmam Hüseynin(ə) son iltimasından yumşalıb rəhmə gəl­mək əvəzinə törətdikləri əməldən məmnun olaraq bir-birlərinə baxıb iblisanə gülümsədilər.

-Bu ibn Ziyadın ağlı şeytan ağlıdır. Susuzluqla Əli övladlarına əzab vermək hardan beyninə dolub onun, - deyə Ömər ibn Səd yaxınlığında dayanmış Şimrə müraciətlə astadan dilləndi. Cavab verib deyi­lən sözləri təsdiqləmək əvəzinə gülümsəyib başını bulayan Şimrin üzündəki ifadə Ömər ibn Sədin heç də ürəyincə olmadı. Və ibn Ziyadı şeytana bənzət­məklə səhv etdiyini başa düşdü. Bilirdi ki, onun hər hərəkətinə göz qoyan, hər sözünü yaddaşına köçürən Şimr burada bütün baş verənləri ibn Ziyada olduğu kimi çatdıracaq. Ömər ibn Səd anladı ki, onun düş­məni qarşısında, at üstündə mərdanə dayanıb ondan cavab gözləyən pak və məsum İmam Hüseyn(ə) yox. yanında onu qarabaqara izləyən Şimrdir. Çünki Rey və Təbəristanın hakimliyini təsdiq edən fərmana o da göz dikmişdi. Hər hansı bir səhv Ömər ibn Sədi bu fərmandan məhrum edə bilərdi. Elə buna görə də bütün qoşunun şahidliyi ilə İmam Hüseynə(ə) tərəf ilk oxu o atmış və döyüşün onun tərəfindən başlan­dığını bildirmişdi. İndi İmam Hüseynə(ə) verilən hər hansı bir yumşaq cavab, ona göstərilən hər hansı cüzi ehtiram, edilən kiçik güzəşt onun hakimlik fərmanını qüvvədən salmaq təhlükəsi yaradardı.

Ömər ibn Səd ibn Ziyad barədə etdiyi səhvi dü­zəlt­mək üçün üzünü ondan cavab gözləyən İmam Hüseynə(ə) tərəf tutaraq dedi:

-Ey Hüseyn, elə bizim məqsədimiz səni və dəs­tə­ni sudan məhrum edib zəiflətmək deyilmi? Deməli bir az da gözləsək, susuzluq yanğısı səni zamanın ima­­mı, xəlifə Yezid ibn Müaviyəyə beyət etməyə məcbur edəcəkdir.

-Ey bədbəxt. Sən hələ də dərk etmirsən ki, heç bir işgəncə, zülm və əzab məni əqidəmdən döndərə bil­­məz. Ölərəm, ancaq Yezid kimi bir şərəfsizin ha­ki­miyyətini qəbul etmərəm. Çünki xəlifəlik onun yox, mənim haqqımdır, -deyə İmam Hüseyn qəzəblə dilləndi. Sonra üzünü yenidən qoşuna tərəf tutaraq uca səslə sözünə davam etdi:

-Ey Kufə və Şam əhli, bilin və agah olun ki, Ye­zi­din hakimiyyəti qanunsuzdur. Müaviyə ibn Əbu Süfyan ilə qardaşım İmam Həsən-Müctəba(ə) ara­sın­da bağlanmış sülh müqaviləsinin şərtinə görə Müa­viyədən sonra hakimiyyət yenidən İmam Həsə­nə(ə) qayıtmalıydı. İmam Həsənin(ə) başına bir iş gəldiyi təqdirdə isə xəlifəlik mənə təhvil verilməliydi. – İmam Hüseyn(ə) bu sözləri deyib yenidən üzünü Ömər ibn Sədə tutdu: - Ey Ömər ibn Səd, Yezidi za­manın imamı adlandırmaqda yanılır və günah edir­sən. Bütün müsəlmanların imamı seçılmir, təyin olu­nur. Onlar ilahi nurun daşıyıcılarıdır. Ona görə də ila­hi qanunlarla müəyyən edilir. Allah-Taala bu şərə­fə yalnız bizi – peyğəmbər və Əli övladlarını layiq görüb. Zamanın imamı mənəm. Mən Hüseyn ibn Əli, ibn Əbu Talib. İmamlığın ilahi qanunlarını, gizli sir­lərini məndən başqa bir bəni-adəm bilmir. Mənim imam olmağım məndən asılı deyil, Allahın əmridir. Mənə qarşı çıxanlar Allahın əmrini pozurlar.

İmam Hüseynin(ə) bəlağıtli nitqindən, səsinin ilahi avazından Ömər ibn Sədin bütün vücudu titrədi. Daxilində qəzəb və iztirab duyğıları baş başa gəldi. Nə qədər böyük günaha batdığını bir anlığa dərk etdi. İstədi Hürr kimi o da atını irəli sürüb İmamın qar­şısında diz çöksün. Dəli bir ağlamaq, gözlərindən sel kimi yaş töküb öz günahlarını yumaq keçdi ürə­yindən. Lakin nəzərləri Şimrə sataşanda bütün var­lığını sarmış hiss yox olub getdi. “Lənət şeytana. Bu iblis balası hara gedirəm gözümün qabağından çəkil­mir ki, çəkilmir” – deyə düşündü. Və hiss etdi ki, artıq boğaza qədər batdığı günah girdabından xilas ola bilməyəcəkdir. Ona görə də başçılıq etdiyi bütün qoşunu bu girdaba salmaq, getdiyi cəhənnəm yolun­da özünə daha çox yoldaş tapmaq kimi iblisanə bir fikir keçdi beynindən. Bu girdaba birinci Şimri çəkib salmaq istədi. Çünki son günlər ona ən çox əzab verən, rahatlığına mane olan Şimr idi. “Yaxşı, Şimr, səni gərək elə günaha batıram ki, qiyamətə kimi ağrı­sını unutmayasan” – deyə fikirləşdi. Sonra üzünü Şimrə tərəf çevirərək dedi:

-Niyə dillənmirsən ya Şimr? Hüseyn ibn Əlinin iltimasına cavab versənə. Bəlkə onu sən yola gətirə­sən? Axı, bizim hamımızın içərisində ona qohumluq əla­qəsinə görə yaxın olan sənsən. Niyə gedib qo­hum­larınla söhbət eləmirsən? Əbülfəzl Abbas ibn Əli ana tərəfdən sənə qohumdur. O, sənin kimi qüdrətli dayısını qoyub ögey qardaşınınmı sözünü eşidəcək?

Ömər ibn Sədin son sözləri Şimrə qılınc zərbəsi kimi dəydi. O. Cavab verməyib atını bir az irəli sürə­rək bağırtıya bənzəyən bir səslə dilləndi:

-Ey Hüseyn, sudan gözünü çək. Bil ki, qərarımız səni Kərbəlanın bu düzündə susuz qoyub odsuz, alovsuz yandırmaqdır. Ayrı iltimasın varsa buyur.

-Daha heç bir iltimasım yoxdur. Allah da şahid­dir ki, mən sizi qiyamət əzabından xilas etmək üçün çox çalışdım. Bılin ki, bu əzaba siz öz nadanlığınız, var-dövlətə, dünya malına hərisliyiniz ucbatından düçar oldunuz. Ancaq, əgər zərrə qədər də qeyrət hissiniz varsa, döyüş qaydalarını pozmayın, meydana bir-bir çıxın.

İmam Hüseyn(ə) bu sözləri deyib cavab gözlə­mədən atını geri – öz dəstəsinə tərəf çapdı.

Şimr İmam Hüseynə(ə) ürəyi istədiyi kimi cavab verdiyindən özündən razı halda geri qayıdıb Ömər ibn Sədə ötəri bir nəzər saldı. Və bununla bildirmək istədi ki, heç də Hüseyn ibn Əli ilə qohumluğumu başıma qaxma. Lazım olsa, nəinki onlara bir qətrə su vermərəm, hətta qohumlarımın da, Hüseynin də başını öz əlimlə kəsərəm. Sənin hakimlik fərmanını da qüvvədən salmaq üçün nə iş olsa görməyə hazıram.

Sonra o, üzünü qoşuna tərəf tutaraq dilləndi:

-Bir mübariz istəyirəm ki, meydana çıxıb bizim qüdrətimizi, özünün şöhrətini nümayiş etdirsin.

Hələ də İmam Hüseynin bəlağətli nitqinin təsi­rin­də olan əsgərlər dinmədilər. Başlarını aşağı salıb Şimrin və Ömər ibn Sədin baxışlarından sanki gizlənməyə çalışdılar. Bir tərəfdən də onlar bu istidə nəinki vuruşmaq, heç tərpənmək belə istəmirdilər.

-Nədir, niyə belə susursunuz? Siz Yezidin bay­rağı altındasınız. Mindiyiniz atlar, belinizdəki qılınc­lar, aldığınız ənamlar hamısı Yezidindir. Siz onun çö­rəyini yeyirsiniz. Onun sayəsində belə qüdrət­li­siniz. Zamanın imamı Hüseyn ibn Əli yox, Yezid ibn Müaviyədir. – Deyə Şimr üzünü əsgərlərə tərəf tut­du. – Hüseyn ibn Əlinin qətlinə xəlifə Yezid ibn Müa­viyə fərman verib. İndi bir mübariz istəyirəm ki, əmri icra edə.

Şimrin bu şirnikdirici sözlərindən aldanan Sam adlı sərkərdə atını meydana sürdü.

Hürrdən,onun qardaşından, oğlundan və qula­mından sonra İmam Hüseyn(ə) tərəfdən döyüşmək Züheyrə nəsib oldu. Züheyr döyüşə hazır olduğunu ərəb qaydasında nümayiş etdirdi. Əvvəlcə atını cöv­lana gətirdi,bir rəcəz söyləyərək özünə tərif dedi. Sonra cuşə gəlmiş halda qılıncını sıyırdı. Sam qarşı­sındakı pəhləvanın iri cüssəsini görüb gücünü qılınca yox, dilinə verdi. Züheyrə nəsihət edib onu döyüşdən çəkindirməyə, Yezidin qoşununa tərəf keçməyə çağırdı.

Züheyr:

-Ey namərd, biz hamımız müqəddəs dinimizə xə­­ləl gətirənlərə qarşı vuruşmağa, zamanın İmamı yo­lunda şəhid olub əbədi səadət qazanmağa and içmişik.

Sam təzədən rəqibini söhbətə çəkmək istədi, am­ma Züheyr: “həqiqətən igidsənsə, söz əvəzinə qılınc oynat” – deyə-deyə irəli şığıdı.

İlk hücum, ilk qələbə. Züheyrin gün işığında bərq vurub ildırım kimi çaxan qılıncı düşməni məhv etdi. O, qızışıb vulkan kimi od püskürən atının cilo­vunu çəkib düşmən ordusunun lap qarşısında şahə qaldırdı, döyüşməyə pəhləvan istədi. Ancaq Samın bir göz qırpımında şaqqalandığını görən əsgərlərin nəfəsləri çəkilib içlərində qalmışdı. Nəhayət qəhrə­man Züheyr düşmən hiyləsinin toruna düşüb müha­si­rəyə alındı. Uzun sürən döyüşdən sonra meydanda ta­­qət­siz halda qaldı. Mücahidlərin köməyi ilə müha­si­rədən çıxarılan Züheyr xeməgaha gətirildi. İmam Hüseyn(ə) bu igid döyüşçünün başını dizi üstə alıb qan püskürən yaralarına əllərinin təması ilə məlhəm qoydu. Bu təmasdan ayılan Züheyrin baxışları İmam Hüseynin(ə) qəmgin çöhrəsinə zilləndi, susuzluqdan cadar-cadar olub bir-birinə yapışmış dodaqlarını zor­la aralayaraq dilləndi:

-Ya Hüseyn. Mən vəzifəmi yerinə yetirdim. Susuzluq yanğımı şəhadət şərbəti ilə söndür.

İmam Hüseyn(ə) sağ əlini Züheyrin ona tuşlanıb açılı qalan gözlərinə çəkib öz-özünə pıçıldadı: “Uca­lıq mərtəbəsində bizi çox gözləməyəcəksən, ya Züheyr.”

Göydən od ələnir, gün adamın başını deşirdi. Yezidin topuğa qədər qaynar quma batmış əsgərləri silah, sursat və zirehin ağırlığına zorla tab gətirir­dilər. Mücahidlərin qəhrəmanlığı, ölümdən qorxma­yaraq igidliklə vuruşmaları onları bərk qorxuz­muş­du. Onlar qan dənizinə bənzəyən döyüş meydanına, bu meydanda qalaqlanmış əsgər yoldaşlarının cəsəd­lərinə baxdıqca vahiməyə düşürdülər.

Züheyrdən sonra 22minlik qoşundan təkbətək döyüşmək üçün meydana çıxmağa heç kim cəsarət etmirdi. Ömər ibn Səd də bu qan dənizinə baxanda canından gizli bir üşütmə keçdi, tükləri biz-biz oldu. Gözləri böyüyüb hədəqədən çıxdı. Ona elə gəldi ki, bircə an da geciksə, nəzərlərini meydandakı cəsəd­lərə zilləyib keyimiş əsgərlər qılınc və nizələrini tul­layıb Kufəyə qaçacaqlar.

-Niyə dayanmısınız? Beş-on nəfər götürüb gedin o bədbəxtlərin cəsədlərini gətirib dəfn edin, - deyə Ömər ibn Səd yanındakı yavərlərinə əmr etdi. Ancaq meydanı cəsədlərdən təmizləmək beş-on nəfərin işi deyildi. Əlbəttə, bu minvalla döyüş davam etsə, İmam Hüseynin(ə) az saylı dəstəsi Yezidin 22 minlik qoşununu məğlub edə bilərdi. Buna görə də ibn Səd təcili bütün sərkərdələri yanına çağırıb təkbətək döyüşü qadağan etdi.

