Mir Cəfər Seyid (Mircəfər Əyyub oğlu Seyidov) 1952-ci ildə anadan olmuşdur. Uzun müddət mətbuat və nəşriyyat sahəsində çalışmışdır. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. 14 kitabın müəllifidir.
Mağara qeyri-adi bir rəngin qarışığından yaranmış nura boyandı. Burada fikrə dalan Həzrət Məhəmmədə(s) elə gəldi ki, yuxu görür. Son vaxlar işıqlı yuxular görmək onda bir adət halını almışdı. Bu yuxularda onun qulağına qeybdən səslər gəlir, gözlərinə baş verəcək hadisələr görünürdü. Yox, o, yatmamışdı. Gördükləri də yuxu deyildi. O, bunu bütün varlığı ilə hiss etdi. İndi mağaranın birdən-birə nura boyanması onu bu əsrarəngiz xəyallardan ayırdı. Qulaqlarına həyatında ilk dəfə eşitdiyi qəribə bir uğultu gəldi. Uzaqlardan zorla eşidiləcək göy gurultusuna, şimşək şaqqıltısına bənzədi bu səs. Nə qədər düşündüsə, nə bu qəribə nurun, nə də anlaşılmaz səsin yozumunu tapa bilmədi. Bədəni üşəndi. Cəld buradan uzaqlaşmaq keçdi fikrindən. Ancaq bütün gücünü toplasa da, nə bu əsrarəngiz nurun, nə də qeyri-adi səsin cazibəsindən çıxa bilməyəcəyini dərk edib yerindəcə qaldı. Elə bu vaxt mağaraya düşən nur selində qəribə bir burulğan yarandı. Burulğan böyüdükcə Həzrət Məhəmməd(s) qarşısında ömründə ilk dəfə gördüyü bir varlığın dayandığını hiss etdi. Gözlərini geniş açıb gördüyünün xəyal, yoxsa həqiqət olduğunu dəqiqləşdirməyə çalışdı.
-Oxu!..
Həzrət Məhəmməd(s) səsdən diksindi. Dalğalanıb əks-səda verən bu səs adi insan səsinə bənzəmirdi. Gördüklərindən heyrətə gələn həzrət Məhəmməd qeyri-ixtiyari dilləndi:
-Mən oxuya bilmirəm!..
O, həzrət Məhəmmədə(s) yaxınlaşıb çiyinlərindən tutdu. Silkələdikdən sonra əvvəlki sözünü yenidən təkrarladı:
-Oxu!..
Həzrət Məhəmməd(s) bu təmasdan sarsılsa da,ayıq beyni ona yenə eyni cavabı verməyi məcbur etdi:
-Mən oxumağı bilmirəm!..
Üçüncü dəfə də eyni əmri eşitdi:
-Oxu!..
Taqətdən düşmüş həzrət Məhəmməd(s) titrək bir səslə «nə oxuyum» deyib maraq və həyəcanla qarşısında dayanmış varlığı süzdü. Onun üzünü ilk dəfə görsə də səsi tanış gəlirdi. Qəfildən xatırladı ki, son vaxtlar yuxularında eşitdiyi elə bu səs imiş və onu Allahın təkliyi, şəriksizliyi barədə düşünməyə sövq edən də, bura – Hira dağına çəkib gətirən də elə bu səsdir. Az qala hər gecə bu səsin həsrətində olan həzrət Məhəmməd(s) artıq qarşısındakı varlığı özünə doğma hesab etməyə başladı.
Üçüncü cavabdan sonra varlıq əvvəlki əmrlərinə nisbətən daha mülayim, həzin və ilahi bir səslə dedi:
-Mən böyük mələk Cəbrayılam. Oxu!..
«Bismillahir-rəhmanir-rəhim.
1.İqrəBismirəbbikəlləzi xələq. 2.Xələqəl-insanə minələq. 3.İqrə və rəbbukəl-əkrə. 4.Əlləzi əlləmə bil-qələm. 5. Əlləmə bil qələm.»
Bismillahir-rəhmanir-rəhim.
1.Ya Peyğəmbər! (Qurani-Kərimi, bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (Bismillah deyərək) oxu! 2. O, insanı laxtalanmış qandan yaratdı. 3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
(Qurani-Kərim. «Əl-Ələq» surəsi, 1–5-ci ayə)
Cənab Cəbrayıl bəzi məsləhətlər, tövsiyələr, buyruqlar verəndən sonra qeyb olub getsə də, eşitdiyi ilahi kəlamlar həzrət Məhəmmədin(s) qəlbinə hakim kəsildi. Sanki mağaranın ecazkar işığı çəkilib getməmiş, onun könlünə hopmuşdu. Ancaq keçirdiyi həyəcandan hələ də bütün vücudu titrəyirdi. Buna baxmayaraq gördüyünün və eşitdiklərinin tam mənasını artıq dərk etməkdəydi.O, tarixi anlar yaşadığını, görüb səsini eşitdiyi məxluqun böyük mələk cənab Cəbrayıl olduğunu, dinlədiyi və yaddaşına həkk etdiyi sözlərin Allah kəlamı–ilk vəhy olduğunu hiss etdikcə yenidən həyəcanlanırdı. O, dərk edirdi ki, arxada qalan həmin anlar onu elə dəyişib ki, artıq əvvəlki adam deyil. Vücudundakı və fikrindəki bu dəyişiklik onu daha dərindən düşünməyə sövq etdi. Qəlbindən ilk keçən arzu Həzrət Xədicəni müjdələmək oldu. O, yeyin bir hərəkətlə mağaradan uzaqlaşdı.
Hava qaralmışdı. Dən-dən ulduzlar əl çatacaq qədər yaxın görünürdü. Göy üzü də, yer də qəribə bir nura qərq olmuşdu. Səhradan əsən sərin mehin nəfəsi də əvvəlki deyildi. Həzrət Məhəmməd(s) az qala hər addımda cənab Cəbrayılın səsini eşidir, dediyi ilahi kəlmələri öz-özünə təkrarlayırdı.O, hiss duyurdu ki, cənab Cəbrayıldan başqa digər mələklər də bədirlənmiş ayın, dənələnmiş ulduzların işığında lap yaxınlıqdan onu müşayət edir. Adını uca tutduğu Böyük Yaradan Ayı da, ulduzları da ona salam verməyə həvəsləndirir. Qədim Məkkənin küçələri də işıqlanmışdı. Yeni təmir olunmuş Kəbə evi ay işığında bütün əzəməti və vüqarı ilə nəzərə çarpırdı.
Həzrət Məhəmməd(s) Kəbə evinin yanından keçəndə addımlarını yavaşıdıb həsrətlə bu ibadətxanaya baxdı. Ulu babası həzrət İbrahimin(ə) Allaha ibadət üçün tikdiyi bu əzəmətli məbəd neçə əsrlər idi ki, bütxanaya çevrilmişdi. Burada tək Allaha deyil, bütlərə sitayiş edilirdi.
Həzrət Məhəmmədin(s) yadına bir neçə il əvvəl Kəbə evinin təmir olunması düşdü. O vaxt onun 34 yaşı vardı. Cəmi bir adam boyu hündürlüyündə olan tavansız Kəbə evinin divarları güclü yağış suyundan uçub dağılmışdı. Qüreyşilər bir yerə toplaşaraq Kəbəni yenidən təmir etməyi qərara almışdılar. Ciddədən quma batıb parçalanmış bir gəminin taxtalarını alıb gətirmiş məkkəlilər Kəbə evinə tavan düzəltməyi də qərara almışdılar. Bütün şəhər əhalisi Qüreyşilərə qoşularaq Kəbənin təmirində yaxından iştirak edirdi. Həzrət Məhəmməd(s) də öz qəbiləsinin adamları ilə birlikdə onlara qoşulmuşdu. İnşaat işləri başa çatıb Həcərül-əsvədin yerinə qoyulması söhbəti ortaya çıxanda qəbilələr arasında mübahisə yarandı. Bu müqəddəs işi hər bir qəbilə özü görmək istədi. Var-dövlətlərinin çoxluğuna, tikintidə daha yaxşı işlədiklərinə görə özlərini öyən qəbilələr Həcərül-əsvədi yerinə qoymaq şərəfini heç kimə güzəştə getmək istəmirdilər. Daha çox bu işi qabardan Bəlid ibn Muğirə idi.
-Əgər mən Ciddəyə gedib parçalanmış Bizans gəmisinin ağaclarını alıb bura daşıtdırmasaydım, kim girişərdi Kəbənin təmirinə? Həcərül-əsvədi yerinə qoymaq şərəfi mənə və mənim qəbiləmə aiddir. Qarşımı kəsən olsa qılıncımızla cavab verəcəyik.
-Bəs daşları kim yonub hazırlayıb? – deyə başqa bir qəbilənin başçısı özünü irəli verdi.
-Kəbənin iki tərəf divarını bizim qəbilə hörüb. İşin çoxunu biz gördüyümüz üçün Həcərül-əsvədi də yerinə biz qoymalıyıq. Yoxsa, ortaya qan düşər. Ölərik, dediyimizdən dönmərik.
Bəni Əbdüddar qəbiləsinin adamları əllərini qana bulayaraq: – «Ya Həcərül-əsvədi biz yerinə qoymalıyıq, ya da bu işi qan təmizləyəcək.» – dedilər.
Artıq bütün qəbilələr silahlanmışdı. Həcərül-əsvədin üstündə qəbilələr arasında savaş başlamaq üzrə idi.
Ancaq son anda ağıllı adamlar qan davasının
qarşısını almağa cəhd etdilər. Son dəfə bir məclis toplayıb fikirlərini bölüşdülər.
-Gəlin, belə edək, – deyə bir nəfər ucadan dedi. – Gözləyək, Kəbənin həyətinə birinci kim daxil olsa onun çıxaracağı qərara hamımız razı olaq.
Təklif bəyənildi, hamının baxışları Kəbənin həyət qapısına tuşlandı.
Heç nədən xəbərsiz həzrət Məhəmməd(s) Kəbənin həyətinə daxil olan kimi onu dövrəyə aldılar. Həzrət Məhəmməd(s) məsələdən agah olandan sonra bir qədər fikrə getdi. Onun çıxaracağı qərar, deyəcəyi söz az qala Məkkənin taleyini həll edəcəkdi. Ümid dolu baxışlar ona tuşlanmışdı. Əsəblər tarım çəkilmiş, gözlər böyümüş, qulaqlar şəklənmişdi. Bəzilərinə elə gəlirdi ki, həzrət Məhəmməd(s) tərəfkeşlik edərək Həcərül-əsvədin taleyini öz qəbiləsinə – Haşim oğullarına həvalə edəcək. Əgər belə qərar çıxarılsaydı, bəni Üməyyə, Mə’zun və digər qəbilələrin rəisləri çıxarılacaq qərarı ləğv etməyə hazır dayanmışdılar.
Ancaq həzrət Məhəmməd(s) danışmaq əvəzinə çiynindəki örtüyü yerə sərib hər qəbilədən bir nəfərin irəli çıxmasını bildirdi. Sonra hamının eşidəcəyi bir səslə buyurdu:
-Kəbənin sökülüb yenidən tikilməsində hamı bərabər işləyib, ona görə də Həcərül-əsvədin yerinə qoyulması şərəfi hamıya aiddir. Gəlin, onu birlikdə götürək.
Qəbilə nümayəndələri birlikdə Həcərül-əsvədi götürüb örtüyün üstünə qoydular. Örtüyü birlikdə gətirib divara yaxınlaşdırdılar. Hamı bir ağızdan Həcərül-əsvədin yerinə qoyulmasını həzrət Məhəmmədə(s) həvalə etdi. Ağıllı təklifinə görə Həcərül-əsvədi yerinə qoymaq şərəfinə nail olan həzrət Məhəmmədin(s) Məkkədə hörməti daha da artdı.
Həzrət Məhəmməd(s) yoluna davam etsə də, Kəbə barədə fikirləri onu rahat buraxmırdı. Geriyə çevrilib bir də bu əzəmətli ibadətgahı süzdü. «Yox, Allahın evi elə Allahın evi olmalıdır. Burda tək, böyük Allaha ibadət olunmalıdır.» Bu fikir həzrət Məhəmmədin(s) dilinə gəlməsə də, qəlbində kükrədi. Var səsi ilə qışqırıb car çəkmək istədi. Bir-bir məkkəlilərin qapısını döyüb gördüklərini onlara danışmaq, onları Allaha inanmağa çağırmaq istədi. Ancaq daxilindəki hansı qüvvəsə onu bu fikrindən daşındırdı. Yenə ulu babası həzrət İbrahim barədə düşündü. Həzrət İsmayılı, Həcər ananı xatırladı. Körpə İsmayılın «su» deyib ağlaması Allahın möcüzəsi nəticəsində «zəm-zəm»in tapılması gözləri önündən gəlib keçdi. Ulu Tanrının «zəm-zəm» möcüzəsi neçə əsrlər idi ki, məkkəlilər tərəfindən danışılırdı. Bəli, onlar Allahın möcüzəsini görə-görə, ondan bəhrələnə-bəhrələnə Allaha yox, bütlərə sitayiş edirdilər. Həzrət Məhəmmədi narahat edən də bu idi.
***
Əksər Məkkə qadınları kimi Həzrət Xədicə də inanırdı sonuncu peyğəmbərin zühuruna. Məkkədə hörmətli natiq kimi tanınan Qeys ibn Saidənin vaxtilə oxuduğu bir xütbəni bir çoxları kimi o da əzbər bilirdi.
Həzrət Xədicə hərdən öz-özünə bu xütbəni söyləyir, gələcək peyğəmbərin kimliyi barədə dərin düşüncələrə dalırdı. Münəccimlərin, xristian və yəhudi ilahiyyatçılarının dediklərinə görə yeni peyğəmbər Məkkədə zühur etməli idi. Həzrət Xədicə nə qədər fikirləşirdisə, öz həmşəhərliləri arasında peyğəmbər timsalında heç kimi görə bilmirdi. Həzrət Məhəmmədin əmisi Əbu Taliblə səfər zamanı xristian keşişlə bağlı əhvalatı Həzrət Xədicə son günlər daha tez-tez xatırlayırdı. Halbuki, Həzrət Məhəmməd bu hadisəni ona evlənmələrinin ilk illərində danışmışdı. Həzrət Məhəmmədin düzgünlüyü və sədaqəti, həqiqətpərəstliyi, cavan olmasına baxmayaraq qohum-əqraba içərisində, məkkəlilər arasında böyük hörmət və nüfuza malik olması Həzrət Xədicəni xoş xəyallara daldırırdı.
-Nə oldu, tapmadınız? – deyə Həzrət Xədicə Həzrət Məhəmmədin(s) azad edib oğulluğa götürdüyü Zeyd ibn Harisi qapıda görəndə xəyaldan ayrılıb həyəcanla soruşdu.
-Hara getdimsə gördüm deyən olmadı. Yəni indiyə kimi dağda qalar?..
Zeydin sual dolu bu cavabı heç də Həzrət Xədicənin ürəyincə olmadı. Bu söhbəti eyni həyəcanla dinləyən həzrət Əli(ə) ayağa qalxıb: «Mən gedərəm Hira dağına» – dedi.
Həzrət Xədicə on yaşlı həzrət Əlinin(ə) saçını sığallayıb nəvazişlə dilləndi:
-Səbr edək, bir az da gözləyək, harda olsa gəlib çıxar.
Həzrət Əlinin(ə) qorxmazlığı, qətiyyəti Həzrət Xədicəni riqqətə gətirdi. Öz övladı qədər sevdiyi həzrət Əli beş il idi ki, bu ailənin bir üzvü idi. Həzrət Xədicə onun timsalında həzrət Məhəmmədin(s) ən yaxın köməkçisini görürdü.
Həzrət Məhəmmədin(s) qapıda görünməsi ailənin nigarançılığına son qoydu. Ancaq ərinin hərarətdən titrəməsi Həzrət Xədicənin nəzərindən yayınmadı. Həyacandan sozalmış bu bənizdə indiyə kimi rast gəlmədiyi bir nur gördü. Elə bir nur ki, onun şəfəqləri yarımqaranlıq otağa şölə saçırdı.
– Nə olub sənə, – deyə Həzrət Xədicə Həzrət Məhəmmədə(s) yaxınlaşdı. Ancaq Həzrət Məhəmməd(s) Həzrət Xədicəyə cavab vermək halında deyildi. Ona görə də nə onun, nə də günahkar adamlar kimi qapının ağzında dayanmış Zeydin, nə də gözlərini geniş açaraq onun hər hərəkətini izləyən Həzrət Əlinin(ə) üzünə baxdı. Otağına keçdi. Titrək bir səslə «üstümü örtün, üstümü örtün» – deyib yatağına uzandı və dərin yuxuya getdi.
Bütün gecəni ərinin başı üzərində dayanan Həzrət Xədicə dərin düşüncəyə dalaraq həzrət Məhəmmədin(s) keçirdiyi sarsıntıların, ruhi gərginliyinin səbəbini araşdırmağa çalışdı. «Yox, bu xəstəlik deyil. Xəstə adamın bənizi bu cür işıq saçmaz» – deyə qəlbinə dolan qara fikirləri özündən uzaqlaşdırdı. Əmisi oğlu Varaqa ibn Nofəlin, bəlağətli natiq Qeys ibn Saidənin, Hənifi dininə inananların, yəhudilərin, xristianların sözlərini yadına saldı. Məkkədə yeni peyğəmbərin zühur edəcəyinə bir daha özünü inandırdı. Musa peyğəmbər haqqında deyilənləri xatırladı. «Ona da Allah tərəfindən vəhy nazil olanda belə qeyri-adi hallar keçirməyibmi?..» Həzrət Xədicə bu sual ətrafında düşünə-düşünə yatmış ərini bir də diqqətlə süzdü. Həzrət Məhəmmədin(s) çöhrəsində bədirlənmiş nur sanki Xədicənin fikirlərini təsdiqləyib möhürləyirdi.
Dan yeri sökülürdü. Məkkənin üfüqlərində doğan günəş bütün yer üzünü işıqlandırmağa can atırdı. Həzrət Məhəmməd(s) gözlərini açıb Həzrət Xədicəni başının üstündə görəndə bir anlığa ötən gecə başına gələnləri xatırlamağa çalışdı. Cənab Cəbrayılla olan söhbəti, mağarada gördükləri yadına düşəndə diksindi. Yarıyuxulu gözlərini geniş açaraq baxışlarını Həzrət Xədicənin üzünə zillədi.
-Mənə nə olub? – deyə həzrət Məhəmməd(s) həyəcanla Həzrət Xədicəni suala tutdu. Sonra yerindən dikəlib öz sualına özü də cavab verdi: – Deyəcəm, hamısını deyəcəm sənə.
Ötən axşam başına gələnləri həyəcanla danışan həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərdən sevindiyini görəndə daha da ruhlandı.
Həzrət Xədicənin çöhrəsində təbəssüm olsa da, düşünür, toydan əvvəlki günlərini xatırlayırdı. Əbu Talibin həzrət Məhəmmədi(s) ticarət işlərinə cəlb etmək məqsədilə onun yanına gəlməsi, ilk səfərin uğurlu, qazanclı alınması, həzrət Məhəmmədin(s) bacarığına, düzlüyünə heyrətlənməsi gözləri önündən gəlib keçdi. Yadına o vaxt gördüyü yuxu düşdü: «Günəş göy üzündən evinə girib bütün Məkkəni aydın işıqlandırırdı.»
Elə o vaxt Həzrət Xədicənin qəlbində həzrət Məhəmmədə(s) qarşı bir meyl yarandı. Cavan köməkçi onun qəlbinə hakim kəsildi. Öz fikrini xidmətçisi Nəfisə vasitəsi ilə ona çatdırdı və...
Həzrət Xədicə bayaqdan bəri həzrət Məhəmmədin(s) ona baxdığını, halına uyğun cavab gözlədiyini görüb gülümsəyərək dedi:
-Yuxum çin oldu, arzularım həqiqətə çevrildi. Həzrət Məhəmməd(s) əvvəlcə Həzrət Xədicənin sevinclə dediyi sözlərdən baş açmadı. Yenə axşam başına gələnləri xatırladı. Eşitdiyi kəlamları yadına saldı, gördüyü cənab Cəbrayılı gözləri önündə canlandırdı. Yenə halı dəyişdi. Ancaq Həzrət Xədicənin əsəbə sığal çəkən sözləri onu özünə qaytardı.
Həzrət Xədicə yenə dilavərliklə :
-Belə bir insanı Allah əsla buraxmaz, seçib seçilmişlərdən edər. Sən rəhimlisən, sözün düzünü deyənsən, məşəqqətlərə dözənsən, qonaqpərvərsən, fəlakətə düçar olanlara kömək edənsən.
-Üzərimə götürdüyüm vəzifə çox məsuliyyətlidir, -deyə Həzrət Məhəmməd(s) sakit, kövrək bir səslə pıçıldadı.
Həzrət Xədicə nəzərlərini ona tuşladı. Nəzərləri həzrət Məhəmmədin(s) baxışları ilə rastlaşanda ordakı ümman dərinliyi onu özünə çəkdi. Bir az da belə davam etsəydi, Xədicə bu dərinlikdə tamam itib batacaqdı. O, bir anlığa vahimələndi, üşəndi, bütün vücudu titrədi. Sonra bu ümman dərinliyindən qəlbinə axan işıq seli onu sakitləşdirdi. Tam rahatlandı. Həzrət Məhəmmədin(s) yaşadığı ilahi məqam ona da sirayət etdi. Özünün dərk etmədiyi yüksək bir tezliklə beynində yeni fikirlər yarandı. Bu fikirlərdən doğan sözlərlə həzrət Məhəmmədə(s) təsəlli verməli idi.
-Sənin üzərinə çox böyük vəzifə qoyulub. Sən bütün məşəqqətlərə dözüb müqəddəs vəzifəni yerinə yetirməlisən.
Həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərindən sonra bir qədər fikrə getdi. On iki yaşında olarkən əmisi Əbu Taliblə Şama səfəri zamanı Busradakı monastrda rahib Bahiranı xatırladı.O, Həzrət Məhəmməddə(s) peyğəmbərlik nişanəsi olduğunu bildirmişdi.
Qoca rahibin dediyi sözlər o vaxt Həzrət Məhəmmədin uşaq yaddaşına həkk olunmuşdu.
Gözlərinin önündə canlanan həmin hadisə Həzrət Məhəmmədi(s) ürəkləndirdi. Yataqdan qalxıb paltarını geyindi. Ancaq yenə axşamkı hadisə onu rahat buraxmadı. Qeyri-ixtiyari beyninə həkk olunmuş ilahi kəlamları zikr etdi.
Həzrəıt Xədicə elə həmin gün yaşlı əmisi oğlu Varaqa ibn Nofəlin yanına gedib baş verən hadisəni ona danışdı. Varaqa ibn Nofəl həyəcanını gizlətmədi:
-Mən sənə deyirdimmi o böyük adamdır. Gördüyün o yuxuya görə deyirdimmi sən peyğəmbər arvadı olacaqsan. Əgər hadisə sən dediyin kimidirsə, böyük mələk Cəbrayıl onun gözünə görünübsə, təkcə ərəblər yox, bütün bəşəriyyət nicat tapdı. Ancaq hələ qarşıda çox məşəqqətli yol var.
Həzrət Xədicə evə qayıdıb əmisi oğlunun dediklərini Həzrət Məhəmmədə(s) çatdırdı:
-Sən həqiqətən seçilmişlərdənsən. Böyük Allah səni mükafatlandırıb. Bu sənin aqilliyinin, saflığının, əminliyinin bəhrəsidir.
Həzrət Məhəmməd(s) Həzrət Xədicənin bu sözlərinə gülümsəməklə cavab verdi. Axı, özü bilirdi ki, artıq adi adam deyil. Böyük Allah tərəfindən ona müjdə göndəriləcəyinə çoxdan, hələ uşaq ikən inanmışdı. İndi o, böyük Allahın kərəm sahibi olduğunu yaymaq, insanları qəflət yuxusundan oyatmaq üçün daxilində qarşısıalınmaz bir gücün qaynadığını duydu. Üzünü Həzrət Xədicəyə tutub dedi:
-Mən artıq özümü Allaha təslim etmişəm. Bütün insanların nicat yolunu da ulu Tanrıya təslim olub ona pənah aparmaqda görürəm. Mənim indən belə görəcəyim bütün işlərin mayasını da elə bu təşkil edir. İnsanlar Allahın tabeliyində olsalar, pisliklər onların qəlbinə yol tapa bilməz.
Həzrət Xədicə bu sözlərdən sonra daxildən gələn bir ilhamla dedi:
-Ya Məhəmməd, şahid ol ki, səndən sonra mən Allaha pənah aparıram: La İlahə İlləllah, Mühəmmədin Rəsulallah.
-Birinci Allahın özü şahiddir, sonra mən, –deyə Həzrət Məhəmməd(s) Həzrət Xədicənin sözünə düzəliş verdi. Sonra əlavə edərək:
-Əlini də çağır, qoy o da gəlsin. O, məni hamıdan əvvəl dərk edib. O, mənim həmişə yanımda olacaq köməkçimdir. O, Kəbə evində anadan olan yeganə insandır. Onda Allahın sirləri gizlənib. Onun gələcəkdə necə böyük insan olacağını mən bilirəm, – dedi.
Həzrət Xədicə yenə coşqunluqla dilləndi:
-Əlini mən səndən az istəmirəm. O bizim ailənin bir üzvüdür. Əli və mən sənin ən yaxın köməkçilərin olacağıq.
Həzrət Məhəmməd(s) məmnun halda qeyri-ixtiyari əllərini göyə açıb başını yuxarı qaldırdı. «Bismillahir-Rəmanir-Rəhim» deyib dua etdi. İlahi vəhydən sonra bu Həzrət Məhəmmədin ulu Tanrıya ilk duası idi.
Həzrət Xədicə yenə Həzrət Məhəmmədi(s) ruhlandırdı:
-Sən bütün arzularına nail olacaqsan, ya Məhəmməd. Bütün insanları Allahın yeni dininə cəlb edəcəksən. Mən səndə o gücü, qüvvəni görürəm.
Həzrət Məhəmməd(s) bu sözlərdən xoşhal olsa da işıqlı üzünə bir kölgə düşdü. Bir anlığa fikrə gedib sonra qayğılı-qayğılı dilləndi:
-Sən məni başa düşdün. Ancaq qohum-əqrabam mənim onlara deyəcəyimi dərk edəcəklərmi?..
-Sən Allahın Rəsulusan, sənin vəzifən Allahın sözünü onlara çatdırmaqdır. Səni eşitməyənlər Allah qarşısında özləri cavab verəcəklər, – deyə Həzrət Xədicə Həzrət Məhəmmədi(s) yenidən ruhlandırdı.
Bu sözlərdən sonra Həzrət Məhəmməd(s) yenidən daxilində tükənməz bir gücün kükrədiyini hiss etdi. Böyük, müqəddəs bir yolun astanasında Həzrət Əli(ə) kimi bir köməkçisi, Həzrət Xədicə kimi həmdəmi, sirdaşı olduğu üçün Allaha şükürlər etdi.
***
Qocalıb əldən düşmüş Varaqa ibn Nofəl əmisi qızı Həzrət Xədicənin söhbətindən sonra dirilik suyu içmiş adamlar kimi cana gəldi.
-Deməli böyük mələk onun gözlərinə görünüb, – deyə Varaqa ibn Nofəl öz-özünə pıçıldadı. Sonra sözünə əlavə edərək: – Məhəmmədin doğum günü ilinə, ayına, gününə kimi qırx il əvvəl müqəddəs ulduzun səmada göründüyü vaxta düşür. Kaş o vaxt mən bunu biləydim. Özüm onu himayə edib böyüdərdim.Yox, görünür, buna ehtiyac yoxuy-
muş. Gələcək peyğəmbər ulu Tanrının öz himayəsindəymiş. Bəs yəhudilər, məsihilər niyə Məhəmmədin adını dəqiq yazmayıblar? Axı, ulu Tanrı gələcək peyğəmbərin müjdəsini Musa peyğəmbərə də, İsa peyğəmbərə də verməmiş olmazdı. – Bu sualdan əsəbləşən Varaqa ibn Nofəl ayağa qalxıb zorla yeriyə-yeriyə otaqda var-gəl etdi. Əhməd, Mahmud, Məhəmməd... Məgər bunlar hamısı eyni kökdən yaranan ərəb sözləri deyilmi?..»
Qoca rahib nəsə kəşf edən adamlar kimi sevinclə dilləndi:
-Haqqında müjdələr verilən sonuncu peyğəmbər Məhəmməddir... Ya Rəbbim əfv et günahlarımızı! Biz sənin göndərdiyin sonuncu peyğəmbəri tanımamışıq!.. İndiyə kimi bütün yəhudi, məsihi rahiblərini düşündürən bu Faran dağı deyilmi?.. Elə bu ifadəyə görə neçə əsrlərdir ki, hamı Məkkədə – Faran dağının yaxınlığında yeni peyğəmbərin zühur edəcəyini gözləmirmi?..
Varaqa ibn Nofəl öz-özünə suallar verib cavabını dəqiqləşdirdikcə sevincini bölüşməyə adam axtarırdı. Ancaq daxilindən gələn bu hissləri gecənin yarıdan keçmiş bir vaxtında kimsəyə deyə bilməyəcəyini yəqin edib üzünü yenidən göyə tutdu:
-Sənə şükürlər olsun ya Rəbbim! Nəhayət ki, Məkkədə öz vəhyini insanlara çatdırdın. Məhəmmədi özünə elçi seçdin. İndi Məhəmmədin gücü, möcüzəsi onun sözlərində olacaqdır.
Varaqa ibn Nofəl Həzrət Məhəmmədin Xatəmül Ənbiya olduğunu artıq tam yəqin etmişdi. Belə bir müqəddəs insanla qohumluq əlaqəsi olduğu üçün özünü xoşbəxt sandı. O, keçirdiyi hissləri Həzrət Məhəmmədin özünə bildirməyi qərara aldı:
-Mən də inandım ki, sənin gözlərinə görünən böyük mələk Cəbrayıldır. Mən bu sözləri elə-belə demirəm, ya Məhəmməd...
Həzrət Məhəmməd(s) böyük coşqunluqla danışan yaşlı qohumu Varaqa ibn Nofəli təmkinlə və maraqla dinləyirdi. Qoca rahib isə eyni həvəslə danışırdı:
-Bütün yəhudi və məsihi rahiblərinin dedikləri sonuncu peyğəmbərin Məkkədə zühurundan soraq verir. Deyilən vaxt tamamdır. Sən bu ümmətin peyğəmbəri olacaqsan. Bunu təkcə rahiblər deyil, böyük Allahın yaratdığı ulduzlar da xəbər verir. Səmada baş verən hər hansı bir dəyişiklik böyük küllün bir zərrəsi olan yerdə də öz əksini tapır. Artıq bu dəyişiklik baş verib. Bəşəriyyəti cəhalətdən xilas edən sonuncu peyğəmbər zühur edib. Bu sənsən, ya Məhəmməd. Səmadakı bu dəyişikliyin tarixi qırx il əvvələ – sən anadan olduğun günə gedib çıxır. O gecə bugünkü gün kimi yadımdadır. Böyük Allahın kəraməti ilə göydən ulduz yağışı yağırdı. Bütün münəccimlər, rəmmallar, alimlər, bilicilər bir ağızdan deyirdilər: «Xatəmül-Ənbiya Əhmədin ulduzu doğub.» Həmin Əhməd sənsən, ya Məhəmməd.