 

*  *  *

 

Kərbəlanın düzlü, təpəli vəhşi qumluğu od üs­tün­də közərmiş qızmar tavaya bənzəyirdi. Qan qoxu­su­na gələn yırtıcı səhra quşları səmada qanad çalma­dan ağır-ağır süzürdü. İmam Hüseyn(ə) xeymə­gahın­da ah-nalə səsləri ərşə bülənd olmuşdu. Züheyrdən sonra Əbdullah ibn Ömər Kəlbi, Bərir ibn Həsin Həmədani, Vəhəb Kəlbi, Ömər ibn Xalid, Xalid ibn Ömər, Səd ibn Hənzələ, Ömər ibn Əbdullah Rumhi, Vəqqas ibn Malik, Müslüm Azərbaycani, Hilal ibn Rəfi, Əbdürrəhman ibn Əbdullah Yəzəni, Yəhya ibn Müslüm Mazəni, Əbdürrəhman ibn Ürvə, Malik ibn Ənəs, Ömər ibn Müta din uğrunda həlak olub şəhid­lik mərtəbəsinə ucaldılar.

İmam Hüseynin(ə) bu dünyaya vida deyib yük­sək məqama çatmaq istəyən döyüşçülərinin artıq növ­bə gözləməyə səbrləri çatmırdı. Əyinlərində də­mir zireh, at belində, yandırıcı günəşin altında əzablı döyüş səhnələrini izləmək nə qədər çətin idisə, su­suzluq atəşini söndürmək ondan da ağır idi. Elə buna görə də din fədailəri susuzluğa qalib gəlmək üçün dö­yüşə tələssələr də dəstənin müdafiəsini də, hücu­munu da, döyüşün hansı məqamlarda aparılacağını da İmam Hüseyn(ə) özü təyin edirdi.

Qəfildən dəli bir nərə ilə at kişnərtisi bir-birinə qarışdı. Ətrafı toz dumanı bürüdü. Haşim ibn Ütbeyi Vəqqas şimşək qanadlı atını döyüş meydanına sürdü. Yezid qoşununun əsgərləri yaranmış fasilədən istifa­də edərək yenə ölmüş döyüş yoldaşlarının cəsəd­lə-rini meydandan kənara sürükləyirdilər. Haşimin mey­dana daxil olması döyüşü yenidən qızışdırdı. Coşub vəcdə gəlmiş Haşim atını meydanda cövlan etdirərək düşmən qoşununa lənətlər yağdırırdı.

Ömər ibn Səd əmisi oğlunu döyüş meydanında görəndə heyrətini gizlətməyərək əlini gözünə günlük edib zəndlə ona baxdı. Haşimin şücaətinə bələd idi. Bir tərəfdən də Şimrin yanında olması onu daha da əsəbləşirdi. İndi elə məqam idi ki, o, nəin ki, qəhrə­man əmisi oğlundan, heç öz övladından da keç­məz­di. Ona görə də Şamdan min nəfərlə gəlmiş hələb hakimi Səman ibn Müqatili yanına çağırıb meydana göndərdi. Yenidən təkbətək döyüş qızışdı. Səmanın nəsihətlərinə əhəmiyyət verməyən Haşim əmisi oğlu Ömər Sədə də, ibn Ziyada da, Yezidə də lənətlər söyləyib döyüşə atıldı. Və bir zərbə ilə Hələb sərkər­dəsini cəhənnəmə vasil etdi. Hadisəni kənardan izləyən Səmanın qardaşı Hüman min nəfər süvari ilə birlikdə Haşimin üstünə gəldi.

Düşmən qoşununun böyüklərindən birinin məhv olması susuzluqdan taqətdən düşmüş İmam Hü­seyn(ə) döyüşçülərinə yeni ruh, yeni can verdi. Haşi­min mühasirəyə alındığını görən İmam Hüseyn(ə) qardaşı Fəzl ibn Əlini on nəfər döyüşçü ilə köməyə göndərdi. Digər din fədailəri də döyüşə atılmaq istə­dilər. Ancaq İmam Hüseyn(ə) əl işarəsi vəcdə gəlib coşan din aşiqlərinin yolunu kəsdi. Köməyə gələn­lərin qarşısını almaq üşün Ömər ibn Səd meydana əlavə iki min nəfər də əsgər gəndərdi. Bir tərəfdə Haşim min nəfərə qarşı, bir tərəfdə Fəzl ibn Əli on nəfər silahdaşı ilə iki min nəfərlə döyüşə başladı.

Fəzl ibn Əlinin döyüşə atılması Əhli-Beyt qadın­la­rının naləsini daha da ucaltdı. Həzrət Zeynəblə Həz­rət Ümmügülsüm “can qardaş” deyib ah-fəğan etdilər. Çox çəkmədi ki, Haşim də, Fəzl ibn Əli də on nəfər silahdaşı ilə birlikdə şəhid oldu. Əhli-Beyt Kərbəla düzündə ilk şəhidini verdi. Bundan sonra Həbib ibn Müzahir, azad olmuş qul Həmzeyi Hərir, Yezid ibn Mühaciri-Cəfi, Ənas ibn Məqil, Abbas ibn Şişin azad etdiyi qul Şaribə, müəzzin Cəfi, Seyf ibn Haris, Malik ibn Ütbə, Hənzələ ibn Səid, Yezid ibn Ziyad Şəbi, Səd ibn Əbdullah, Cəbavə ibn Hariz, Ömər ibn Cibaveyi Hariz, Məhəmməd ibn Miqdad, Abdullah ibn Dücanə, Həzrət Əlinin(ə) qulamı olmuş Sədi, Qeys ibn Rəbi, Şiş ibn Süveyd, Ömər ibn Qurt, Müslüm, Həmmad, Müslüm ibn Əqilin oğlu Ab­dullah, Cəfər Təyyarın övladı Məhəmməd, Övn ibnÖvf və başqaları döyüş meydanında həlak olub şəhadət şərbəti içdilər.

 

*  *  *

 

Ömər ibn Səd gözlərini qıyıb səmaya baxdı. Qızmar günəşin şüaları canki onun gözünə mil çəkdi. Artıq gün günortaya yaxınlaşırdı. Yaranmış fasilədən istifadə edərək o, qoşuna qısa müddətli istirahət üçün sərbəstlik vermək istədi. O. Yavərinə tərəf çev­rilib fikrini ona bildirdi. İbn Səddən aralanıb öz dəs­tə­sinin yanında dayanmış Şimr fasilə elan olun­du­ğunu eşi­dib yenidən atını geri sürdü.

-Bu nə vaxtın fasiləsidir ey Ömər? – Deyə Şimr Ömər ibn Sədə çatar-çatmaz soruşdu.

Ömər ibn Səd Şimrin sözlərinə əhəmiyyət ver­məyib yavərinə üz tutdu:

-Başqa sərkərdələri də çağır bura.

Çox çəkmədi ki, bütün qoşun böyükləri Ömər ibn Sədin ətrafında toplaşdılar.

Şimr bayaqkı sözünə əhəmiyyət verilmədiyindən əsəbləşdiyini biruzə vermək üçün uca və qəti səslə dilləndi:

-Ey Ömər, əgər doğrudan da könlündə Hüseyn ibn Əli ilə müharibə aparmaq yoxdursa. Bunu açıq-aşkar de ki, biz də işimizi bilək. Belə döyüş olmaz. Sən əsgərlərin ruhunu öldürürsən, qollarını boşal­dırsan.

Ömər ibn Səd ilan kimi qıvrılıb açılsa da yenə Şimrin sözlərinə əhəmiyyət vermək istəmədi. Ancaq bütün qoşun başçılarının ona tuşlanan kinli baxış­larına dözməyib dedi:

-Ey Şimr sizin şahidliyinizlə Hüseyn ibn Əli ilə müharibəni birinci mən başladım və bu işə mən ca­vab­dehəm. Birləşmiş qoşunun başçısı mənəm. Sizin vəzifəniz mənim əmrimə tabe olmaqdır.

-Sərkərdəliyinlə öyünməkdənsə. əmr ver birdə­fəlik hücuma keçib Hüseyni də,onun yan yörəsini də qılıncdan keçirək,- deyə Şimr yenə əsəbiliklə bil­dirdi.

Sinan ibn Ənəs Şimrin sözünə qüvvət verərək dedi:

-Ya Ömər, doğrudan da məsələni bu qədər yu­bat­mağın, ləngitməyin mənası varmı? Tabeliyimizdə bu qədər qoşun var. Bir əmrimizə bənddir ki, Hüsey­nin dəstəsini darmadağın etsin.

Ömər ibn Səd təkləndiyini, Şimrin fitnəsilə qo­şun başçılarının onun üstünə ayaq açdığını görüb qətiyyətlə dedi:

-Siz nə danışdığınızı bilirsinizmi? Verilən əmr­dən xəbəriniz varmı?.. Bizim iki tapşırığımız var: Hüseyndən Yezid ibn Müaviyəyə beyət almalı, beyət vermədiyi təqdirdə qətlə yetirməliyik. Yəni Hüseyni qətlə yetirməzdən əvvəl biz ondan beyət almağa çalışmalıyıq. Siz isə məsələnin birinci tərəfini unu­dur­sunuz. Axı, bunlar azad olunmuş qullar deyil ki, ağına-bozuna baxmayıb qılıncdan keçirək. Nəzərə alın ki, vuruşduğumuz adamlar peyğəmbər öladla­rıdır. İndi məni başa düşdünüzmü? Bəlkə Hüseyn ibn Əli bir azdan bidirəcək ki, Yezidə beyət edirəm. Ona görə də gözləməyə, döyüşü bu cür uzada-uzada apar­mağa məcburuq.

Şimr Ömər ibn Sədin sözlərini təsirdən salmaq üçün yenə ortalığa bir söz atdı:

-Mən Hüseyn ibn Əlini yaxşı tanıyıram. O, de­diyi sözü heç vaxt geri götürməz. Bizim ondan beyət gözləməyimiz tamamilə əbəsdir.

-Əlbəttə, sən bizdən yaxşı tanıyırsan Hüseyni. O, səninlə daha yaxın əqrabadır. Onun yanındakı qo­hum­larını yola gətirə bilsəydin, heç bu qədər qan tö­külməzdi. Hüseyn məcbur olub Yezidə beyət edərdi. Amma, odur ey, Hüseynin bayrağı yaxın qohumun Abbasın əlindədir, - deyə Ömər ibn Səd Sinan ibn Ənəsə, Şis ibn Rəbiyə, Tariq ibn Şişə baxıb kinayə ilə dilləndi.

Şimr hirsindən bığlarını gəmirdi. İstədi desin ki, sənin əmin oğlunun da bayaq şücaətini gördük. Ancaq bu sözləri ürəyinə gətirsə də dili başqa səzlər dedi:

-       İndi qərarın nədir, ya Ömər? Neyləyək, yenə­mi sabaha saxlayaq döyüşü?

Şimrin atmacalarından təngə gəlmiş Ömər ibn Səd onun sözlərini udub təmkinlə cavab verdi:

-Qulaq asın. Əgər döyüşü bu cür davam etdirsək, xeyli itgi verəcəyik. Ona görə də gözləməliyik. Hü­seyn və əshabələri iki gündür susuzdur. Çaya gedən yolun müdafiəsini möhkəmlədib, hücumu dayan­dır­malıyıq. Bundan sonra onları qətlə yetirməyə ehtiyc qalmayacaq. Günün istisi və susuzluq bir azdan on­ların axırına çıxacaq. İndi isə bütün əsgərlərə əmr edin tuluqları çıxarıb su içən su içsin, yuyunan yu­yunsun. Özü də elə edin ki, Hüseyn və döyüşçüləri bunu aydınca görsünlər.

Şimr bir qədər fikrə gedib öz-özünə dedi:”Yox, bu Ömər heç də mənim bildiyim qədər səfeh deyil­miş. Düzgün qərar çıxartdı. Ancaq susuzluqla bunları diz çökdürmək olar. Çayın yolunu özüm kə­səcəm. Qoymaram ki, Əli övladları o sudan bir qətrə də dadsın”. Ancaq Şimr bu fikirdə ikən yaxın qo­humları Əbülfəzl Abbas, Əbdullah, Cəfər və Osman gözləri önündə gəlib dayandı. Onlarla görüşüb söh­bət etməyə daxili bir ehtiyac duydu. “Azacıq da olsa mənə meylləri olsa, xilas edəcəm onları. Yox, əgər hamısı məni danıb ögey qardaşları Hüseyni tutsa, baş­larını öz əlimlə kəsəcəm”. – Deyə Şimr öz-özünə düşündü.

Bir azdan sərkərdələrin əmri ilə bütün qoşun su tuluqlarını çıxarıb deyə-gülə bir-birləri ilə su oyunu oynamağa başladılar. İmam Hüseyn(ə) tərəfdə isə bü­tün döyüşçülər, qadınlar və uşaqlar bir damla suya həsrət idilər. Körpə uşaqların “Ələtəş” deyib ağla­maları Kərbəla düzünü başına götürmüşdü.

İmam Hüseyn(ə) Əhli-Beyt qadınları olan xey­mə­lərə tərəf baxa bilmirdi. Südəmər övladı Əli-Əs­ğərin su yanğısından çığırtısını eşitməmək üçün əl­ləri ilə qulaqlarını tutdu. Həyatında ilk dəfə olaraq ümid­siz, çarəsiz bir görkəm aldı. Qadınlara və uşaq­lara su verib kömək edə bilmədiyi üçün bütün dünya gözündə zülmətə dönmüşdü. Dodaqları kilidlənsə də ciyəri od tutub yanmaq dərəcəsinə çatsa da dözürdü bu əzaba. Ancaq hiss edirdi ki, dilbilməz Əli-Əsğərin susuzluq əzabına dözə bilməyəcək. Körpənin səsi bir az da davam etsəydi, çarəsizlikdən və ümidsizlikdən bağrı çatlayardı.

Qardaşı oğlu Abdullah ibn Həsənin kölgəsi onun üstünə düşəndə İmam Hüseyn(ə) başını yuxarı qal­dırdı. Fikir və xəyala getdiyindən Abdullahın ona necə yaxınlaşmasından xəbəri olmamışdı. Polad biləkli, şir ürəkli Abdullah əmisini naümid bir vəziy­yətdə görəndə kədərləndi.