Varaqa ibn Nofəlin sözlərindən sonra həzrət Məhəmmədin fikri uzaq keçmişə qanadlandı. Hələ uşaq ikən əmisi Əbu Taliblə Şama səfər edən zaman Busra yaxınlığında qoca məsihi rahibin surəti gözləri önündə canlandı. Həzrət Məhəmməd nədənsə son vaxtlar o rahibi tez-tez xatırlayır, onun dediyi sözlərlə başına gələnlər arasında əlaqə axtarırdı. İndi ona elə gəldi ki, qarşısında dayanan qohumu Varaqa ibn Nofəl yox, busralı rahib Bahiradır. Qiyafələri də, sifətləri də, sözləri də necə bənzəyirdi bir-birinə. Busralı rahib də onu belə sözlərlə müjdələmişdi.
Varaqa ibn Nofəl bir qədər susub yenidən sözünə yekun vururmuş kimi dilləndi:
-Mən daha qocalıb əldən düşmüşəm. Gözlərim də yaxşı görmür. Bu gündən sabaha gümanım azdır. Əgər ölməyib sağ qalsam, sənə yalançı deyiləndə, əziyyət verilən günlərdə, yurdundan qovulanda, həmşəhərlilərin səninlə döyüşəndə məmuniyyətlə köməkçin olardım.
Həzrət Məhəmməd(s) vəcdlə danışan Varaqa ibn Nofəlin son sözündən diksindi. Sual dolu nəzərlərini Varaqa ibn Nofəlin üzünə dikdi.Zəif və yaşlı rahib təmkinini pozmadan dedi:
-Mən hələ elə bir peyğəmbər tanımıram ki, əvvəlcə ona yalançı deməsinlər, əziyyət verməsinlər, yerindən, yurdundan çıxartmasınlar.
Həzrət Məhəmməd(s) Varaqa ibn Nofəldən ayrılandan sonra onun dedikləri barədə düşünür, çiyninə qoyulan yükün nə qədər ağır olduğunu fikirləşirdi. Yox, o, heç bir məşəqqətdən, əzab-əziyyətdən qorxmurdu. Qəflət yuxusunda yatan, cəhalət burulğanında inildəyən insanları haqq yoluna dəvət etmək, onları Allahın vahidliyinə inandırmaq üçün bütün əzablara sinə gərməyə hazır idi.
Sirrini hələlik ailə üzvlərindən – Həzrət Xədicədən, on yaşlı Həzrət Əlidən(ə), oğulluğa götürdüyü Zeyddən, Varaqa ibn Nofəldən başqa heç kim bilməyən həzrət Məhəmməd daha tək-tənha dolaşmır, adamların gur olduğu yerlərə gedir, vara, dövlətə, zənginliyə meyilli olan məkkəliləri bütlərdən uzaqlaşdırmağa, Allahın böyüklüyünə, hər şeydən, hər kəsdən uca və əzəmətli olduğuna inandırmaq üçün yollar axtarırdı. Şəhərin yüksək təbəqəsinə nisbətən sadə adamlar onun diqqətini daha çox çəkirdi. Səmimiliyi, həqiqətpərəstliyi ilə seçilən bu insanların vicdanları, əqidələri də saf idi. Ağıllı bir dəvət lazım idi ki, onları əlacsızlıqdan inandıqları bütlərdən ayırıb Allahın yoluna gətirsin. Ancaq Həzrət Məhəmməd(s) hələ aşkar dəvət üçün buyruq almamışdı. Ona görə də yalnız ən yaxın adamlarını yeni dinə çağırırdı. Həzrət Xədicə, on yaşlı həzrət Əli(ə), həzrət Əlinin(ə) böyük qardaşı Cəfər ibn Əbu Talib, köləlikdən azad edib oğulluğa götürdüyü Zeyd, yaxın dostu Əbu Bəkr artıq yeni dini – İslamı qəbul etmişdi.
***
Kəbə yaxınlığındakı Ukaz bazarı qaynar qazanabənzəyirdi. Şamdan, Bizansdan yeni karvan gəldiyindən nəinki məkkəlilər, ətrafda yaşayan qəbilələrin adamları da axın-axın bazara toplaşmışdılar. Günəmuzd satıcılar uca səslə tacirlərin gətirdiyi malları tərifləyir, daha çox müştəri toplamağa çalışırdılar. Satılan mallara baxan alıcılar qiymət üstündə satıcılarla çənə-boğaz etməkdən sanki ləzzət alırdılar. Bazara yaxın evlərin divarları yanında da alver gedirdi. Bura toplaşan misgərlər, dərzilər, həkimlər və başqa sənət sahibləri müştərilərə xidmət göstərmək üçün əldən-ayaqdan gedirdilər. Şairlər və nağılçılar isə xurma ağaclarının kölgəsinə toplaşanları əyləndirirdilər. Adamların arasında ora-bura qaçan yeniyetmə uşaqlar isə sərin quyu suyu və xurma satırdılar. Bütlərin satıldığı yer Kəbənin həyət qapısının yaxınlığında idi. Qızıldan, gümüşdən, ağac və saxsıdan müxtəlif ölçüdə hazırlanmış, uşaq oyuncaqlarına bənzəyən bütlərin satıldığı yer daha gur idi.Bazarın baş tərəfində mallar topdan satılırdı. Çöküb gövşək vuran dəvələrin yanında farmaşlar açılmış, qiymətli ipək, yun kətan parçalar, növbənöv silahlar, at yəhərləri, palaz və xalçalar, saxsı, qızıl, gümüş və misdən hazırlanmış ev əşyaları, ətriyyatlar təntənə ilə nümayiş etdirilirdi. Xüsusi kölgəliklərdə əyləşmiş varlı tacirlər, karvanların gedib gəlməsinə küllü miqdarda vəsait qoymuş sələmçilər, şəhər əyanları ucadan söhbət edir, lətifələr söyləyir, hərracda satılan qadınlar barədə uzun-uzadı mübahisə edir, var-dövlətlərindən,
oğul-uşaqlarından danışıb öyünür, kölələrinin üstünəacıqlanır onlarayerliyersiztapşırıqlarverirdilər.
Bütün mövzularda edilən mübahisələrdə hamını üstələməyə çalışan Əmir ibn Hişam bu dəfə nədənsə bəxti gətirməmişdi. Ona görə də pərt olub dostlarından ayrılaraq xurma ağacının kölgəliyindəki taxtında əyləşib ətrafa nəzər salırdı. O, zahirən sakit görünsə də, daxilində bir vulkan püskürməkdəydi. Dostlarını kifayət qədər sanca bilmədiyi üçün dilinin altındakı zəhər içinə axırdı. O, hiss etdi ki, belə davam etsə, içindəki qəzəb onu didib parçalayacaq. Ona görə də başını irəli uzadıb quzğun baxışları ilə kimisə axtardı. Nəzərləri xurma yeyən həbəş quluna sataşdı. Ona elə gəldi ki, dünən yəhudi tacirindən ucuz qiymətə aldığı bu qul xurma yemək əvəzinə ağzında palçıq qarışdırır, və onun ağzının marçıltısı dünyanın ən əcaib səsi kimi qulaqlarının pərdəsini indicə deşəcək.
-Bura gəl!!!
Heç nədən xəbərsiz qara qul eşitdiyi bağırtıdan diksinib cəld geri çevrildi. Sahibinin qan dolmuş gözlərinə, titrəyən saqqalına baxanda işin nə yerdə olduğunu anlayıb qorxaq bir hərəkətlə təzim edə-edə taxta tərəf yaxınlaşdı.
-Al, murdar oğlu murdar!..
Əmir ibn Hişam qulu qamçı ilə vurmağa başladı. -Aldığım bir gün deyil, bunun xurma yeməyinə bax. Bəlkə, qoyun ətindən qovurma da keçir könlündən, hə?!.
Gözləri böyüyüb hədəqədən çıxmış, ağzı kö-
püklənmiş Əmir ibn Hişam yerə döşənmiş qulu ayağı ilə itələyib yenidən qışqırdı:
-İtil burdan, get yükünü daşı!..
Əmir ibn Hişam qulu döyəndən sonra sakitləşmək əvəzinə ovqatı daha da təlx oldu. Tərləmiş alnını dəsmalı ilə silib şərab dolu piyaləsini başına çəkdi. Nəzərləri adamların daha çox toplaşdığı satış köşklərinə tərəf tuşlandı. Həzrət Məhəmmədi(s), Əbu Uzzanı, Həmzəni, Abbası, Əbu Talibi və onların yanında dayanmış balaca həzrət Əlini(ə) bir yerdə görəndə içindəki qəzəb bir anlığa yox oldu. Hədsiz bir maraqla onların nə barədə danışdıqlarını öyrənmək istədi. Haşim oğullarının bir yerdə deyib-gülməsi, bir-birləri ilə xoş rəftarı Əmir ibn Hişamı yenə hövsələdən çıxardı.
-Görünür bazarları yaxşı gedir, ona görə kefləri yuxarıdır, – deyə o öz-özünə mızıldandı. – Bu haşim oğulları axırda yenə Məkkənin sahibi olacaqlar... Yox, hələ mən ölməmişəm. Onların müflisləşib sələm üçün ayağıma gələcəkləri günü gözləyirəm.
Əmir ibn Hişam yadına nə isə düşən adamlar kimi yerində qurcalandı. Yenidən dodaqaltı mızıldanmağa başladı: «Hamısını edən dayım ibn Muğirədir. Əbu Uzza ilə dostluğu qarşımı kəsir. Əbu Uzza da Əbu Süfyanla qohumluğundan istifadə edib sərvət toplayır. Öz qardaşlarının təəssübünü çəkir. Onun Üməyyə övladlarına münasibəti saxtadır. Çünki qanı o qandandır. Axırda dayımı da, Əbu Süfyanı da adlayıb keçəcək.»
Həzrət Məhəmmədin(s) və həzrət Əlinin(ə) əmilərindən ayrılıb birlikdə bazarı dolaşması Əmir ibn Hişamın diqqətindən yayınmadı. «Hələ qoy bu böyüsün, gör onda haşimilər nə güclənir.» – deyə baxışlarını həzrət Əliyə(ə) tuşladı. Sonra ətrafına göz gəzdirib qiybət etməyə adam axtardı. Qonşu taxtda əyləşmiş taciri görüb ürəyindəkiləri qəribə bir yanğı ilə dilə gətirdi:
-Deyirəm adamda bəxt yaxşı şeydir. Yetim oğlan olasan, işin bu cür düz gətirə. Məkkənin ən gözəl, zəngin qadını ilə evlənəsən, ticarətdə ziyan etməyəsən, adamlar arasında nüfuz sahibi olasan.
Qonşu tacir Əmir ibn Hişamın onunla söhbət etmək istədiyini görüb nəzakət xətrinə dilləndi:
-Düz buyurursan, Məhəmməd Əmin xeyirxah insandır. Deyirlər heç verdiyi sərmayədən sələm də almır.
Qəlbindən qara qanlar axan Əmir ibn Hişam qonşu tacirin səmimiyyətlə və sadəlöhvlüklə dediyi bu sözlərdən əsəbiləşsə də, özünü o yerə qoymadı.
-Kəbənin təmiri yadındadırmı, ya Əmir? – deyə qonşu tacir Əmir ibn Hişamı süzdü. Sonra sözünə davam etdi – Həcərül-əsvədi hansı qəbilənin götürüb yerinə qoymaq söhbəti ortaya çıxanda az qala qan davası düşəcəkdi. Kim məkkəliləri uzun sürəcək bir düşmənçilikdən xilas etdi?
Qonşu tacir öz sualına özü cavab verdi: – Əlbəttə, Məhəmməd.
Əmir ibn Hişamın qəzəbdən iriləşmiş gözlərində qığılcımlar oynadı. Əsəbi halda əlini yelləyib üzünü yana çevirdi.
Qonşu tacir Əmir ibn Hişamın əhvalındakı dəyişikliyi görüb yumşaq bir məzəmmətlə dilləndi:
-Hər şeyi qara rəngdə görmək, adamlara ləkə yaxmaq yaxşı hal deyil. And olsun yeri göyü yaradan Allaha ki, Məhəmmədin üzündəki nur onun ağıllı, müdrik adam olduğuna dəlalət edir.
Qonşu tacirin hənifi dininə mənsub olduğunu az qala unudan Əmir ibn Hişam onun məzəmmətindən sonra bayaqdan içini didib parçalayan qəzəb canavarının qarşısını ala bilmədi:
-Mən bütləri danan, tək Allaha ibadət edən yəhudilərə də, məsihilərə də, hənifilərə də nifrət edirəm. Yəqin, Məhəmmədi də çəkmisiniz öz tərəfinizə. Ona görə belə müdafiə edirsən onu.
-Səhvin var, ya Əmir. Məhəmməd özü artıq yeni din yaradıb. Böyük mələk Cəbrayıl Hira dağında onun gözlərinə görünüb. Allahdan vəhy nazil olub. Artıq o bütlərə hədyanlar deyərək onlardan imtina edib. Allahdan başqa məbud yoxdur deyir.
-Necə, necə? – deyə Əmir ibn Hişam qonşu tacirin sözünü kəsib yerində qurcalandı. Təzədən sual dolu baxışlarını ona zillədi.
-Bəli, Məhəmməd indi adi adam deyil. Allahın sonuncu peyğəmbəri, onun yer üzündə Rəsuludur.
Adətinə görə hər şeylə maraqlanan, Məkkədə baş verənləri hamıdan əvvəl bilməyə çalışan Əmir ibn Hişam bu xəbəri gec eşitməyini özünə bağışlaya bilmədi. «Necə yəni, Məkkədə yeni din yaransın, bunu mən bilməyim?» – deyə öz-özünə düşündü. Bu xəbəri gec eşitdiyi üçün qəlbində Həzrət Məhəmmədə də, onun yaratdığı yeni dinə də hədsiz kin və nifrət yarandı. O, indi qonşu taciri nə görür, nə də eşidirdi, fikri Həzrət Məhəmmədin yanında idi: «Yaraşıqlı ev, qul-qaravaşlar, gözəl və zəngin qadın, var-dövlət... İndi də könlündən peyğəmbərlik keçir. Məkkənin adlı-sanlı kişiləri qırılıb ki, yetimliklə böyümüş, əmi himayəsində yaşamış bir insan peyğəmbər olsun. Yox, buna dözmək olmaz. Məhəmməd artıq ağ eləyir.»
Əmir ibn Hişam beynindən keçən bu çirkin fikirləri götür-qoy edə-edə nəzərləri yenə həmin yerdə dayanıb şirin söhbət edən Haşim oğullarına tuşlandı. Dayısının yaxın dostu Əbu Uzza qardaşlar arasında daha zəngin və imkanlı idi. «Yaxşı Məhəmməd, sənə elə tələ qurum ki, ömür boyu baş açmayasan» – deyə hiyləgərcəsinə gülümsündü.
-Anamız Lat zarafatı xoşlamır ha, ya Əbu Uzza!.. Hübəlin də intiqamı sərt olur...
-Səni anlamadım Ya Əmir. Açıq de görüm, nə demək istəyirsən? Axı, birdən ikiyə bizim aramızda belə atmacalı söhbət olmayıb. – Əbu Uzza sərt bir nəzərlə mübahisə etməkdə ad çıxarmış Əmir ibn Hişamı süzdü.
-Sənə bir böyük kimi hörmətim var, ya Əbu Uzza, ancaq nə danışdığımı, nəyə işarə etdiyimi də bilməmiş olmazsınız.
-Sözünü açıq de. Sənə bildirdim ki, anlamadım bu dolayı söhbəti, – deyə Əbu Uzza yenidən sərt bir cavabla Əmir ibn Hişamın sözünü kəsdi.
-İndi sənə qəzəblənmək yox, yalvarıb bütlərə səcdə eləmək lazımdır ki, Haşim oğullarının günahından keçsinlər.
Əmir ibn hişam Əbu Uzzanın pörtmüş sifətinə baxıb məmnunluqla gülümsündü. Artıq o istəyinə çatmışdı. Hirslənmiş Əbu Uzzanı hansı tərəfə çəksəydi gedəcəkdi.
-Yenə bildirirəm, ey Əmir! Hələ cavansan, sənə yaraşmaz ki, mənimlə belə danışasan. Sözün varsa, açıq de!..
Əbu Uzza sözünü deyib Əmir ibn Hişamı yenə sərt bir nəzərlə süzdü. Ondan narazı qaldığını açıq-aşkar sezdirdi.
Əmir ibn Hişam atdığı oxun hədəfə dəydiyini görüb acgöz ovçu kimi pusqudan çıxdı. Daxili bir məmnunluqla Əbu Uzzaya tərəf əyildi.
-Ya Əbu Uzza, məgər qardaşın oğlu Məhəmmədin özünü peyğəmbər elan etməsindən, yeni din yaratmasından xəbərin yoxdur?
Bir anlığa özünü itirən Əbu Uzza Əmir ibn Hişamı təəccüblə süzdü. Saçlarından tər axan Əmir ibn Hişam sanki bu tərin içində boğulacaqdı.
-Nə din, nə peyğəmbər? Sən nə danışırsan? – deyə Əbu Uzza ani sükutdan sonra bəd xəbər eşitmiş adamlar kimi heyrətlə baxışlarını Əmir ibn Hişamın tərli sifətinə, qızarıb şişmiş gözlərinə dikdi.
-Bütlərə xəyanət Haşim oğullarına yaraşmaz. Ona görə də yolunu azmış Məhəmmədi tənbeh edib düz yola gətirmək sizlərin borcudur.
-Dayan görüm, deyəsən sən özün işi qəsdən dolaşdırırsan, – deyə Əbu Uzza Əmir ibn Hişamın sözünü kəsdi. Onun gözlərində oynaşan bəd niyyətli qığılcımlar Əbu Uzzanın nəzərindən yayınmamışdı. -Məhəmməd mənim qardaşımın yadigarıdır. Mən razı olmaram ki, kimsə onun haqqında böhtan desin.
-Lat və Uzza haqqı mən böhtan demirəm, –Əmir ibn Hişam qorxaq bir nəzərlə oturduğu yerdən ayağa durub onu tərk etmək istəyən Əbu Uzzanın qolundan tutdu. Ağzını onun qulağına yaxınlaşdırıb mühüm sirr açan adamlar kimi pıçıldadı: – Məhəmməd özünü peyğəmbər elan edib. Yeni din yaradıb. Müqəddəs bütlərimizə hədyanlar deyir. Bunu təkcə mən yox, bütün Məkkə əhli söyləyir.
-Necə, necə?!. – Artıq Əmir ibn Hişamın sözlərinə inanmağa başlayan Əbu Uzza yerində vurnuxdu. Heyrətlə Əmir ibn Hişamın üzünə baxdı: – Məhəmməd bütlərə hədyanlar deyir?!.
-Bəli, bəli – deyə Əmir ibn Hişam coşqunluqla dillənib Əbu Uzzada həzrət Məhəmmədə qarşı kin oyatmağa çalışdı. – Deyir ki, bu cansız bütlər heç nəyə qadir deyil. Bütpərəstlər kafirdir. Yerin, göyün sahibi Allahdır.
-Məhəmməd də qoşulub o murdar hənifilərə? – deyə Əbu Uzza Əmir ibn Hişamın sözlərini öz bildiyi kimi yozdu. Yeni din, peyğəmbərlik məsələlərini hələ dərk edə bilmirdi.
-Yox, yox. Hənifilərə qoşulsa, yaxşıdır. İslam adlı yeni din yaradıb. Guya gözlərinə böyük mələk Cəbrayıl görsənib. Allahdan vəhy nazil olub. İndi deyir ki, bütləri bir kənara atıb hamımız vahid Allaha tabe olmalıyıq. Allahdan başqa ibadət ediləcək məbud yoxdur.
Əbu Uzzanın sifəti tutqunlaşdı. Yenidən ağzı köpüklənə-köpüklənə danışan Əmir ibn Hişamı diqqətlə süzdü. İstidən pörtmüş sifət, irilib hədəqədən çıxmış qırmızımtıl gözlər onda artıq rəğbət oyatmağa başlamışdı. Arvadı Ümmü Cəmilin sözlərini xatırladı. « O ticarəti atıb dağı-daşı dolaşır, az qalıb ki, divanəlik eləsin.» Arvadının sözlərini xatırlayan Əbu Uzza düşündü: «Bu arvadlara niyə ağılsız deyirlər, bilmirəm. Deyəsən, Ümmü Cəmil haqlıdır. Mən də axır vaxtlar onun hərəkətlərində qeyri-adilik görürəm.»
-Ya Əmir, nəinki Məhəmməd, mənim yanımda heç kim cəsarət edib bütlərə hədyanlar deyə bilməz. Doğma oğlumdan da keçmərəm bu yolda. Məgər bütlər deyilmi bizim ruhumuzun müdafiəçiləri? Bütlər deyilmi uğurlarımızın səbəbkarı?!.
-Elədir ya Əbu Uzza, – deyə Əmir ibn Hişam müsahibinin qəzəbləndiyini görüb ona bir kasa sərin su süzdü. – Bütlərin bizlərə qəzəbi tutmasa yaxşıdır. Bir nəfərin günahı üzündən Məkkəni vəba bürüyə bilər. Qurbanlar kəsib nəzir vermək lazımdır ki, bütlərin qəzəbi soyusun.
-Ya Əmir, sənin yanında Lat və Uzzaya and içirəm ki, indiyə kimi mənim bu işdən xəbərim yox idi. Əgər, həqiqətən, Məhəmməd bütlərə qarşı çıxsa, mən də ona qarşı çıxacam.
Əbu Uzzanın bu qeyzli sözündən sonra artıq söhbətə ehtiyac qalmadı. Hiyləgər Əmir ibn Hişam həzrət Məhəmməddən başqa adamın yox, öz əmisinin qisas alacağına tam əmin oldu. Bu əminlik onu sevindirdi. Daha naşılıq edib hisslərini büruzə vermədi. Əksinə, Əbu Uzzanı sakitləşdirməyə çalışdı.
-Mənim deməyim odur ki, çalışın Məhəmmədi düz yola qaytarın, yoxsa tayfanızın adına xələl gələr. Elə zənd edirəm ki, o səni eşidər. Bu barədə Əbu Talibə də məsləhət etsən yaxşı olar.
Əmir ibn Hişamın ustalıqla söhbəti rahat bir məcraya yönəltməsi Əbu Uzzanın ürəyindən oldu. Hirsi bir az soyudu. Ancaq fitnəkar Əmir ibn Hişam öz zəhərli oxunu atmış, duru suyu bulandırmışdı. O, son sözləri elə-belə nəzakət və təsəlli xətrinə demişdi. Bilirdi ki, Əbu Uzzanın azacıq sakitləşməsi müvəqqətidir. Artıq qəlbində həzrət Məhəmmədə(s) qarşı tonqal çatılmışdı.
***
Günlər keçirdi. Həzrət Məhəmməd(s) Hira dağında görüb eşitdiklərinin təsiri altında idi. Ancaq o, hiss edirdi ki, insanları Allahın böyüklüyünə inandırmaq üçün cənab Cəbrayıldan eşitdiyi bir-iki kəlmə kifayət deyil. Həzrət Məhəmməd(s) bütün varlığını böyük Allaha təslim etmişdi. İndi onun yeganə ümid yeri, pənahı aləmlərin Rəbbi idi. O, özü Allahın böyüklüyünü, hər şeyə qadirliyini dərk edirdi. Ancaq ətrafdakıları da inandırmaq gərək idi. Buna görə də Böyük mələyi yenidən görmək həvəsi qarşısı alınmaz bir istəyə çevrilmişdi. Dəfələrlə Hira dağına gedib gecələrini mağarada keçirsə də, bütün varlığını nurlandıran həmin məqam təkrar olunmurdu ki, olunmurdu. Bir vaxt həyəcanlandığı həmin ramazan gecəsinin həsrəti ilə yaşayırdı. Vaxt isə ötürdü. Artıq Həzrət Xədicənin təsəllisi onu ovundurmurdu. On yaşlı həzrət Əlinin(ə) uşaq marağı ilə dolu suallarını susmaqla cavabsız qoyurdu.
Həzrət Məhəmməd bütün günü düşünür, yenə də düşünürdü. Nə əlinə iş yatırdı, nə dilinə söz. İşıqlı yuxuları da qeyb olmuşdu.
O, bir gün Hira dağında olarkən hündür bir qayanın üstünə çıxıb ovuc içi kimi görünən Məkkəyə, göz işlədikcə uzanan ucsuz-bucaqsız səhraya baxdı. Qırx illik ömrü gözləri önündən gəlib keçdi. Ən çətin anlarında olduğu kimi yenə anası Əminəni xatırladı. Onda Həzrət Məhəmmədin(s) cəmi altı yaşı vardı. Anasının son dəfə onu lal baxışlarla süzüb başını sığallaması, köksünə sıxıb üz-gözündən öpməsi heç vaxt yadından çıxmazdı. Ayrılmaq istəmirdi Əminə öz balasından. Son nəfəsinə kimi də Həzrət Məhəmmədin(s) körpə əllərini ovcunda saxladı. Xidmətçi qadın Ümmü Əymənin çığırtısından diksinib qorxan balaca Həzrət Məhəmməd(s) nələr baş verdiyini həmin an dərk edə bilməmişdi. Babası Əbdül Müttəlibin nurani çöhrəsi gəldi gözləri qarşısına. Süd anası Həliməni xatırladı.
Həzrət Məhəmməd bir daha doğma şəhərini yüksəklikdən seyr etdi. Sonra başını yuxarı qaldırıb əllərini göyə açdı. Ulu Tanrıya dualar etdi. Yerin, göyün sahibi ilə təmasda olmaq keçdi ürəyindən. Cənab Cəbrayılın əzəmətli vücudunu görmək, qeyri-adi səsini eşitmək istədi. Qum dənizinin lap sonunda, yerlə göyün birləşdiyi yerdə bir qaraltı dəydi gözünə. Həzrət Məhəmməd fikrini cəmləyib o nöqtəyə bir də baxdı. Nə idi o qaraltı? Qızmar səhra günəşinin yaratdığı bir ilğımmı, yoxsa... Qulağını güclə eşidiləcək bir zəng səsi döyəclədi. Hira dağının mehi həzrət Məhəmmədin hərarətdən yanan çöhrəsinə bir sərinlik səpdi, fikrinə, xəyalına bir aydınlıq gətirdi. Elə həmin andaca sıldırım qayanın üstündə nə üçün dayandığı barədə öz-özünə sual verdi. Gözucu dayandığı sıldırımlığın dərinliyinə baxdı. Gözləri qaraldı. Cəld geri çəkildi. Cənab Cəbrayılın əzəmətli vücudu nazil oldu.
Onun qeybdən söylədiyi sözlər Həzrəti-Məhəmmədin(s) qəlbinə möhürlənirdi. Gələcək həyat yolunu işıqlandırırdı.
Böyük mələk cənab Cəbrayıl qeyb olmuşdu. Həzrət Məhəmməd(s) bu ilahi sözlərin təsiri atında bir müddət süst dayandı. Yaddaşına həkk olunmuşları bir də təkrar etdi. Özündə yeni güc-qüvvət hiss elədi. Dizlərinin taqəti artdı. Qəlbində olan işıq gurlaşdı.
Həzrət Məhəmməd(s) elə bil həyata yenidən qayıtmışdı. Həmin müqəddəs ramazan gecəsində olduğu kimi indi də hər tərəf ona nurlu və işıqlı görünürdü. Bədirlənmiş Ay Məkkəni gün kimi işıqlandırırdı. Yenə də ulduzlar əl çatacaq qədər ona yaxın idi. Əzəmətli Kəbənin kölgəsi az qala şəhərin yarısını tuturdu.
Xədicə yatmamışdı. O, ərinin gec gəlməsinə artıq adət eləmişdi. O, indi Həzrət Məhəmmədə(s) təkcə əri kimi yox, həm də Allahın Rəsulu kimi ehtiram göstərirdi. Son vaxtlar həzrət Məhəmmədin(s) sıxıntı keçirməsi Həzrət Xədicəni o qədər də narahat etmirdi. Onun ürəyinə dammışdı ki, çətinliklər və sıxıntılar ötəridir. Allah insanlar arasından seçdiyi elçisini heç vaxt darda qoymaz.
Həzrət Məhəmmədin(s) qapıda görünməsi ilə Həzrət Xədicənin ayağa qalxması bir oldu. Ancaq nə qədər tez ayağa dursa da, qonşu binada yaşayan Zeyd daha cəld tərpənərək həyət qapısına yaxınlaşdı. Həzrət Əli(ə) də artıq oyanmışdı.
Həzrət Xədicə ərinin xoş əhval-ruhiyyədə olduğunu görəndə ulu Tanrıya şükürlər etdi. Sonra hər gün olduğu kimi yenə sual dolu baxışlarını onun üzünə dikdi. Bu lal baxışlar sanki ondan soruşurdu: «Hə, nə oldu, Böyük mələk yenə gözünə göründümü?»
-Bu gün yəqin etdim ki, ulu Tanrı məndən üz döndərməyib.
Həzrət Xədicə ərinin bu sözünə gülümsəməklə cavab verdi. Qəribə idi, bu gün Xədicə ona təsəlli verməkdənsə, o özü Həzrət Xədicəni ovundururdu.
Həzrət Xədicə yenə ərinin üzündə nur haləsini gördü. Müqəddəs ramazan gecəsində Hira dağından qayıdanda da o beləcə nur saçırdı.
-Üstümü ört, mən yatıram.
Həzrət Xədicə bu sözlərdən də heyrətləndi.
«Bismillahir-rəhmanir-rəhim. 1.Ya–əyyuhəl–muddəsir.2. Qum fə ənzir. 3.Və rəbbəkə fəkəbbir.4.Və siyabəkə fətəhhir.5. Bərruzcə fəhcur».
Bismillahir-rəhmanir-rəhim. 1.Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! 2.Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! 3. Öz Rəbbini uca tut! 4. Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) 5.(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
(Qurani-Kərim «Əl-Müddəsir» surəsi, 1–5-ci ayələr)
Qəfil səsə həzrət Məhəmməd(s) diksindi. Yüngül əbasını üstündən kənara atıb yerindən dikəldi. Xədicə hələ otaqda idi. Ərinin yerindən qəfil duruşu onu narahat etdi.
Həzrət Məhəmmədin(s) bənizi ağarmışdı. Baxışlarında həyəcan duyulmaqdaydı.
-Ya Məhəmməd, sənə nə oldu?
Danışmağa taqəti olmayan həzrət Məhəmməd(s) yalnız baxışlarını Xədicəyə zilləməklə kifayətləndi.
***
Palaz və xalı döşənmiş otaq sadə və cazibədar idi. Otaq boyu salınmış xalçaların üzərində ipək üzlü döşəkçələr və mütəkkələr düzülmüş, ortalığa uzun ağ kətan süfrə açılmışdı. İki qara qul süfrəni bəzəməklə məşğul idi. Naxışlı kuzələr və zərif piyalələr şərab əvəzinə dəvə südü ilə doldurulmuşdu və saxsı qablarda isə qoz ləpəsi və püstə var idi. Süfrənin hazırlanmasında xüsusi canfəşanlıq və köməklik göstərmiş həzrət Əli(ə) təəccüb və təşviş dolu baxışlarını Həzrət Məhəmmədə(s) tuşlayıb soruşdu:
-Ya Rəsulallah, hazırlanmış xörək çatacaqmı qonaqlara?
Həzrət Məhəmməd gülümsünərək yumşaq bir tərzdə dilləndi:
Çatar, əzizim, çatar. Peyğəmbər süfrəsinin bərəkəti nəinki bir tayfanın oğullarına, bütün Məkkə əhlinə də yetər.
Həzrət Məhəmməd(s) yenidən həzrət Əlinin(ə) nə isə demək istədiyini görüb sözünə əlavə etdi:
-Çünki bu süfrə böyük Allahın adına açılıb. Allah aləmlərin Rəbbidir. Hər şeyə qadirdir, Hər şeyə sahibdir. Onun üçün mümkün olmayan heç nə yoxdur.
Həzrət Məhəmməd(s) sözünü qurtarıb xeyirxah və sakit nəzərlərini həzrət Əlinin(ə) üzünə dikdi. Peyğəmbərin sözlərindən coşmuş həzrət Əli(ə) kükrəyib düşündüklərini demək istəyirdi. Ancaq hələ uşaq utancaqlığı və məsumluğu bu coşan dənizin qarşısını səd kimi kəsirdi. Onun sifətinin nuru artmış, alnındakı işıq haləsi böyümüşdü. Həzrət Məhəmməd(s) bu utancaqlıq pərdəsini aradan götürmək, həzrət Əlini(ə) daha da ürəkləndirmək, onun danışmasına təkan vermək üçün ciddi tərzdə dedi:
-Ya Əli, artıq sən uşaq deyilsən. Sən böyük Allaha iman gətirmiş, Tanrının itaətinə keçmiş məndən sonra ikinci kişisən. Sənin ətin mənim ətimdən, qanın mənim qanımdandır. Mən səndənəm, sən məndən. Sən mənim arxam, köməyimsən. Qiyamətə kimi sənin adın mənim adımın yanında olacaqdır... Düşündüklərini de ya Əli. De ki, Allahdan başqa Allah yoxdur. De ki, yerin, göyün, bütün aləmlərin sahibi odur. Harda oldun de. Kiminlə söhbət etdin, de. Allahın Rəsulu kimi artıq açıq dəvətə icazə verirəm. Allah tərəfindən mənə qohum-əqrabamı dinimizə açıq dəvət etmək üçün vəhy gəlmişdir. Bugünkü ziyafətdə də məqsədim qohumlarımı dinə, Allahın himayəsinə dəvət etməkdir.
Həyət qapısında səs-küy gəldiyindən onların söhbəti yarımçıq qaldı.
***
Başı ticarət işlərinə qarışmış Əbu Uzza aradan az vaxt keçməsinə baxmayaraq Əmir ibn Hişamla aralarında olan söhbəti unutmuşdu. Həzrət Məhəmmədin(s) onu evinə qonaq dəvət etməsi yenidən həmin hadisəni onun yadına saldı. Ziyafətin hansı məqsədlə təşkil olunduğunu ağlına belə gətirməyən Əbu Uzza «bu qonaqlıq lap yerinə düşdü. Məhəmmədlə əməlli-başlı danışaram görüm nə məsələdir» – deyə düşündü. Sonra taxta rəfin üstündəki bütə baxıb ona səcdə etdi. Günahlarının bağışlanmasını rica etdi. «Sizə qarşı çıxan adam kimliyindən asılı olmayaraq məhv olmalıdır. Sizə hədyanlar deyəndən intiqamı özüm alacam.» Əbu Uzza yenidən bütə baxdı. Cansız büt öz donuqluğunda qalmışdı. Əbu Uzzanın vücudundan gizli bir üşütmə keçdi. Yadına Kəbədəki qızıl ahuları oğurlamağı düşdü. Üstü açılmış bu bədnam oğurluqdan sonra o bütlərə sidq ürəkdən sitayiş edəcəyinə and içmişdi. İndi isə ona elə gəldi ki, qarşısındakı bu büt adi bir gümüş parçasıdır. Nə onun intiqam çağırışına cavab vermək, nə də dualarını eşitmək iqtidarında deyil. Bir anın içindəcə bütün bütlər onun nəzərində cılızlaşıb adiləşdi. Məkkə ilə İraq arasındakı nəhəng Uzza da, Kəbədəki Hübəl də, Səfa dağının zirvəsindəki Esaf da, Məkkə ilə Yəsrib arasındakı qədim Mənat da, Taifdəki Lat da kiçilib, kiçilib əl içi boyda oldu. Əbu Uzzaya elə gəldi ki, insanların səcdə etdiyi, şərəfinə qurbanlar kəsdiyi bu bütlər daş yığnağından başqa bir şey deyillər. Əbu Uzza beyninə dolan bu fikirləri ciddi-cəhdlə özündən kənarlaşdırdı. Otaqda var-gəl edib həzrət Məhəmmədin(s) əlehinə hədyanlar söyləməyə başladı. «Əgər, doğrudan da, Əmir ibn Hişamın dedikləri düz olsa, vay sənin halına Məhəmməd» – deyə öz-özünə pıçıldadı.
-Nə olub yenə, öz-özünə nə danışırsan, – deyə Əbu Uzzanın hərəkətlərinə göz qoyan Ümmü Cəmil ərinə yaxınlaşdı. Ondan cavab gözləməmiş ikinci sualını verdi:
-Xeyirdirmi, yenə Haşim oğulları niyə bir yerə toplaşırlar? İlin günün bu vaxtı nə ziyafətdi belə? Haçan onlardan sənə xeyir gəlib?
Sual atəşinə tutulan Əbu Uzza nə deyəcəyini heç özü də bilmirdi. Ancaq dəvətdən boyun qaçırmaq olmazdı. Arvadı buna nə qədər narazı olsa da, o qardaşlarının çağırışına getməliydi.
***
Haşim oğulları – Əbu Talib, Abbas, Həmzə və Əbu Uzza özlərini Həzrət Məhəmmədin evində çox rahat hiss etdilər. Yalnız ciddi və vacib bir iş olanda bir yerə toplaşıb tayfanın mənafeyi naminə məşvərət edən qardaşlar bugünkü ziyafətdən razı qalsalar da, nə üçün çağrıldıqlarını hələ ayırd edə bilməmişdilər. Əsas mövzu olmadığına görə onlar ordan-burdan, ticarətin gedişindən söhbət açdılar.
Əbu Uzzanın oğlanları – Utbə və Uteybə ziyafətə gəlsələr də bir tərəfdə oturub sakitcə əmilərini dinləyirdilər. Əmilərinin bu şirin söhbətlərinin sonradan necə qurtaracağını həyəcanla izləyirdilər. Bilirdilər ki, ataları yeni din haqqında, həzrət Məhəmmədin peyğəmbərliyi barədə eşitsə, tufan qoparacaq.
Həzrət Məhəmməd(s) daxilən rahat idi. Zahiri hərəkətlərində də həyəcandan əsər əlamət duyulmurdu. Yeni nazil olmuş «Şura» surəsinin ayələri ilahi bir ahənglə qulaqlarında səsləndi.
Bu ayənin hikməti və qüdrəti Həzrət Məhəmmədə yeni ilham verdi. Artıq onu tutduğu yoldan kimsə saxlaya bilməzdi. O, açıq dəvətə keçməli idi.
Möcüzə görürmüş kimi diqqətlə həzrət Məhəmmədə(s) baxan Haşim oğulları əvvəlcə Həzrət Məhəmmədin dediklərindən heç nə anlamadılar. Ancaq onun möhkəm məntiqi, əsaslı sübutları qardaşları bir qədər düşünməyə vadar etdi.
-Hira dağında böyük mələk Cəbrayıl mənim gözlərimə görünüb. Allahın kəlamlarını mənə çatdırıb. Mən Allah tərəfindən seçilmiş sonuncu peyğəmbərəm. Məqsədim Allahın böyük mələk Cəbrayıl vasitəsilə mənə nazil etdiyi ilahi kəlamları insanlara çatdırmaq, hamını Allahın böyüklüyünə inandırmaqdır. Yerin, göyün sahibi siz səcdə etdiyiniz bütlər yox, böyük Allahdır. Kainatı yaradan odur. Allahdan başqa Allah yoxdur. Ey qohumlarım, ey Haşim oğulları, mən ilk dəvətimi sizlərdən başlayıram, bütlərdən üz çevirib bütün aləmlərin Rəbbinə ibadət etməyə çağırıram sizi. Özünüzü böyük Allaha təslim edin, xoşbəxtlik, səadət, xeyirxahlıq, bərabərlik gətirəcək yeni dini qəbul edin. Allah-taala məni peyğəmbər seçməklə sizləri də şərəfləndirib. Qoy Haşim oğulları yeni dinin qurucuları olsun. Başladığım müqqəddəs yolda mənim yardımçıma çevrilsinlər.
Həzrət Məhəmmədin təmkinlə və böyük ilhamla dediyi bu sözlər Əbu Talibi, Abbası, Həmzəni və digər Haşim oğullarını riqqətə gətirdi. Ayaqlarını altına yığıb oturmuş Əbu Uzzanın sallaq yanaqları pörtmüş, boynunun damarları hiss olunacaq dərəcədə yoğunlamışdı. O, əllərini yerə söykəyib çətinliklə kök, ətli əndamını qaldırdı. Ayaq üstə var səsi ilə bağırdı:
-Sən bütün qəbilənin adına ləkə gətirirsən. Məkkədə heç kimin yox, təkcə sənin söhbətin gedir. Mən də Əmir ibn Hişamı qınayıram ki, sənin haqqında böhtan deyir. Sən demə, onun dedikləri doğruymuş. Mənim heç nədən xəbərim yoxuymuş. Ey mənim qardaşlarım! Ey Əbu Talib! Məhəmmədin sözlərinə əhəmiyyət verməyin. Bilin ki, bütlər zarafatı xoşlamır. Çox pis cəzalandırarlar bizi. Gəlin Məhəmmədi bu divanəlik yolundan çəkindirək. Nə qədər olmasa, özümüzünküdür. Gördüyü hər bir iş qəbilənin adı ilə bağlanacaq. Sabah Qüreyşilərə nə cavab verəcəyik. Onsuz da bəhanə axtarırlar adımıza ləkə yaxmağa.
Həzrət Məhəmməd(s) artıq Əbu Uzzanı eşitmirdi. İri gövdəli bu adam indi onun gözlərində kiçilib həşarat boyda olmuşdu. Ona elə gəldi ki, Əbu Uzza danışmır, çöl arısı kimi vızıldayır və bu vızıldayan həşarat otaqda bir az da qalsa, onun ürəyini bulandıracaqdır. «Səbr, səbr, səbr...» – deyə həzrət Məhəmməd(s) öz-özünə pıçıldadı. Bu ona qarşı edilən ilk hücum idi. Hələ belə hücumları o, çox görəcəkdi. Ona görə də təmkinlə və səbrlə hər şeyə dözmək lazım idi.
On bir yaşlı həzrət Əlidən(ə) başqa otaqda kimsə qalmamışdı. Həzrət Məhəmməd(s) bu məsum yeniyetmənin həyəcandan böyümüş gözlərinə, nurlu çöhrəsinə baxanda pərtliyini büruzə verməmək üçün gülümsündü. Artıq onun pərtliyi də ötüb keçmişdi. Həzrət Əlinin(ə) qəlbindəki hədsiz sədaqət, tanrı sevgisi, baxışlarından və çöhrəsindən aydın oxunurdu. Həzrət Məhəmməd(s) hiss etdi ki, qəlbi Tanrı sevgisi ilə, ona qarşı sədaqətlə dolu alan bu yeniyetmə son nəfəsə qədər onunla birgə olacaqdır. Həzrət Məhəmməd özünün ən yaxın sirdaşı, dindaşı, məsləkdaşı barədə seçimini çoxdan, ilk vəhy gəlməmişdən əvvəl ona ibadət etməyi öyrətdiyi zaman etmişdi.
Aradan bir neçə gün keçməsinə baxmayaraq həzrət Məhəmməd(s) ögey əmisi Əbu Uzzanın sözlərinin təsirindən çıxa bilmirdi. Əslində, o, əmilərinin heç birindən elə bir pislik görməmişdi. Bütün məkkəlilər kimi onların da qəbiləsində birlik və ailə təəssübkeşliyi güclü idi. Həzrət Məhəmməd(s) bilirdi ki, Allahın yeni dini uğrunda aparacağı mübarizədə mənsub olduğu Haşimi qəbiləsi, onu yalqız qoymayacaqdır. Ancaq Əbu Uzzanın ona qarşı çıxması həzrət onun qəlbinə toxunurdu. İlk addımda ilk zərbənin ona Əbu Uzza tərəfindən vurulacağını gözləmirdi. «Hardandır mənə qarşı bu qədər kin küdurət Əbu Uzzada» – deyə həzrət Məhəmməd düşündü. Gözləri önündə Əbu Uzzanın arvadı Ümmü Cəmil gəlib dayandı. Əbu Süfyanın bacısı olan Ümmü Cəmil qardaşı kimi kinli və şöhrətpərəst idi. Bəni Üməyyənin təəssübünü Haşim oğullarına vermirdi.
Ziyafətdə Əbu Uzzanın ona qarşı çıxması həzrət Məhəmmədi(s) bir müddət daxilən narahat etsə də, ruhdan salmadı. Artıq o açıq mübarizəyə keçmişdi. Ətrafında olan az saylı müsəlmanlar da namazlarını açıq-aşkar qılır, rast gəldikləri adamlara Allahın yeni dininin ilahi bir nemət olmasından danışır, cansız bütlərin heç nəyə qadir olmadığını dəlillərlə sübut etməyə çalışırdılar. Hələlik Məkkədə müsəlmanların bu əməllərinə elə güclü əks reaksiya verilmirdi. Əksinə, məkkəlilər maraq üçün müsəlmanları danışdırır, onları Allah və onun yeni dini barədə sorğu suala tuturdular.
***
Kəbə ətrafı həmişə olduğu kimi yenə qazan kimi qaynayırdı. Havanın həddindən artıq isti olmasına baxmayaraq hər tərəfdə qızğın alver gedirdi. Adamlar ən çox qul satılan yerə toplaşmışdılar. Zövq və şəhvət düşkünü olan məkkəlilər ən çox satılan qızlara baxırdılar.
Suheybi Rumi bir kənarda dayanıb hərraca qoyulmuş qullara baxırdı. Hər dəfə o bu məzlum insanlara baxanda ürəyindən qara qanlar axırdı. Bir vaxtlar onun özü də əsir düşüb beləcə qul bazarına çıxarılmışdı. Kim bilir Abdullah ibn Cüsaniyə rast gəlməsəydi indi hardaydı. Onu Bizansdan alıb Ərəbistana gətirən bu nəcib insana o, bütün ömrünü borclu idi. Abdullah onun əslən iranlı və bir vilayət hakiminin oğlu olduğunu biləndən sonra alıb azad etmişdi.
-Hə, bəlkə, sən də alasan bu gözəllərdən...
Tacirin səsi Rumini xəyaldan ayırdı, çevrilib ona baxanda əti ürpəşdi. Bu insan alverçiləri hamısı bir-birlərinə bənzəyirmiş. Onu da Abdullaha satan tacir beləcə gülə-gülə müştərisini ovsunlamış, çox baha qiymətə satmışdı.
Tacirin onun üzünə baxıb xoş bir qılıqla güldüyünü görən Rumi təbəssümlə başını buladı. «Yox» cavabı alan tacirin sifətindəki xoş qılıq bir andaca qəddarlıqla əvəz olundu və üzünü Rumidən çevirdi. «Bu insan alverçilərinin əsl sifəti məqsədlərinə nail olmayanda üzə çıxır» – deyə Rumi öz-özünə pıçıldadı.
-Ey Məkkə əhli! Haşim oğullarından Məhəmməd Əl Əmin adamları Səfa təpəsinə dəvət edib. Gedəyin görəyin nə danışacaq...
Kiminsə dediyi bu sözlər maraqlı əyləncə axtaran məkkəliləri yerindən tərpətdi. Adamlar dəstə-dəstə Səfa təpəsinə tərəf axışmağa başladılar.
Suheybi Rumi də qeyri-ixtiyari bu axına qoşuldu. Həzrət Məhəmmədi yaxından tanıyan, onun əxlaqlı, sözünün bütöv olduğunu bilən Rumi qarşıda onu nələr gözlədiyini heç ağlına da gətirmirdi. Rumi yolda Əmmar ibn Yasiri görəndə sevindi. Əslən Yəmənli olan Əmmar da Rumi kimi Məkkədə qərib hesab olunurdu. Ona görə də onların bir-birləri ilə söhbətləri tuturdu. Dostlar mehribanlıqla görüşüb Səfa təpəsinə gedən insan axınına qoşuldular.
-...Nicatınız bir kəlmə sözdədir. Hamınız bir ağızdan deyin: «La ilahə illəllah.» Sizi xəbərdar edirəm ki, əgər Allaha inanmasanız, böyük əzaba düçar olacaqsınız. Allah mənə sizlərə xəbərdarlıq etməyi əmr etmişdir. Siz yerin, göyün, bütün aləmlərin sahibi böyük Allaha inanın. Ərəblərdən heç kim qövmünə mənim sizə gətirdiyimdən xeyirli bir şey gətirməyib. Sizə dünyanızı da, axirətinizi də xilas edəcək ən xeyirli şeyi gətirmişəm. Allah sizi yeni dinə dəvət etməyi mənə əmr etmişdir. Bu sözləri sizə çatdırmaq Allahın Rəsulu kimi mənim vəzifəmdir...
Əbu Uzza özünü əvvəldən Həzrət Məhəmmədlə(s) mübahisə etməyə hazırlamışdı. Ona görə də üzünü ətrafdakılara tutub uca səslə hirsli-hirsli dilləndi:
-Gəlin çıxıb gedəyin. Siz onu məndən yaxşı tanıya bilməzsiniz. Peyğəmbərlik eşqinə düşən Məhəmməd demək istəyir ki, biz əcdadlarımızın səcdə etdiyi bütlərdən əl çəkib gözə görünməyən Allaha ibadət edək. Bu da yəhudilər, məsihilər kimi Allahı göydə axtarır.
Həzrət Məhəmməd nitqini yarımçıq kəsib Əbu Uzzanı başdan ayağa süzdü. Yenə ona zərbə ən yaxın qohumu olan eyni adam tərəfindən dəydi. Bu zərbənin təsiri daha güclü olduğundan o, danışa bilmədi.
-Niyə mənə elə baxırsan. Bizim müqəddəs bütlərə qarşı kim çıxsa cavabını belə verəcəyik. Ar olsun sənə. Sənin bu hərəkətin bizim adımıza ləkədir. – Qızışmış Əbu Uzza var səsi ilə bağırırdı. Adamlar artıq dağılmağa başlamışdılar. Kimsə sakitləşdirmək məqsədilə onun qolundan tutub çıxıb getməyi işarə etdi.
-Yox, onun cəzasını mən özüm verəcəm, – deyə Əbu Uzza daha da qızışdı. Yerdən daş götürüb həzrət Məhəmmədə tərəf atdı.
Həzrət Məhəmməd sakit, ancaq, çox ciddi bir nəzərlə ögey əmisinin hərəkətlərini izləyirdi. Üzərinə daş atılmasına baxmayaraq nə yerindən tərpəndi, nə də vüqarlı görkəmini pozdu. Gözlərini belə qırpmadı. Əvvəlki ciddi nəzərlərlə Əbu Uzzaya baxmaqda davam etdi. Ögey əmisinin ona daş atması hissiyatına toxundu. Daş ona dəyməsə də qəlbini göynətdi.
Elə həmin gündən başlayaraq Əbu Uzza Həzrət Məhəmmədin ən qəddar düşməninə çevrildi. Müsəlmanlar onu xasiyyətinə uyğun olaraq Əbu Ləhəb – Alov atası adlandırdılar.
İndi isə mübarək ilk xütbəsi yarımçıq qalmış Həzrət Məhəmməd düşünür, yenə düşünürdü.
Həzrət Məhəmməd düşüncələrdən ayrılıb nəzərlərini ona zilləyən əshabələrinə baxdı. Onların qəlbindən keçənləri duyub, qayğılı-qayğılı dilləndi:
-Mən Allah-taalanın buyruğunu yerinə yetirirəm! Əlbəttə, Əbu Uzza cəzasız qalmayacaq.
-Allahın qəzəbi tutacaq Əbu Uzzaya, – deyə Həbbab da Həzrət Məhəmmədə yaxınlaşıb söhbətə qoşuldu.
-Əbu Uzza yox, Əbu Ləhəb, – deyə kimsə Həbbabın səhvini düzəltdi.
Həzrət Əlinin(ə) sinəsi hiss olunacaq dərəcədə qalxıb enir, ürəyi qəfəsə düşmüş quş kimi çırpınırdı. Hadisələr bir az da belə davam etsəydi, Həzrət Əli(ə) irəli çıxıb ağsaqqal ögey əmisinin cavabını özü verəcəkdi.
Bir az kənarda dayanmış Zeydin baxışlarında da şimşəklər oynayırdı. Əbu Bəkr, Osman ibn Əfvan, Zubeyr ibn Əvam, Təlhə ibn Abdullah, Əbdülrəhman ibn Ovf və başqa müsəlmanlar da Əbu Ləhəbin aranı qarışdırmasından sonra həzrət Məhəmmədin ətrafına toplaşdılar. Hamısı qayğılı və düşüncəli idi.
Adamlar dağılışsa da Suheybi Rumi və Əmmar ibn Yasir yerlərindən tərpənməmişdilər. Onlar hələ də Həzrət Məhəmmədin dediyi sözlərin təsiri altında idilər. «La ilahə illəllah.» Bu ilahi kəlam onların bütün varlığına hakim kəsilmişdi.
«Deməli, Məhəmməd əl Əminə peyğəmbərlik verilmişdir.» – deyə Rumi öz-özünə pıçıldadı. – yəhudilərin də məsihilərin də gözlədiyi sonuncu peyğəmbər Məhəmməd əl Əmindir. Deməli, bizanslı rahibin dedikləri həqiqət imiş. Hələ neçə il əvvəl o, yeni və sonuncu peyğəmbərin zühur edəcəyini söyləmişdi.
Rumi Əmmardan ayrılıb Həzrət Məhəmmədə yaxınlaşdı. Onun çöhrəsindəki nuru, baxışlarındakı ümman dərinliyini görüb qarşısında təzim etdi.
-Ya Məhəmməd əl Əmin, mən də özümü Allaha təslim edib yeni dinini qəbul edirəm: «La ilahə illəllah Mühəmmədin Rəsulallah.»
-Dayan ya Rumi, – deyə həzrət Məhəmməd(s) qarşısında təzim etmiş Ruminin qolundan tutdu. – Əgər özünü Allaha təslim edirsənsə mənə yox, Allaha təzim et.
Qəddini düzəltmiş Rumi həzrət Məhəmmədin nurlu çöhrəsinə baxıb qürurla dilləndi:
-Ya Allahın Rəsulu, mən sənin zühur edəcəyini hələ Bizansda ikən eşitmişdim...
Ruminin hərəkətindən ruhlanan Əmmar da yaxına gəldi. Üzünü həzrət Məhəmmədə(s) tutub inamla dilləndi:
-Ya Məhəmməd, mən sənin sözlərinin dürüstlüyünə inanıram. Məkkə əhlindən bir nəfər də olsun deyə bilməz ki, Məhəmməd əl Əminin dilindən yalan eşitmişəm. Mən də Rumi kimi sənə inanır və Allahın böyüklüyünə pənah gətirirəm: «La ilahə illəllah Mühəmmədin Rəsulallah.»
Əmmar sözlərini bitirib Rumiyə nəzər saldı. Sonra hər ikisi nəzərlərini həzrət Məhəmmədə(s) tuşladı.
Həzrət Əlinin(ə) sevincdən gözləri dolmuşdu. Hamının onları tərk edib getdiyi anda Məkkədə o qədər də tanınmayan bu iki nəfərə heyrətlə baxırdı.
Həzrət Məhəmməd(s) baxışlarını ona zilləyib fərəhdən gülümsəyən bu məsum insanlara baxanda bayaqdan bəri onu üzən fikirləri, Əbu Ləhəbi və onun ətrafındakıları unutdu. «Bu gün iki nəfər, sabah beş nəfər, sonra onlarla, yüzlərlə, minlərlə insan söylədiyim həqiqətləri dərk edib Allahın varlığına və böyüklüyünə pənah gətirəcəkdir. Bax, onda Əbu Ləhəb kimilər daha qarşımıza sədd çəkə bilməyəcəklər» – Həzrət Məhəmməd(s) öz-özü ilə danışdığı söhbətdən ruhlanıb coşqunluqla dedi:
-Siz bu dinin, İslamın həqiqiliyinə inanırsınızsa, deməli, imanlı adamsınız. İslamın ən vacib şərti «La ilahə illəllah» sözlərini iqrar etməkdir. Siz bu sözləri dediniz. Siz artıq müsəlmansınız. Bilin ki, imanın ən yüksək dərəcəsi xalqın sənə inanmasıdır. Müsəlmanlığın da ən yüksək dərəcəsi xalqın səndən arxayın olmasıdır. Çalışın ki, xalq sizə inansın, sizdən arxayın olsun ki, həqiqətən, siz özünüzü böyük Allaha təslim etmisiniz, müsəlmansınız.
Həzrət Məhəmmədin(s) hər sözü, hər kəlməsi ilk müsəlmanların qəlbinə ilahi nur kimi axır, daxilən onları işıqlandırır, fikirlərini, düşüncələrini saflaşdırırdı.
* * *
Xovsuz xalça üzərində oturub şam yeməyi gözləyən Əbu Ləhəb qızardılmış dəvə ətinin xoş ətrini duyduqca yeməyin gecikməsinə əsəbiləşir, ac köpəklər kimi zəncir gəmirirdi. Oğlanları Utbə və Uteybə alaqaranlıq otaqda yumaq kimi bükülüb sakitcə oturmuşdular. Mətbəxdən gələn saxsı qabların taqqıltısı orda da hamının tələsdiyindən xəbər verirdi. Ancaq daha tələsməyin mənası yox idi. Əbu Ləhəb hirslənmişdi. Onun torbalı gözlərindən, ətli və tərli sifətindən kin və qəzəb yağırdı. Utbə və Uteybə başlarını aşağı salsalar da altdan-altdan atalarının hər hərəkətinə göz qoyur, hər kəlməsinə qulaq kəsilirdilər. Onlar gizlincə bir-birləri ilə baxışıb gülümsədilər. Bayaqdan bəri qışqırıb bağırmaq üçün bəhanə axtaran Əbu Ləhəb artıq yeməyin ləngiməyini unudub oğlanlarının üstünə çımxırdı.
-Siz nəyə gülürsünüz, hansı halımıza gülürsünüz?!.
Oğullar qəbahət iş görən adamlar kimi başlarını bir az da aşağı salıb dinmədilər.
-Hə, düz eləyirsiniz, – Əbu Ləhəb acı-acı güldü. – Onsuz da indi bütün Məkkə əhli bizə gülür.
Söz Utbəyə də Uteybəyə də qılınc zərbəsi kimi dəydi. Onlar ağılları kəsəndən indiyə kimi hələ heç kəsdən öz ailələri, qəbilələri barədə bir kəlmə də olsun artıq-əskik söhbət eşitməmişdilər. Onlar ata tərəfdən olduğu kimi ana tərəfdən də sayılan nəsilə söykənirdi. Onların Əbu Talib, Həmzə kimi sayılan əmiləri olduğu kimi Əbu Süfyan kimi də zəngin dayıları var idi. Əslində, Utbə və Uteybə iki böyük nəslin – Üməyyə övladları ilə haşimilərin arasında bir əlaqə idilər. Onların damarlarında hər iki nəslin qanı axırdı. Onlar Məkkənin adla deyilən cavanlarından idilər. Heç kim cəsarət edib nə onların arxasınca, nə də üzlərinə bir söz deyə bilməzdi. İndi atalarının «Bütün Məkkə bizə gülür» deməsi hər iki cavanın qəlbinə toxundu. Əbu Ləhəb oğlanlarının baxışlarında və hərəkətlərində narazılıq görüb səsini daha da qaldırdı:
-Biz Haşim oğulları indiyə kimi başımızı həmişə dik tutmuşuq. Heç kimin qarşısında gözükölgəliyimiz yoxdur. Üstümüzə diş qıcayana qılıncımızla cavab vermişik. Amma indi...
-İndi nə? – deyə Utbə artıq gərginliyə dözə bilməyib ailə qaydalarını unudaraq sərt bir tərzdə dilləndi: – Kimdir bizim ailəyə, nəslə rişxənd edən? Kimdir o başı bədəninə ağırlıq edən? Elə indi onun cavabını qılıncla verəcəm.
-Otur, – deyə Əbu Ləhəb yerindən durmaq istəyən Utbənin üstünə qışqırdı. – Mən bilirəm nə danışıram. Görmədin, o gün Səfa təpəsində Məhəmməd nələr deyirdi. Görmədin, adamlar necə rişxənd etdilər ona.
-Səndən başqa heç kim ona cavab qaytarma-
dı. Sən özün ona nəlayiq sözlər dedin. O da sənin üzünə qayıtmadı. Ayrı bir kimsə dillənmədi.
-Bu nədir, məni ittiham edirsən? – deyə Əbu Ləhəb yenidən qeyzləndi.
-Əsla yox, mən həqiqəti deyirəm, – deyə Utbə coşmuş halda cavab qaytardı.
-Mən sənin atanam... Yoxsa siz də bütlərdən üz döndərib Məhəmmədin dinini qəbul etmisiniz? Hübələ and olsun, ikinizi də qılıncdan keçirərəm.
-Yox, biz heç vaxt islamı qəbul etmərik. Ata-babamız hansı dinə inanırsa, biz də ona inanacağıq. – deyə bayaqdan sakit dayanmış Uteybə yerindən dilləndi.
-Bəs onda Məhəmmədi niyə müdafiə edirsiniz. – Əbu Ləhəb əsəbiliklə bildirdi.
-Hər iki qardaş eyni anda: – Biz heç kimi müdafiə etmirik. – dedilər.
Əbu Ləhəbin daşlaşmış qəlbinə bir anın içində mərhəmət hopdu. Söhbəti bitirmək istədi.