-Qəm eləmə, ya əmi. Bu məlunlar bizi nə qədər sıxsa da Allahın bizə bəxş etdiyi səbr tükənməzdir. Görürsənmi, qorxularından biri cəsarət edib mey­dana çıxmır. Şəhid olan mücahidlərimizin hamısı öz intiqamlarını birə-on aldılar. Biz də son nəfəsimizə kimi döyüşəcəyik. Həm susuzluqla, həm də Yezidin qoşunu ilə. – Abdullah ibn Həsən vəcdə gələrək da­nı­şır, döyüşqabağı sanki yeni qüvvə toplayırdı.

Körpə Əli-Əsğərin xeymədən gələn çığırtısı İmam Hüseynin(ə) yenə bütün vücudunu titrətdi.

-Bütün əzab və işgəncələrə dözürəm. Təkcə Əli-Əsğərin susuzluğundan başqa, - deyə İmam Hü­seyn(ə) kədərlə bildirdi. Sonra sözünə davam edərək: - Məni taqətdən salan içimdə qalanmış tonqal yox, Əli-Əsğərin səsidir,-dedi.

Abdullah istədi nəsə desin, əmisinə təskinlik, təsəlli versin. Ancaq deməyə söz tapmadı. Qəhərdən boğulduğunu,göz yaşının toz basmış yanaqlarına axdığını hiss etdi. Heç bir söz demədən geri çevrilib sürətli addımlarla atına tərəf getdi. Nizəsini, qalxa­nını götürüb ata sıçradı. Və dəli bir nərə çəkərək dö­yüş meydanına şığıdı. İmam Hüseyn(ə) də, başqa mü­cahidlər də bir anın içərisində baş vermiş bu hadi­səni tam izləməyə belə macal tapmadılar. Bir göz qırpımında atını meydana sürən Abdullah bir-biri ilə su oyunu oynayan düşmən əsgərlərinin üstünə hü­cum çəkdi. Qarşı tərəfdən heç bir həmlə gözləməyən düşmən qoşununun ön sıradakı piyada əsgərləri atın onların üstünə şığıdığını görüb vahiməyə düşdülər. Qaçmağa belə imkan tapmadılar.

Kənardan bu mənzərəni seyr edən Ömər ibn Səd əvvəlki fikrini dəyişərək atlının qarşısını almaq üçün sərkərdələrin üstünə qışqırdı. Bəxtər ibn Ömər Şami Abdullahın atını birbaşa Ömər ibn Sədin üstünə sürdüyünü görüb 500 nəfər süvari ilə onun qarşısını kəsdi.

Abdullah Yezidə və onun hakimiyyətinə lənət yağ­dıra-yağdıra vuruşur, düşmən əsgərlərini vahi­məyə salırdı.

Abdullahın mühasirəyə alındığını görən müca­hidlərdən Ənəs, Əsəd ibn Dücanə və İmamın qulamı Firuzan özlərini köməyə çatdırdılar.

Ömər ibn Səd sərkərdə Şiş Rəbinin tabeliyində olan əlavə 500 nəfəri də döyüşə göndərdi. Dörd nəfər min nəfərə qarşı. Bu qeyri-bərabər döyüşü kənardan seyr edənlər din aşiqlərinin nə qədər böyük gücə, qüvvəyə malik olduğuna heyrət etdilər. Onlara elə bil ilahi qüvvə bəxş edilmişdi.

Həmin döyüşdə təkcə Firuzan mızraqla 130, qılıncla 27 nəfəri qətlə yetirdi. Aslan kimi döyüşən Abdullah vəcdə gəlir və canki qüvvəsi artırdı. Axırda dostlarını itirib meydanda tək qalan İmam övladı haqqa qovuşmaq vaxtının yetişdiyini hiss etdi. Ar­xaya çevrilib bir daha at üstündə vüqarla dayanmış əmisi İmam Hüseyni, qardaşlarını və digər qohum­larını seyr etdi. Sonra qılıncı sıyırıb özünü qoşunun sıx yerinə vurdu.

Ömər ibn Səd dəhşətə gəlmişdi. Qurduğu tədbir baş tutmadığından nə edəcəyini bilmirdi. “Bunlar necə insandırlar? Susuzluqdan, yorğunluqdan taqət­dən düşmək əvəzinə daha da gücləhirlər.” – Deyə heyrətlə düşündü. Sonra beş min nəfərlik qoşuna Abdullahı oxa, nizəyə, sapanda tutub məhv etmək əmrini verdi.

 Dəhşətli bir döyüş səhnəsi yaranmışdı. Bir nəfər beş min nəfərə qarşı vuruşurdu. Aldığı ox və nizə yaraları nə qədər çox olsa da, bütün bədəni al qana bulansa da Abdullah döyüşü dayandırmırdı.

-Zərrə qədər də qeyrətiniz varsa oxu, nizəni kə­nara tullayıb üstümə qılıncla gılin. Qorxaqlar, na­mus­suzlar, yaxın gəlin, - deyə Abdullah nərə çəkir, bədəninə sancılmış oxlar onu görünməz etsə də qa­mətini əymir, dərin köklü palıd kimi yerindəcə bitib qalırdı. Bayaqdan bəri yaxına getməyə cəsarət etmə­yən düşmən əsgərləri Abdullahın taqətdən düşüb yerə yıxılmasını gözləyirdilər. Nəhayət daha onun qolunun qalxmadığını, özünü müdafiə edə bilmə­diyini görən məlun bir əsgər qəfil bir qılınc zərbəsi ilə Abdullahı şəhid etdi. Onun köməyinə gəlmiş Əli övladları – Əbülfəzl Abbas və Övn mühasirəni yarıb Abdullahın cəsədini xeyməgaha gətirdilər.

Bütün Əhli-Beyt Abdullahın cənazəsinin ətrafına toplaşmışdı. Həzrət Zeynəb həzrət Ümmü-Gülsüm şivən qoparır, İmam Həsənin(ə) igid övladının ölümünə dözə bilmirdilər.

Gənc Qasim qardaş itkisinin necə ağır olduğunu Abdullahın al qan içində olan taqətsiz vücudunu gö­rəndə hiss etdi. Əvvəlcə o, da halsızlaşdı. Göz yaşları içində sanki əriməyə başladı. Ancaq əmilərinin odlu baxışları ilə qarşılaşanda mis rənginə çalan çöhrə­lə­rinə nəzər yetirəndə yumruqlarını düyünləyib düş­düyü halətdən özünü xilas etdi. Və duydu ki, onun əzə­lələri poladlaşır. Vücudu bərkiyir. İndi o, susuz­lu­ğunu da, taqətsizliyini də tamam unutmuşdu. Qəlbinə hakim kəsilən yalnız bir hiss idi: qardaşının intiqamını almaq. Azğınlaşmış din düşmənlərini məhv etmək, sonra Abdullah kimi çarpışıb rəqib­lə­rini heyrətə gətirmək, öz şəhadəti ilə İslamın bay­ra­ğını ucaltmaq, bünövrəsini möhkəmlətmək.

Qasim bu fikirlərlə İmam Hüseynə(ə) yaxınlaşdı. “Ya əmi, rüsxət ver...” – desə də İmam Hüseynin(ə) ona tuşlanmış kədərli baxışlarını görəndə hiss etdi ki, əmisinin sözü var, nəsə demək istəyir. Elə bu zaman Qasimin döyüşə hazırlaşdığını görən Əhli-Beyt qa­dınları özlərini ona yetirdilər. Həzrət Zeynəb ağlaya-ağ­laya Qasimin boynunu qucaqladı.

-Ya Hüseyn, Qasimin hələ çiyinləri bərkiməyib. Görmürsən necə zərif və məsumdur. Qıyma ona,- deyə Ümmü-Gülsüm bacısına qoşulub fəğan etdi.

Həzrət Zeynəb ağlaya-ağlaya üzünü Qasimə tutaraq:

-Ya Qasim, səndən qardaşım Həsənin ətrini alı­ram. Hara gedirsən? Sənsiz biz neyləyərik? Axı, sə­nin hələ vuruşmaq vaxtın deyil, - deyə səsini ucaltdı.

“Səbr et, Hüseyn. Səbr et. Özünü ələ al. Hələ sənin vaxtına var. Bil ki, çəkdiyin bu əzablar, döz­dü­yün bu işgəncələr müqəddəs dinin – İslamın yaşa­ması üçündür.” – Deyə İmam Hüseyn(ə) öz-özünə pı­çıl­dadı. Elə bil bu sözlərdən sonra köksündən çıxmaq dərəcəsində olan ürəyinin döyüntüsü bir az azldı. Hansı bir qüvvənin təsiri iləsə əsəbləri cilov­landı. O, çox təmkinlə bacılarına təsəlli verib onları sakitləşdirdi.

 

*  *  *

 

Qəm və kədər dolu baxışlar bir-birinə dikilmişdi. Bu qəm və kədər pərdəsinin arxasında isə bir cüt eşqlə dolu ürəyin çırpıntıları güclə sezilirdi. Bir-bi­ri­nin həsrətini çəkən baxışlar bu gün elə bir məqamda rastlaşmışdı ki, kədər və matəm pərdəsi onları bir-birini doyunca seyr etməyə imkan vermirdi. Qasim əmisi qızının eşqilə çoxdan alışıb yanırdı. Atasının vəsiyyətini də ona çatdırmışdılar. Kufə səfəri ortaya çıxandan sonra isə qəlbindəki məhəbbət odunu din düşmənlərinə qarşı mübarizə aparmaq eşqilə əvəz etmişdi. İndi budur, həsrətində olduğu sevimli əmisi qızı ilə bir xeymədədir. Sevgilisinin ona dikilmiş mə­sum və günahsız baxışlarına necə cavab versin. Qardaşı Abdullahın hələ heç cəsədi soyumayıb. Dö­yüş yoldaşlarının qanı hələ qurumayıb.

Qsim yenidən əmisi qızının nəmli gözlərinə, hə­ya və ismətdən od tutub yanan çöhrəsinə nəzər ye­tir­di. Susuzluq bu gül üzlü qönçəni də taqətdən sal­mışdı. “Bəsdir daha bu istidə gözlədiyimiz. Hücum edib hamısını qılıncdan keçirək...” Lap yaxınlıqdan gələn bu səs Qasimin qulaqlarında şimşək kimi çax­dı. Qeyri-ixtiyari ayağa qalxıb qılıncını belinə bağ­ladı. Xeymədən çıxanda əmisi qızının hıçqırıqlarını eşidib ayaq saxladı. Yalvarıcı bir nəzərlə ona tuşlan­mış nəmli baxışlar Qasimin bütün varlığını əlindən aldı. O, həyadan, ismətdən danışmasa da baxışları və hıçqırıqları ilə çox sözlər deyirdi. Qasim qəhərləndi. O, hiss edirdi ki, qarşısındakı bu məsum, açılmamış qönçəyə son dəfə baxır. Ayağını atıb xeymədən çölə çıxmaqla bütün həyatla vidalaşır. Yox, bu gediş onu qorxuzmurdu. Bu yolu o, könüllü gedirdi. Düşmən ar­tıq lap yaxında idi. Onların səsi xeymələrdə eşidilirdi. Belə bir məqamda o, bütün varlığı ilə bağlı olduğu əziz əmisini, bütün müsəlmanların İmamını yağı düşmənlə təkbətək qoya bilməzdi. Qasim nə qə­dər istədi ki, əmisi qızına bir kəlmə söz desin, ancaq susuzluqdan və qəhərdən danışa bilmədi. Hiss etdi ki, dilindən bircə kəlmə söz qopsa, uşaq kimi hön­kür-hönkür ağlayacaq, boşalacaqdır. O, isə düşmən qarşısına gərilmiş əzələ ilə, dəmir bədənlə getmək is­tə­yirdi. Qasim son dəfə də heç bir söz demədən xeymədən çıxdı. İçəridə hıçqırıq səsi ah və nalə ilə əvəz olundu. Əhli-Beytin xanımları Qasimin xeymə­dən çıxdığını görəndə onun qarşısını kəsdilər. Ancaq Qasim geriyə qayıda bilməzdi. Ona gərə də uca səslə:

-Əmim düşmənlə üz-üzə dayandığı bir məqamda mən necə xeymədə gizlənə bilərəm. Gedirəm quduz­laşmış din düşmənlərini qanına qəltan etməyə. – Dedi.

Qasim döyüş meydanında idi. Ancaq təkbətək vuruşmaq istəyən yox idi. O, meydanda atını cövlan etdirib bir rəcəz söylədi. Sonra üzünü Ömər ibn Sədə tutub ona və Yezidə lənətlər yağdıraraq dedi:

-Bəs deyilmi bu qədər qan tökdünüz?.. Axı, nə edib sizə bu mömin insanlar?

Qasimi uzaqdan tanıyan İbn Səd dilləndi:

-Nə etdiyinizi bilmirsənmi? Get əmin Hüseynə de ki, Yezidə beyət etsin, qurtaraq. Bu qədər insanın ölümünə bais olmasın. Zəmanənin imamını tanısın. Yezid ibn Müaviyənin hakimiyyətini qəbul etsin. Daha biz də yorulub bezmişik.

-Anan ağlar qalsın, ey Ömər. Sən necə rəva gö­rür­sən ki, bütün müsəlmanların İmamı olan əmim Hüseyn din düşməni Yezidin hakimiyyətini qəbul etsin. Sən İmam Hüseyni tanımırsanmı? Bilmirsənmi Yezid bura yüz belə qoşun göndərsə də, əmim əqi­də­sindən dönən deyil, - deyə Qasim atının cilovunu çəkərək bildirdi.

Ömər ibn Səd artıq yəqin etdi ki, İmam Hü­seyn(ə) şəhid olacaq, ancaq beyət etməyəcək. Ona görə də İmam Hüseyni(ə) də onun ətrafındakıları da bir hücumla qətlə yetirməyi öz-özünə müəyyən­ləş­dirdi. Sonra yavərinə işarə edərək Qasimin üstünə hamılıqla hücum etmək əmrini verdi.