-Gəlin qurtaraq bu söhbəti. Amma onu bilin ki, Məhəmmədin tərəfdarları mənə təzə ad qoyublar. Əbu Ləhəb. Əmir ibn Hişama da Əbu Cəhl deyirlər. Eybi yox, qoy desinlər. Onları gör necə yandıracam... Nə isə... Daha sinənizə döyüb qürrələnməyin ki, bizə heç kim bir söz deyə bilməz. Ancaq sizin işiniz yoxdur, onların cavabını mən özüm verəcəm. Nə isə... Get de, yeməyi gətirsinlər. – Əbu Ləhəb Uteybənin üstünə çımxırdı.
-Yox! Qurtarma hələ, niyə qurtarırsanki söhbəti? -deyə bayaqdan bəri qonşu otaqdan söhbətə qulaq kəsilən Ümmü Cəmil gəlib oğlanlarının başı üzərində dayanaraq ərinin sözünü kəsdi. – Ya Məhəmmədə de bizim bütlərimizlə işi olmasın, ya da... – Ümmü Cəmil istədi sözünün ardını deməyə. Ancaq içini çulğamış qəzəb sözləri onun ağzından sapand daşı kimi çıxartdı. – Ya da haşim oğulları ilə qohumluq əlaqəsini kəs.
-Qurtar dedim sənə, – deyə Əbu Ləhəb mülayim bir tərzdə arvadının üstünə çımxırdı: – haşim oğuularının nə günahı var. Peyğəmbərlik iddiasına düşən mənim qardaşım oğlu Məhəmməddi, Bütün haşim oğullarını niyə bu işə qatırsan?
-Axı, o, hardan oldu peyğəmbər? Məkkədə bu qədər varlı, adlı-sanlı kişi ola-ola niyə peyğəmbər Məhəmməd olmalıdır? Peyğəmbərlik gəlsə sənə, Əbu Süfyana, Əmir ibn Hişama, Vəlid ibn Muğirəyə gələr. Var dövlətləri, oğul-uşaqları başlarından aşır. Yoxsa...
Arvadı Ümmü Cəmilin Məkkənin sayılan kişiləri içində onun adını qardaşı Əbu Süfyandan əvvəl çəkməsi Əbu Ləhəbin əsəblərinə sığal çəkib könlünü oxşadı. Amma yenə qəbilə təsibi üstün gəldi. O istəməzdi ki, özündən başqa heç kim onun qohumları, qəbiləsi barədə nəsə desin. Bilirdi ki, Əbu Süfyanın bacısı olan Ümmü Cəmil də onun halal arvadı olsa da, Bəni Üməyyənin təsibini haşimilərə verməz. İndi isə birinci dəfə idi ki, Ümmü Cəmil Məkkə zənginləri içərisində onun adını Əbu Süfyandan əvvəl çəkirdi.
Ərinin və oğlanlarının sərt baxışlarına tuş gələn Ümmü Cəmil sözünə ara verdi. Yenə içində qaynayan qəzəb və nifrət vulkan kimi püskürdü:
-Məhəmmədin bu din məsələsi ortaya çıxandan evimizin bərəkəti də azalıb. Məhəmməd bizi bütlərin qəzəbinə düçar elədi. – Ümmü Cəmil deyinə-deyinə yan otağa keçdi.
Əbu Ləhəb bir söz deməsə də, arvadının dedikləri onun ürəyindən idi. Həzrət Məhəmmədin(s) Allahın Rəsulu adı ilə ortaya çıxması adamları bütlərdən uzaqlaşmağa çağırması Əbu Ləhəbi yerindən oynatmışdı. Səfa təpəsindəki əhvalatdan sonra da ürəyi soyumamışdı. Bütün varlığı ilə həzrət Məhəmmədə(s) qənim kəsilmişdi. Onu ən çox narahat edən müsəlmanların ona Əbu Ləhəb, Əmir ibn Hişama isə Əbu Cəhl kimi ad qoymaları idi. Son vaxtlar o Əbu Cəhllə daha tez-tez görüşürdü. Yeni dinə qənim kəsilmələri onları bir-birlərinə xeyli yaxınlaşdırmışdı. Ancaq Əbu Ləhəb bilirdi ki, Məhzun qəbiləsinin bu zəngin adamı haşimilərin, o cümlədən də onun kiçik bir uğurunu belə qısqanclıqla qarşılayır. Əbu Ləhəb şam yeməyini yeyə-yeyə düşünür, hadisələrin indən belə necə cərəyan edəcəyini fikirləşirdi. «Məhəmmədə aman yoxdur, o bütlərə əl uzadır. O bilmək istəmir ki, bizim bütün həyatımız bütlərlə bağlıdır. Ümmü Cəmil düz deyir, Məhəmməd peyğəmbərlik iddiasına düşüb bütlərə küfr yağdırandan bəri ruzimiz azalıb. Alver daha əvvəlki kimi getmir... Məhəmməd cəzalanmalıdır. Ona qarşı daha amansız olmaq lazımdır. İmkan vermək olmaz ki, yetim-yesiri başına yığıb bizə meydan oxusun. Mənimlə qara qulun, kölənin Allah qarşısında bərabərliyindən danışsın. Əgər belə davam etsə, sonra qul və kölələrimiz də üızümüzə ağ olacaqlar. Qara qul Bilalı nə qədər döyürlər, incidirlər yenə dediyindən dönmür. Son nəfəsində «La ilahə illəllah» deyir. Bu bir kəlmə sözdə nə sirr var belə. Bəlkə, doğrudan da, Allahdan başqa Allah yoxdur? Bəs bizim bütlərimiz? Mən nə danışıram, Hübel günahımdan keçsin». – Əbu Ləhəb düşünə-düşünə həzrət Məhəmməd(s) haqqında qərarını verirdi. Onu ən çox narahat edən həzrət Məhəmmədin(s) adamlar arasında nüfuzunun gündən-günə artması, ətrafındakı adamların sayının çoxalması idi.
***
«Ya Rəbbim, mən sənə səcdə edirəm, sənə inanıram, sənin göstərdiyin yolu tutub gedirəm. Ümidim sənsən, pənahım sənsən, köməyi səndən gözləyirəm. Həyatım səhv və nöqsanlarla doludur. Yalvarıram sənə, keç günahımdan, əfv elə bu günahkar bəndəni. Sən böyüksən, əzəmətlisən, ulusan. Yerin-göyün sahibi sənsən. La ilahə illəllah Mühəmmədin Rəsulallah.»
Yaşlı Yasir gənc oğlunun hər gün namazdan sonra bu duasını eşitməyə adət etmişdi. Əmmarın həyatındakı dəyişiklik, xasiyyətindəki həlimlik, düzlüyə və həqiqətə meylliliyi onu sevindirirdi. Düzdür, o əvvəllər belə fikirləşmirdi. Ancaq günlər keçdikcə o, da İslamın həqiqi din, həzrət Məhəmmədin(s) sonuncu peyğəmbər olduğunu anlamağa başladı. «Bu Məhəmməd Əl Əmin, həqiqətən, böyük insandır. Öz nəsihət və məsləhətləri ilə adamları necə də saflaşdırır, qəlblərini çirkabdan yuyub təmizləyir. Ona nazil olan ayələr, həqiqətən, Allah kəlamıdır. Adi sozlər bu qədər cazibədar, bu qədər qəlbəyatımlı olmaz. Əmmar çox düzgün yoldadır. Gec-tez hamı bu həqiqət yolunun yolçusuna çevriləcək. Həqiqətən, bütün yaradılanların bir yaradıcısı olmalıdır. Həyatda ən düzgün yol da ulu Yaradanın öz elçisi vasitəsilə bizə göstərdiyi yoldur.» – Yasir bu düşüncələrlə oğlunun nurlu çöhrəsinə baxdıqca qəlbində bir fərəh və iftixar hissi duyur, indiyə kimi Məkkədə keçirdiyi qəriblik əzabını unutmağa çalışırdı. Məkkənin qəbilə rəislərinin İslamı qəbul edənlərə düşmən münasibət bəsləmələri onu narahat etmirdi. Bu çətinliklərin ötəri olduğunu, yeni dinin mənsublarının zəfər qazanacağını o gün kimi aydın görürdü. Son günlər Əbu Cəhlin adamları onu da hədələmiş, oğlunun həzrət Məhəmməddən(s) kənar dolaşmasını tapşırmışdılar. Axşamlar evinin ətrafında qara kölgələrin də dolaşdığını hiss etmişdi. Ancaq bu işdən nə arvadı Sümayyəni, nə də oğlu Əmmarı xəbərdar etmişdi. Yeganə oğlunun qəlbinə vahimə toxumu səpməyə qıymamışdı.
Qoca Yasir yatmazdan əvvəl adəti üzrə həyətə çıxdı. Bədirlənmiş ay Məkkəni süd rənginə boyamışdı. Gecə yarı olmasına baxmayaraq yaxınlıqdakı evlərdən sərxoş bağırtıları, söyüşlər, qadın çığırtıları eşidilirdi.
Yasir yeni din adamları ilə bütpərəst məkkəliləri müqayisə etdikcə İslamın necə pak və müqəddəs, ilahi bir din olduğunu açıq-aydın görürdü. Yasir nəzərlərini aylı-ulduzlu səmaya zilləyib aləmlərin yaradıcısına şükürlər etdi.
Süd kimi ay işığında nəhəng divlərə bənzəyən iki kölgə bir anlığa görünüb yox oldu. Yasir gecənin bu vaxtında kimlərinsə onu izlədiyini daxilən hiss edib iti addımlarla evə tələsdi.
-Dayan, – deyə binanın qaranlıq tinindən iki nəfər əli qılınclı çıxıb onun qarşısını kəsdi. Yasir tanış olmayan qara geyimli, qara yaşmaqlı adamların səsindən diksinib daş kimi yerində qaldı. Şərabın təsirindən gözləri böyüyüb hədəqədən çıxmış iki cüt göz ona tuşlanmışdı. Ay işığında qılıncların parlaması Yasirə çox şeyi diktə edirdi.
-Haradadır oğlun?..
Bu sərt sualdan Yasir özünü itirdi.
-Cavab ver qoca əbləh, – deyə ikinci, əli qılınclı daha əsəbi halda astadan dilləndi.
Yasir oğlunu müdafiə etmək üçün bir anın içindəcə yollar axtardı. Boğazına ilişmiş kəlbətin kimi barmaqlar indi onun sərbəst danışmağına da mane olurdu.
-Cavab ver, hanı Əmmar?
Yasir qeyri-ixtiyari: – Onun heç bir günahı
yoxdur. Məhəmməd Əl Əminin yanına onu mən göndərmişəm.
-Axı, sənə demişdilər ki, oğluna öyüd-nəsihət ver, bu yaldan qayıtsın. – Birinci əli qılınclı sol əlini Yasirin boğazından çəkib yoldaşına tərəf çevrildi. – Neyləyək bununla?..
İkinci əli qılınclı bir addım irəli gəlib qılıncın qəbzəsi ilə Yasirin alnına vurdu. Sonra hikkə ilə dilləndi: – Əhd eləmişəm, Hübeli tavaf edəndə söz vermişəm ki, müsəlmanları işgəncə verə-verə öldürəcəm.
Qoca Yasir huşunu itirib yerə yıxıldı. Birinci əli qılınclı Yasirin başı üzərində dayanıb uca səslə dedi:
-Qoca əbləh sənin harana yaraşır müsəlman olmaq. Nə pislik eləmişik sənə. Yəməndən gələndə acından ölürdün. Əl tutduq, evləndirdik. Ev-eşik sahibi oldun. İndi buynuz çıxarıb bizim dinimizə sataşırsan. Qıraram mən sənin buynuzunu. – O, yerə yıxılmiış Yasirin başını təpiklədi. İkinci Əliqılınclı da ona qoşulub haldan düşmüş Yasiri ayağı ilə vurmağa başladı. – Hə, neyləyək, başını kəsib ərmağan aparaq?..
-Yox, lazım deyil, daha bundan adam olmaz, sınmamış sümüyü qalmadı. Əzab çəkə-çəkə öləcək.
-Bəs Əmmar?..
-Lazım deyil, səs-küy çıxmamış burdan uzaqlaşaq. Əlimizi nahaq qana bulamayaq.
Qatillər beləcə kəsə söhbət edə-edə evlərin qara kölgəsinə çəkilib yox oldular.
* * *
-Atası öləndən bəri üzü gülməyən Əmmar asta addımlarla Kəbəyə tərəf gedirdi. Yolda rast gəldiyi adamların bəzisi dostcasına gülümsəyib salam verir, bəziləri də onu görcək üz çevirir, dodaqaltı deyinirdilər. Bu üzçevirmələr, dodaqaltı deyinmələr onu narahat etmirdi. Bütün varlığı ilə inandığı həzrət Məhəmmədə(s) də bu adamlar rişxənd edirdilər. Əmmarın Səfa təpəsinə getdiyi ilk gün yadına düşdü. Həzrət Məhəmmədə(s) öz əmisi Əbu Ləhəbin dediklərini xatırladı. Azğınlaşmış bu insan indi Əbu Cəhllə birləşib müsəlmanların ən qəddar düşməninə çevrilmişdi. Allah-taalanın bu insana qəzəbi tutmuş, onun barəsində «Təbbət» surəsi nazil olmuşdu.
Son günlər Əmmarın qəlbinə qəmginlik və süstlüklə bərabər, bir qorxu və təlaş da yol tapmışdı. Yeni dindaşlarının az qala hər gün dözülməz işgəncə və təcavüzlərə məruz qalması onu sarsıdırdı. Üməyyə ibn Xələfin köləsi Bilal Həbəşinin, yaxın dostu Suheybi Ruminin, Həbbab ibn Ərətin, Əbu Fukeyhənin çəkdiyi əzabları öz gözləri ilə görmüşdü. Bir neçə gün əvvəl isə Əbu Cəhl tərəfindən İslamı qəbul etmiş cariyə Zinnirənin gözünün çıxarılması Əmmarı bərk narahat edirdi. Böyük qəbiləsi, arxası, köməyi olmayan Əmmar yaxşı bilirdi ki, bütpərəstlər təkcə atasını öldürməklə kifayələnməyəcək, nə vaxtsa onun özünü də cəzalandıracaqlar. Yox, onun qəlbinə nə qədər qorxu və təlaş soxulsa da, əqidəsindən dönmək fikrində deyildi. Artıq o Allahın böyüklüyünə və vahidliyinə bütün varlığı ilə inanır, həzrət Məhəmmədi Allahın Rəsulu kimi tanıyır və qəbul edirdi. O, böyük Allaha pənah aparmışdı, köməyi də ondan gözləyirdi.
«Bu dünya deyəsən namərdlərin, riyakarların dünyasıdır. Gücümüz çatacaqmı yolunu azmış bu insanlara həqiqəti anlatmağa. Ya Rəbbim, bizə səbr ver, dözüm ver, güc ver, qüvvət ver ki, bizdən üz döndərənlərə, bizə rişxənd edənlərə haqqı, həqiqəti tanıda bilək.» – Əmmar zikr edə-edə yoluna davam etdi. Dostu Suheybi Rumi onu gözləyirdi. Günorta namazlarını bir yerdə qılmaq üçün vədələşmişdilər. Hər addımda onu təhlükə gözləsə də, Əmmar dindaşları ilə birlikdə namaz qılmaq, ibadət etmək, həzrət Məhəmmədin təlimini dinləmək, Allah-taala tərəfindən nazil olmuş ayələri təkrarlamaq üçün hər gün beləcə dostlarının görüşünə tələsirdi. Yeyin addımlarla Kəbənin yanından keçəndə ətrafdakıların ona kinli bir nəzərlə baxdığını gördükcə acı-acı gülümsündü. «Misginlər, bədbəxtlər, qəlb təmizliyini, ruh azadlığının ləzzətini siz hardan biləsiniz. Allahı dərk etmədiyiniz halda özünüzün miskinliyinizi necə başa düşəsiniz…» – deyə Əmmar öz-özünə pıçıldadı.
Əbu Cəhl özü qabaqda, qara qulu isə arxada öz kölgəliyinə tərəf tələsirdi. O Əmmarın yeyin addımlarla onun yanından keçdiyini görüb ayaq saxladı. Ovqatı korlandı. «Adamın sinəsinə belə dağ çəkərlər bax, indi gör nə yumaq kimi yumulub. Hələ bu harasıdır, qayıdıb bütlərə üz çevirməyənə qədər səndən əl çəkəsi deyiləm.» – Öz-özünə deyinən Əbu Cəhl kölgəliyə çəkilib taxtında əyləşdi. Əbasının qolu ilə yağlı və tüklü sifətinin tərini sildi. Sonra əmrə müntəzir dayanmış qara qulu yanına çağırıb qulağına nə isə pıçıldadı. Qara qul qaça-qaça bir neçə adamla mübahisə edən Əsvəd ibn Abdi Yaqus tərəfə yollandı. Onu bir kənara çəkib sahibi Əbu Cəhlin sözlərini yetirdi. Əsvəd dostlarından ayrılıb nəzərlərini başını aşağı salıb öz yolu ilə gedən Əmmara tuşladı.
-Bura baxın ey şəhər əhli, – deyə Əsvəd var səsi ilə danışmağa başladı.. – Bunlar yer üzünə hakim olmaq, İran şahının məmləkətini zəbt etmək istəyirlər. – O, dediyi sözə əvvəlcə özü ucadan güldü. Hamının nəzəri Əmmara tərəf yönəldi. Onun nimdaş paltarı, qəmli çöhrəsi ətrafdakılarda gülüş doğurdu.
Qara qul daha iki nəfərə yaxınlaşdı. Əbu Cəhlin sözlərini onlara çatdırdı. İri gövdəli hər iki cavan elə bil bu sözə bənd idilər. Məkkənin zəngin tacirlərindən biri olan Əbu Cəhlin tapşırığı onların sifətinə sanki quduzluq pərdəsi çəkdi. Azğın cavanlar yeyin addımlarla uzaqlaşmaqda olan Əmmarı səsləyib ona tərəf şığıdılar. Əmmar başını qaldırıb sürətlə ona tərəf gələn cavanlara baxıb onların kimliyini araşdırmağa macal tapmamış söyüş və ədəbsiz sözlərlə qulaqları doldu.
-Atanın ölümü sənə bəs eləmədi?.. Yenə bütlərə nifrin yağdırmağa gedirsən?..
Təpik və yumruq zərbələrindən qıvrılıb açılan Əmmar qaçmağa çalışsa da, azğın cavanlardan yaxa qurtara bilmədi. Sinəsi üstünə çökmüş leş kimi ağır gövdələrdən müdafiə olunmağa heyi qalmamışdı.
Ətrafdakılar qızmar qum üstündə ölü kimi qalmış Əmmarı nifrətlə süzür, ona rişxənd edirdilər. Əbu Cəhl məmnunluqla gülümsəyir, tapşırığı yerinə yetirmiş adamların üzünə baxaraq başının işarəsi ilə razılığını bildirirdi. Bütün bunlara baxmayaraq Əbu Cəhlin intiqam hissi sönmür, əksinə, daha da alovlanırdı. O Əmmarı öz əli ilə əzişdirmək, yanındakı nizəni onun qarnına soxmaq istəyirdi. Əmmarın isə beynində də, dilində də bir kəlmə söz dolanırdı: «La ilahə illəllah Mühəmmədin Rəsulallah.»
***
Zəif şam işığı ilə işıqlandırılan alaqaranlıq otaqda hamı nəzərlərini bir yerə – ağır işgəncədən sonra bayılmış Əmmar ibn Yasirə zilləmişdi. Əbu Bəkr, Osman ibn Ovfan, həzrət Əli, Süheybi Rumi, və başqaları palaz üzərində əyləşərək dinib danışmır, elə hey fikirləşir, düşünürdülər. Görkəmlərindən qəm və kədər yağırdı. Həzrət Məhəmməd(s) Əmmarın lap yaxınlığında əyləşmişdi. Adətən bu vaxtlar dini söhbətlər edən, nazil olmuş ayələri izah və şərh edən həzrət Məhəmməd(s) də susurdu. Kədərli olduğundan baxışlarını məchul bir nöqtəyə zilləmişdi. Əli, qolu, ayağı sarıq içərisində olan Əmmarın huşu getmişdi. Onun ayılıb inildəməsi həzrət Məhəmmədi(s) də düşüncələrdən ayırdı. Ağır işgəncəyə məruz qalmış Əmmar döyüldükdən sonra başına gələnlərdən xəbərsiz idi. O bilmirdi ki, Əbu Cəhl onu döydürdükdən sonra ürəyi soyumamış, oğlunun harayına gələn Süməyyəni döydürmüş nizəni onun qarnına soxub günahsız bir qadını həlak etmişdi. Elə həzrət Məhəmmədə(s) də, onun ətrafındakı ilk müsəlmanlara da ən çox təsir edən Süməyyənin vəhşicəsinə öldürülməsi idi.
Bu hadisələr yeni dini yayanların ilk itkiləri idi. Əmmarın atası Yasir kişi müsəlmanlar arasında, anası Süməyyə isə qadınlar arasında ilk şəhid kimi tarixə düşdülər.
Həzrət Məhəmməd(s) başını aşağı salıb susurdu. Baş verən faciə onu dəhşətə gətirmişdi. İndi huşsuz Əmmarın başı üzərində dayanıb ondan nicat gözləyən bu məsum insanlara nə desin. Bir də gözucu Əmmara baxdı. O yavaş-yavaş özünə gəlirdi. Ayılıb anasının da öldürüldüyünü biləndən sonra necə olacaqdı?
Haldan düşmüş Əmmar gözünü açıb yerində qurcalandı, «ana» deyə səsləndi. Araya ölü bir sükut çökdü. Yaş dəsmalla onun dodaqlarını islatdılar. Sonra bir udum su verdilər. Əmmar gözünü açıb ilk dediyi söz «anam hanı» kəlməsi oldu. Əbu Bəkr onun əlindən tutub dedi: – Anan Sümayyə Allahın rəhmətinə qovuşdu. – Əmmar gözlərini yumub inildədi. Bütün otaqdakılar hıçqırıqlarını güclə boğdular. Əmmar nəzərləri ilə həzrət Məhəmmədi axtardı. Onların baxışları toqquşanda Əmmar gücü çatacaq var səsi ilə dedi: «Əşhədü ənnə İlahə İlləllah, Əşhədi ənnə Mühəmmədin Rəsulallah.» – Sonra sözünə davam edərək: – Mən də kəlmeyi şəhadətimi dedim. Mən də İslam yolunda ölümə hazıram. Ən böyük təsəllim isə Sizin mübarək üzünüzü indi görməkdir.
İnamla deyilmiş bu sözlər bayaqdan kövrəlmiş müsəlmanları cuşə gətirdi. Hamısı bir ağızdan «Əşhədü ənnə İlahə İlləllah, əşhədü ənnə Mühəmmədin Rəsulallah. Biz hamımız İslam yolunda ölməyə hazırıq.»
Həzrət Məhəmməd(s) hiss etdi ki, nəsə deməli, ölümlərini gözlərinin qarşısına alan bu müsəlmanları mübarizəyə ruhlandırmalıdır. Axı, onlar ölmək üçün yox, qalib gəlmək, İslami dünyaya yaymaq üçün bu dini qəbul etmişlər.
Həzrət Məhəmməd(s) başını yuxarı qaldırıb könüllərində din yolunda özlərini öldürmək istəyi olan dinbaşlarına baxanda özü də kövrəldi, ancaq bu ani oldu. Kövrəkliyini biruzə verməmək üçün sözə başladı:
-Mömün müsəlmanın silahı onun duasıdır. Allah-taala kafirlərə qalib gəlmək, İslamı yaymaq üçün mənə silah yox, söz göndərib. Deməli, bizim sözümüz kafirlərin silahından güclüdür.
Həzrət Məhəmməd(s) sözünə ara verdi. Baxışlar yenə ona dikildi.
-Mənə öyrədilən ən vacib bir duanı sizə deyəcəm. İslamın gücü bu iki kəlmədədir.
-Ya Rəsulallah, öyrət bizə o duanı. – deyə bayaqdan ona diqqət kəsilən adamlar yerbəyerdən dilləndilər.
-Duaların ən üstünü «La İlahə İlləllahdır.» Çəkinməyin, qorxmayın bu kəlmələri deməkdən. Qəlbinizdə inam şamını yandırıb hər kimsənin üzünə deyin. Dostun da, düşmənin də. Qoy hamı bilsin ki, Allahdan başqa ibadət ediləcək ikinci məbud yoxdur. Mən isə onun yerdə elçisiyəm. Sizləri daim izləyən şeytanın vəsvəsəsindən qurtulmağın yeganə yolu, «La İlahə İlləllahdır.» Bilin və agah olun ki, qəbul etdiyimiz İslamın gücü bu ilahi kəlmələrdədir. Biz müsəlmanlar mübarizəyə nə ilə başlamışıq? İlahi kəlmələrlə, elə deyilmi? Sizləri mən bura silah gücünə yığmamışam ki? Əlbəttə yox. Allahın nazil etdiyi ayələrin gücü, cənab Cəbrayılın mənə dediyi ilahi kəlmələrin gücü bizi bir yerə toplayıb. Gördüyünüz kimi də sayımız gündən-günə artır. Bu gün Əmmarın başına gələn faciə bizim heç birimizi ruhdan salmamalıdır. Müşrüklər qollarına güc verirlər. Biz ağlımıza. İslamın dəyərlərini, Allahın duyurduqlarını insanlara başa salmalıyıq. Axı, biz nə istəyirik? Sülh, ədalət, bərabərlik, halallıq, yüksək əxlaq, – bundan gözəl nə ola bilər. Ona görə də fikirlərimizi adamlara başa salmağa çalışın. Dualarınızı ucadan edin. Qoyun «La İlahə İlləllah»ı hamı eşitsin. Ən sıxıntılı anlarınızda Allahın adını zikr edin. Bu duanı oxuyun «Həsbunəllahu və niməl vəkil.»
Həzrət Məhəmməd(s) bir qədər fikrə gedib sonra sözünə davam etdi: – Allahın sevdiyi dörd kəlmə var. «Sübhənallah, Əlhəmdüllah, La İlahə İlləllah, Allahu Əkbər.» Bu dörd kəlmə Allah dərgahında ən çox sevilən sözlərdir. Bu kəlmələri istədiyiniz yerdə zikr edə bilərsiniz. Bu kəlmələrin səvabı saya gəlməz. Mənə öyrədilən bir duanı da sizə deyəcəm. -Həzrət Məhəmməd(s) coşquluqla dilləndi: – «La hauvlə vəla quvvətə illa billah.» Bu dua doxsan doqquz dərdə dəvadır ki, onlardan ən üstünü hüzn-kədərdir. «İxlas», «Əl-Fələq» və «Ən-Nas» surələri nazil olandan sonra mənim heç bir təhlükədən qorxum yoxdur. Bu Allah kəlamlarını birlikdə oxumaq ölümdən başqa hər bir dərdin dərmanıdır. Bu ayələri oxuyan hər bir kimsə yerin, göyün bəlalarından uzaq olar. Xəstənin üzünə oxunub üfürülsə şəfa tapar. Bir təhlükə hiss edəndə bu ilahi kəlmələri oxuyun ki, gələn bəlaların qarşısı alınsın.
Həzrət Məhəmməd(s) yanında əyləşmiş həzrət Əlini(ə) göstərərək yenidən sözünə davam etdi: – Əliyə bir dua öyrətmişəm ki, işləri çətinə düşəndə oxusun. İndi həmin duanı sizə də deyirəm. – «Allahummə inni əsə lukə bihəqqi Mühəmmədin və ali Muhəmmədin. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən tuncini min hazəl ğəmmi.»
Bu duadan sonra ani olaraq fikirləşən həzrət Məhəmməd(s) yenidən üzünü müsəlmanlara tutdu: – Üstunüzə düşmən gələndə «Allahu Əkbər» «La İlahə İlləllah» deyin. Əgər sidq ürəkdən vəcdə gələrək bu sözləri desəniz kafirlərin qılıncları da, nizələri də gözlərinizdə saman çöpünə çevriləcək. Bir şərtlə ki, qəlbinizdə iman işığı olsun, özünüzü sidq ürəkdən Allaha təslim edəsiniz. Onda Allah da sizləri qoruyacaq.
Əmmarın gözlərindən yaş sel kimi axırdı. Hamı kövrəlmişdi. Bunu duyan həzrət Məhəmməd(s) söhbətinin səmtini dəyişdi:
-Əmmarın valideynləri olan Yasir və Sumayyə ilk müsəlman şəhidləri olmaqla bərabər həm də cənnətin sakinləridirlər. Müsəlmanın son amalı nədir, cənnət sakini olmaq. Yasir və Sümayyə bunu hamıdan əvvəl qazandı. Allahın rəhməti olsun onlara. Onların dəfnini elə keçirməliyik ki, bu bir adətə çevrilsin. Bütün bunların hamısını cənab Cəbrayıl mənə öyrədib. – Həzrət Məhəmməd(s) üzünü Əmmara tutdu: – Əmmar, oğlum, sənə isə səbr arzulayıram. Bil ki, səbr də Allahın adlarından biridir və bir daha burada elan edirəm. Allah tərəfindən nazil olmuş ayələri adamlar arasında yaymaqdan çəkinməyin. Namazınızdan qalmayın, dualarınız dilinizdən düşməsin. Sizə tənə edənə də, məsxərəyə qoyana da Allahın kəlamı ilə cavab verin. Ən çətin məqamda «mən bağışladım, Allah günahınızdan keçsin», deyin. Halalı harama qatmayın. Başqasının malına göz dikməyin, zina etməyin, qullarınızla, kölələrinizlə insaflı davranın. Boş söhbətlərə uymayın, heç kimi məsxərəyə qoyub gülməyin. Eyş-işrət məclislərindən uzaq olun. Bax, bu dediklərimə əməl etdikcə bizim gücümüzü İlahi özü artıracaq. Siz bilirsinizmi, qiyamətə qədər nələrin olacağını? Allah-taala cənab Cəbrayıl vasitəsi ilə mənə çatdırıb. Mən gördüklərimi görsəniz, bildiklərimi bilsəniz ayaqlarınızın altından yer qaçar. Müşriklərin və dostların da bütün niyyətləri mənə agahdır. Bilin ki, qələbəmiz elə də uzaqda deyil. Sadəcə çətinliklərə dözmək lazımdır. Bu gün Kəbəni tavaf etməyə bizə imkan vermirlər. Ancaq gün gələcək ki, bu Allah evinə yığılmış bütləri məhv edib orda namaz qılıb Allaha dua edəcəyik. Bunu sizə mən vəd edirəm – İsmayıl nəslindən olan Məhəmməd ibn Abdullah, Allahın yerdə elçisi, sonuncu peyğəmbəri. Müşriklər məndən möcüzə istəyirlər. Allah-taala buyursa, o möcüzələri də göstərəcəm. Müşriklər bilmirlər ki, Allahın nazil etdiyi hər bir ayə möcüzədir. Bu ayələrin daxilindəki mənaları dərk etməyə onların dərrakəsi çatmır. Quranın sirləri yüz illərdən, min illərdən sonra açılacaq. Çünki nazil olmuş ayələr, bir günlük, beş günlük, on günlük deyil. Qiyamətə qədər insanlar bu möcüzəli sözlərin sirrini açmaq üçün baş sındıracaqlar. İnanıb haqq yoluna gələnlərin axirəti də yaxşı olacaq. Vay inanmayanların, Allaha sığınmayanların halına.