Ömər ibn Sədin bu fikrindən xəbərsiz olan Qa­sim isə meydanda atını cövlan etdirib təkbətək döyüş üçün pəhləvan istəyirdi. Birdən bütün qoşunun ona tərəf yeridiyini, üzərinə yağış kimi ox yağdığını gör­dü. Ancaq yenə özünü itirmədi. Qılıncı çəkib şim­şək sürətli atını düşmənlərə tərəf çapdı. Çox çəkmədi ki, Qasim piyada qoşun istiqamətindən mühasirəni yar­dı. Sərkərdələr yenidən ibn Sədin yanına gələrək dö­yüşün düzgün təşkil edilmədiyindən gileyləndilər. Yerbəyerdən “bunlarla bacarmaq mümkün deyil. Heç biri ölümündən qorxmur. Bir cavan uşaq o boy­da qoşunun mühasirəsini yarıb aradan çıxdı. Təkcə bu döyüşdə 20 nəfər itgi verdik. Hələ yaralıları de­mirik”. – Dedilər. İbn Səd yenidən qoşuna dayan­maq əmri verdi.

Mühasirədən çıxan Qasim İmam Hüseynin(ə) hüzuruna qayıtdı. Heç kimin gözləmədiyi halda Qa­sim əsl şücaət göstərmişdi. Düşmən əsgərlərinin on­suz da gözü əvvəldən elə qırılmışdı ki, mücahid­lər­dən kiminsə onlara hücum etdiyini görəndə pərən-pərən olur, silah sursatlarını ataraq qaçıb canlarını qurtarmağa çalışırdılar. İmam Hüseyn(ə) qardaşı oğ­lu­nun qəhrəmanlığından xeyli məmnun olmuşdu. Qasim qardaşı Abdullahın igidliyini təkrar etmişdi.

Qasim tövşüyə-tövşiyə dilləndi:

-Ya İmam, bircə udum su içsəm, bu ordu ilə tək bacararam. Saylarının çoxluğuna baxma, hamısı qor­xaq və fərsizdir. Piyadalar atlı görən kimi ancaq qaç­maq istəyirlər. Atlılar da qarşı-qarşı döyüşməyə cə­sa­rət etmirlər.

İmam Hüseyn(ə) gənc din aşiqinin vəcdə gəldi­yini onu tutduğu yolun düzgünlüyünə bir daha inan­dırmaq üçün dedi:

-Başqa cür də ola bilməz. Biz haqq yolunda, din uğrunda vuruşuruq, onlar isə daha çox ənam almaq üçün. Biz öz hüququmuzu qoruyuruq, onlar nəfsləri­nin güdazına gedirlər.

Qasimin danışmağa taqəti yox idi. Yenə əli ilə sifətinin tərini, tozunu silib üzünü İmam Hüseynə(ə) tutdu:

-Qayıdıram meydana ya İmam. Bir udum su...

İmam Hüseyn(ə) yenə Qasimi ruhlandıracaq bir tərzdə dilləndi:

-Sənin şücaətin və səbrin olan yerdə suya ehtiyac olmayacaq.

Qasim yenidən atını meydana sürəndə İbn Səd üzünü Şam qoşununun başçılarından biri olan Əzrəq Şamiyə tutdu:

-Yenə bayaqkı atlıdır. Onun öhdəsindən gələn olacaq, ya yox?

Əzrəq sözün ona ünvanlandığını görüb nəzakətlə dilləndi:

-Ya Ömər, əmrinə müntəzirik. Ancaq məni min əsgərə bərabər sayırlar. O, ağzından süd iyi gələn uşaq­la döyüşmək mənim şərəfimə xələl gətirər.

Ömər ibn Səd Əzrəqin sözündən əsəbləşərək:

-İş qolun zorluğunda deyil. Gərək insanın ağlı və şüuru da ola. Sən bilmirsənmi ki, bu ağzından süd iyi gələn uşaq Həsənin oğlu Qasimdir. Onları məğlub etmək sənə o qədər də asan gəlməsin.

Qısa söhbətdən sonra Əzrəq dörd oğlunu bir-bir meydana göndərdi. Şir kimi döyüşən Qasim onların dördünü də cəhənnəmə vasil etdi.

Oğlanlarının ölümündən dəhşətə gələn Əzrəq vəhşi bir bağırtı ilə atını meydana sürdü. Hər iki tərəf Qasimlə Əzrəqin döyüşünə diqqətlə tamaşa edirdi.

İmam Hüseyn(ə) Əzrəqin şücaətinə bələd oldu­ğundən Qasim üçün narahat idi. Ancaq coşmuş Qa­sim təcrübəli pəhləvanın öhdəsindən bacarıqla gə­lirdi. Onun hər bir həmləsini cəldlik və çevikliklə dəf edir, Əzrəqi meydanda uşaq kimi oynadırdı. Müdafiə olunan Qasim fürsət axtarırdı ki, düşmən qoşununun bu şöhrətli sərkərdəsinə dəqiq zərbələr endirsin. Oğlanlarının ölümündən başını itirmiş Əzrəq isə yal­nız həmlə edir və müdafiə olunmağı unudurdu. Nə­ha­yət cəld və çevik Qasim öldürücü zərbə ilə Əzrəqi atdan saldı.

Bayaqdan bəri Əzrəqi ruhlandıran düşmən əsgər­ləri Qasimin qələbəsindən sonra donub yerlərindəcə qaldılar. Coşub vəcdə gəlmiş Qasim isə döyüşü da­yan­dırmaq istəmirdi. Yenə atını cövlan etdirib özünü qoşunun sıx yerinə vurdu. Və ağır döyüşdən sonra yaralanaraq atdan salındı. Döyüşü diqqətlə izləyən İmam Hüseyn(ə) Qasimin atdan salındığını görüb özü irəli şığıdı. Mühasirəni yararaq Qsimi götürüb xeyməgaha gətirdi. Başından nizə yarası almış Qa­sim bircə kəlmə “su” deyə bildi...

İmam Hüseynin(ə) dəstəsi seyrəlmişdi. Qasimin ölümündən sonra qardaşları Osman ibn Əliyyəl Mürtəza, Əbubəkr ibn Əli, Övn ibn Əli, Əbdüllah ibn Əliyyəl-Mürtəza şəhadət şərbətini içib cənnətlik olmuşdular. İndi onun sağ tərəfində oğlu Əli-Əkbər, sol tərəfində qardaşı həzrət Əbülfəzl Abbas ibn Əliy­yəl-Mürtəza. Dayanmışdı. Bütün döyüş dostlarını, əqrabalarını itirməklərinə baxmayaraq onların hər üçü at belində qürur və vüqarla dayanıb qarşıdakı düşmən ordusuna sanki bir qorxmazlıq, yenilməzlik dərsi verirdi.  Əhli-Beytin xanımları, digər qadınlar və uşaqlar isə xeymələrdə, təkəmseyrək bitmiş xu­r­ma ağaclarının kölgəsində susuzluqdan bihal vəziy­yətdə idilər. Yalnız Şəhrəbanu yataqda uzanmış Ze­nalabdinin(ə) başı üzərində dayanıb onu tək qoymur­du. O, taqətsiz olsa da hər şeyi dərk edir, şüurunun işığında bütün olanları görürdü. Atası və anası pis olmasın deyə, susuzluq atəşi onu yandırsa da canını dişinə sıxıb bir dəfə də olsun su istəməmişdi. O, blirdi ki, Yezidin və ibn Ziyadın  əmri ilə onları su­suz­luq imtahanına çəkirlər. Və heç bir məşkdə bir damla belə su yoxdur. Olmayan şeyi istəməyi isə özünə rəva bilmirdi. Zeynalabdin əvvəlki günlərə nisbətən bu gün vücudundakı ağrıların azaldığını hiss etmişdi. Bəlkə də bu ilğım idi. Bəlkə də susuz­luq atəşinin təsiri ona digər ağrıları unutdurmuşdu. Ancaq yox, Zeynalabdin yanılmırdı. Ona elə gəldi ki, istəsə ayağa da dura bilər. Elə uzandığı yerdə əli­ni, ayağını tərpətdi. Bədəninə yeni bir gücün, qüvvənin yavaş-yavaş hopduğunu hiss elədi. Anası Şəhrəbanu da onun solğın bənizində həyat işartıla­rının artdığını duymuşdu. Zeynalabdinin könlündən ayağa durmaq, qılıncı belinə bağlayıb atasının kömə­yinə çatmaq keçdi. Ancaq hansı bir gizli qüvvəsə onu bu istəkdən daşındırdı.

 

*  *  *

 

Günorta namazına az qalırdı. Gün göy qübbəsinə qalxdıqca bəla və müsibət torpağında gövdəsi fil ay­ağına bənzəyən seyrək xurma ağaclarının kögəsi də elə bil qeybə çəkilirdi. Yer üzü elə bil od tutub yanır­dı. Qumun usandırıcı sarılığı və bürküsü ətrafa ha­kim kəsilmişdi. Ömər ibn Səd günəşdən qorunmaq üçün əlini gözünün üstünə qoyub qarşı tərəfdə at belində qürurla dayanmış üç nəfəri süzüb acı-acı gülümsədi. “Sındıracam sənin qürurunu Hüseyn, əyə­cəm sənin vüqarını. Özü də əl vurmadan, sənə to­xun­madan. Bu günəşin istisi  ilə səni həlak edəcəm. Əgər beyət etməsən susuzluqla məhv edəcəm səni. Özün hüzuruma gələcəksən. Diz çöküb, yalvarıb bir udum su istəyəcəksən. Bax, beyəti bir içim su ilə dəyişəcəm səninlə”. Deyə fikirləşən Ömər ibn Sədin İmam Hüseynə(ə) olan əvvəlki mərhəmətindən əsər-əlamət qalmamışdı. İndi onun bütün varlığına iblis hakim kəsilmişdi. O, artıq bu döyüşdə İmam Hüsey­nin(ə) bütün dəstəsini qətlə yetirsə də özünün məğ­lub olduğunu dərk edirdi. Dərk etdikcə də quduz­la­şırdı. İtkisinin sayı-hesabı yox idi. Bir sərkərdə kimi şərəfi yerə vurulmuşdu. Böyük bir qoşunla kiçik bir dəstənin öhdəsindən gələ bilməmiş, saysız-hesabsız itkilər vermişdi.

Şimrin ona yaxınlaşması Ömər ibn Sədi öz aləmindən ayırdı.

-Yenə su oyununa başlayaqmı, ya Ömər, - deyə macəra axtaran Şimr əsgərlərin bekar qalmaması üçün yeni təklif verdi.

-Hə ağıllı fikirdir. Bu istidə ən yaxşı iş elə su ilə oynayıb bir az sərinləməkdir, - deyə Ömər ibn Səd özü də məşkini əlinə alıb başına çəkdi.

-Məşki qaldır yuxarı, ya Ömər. Suyun qalanını da tök yerə. Qoy Hüseyn ibn Əli daha çox odlansın, - deyə Şimr özü də su qabını başına çəkib qalanını ye­rə tökdü. Və yanındakı yavərlərinə qoşun üçün su gətirmək əmrini verdi.

İmam Hüseyn(ə) düşmən qoşununun iyrənc su oyununu seyr etdikcə qəzəbi daha da aşıb daşdı. Qeyz­lənmiş həzrət Əbülfəzl Abbasın gül camalına elə bil qara bulud çökdü. Əhl-Beyt xanımlarının və digər qadınların ah-naləsi, uşaqların “Ələtəş” deyib ağlaması vəziyyəti dözülməz etmişdi. Döyüş mey­da­nına getməyə hazırlaşan həzrət Əbülfəzl Abbas İmam Hüseynin(ə) işarəsilə dayandı.

-Ya Əbülfəzl, eşidirsənmi uşaqların “ələtəş” səsini?

-Eşidirəm mənim mövlam, - deyə həzrət Əbül­fəzl Abbas düşmənə olan qəzəbini boğub təmkinlə cavab verdi.

-Əgər eşidirsənsə özünü vur Fərat çayına... – İmam Hüseyn sözünü kəsdi. Əli-Əsğərin səsi yenə bü­tün vücudunu sardı. – Ya Əbülfəzl. Ey mənim arxalandığım. Öyündüyüm. Əli-Əsğər üçün bir udum su...

Həzrət Əbülfəzl Abbas hələ ömründə bu təm­kinli, səbrli qardaşının belə çılğın anını görməmişdi. “Yox, ölərəm, bu yolda başımı qoyaram, ancaq möv­lamın belə acizləşməyinə imkan vermərəm”. – Deyə düşünən həzrət Əbülfəzl Abbas –“əmrin qəbuldur, ya mövlam” –deyərək atının cilovunu çəkib su qablarını götürmək üçün xeyməgaha getdi.

Fərat çayı xeymələrdən o qədər də uzaqda de­yildi. Qəribə biçimli qum təpələri çay vadisinə tərəf getdikcə kiçilir, qum azalır və münbit sarı torpaq, seyrək xurmalıqlar başlayırdı. Sahil girintili-çıxıntılı idi. Çayın ətrafını və ona gedən yolu Şimrin tabe­li­yində olan dörd minlik qoşun qoruyurdu. Birinci sırada nizə və qılıncla silahlanmış piyadalar, ikinci sırada süvarilər, axırda isə ox və sapand atanlar dayanmışdılar. Həzrət Əbülfəzl Abbas ildırım sürətli atı ilə birinci mühasirə xəttini yarıb Fərat çayına yaxınlaşdı. Şimr yaxin qohumunun qətlinə artıq fər­man vermiçdi. O, mühasirəni yarıb keçən həzrət Əbül­fəzl Abbasın arxasınca daha bir süvari dəstə göndərdi. Həzrət Əbülfəzl Abbasın niyyətini başa düşən Fərat yanındakı namərdlər onu qılınc və nizə ilə qarşıladılar. Ancaq qarşı-qarşıya gələn heç bir sü­vari qeyzlənmiş həzrət Əbülfəzl Abbasın qarşısında davam gətirə bilmədi. Üstünə yağan ox yağışından məharətlə yayınan həzrət Əbülfəzl Abbas düşmənin 70 nəfər əsgərini məhv edərək Fərat çayına yetişdi. Susuzluqdan ciyəri yansa da bir udum su içməyi belə özünə rəva bilməyib məşki su ilə dolduran kimi ye­nidən atın belinə sıçradı. Əllərinin suya dəyməsi vücuduna bir sərinlik gətirsə də ciyəri sanki alov püskürürdü. O, atına  da su içməyə imkan verməyib ge­ri qayıtmaq istədi. Ancaq gec idi. Onu təqib edən süvarilər artıq lap yaxınlıqda idilər. Həzrət Əbülfəzl Abbas yenidən nərə çəkib qılıncını sıyırdı. Dörd tə­rəf­dən üstünə hücum çəkən düşmən əsgərləri ilə vu­ruş­mağa başladı. Mühasirəyə alınmış həzrət Əbülfəzl Abbas nə qədər çalışsa da, bir ucdan arxası gələn düş­mən süvarilərindən yaxa qurtara bilmədi. Qarşı-qar­şıya döyüşməyə cəsarət etməyib yandan ona həmlə edən sərkərdə Nofəl ibn Əzrəq həzrət Əbül­fəzl Abbasın sağ qoluna qılıncla güclü bir zərbə en­dir­di. Həzrət Əbülfəzl Abbasın qələm olub yerə dü­şən qolu hələ də gərili vəziyyətdə idi. Qılncın dəstə­yinə sıxılmış barmaqları hələ də açılmamışdı. Al qan içində olan bu qol, bu əl sanki yerdə də düşmənlə vuruşmaq istəyirdi. Qılıncsız qalmış həzrət Əbülfəzl Abbasın əlacı sol əlindəki su qabını köksünə sıxıb onu qorumağa qaldı. Bütün bədəni al qan içərisində olmağına baxmayaraq yenə də ayaqları ilə atə dəh­mərləyib mühasirədən çıxmağa can atdı. Düşmənlər yenə də ona həmlə etməkdə idilər. Yalnız atın şahə qalxıb öz sahibini müdafiə etməsi sayəsində bir müd­dət həzrət Əbülfəzl Abbas ölümcül zərbələrdən xilas ola bildi. Ancaq bir nəfər fürsət tapıb onun sol qo­lu­na da kəskin bir zərbə vurdu. Həzrət Əbülfəzl Abbas məşki dişlərinə sıxmağa macal tapdı. Onun sol qolu da üzülüb yerə düşdü. İndi bütün ümid atın döyüşünə qalmışdı. Vəfalı at yerində fırlanaraq öz sahibini qı­lınc zərbələrindən qoruyur, düşmənləri ona yaxın­laş­mağa qoymurdu. Həzrət Əbülfəzl Abbasın bütün bədəni al qana boyanmışdı. Atın yəhərindən də qan sızırdı. Bu mənzərədən dəhşətə gələn Yezid süvari­ləri ona daha əl qaldırmaq istəmirdilər. Ancaq sər­kər­də Nofəl ibn Əzrəq qılıncını sıyırıb onları bu qol­suz qəhrəmanla vuruşmağa məcbur edirdi. Həzrət Əbülfəzl Abbas hər iki qolunu itirsə də hələ ümidini itirməmişdi. Dişləri ilə bərk-bərk tutduğu su məşkini bütün vücudu ilə düşmən oxundan qorumağa çalışı­rdı. Əli-Əsğərə, xeyməgahda olan uşaq və qadınlara bir udum su çatdırmaq üçün mühasirədən çıxmağa fürsət axtarırdı. O, ayaqları ilə həm atı dəhmərləyir, həm də irəli gəlmək istəyən düşmən əsgərlərini özün­dən kənarlaşdırırdı. Yerdə toza, torpağa batmış, al qan içində olan sol qolunun barmaqları isə tər­pəşir, sanki bir kafir boğazı üzmək üçün açılıb yu­mu­lurdu. Həzrət Əbülfəzl Abbasın gözləri qanla dolmuşdu. Dişləri ilə su məşkini tutduğundan qışqı­rıb nərə çəkə bilmirdi. Ümidi təkcə gözlərinə qalmış­dı. Bu od saçan qanlı baxışlara baxan düşmən əsgər­lərinin vahimədən bağrı yarılırdı.

Birdən həzrət Əbülfəzl Abbas dişlərində bir yün­güllük, sinəsində sərinlik hiss etdi. Bir anın içindəcə oxla deşilmiş məşkin suyu axıb boşaldı. Ancaq həz­rət Əbülfəzl Abbasın sinəsinə hopan bu su sərinliyi elə bil onun köksünü alışdırdı. Məşki dişlərindən kə­nar edib var səsi ilə nərə çəkdi. Üzünü səmaya tutub uca səslə:

-Ya Rəbbim, bu nə zülmdür!?. Əhli-Beytə bir qətrə suyu da çox görürlər, - deyə dilləndi. Qeybdən gələn cavab onun bütün vücudunu titrətdi...

Kürəyinə endirilən daha iki ağır qılınc zərbəsi həzrət Əbülfəzl Abbası atdan saldı. Yerdə çapalayıb ayağa qalxa bilmədiyindən bütün gücünü toplayıb var səsi ilə “ya Hüseyn” deyə bildi. Bu nidanın sə­dası bütün Kərbəla torpağını lərzəyə saldı.  İmam Hüseyn(ə)  həzrət Əbülfəzl Abbasın səsini eşidib çox pərişan oldu. “İndi mənim belim sındı” – deyə nalə etdi.

 

*  *  *

 

Döyüş meydanında ata və oğul tək qalmışdı. Onlar növbə ilə xeyməgahın ətrafına dolanır, bura xeyli yaxınlaşmış əsgərlərin xeymələrə həmlə etmə­sinə imkan vermirdilər. Budur onlar yenə at belində yanaşı dayanmışlar. Hər ikisi susuz və yorğun olsa da, günəşin yandırıcı istisindən bezsələr də hələ ruh­dan düşməmişdilər. İmam Hüseyn(ə) 18 yaşlı Əli-Əkbəri başdan ayağa süzdü. Ona elə gəldi ki, qar­şı­sında dayanan oğlu Əli-Əkbər yox, babası Rəsul­ul­lahdir(s). “İlahi insan insana necə bənzərmiş. Baxış­ları, üz quruluşu necə də Rəsulullaha(s) oxşayır.” – Deyə İmam Hüseyn(ə) fikirləşdi. Əli-Əkbər indi onun yeganə ümidi idi. Bütün qohım-əqrabasını, qar­daşlarını itirən İmam Hüseyn(ə) nur çöhrəli oğlunun da, özünün də şəhadətə yetişmək vaxtının çatdığını hiss etdi.

Ömər ibn Səd və Şimr kənardan İmam Hü­seynlə(ə) oğlu Əli-Əkbəri izləyirdi.

-Yəqin ki, indi oğlunu iltimasa göndərər, - deyə Ömər ibn Səd astadan dilləndi. – Daha halları qal­mayıb. İndiyə kimi susuzluğa dözmələri möcüzədir.

Şimr kinayə ilə gülümsəyərək dilləndi:

-Yox, ya Ömər. Sən hələ də Hüseyni yaxşı tanı­mırsan. O, beyət etməyəcək.

-Onda bəs neyləyək? Bu günün altında biz də onunla birlikdə ölək? –Deyən Ömər ibn Səd tozlu sifətinin tərini əli ilə sildi.

Şahə qalxmış günün istisi Ömər Sədi də, onun əsgərlərini də əldən salmışdı. Artıq əsgərlərin də içə­ri­­sində narazılıq yaranmaqda idi. Br-iki nəfərdən ötrü heç kim bu səhra istisində yanmaq istəmirdi. Bü­tün qoşunun gözü Fərat çayına gedən yola dikil­mişdi. Özlərini çaya atıb yuyunub sərinləməkdən ötrü Ömər ibn Sədin bir kəlmə sözünə bənd idilər.

-Darıxma ya Ömər, Əziyyətsiz heç nə yoxdur. Rey və Təbəristan mülkü üçün bir qədər günün altında dayanmaq olar, - deyə Şimr gülümsündü.

Ömər ibn Səd isə fikrində öz-özünə dedi: “Fikri-zikri elə Rey və Təbəristandır. O cür qohumlarını öl­dürtdürdü. Heç uf da demədi. Əlində imkan olsa mə­nim də qanımı içər. Ancaq yox, mən sən deyən adam­lardan deyiləm, ey Şimr.” Sonra özünü Şimrin atmacasına əhəmiyyət verməyən kimi göstərmək üçün xeyirxahlıqla dilləndi:

-Ya Şimr, inşallah bu qələbəmizdən sonra əmi­rəl­möminin Yezid ibn Müaviyə yəqin ki, sənin də zəh­mətini qiymətləndirər. Bəlkə səni daha böyük ənam və mükafat gözləyir.

Ömər ibn Sədin xeyirxah sözlərindən Şimr xoşhal oldu. Xəyalən özünü Yezidin hüzurunda hiss etdi. İmam Hüseynin kəsilmiş başını Şimrdən qəbul edən Yezid razılıqla gülümsünərək ona ənamlar ve­rir, bir kənarda dayanmış Ömər ibn Səddən Rey və Təbəristanın hakimlik fərmanını geri alıb Şimri ora hakim təyin edir.

-Nə bərk fikrə getdin ya Şimr? – deyən Ömər ibn Sədin sualı Şimri şirin xəyaldan ayırdı.

Ürəyində: “Allah sənə lənət etsin. Rey və Təbə­ristan haqqında düşünməyimə də mane olur” – deyən Şimr cavab verdi:

-Elə bir fikrim yoxdur, ya Ömər. Gözləyirəm görüm susuzluq Hüseyn ibn Əlini nə vaxt yandırıb kül edəcəkdir...

 

*  *  *

 

-Bizim bu günkü əzablarımız sabahkı səadəti­mizin bünörəsidir. Qarşımızda dayanan təpədən dır­na­ğacan silahlanmış bu miskin, bədbəxt adamlar bizi başa düşmədilər. İnan və dərk et, ey oğlum. Biz indi əzab çəkirik, onlar ömürlərinin axırına kimi bu dün­yada, qiyamətə kimi isə o dünyada zillət çəkəcəklər. Bizi bu gün susuzluq yandırır, onları cəhənnəm odu qovuracaqdır. Biz qiyamətə kimi yad edilib rəhmətlə xatırlanacaq, əzizlənəcəyik, onlar isə lənətlənib gü­nah girdabında batacaqlar. – İmam Hüseynin ruhu kük­rəmişdi, vəcdə gəlmişdi. O, ömrünün son anla­rında fikir və düşüncələrini oğlu ilə bölüşür, haqlı yolda olduqlarını ona izah edirdi. Əli-Əkbər qarşı­sın­da dayanan bu müqəddəs insanın nə qədər böyük id­raka, tanrı sevgisinə, hünərə malik olduğuna heyrət­lə­nirdi. Təkcə atası olduğu üçün yox, bir insan kimi də İmam Hüseynin(ə) gücünün hədsiz olduğu onu ruhlandırır, belə bir müqəddəs insanın yolunda ölü­mə getməyi özünə şərəf sayırdı.

İmam Hüseyn(ə) oğlunun baxışlarından, duru­şun­dan onun döyüş meydanına getmək istədiyini duydu. Ancaq o, oğul dağını gözü ilə görmək istə­mirdi. Ona görə də Əli-Əkbəri qabaqlayaraq onunla vidalaşıb düşmən üstünə getmək istədiyini bildirdi.

Əli-Əkbərin sifətində, baxışlarında bir üsyankar ifadə yarandı. İmam Hüseyn(ə) onu ilk dəfə idi ki, belə görürdü. Əli-Əkbər qeyri-ixtiyari olaraq əlini Zülcənahın cilovuna atıb atasının qarşısını kəsdi. O, ilk dəfə idi ki, atasının yolunu kəsirdi. İlk dəfə idi ki, bütün müsəlmanların İmamına etiraz edirdi. İlk dəfə idi ki, atasına qarşı çıxmaq istəyirdi.

-Məni özünmü öldürmək istəyirsən, ey peyğəm­bər övladı? – Deyə Əli=Əkbər atasının nur saçan üzü­nə baxdı və sonra – Mən təkcə sənin oğlun yox. Həm də müridinəm. Sən mənim təkcə atam yox, həm də İmamımsan. Hər bir müsəlman İmamı yolunda ölü­­mə getməyi özünə borc bilməlidir. Məni Qa­sim­dən, Abdullahdan, əmilərimdən əskikmi sandın...

İmam Hüseyn(ə) oğlu Əli-Əkbərin sözlərinə dözə bilmirdi. Kövrəldiyindən üzünü yana çevirdi. İstəmədi Əli-Əkbər son məqamda onun göz yaşlarını görsün. Və hiss etdi ki, nə qədər cəhd etsə də Əli-Ək­bəri getdiyi yoldan saxlaya bilməyəcək.

Həzrət Zeynəbin xeymədən çıxıb onlara yaxın­laş­ması ata-oğul arasında olan söhbəti yarımçıq qoy­du. Bu müdrik qadın susuzluqdan nə qədər taqətsiz hala düşsə də son anlarda qardaşının və onun ciyər­parasının yanında olmaq istəyirdi. O, ağlaya=ağlaya qardaşı və qardaşı oğlunu döyüşməkdən çəkindirmək istədi. Ancaq hiss etdi ki, başqa çarə də yoxdur. Belə getsə axşama kimi susuzluq əzabına dözə bilməyib hamısı məhv olacaqdır. O, Əli-Əkbərin döyüş əhval-ruhiyyəsində olduğunu görüb ah və nalə çəkdi. Ye­zidə və onun əlaltılarına lənətlər yağdırdı.

 

*  *  *

 

Ömər ibn Səd Əli-Əkbərin döyüş meydanına girdiyini görəndə diqqətlə ona baxdı. Yanındakı yaşlı yavərlərin salavat çevirib zikr etdiklərini gördü.

-Nədir, nə olub? – Deyə Ömər ibn Səd öz yavər­lərinin üstünə qışqırdı.

-Ya Ömər, biz uşaq vaxtı peyğəmbərimiz Rəsul-ul­lahı(s) lap yaxından görmüşdük. İndi elə bil göz­lərimizə təzədən göründü. Bu gənc kimdirsə onun oxşarıdır.