-Ya Rəsulallah, biz də sidq ürəkdən inanırıq ki, bizim dinimiz haqqında hədyan deyənlər, ən şiddətli əzaba düçar olacaqlar. Amma indi vəziyyət daha da gərginləşib. Məkkə müşrükləri bizə göz açmağa imkan vermirlər. Hamı bilir ki, mən Məkkəyə gəlməyəm. Qardaşım Quranın avazından, Sizdən danışdı. Mən də Məkkəyə gəlib Quranı dinlədikdən sonra İslamı qəbul etdim. İndi bir ovuc müsəlmanın bütöv bir şəhər əhlinin əzabına düçar olmasına dözə bilmirəm. Bizə bir nicat, ey Allahın Rəsulu.
Əbuzərin sözləri hamını riqqətə gətirdi. Onlar bir ağızdan: «Bizə bir nicat yolu göstər, ey Allahın Rəsulu» – deyə dilləndilər.
Artıq deməyə sözü qalmamışdı. Nəinki onun başına toplaşan müsəlmanlar, o özü hər addımda təhqir olunurdu. Ancaq daha belə davam edə bilməzdi.
Həzrət Məhəmməd(s) mübarək başını qaldırıb sual dolu baxışlarla ondan cavab gözləyən müsəlmanları qayğılı-qayğılı süzdü, onların könlünü almaq, qorxu xofunu ürəklərindən götürmək, səbr əta etmək məqsədilə Qurandan ayələr oxudu.
İlahi kəlmələr yerdən göyə bülənd olduqca vahiməli bir ovqat yaradır, müsəlmanlar düşmənlərin necə əzilməsini sanki gözləri ilə görür, bu ilahi kəlmələr qanlarını coşdurur, nicat tapacaqlarına bütün varlıqları ilə inanırdılar.
Həzrət Məhəmməd(s) sözünə ara verəndən sonra üstündən sanki dağ götürülmüşdü. Sifətinin rəngi avazısa da, taqətdən düşdüyü hiss olunsa da, ruhən sakit idi. Bu İlahi kəlmələr həzrət Məhəmmədə(s) də düzgün qərar çıxarmağa imkan yaratmışdı.
-Hicrət, nicat üçün Həbəşistana getmək.
Həzrət Məhəmmədin(s) dilindən çıxan bu sözlər təsadüfi, ani bir düşüncənin məhsulu deyildi. Həbəşistana hicrət etmək barədə çoxdan düşünmüşdü. Söylədiyi İlahi kəlmələrdən sonra sadəcə o qəti qərarını verdi. Çünki həzrət Məhəmməd(s) bilirdi ki, Həbəşistanda təkallahlığa rəğbət var. Müsəlmanlar hələ də İlahi kəlamların təsiri altında idilər. Birinci dəfə idi ki, onlar həzrət Məhəmmədin(s) təkidi ilə müsibət və bəlalardan xilas olmaq üçün birgə dua edirdilər. Ancaq tələsmək, hazırlaşmaq, yol tədarükü görmək lazım idi. Artıq onlar əmin idilər ki, qulaqlarında cingildəyən ilahi kəlamlar onların yolunu işıqlandıracaqdır.
Həbəşistana getməli olan qafilə hazır idi.
Həbəşistana getməli olan ilk qafilə hazır idi. On bir kişi və dörd qadın. Həzrət Məhəmmədin məsləhəti ilə Osman ibn Məzun qəfilənin başçısı təyin olunmuşdu. Qəfiləyə Osman ibn Əfvan da qoşulmuşdu.
Həbəşistana hicrət olduqca gizlin saxlanılırdı. Müsəlmanlar yaxşı bilirdilər ki, məkkəli müşriklər bu işdən xəbər tutsalar, hər vəhclə səfərə mane olacaqlar. Çünki onlar İslam dininin başqa ölkələrə yayılmasından ehtiyat edir və qorxurdular. Müsəlmanları öz içlərində əzab-əziyyətə salmaqla, işgəncə Həbəşistana hicrət olduqca gizlin saxlanılırdı. Müsəlmanlar yaxşı bilirdilər ki, məkkəli müşriklər bu işdən xəbər tutsalar, hər vəhclə səfərə mane olacaqlar. Çünki onlar İslam dininin başqa ölkələrə yayılmasından ehtiyat edir və qorxurdular. Müsəlmanları öz içlərində əzab-əziyyətə salmaqla, işgəncə verməklə, onları məsxərəyə qoymaqla məhv etmək istəyirdilər. Hətta Məkkəyə ziyarətə, ticarətə gələn adamlarla görüşməyi də yasaq etmişdilər.
Bisətin beşinci ilində (miladi 616-cı il) Rəcəb ayında Hicrət edənlər namaz qılmaq bəhanəsi ilə Ərqəmənin evinə toplaşdılar. Hicrətdən əvvəl son namazlarını qılan müsəlmanlar sağ-salamat Həbəşistana çatmaq üçün dualar edirdilər.
Həyəcan və təşviş içərisində olan müsəlmanlar yenə nəzərlərini həzrət Məhəmmədə(s) tuşladılar. Gecənin qaranlığında şölə saçan şam həzrət Məhəmmədin(s) nurlu çöhrəsini daha da işıqlandırırdı.
-Siz bu gün doğma şəhərinizdən ayrılırsınız. Bunun nə qədər çətin olduğunu mən yaxşı bilirəm. – Həzrət Məhəmməd(s) sözə başladı: – Ancaq gün gələcək ki, siz bu şəhəri fəth edəcəksiniz. Yolunuz çətin, məşəqqətlidir. Hər şey sizin səbrinizdən və dözümünüzdən asılıdır. Siz Allahın himayəsindəsiniz. Ona görə də Allah kəlməsi dilinizdən düşməsin. Sizə bir-iki məsləhətim də var, – deyə həzrət Məhəmməd(s) sözünə əlavə etdi: – Getdiyiniz məmləkətdə sizi sorğu-suala tutacaqlar. Danışanda Allah tərəfindən nazil olmuş ayələrə əsaslanın. Özünüzü ləyaqətli aparın. «Bir müsəlmanın sədaqətli və təmiz niyyətli olmasının sübutu odur ki, özünə aid olmayan işlərə qarışmasın.» «Mömin əslən o adamdır ki, özünə istədiyini qardaşına da istəmiş olsun.» – Həzrət Məhəmməd(s) bir qədər fikrə gedib yenidən dilləndi: – İslam barəsində sizdən soruşsalar, deyin «İslam mürəkkəb bir şəraitdə yarandı və sürətlə inkişaf edəcək. Ey möhkəm imanı olanlar, sevinin!» Din barədə sizə sual versələr, belə cavab verin: «Dinin əsası pis əməllərdən çəkinməkdir...» Allah-taala barədə soruşanlara «İxlas» surəsini söyləyin.
Gecə yarıdan keçmişdi. Artıq hicrət edənlərlə vidalaşmaq vaxtı idi...
Gecənin zülmət qaranlığında bir dəstə adam səhranın intəhasız dərinliyinə doğru dayanmadan irəliləyirdi. Məqsəd günəş doğana kimi Məkkədən uzaqda olmaq idi. Qarşıda onları Qırmızı dəniz, oradan da Həbəşistana gedən dəniz yolu gözləyirdi...
Müsəlmanların Həbəşistana getməsindən xəbər tutan Məkkə müşrikləri əvvəlcə hirslənib özlərindən çıxdılar. İş işdən keçdiyindən onlar yenə də müsəlmanları məsxərəyə qoymağa, onların adına ləkə yaxmağa, şər-böhtan deməyə başladılar.
Həzrət Məhəmməd(s) səbrlə Məkkə müşriklərinin işgəncə və təhqirlərinə dözür, Allahın nazil etdiyi ayələri müsəlmanlara çatdırırdı. Bütün qadağalara, yasaqlara baxmayaraq ilahi kəlamlar həzrət Məhəmmədin(s) dilindən çıxması ilə Məkkədə yayılması bir olurdu. «Fatihə» surəsi müsəlmanların dilinin əzbəri olmaqla yanaşı, müşriklər də bu surənin cazibəsinə düşəndə heyrətlərini gizlətmirdilər. «İxlas» surəsinin əzəməti isə müşrikləri Allah-taala barədə daha geniş düşünməyə məcbur edirdi. Müşriklər ən çox bu iki surənin Məkkəyə gələn zəvvarlar və tacirlər tərəfindən eşidilməsindən ehtiyat edirdilər. Bu iki surənin ayələrini ilk dəfə eşidənlər möcüzə görürmüş kimi ayaq saxlayır, istər-istəməz Allah kəlamlarının təsiri altına düşürdülər.
Müşrikləri ən çox əsəbiləşdirən «ət-Təkasur» surəsinin ayələri idi.
Onlar Haşim oğullarını harada görürdülərsə «Məhəmmədə deyin bizi öz Allahı ilə az qorxutsun. Az nifrin söyləsin bizə. O öz Allahı ilə danışanda ziyan-ziyan arxasınca gəlir üstümüzə.» – deyə qəzəblərini gizlətmirdilər.
Həzrət Məhəmməd(s) Allahın Rəsuludur. And içirik ki, o özündən heç nə artırıb əskiltmir. Allahın nazil etdiyi ayələri söyləyir. Sizləri həzrət Məhəmmədin(s) yox, Allahın qəzəbi tutub. Cəhənnəm odundan xilas olmaq istəirsinizsə, bütlərdən üz çevirib gəlin «siratəl müstəqim» yoluna. Nə qədər gec deyil, daxil olun Allahın hasarına. Çıxarın Allahın evindən o bütləri. Tək Allaha iman gətirin. Onda hər işiniz qaydasına düşər. – Həzrət Məhəmməddən(s) təlim almış müsəlmanlar müşriklərlə mübahisədə əsl islam diplomatı kimi dınışır, fikirlərini Allah kəlamları ilə əsaslandırırdılar.
Bir-birinin ardınca nazil olan ayələr müşriklərin vahiməsini daha da artırırdı. Cəhənnəm qorxusu canlarına vəlvələ salırdı. Ərəb dilində ilk dəfə eşitdikləri bu sözlər onlara qılınc zərbəsi kimi dəyirdi: «əl-Qariə» surəsi nazil olandan sonra müşrikləri daha böyük qorxu bürüdü. İlk dəfə eşitdikləri «Və təkunul-cibalu kəl-ihnil-mənfur» (Dağlar isə didilmiş yun kimi olacaqdır.) kəlamının gücü sanki onları didib yun kimi etdi. Qiyamət günündə özlərinin kəpənək kimi ətrafa səpələnəcəklərini (çəyirtkə kimi bir-birinə qatışacaqlarını, cəhənnəmin dibi olan Haviyədə məskən salacaqlarını gözləri önünə gətirdikcə qorxudan ürəkləri partlamaq dərəcəsinə gəlirdi. Allah kəlamının öldürücü gücü qarşısında süstləşib ət parçasına dönürdülər.
Keçmişi qul olan Bilal Həbəşiyə hər cür hədyanlar deyən müşriklər bəzən onu şirin dillə dindirib soruşurdular:
-Məhəmməd bizi indiyə kimi eşitmədiyimiz sözlərlə niyə qorxudur? Axı, biz, doğrudan da, qorxuruq bu sözlərdən. Cəhənnəmin dibini – Haviyəni gözlərimiz önünə gətirəndə canımızı vahimə bürüyür.
Bilal Həbəşi onlara əsl İslam diplomat kimi cavab verərdi:
-Dediyiniz sözlər Allahın kəlamlarıdır. Allah sizin əməllərinizi görüb ayələri nazil edir. Allahdan mükafat istəyirsinizsə, pis əməllərdən çəkinin. Cəhənnəm həbsxanasına düşmək istəmirsinizsə, yaxşı işlər görüb Allaha pənah gətirin. Cənnət səadətini, cəhənnəm əzabını seçmək sizin özünüzdən, əməllərinizdən asılıdır. Seçim sizinkidir, əmr Allahın.
***
Həbəşistandan alınan xoş xəbərlər həzrət Məhəmmədi(s) ruhlandırırdı. Artıq Məkkədən uzaqlarda da İslam dini yayılmağa başlayırdı. Həbəşistanın xristian kralı Nəcaşi müsəlmanlara himayədarlıq etdiyindən Məkkədə təhqirlərə məruz qalanlar da bu ölkəyə getməyə can atırdılar.
Birinci heyətin gedişindən təxminən bir il sonra həzrət Məhəmmədin(s) göstərişi ilə ikinci heyət Həbəşistana yola düşdü. Bu dəfə gedənlərin sayı səksən nəfərdən çox idi. Dəstəyə həzrət Əlinin(ə) böyük qardaşı Cəfər İbn Əbu Talıb başçılıq edirdi.
Məkkə müşrikləri, xüsusilə Əbu Süfyan, Bəlid İbn Muğirə, Əbu Ləhəb və Əbu Cəhl müsəlmanların ikinci hicrətindən daha çox qəzəbləndilər. Məkkənin rəisliyini demək olar ki, ələ keçirmiş Əbu Süfyan şəhərin əsl rəisi, Kəbənin açarlarını özündə saxlayan Əbu Talibə daha məsləhət etmədi. Bir tərəfdən son illər kasıblaması, digər tərəfdən həzrət Məhəmmədi(s) himayə etməsi bütpərəst Qüreyşiləri Əbu Talibdən üz çevirməyə məcbur etmişdi. Bəni Üməyyə nəslindən olan hiyləgər Əbu Süfyan var gücü ilə Haşimiləri nüfuzdan salmağa çalışırdı. O kiçik bir dəstə düzəldərək Həbəşistana göndərməyi qərara aldı. Yola düşəcək bu dəstə Həbəşistanda Əbu Süfyanın adından danışmalı, qiymətli hədiyyələri krala təqdim edib müsəlmanları geri qaytarmalı idi.
Əbu Süfyana ən çox təsir edən qızı Həbibənin əri Abdullah ibn Cəhşə qoşulub dəstəyə qatılması idi. Ata və anasının israrlı təkidinə, tənəsinə və əzablarına baxmayaraq Həbibə ərindən üz döndərməmiş, İslamı qəbul etmişdi.
Əmir ibn As və Abdullah ibn Rəbinin başçılığı altında olan heyət Həbəşistana yola düşdü.
Məkkədən Əbu Süfyanın adamlarının gəldiyini eşidən müsəlmanlar təşvişə düşdülər. Cəfər ibn Əbu Talib onları sakitləşdirdi: «Narahat olmayın, kralın bizlərə böyük ehtiramı var, Əbu Süfyan kimdir ki, bizi geri qaytarmaq üçün adam göndərə, atam Əbu Talibin Nəcaşini vəsf edən şerini ona təqdim edəndə çox razı qaldı. O, Məkkənin rəisi kimi Əbu Talibi tanıyır.»
Cəfər ibn Əbu Talib dindaşlarını sakitləşdirsə də qəlbinin dərinliyində bir narahatlıq var idi. Bilirdi ki, Əbu Süfyanın adamları əliboş gəlməyiblər. Kralın bu hədiyyələrə meyl edib-etməyəcəyini hələ dəqiq bilmirdi. Təkcə onu bilirdi ki, kral həqiqəti bilmək üçün sarayda üzləşdirmə aparacaq. Ona görə də bu vacib görüşə hazırlaşmağı qərara aldı.
Cəfər ibn Əbu Talib zəndində yanılmamışdı. Ədalətli kral hər iki tərəfi dinlədikdən sonra qəti fikrini bildirməyi qərara almışdı.
...«Məryəm» surəsindən oxunan ayələr kral Nəcaşinin də digər saray əy anlarının da qəlbinə ilahi nur kimi axdı. Məkkə nümayəndələrinin israrlı təkidinə baxmayaraq kral Nəcaşi müsəlmanları himayə edəcəyini qəti bildirdi.
Cəfər ibn Əbu Talibin kralın hüzurundakı tarixi nitqi İslamın möhkəmlənib inkişaf etməsində mühüm rol oynadı.
Xristian kral Nəcaşinin bu ədalətli, alicənab hərəkəti İslam tarixində yaddaqalan hadisələrdən biri kimi müsəlmanlar tərəfindən əsrlər boyu qiymətləndirilmişdir.
***
-Yox, daha belə davam edə bilməz. Gəlin bir də Əbu Talibin yanına gedək – deyə Əbu Cəhl əsəbi halda bildirdi.
Əbu Süfyan kinayəli bir gülüşlə yerindən dilləndi:
-Keçən dəfə bizi yaxşı doladı. Sözümüzü zarafata yozdu. Əhəmiyyətsiz bir iş kimi baxdı bizim sözümüzə.
Əbu Süfyan sözünü qurtarmamış Əbu Cəhl qəzəbini cilovlaya bilmədi:
Bu dəfə sözümüzü ona qəti deməliyik. Ya Məhəmmədi tutduğu yoldan çəkindirməli, ya da onu himayə etməyi üzərindən atmalıdır. Əks təqdirdə biz də Əbu Talibdən, bütün haşimilərdən üz döndərəcəyik.
Əbu Ləhəb yerində vurnuxdu. Baxışların ona zilləndiyini görüb sifətinə sərt bir görkəm verdi. Bununla da bildirmək istədi ki, artıq onu nəsil, qəbilə təəssübü maraqlandırmır. Bütün deyilənlərlə razıdır. Ancaq yenə vəziyyəti öz xeyrinə dəyişmək üçün astadan dedi:
-Sizdən bircə iltimasım var. Məni Əbu Taliblə qarşılaşdırmayın. Nə qərar çıxarsanız mən razı. Ancaq Əbu Talıbin yanına mənsiz gedin. Mən onu yaxşı tanıyıram. İnanmıram ki, Məhəmmədi himayə etməkdən əl çəkə. Atam Əbdul Muttəlib kimi o da Məhəmmədi çox istəyir. Ölümünə razı olar, Məhəmmədi himayə etməkdən əl çəkməz.
-Onda biz də bildiyimizi edərik. Qoca Əbu Talib Məhəmmədə görə bütün qəbilənin həyatının pisləşməsinə razı olacaqsa, qoy olsun – Bəlid ibn Muğirənin bu sözləri söhbətə xitam verdi.
Amma yenə Əbu Cəhl söhbəti təzələdi. Üzünü Əbu Ləhəbə tutaraq dedi:
-Sən getsən də, getməsən də bizimləsən. Amma biz son və qəti sözümüzü sənin qoca qardaşına bildirməliyik. Əgər nufuzunun itirilməsini istəyirsə, qoy Məhəmmədi yenə himayə etsin.
***
İpək üzlü döşəkçə üzərində əyləşmiş Əbu Talib qibtə olunacaq dərəcədə səbr və təmkinlə qarşısındakı adamları dinləyir, müdrik bir sükutla onların ürəklərini tam boşaltmalarını gözləyirdi.
Dil boğaza qoymayan As ibn Vail elə əsəbi bir bəlağətlə danışırdı ki, sanki Kəbə qarşısında şer söyləyirdi. Məkkənin ən zəngin, kübar adamlarından biri olan Vəlid ibn Muğirə başını aşığı salıb susur, arabir gözucu Əbu Talibə nəzər yetirirdi. Ancaq müdrik Əbu Talib hiss edirdi ki, As ibn Vail də, Utbə də, Şeybə də Vəlid ibn Muğirənin, hərdən bir söhbətə ustalıqla müdaxilə edən Əbu Süfyanın sözçüləridir. Tez qızışıb tez də soyuyan Əbu Cəhl danışmasa da, yerində qurcalanır, ilan kimi qıvrılıb açılırdı. Qonaqlar Əbu Talibin xətrinə dəyməmək üçün nə qədər nəzakətlə danışsalar da, səslərindəki əsəbilik açıq-aydın hiss olunurdu.
-Qardaşın oğlu Məhəmməd bizim dinimizə kinayə edib. Əcdadlarımızın inandığı bütlərdən adamları çəkindirməyə çalışır. Adamlar arasında çaşqınlıq yaradır. Onu bu işdən çəkindir. Ya da onu himayə etməkdən əl çək ki, biz işimizi bilək.
Əbu Cəhlin dözə bilməyib əl-qolunu ölçə-ölçə dediyi bu sözlərdən sonra Əbu Talib qamətini düzəldib iti baxışlarını Əbu Cəhlə zillədi. Deyəcəyi sözü dilinin ucundan qaytarıb elə bu sərt baxışla da kifayətləndi.
-Ya Əbu Talib, sənin hörmət və nüfuzun bizim üçün əzizdir. Ancaq insafını itirməyib qardaşın oğlunun sözlərinə diqqət yetir. Gör bir nə deyir: «Bütlərə ibadət etmək müşrüklük və zəlalətdir. Həqiqətdən uzaqlaşma və kafirlikdir.»
Ortalığa ani bir sükut çökdü. As İbn Vail Əbu Cəhlin nahaq yerə hirslənmədiyini bildirmək üçün dediyi bu sözlərin nə qədər təsirli olduğunu görüb daha da coşdu:
-Məhəmməd bu sözləri öz adından yox, uydurduğu Allahının adındın deyir. Hamını inandırmağa çalışır ki, bu sözlər vəhy vasitəsi deyilir. Əmmar. Həbbab, Suheybi Rumi kimiləri də bu sözləri əzbərləyib camaat arasında yayırlar
-Heç Əbu Bəkri demirsən, – deyə Əbu Cəhl yenidən söhbətə müdaxilə etdi. – Məhəmmədin sözlərini ceyran dərisinə yazdırıb asıb dükanından, hər gün təkrar-təkrar oxuyur, başqalarını da öyrədir.
-Mən başa düşə bilmirəm, Əbu Bəkrin nəyinə lazımdır təzə din. Adı, sanı, var-dövləti, – deyə Əbu Süfyan yerindən dilləndi.
Əbu Talib ondan cavab gözlənilməsinə baxmayaraq yenə dinmədi. Bir müddət əvvəl də Məkkənin bu əyanları onun evinə təşrif gətirmişdilər. O vaxt onlar belə sərt və qəddar deyildilər. Sözləri həlim və mülayim idi. Sadəcə Əbu Talibdən qardaşı oğluna bir az öyüd-nəsihət verməyi xahiş etməyə gəlmişdilər. Onda Əbu Talib qonaqlarına bu mövzunu genişləndirməyə o qədər də imkan verməmişdi. Sığallı təriflərlə, duzlu lətifələrlə əyanları əyləndirib ziyafət verdi, xoş bir ovqatla onları yola saldı. Həzrət Məhəmmədə(s) də bu barədə bir söz deməyi özünə rəva bilmədi. Övladı qədər çox istədiyi qardaşı oğlunun könlünü qırmaq istəmədi. Ancaq əyanların bu gəlişi əvvəlkinə bənzəmirdi.
Əbu Talib qarşısında əyləşmiş əsəbi adamların gözlərini qırpmadan ona baxdığını görüb dillənməyə məcbur oldu: – Buyurun, buyurun, mən sizi dinləyirəm, – deyə yenə siyasət işlədib öz mövqeyini bildirməkdən yan keçdi.
Əbu Cəhl Əbu Talibin çox ustalıqla fikrini bildirmək istəmədiyini duyub ayağa qalxdı. Qəzəblə, hökmlə və tez-tez danışmağa başladı: – Ya Əbu Talib, sən bir söz demədin. Eybi yox, bunun əvəzində biz qəti fikrimizi bildiririk. Əgər sən Məhəmmədi bu yoldan çəkindirməsən, ya da öz himayəndən çıxartmasan biz özümüz onu da yolundan çəkindirəcək, səninlə isə bütün əlaqələri kəsəcəyik.
Əbu Cəhlin bu sözündən sonra hamı bir nəfər kimi ayağa qalxdı. Əbu Talib də açıq-aşkar yerindən tərpəndi. Qonaqlar onun bir kasa dəvə südünü də içməsələr belə, Əbu Talib yenə heç nə demədi. Əlinin və başının işarəsi ilə onları yola salmağa hazır olduğunu bildirdi.
Bu cür rəsmi və əsəbi qonaq qəbulu heç də Əbu Talibin ürəyincə deyildi. Məkkənin ən nüfuzlu adamları ilə qarşıdurma yaratmaq o qədər də asan deyildi. Bu harınlamış zəngin adamların hər birinin arxasında böyük bir qəbilə dayanırdı. Onların sözünü yerə salmaq şəhər əhalisinin çox hissəsi ilə əlaqəni kəsmək demək idi. Onsuz da son illər zəifləmiş haşimilərin bu münaqişədən zərər çəkmələri aydın görünürdü. «Bəs onda neyləməli? Mən də dönüb Əbu Ləhəb olummu? Onun kimi düşmənçilik edimmi qardaşımın yadigarı ilə?.. Yox!.. Mən Əbu Ləhəb ola bilmərəm.» Öz-özü ilə söhbət edən Əbu Talib ögey qardaşı Əbu Ləhəb yadına düşəndə əsəbiləşərək yerində vurnuxdu. Ayağa qalxıb alaqaranlıq otaqda var-gəl etdi. «Qəbilənin adına ləkə gətirən Məhəmməd yox, Əbu Ləhəbdir. Var-dövləti artdıqca bəni Üməyyənin quluna çevrilir. Qaynı Əbu Süfyan kimi Haşimilərə qənim kəsilir.» – deyə öz-özünə pıçıldadı. Onun Səfa təpəsində həzrət Məhəmmədə(s) hədyanlar söyləməsi, son vaxtlar açıq-aşkar hər yerdə onun əleyhinə danışması Əbu Talibi qeyzləndirirdi. «Yaxşı ad qoyublar müsəlmanlar ona – alov atası – Əbu Ləhəb.» Əbu Talib atabir, ana ayrı qardaşına qoyulan bu addan sanki təsəlli tapdı. «Əbu Ləhəb, Əbu Ləhəb» – deyə bu adı öz-özünə təkrarlayıb acı-acı gülümsündü. «Bu gün də utandığından mənim üzümə çıxmadı. Yoxsa heç də Məhəmmədə qarşı düşmənçilikdə Əbu Cəhldən, Əbu Süfyandan, İbn Muğirədən geri qalmır», – deyə Əbu Talib düşündü. «Yox, belə qardaşlıq, belə qohumluq olmaz. O, arvadı Ümmü Cəmilin, qaynı Əbu Süfyanın fitvası ilə bizimlə düşmənçilik etmək niyyətindədir», – deyə Əbu Talib yenidən qeyzləndi. Ona elə gəldi ki, evinə gələn adamların hər biri ilə istədiyi kimi dil tapıb həzrət Məhəmmədi(s) müdafiə edə bilər, təkcə Əbu Ləhəbdən başqa. «Yaxşı ki, Əbu Ləhəb onlara qoşulub bura gəlmədi, yoxsa özümü saxlaya bilməyib dünyanın bütün çirkin sözlərini yağdırardım onun üstünə. İşini bilir, indən belə də çətin mənim gözümə görünə.» – Əbu Talib öz-özünə düşünüb otaqda var-gəl etdi. İndi o qəti qərara gəlməli idi. Ya həzrət Məhəmmədi(s) müdafiə edib bütün şəhər əyanlarına qarşı çıxmalı idi, ya da həzrət Məhəmmədi(s) tərk edib qoşulmalıydı Məkkə müşriklərinə.
Həzrət Məhəmmədin(s) qapıda görünməsi Əbu Talibi düşüncələrdən ayırdı. Bir anlığa onlar bir-birlərini diqqətlə süzdülər. Əbu Talib həzrət Məhəmmədin(s) ilahi bir nurla işıqlanan məsum çöhrəsinə, etibar və sədaqətlə dolu olan gözlərinə baxdıqca qəlbində öz qərarını verməkdə idi. O, hiss edirdi ki, həzrət Məhəmməd(s), bəlkə də, həyatının ən mühüm anlarını yaşayır və ona tuşlanan bu məsum baxışlar ondan yardım və kömək istəyir. Əbu Talibə elə gəldi ki, hər şey onun tutacağı mövqedən asılıdır. Əslində, bu həqiqət idi. Əbu Talib bilirdi ki, yalnız o həzrət Məhəmmədi(s) himayə edib qoruya bilər.
Həzrət Məhəmmədin(s) sual dolu baxışları Əbu Talibin üzünə dikili qalmışdı. Bir insan kimi ən çox güvəndiyi, hörmət etdiyi əmisinin bir kəlmə sözü onun üçün həyati əhəmiyyət daşıyacaqdı. Məkkə müşrikləri tərəfindən hər addımda sıxıldığı, tənələrlə qarşılaşdığı, sayca az olan dindaşlarının işgəncələrə məruz qaldığı bir zamanda doğma əmisinin nə deyəcəyi onun üçün çox əhəmiyyətli idi. Başqa bir doğma adamının – ögey əmisi Əbu Ləhəbin hərəkətləri onu onsuz da bərk sarsıtmışdı. Buna səbəb Allah-taala tərəfindən «Təbbət» surəsinin nazil olmasıydı. Artıq bütün Məkkə əhalisi bilirdi ki, Allah-taalanın Əbu Ləhəbə qəzəbi tutub. Surədə Əbu Ləhəbin arvadı Ümmü Cəmilin adının çəkilməsi onsuz da bəhanə axtaran bu qadını daha da qəzəbləndirmişdi. Əbu Ləhəbin və onun arvadı Ümmü Cəmilin hərəkətləri artıq düşmənçilik həddinə çatmışdı. Ona görə də indi Əbu Talibin rəyini bilmək onun üçün çox vacib və mühüm idi. Həzrət Məhəmməd(s) Məkkə zənginlərinin bir az əvvəl burda olduğunu, onların Əbu Talibin qarşısında hansı şərtlər qoyduğunu təxmini də olsa bilirdi. Bilirdi ki, onunla düşmənçilik edən bu adamlar hər vasitə ilə Əbu Talibi ondan üz döndərməyə çalışacaqlar.
Baxışma uzun çəkmədi. Birinci Əbu Talib dilləndi:
-Yanıma məsləhətə gəlmişdilər...
Həzrət Məhəmməd(s) dinmədi.
-Əslində, onlar məsləhətə yox, davaya gəlmişdilər. Hədə, qorxu...
Əbu Talib sıxıla-sıxıla sözünə davam etdi: – Ya Məhəmməd, sən mənim üçün ən əziz adamlardan birisən...—O , sözünə bir qədər ara verib yenidən əlavə etdi:-- Bir az əvvəl Əbu Cəhlin, Əbu Süfyanın, İbn Muğirənin burda nələr danışdığını eşitsəydin... Bütün Qüreyş qəbiləsi bizdən üz döndərmək istəyir. Ancaq bütün bunlara baxmayaraq, sən öz işini gör, mən nə qədər sağam onlar sənə heç nə edə bilməzlər. Bunlar öz yerində. Sən bir yadına sal, Şam səfərini, keşiş Bahiranın sözlərini. Mən səni səndən xəbərsiz o vaxtdan bəri qoruyuram. İndən belə mən səni qorusam da, qorumasam da sən artıq Allahın nəzarətindəsən. Sən haqq yolundasan. Bu yoldan səni heç bir qüvvə döndərə bilməz. Günü sabahdan bütün haşimiləri bir yerə yığıb səni qorumağı tapşıracam. Sən bundan arxayın ola bilərsən. Ancaq unutma ki, bizi qarşıda çox böyük çətinliklər gözləyir. Qureyşilər biz Haşimilərlə bütün əlaqələri kəsəcəklər. Eşitdiyimə görə əhdnamə yazmaq istəyirlər. Qoy nə edirlər etsinlər. Biz səni tək buraxmayacağıq. Məkkəni tərk edəsi olsaq da səndən üz döndərməyəcəyik.
Həzrət Məhəmmədin gözləri doldu. Nübüvvət məqamına yüksələndən bəri ilk dəfə idi ki, sevincdən kövrəlirdi.
***
Dindaşlarını müdafiə edə bilməyən həzrət Məhəmmədin(s) özü hər addımda kinayəli sözlərlə, rişxəndlə, hədə ilə qarşılaşırdı. Əzab və işgəncələrdən əzilən müsəlmalar yalnız inamlarının və iradələrinin hesabına yaşayırdılar. Həzrət Məhəmməd(s) hər dəfə onların çarəsiz baxışları ilə qarşılaşanda düşünür, düşünür, yenə düşünürdü. Məkkə müşriklərinin bu qədər qəddar və amansız olması onu daxilən incidir, sarsılmaq dərəcəsinə çatdırırdı. Yadına valideynlərini itirmiş Əmmara təsəlli verərkən onun dediyi son sözlər düşdü: «Ya Rəsulallah, sənin mübarək üzünü bir dəfə görmək mənim ən böyük təsəllimdir.» O vaxt olduğu kimi indi də bu sözlər həzrət Məhəmmədə yeni ruh verdi: «Yox, mənim bədbinliyə qapılmağa, güşənişin olmağa, qapılıb bir yerdə qalmağa haqqım yoxdur. Mən, mən… Bəli mən Allah-taalanın yerdə elçisiyəm. Bu çətinlikdən müsəlmanları çıxartsam, Allahın köməkliyi ilə mən çıxara bilərəm.»
Namaza tələsən həzrət Məhəmməd(s) Varaqa ibn Nofəlin sözlərini xatırladı: «Sənə yalançı deyəcəklər, əziyyət verəcəklər, yurdundan qovacaqlar, səninlə döyüşəcəklər. Mən o günlərə qalsam Allah üçün sənə kömək edərəm.»
İlk dəfə bu sözləri eşidəndə həzrət Məhəmməd(s) nə qədər təəccüblənmişdi. İndi budur Varaqa ibn Nofəlin sözləri öz yerini alırdı.
Məkkə həzrət Məhəmmədi(s) sıxırdı, əzirdi. Ulu babalarının məskəni olan bu doğma şəhər gündən günə elə bil yadlaşır, ögeyləşirdi onun üçün. Nə həzrət Məhəmmədi(s), nə də digər müsəlmanları Kəbə evində namaz qılmağa, bu müqəddəs məkanı təvaf etməyə icazə vermirdilər.
-Dayan, Məhəmməd.
Həzrət Məhəmməd(s) fikirdən ayrılıb ayaq saxladı. Qarşısındakı Əbu Cəhl idi.
-Mən sənə müharibə və savaş elan edirəm!..
Əbu Cəhlin qəzəblə dediyi bu sözləri həzrət Məhəmməd(s) çox təmkinlə qarşıladı:
-Mən isə səni haqqın yoluna çağırıram. La İlahə İlləllah.
-Dön inadından Məhəmməd. Bizim əlimizi qana bulama – Əbu Cəhlin qəzəbi bir andaca ötüb keçmişdi. İndi həzrət Məhəmmədlə nəsihət verən adamlar kimi danışırdı. – Bir az da haşimiləri sıxsaq qəbilən, nəslin üz döndərəcək səndən. Qalacaqsan tək-tənha. Qurtar peyğəmbərlik söhbətini, Məkkəni bütlərin qəzəbinə düçar eləmə.
-Mən namaza tələsirəm. Gedək birlikdə bax, Allah kəlamlarını dinlə, əgər ruhun zəhərlənməyibsə, qəlbin təmizdirsə, ağlın dumanlanmayıbsa, onda dərk edəcəksən ki, Allah birdir. Ondan başqa ibadət ediləcək məbud yoxdur.
-Əbu Cəhlin gözlərində şimşəklər oynadı. Qəzəblə həzrət Məhəmmədin(s) üstünə qışqırdı:
-Mənim hər şeydən xəbərim var. Sizin namaz qılmağınıza da gizlincə baxmışam. Quran oxumağınızı da eşitmişəm. Hamısı yalandır, uydurmadır. Sən peyğəmbər yox, bu şəhər üçün bəlasan. Nə olar, dəvət edirsənsə, gələrəm sizin yanınıza. Ancaq necə gələcəm, mən özüm bilirəm.
Həzrət Məhəmməd(s) vəhşi bir görkəm almış Əbu Cəhlə cavab verməyi artıq bilib yoluna davam etdi.
-Get namaz qıl görüm, necə qılırsan. Bu saat Məkkənin dəliqanlı cavanlarını, məsxərəçilərini götürüb gəlirəm.
Əbu Cəhlin bağırtı ilə uzaqdan dediyi bu sözləri həzrət Məhəmməd(s) eşitmək belə istəmədi.
Əzan səsi kiçik bir otaqdan dalğa-dalğa Məkkənin küçələrinə yayılırdı. Sayları gündən-günə artan müsəlmanlar üçün birlikdə kiçik otaqda namaz qılmaq çətinləşmişdi. Ancaq onların bir yerdə olmaq arzusu, daim həzrət Məhəmmədi(s) dinləmək istəyi, mehribanlıq və səmimiyyət bu çətinliyi nəzərə çarpdırmırdı. Otaqdakı sıxlıq çətinlik yox, əksinə mehribanlıq yaradırdı.
Səcdədə olan müsəlmanlar qapının açılmasını, Əbu Cəhlin başının dəstəsi ilə içəri dolmasını görüb hiss etsələr də, ibadətlərini dayandırmadılar.
Əbu Cəhlin işarəsi ilə namaz qılanların ətrafında bir məsxərə əyləncəsi başladı. Onunla birlikdə gəlmiş bir neçə nəfər cavan ibadət edənlərə gülür, rişxənd edir, onları ələ salmağa çalışırdılar. Lakin nə həzrət Məhəmməd, nə də digər müsəlmanlar sanki müşrüklərin sözlərini eşitmir, hərəkətlərini görmür, heç nə olmurmuş kimi ibadətlərini davam etdirirdilər.
-Nə oldu, qurtarın onun işini – deyə Əbu Cəhl qurşağında xəncər gizlətmiş iki cavanın üstünə çımxırdı. Ancaq müsəlmanların çoxluğu cavanları niyyətlərindən çəkindirdi.
Həzrət Məhəmməd(s) ətrafının Əbu Cəhlin adamları ilə dolu olduğunu gördüyündən özü qəsdən duaları ləngidirdi ki, onlar çıxıb getsinlər. Müşriklər görsün deyə əllərini Allah dərgahına açdı. Astadan öz-özünə pıçıldadı: «Bütün varlıqları ilə Allaha inananların, məni Allahın elçisi hesab edib nicat gözləyənlərin üzünə baxa bilmirəm. Onlara təsəllidən başqa heç nə verə bilmirəm. Ancaq bir belə işgəncənin qarşısında onlar inamlarından dönmür, əksinə Allaha daha möhkəm bağlanır, məni tək buraxmırlar. Bəs mən neyləyim, ya Rəbbim? Əbu Cəhlin son əməllərinə necə dözüm. Mənə bir çarə, ya Rəbbim. Mən hər şeyə dözərdim. Ancaq o məni ibadət etdiyim vaxt məsxərəyə qoydu, rişxənd etdi, namazımı pozmağa çalışdı. Hətta adamlarına məni öldürməyi əmr etdi. Mənimlə birgə namaz qılanları da yolundan azdırmaq istədi.»
Müsəlmanlar həzrət Məhəmmədin(s) birdən-birə susmasından təəccüblənmədilər. Hiss etdilər ki, Allahın Rəsulu öz-özü ilə söhbət edir. Bir neçə an keçməmiş çöhrəsinə xəfif bir meh toxundu. Bədəni tir-tir əsməyə başladı. Gözlərində bir göynərti vardı. Əbasını başına çəkib büründü. Artıq o heç nə eşitmir, heç nə fikirləşmirdi. Bu vəhy məqamı idi. Bunu həzrət Məhəmməd özü hiss etməsə də, namazlarını başa vurmuş müsəlmanlar duyur və nəfəslərini dərmədən həzrət Məhəmmədi(s) seyr etməklə kifayətlənirdilər. Həzrət Məhəmməd(s) isə heç nəyin fərqində deyildi. O, müvəqqəti olaraq bu dünyadan təcrid olmuşdu. O, yalnız dinləyirdi. Diktə olunan ilahi kəlamlar birbaşa yaddaşına həkk olunurdu.
Əbu Cəhl və onun adamları həzrət Məhəmmədi(s) vəhy məqamında ilk dəfə gördüklərindən qorxaraq çıxıb getdilər. Sui-qəsd cəhdi baş tutmadı.
Nazil olmuş yeni ayələr həzrət Məhəmmədə(s) təsəlli verdi. O, bütün varlığı ilə inanırdı ki, ulu Tanrı onu da, onun arxasınca gələn müsəlmanları da darda qoymaz. O bilirdi ki, bu gün onun üstünə diş qıcayanlar sabah ona təzim edəcək və ehtiram göstərəcəklər. Tutduğu yolun düzgün olduğu gün kimi ona aydın idi.
-Həzrət Məhəmməd(s) nəzərlərini ona zilləmiş müsəlmanlara baxdı. Baxışlardakı əsəbilik, təlaş və həyəcan açıq aşkar duyulmaqda idi. Əbu Cəhlin və adamlarının rəzil hərəkətləri, sui-qəsd cəhdləri müsəlmanları qəzəbləndirmişdi.
Həzrət Məhəmməd(s) bir qədər fikrə getdi. İlahi nur hələ alnında və çöhrəsində bərq vurmaqdaydı.
-Bilirəm, hirsli və qəzəblisiniz – deyə həzrət Məhəmməd(s) astadan dilləndi, – sonra davam edərək: – Bunun əvəzində mən sizi müjdələyirəm. Allah-taala cənab Cəbrayıl vastəsi ilə yeni ayələr nazil etdi.
Həzrət Məhəmməd(s) sözünə ara verib üzünü katiblərə tutdu:
-Hazırlayın qələminizi.
Həzrət Məhəmməd(s) ona diqtə olunanları kəlmə-kəlmə dilinə gətirdi. Sözləri aramla dedi ki, ayələri dürüst yaza bilsinlər.
Ayələrin bu cür yazılışı artıq adət halını almışdı. Allah-taala tərəfindən nazil olan ayələr həzrət Məhəmmədin(s) diqtəsi ilə bir neçə katib tərəfindən yazılır, sonra müsəlmanlar tərəfindən oxunub əzbərlənir və yayılırdı.
Müqəddəs ayələri dinlədikdən sonra müsəlmanların qəzəbi bir qədər soyumuşdu. Yeni nazil olmuş ayələrdən ruhlanan həzrət Məhəmməd(s) inamla dedi:
-Əbu Cəhlin cəzasını Allah-taala özü verəcək. Onu dəhşətli əzab gözləyir. İnsan cildinə girmiş o iblislərin qorxusu yalınz Allah kəlamındandır. Görürsünüzmü artıq onlar burada yoxdurlar. Cənab Cəbrayılın gəlişi onları özləri bilmədən vahiməyə salmışdı.
Həzrət Məhəmməd(s) sözlərinə ara verdi. Bir də dindaşlarına baxdı. Həmişə olduğu kimi indi də onlar az qala nəfəslərini dərmədən həzrət Məhəmmədi(s) dinləyirdilər. Ancaq Əbu Cəhlin rəzil əməlinin doğurduğu hisslər hələ tam əriyib yox olmamışdı. Həzrət Məhəmməd(s) bunu duyub yenidən dilləndi:
-Ey mənim din qardaşlarım, ey Allahın mömin bəndələri! İslamın ilk aşiqləri, bilin və agah olun ki, bizim əzab-əziyyətimiz ötəridir. Son məqamda qalib gələn biz olacağıq. Çünki Allah bizimlədir.
Həzrət Məhəmməd(s) bir anlığa fikrə getdi, yaddaşını vərəqlədi. Sonra üzünü yenidən müsəlmanlara tutub əvvəlki inamla sözünə davam etdi:
-Allah-taalanın nazil etdiyi bir ayəni də sizə xatırlatmaq istəyirəm: «Və Ləqədistuhziyə birusulin min qəblikə fəhaqə billəzinə səxuru minhim makanubihi yəstəhziun».
“Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi
(Qurani-Kərim. «Əl-ənam» surəsi, 10-cu ayə)
Deməli məndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuş, yerindən, yurdundan qovulmuşlar.
-Ya Rəsulallah, Allahın nazil etdiyi ayələr bizim üçün hökm, sənin dediklərin qanundur. Zərrə qədər də qəlbimizdə şübhə toxumu yoxdur. Biz yenə səbr və təmkinlə susacağıq. Ancaq yer qulaqlıdır. Əbu Cəhlin bugünkü hərəkətindən Həmzə xəbər tutsa, hökmən qisas alacaq.
Əbu Bəkr bu sözün kim tərəfindən deyilməsinə əhəmiyyət verməyərək yerindən dilləndi:
-Həmzə indi aslan ovunu buraxıb gəlib bir çaqqala əl qaldıracaq?
Həzrət Məhəmməd söhbətə xitam vermək üçün dedi:
-Mən nazil olmuş ayələri, Allahın kəlamını təkrar etmək istəmirəm. Ancaq bunu deyirəm ki, Allah-taala öz hökmündə heç vaxt yanılmır. Daha bir ayəni yadınıza salıram: «İnnəl ləzinə kərrəbu bi-ayatina vəstəkbəru ənha la tufəttəhu ləhim əbvabussəma-i və la yədxulunəl-cənnətə hətta yəlicəl-cəməlu fi cəmmil-xiyati və kəralikə nəczil-mucrimin».
“Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz(əməlləri, duaları qəbul olunmaz)” və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara(müşriklərə və kafirlərə) belə cəza verərik.
(Qurani-Kərim «Əl-Əraf» surəsi, 40–cı ayə)
Həmzə haqqında dediyinizə etiraz etmirəm. O bizdən xəbərsiz öz sözünü deyəcək. Mən isə çox istərdim ki, Həmzə bizimlə birlikdə olsun. Sizdən gizlətməyəcəm. Mən Əbu Cəhlin də öz tərsliyini yerə qoyub özünü Allaha təslim etməyini arzulamışam. Nəinki, Əbu Cəhlin, Məkkənin ən nüfuzlu alamlarının bütlərdən əl çəkib İslamı qəbul etmələrini istəmişəm. Ancaq görmüşəm ki, onların qəlblərində inam və iman işığı yoxdur. Yadınızda saxlayın. Bu gün bizə qənim kəsilənlərin çoxu əvvəl-axır Allah kəlamlarının qarşısında duruş gətirə bilməyəcəklər. Allah xofu döndərəcək onları bizim yolumuza. Ancaq Əbu Cəhlə aman yoxdur. Çünki Allah belə buyurub.
***
Hələ ömrümdə bu qədər gülməmişdim. Sən bir adamın az qala belinə çıxasan o isə ucadan «Allahu Əkbər» desin, – deyə Əbu Cəhlin adamlarından biri ona xoş gəlsin deyə ucadan şaqqanaq çəkib güldü. Gözlərini yumub əlini əlinə vurdu. Digərləri də ona qoşuldular. Əbu Cəhl üzdən gülümsəsə də, daxilindəki kin və qəzəb onu didib parçalayırdı.
-Nəyə gülürsünüz? Xəncəri Məhəmmədin kürəyinə saplamaqdansa, gülüb əylənməklə kifayətləndiniz.
-Məhəmməd öndəydi. Bir o qədər tərəfdarının yanında biz ona necə yaxınlaşaydıq.
Söhbətin qəfildən başqa məcraya düşməsi, ovqatın dəyişməsi hamını susdurmuşdu. Sükutu yenə Əbu Cəhl pozdu:
-Niyyətimiz baş tutmasa da, mən bir şeyi anladım. Namaz qılan vaxt siz onları qılınclasaydınız da çevrilib deməzdilər ki, niyə bizi öldürürsünüz. Bəs onda biz niyə onların hamısını qılıncdan keçirmədik. Məhəmmədin haldan hala düşməsi niyə bizi vahiməyə saldı? Bu nə sirdir, nə möcüzədir. Onlara heç bir zərər toxundurmamış canımızda bir qorxu çıxıb gəldik bura.
-Daha nə etməliydik ki, güldük, məsxərəyə qoyduq, lağ etdik – deyə bayaqdan dil bağaza qoymayan cavan özünə haqq qazandımaq üçün ortalığa söz ataraq əvvəlki ovqatı təzələmək istədi.
-Yox! – deyə Əbu Cəhl hirsindən əlini qarşısındakı mizin üstünə çırpdı. Kuzələr, badələr hərəsi bir tərəfə dağıldı – Siz heç nə bilmirsiniz. Məhəmməd sehrkardır, ovsunçudur. O bizi sehirlədi, bu sehr onların namazındadır. Görmədinizmi onlar namaz qılanda ölümdən belə qorxmurdular. Daha onlarla məsxərə dilində danışdığımız yetər.
Uzaqdan görünən toz burulğanı hamının diqqətini çəkdi.
-Gələn Həmzədir, – deyə kimsə vahiməli bir səslə az qala bağırdı. Cəngavər görkəmli Həmzə atını düz Əbu Cəhlin əyləşdiyi mizin qarşısına sürdü. Əlbəttə, bu Ərəb adətinə zidd idi, ancaq Həmzəyə heç kim bu hərəkəti irad tuta bilməzdi.
-Sən mənim qardaşım oğlunu təhqir etmisən, hətta onu öldürdtmək istəmisən – Həmzənin ağzından söz çıxması ilə əlindəki kamanın Əbu Cəhlin sifətinə dəyməyi bir oldu.
Ətrafdakılar əllərini qılınclarına atıb qəbilə başçılarını müdafiə etmək istədilər.
-Hə, kimin hünəri varsa, çıxsın irəli – deyə Həmzə ucadan səsləndi.
Əbu Cəhl işin mürəkkəbləşdiyini görüb üzünə dəyən zərbəni unutdu. Ayağa qalxıb öz adamlarını sakitləşdirmək üçün dedi:
-Dayanın, sizi and verirəm böyük Hübelə,
dayanın. Həmzə haqlıdır. Günah bizimdir. Birinci biz onun qardaşı oğlunu təhqir etmişik.
Yanan tonqalın üstünə elə bil su səpildi. Hamı sakitləşdi. Əbu Cəhlin ən çox qorxduğu böyük nüfuz sahibi olan Həmzənin Məhəmmədin tərəfinə keçib İslamı qəbul etməsi idi. Elə düşündüyü kimi də oldu.
Həmzə ətrafdakıların hamısı eşitsin deyə ucadan səsləndi:
-Eşidin və agah olun. Bu gündən mən də İslamı qəbul edirəm. Müsəlmanlarla kimin işi olsa, məni qarşılarında görəcək.
-Həmzə sözünü deyib atın cilovunu çəkdi. Şahə, qalxmış at geri çevrilib yerindən ildırım surəti ilə götürüldü.
-Hamı sükut içində idi. Nələr baş verdiyini və nələrin olacağını heç kim bilmirdi.
-Həmzə həzrət Məhəmmədə(s) yaxınlaşıb onun qarşısında diz qatlayıb, baş əyib təzim etdi.
-Həzrət Məhəmməd(s) ayağa qalxıb Həmzənin çiyinlərindən tutub onu dikəldərək mülayim bir səslə dedi:
-Mənim yox, Allahın qarşısında baş əyib təzim edərsən.
-Ey Allahın Rəsulu! Bu gündən mən də özümü bütünlüklə Allaha təslim edərək İslamı qəbul edir, peyğəmbər kimi sənə beyət edirəm. Son nəfəsimə kimi səni müdafiə edəcək və düşmənlərdən qoruyacam. Nəinki Əbu Cəhl, daha heç kim sənə nə sui-qəsd edə bilər, nə də sənə hədyanlar söyləyə bilərlər. Qılıncımı bu gündən Allahın və onun sonuncu peyğəmbərinin yolunda işlədəcəm.
-Həmzənin bu sözlərindən sonra əmi və qardaşoğlu qucaqlaşdılar. Müsəlmanlar kövrəlmişdi. Gözlərdən sevinc yaşları axırdı. Həzrət Məhəmməd(s) daha deməyə söz tapmırdı. O sadəcə olaraq adlı-sanlı əmisinə bir addım kənardan iftixarla baxmaqla kifayətləndi. «Allahu Əkbər» sədası ətrafa yayıldı.
***
Məkkə muşrikləri Əbu Cəhlin dəvəti ilə Darün-nədvada toplaşdılar. Məsləhətləşmə yeri olan bu otaq Kəbənin yaxınlığında idi. Oradan bir qapı da Kəbə evinə açılırdı. Bu otaq Haşimi və bəni Uməyyə qəbilələrinin ulu babası, bir vaxtlar Məkkənin böyüyü olmuş Qussay tərəfindən tikdirilmişdi. Darün-nədvada adətən məsləhətləşmək üçün şura təşkil olunurdu və burada çıxarılan qərarı, hökmü icra etmək qanun halını almışdı. Məkkə rəisləri adətən ən vacib, fövqəladə işlər üçün bura toplaşırdılar.
Əbu Cəhlin təşəbbüsü ilə Darün-nədvaya toplaşan müşriklər həzrət Məhəmməd(s) haqqında qərar çıxarmağa tələsmədilər. Söhbət yeni dindən, həzrət Məhəmməddən(s) getdiyindən hamı yenə Əbu Cəhlin sözə başlamasını gözləyirdi. Bəlid ibn Muğirə də, Əbu Süfyan da, As ibn Bail də, Üməyyə ibn Xələf də, Nadr ibn Haris də, Əsvəd ibn Mütəllib də, Utbə ibn Rəbiə də susurdu. Onların ürəyindən qara qanlar axsa da, həzrət Məhəmmədə(s) qarşı kin və küdurət bəsləsələr də, hələlik susur bir neçə gün əvvəl Həmzə tərəfindən təhqir olunmuş Əbu Cəhlin danışmasını gözləyirdilər. Həmzənin İslamı qəbul etməsi onları bir qədər düşünməyə, ehtiyatlı olmağa məcbur etmişdi.
-Niyə susursunuz, niyə danışmırsınız, – deyə Əbu Cəhl qəfildən qəzəbli bir bağırtı ilə dilləndi.
-Həmzə tərəfindən vurulub təhqir olunan sənsən, sən də sözünü de.
-Həmzənin bura nə dəxli var. – Əbu Cəhl hazırcavablıqla Əbu Süfyanın məkrlə dolu olan sözünü yarımçıq kəsdi. Sonra əlavə edərək: – Lazım gəlsəydi, Həmzəyə sizsiz də cavab verərdim. Ancaq o haqlı olduğundan artıq qan tökülməsini istəmədim.
-Bəs onda bizi bura niyə yığmısan – deyə Əbu Süfyan əsəbi halda bildirdi.
-Ya Əbu Süfyan, sən ki, hər şeyi çox gözəl bilirsən, belə tikanlı sözlərə ehtiyac varmı? Yoxsa sən də Məhəmmədin ovsununa düşmüsən?
-Yaxşı, gəlin qurtarağın söz güləşdirməyi – deyə hamıdan yaşlı olan Bəlid ibn Muğirə ustalıqla söhbətin mövzusunu dəyişdi: – Mən sizdən az fikirləşmirəm. Ata-babalarımızın inancı əldən gedir. Müsəlmanların sayı gündən-günə artır. Bəli, gəlin etiraf edək ki, Həmzənin İslamı qəbul etməsi bizim üçün çox ağır zərbədir. Adlı-sanlı cəngavər adamların Məhəmmədə yaxın düşməsinə imkan vermək olmaz. Sizdən nə gizlədim. Məhəmmədi dinləyəndən, Qurana qulaq asandan sonra mən də tərəddüd içindəydim. Ona görə o vaxt sizdən fikirləşməyə möhlət istədim. O sehrkardır, onunla söhbət edən istər-istəməz onun cazibəsinə düşür. O, adamların ürəyini oxuyur. Gizlədilən şeyin yerini deyir. Onun əleyhinə danışdıqlarımızın hamısı ona agah olur.
-Bizi belə vahiməyə salmaqda fikrin nədir, ya Vəlid? – Əbu Süfyan yenidən yerindən dilləndi.
-And olsun hübelə ki, onda heç bir sehr, filan yoxdur. Onun danışdıqları da, oxuduqları da keçmiş fars nağıllarıdır. – Nadr ibn Haris yerindən söz atdı.
-Bu boyda Məkkədə bir dəliqanlı yoxdur ki, gedib onun başını bədənindən ayırsın, bununla da peyğəmbərlik məsələsinə son qoyulsun. – Əsvəd ibn Mütəllibin dilindən çıxan bu sözlər şuraya toplaşanları bir qədər düşünməyə vadar etdi.
-Deyirsiniz, yəni Haşim oğulları ilə qan davasına başlayaq, Məkkədə qan su yerinə axsın.
Vəlid ibn Muğirənin dediyi bu sözlər elə bil yanan tonqalın üstünə su səpdi. Ancaq bu tonqalı Əbu Cəhl yenidən alovlandırdı:
-Bizim məqsədimiz tayfa davası deyil, işimiz Məhəmmədlədir. O hamının, bütün Məkkənin düşmənidir.
Əbu Ləhəb nədənsə danışmaq istəmirdi. Ürəyindəki ürəyindəydi, fikirlərini aşkarlamaqdan ehtiyatlanırdı. O da Həzrəti Məhəmmədə(s) görə qəbilə davasının baş verməsini istəmirdi.
-Mən son sözümü deyirəm, – deyə Əbu Cəhl əsəbi halda dilləndi: – Daha bəsdir dözdüyümüz. Məhəmməd bizim allahlarımızı təhqir edir. Bizə «atalarınız səfehdir, siz və bütləriniz cəhənnəmin odunlarısınız» deyir. Biz isə ona gülürük, məsxərəyə qoyuruq. Məhəmmədi öldürməkdən başqa çarə yoxdur. Mən onu öldürənə öz malımdan yüz qızılı dəvə və min vəqiə (bir vəqiə 20 dirhəmdir) verəcəyəm.
Hamı susdu. Əbu Cəhlin şimşək çaxan baxışları şuraya toplaşanların sifətlərinə tuşlandı. O öz fikrinin təsdiqlənməsi üçün cavab gözləyirdi.
Ağsaqqal Vəlid ibn Muğirə Əbu Cəhlin təklənməməsi üçün nəsə deməyi özünə borc bildi:
-Düz deyir Əmr ibn Hişam, Məhəmməd bizim ata-babalarımızı təhqir edir, övladlarımızı, qohum-qardaşlarımızı ovsunlayıb yolundan azdırır. Bu dava qəbilə davası yox, din davasıdır. Çünki İslamı təkcə haşimilər qəbul etməyiblər axı. Bu işlərin bütün günahkarı Məhəmməddir. Mən Əmr ibn Hişamın fikri ilə şərikəm.
Adətən şurada az danışan Ömər ibn Xəttab yerində qurcalandı. Bünyadi qəbiləsinə mənsub olan Ömər ibn Xəttab müsəlmanlara ən çox əzab-əziyyət verənlərdən biri idi. Ancaq Ömərdən gizlin yeznəsi və əmisi oğlu Səid ibn Zeyd və bacısı Fatimə müsəlmanlığı qəbul etmişdi. Əmisi Zeyd bütpərəstlikdən uzaq bir adam idi. Ailənin mühüm siması sayılan Naim ibn Abdullah da müsəlmanlığı qəbul etmişdi. 33 yaşlı Ömər isə müşriklərin tərəfində idi.
-Məkkədə dəliqanlı axtarırsınız?
Ömər ibn Xəttabın bu qəfil sualı hamının diqqətini cəlb etdi.
Ömər yerindən qalxaraq əlini sinəsinə qoydu:
-Bu işi Ömər ibn Xəttabdan başqa heç kim görə bilməz.
Ətrafı heyrət və sevinc hissləri bürümüşdü. Hamı Öməri tərifləyir, onu daha da ruhlandırmağa çalışırdılar.
-Məhəmmədi günü bu gün öldürərəm, bir şərtlə ki, Əmr ibn Hişam (Əbu Cəhl) vədinə əməl etsin.
Əbu Cəhl:
-Hübələ and içirəm ki, vədimə əməl edəcəm.
Bundan sonra hər ikisi Kəbəni təvaf edib qüreyşilərin ibadət etdiyi Hübəlin qarşısına gəlib and içdilər.
Ömər silahını qurşanıb Darün-nədvadan çıxdı. O, yol boyu açıq-aşkar elan edirdi ki, gedirəm Məhəmmədi öldürməyə. Ancaq Naim ibn Abdullahın bir kəlmə sözü onu yolundan ayırıb bacısı Fatimənın evinə göndərdi və həyat yolunu bütünlüklə dəyişdi. Bacısının və yeznəsinin İslamı qəbul etməsindən hiddətlənən Ömər qəzəbini onların üstünə tökdü. Hətta onları öldürmək istədi. Ancaq bacısının al qan içində ola-ola «La İlahə İlləllah, Muhəmmədin Rəsulallah» deməsi onu fikrindən döndərdi. Qəlbinin dərinliyində qəribə bir hissin baş qaldırdığını duydu. Tərəddüd içində vurnuxdu. Bacısına əl qaldırdığına görə peşman oldu. Fatimə və Zeydin gizlətdiyi «Ta.Ha» surəsinin 1-8 ayələrini oxuduqdan sonra isə ilahi kəlamlar onun qəlbini riqqətə gətirdi. Öz-özünə təkrarladı həmin ilahi kəlamları.
Bacısı ilə kiçik mükalimədən sonra Ömər yenidən öz-özünə: «Bizim səcdə etdiyimiz bütlərin isə heç bir şeyi yoxdur» – dedi.