Ömər ibn Səd də qeyri-ixtiyari salavat çevirib zikr etdi. Və yenə bütün varlığını sarmış quduzluğu yox oldu. Nə qədər böyük günaha batdığını dərk et-di. Üzünü sərkərdələrə çevirib var səsi ilə qışqırdı:

-İşiniz olmasın o cavanla. Heç kim ona həmlə et­məsin. Ox atmayın, nizə tullamayın.

Ömər ibn Sədin əmri bütün qoşun içərisində yayıldı. Yaşlı döyüşçülər də Əli-Əkbəri görcək onu Rəsulullaha(s) bənzədib salavat çevirib zikr etdilər.

Ömər ibn Sədin əmri olmasaydı belə heç kim cəsarət edib Əli-Əkbərlə döyüşmək fikrində deyildi.

Şimr yenidən atını Ömər ibn Sədin yanına sürüb əsəbi halda dilləndi:

-Bu nə əmrdir belə ya Ömər. Sənin kimi igid sərkərdəyə ürəyiyumşaqlıq yaraşarmı?

Şimrin sözlərindən əsəbləşən Ömər ibn Səd sərt halda dilləndi:

-Ey Şimr, hər kəs danışdığı sözün həddini bilsə yaxşıdır. Qoy bu cavan oğlan meydanda nə qədər cöv­lan edir, etsin. Biz ona yaxın durmayacağıq. Yaş­lı əsgərlər onu Rəsulullaha(s) bənzədirlər. Ona görə də biz ona hücum etməyi əmr etsək qılınc və nizələr özümüzə qarşı çevrilə bilər. Susuzluq və isti onsuz da onu taqətdən salıb. Bir az da gözləsək, özü güc­dən düşüb atdan yıxılacaq.

Ömər ibn Sədin cavabı Şimri qane etsə də bu məlun işi daha tez həll etmək, İmam Hüseynin oğ­lu­nu da, özünü də, bütün əhli-əyalını da qılıncdan ke­çirib ibn Ziyadın və Yezidin qarşısında bir mərtəbə ucalmaq istəyirdi. Onu artıq nə din, nə Rəsulullahın övladları, nə də İslam və onun şərəfi maraqlandırırdı. Şöhrət və vəzifə üçün Şimr indi hər şeydən keçməyə hazır idi.

Şahzadə Əli-Əkbər meydanda atını cəvlan etdi­rib rəcəz söyləyərək döyüşməyə mübariz istəsə də, düş­mən tərəfdən heç kim yerindən tərpənmədi. Sər­kər­dələrin biri uca səslə dillənib onu döyüşdən çə­kin­dirməyə çalışaraq dedi:

-Ey şahzadə, qayıt atan Hüseynə de ki, Yezidə beyət etsin. Biz bura onun əmri ilə gəlmişik.

Əli-Əkbər qeyzlə dilləndi:

Bütün müsəlmanların imamı olan Hüseyn ibn Əli heç vaxt Yezidə boyun əyməyəcəkdir. Bunu ya­dı­nızda saxlayın. Əgər zərrə qədər də peyğəm­bəri­miz Rəsulullaha hörmətiniz varsa bizə yox, xey­mələrdəki qadın və uşaqlara bir udum su verin. Yox əgər yoxdursa, kafirsinizsə, dininizi satıb müsəl­man­çılığınızı atıbsınızsa üstümə bir-bir gəlin. Görün ki, Rəsulullahın(s) övladları öz dinləri uğrunda necə çarpışırlar.

-Susuzluğun sizi taqətdən saldığını bilirik. Su sizə yalnız Hüseyn Yezidə beyət etdikdən sonra ve­rilə bilər, - deyə həmin sərkərdə yenidən dilləndi.

-Bu dəfə cavabı sənə qılıncla verəcəm məlun, - deyə Əli-Əkbər sərkərdənin üstünə şığıdı.

Sərkərdə qaçıb gizlənsə də Əli-Əkbər atının cilo­vunu çəkmədi. Özünü onun qarşısını kəsən piyada qoşunun içərisinə vurub qılıncını çaldı. Döyüş yeni­dən başladı. Oxlar və nizələr işə düşdü. Hər tərəfdən Əli-Əkbəri mühasirəyə aldılar. Hürrün, Abdullahın, Qasimin və başqa mücahidlərin döyüşünü izləmiş Əli-Əkbər meydanda onlarda da artıq şücaət gös­tərmək istəyirdi. Yenə düşmən qoşunu pərən-pərən oldu. Əli-Əkbər mühasirədən çıxıb atasının hüzuruna üz tutdu. Onun mindiyi həzrət Əbülfəzl Abbasın dö­yüşkən atı da artıq yorulmuşdu.

-Ya əbəta, susuzluq məni haldan salır. Ney­ləyim? – Deyə Əli-Əkbər ümidli bir nəzərlə atasına baxdı. O, yaşadığı zamanda atasından güclü, atasın­dan mömin heç kimi bilmirdi. Hiss edirdi ki, su­suzluq dərdinə də yalnız atası əlac edə bilər.

Kövrəlib qəm dəryasına batmış İmam Hüseyn(ə) barmağındakı Rəsulullahın(s) üzüyünü çıxarıb oğlu­nun dodaqlarına sürtdü. Əli-Əkbər möcüzənin nə ol­duğunu üzük dodaqlarına toxunanda bildi. Qəlbinə, ru­huna bir sərinlik axdı. Bir andaca susuzluq əza­bından xilas oldu. Ona elə gəldi ki, bir məşk su içib. Ruhən dincələn, sərinləyən Əli-Əkbər atını yenidən döyüş meydanına çapdı.

Məlun Ömər ibn Səd yenə quduzlaşmışdı. Əli-Əkbərlə döyüşmək üçün hiyləgər baxışları kimi isə axtarırdı. Artıq igid sərkərdələrin, pəhləvanların çox­sunun cəsədləri yan-yana düzülmüşdü. Nəhayət o, axtardığını tapdı. Tariq ibn Şimi yanına çağırıb dedi:

-Əgər bu cavanı məğlub etsən, Yezid ibn Müa­viyədən təveqqe edərəm ki, Mosulun hakimliyini sənə versin.

Mosul hakimliyinin həvəsilə meydana girən Tariq ibn Şimin döyüşü uzun çəkmədi. Bundan sonra daha iki nəfər növbə ilə Əli-Əkbərlə döyüşdü və hər ikisi məğlub oldu.

Quduzlaşmış Ömər ibn Səd iki min nəfərin Əli-Əkbərin üstünə yeriməsinə əmr verdi. Ancaq yenə gənc şahzadə mühasirəni yarıb yenidən İmam Hü­sey­nin(ə) hüzuruna gəldi. Eyni sözləri bir də təkrar etdi. Yenidən atasının möcüzəsi ilə susuzluğuna əlac tapmaq istədi. Ancaq İmam Hüseyn(ə) bu dəfə üzü­yü barmağından çıxartmadı. Heç nəmli gözlərini də oğlundan gizlətmədi. Ağlaya-ağlaya: “Ey mənim ci­yər­guşəm, artıq sənin üçün də şəhadət şərbəti hazır­dır. Gedib sirab ola bilərsən” – dedi.

Ata və oğul yenidən vidalaşdılar. İmam Hü­seyn(ə) öz əli ilə oğlunu yenidən döyüş meydanına göndərdi. Bu dəfə o, Əli-Əkbərə dil tökmədi, onu yo­lun­dan saxlamağa çalışmadı. Çünki Allahın hök­mündən çıxmaq olmazdı.

Əli-Əkbərin yenidən meydana qayıtması ilə bü­tün qoşunun onun üstünə yeriməsi bir oldu. Ox və nizə zərbələrindən sonra atdan salındı. Ancaq atın cilovunu buraxmayan Əli-Əkbər yenidən atın belinə qalxdı. Artıq onun döyüşməyə taqəti yox idi. Həzrət Əbülfəzl Abbasın vəfalı döyüşkən atı Əli-Əkbəri mey­dandan uzaqlaşdırdı. Gözü ilə döyüş mey­da­nın­da oğlunu axtaran İmam Hüseyn(ə) “ya Əli! Ya Əli!” deyib onu səsləyirdi. Birdən Əli-Əkbərin atının ona tərəf gəldiyini gördü. Sahibsiz at İmam Hüsey­nin(ə) qarşısında ayaqlarını yerə döyüb kişnədi. Son­ra səhraya üz tutdu. İmam Hüseyn(ə) atını onun ardınca çapdı. Kimsəsiz bir yerdə oğlu Əli-Əkbəri al qan içində gördü. O, hələ sağ idi. İmam Hüseyn onun başını dizləri üstünə alıb hönkür-hönkür ağladı. Huşu getmiş Əli-Əkbər gözlərini açıb atasını başı üstündə görəndə ağrılardan ufuldamaq, sızıldamaq əvəzinə qəmli bir təbəssümlə gülümsədi.

-Babam Rəsulullahı(s) gördüm ya əbəta. Susuz­lu­ğumu görüb mənə əlində cam uzatdı... – Əli-Ək­bərin sözü qırıldı. Baxışları İmam Hüseynə(ə) dikili qaldı.

-“... həqiqətən ölüləri dirildən, onların nə etmiş olduqlarını və qoyub getdiklərini yazan bizik. Biz hər şeyi hesaba alıb lövhi-məhfuzda təsbit etmişik...” – İmam Hüseyn(ə) əllərini göyə açıb Qurani-Kə­rim­dən Yasin surəsini oxuyurdu. O, bu Quran ayələrini dilinə gətirməklə Əli-Əkbərin sudan doyaraq vəfat etməsini istəyirdi. O, bilirdi ki, Yasin surəsi oxun­duqda Rizvan adlı mələk ölüm ayağında olan adama cənnət şərbəti gətirər. O. Bu surəni səhər tezdən, döyüş başlayan andan zikr edir, Allah kəlamı ilə mü­cahidlərin susuzluq atəşini söndürürdü.

 

*  *  *

 

Gün göy qübbəsinə çatmışdı. Mücahidlərin qanı ilə suvarılmış Kərbəla torpağı istidən sanki od tutub yanacaqdı. Susuzluqdan boğazları tutulmuş, qəhər­dən dodaqları kilidlənmiş, kədər və ələmdən göz yaş­ları qurumuş, səsləri zəifləmiş Əhli-Beyt xanım­la­rının və digər qadınların şahzadə Əli-Əkbəri ağla­mağa taqətləri qalmamışdı.

Xeyməgahda tək qalmış İmam Hüseynin(ə) qa­məti əyilmişdi. Çiyinlərində sanki bütün kainatın ağır­lığı var idi. O, döyüş qabağı fikrə gedib özünü dərk edəndən indiyə kimi gözü ilə gördüyü hadisələri nəzərində canlandırırdı. Qayğısız uşaqlıq illəri, qar­daşı İmam Həsənlə(ə) birlikdə deyib, gülüb əylən­mə­ləri, babası Rəsulullahın(s) onlara baxıb fərəhlən­məsi, sonra göz yaşlarına qərq olması İmam Hüsey­nin(ə) yadında qalan ən sevimli xatirələri idi. O, vaxt hər ikisi özünü Rəsulullahın(s) qucağına ataraq “nə üçün ağlayırsan baba?” – Deyə uşaq inadı ilə ondan soruşub cavab istəmişdilər. Ancaq Rəsulullah(s) əziz xələf nəvələrinə heç bir cavab verməyib əlini onların saçlarına çəkmiş və bərk-bərk  köksünə sıxmışdı. Son­ralar bu hadisə dəfələrlə təkrar olundu. İmam Hü­seynlə(ə) İmam Həsən(ə) birlikdə şənlənib əylə­nəndə Rəsulullah(s) əvvəlcə onlara baxıb sevinmiş, fərəhlənmiş, sonra göz yaşları tökmüşdü. Hər dəfə də “niyə ağlayırsan baba?” sualına cavab vermək əvə­zinə onları bərk-bərk köksünə sıxmışdı.

İmam Hüseyn(ə) indi dərk etdi ki, bugünkü ha­disələr gələcəyi görən Rəsulullaha(s) əvvəlcədən mə­lum imiş.

İndi İmam Hüseynin(ə) dözümünü son həddə çat­­dıran susuzluğa da, onları mühasirəyə alıb bu susuzluqdan nə vaxt məhv olacaqlarını gözləyən 22 minlik Yezid qoşununa da qalib gəlmək üçün bir silahı vardı: Səbr və ibadət. “Tanrıya yalnız ona say­sız-hesabsız ibadət etməklə qovuşmaq olar”. Bu fikir onun amalı idi. Bu fikir ona atası Həzrət Əlidən(ə) miras qalmışdı. Həzrət Əli(ə) yalnız ibadət zamanı vəcdə gələr, maddi dünyadan ayrılar, özünü Allah dərgahında hiss edərdi. Belə məqamlarda o, ətrafın­dakı danışıqları da eşitməz, qarşısından keçənləri də görməz, hətta vücudundakı ağrılarını da unudardı. İndi İmam Hüseyn(ə) də başına gələn bu bəlalara səbrlə dözür, dua və zikrlərlə Tanrı dərgahına üz tu­turdu. Ancaq artıq onun səbr kasası daşmaqdaydı. Susuzluq bir insan kimi onun bütün vücudunu oda yaxırdı. Ciyəri elə bil dəmirçi kürəsi kimi od püs­kürürdü. O, hiss edirdi ki, bu atəşə yalnız inam və etiqadı hesabına dözür.

İmam Hüseyn(ə) ayağa qalxıb özünü döyüşə ha­zırlayanda Əhli-Beyt xanımlarının qəm və ələm sü­zü­lən baxışları ilə qarşılaşdı. Bütün əzablara məta­nət­lə dözmüş və indən belə də dözəcək həzrət Zey­nə­bin gücü zərif və taqətsiz əlləri ilə İmam Hüseynin polad zirehə bürünmüş qoluna toxunmağa çatdı. Son qüvvəsini toplayıb qardaşını döyüşdən çəkindirmək istədi. Ancaq bunu bacarmadığını görəndə iniltili bir səslə nalə çəkdi, fəğan elədi.