Öz səhabələrindən Ərkamın evində müsəlmanlarla söhbət edən həzrət Məhəmməd(s) Ömər ibn Xəttabın gəlişini gözləmirdi. Gözətçilər Ömərin silaha qurşanıb gəldiyini xəbər verəndə həzrət Məhəmməd(s) ətrafıdakıların təlaş keçirməsinə baxmayaraq nurlu bir təbəssümlə gülümsədi. Allahın Rəsuluna Ömərin atrıq hansı niyyətilə gəldiyi agah idi. Öncədən hadisələri görən həzrət Məhəmməd(s) Ömərin də xoş niyyətlə gəldiyini bilirdi.
Beləliklə Ömər ibn Xəttab İslamı qəbul edən qırxıncı şəxs oldu.
Elə həmin gün müsəlmanlar toplum halında Allah evi olan Kəbəni təvaf edərək orada açıq-aşkar namaz qıldılar. Bu müsəlmanların özlərini bir qüvvə kimi göstərməsi idi.
***
Əbu Talib zənnində yanılmamışdı. Əbu Süfyanın başçılığı ilə Məkkə müşriklərinin gizlin söhbətlər aparması, müsəlman olmayan Haşim oğullarının sıxıntılara məruz qalması Əbu Talibin nəzərindən yayınmırdı. Həmzədən sonra Ömərin də İslamı qəbul etməsi, Kəbədə müsəlmanların birlikdə namaz qılması Məkkə müşriklərinin qəzəbinə səbəb olmasını da Əbu Talib anlayırdı. Aldığı gizli məlumata görə həzrət Məhəmmədin(s) öldürülməsi haqqında qərarları da qüvvədə idi. Sadəcə fürsət və məqam axtarırdılar.
Əbu Talib hadisələri qabaqlamaq, töküləcək qanların qarşısını almaq, bütün Haşim oğulları ilə birlikdə Məkkəni tərk etmək qərarına gəldi. Bir gecənin ərzində Haşim oğulları və müxtəlif qəbilədən olan müsəlmanlar ailə və uşaqları ilə birlikdə Məkkənin yaxınlığındakı Şeybə yollandılar. Əbu Talibin məsləhəti ilə seçilmiş bu yer sonradan Şeybi Əbu Talib (Əbu Talib dərəsi) adlandırıldı. Vəziyyət ciddi olduğundan Əbu Talib qəbiləni qorumaq üçün mühafizə dəstəsi təşkil etdi. Şeybi Əbu Talib elə yer idi ki, bir qoşunun qarşısını yüksəklikdə dayanmış kiçik bir dəstə ala bilərdi. Bununla kifayətlənməyən Əbu Talib həzrət Məhəmmədin(s) mühafizəsini də ayrıca təşkil etdi. Bu işi oğlu həzrət Əliyə(ə) və Həmzəyə tapşırdı. Qəbilədən kənarda qalan yalnız Əbu Ləhəb oldu. Arvadı Ümmi Cəmilin və qaynı Əbu Süfyanın təkidi ilə o Məkkədən çıxmadı. Əbu Ləhəbin qəbiləyə gəlməyə heç üzü də yox idi.
Həzrət Məhəmməd(s) və müsəlmanlar Məkkədə olmasalar da, əmin-amanlıqda idilər. Daha onları incidən olmayacaqdı. Həzrət Məhəmmədin(s) ailə qayğıları da artmışdı. Yaşlaşmış Xədicə 1 yaşlı həzrət Fatimə bu köçkün həyatına uyğunlaşa bilmirdilər. Həzrət Məhəmməd(s) yaxşı bilirdi ki, qarşıda onları aclıq, su qıtlığı, şəraitsiz çöl həyatı gözləyir.
Əbu Talibin bu hərəkətindən xəbər tutan Məkkə müşrikləri, bir tərəfdən sevinsələr də, digər tərəfdən qeyzləndilər. Şəhərin 40 nəfər əyanı Dərün-nədvaya toplaşaraq Haşim oğulları həzrət Məhəmmədi onlara təhvil verməyincə onları beləcə mühasirədə saxlamağı qərara aldılar. And içib əhd etdilər. Əhdi yazıb möhürlədilər. Əhdnamə saxlanmaq üçün Əbu Cəhlin xalası Ümmü Cülasa tapşırıldı. Bu əhdnamədən sonra Şeybi Əbu Talib mühasirədə qaldı. Həcc günlərindən başqa heç kimin Şeybə getməyə və oradan bir nəfərin Məkkəyə gəlməsinə icazə yox idi. Əhdnaməyə əməl etməyənlər ciddi cəzalanırdılar.
Şeybi Əbu Talibdə vəziyyət gündən-günə ağırlaşırdı. Ancaq Haşim oğulları və müsəlmanlar bu çətinliyə tab gətirməyə məcbur idilər. Həzrət Məhəmməd(s) oruc tutduğu günlərin sayını artırır, az yeyir-içir, yalnız ibadətlə – namaz qılıb dua etməklə məşğul olurdu. Həzrət Məhəmmədin həyatını özləri üçün örnək götürən müsəlmanlar onun etdiklərini təkrar edirdilər.
Əbu Talib boş vaxtı çox olduğundan həzrət Məhəmmədlə(s) daha çox təmasda olurdu. Bir gün yenə Əbu Talib həzrət Məhəmmədlə bir yerdə olanda ona bəzi məqamları xatırlatmağı özünə borc bildi.
-Ey qardaşımın əziz yadigarı, görürəm sən öz dinində çox israrlısan. Sənin Allahın Rəsulu olmağına şübhəm yoxdur. Mən səni baban Əbdul Müttəlibin vəsiyyəti ilə uşaq vaxtından qoruyub bu günə çatdırmışam.
-Bilirəm, əziz əmi, sənin çəkdiyin əziyyətin dəyərləndirilməsi üçün hər gün Allaha dua edirəm. Mənim adımın qiyamətə kimi yaşayacağı mənə agahdır. Mənim himayəçim kimi, müsəlmanların tərəfdarı kimi sənin adın da mənim adımla birgə çəkiləcəkdir.
-Ya Məhəmməd gələcəyi görməyin, öncədən hər şeyi bilməyin sənin peyğəmbərliyinin əlamətləridir. Sən gələcəyi görürsən, mən də keçmişi. Sənə öz nəslimizdən, Qüreyşilərin tarixindən, Məkkənin həyatından bəzi söhbətlər edəcəm.
-Buyur əziz əmi.
-Biz ərəblər hamımız İsmayıl övladlarıyıq. Buna baxmayaraq peyğəmbərə məxsus ilahi nur həmişə bizdə təcəllə edip.
-Sən yaxın keçmişdən danışırsan, əziz əmi. Bizim əsil-nəcabətimiz Adəm peyğəmbərdən başlayır. Bütün seçilmiş peyğəmbərlər əslində bir nəsildəndir. İlahi nurun daşıyıcıları hamısı bir kökdəndir. Nəsildən nəsilə ötürülərək bu günə gəlib çatıb. Sonuncu nur Allahın Rəsulu kimi məndə təcəllə edir. Ancaq mən sonuncu peyğəmbər olsam da, nur sonuncu deyil. Mən bəşər övladı kimi ölüb dünyamı dəyişəcəm. Amma ilahi nur ölməzdir. Məndən sonra bu nur bütün nəslimizə paylanacaq. Məndən törənən bütün nəslimizdə bu nur təcəllə edəcək və qiyamətə kimi onların alnında parlayacaq, qəlblərini işıqlandıracaqdır. Yer üzündə yeni, sonuncu peyğəmbərlə bağlı nəsillər yaranacaq. İnsanlar, Allahın böyüklüyünə, vahidliyinə inanan müsəlmanlar bu nəsildən—mənim övladlarımdan faydalanacaqlar. O ki, qaldı bizim nəsil səcərəmizə o Ədnandan başlayır. Ədnandan bu tərəfə hamısı məlumdur.
-Əhsən məntiqinə, – deyə qoca Əbu Talib fərəhlə dilləndi. Sonra əlavə edərək; – indi dərk etdim ki, insanlar öz valideynlərindən, qohum-əqrabalarından ayrılıb sənin arxanca niyə gedirlər.
-Mən həqiqəti söyləyirəm, haqqı deyirəm. Mənim sözlərim hiylədən, kələkdən, məkrdən, siyasətdən uzaqdır. İlahi kəlamlara gəldikdə isə and olsun ki, mən özümdən heç nə artırmıram, yaxud əksiltmirəm. Allah-taala cənab Cəbrayıl vasitəsilə nəyi mənə vəhy edirsə, onu da deyirəm.
-Elə buna görə də bütün Haşim oğulları əzab-əziyyətə qatlaşaraq səni müdafiə etməyə qalxıblar. Səndən ötrü bütöv bir nəsil evlərini, rahat həyatlarını tərk edib bura gəlib.
Həzrət Məhəmməd bir qədər fikrə gedib sonra dilləndi:
-İnşallah, hamısı bəhrəsini görəcək. Allahın mükafatı cəzasından çoxdur.
Əbu Talib yenidən əvvəlki söhbətinə qayıtdı: – Lap əvvəldən başlayacam – deyə həzrət Məhəmmədin diqqətlə ona qulaq asdığını görüb coşqunluqla dilləndi:
-Bayaq çox düz dedin. Adəmdən İsmayıla kimi bizim əcdadlarımızdır. İsmayılın övladları yüz illərlə Məkkədə padşahlıq etmiş, Kəbə evini qoruyub saxlamış, dəfələrlə təmir etmişlər. Kəbə həmişə onların öhdəsində olmuşdur. Ulu babamız Ədnanın oğlu Məd olmuşdur. Məddən Nəzar, Nəzardan Müzər, Müzərdən İlyas, İlyasdan Müdrikə, Müdrikədən Xəzrimə, Xəzrimədən Kənanə, Kənanədən Nəzr, Nəzrdən Malik, Malikdən Fəhr, Fəhrdən Qalib, Qalibdən Lüvəyy, Lüvəyydən Kəb, Kəbdən Mürrə, Mürrədən Kilab, Kilabdan Qussay, Qussaydan Əbdül Mənaf, Əbdül Mənafdan Haşim, Haşimdən Əbdül Müttəlib, Əbdül Müttəlibdən də biz törəmişik. Həzrət İsmayıldan gələn ilahi işıq səndə təzahür edir.
Həzrət Məhəmməd adəti üzrə gülümsədi. Əbu Talib sözünə ara verdi.
-Buyur, ya Əbdül Mənaf – Həzrət Məhəmməd ilk dəfə idi ki, əmisinə öz adı ilə müraciət edirdi Əbu Talibin əsl adı Əbdül Mənaf idi. Böyük oğlu Talibə görə ona Əbu Talib (Talibin atası) deyirdilər. Artıq bu ada hamının dili öyrənmişdi. Demək olar ki, Əbdül Mənaf unudulub yaddan çıxmışdı.
-Babalarımızın adını sadalamaqda məqsədim var. Onlardan nəsilimizi axırıncı dəfə Məkkəyə toplayan, şəhəri dörd hissəyə bölüb Qüreyşiləri orada sakinləşdirən Qussay olub. Çox müdrik, mərd, igid adam imiş. Kəbədə hicabət (Hacılara xidmət etmək), siqayət (hacılara su vemək), rifadət (hacılara yemək vermək), liva (əlamdarlıq) və nədvə (məsləhətləşmək üçün şura təşkil etmək) və digər işlər onun öhdəsində idi. Ona «Məkkə evinin hicabət açarının sahibi» deyirdilər. Qussay elə böyük bir şəxsiyyət idi ki, Məkkədə ondan icazəsiz heç kim bir iş görə bilməzdi. Onun oğlu Əbdül Mənafın iki əkiz oğlu oldu. Birinin adını Əmr qoydular, sonralar ləqəbi Haşim oldu. Digərinin adı Əbdülşəms oldu. Bu əkiz uşaqların alnı bir-birinə bitişik olduğundan onları qılıncla ayırdılar. Bir ərəb bilicisi o vaxt deyib ki, bu iki uşağın övladlarının arasında olan işlər qılıncla həll ediləcək. Haşimin övladlarına Haşim oğulları, Əbdülşəms övladlarına oğlu Üməyyənin adı ilə bəni Üməyyə deyirlər. Kəbəyə sahib olmaq üçün bu iki nəsil arasında on illərdir ki, gah gizli, gah aşkar mübarizə gedir. Kəbə evi həmişə bizim – Haşim oğullarının əlində olub. Üməyyənin nəvəsi Əbu Süfyanın da davası din davası deyil. Məqsədi Kəbəyə sahib durub Məkkəyə rəislik etməkdir. Mən artıq qocalmışam. Öhdəmdə olan siqayət və rifadətin ixtiyarını qardaşım Abbasa borcum olduğu üçün vermişəm. Ancaq məndən sonra Haşim oğullarına nə qardaşım Abbas, nə də öz oğullarım rəhbərlik edəcək. Mən varis kimi səni seçmişəm. Çünki baban Əbdül Mütəllib belə istəmişdi. O İsmayıldan gəlmə ilahi nuru səndə görürdü. Sən anadan olduğun gün Ərbəhənin başçılığı ilə yəmənlilər şəhərimizə hücum eləmişdi. Hamı qaçıb gizlənmişdi. Baban Əbdülmüttəlib heç nədən çəkinmədən öz qoşunu ilə Məkkənin yaxınlığında düşərgə salmış Ərbəhənin yanına getdi. Onların arasında qəribə bir söhbət oldu.
-«Məndən nə istəyirsən?» – deyə Ərbəhə soruşdu.
-Sənin adamların mənim dəvələrimi oğurlayıblar. Onları geri almaq üçün gəlmişəm.
Ərbəhə heyrətlənir: «Mən Kəbəni dağıtmağa gəlmişəm. Elə bilirdim bunun üçün xahişə gəlmisən. Sən isə dəvələrinin qayğısını çəkirsən.»
Baban bildirir ki, dəvələr mənim halal malımdı. Kəbənin də öz sahibi var. Mənim onu müdafiə etməyə nə gücüm çatar, nə haqqım. Allah evini Allah özü qoruyur.
Baban dəvələri geri alıb qayıdır. Bundan sonra Ərbəhənin qoşunu içərisində elə bir xəstəlik yayılır ki, qırılan qırılır, qırılmayan başını götürüb qaçmağı qənimət bilir. Deyilənə görə, qoşuna Allahın quşları da hücum çəkir, caynaqlarından odlu daş yağdırırlar. Allah öz evini belə qoruyur. Həmin hadisə neçə illərdir Məkkədə zərb-məsələ çevrilib. Baban deyirdi ki, elə bil sənin dünyaya gəlməyin qorudu Allahın evini düşmənlərdən.
Həzrət Məhəmməd yenə fikrə getdi. Xəyalı uzaq keçmişə qanadlandı. Babası Əbdül Mütəllibi gözləri önündə canlandırdı. O, Kəbənin kölgəsində xalça üzərində oturar, bütün nəsil onun işarəsi olmayınca ayaqüstə dayanıb onu dinləyərdi. Babası yalnız ona yanında – xalça üzərində oturmağa icazə verərdi.
Həzrət Məhəmmədin qəfildən yadına nə isə düşdü. Əmisinin üzünə baxaraq:
-Deyirsən siqayət və rifadətin ixtiyarını Abbasa vermisən?
-Hə, keçən həcc mövsümündə hacılara xidmət göstərmək üçün ondan qızıl borc aldım. İndi mənim qızılım olmadığı üçün hər iki ixtiyarı ona verib borcu əvəzləşdirdim.
-Əziz əmi, sənə ərz edim ki, Abbasın övladları bizdən sonra bu ixtiyardan xeyli faydalanacaq, Haşim oğullarının ad-sanını qaldırıb düşmənlərimizi məhv edəcək. Böyük bir xanidan yaradacaqlar. Ancaq sənin və mənim övladlarıma qənim kəsiləcəklər. İlahi nurun tamam yox olmasına çalışacaqlar. Amma bacarmayacaqlar.
-Gələcəyi peyğəmbər kimi yalnız sən bilməyə qadirsən – deyə Əbu Talib deyilmiş fikrin üstündən ötəri keçdi. İsrarla bu günə qayıtdı:
-Bizi bu vəziyyətə salan Əbu Süfyandır. Çox məkrli, hiyləgər və fəndgirdir. Öz şəxsi mənafeyini hər şeydən üstün tutur. O biriləri ilə dil tapmaq olar, sən özünü həmişə Əbu Süfyandan gözlə. Mən bu gün varam, sabah yox. Haşim oğullarının rəhbəri kimi Əbu Süfyandan ehtiyatlı ol. Görürsən bizi məcbur edir ki, qılınca əl ataq, çünki bu gün o güclüdür. Qarşılaşsaq, məğlub olarıq. Ona görə də bu cür mühasirədə qalmaq daha sərfəlidir. Məkkədə ağıllı adamlar çoxdur. Hamımız bir-birimizlə qohumuq. Bizim belə əzab çəkməyimizə onlar dözməyəcəklər.
-Hər şey Allahın əlindədir, əziz əmi, Allahdan buyruq gəlsə günü sabah biz buranı tərk edərik. Ancaq hələlik səbr edib dözmək lazımdır. O ki, qaldı Əbu Süfyana, İnşallah o özü təslim olub mənə pənah gətirəcək. Məkkənin qapılarını öz əlləri ilə üzümüzə açacaq. Kəbənin açarlarını özü bizə təqdim edəcək. Sən qətiyyən narahat olma. Allah özü hər işimizi qaydasına qoyacaq. Mən bir peyğəmbər kimi sinaqdayam. İnanıram ki, bu sınaqdan da, qarşıdakı daha ciddi sınaqlardan da alnıaçıq çıxacam.
Şeybi Əbu Talibdə mühasirə üç il çəkdi. Haşim oğulları və müsəlmanların dözümü son həddə çatmışdı. Aclıq və qıtlıqdan uşaqlar fəryad edirdilər. Məkkə müşriklərindən bəziləri bağlanmış əhdnamədən peşiman olmuşdular. Haşim oğullarına qohum olan məkkəlilərdən bəziləri əhdnaməni gizli surətdə pozaraq Seybi Əbu Talibdə yaşayanlara ərzaq, qida məhsulları göndərmişdilər.
Məkkəlilərdən beş nəfər Şiham ibn Əmr, Züheyr ibn Üməyyə, Mötəm ibn Ədiyy, Əbul Bəxtəri, Zəmət ibn Əsvəd sözü bir yerə qoyaraq əhdnamənin yazıldığı səhifəni cırıb mühasirəni ləğv etmək qərarına gəldilər.
Həzrət Məhəmməd(s) öz işində idi. Nazil olunmuş ayələri müsəlmanlara çatdırır, ibadətini davam etdirirdi. Çöl həyatına tab gətirməyib xəstəhal olan Xədicə də hər gün sual dolu baxışları ilə həzrət Məhəmmədi(s) süzür, bir söz deməsə də, baxışları ilə bu iztirablara nə vaxt son qoyulacağını soruşurdu. Bütün varlıqları ilə Allaha bağlı olan müsəlmanlar da həzrət Məhəmməddən(s) bir söz soruşmağa cəsarət etmirdilər. Onlar yaxşı bilirdilər ki, həzrət Məhəmməd(s) Allahdan buyruq gəlməsini gözləyir.
Əbu Talibin də səbri daşmaq üzrə idi. Yaşlı və ağsaqqal vaxtında qıtlıq onu üzmüşdü. Hiss edirdi ki, ömrünün son illərini yaşayır. O, bir gün həzrət Məhəmmədlə(s) ciddi söhbət edib məsələni birdəfəlik həll etmək qərarına gəldi.
-Ya Məhəmməd, ey Allahın Rəsulu, gücümüz, qüvvəmiz tükənmək üzrədir, dözümümüz son həddə çatır. Heç kim sənə cəsarət edib bir söz deyə bilmir. Özün də şahidsən ki, Haşim oğulları üç ildir hər əzaba qatlaşırlar. Belə getsə hamımız burada məhv olacağıq. Bizə bir əlac. Bir çıxış yolu tap ki, əzab-əziyyətdən qurtulaq. Bir möcüzə göstər ki, məkkəlilər gözləri ilə görüb insafa gəlsinlər.
Həzrət Məhəmməd(s) xeyli fikirləşəndən sonra bir gün vaxt istədi.
Bu bir gün bir il qədər uzun gəldi Şeybi Əbu Talibin sakinlərinə. Artıq hamı bilirdi ki, bir gündən sonra Allahın Rəsulu öz həlledici sözünü deyəcək. Həmin gecə namazdan sonra həzrət Məhəmməd(s) müsəlmanlara «məni tək buraxın» deyib gecə səhərə kimi namaz qılıb dua etdi. Diləyini Allahdan istədi.
Səhəri gün əmi ilə qardaşoğlu yenidən görüşdülər.
-Bu gün təcili get Məkkəyə. Atını düz Darün nədvanın yanına sür. Bu gün orda toplantı var. Beş nəfər bizi istəyən mühasirəni ləğv etmək, bizim Məkkəyə qayıtmağımız üçün söz deyəcəklər. Sən də qoşul onlara. Sözünü ötkəm və inamla de. De ki, müşriklərin yazdığı əhdnamə artıq yoxdur. Allahın göndərdiyi kiçik bir güvə əhdnaməni yeyib. Yalnız Allahın adı yazılmış hissə qalıb. Sözünün üstündə möhkəm dur. De ki, əgər mən dediyim kimi olmasa, Məhəmmədi(s) sizə təhvil verməyə hazıram. Mənim deyəcəyim bu qədər. İndi sən tələs, daha məndən heç nə soruşma. Allah-taala sabahdan bizim Məkkəyə dönməyimizə icazə verdi.
Əbu Talib Darün-nədvaya gəlib içəri daxil olanda bura toplaşanların mübahisə etdiyini gördü. Əbu Talibi görəndə hamını heyrət bürüdü. Onun zəhmli baxışları, əzəmətli görkəmi mübahisəni yarımçıq kəsdi.
Əbu Cəhlə elə gəldi ki, Əbu Talib mühasirədə yaşamaqdan bezib, ona görə də Məhəmmədi(s) təhvil vermək üçün danışığa gəlib. O, gülümsəyərək üzünü bayaqdan əhdnaməni ləğv etmək üçün minnətə gələn beş nəfər əyana tutdu:
-Gördünüz, axır ki, Əbu Talib özü gəlib çıxdı.
-Gəldim, amma başqa məqsədlə.
-Nə məqsəd? – deyə Əbu Cəhl Əbu Talibin sözünü kəsdi:
Əbu Talib amiranə bir tərzdə: – Sözümü kəsməyin, diqqətlə mənə qulaq asın.
-Eşidirik səni, – deyə Əbu Süfyan kinli baxışlarla Əbu Talibi süzdü.
Əbu Talib Əbu Süfyana əhəmiyyət verməyərək sözünə davam etdi:
-Mən sizə qardaşım oğlu Məhəmmədin sözlərini çatdırıram. O dedi ki, qohumlar arasına ədavət salan əhdnaməni Allahın izni ilə güvə yeyib. Dəri üzərində qalan yalnız Allah kəlməsidir. İndi onu gətirin hamımız birlikdə baxaq. Əgər Məhəmməd dediyi düzdürsə, ona qarşı kin və ədavətdən əl çəkin. Yox, əgər yalan deyirsə, mən gedib onu gətirib sizə təhvil verməyə hazıram.
Ortalığa dərin bir sükut çökdü. Bir anlığa hamı Əbu Talibin dediyi fikri araşdırmağa çalışdı.
-Daha bundan gözəl fikir nə ola bilər – deyə Hişam ibn Əmr, Züheyr ibn Üməyyə, Mötəm ibn Ədiyy, Əbul Bəxtəri, Zəmət ibn Əsvəd yerlərindən dilləndilər.
Deyilənlərdən çaş-baş qalan Əbu Süfyan, Əbu Cəhl, Bəlid ibn Muğirə, Üməyyə ibn Xələf, As ibn Bail, Nadr ibn Haris, Ütbə ibn Rəbiə, Əsvəd ibn Müttəlib, Haris ibn Təlatilə, Haris ibn Qeys və başqa müşriklər bilmirdilər nə desinlər. Əbu Ləhəb isə utandığından böyük qardaşının üzünə baxa bilmir, başını ovuclarında gizlədib susurdu.
Əbu Cəhl tərəddüd içində idi. Yadına həzrət Məhəmməd(s) Quran oxuyarkən ona gizlincə qulaq asmağı düşdü. Daxilini bir vahimə, sarsıntı bürümüşdü. Əbu Süfyanı vahiməyə salan Əbu Talibin zəhmli baxışları, sözlərindəki amiranəlik idi. «Yenidən Məkkəni zəhərləyəcəklər bunlar» – deyə öz-özünə pıçıldadı.
Bəlid ibni Muğirə öz-özü ilə söhbətdə idi. «Əbu Talib bir şeyə əmin olmasa, belə, ürəkli danışmaz. Biz zənnimizdə yanılmışıq. Məhəmməd, deyəsən, əsl peyğəmbərdir. Səhv mənimkidir. Gərək mən Məhəmmədi dinlədikdən sonra həqiqəti danışaydım. Ancaq daha ondan keçib. Qürurumuzu sındırmaq bizə yaraşmaz. Qoy əhdnaməni gətirsinlər, hər şey aydın olsun.» Bu daxili söhbətdən sonra Bəlid ibn Muğirə bayaqdan bəri otağa çökmüş daş sükütü pozdu.
-Gətirin əhdnaməni. Mən Əbu Talibin fikri ilə razıyam.
Əhdnaməni gətirmək üçün adamlar yollandı. Əbu Talib öz kəsərli, məntiqli sözləri ilə heç kimin etiraz etməsinə yer qoymamışdı. Əbu Cəhl və Əbu Süfyan yerlərində qurcalansalar da, deməyə söz tapmırdılar. Hazırcavab Nadr ibn Haris də susurdu. Daha onun Həmişə misal gətirdiyi fars rəvayətlərinin yeri deyildi. Bir azdan hər şey gözlə görüləcək, aydınlaşacaqdı.
Hamı əhdnamənin gətirilməsini səbirsizliklə gözləyirdi. Həyəcan və təlaş baxışlarda və sifətlərdə aydın hiss olunmaqdaydı.
Darün-nədvanın qapısının qəfil açılması ilə baxışların gələn adamın böyüyüb hədəqədən çıxmış gözlərinə, tükləri biz-biz olmuş saqqalına töyşüyən sinəsinə tuşlanması bir oldu.
-Əhdnamədən qalan budur – deyə içəri daxil olan şəxs titrək, həyəcanlı bir səslə dilləndi. Əlindəki deşik-deşik olmuş məktubu Əbu Süfyana uzatdı.
Dəmir iradəli, hiyləgər Əbu Süfyan heç nə olmayıbmış kimi deşik-deşik dərini o tərəf, bu tərəfə çevirdi. Diqqətlə ona baxdı. Həmin əhdnamə idi. Güvə yediyi açıq-aşkar hiss olunurdu. Orada «bismikəllahumə» (Cahiliyyət dövründə məktubların başına bu kəlməni yazırdılar) kəlməsindən başqa söz qalmamışdı. Elə bil güvə xüsusi bir əmrlə bütün hərflər olan yeri yemiş, dərini deşik-deşik etmişdi.
Hamı bir-bir güvə yemiş əhdnaməni əlinə alıb diqqətlə baxdı. Daha mübahisə etməyə söz qalmamışdı. Müşriklərdən bir neçə nəfər xəcalətdən başını aşağı salmışdı. Əbu Süfyan, Əbu Cəhl və Əbu Ləhəb nə qədər fikirləşirdilərsə, bəhanə tapa bilmirdilər. Əbu Talibin tələbi yerinə yetirilməli idi.
Əbu Cəhl nəhayət ki, sakit dayana bilməyib vəziyyəti öz xeyrlərinə dəyişmək məqsədi ilə dilləndi:
-Əşi, bu bir təsadüfdür. Güvə dəri yeyər də.
Bəlid ibn Muğirə onun sözünü kəsdi:
-Daha bu məsələ bitdi. Bir neçə atlı Əbu Talibin adamları ilə gedib bütün mühasirədə olanları geri qaytarsın. Hər kəs öz evində yerləşdirilsin. Kim kimin evindən, dükanından nə götürübsə geri qaytarsın.
Bu sözə ən çox şad olan mühasirədəkiləri azad etmək üçün xahişə gəlmiş həmin beş nəfər oldu.
Əbu Cəhl yenidən ayağa qalxıb xüsusi bir əda ilə dilləndi.
-Ya Əbu Talib, sən də qardaşın oğluna tapşır ki, bütlərə hədyan deməkdən, bizə nifrin və qarğış etməkdən əl çəksin. Üç il ərzində siz orada əziyyət çəkmisiniz, biz də burada. Mal-heyvanlarımız tələf olub, ölənlərimiz ölüb, qalanlarımız da sağ cana həsrətdi. Gəlirimiz azalıb, çıxarımız artıb, biz ona dəyməyəcəyik. Onun da bizimlə işi olmasın. Əgər olsa, bu dəfə daha ciddi tədbirə əl atacağıq.
Əbu Talib istədi nə isə desin, ancaq söz dilinin ucundan qayıtdı. Məqsədinə nail olduğundan söhbəti təzələmək istəmədi. Heç nə demədən razılıq baxışları ilə Əbu Cəhlə baxıb otaqdan çıxdı. Bayırda hamı ilə xudafizləşsə də, ögey qardaşı Əbu Ləhəbə çatanda üz çevirdi.
Həmin gün Şeybi Əbu Talibdə mühasirə sona çatdı. Hamı evinə döndü. Həzrət Məhəmməd(s) bütün gecəni yatmayıb Allaha şükür etdi. Namaz qıldı.
Haşim oğullarının və müsəlmanların Məkkəyə qayıdışı əksər Qüreyşilər və digər qəbilələr tərəfindən sevinclə qarşılandı. Üç il bir-birindən ayrı düşmüş qohumlar, qonşular, dostlar bir-birləri ilə görüşüb barışdılar, üzürxahlıq etdilər.
Məkkədə hamı həzrət Məhəmmədin(s) möcüzəsindən, qohumları bir-birinə qarşı qoymuş əhdnaməni güvə yeməsindən danışırdı. Gözləri ilə möcüzə görən məkkəlilər həzrət Məhəmmədə(s) qarşı münasibətlərini də dəyişmişdilər.
Təkcə Məkkə əhalisi yox, Kəbəni ümrə ziyarətinə gələn, zəvvarlar da, Ukkaz bazarındakı tacirlər də həzrət Məhəmmədlə(s) maraqlanırdılar. Hər gün onun yanına onlarla adam gəlir, sualları üstünə yağış kimi yağdırırdılar. Gələnlərin içərisində xoş niyyətlilər də vardı, onu mənasız suallarla sınağa çəkib hər vasitə ilə cavablarını tənqid edənlər də.
-Əgər sən həqiqi peyğəmbərsənsə, Allahı göstər, gözümüzlə görək, inanaq.
-«Kim Allahı görmək istəsə, Allah da onu görmək istəyər» – deyə həzrət Məhəmməd cavab verdi. Sonra əlavə edərək, «Allah buyurub: Kim mənə iman gətirsə onun imanını kamilləşdirərəm. Əgər məni yada salarsa, onunla yaxın olaram.»