Son dəfə döyüşə gedəcəyini hiss edən vəfalı Zül­cənah susuzluğuna, yorğunluğuna baxmayaraq vü­qarlı bir görkəmdə sahibi İmam Hüseyni(ə) gözlə­yirdi.

İmam Hüseyn(ə) atası həzrət Əlinin(ə) zülfüqar qılıncını belinə bağlayıb əmisi Həmzənin zirehini çiyninə atıb ata yaxınlaşanda xeymədən Əhli-Beyt xanımlarının çığırtısını eşidib geri döndü. Xeymənin qapısı ağzında qızı Səkinəni pəjmürdəhal görüb xəstə oğlu Zeynalabdinə(ə) nəsə olduğunu zənn etdi. Özünü xeyməyə atanda Əhli-Beyt xanımlarının Əli-Əsğərin başı üzərində dayandıqlarını gördü. Susuz­luqdan taqəti qalmamış südəmər körpə artıq canını tapşırmaq üzrə idi. İmam Hüseyn(ə) hiss etdi ki, bu mənzərəni kənardan seyr etdikcə başı hərlənir, ayaq üstə dayana bilmir. Dünya gözündə qaranlıqlaşır, zül­mətə dönür. O, körpə balasını xilas etmək üçün qeyri-ixtiyari irəli yeriyib onu qılları arasına aldı. Daha dayanmaq olmazdı. İmam Hseynin(ə) səbr ka­sası daşmışdı. O, Əli-Əsğıri götürüb xeymədən çıxdı. Sürətli və sərt addımlarla döyüş meydanına tərəf irəlilədi. Əhli-Beyt xanımlarının əlləri onların arxa­sın­ca uzalı qaldı. İmam Hüseyn(ə) qumluqda çətin­liklə irəliləyir, vücudunu əyib körpəni günəşin yan­dırıcı şüasından qorumağa çalışırdı.

İmam Hüseyn(ə) döyüş meydanında idi. Ancaq onun əlində qılınc və nizə deyil, südəmər oğlu Əli-Əsğır idi.

Ömər ibn Səd də, Şimr də, başqa sərkərdələr və əsgərlər də İmam Hüseynin(ə) bu qeyri-adi gəlişini seyr edir, son məqamda onun nə edəcəyini göz­lə­yirdilər.

-Bəlkə qurtaraq məsələni. Əmr et qoşuna oxa tutsunlar onu, - deyə Şimr dilləndi.

Ömər ibn Sədin sərt baxışları ilə rastlaşsa da sözünü dəyişmək əvəzinə daha da qızışaraq dedi:

-Ya Ömər, səni xəbərdar edirəm. Ağlın o birilə­rinə getməsin, bu Hüseyn ibn Əli, ibn Əbutalibdir. Yenə bir bəlağətli nitq başlasa əsgərləri fikrindən daşındıra bilər. İmkan vermə ona danışmağa. Ox­cu­lara de kamanlarını çəksinlər. Bu işin axırı yaxşı gö­rün­mür. – Şimr Ömər ibn Sədin susub ilan kimi fısıl­dadığını, danışmaq əvəzinə üzünün, alnının tərini sil­diyini görüb özü kaman və oxunu çıxartdı.

Şimrin bu hərəkətinə dözməyən Ömər ibn Səd nəhayət ki, dilləndi:

-Əl saxla ey Şimr. Beyətin vaxtı yaxınlaşır.

İmam Hüseyn(ə) qoşunla müqabıl bir məsafədə dayanıb uca və yanıqlı bir səslə qoşuna xitabən buyurdu:

-Ey zalımlar, ey Kufə və Şamın dindən dönən, Allahı və onun rəsulunu danan, peyğəmbər övlad­larının qanına susayan bədbəxt insanları. Tutalım ki, mən günahkaram, mən sizinlə dava edirəm, mən Yezidi tanımıram, bəs bu körpə uşağın günahı nədir? Heç olmasa bu südəmər körpəyə bir içim su verin. Əgər bu körpə olmasaydı mən sizdən heç nə iltimas etməzdim. Allaha inanırsınızsa, onun rəsulunu tanı­yırsınızsa bu peyğəmbər övladını xilas edin.

Ata məhəbbəti, övlad yanğısı İmam Hüseynin(ə) iradəsinə qalib gəlmək üzrə idi. Körpə Əli-Əsgər onu düşmən ayağına gətirmişdi.

İmam Hüseyn(ə) bir müddət qarşısındakı adam­lardan heç bir cavab gəlmədiyini görəndə üzünü göyə tutdu. Pıçıltı ilə “Ya rəbbim, bağışla məni. Kör­pə Əli-Əsgərə görə gəldim düşmən ayağına.  Sən bi­lən məsləhətdir. Sən hər şeyə qadirsən. Sən hər şey­dən uca və böyüksən. Sənə inanıram ya rəbbim, sənə sığınıram ya rəbbim”, - dedi.

Niqabını üzünə çəkib Ömər ibn Sədin əmri ilə İmam Hüseynin(ə) lap yaxınlığına gələn bir sərkərdə olduqca sərt, əsəbi halda dedi:

-Ey Hüseyn, yer üzünün imamı, əmirəlmöminin Yezid ibn Müaviyəyə beyət etməyincə sənə və öv­lad­larına, Əhli-Beytə bir qətrə belə su verməyəcəyik. İbn Ziyadın və Yezid ibn Müaviyənin hökmləri dəyi­şilməzdir.

Naməlum sərkərdə sanki danışmır, hökm oxu­yurdu. Əli-Əsgərin ölüm hökmünü. Onun dilindən çıxan beyət sözü İmam Hüseynin(ə) sinəsinə elə bil çalın-çarpaz dağ çəkdi. Bu anda onun üçün oğlu Əli-Əsgər nə qədər yaxın idisə, beyət sözü də bir o qədər uzaq idi. İmam Hüseyn(ə) istədi bir də qoşuna üz tutub iltimas eləsin, şam kimi sönməkdə oan körpə oğlunu həyata qaytarmaq üçün atalıq borcunu yerinə yetirərək bir içim su istəsin. Ancaq yenə beyət sözü­nü eşidəcəyindən ehtiyat edib dinmədi. Körpə oğlu­nu sinəsinə sıxıb onun gül çöhrəsini göz yaşlarına qərq etdi. Elə bu dəm Şimrin əmri ilə ox atanlar İmam Hüseynin(ə) üstünə oxu yağış kimi səpələ­dilər. Atılan oxlardan biri Əli-Əsgərin boğazına batıb İmam Hüseynin(ə) qoluna sancıldı. İmam Hüseyn çətinliklə də olsa oxu çıxardanda Əli-Əsgərin bu dün­yaya əbədi göz yumduğunu gördü. Var səsi ilə qış­­qırıb günahsız övladını köksünə sıxdı. Sonra ye­nidən Əli-Əsgəri əllərində yuxarı qaldırdı. Bütün vü­cudu qan içində olan körpə al bayrağa bənzəyirdi. İmam Hüseyn(ə) üzünü düşmən qoşununa tərəf tutdu:

-Budur Yezidin hakimiyyəti. Budur sizin din­dar­lığınız, budur sizin hünəriniz... –deyib şəhid olmuş körpə oğlunu xeyməgaha gətirdi.

 

*  *  *

 

Zeynalabdin(ə) bütün gücünü toplayıb ayağa qalx­dı. Artıq möcüzə baş vermişdi. Gözə görün­mə­yən ilahi qüvvə onun taqətsiz vücudunu hərəkətə gə­tir­mişdi. O, indi ölümlə əlbəyaxa deyildi. Daxilində bir həyat eşqi qaynayırdı.

Əi-Əsgərin ölümündən məyus olan Əhli-Beyt qadınları tamamilə əllərini üzdükləri Zeynalabdinin birdən birə yataqdan qalxmasını görəndə salavat çe­virib dua etdilər.

İmam Hüseyn(ə) isə bu möcüzədən heyrətlən­mədi. O, bu hadisəni gözləyirdi. Artıq o, indiyə kimi gizli saxladığı imamlıq sirrini oğlu Zeynalabdinə(ə) aça bilərdi. Ulu Tanrı yeni imamlığa Zeynalabdini(ə) layiq bilirmiş. Bundan sonra heç bir qüvvə Zey­nalabdini(ə) bu canişinlikdən məhrum edə bilməzdi. Buna nə Yezidin, nə də İbn Ziyadın gücü çatardı.

Zeynalabdinin(ə) yataqdan qalxan kimi öz silah-sursatını istəməsi İmam Hüseyni(ə) qəhərləndirdi. O, oğluna yaxın gələrək əlləri ilə onun zəif çiyin­lərin­dən tutdu.

-Dayan oğlum. Bu döyüş sənin döyüşün deyil. Yetmiş iki nəfər şəhidimiz öz vəzifəsini yerinə yetir­di. Sənin başqa vəzifən var. Döyüşdən daha çətin, da­ha şərəfli bir vəzifə, - deyə İmam Hüseyn(ə) kə­dərli-kədərli dilləndi. Sonra Zeynalabdinin(ə) etiraz et­mək istədiyini görüb sözünə əlavə etdi: - Bu mənim yox, Allahın əmridir. Böyük Yaradan belə məsləhət bilib.

İmam Hüseyn sözünə ara verib Əhl-Beyt xanım­larına onları bir müddət təklikdə buraxmalarını rica etdi.

Ata, oğul təklikdə qaldılar. Onların söhbəti elə bir məqama yetişməkdə idi ki, danışdıqları sözləri özlərindən başqa heç bir insan eşitməməli idi.

-Mən sənə indi elə bir sirri açacam ki, onu bu hə­yatda səndən başqa heç kim bilməyib və bilmə­yə­cəkdir. Bu imamlıq sirridir. Bu sirri baban Rəsul­ul­laha(s) Cəbrayıl əleyhisalam müəyyən şərtlərlə açıb. Rəsulullah(s) da Allahın rəhmətinə qovuşanda son nəfəsdə Əliyyəl-Mürtəzaya deyib. Ondan da İmam Həsən(ə) qəbul edib. Onun da vəsihi mən olmuşam. İndi növbə sənindir. Peyğəmbər övladı kimi məndən sonra bu sirrin daşıyıcısı sənsən. Qəbul et məndən bu ilahi sirləri, əziz oğlum. Bu sirrin içərisində sənin öz həyatın da, səndən sonra gələn vəsihlərin də həyatı göstərilib. Bu sirri qəbul etmək üçün gərək bütün ağrı-acılara, əzab və işgəncələrə dözməyi bacarasan. Mən başımıza gələn bu müsibətlərin işarələrini İmam­lıq sirlərini qəbul edən gündən bilirdim. Ancaq onları açıb faş eləməyə ixtiyarım yox idi. İndi mən ömrümün son anlarını yaşayıram. Həyat sənindir mə­nim oğlum. Bütün peyğəmbər övladları səndən artıb törəyəcək, yer üzünə səpələnəcəklər. Öz saflığı və paklığı ilə, qanlarının təmizliyi ilə seçıləcək sənin övladların ali bir qanın daşıyıcıları olacaqlar.

Təklikdə olduqlarından ata və oğulu onların özün­dən başqa bir kimsə eşitmirdi. Bu ilahi mə­qamda onların heç birinin nə susuzluğu, nə də yorğunluğu hiss olunurdu. Xeymədə qəribə bir ab-hava var idi. Bu elə məqam idi ki, pıçıltı ilə danışılan sözlər vasitəsilə Tanrı nuru bir vücuddan başqa bir vücuda keçirdi.

İmam Hüseyn(ə) bir bir şeyə tam əmin oldu­ğundan rahat idi. Allahın əmri ilə baba və atasının yaratdığı din nəinki bundan sonra yaşayacaq, daha da çiçəklənəcək, pöhrələr verəcək, öz nurunu bütün yer üzünə yayacaqdı.

 

*  *  *

 

Səmada gözgöynədici günəş şüalarından başqa heç nə görünmürdü. Göy qübbəsinə qalxdıqca böyü­yüb iriləşən günəş az qala bütün səmanı tutmuşdu. Adama elə gəlirdi ki, o bir daha çəkilib getməyəcək, əksinə. Ağır-ağır Kərbəla düzünə enib hər şeyi yan­dırıb kül edəcəkdir.

Havadan türkürpədici qan qoxusu gəlirdi. Bu qo­xuya gələn yırtıcı səhra quşları yenə səmada ağır-ağır süzürdü.

-Gör necə məğrur dayanıb. Bütün qohum-əqra­basını, qardaşlarını,oğlanlarını qırğına verib, amma yenə sarsılmayıb, - deyə Ömər ibn Səd Şimrə baxa­raq dilləndi.

Bütün baş verənlərə öz daşlaşmış ürəyi ilə adi bir hadisə kimi baxan Şimr Ömər ibn Sədi yenə sanc­maq, dolamaq məqsədilə istehza ilə cavab verdi:

-Ya Ömər, yoxsa qibtə edirsən Hüseynin bu qüruruna.

Qəlbinə azacıq rəhm işığı düşən Ömər ibn Səd Şimrin cavabından qəzəblənərək dedi:

-Ey Şimr, onu bil ki, təkcə mən yox, vaxt gələ­cək bütün müsəlmanlar qibtə edəcək, həsəd aparacaq Hüseynin bu qüruruna. Biz dünya malına aldanıb özü­müzü bədbəxt etdik. Hüseyn isə qürurunu sındır­madı, özünə əbədi bir səadət qazandı. Biz əbləhlər onu məhv etmək əvəzinə öz əllərimizlə daha yüksək­lərə qaldırdıq. Susuzluqdan yandıra-yandıra, bütün qohum əqrabasını qılıncdan keçirə-keçirə onu ucaltdıq.

-Ya Ömər, Rey və Təbəristan yaxşıdır, yoxsa bu odlu səhrada susuzluqdan yana-yana özünü də, nəs­lini də itirmək?