-Sənin Allahınla necə dost olaq? – başqa bir nəfər sual verdi.
-«Allahla dost olmağın şərti əvvəlcə camaatla dost olmaqdır.»
-Bizə hansı işləri görməyi məsləhət bilirsən, Ya Məhəmməd?
-«Yaxşı əməllərdə təkidli olun.»
-Mən nə qədər fikirləşirəm, nə səni , nə sənin dinini, nə də Allahını başa düşə bilmirəm, – deyə bir nəfər əsəbi halda dilləndi.
Həzrət Məhəmməd(s) cavabında buyurdu: «Mürtəd (dinsiz) adamın Allahın rəhm və şəfqətinin nə qədər çox olduğundan xəbəri olsaydı, hətta o da behiştə düşməkdən vaz keçməzdi.»
-Ya Məhəmməd, sən deyirsən hər işdə Allaha güvənək. Biz dəvələrimizi açıb buraxsaq, Allah onları qoruyacaq?..
Hiyləgərcəsinə verilmiş bu sualı da həzrət Məhəmməd(s) cavabsız qoymadı.
-«Allaha güvənin, lakin dəvəni bağlamağı da unutmayın.»
-Bizə Quran barəsində danış, Ya Məhəmməd.
-«Qurani-Kərim beş əsas üzrə gəlmişdir: Halal şeylər, haram şeylər, müsbət və təmiz fikirlər, sirlər və zərbi-məsəllər. Halal olanları yerinə yetirin, haram olanlardan çəkinin. Sirlərə iman gətirin və zərbi-məsəllərdən nəsihət alın. Quranın hər bir ayəsində zahiri və batini məna vardır.»
Bir gün həzrət Məhəmməddən(s) soruşdular: «İnsanın ən böyük eybi nədir?»
-«Məndən eyb barəsində deyil, gözəl xasiyyətlər haqqında soruşun.» Bu sözü üç dəfə təkrarlayıb əlavə etdi: «Bilin ki, pisə öyrənmiş şəxs insanların ən pisi, yaxşıya öyrənmiş və alim şəxslər isə ən yaxşısıdır.»
-Ey Allahın Rəsulu, mən Allahı necə tanıyım? – deyə bir nəfər soruşdu.
-«Özünü tanıyan Allahı da tanıyar.»
Həzrət Məhəmmədin(s) yanına gələn şəxslərdən biri dedi: Ey Allahın Rəsulu, mən İslamı qəbul edirəm, amma əvvəllər günahlarım çox olub.
Həzrət Məhəmməd buyurdu:
-«Səmimiyyətlə tövbə edən insan heç bir günahı olmayan adam kimidir.»
Müəyyən dərdi olanlar, uğursuzluğa düçar olanlar, xəstələnənlər də həzrət Məhəmmədin yanına gəlir, İslamı qəbul edib dərdlərinə əlac istəyirdilər.
Həzrət Məhəmməd qəm-qüssədən şikayət edənlərə üzünü tutub dedi: – Dünya və axirət sıxıntılarından qurtulmaq üçün bu duanı oxuyun: «Həsbiyullahi la ilahə illa hüvə aleyhi təvəkəltü və hüvə Rəbbül ərşil əzim.» Bu duanı səhər, axşam təkrar oxuyanı Allah qəm-qüssədən azad edər, axirət sıxıntısından qurtarar. Bir fikri də sizə xatırladım: «Kim bir mömini bu dünyada qəmdən qurtarsa, Allah da ona o dünyada yardım edəcəkdir. Kim ehtiyacı olan adama imdad etsə, mədədkar Allah bu dünyada və axirətdə onun mədədkarı olacaqdır.»
-Ya Rəsulallah, övladlarımızı necə tərbiyə edək?
Həzrət Məhəmməd(s) fikirləşmədən buyurdu: «Atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir.»
-Bir nəfər dedi: – Ya Rəsulallah, mənim ehsan verməyə imkanım yoxdur, nə edim?
-«Hər bir yaxşı əməl ehsandır. – Təmiz və ruh oxşayan söz ehsandır. Tikan və daş kimi maneələrin yolun üstündən götürülməsi ehsandır.»
***
Həzrət Məhəmmədə(s) münasibətin dəyişməsi, müsəlmanların sayının gündən-günə artması Məkkə müşriklərini qorxuya salmışdı. Onlar yenə həzrət Məhəmmədi(s) hədələməkdə, onu yalançı adlandrmaqda davam edirdilər. Əbu Cəhl əvvəlki kimi düşmənçiliyini açıq-aşkar bildirirdi.
-Ya Allahın Rəsulu, Əbu cəhl yenə dilini sakit qoymur, – deyə səhabələrdən bir nəfər namazdan sonra ortalığa söz atdı.
-Mən demişəm, yenə deyirəm Əbu Cəhlin cəzasını Allah özü verəcəkdir. Siz hamınız bunu görəcəksiniz. O ki, qaldı danışmağına, qoy nə qədər danışır, danışsın.
Həzrət Məhəmməd(s) yenidən sözünə əlavə etdi: Bu əzabı Əbu Cəhl özü qazanıb. Allah-taala buyurub: «Hər kəs Mənim dostumu təhqir etsə, özünü Mənimlə müharibəyə hazırlamışdır.»
Bu sözlərdən ən çox sevinən Əmmar oldu. Bu həzrət Məhəmmədin(s) nəzərindən yayınmadı.
-Əmmar, – deyə həzrət Məhəmməd(s) üzünü ona tərəf tutdu: – İnan Əmmar, and içirəm ki, Allah-taala sənin qisasını yerdə qoyan deyil. Əbu Cəhlin aqibətini sən öz gözlərinlə görəcəksən.
***
Həyətdəki adamların arasında dayanmış həzrət Məhəmmədin(s) qəddi əyilmiş, hüznlü çöhrəsinə elə bil qara bulud çökmüşdü. Qəm-qüssə bütün vücudunu bürümüşdü. Mərsiyə deyən qadınların səsi onu göynətmiş, riqqətə gətirmişdi. Ömründə ilk dəfə idi ki, gözlərinin yaşını saxlaya bilmirdi. Yanaqlarından saqqalına süzülən göz yaşları bütün nurlu çöhrəsini islatmışdı. Əziz əmisi, himayədarı Əbu Talibin ölümü onu daxilən sarsıtmışdı. Əmiləri, əmisi oğlanları bütün haşim oğulları, Qüreyşilər, digər qəbilələrin başçıları hamısı Əbu Talibin kiçik həyətinə toplaşmışdılar. Məkkədə böyük nüfuz sahibi olan Əbu Talibin ölümü hamını kədərləndirmişdi.
Həzrət Məhəmməd(s) təsəllisini gənc əmisi oğlu həzrət Əlinin(ə) boynunu qucaqlayıb hönkürməkdə tapdı. Həbəşistanda olan Cəfərin atasının dəfnində iştirak etməməsindən təəssüfləndi. Əbu Ləhəb də oğlanları ilə birlikdə yad adamlar kimi bir kənarda dayanmışdı. Qadınlar olan otaqdan Əbu Talibin qızları Ümmü Haninin (onun əsl adı Faxitə idi) və Cümanənin səsi gəlirdi. Onlar ucadan mərsiyə deyir, ağlayır, Əbu Talibi mədh edirdilər. Sonra qızları bibiləri Atikə, Səfiyyə əvəz etdilər. Onlar da qardaşları Əbu Talibi mədh edib ağladılar. Təkcə həzrət Məhəmmədin(s) yox, bütün Haşim oğullarının gözü yaşlı idi.
Həzrət Məhəmmədin yadına babası Əbdül Müttəlib düşdü. O, hələ can verərkən qızlarını çağırıb uca səslə mərsiyə deyib onu mədh etmələrini, ağlamalarını istəmişdi. Elə mərsiyəni eşidə-eşidə rəhmətə getmişdi.
Qəm içində olan həzrət Məhəmməd(s) bir müddətdən sonra daha bir faciə ilə üzləşdi. Sevimli qadını Xədicənin vəfatı ona qəm üstündən qəm gətirdi.
Əbu Talibin və Xədicənin ölümündən sonra həzrət Məhəmməd(s) çox qəmli olduğundan nadir hallarda evdən çıxır, az danışır, bütün gününü ibadətlə keçirirdi. Bu iki kədərli hadisəyə görə müsəlmanlar həmin ilə (620-ci ilə) amül hüzn (qəm-qüssə ili) adı verdilər.
Həzrət Məhəmmədin(s) gözlədiyi kimi Əbu Talibin ölümündən sonra Məkkə müşrikləri müsəlmanlara, xüsusilə həzrət Məhəmmədin(s) özünə qarşı düşmənçiliyi və ədavəti daha da şiddətləndirdilər. Əbu Cəhlin, Əbu Süfyanın, Bəlid ibn Muğirənin həzrət Məhəmmədi(s) öldürmək qərarları yenidən ortaya çıxmışdı. Bunu bilən müsəlmanlar həzrət Məhəmmədin mühafizəsini möhkəmləndirmişdilər. Həzrət Əli(ə) və oğulluğa götürdüyü Zeyd ibn Haris növbə ilə onu nəzarətsiz qoymurdular. Buna baxmayaraq Məkkə müşriklərinin öyrətdiyi adamlar həzrət Məhəmmədi(s) qarabaqara izləyir, əlləri çatmasa da, dilləri ilə hədyanlar söyləyirdilər.
Sarsılmış həzrət Məhəmməd(s) Məkkəni tərk etmək qərarına gəldi. Bir gün oğulluğa götürdüyü Zeyd İbn Harisi yanına çağırıb – «Səfərə hazırlaş» – dedi.
-Ya Rəsulallah, yolumuz hansı tərəfədir?
-Sən hazırlığını gör, gedərik, bilərsən, – deyə həzrət Məhəmməd ötkəm halda bildirdi.
Zeyd ilk dəfə idi ki, həzrət Məhəmməddən(s) belə ötkəm cavab alırdı.
Həzrət Məhəmməd(s) sıxıntılardan yaxa qurtarmaq, yeni dini yaymaq üçün Məkkədən kənar olan yeni bir istinad nöqtəsi axtarırdı. Öz-özlüyündə çox götür-qoydan sonra Məkkədən təxminən yüz kilometr aralıda yerləşən Taifə getməyi qərarlaşdırmışdı.
Bu həzrət Məhəmmədin(s) bisətdən sonra ilk səfəri idi. Həzrət Məhəmməd(s) bütün yol boyu düşünür, Taifdə necə qarşılanancağı barədə fikirləşirdi qəlbindəki inamsızlıq zərrəsi get-gedə böyüyür, onu narahat edirdi. «Taif əhli cəhalət yuxusuna daha bərk dalıbdır. Onları oyadıb haqqın yoluna gətirə biləcəyəmmi? Taiflilər Latdan üz döndərəcəklərmi, yoxsa yenə bu iri daş parçasına inanacaqlar. Söyləyəcəyim xütbələr, oxuyacağım Quran ayələri onların daşlaşmış qəlbini yumşaldacaqmı? Başlarından duman çəkiləcəkmi? Qulaqlarından tıxac çıxarılacaqmı? Dilləri açılıb «La İlahə illəllah» deyəcəkmi?» Bütün bu düşüncələr, üstəgəl üzücü səhra yolu həzrət Məhəmmədin(s) qəlbini sıxırdı. Yalnız namaz qılıb ibadət etdiyi vaxtlarda sakitləşirdi. Nə cənab Cəbrayıldan buyruq gəlirdi, nə də Allah-taaladan vəhy nazil olurdu. Təsəllisi yalnız Məkkədən qurtulmağı idi. Başına nə hadisə gəlirsə gəlsin, hamısını Məkkədə qalmaqdan, iyrənc sifətlərlə qarşılaşmaqdan üstün tuturdu.
Mənzil başına yaxınlaşanda yol boyu həzrət Məhəmmədin(s) ovqatını yaxşılaşdırmaq üçün əlindən gələni edən, onu ruhlandırmağa çalışan Zeyd ibn Haris yenə həzrət Məhəmmədə(s) suallar verib, onu danışdırmaqla qəm-qüssədən ayırmaq istədi. Həzrət Məhəmməd(s) fikrən bir neçə il əvvələ qayıtdı. Zeydin atası Harisin onun yanına gəlişini xatırladı. «Sən mənim oğlumu qul kimi almısan, nə qədər istəyirsən əvəzini ödəyim, mənim oğlumu azad et, aparım» – deyə Haris həzrət Məhəmmədə(s) yalvarmışdı. «Mən sənin oğlunu nəinki azad etmişəm, hətta oğulluğa götürmüşəm. Adamlar indi məni Məhəmməd(s) Əbu Zeyd deyə çağırırlar. Əgər o özü razıdırsa, oğul sənindir, apara bilərsən» -deyə həzrət Məhəmməd(s) buyurmuşdu.
Onda Zeyd israrla həzrət Məhəmmədin(s) yanında qalmağı bildirmişdi. Çünki həzrət Məhəmməddən(s) və Xədicədən gördüyü qayğını heç kimdən görməmişdi. Xədicənin ölümü əsl oğul kimi onu da göynədirdi.
Taif uzaqdan görünməkdəydi. Səhradan baxanda qum üzərində nəhəng həşarata – qırxayağa bənzəyirdi. Bu mənzərə heç də həzrət Məhəmmədin ürəyincə olmadı. Böyük ümidlərlə pənah gətirdiyi şəhər uzaqdan ona hər şeyi bəyan edirdi. Mindiyi dəvə də işarəsiz olaraq surətini azaltdı, qəribə bir səs çıxararaq şəhərə tərəf tüpürdü. Həzrət Məhəmməd ondan bir az arxada gələn Zeydi səslədi:
-Eşidirəm, ya Rəsulallah, – deyə Zeyd onun bərabərliyinə çatdı. Hər ikisi dəvəsini dayandırdı.
-Heç ürəyimcə olmadı bu şəhər – deyə həzrət Məhəmməd(s) uzaqdan qırxayağa oxşayan Taifə bir də baxdı.
Zeyd cavabını susmaqla bildirdi...
İlan kimi qıvrılan küçələr də, sərt qaya daşından tikilmiş açıq qəhvəyi evlər də, küçələrdə dolaşan elə açıq qəhvəyi sifətli adamlar da həzrət Məhəmmədin(s) ürəyini açmadı.
Məkkədən kiçik olan Taifi üç qardaş idarə edirdi. Həzrət Məhəmməd(s) ilk növbədə onlarla görüşməyi qərara aldı.
Şəhərlərində yad adam görən sakinlər onların kimliyi ilə maraqlandılar. Zeyd həzrət Məhəmmədi(s) sakinlərə təqdim edir, onun peyğəmbər olduğunu bildirirdi. Yeni xəbər şəhərdə ildırım sürətilə yayıldı. Adamlar dəstə-dəstə gəlib qeyri-adi nəsə görəcəklərini zənd edərək ona diqqətlə baxır, dəvə üstündə irəliləyən həzrət Məhəmmədi(s) suala tuturdular.
-Bu necə peyğəmbərdir. Bizim kimi geyinib, biz mindiyimiz dəvədən minib, bizim kimi də danışır – deyə yerbəyerdən səslər gəlirdi. Ancaq itaətkar Taiflilər rəislərin yeni peyğəmbər barədə nə deyəcəklərini gözləməli oldular.
Həzrət Məhəmmədlə(s) Zeyd karvansarada bir müddət dincəldikdən sonra şəhər rəislərinə sifariş göndərib onları qəbul etmələrini xahiş etdilər.
Rəis qardaşlar həzrət Məhəmmədin(s) şəhərə gəlişindən xəbərdar idilər. Onun necə hərəkət edəcəyini gözləyirdilər. Bütpərəst qardaşlar onun haqqında eşitmiş, bütlərə hədyanlar dediyini, adamları təkallahlığa çağırdığını bilirdilər. Ona görə də müəyyən adamlar öyrədərək həzrət Məhəmmədin(s) özbaşına adamları yeni dinə çağırdığı təqdirdə onu şəhərdən qovmaları barədə göstərişlər vermişdilər. Həzrət Məhəmmədin(s) rəislərin özləri ilə görüşmək istəməsi qardaşları tərəddüd içində qoymuşdu. Həzrət Məhəmməd(s) şəhər sakinlərinin xısın-xısın söhbətlər etdiyini duyduğundan ehtiyatlanıb adamlarla açıq söhbətə girişmədi. Rəislərlə görüşüb ilk növbədə onları dinə gətirməyi daha üstün bildi.
Az qala bütün şəhər Taif rəislərinin evlərinin qarşısındakı meydana toplaşmışdı. Onlar yeni peyğəmbərlə rəislərin danışığının nəticəsini gözləyirdilər. Əgər onlar yeni peyğəmbərə inanıb İslamı qəbul etsəydilər, şəhər sakinləri də bu dini qəbul etməyə hazır idilər. Əks təqdirdə həzrət Məhəmmədi(s) daş-qalaq edib şəhərdən qovacaqdılar.
Həzrət Məhəmmədlə(s) rəislərin söhbəti o qədər də uzun çəkmədi. Onlar ustalıqla dəvəti rədd etdilər. Həzrət Məhəmmədə(s) qarşı üzdə o qədər də sərt davranmayan rəislər o gedəndən sonra adamlarını çağırıb öz tapşırıqlarını verdilər.
Nə həzrət Məhəmməd(s), nə də Zeyd şəhər sakinlərinin onları daşlayıb şəhərdən qovacaqlarını gözləmirdilər. Həzrət Məhəmməd(s) ömründə görmədiyi təhqirə, işgəncəyə məruz qaldı. Onun ardınca atılan daşlar ayaqlarını yaralamışdı. Zeyd ibn Haris bədənini sipər edib həzrət Məhəmmədi(s) qorusa da, hücum o qədər güclü idi ki, daş təcavüzündən onu tam mühafizə edə bilmədi. Adamları haqq yoluna dəvət etməyə gələn, bütün ömrünü insanların Allahın qayda-qanunları ilə yaşamasına sərf edən bir insan onlar tərəfindən işgəncəyə düçar olmuşdu.
Bir təhər qaçıb canlarını qurtaran həzrət Məhəmməd(s) və Zeyd şəhər kənarındakı bir bağda daldalanıb dincəlməli oldular. Atılan daşlar həzrət Məhəmmədin ayaqlarını parçalamışdı. Geri qayıdıb dəvələri götürmək mümkün deyildi. Zeyd həzrət Məhəmmədin(s) yaralarını təmizləyib sarıyır, onu ovundurmağa çalışırdı.
Həzrət Məhəmməd(s) Taiflilərin hərəkətlərindən sarsılmışdı. Axırıncı dəfə o Məkkədən çıxanda onun üstünə torpaq atmışdılar. İndi isə onu al-qana qərq etmişdilər. Həzrəti Məhəmməd(s) qara fikirləri yaxına buraxmayıb yenə nicatını ibadətdə gördü. Namazdan sonra yenidən əllərini Tanrı dərgahına açıb dua etdi.
«Ya Allah, sənin yanında öz zəifliyimi və sərgərdanlığımı bixəbər cahillərin qarşısında etiraf edirəm. Sən rəhmli və mehribansan, zəifləri himayə edənsən, Ya Rəbb, məni əhatə edən düşmən rəhmsiz, dostlar isə nadandır! Məni onlaramı tapşırıbsan? Mən səndən başqa, heç nə haqda fikirləşmirəm, çünki sən mənim hamim və kömək edənimsən. Sənin göyləri münəvvər (nurlu), zülməti yox edən üzünün nurunda özümə pənah axtarıram. Sənin iradəndən başqa heç bir qüvvə və qüdrət mövcud deyil…»
Həzrət Məhəmməd(s) və Zeyd ibn Haris Taifdən çıxıb Nəxlə adlı yerə çatanda səhərə az qalmışdı. Hər ikisi sübh namazı qılmağa başladı. İnsanlardan hər addımdaşı pislik, əzab və əziyyət görən həzrət Məhəmməd(s) yenə əllərini Allah dərgahına açıb dua etdi, ulu Tanrıdan yardım istədi.
Zeyd namazı qurtarıb həzrət Məhəmmədin(s) kiminləsə danışdığını gördü. Ancaq ətrafda heç kəs yox idi. Zeyd istədi hərəkət etsin, nə isə desin, soruşsun. Ancaq hansı bir qüvvəsə elə bil onun bütün halını, hərəkətini əlindən almışdı. Ayaqları keyimiş, dili qıfıllanmışdı.
Nə qədər vaxt keçdi Zeyd heç özü də bilmədi. Təkcə onu gördü ki, günəşin şəfəqləri qum dağlarının üstündən görünmək üzrədir.
-Ya Zeyd!..
Zeyd həzrət Məhəmmədin(s) səsinə elə bil yuxudan ayıldı.
-Yaxın gəl, Zeyd – deyə həzrət Məhəmməd(s) ikinci dəfə Zeydi səslədi.
Ayağının keyi, dilinin qıfılı götürülən Zeyd heç nə olmayıbmış kimi hərəkətə gəldi.
-Eşidirəm, ya Rəsulallah, – deyə Zeyd həzrət Məhəmmədə(s) yaxınlaşdı.
-Bilirsən, nə oldu?
- Ərz edin bilim, ya Rəsulallah.
Taiflilər bizi daşa basıb dəvətimizi qəbul etmədilər. Amma sübh namazımıza diqqət kəsilən gözəgörünməz məxluqlar Allahın yeni dininə iman gətirdilər. Onlardan bir dəstəsi bayaqdan mənimlə söhbət edirdi. Onları sən görə bilməzdin. Allahın izni ilə ancaq mənim gözlərimə göründülər. Zeyd heyrət və həyəcanla həzrət Məhəmmədi(s) dinləyir, qorxu və təlaşdan əsirdi.
-Qorxmaq lazım deyil, ya Zeyd. Artıq onlar bizim kimi müsəlmandırlar. Onların da öz aləmi var idi. İndiyə kimi təkəbbürlü idilər. Allaha şərik qoşub özləri hər şeyə qadir olduqlarını bildirirdilər. Ancaq mən Quran tilavət edəndə bu səsdən xoşları gəldi. Allahın hər şeydən yüksəkdə olduğunu qəbul edib «La İlahə İlləllah» dedilər. Öz qəbilələrinə qayıdıb dinimizi yayacaqlarına söz verdilər. Bildirdilər ki, Nissibeyn cinləridirlər. İndi bizim gözəgörünməz məxluqlar arasında da müdafiəçilərimiz, köməkçilərimiz var.
Zeyd həzrət Məhəmmədin(s) danışa-danışa qəribə hal keçirdiyini hiss etdi «vəhy məqamı yetişir» – deyə öz-özünə pıçıldadı. Doğrudan da həzrət Məhəmməd(s) artıq özündə deyildi. Gözlərinə yalnız cənab Cəbrayılın əzəmətli vücudu, qulağına yalnız onun ecazkar səsi gəlirdi. Həzrət Məhəmməd(s) əbasını başına çəkib yalnız dinləyir, diqtə olunanları yaddaşına həkk edirdi:
-Ya Rəsulallah, özünüzə gəldinizmi? – deyə Zeyd həzrət Məhəmmədin(s) halında dəyişikliyin əlamətini görcək dilləndi.
-Səni müjdələyirəm, ya Zeyd. Allah-taala cənab Cəbrayıl vasitəsi ilə göndərdiyi ayələrlə cinlərin İslamı qəbul etməsinə öz razılığını bildirdi.
-Onlar yenə gələcəklərmi? – deyə Zeyd yenə qorxu və təlaşla bildirdi.
-Mən sənə dedim axı, İslamı qəbul etmiş bu məxluqlardan daha qorxmağa dəyməz. Onlar nəinki gələcəklər, qiyamətə kimi məni və mənim övladlarımı, bütün mömin müsəlmanları öz dəstələri, qoşunları ilə mühafizə və müdafiə edəcəklər. Əlbəttə ki, yalnız Allahın izni ilə. Zeyd heyrət və həyəcanla həzrət Məhəmmədi(s) dinləməkdə idi.
-Sənə bir sirr də açım, ya Zeyd – deyə həzrət Məhəmməd(s) Zeydin təlaşını aradan qaldırmaq üçün dilləndi.
-Allahın yeni dinini bu ərsəyə çatdırmaq, tək mənim işim deyil. Allah-taala bundan ötrü nə qədər mələk cəlb edib bu işə. Cənab Cəbrayılın ətrafındakı mələklərin nə sayı var, nə hesabı. Mən mələklərin mühafizəsindəyəm. Ona görə Məkkə müşriklərinin qarşısında tab gətirirəm. Mən bilirəm ki, sıxıntılarımız ötəridir. Elə şeylər var ki, onları deməyə ixtiyarım yoxdur. Sadəcə onu bildirirəm ki, qələbə müjdəsini çoxdan almışam. Axır-əvvəl müşrikləri də haqq yoluna gətirəcəyik. Gələcəkdə baş verəcək döyüşlərdə bu gün sinəsinə döyən kafirlərin hansı günə düşəcəklərini öz gözlərinlə görəcəksən. Mən və mənim nəslim qiyamətə kimi Allahın, onun mələklərinin, gözəgörünməz məxluqlarının, mühafizəsindədir.
Həzrət Məhəmməd(s) Taifdən qayıtdıqdan sonra bir neçə qəbilə arasında olsa da dəvəti qəbul olunmadı. Məcbur qalıb Mötəm ibn Ədiyyə sifariş göndərdi ki, onu öz himayəsinə alıb Məkkəyə aparsın. Bu o Mötəm ibn Ədiyy idi ki, Haşim oğullarını mühasirədən qurtarmaq üçün əhdnamənin ləğv olunmasını tələb etmişdi.
Mötəm ibn Ədiyy həzrət Məhəmmədin sifarişini eşidən kimi oğlanlarıını silahlandırıb onun hüzuruna getdi. Həzrət Məhəmməd(s) Mötəm ibn Ədiyyin himayəsində Məkkəyə qayıtdı. Müşriklər himayəçidən ehtiyatlanıb bir söz demədilər. Ancaq aradan bir neçə gün keçəndən sonra təqiblər, hədələr yenidən başladı. Həzrət Məhəmmədə(s) qarşı çıxanların bir neçəsi artıq həyatda yox idi. Vəlid ibn Muğirə həzrət Məhəmmədin ayaqları altına tikan atdığından öz ayağına ağac qırığı batmış və ayağından çoxlu qan axdığına görə ölmüşdü. Əbu Ləhəbin oğlu Ütbəni şir parçalamışdı. Əsvəd ibn Mütəllib kor olub başını divara vurub ölmüşdü. Haris ibn Təlatilənin başından çirk gəldi və bu xəstəliklə öldü. Haris ibn Qeys duzlu balıq yeyəndən sonra o qədər su içdi ki, qarnı partladı. Məkkəlilər bu hadisələri həzrət Məhəmmədin(s) sehrkar olması ilə əlaqələndirirdilər. Dərk etmirdilər ki, Allahın Rəsuluna qarşı çıxanları, onu məsxərəyə qoyanları Allah özü cəzalandırır.
***
Növbəti Həcc mövsümü idi. Ərəbistan yarımadasının müxtəlif yerlərindən gəlmiş zəvvarlar Kəbəni ziyarət edirdilər. Həzrət Məhəmməd(s) zəvvarlarla görüşüb Quran tilavət edir, insanları yeni dinə – İslama dəvət edirdi. Ancaq son vaxtlar azğınlaşmış Əbu Ləhəb həzrət Məhəmmədi(s) izləyərək hər yerdə onun yalançı olduğunu, bütlərə hədyanlar dediyini zəvvarlara çatdırır, adamları həzrət Məhəmməddən(s) çəkindirirdi. Artıq müşriklər açıq-aşkar həzrət Məhəmmədin(s) Məkkəni tərk etməsini tələb edirdilər. Əbu Cəhl and içmişdi ki, Məhəmməd Kəbədə namaz qılsa, başına daş salıb öldürəcək. Belə bir məqam yetişəndə Əbu Cəhl böyük bir daşı səcdədə olan həzrət Məhəmmədin(s) başına salmaq istədi. Ancaq daş əlinə yapışıb qaldı. Geri çəkilib daşı başqa istiqamətə atdı. Daha bir nəfər həzrət Məhəmmədi(s) öldürmək üçün ona hücum çəkdi, ancaq yaxınlaşanda vahimələnib geri qayıtdı. «Onunla mənim aramda bir əjdaha var idi, qaçmasaydım, məni parçalayacaqdı» – dedi.
Beləcə Məkkə müşriklərinin fitnə-fəsadlarına baxmayaraq Allah-taala cənab Cəbrayıl vasitəsi ilə öz rəsulunu xətalardan hifz edirdi.
***
Mədinə. Bu şəhərin əsl adı Yəsribdir. Hicrətdən sonra həzrət Məhəmmədin şərəfinə Mədinətün Nəbi adını alacaqdı.
Mədinə həzrət Məhəmmədin(s) ikinci vətəni hesab olunurdu. Burada onun ana tərəfdən yaxın-uzaq qohumları yaşayırdı. Atası Abdullah ibn Əbdül Müttəlib bu şəhərdə vəfat etmişdi. Özünün körpəlik çağları Mədinədə keçmişdi. Hərdən həzrət Məhəmməd(s) o illəri xatırlayır. Hovuzda üzmək öyrənməyini, qonşu uşaqları ilə oynamağını yadına salırdı. Hər dəfə o illəri xatırlayanda anası Əminənin nurlu çöhrəsi, sədaqətli xidmətçi – cariyə Ümm-Eymənin qayğıkeş baxışları gözləri önündə canlanırdı.
Məkkənin şimalında yerləşən Mədinə Hicazın Məkkədən sonra ikinci böyük şəhəri hesab olunurdu.Ta qədimdən burada ərəblər, yəhudilər, xristianlığı qəbul etmiş bir qisim insanlar yanaşı yaşayırdılar.Məkkədən fərqli olaraq Mədinənin torpağı daha münbit və məhsuldar idi.
Son illər Mədinədə baş verən hadisələr, tayfa davalarının xəbəri Məkkəyə də gəlib çatırdı. Yəhudilər, Ovs və Xəzrəc qəbilələri arasında baş verən qanlı döyüşlər səngimək bilmirdi.
Azlıq təşkil edən yəhudilərin «nə olar, bu gün siz bütpərəstlər güclüsünüz. Məkkədə zühur etmiş Xətəmül Ənbiyanın bütpərəstlərə qalib gəlməsindən sonra nə edəcəksiniz?»
Bu sözlər Ovs və Xəzrəc qəbilələrinin əyanlarını düşündürürdü. Onsuz da onlar şəhəri bürümüş qan davalarından, bir-birlərinin evlərini odlamaqdan, mal-dövlətini tələf etməkdən bezmişdilər. Bu davaları yatıra bilən müdrik bir insanın axtarışındaydılar. Xatəmül-Ənbiya həzrət Məhəmməd(s) haqqında Məkkədən gələn zəvvarlardan eşitmişdilər. Ona görə də Xəzrəc qəbiləsi bir yerə toplaşaraq yəhudiləri qabaqlamaq üçün