Şimr Ömər ibn Sədin elə zəif damarına toxun­muş­du ki, onun geriləməyə yolu yox idi. Bir anın içindəcə yenə Rey və Təbəristana hakimlik etmək arzusu Ömər ibn Sədi təzədən quduzlaşdırdı. “Bu qo­ca köpək mənim hislərimlə oynayır. Rey və Təbə­ristanın hakimliyinə etiraz etməyimi öz dilim­dən eşitmək istəyir. Ay sən öləsən, sənin kimi tülkülər mə­nim kimi canavarın heç həndəvərinə də yaxın düşə bilməz.” – deyə Ömər ibn Səd öz-özünə düşün­dü. Sonra üzünü sərkərdələrə tutub uca səslə bağırdı:

-Daha Hüseyndən beyət gözləmək də mənasız­dır. Qoşunu hərəkətə gətirib mühasirəyə alın onu. Xeymələri dağıdın. Nə varsa hamısını qırın, çatın.

Sərkərdələrdən kimsə dilləndi:

-Ya Ömər Hüseyn ibn Əli sözlü adama oxşayır. Bəlkə, nə isə deyəcək. Bəlkə Yezidə beyət edəcək.

-Lazım deyil onun beyəti də, sözü də, hücum! – Deyə Ömər ibn Səd yenidən bağırdı.

Bütün qoşunun üstünə yeridiyini görən İmam Hüseyn(ə) qəlbləri şər və pisliklərlə dolu olan bu adamlar arasında yaşamağın mənasız olduğunu bir daha dərk etdi. “Bu dünya ləyaqətli adamlara yaddır” – deyə fikirləşdi. Həşərat kimi üstünə gəlib daraşmaq istəyən insan sifətli bu şər məxluqlardan özünü qoru­maq üçün qılıncını sıyırdı. Sonra üzünü səmanın ən­gin­liyinə tutub babasının, atasının, anasının, qarda­şının, övladlarının ali məkanını axtardı. O əbədi m­ə­kanın yolları artıq görünürdü. O məkan bir müqəd­dəs kimi İmam Hüseyni(ə) də qəbul etmək üçün ağu­şunu açmışdı.

Elə bu dəm heç kimin gözləmədiyi və hamını vahiməyə salan dəhşətli bir toz burulğanı qopdu. Bu burulğanın vıyıltısı Yezid əsgərlərinin ayaqlarını ye­rə mıxladı. Hamının gözü qabağında fırlanıb vıyıltı qo­paran bu toz burulğanı İmam Hüseynin(ə) qarşı­sında dayanıb heybətli bir fiqur şəklinə düşdü.

-Lazım deyil, ey pak məxluq. Mən Allah əmrinə qarşı çıxa bilmərəm, - deyən İmam Hüseyn(ə) qarşı­sında burum-burum burulub ikiqat təzim edən burul­ğana xitabən əlavə etdi: - Yox, indi mən Ulu Tanrı­dan yalnız cəddimə daha tez qovuşmağımı rica edə bilərəm. Bu əzab və işgəncələr mənim taleyimdir, qis­­mətimdir, alın yazımdır. Ondan qaçmaq olmaz. Bu məqamı mən öz razılığımla qəbul etmişəm.

İmam Hüseynin(ə) qılıncı qınına qoyub bu toz burulğanı ilə söhbət etməsi hamını dəhşətə saldı. İmam Hüseyn(ə) nə danışırdı, bu burulğan niyə onun atının qarşısında ikiqat olmuşdu. Heç kim heç nə başa düşmədi.

Şimr qoşunun bu hadisədən vahimələndiyini gö­rüb bağıraraq əsgərləri hücuma səslədi.

Artıq burulğan çəkilib getmişdi. İmam Hü­seyn(ə) üzünü qoşuna tərəf tutaraq uca səslə dilləndi:

-Gəlin, gəlin ey peyğəmbər övladlarının qatilləri. Gəlin, sizinlə mən Hüseyn ibn Əliyyəl-Mürtəza tək vuruşacağam. Çünki siz yolunuzu azıbsınız, dindən çıxıbsınız. Əgər istəsəydim, bir az əvvəl bütün mə­lək­ləri, cinləri və pəriləri köməyə çağırardım. Ancaq istəmədim. Peyğəmbər övladlarına bir içim su qıy­ma­yanlara mən nə arzulaya bilərəm. Gəlin məni öl­dürün. Və bilin ki, məndən sonra artıq sizin bir adam öldürməyə qüdrətiniz çatmayacaq. Çünki sizin özü­nüzü də ölüm gözləyir Məni siz susuz yandırırsınız. O dünyada sizi cəhənnəmin alovları bürüyəcək. Siz mənim qürurumu qırmaq istəyirsiniz. Allah sizin be­li­nizi sındıracaq. Siz mənim dostlarımı, qohum­ları­mı, qardaşlarımı, övladlarımı qətlə yetirdiniz. Allah sizin nəslinizi yer üzündən kəsəcək. Mənim intiqa­mımı Allah özü alacaq sizdən.

-Qoymayın onu danışmağa, - deyə Şimr sərkər­də­lərin üstünə bağırdı. Sonra üzünü oxatanlara tutarq, - nə durmusunuz, yağdırın oxları,- dedi.

Bir anın içindəcə İmam Hüseynin(ə) üzərinə ox yağışı yağdı. Qeyzlənmiş İmam Hüseyn(ə) qılıncını çəkib qoşunun üstünə yeridi. İldırım sürəti ilə ox­cuların üstünə şığıyan zülcənah onları ayaqları altına saldı. İmam Hüseyn(ə) atını bir də cövlan etdirib mü­hasirəni yarmaq üçün əlverişli yer axtardı. Bu dəmdə düşmən əsgərlərinin xeymələrə hücum etdiyini görüb özünü ora çatdırdı.

 

*  *  *

 

...İmam Hüseynin(ə) əynindəki zirehi parça-par­ça olmuşdu. Bədəninə sancılmış oxların sayı. Hesabı yox idi. Yaralarından axan qan bütün vücudunu al rəngə boyamışdı. Alnındakı yaraların qanı isə dən düşmüş saqqalını qıp-qırmızı etmişdi. O, ağır-ağır nəfəs alır, getdikcə dizlərinin taqətdən düşdüyünü, qollarının boşaldığını duyurdu. Ömər ibn Sədin, Şim­rin, Sinan ibn Ənəsin bağırtısı bütün səhranı ba­şına götürmüşdü. Onlar əsgərləri İmam Hüsey­nin(ə) üstünə yeriməyə qızışdırır, uzaqdan onu oxa tutmağı əmr edirdilər.

İmam Hüseyn(ə) qumluqda ağır-ağır yerində fır­lanır, üstünə yağan ox və nizələrdən özünü müdafiə etməyə çalışırdı. Bu cansıxıcı döyüşdən, bir də onu yandırıb yaxan susuzluq atəşindən yaxa qurtarmaq üçün öz əbədi məkanına getməyə tələsirdi. Ancaq hələ canı üstündəydi. Nəfəsi ağır-ağır olsa da gedib gə­lirdi. Beyni işləyir, gözləri görür, qulaqları eşidir­di. Nəfəsi sıxıldıqca göz işlədikcə uzanan səhra da gö­zündə kiçilirdi. Ətrafında dolaşan düşmən əsgər­ləri eybəcər həşəratlara bənzəyirdi. Ancaq nədənsə beş-altı addımlıqda dayanan bu zəhərli ilan və əqrəblər onu sancmağa tələsmirdilər.

İmam Hüseyn(ə) gücü nəyə çatmışdısa etmişdi. Bir dəfə o, mühasirəni yarıb özünü Fərata çatdırsa da su içməmiş, xeymələrə hücum edildiyini eşidib yenidən geri qayıtmışdı. Bu dəfəki mühasirədən isə çıxmaq qeri mümkün idi.

Ömər ibn Sədin və Şimrin qışqırıb əmr etməsinə baxmayaraq əsgərlərdən heç kim yaxına gedib bu müqəddəs insanı qətlə yetirərək günaha batmaq istə­mirdi.

Birdən İmam Hüseynin(ə) gözlərinin nuru azal­dı. Göy üzü başına fırlandı. Huşunu itirdi.

-Nə durmusunuz, kəsin başını!

İmam Hüseynin(ə) qulaqlarında ildırım kimi ça­xan bu səs onu ayıltdı. Qumun üstünə yıxıldığını gö­rüb istədi qılıncına söykənib ayağa qalxsın. Ancaq onun nə qollarında, nə də ayaqlarında taqət var idi. Gücü yalnız hər iki əli ilə qumu ovuclayıb sıxmağa çatdı. Dişləri kilidləndiyindən, susuzluqdan cadar-cadar olmuş dodaqları bir-birinə yapışdığından danı­şa da bilmədi. İndi o, yalnız düşünürdü. Öz fikirlə­riylə, düşüncələriylə din düşmənləri ilə vuruşurdu. İmam Hüseyn(ə) göz gəzdirib ətrafında daş kimi yerindəcə qalıb süst halda onun hərəkətlərinə göz qo­yan əsgərlərə baxdı: “Bədbəxtlər, tamaşa edin mə­nim bu halıma. Baxın doyunca. Görün və dərs alın. Əqidə yolunda, din yolunda ölməyi öyrənin... Amma çətin öyrənəsiniz. Çünki sizin qəlb gözünüz kordur. Bu dünya elə siz düşündüyünüz kimidir. Sizin qar­nınız boydadır. Mən gedirəm. Qalın öz dünyanızla baş-başa. Allah da şahiddir ki, mən sizi düz yola gətirmək üçün çox çalışdım. Ancaq haqq divanına gəlmədiniz. Tanrı dərgahında cavab verərsiniz. Mən ki, sizi belə görürəm, çıxacaqsınız bu dünyanın axı­rına. Xeyri qoyub şərə getdiyiniz üçün, haqqı və dini dandığınız, peyğəmbər övladlarına zülm etdiyiniz üçün Allah başınıza od yağdıracaq. Öz əməllərinizlə qiyamət gününü yaxınlaşdıracaqsınız. Siz Allah nu­ru­nu öz qaranlıq niyyətinizlə bu dünyadan silmək istəyirsiniz. Ancaq bacarmayacaqsınız. Peyğəmbər nəslinin kökünü kəsməyə də gücünüz çatmayacaq. Mənim ölümüm hələ bu nəslin axırı deyil. Biz Allah nurunun daşıyıcıları – peyğəmbər övladları törəyib arta­caq, çoxalacağıq. Yer üzündə yaxşılığın itmə­si­nə, nurun, ziyanın azalmasına imkan verməyə­cəyik. Məni öldürsəniz də, mənim vəsihimə gücünüz çat­ma­yacaq. O, artıq Böyük Yaradanın nəzarəti altın­dadır. O, yaşayacaq, mənim ruhum onda və ondan törəyəcək bütün peyğəmbər nəslində təcəllə edəcək”.

Başına dəyən daş zərbəsi İmam Hüseyni(ə) son düşüncələrdən ayırdı. Gözünü açıb əlindəki qılıncla sinəsini yaran adamı başdan ayağa süzdü. “Yox, bu o, deyil. Mən bunun əlində öləsi deyiləm. Bu işi tö­rətməyə daha rəzil, daha şərəfsiz adam gərək olacaq” – deyə İmam Hüseyn(ə) üzünü yana çevirib göz qapaqlarını endirdi. Son məqamı gözləməyə başladı. İndi o, öz doğmalarına daha tez qovuşmaq üçün Alla­ha dua edirdi. “Qurtar məni ya Rəbbim, bu həşə­rat­ların əlindən qurtar...”

Şimr Ömər ibn Sədin də, Sinan ibn Ənəsin də Şibli ibn Yezidin də İmam Hüseynə(ə) yaxınlaşıb son­­ra nədənsə geri qayıtdıqlarını görəndə atdan düşdü

-Qorxaqlar, ağciyərlər. Bu ölünün nəyindən qorxursunuz, - deyə qumluqda çətinliklə yeriyərək İmam Hüseynə(ə) tərəf gəldi.

Xeymələrdən hay-qışqırıq, şivən səsləri gəlirdi. Əhli-Beyt xanımları qarətçi əsgərlərə müqavimət göstərir, Zeynalabdini onlardan qoruyurdular.

Yaralanıb al qan içində olan Zülcənah sahibini itir­diyindən səhranın ənginliklərinə doğru gücü çat­dıqca qaçırdı...

İmam Hüseyn(ə) sinəsində bir zindan ağırlığı hiss edib gözlərini yenidən açdı. Sinəsinə çökmüş əli qılınclı, əcaib sifətli adama diqqətlə baxdı. Dişləri dodaqlarının arasından çıxan bu bədheybət sifətli adamı – Şimri tanıdı. Babası Rəsulullahın(s) qəbrini ziyarət edərkən yuxuda gözünə görünən elə Şimr imiş.

İmam Hüseyn(ə) baxışlarını ondan ayırıb səma­ya tuşladı. “Yuxuda mənə deyilən vaxtdır” – deyə düşündü. Bir də səmaya baxanda qəfildən yadına düşdü ki, indi həm də namaz vaxtıdır. Bütün gücünü toplayıb dişlərinin kilidini açdı.

O, yenə var gücünü toplayıb dikəlməyə çalışdı. Özünün də gözləmədiyi halda qollarına taqət gəldi. Başını qaldırıb dikəldi.

Kənardan bu mənzərəni seyr edən əsgərlər “Bismillah!..” deyib bir neçə addım geri çəkildilər. Rəsulullahın(s) adını çəkib salavat çevirdilər. Ancaq bu salavat heç də onları düçar olduqları günah və cəzadan xilas etməyəcəkdi.

İmam Hüseyn(ə) son duaları edərkən boğazında günəşin hərarətindən qızmış qılıncın istisini hiss etdi. Tez kəlmeyi-şəhadətini söylədi. İndi artıq o heç nə görmür və eşitmirdi. Nəfəsi də gedib gəlmirdi. An­caq beyni işləyirdi. Fikrində yanan işıq hələ sönmə­mişdi. Qarşıda bir zülmət qaranlıq və bu qaranlığın o başında isə nurlu bir yol görünürdü. İmam Hüseyn(ə) indi bu qaranlıqdan işığa doğru uçurdu. Beynindəki işıq sönən kimi onun üçün nurlu bir yol başla­ya­caqdı. Artıq o, həmin yolun astanasında idi.

 

 

 

 

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə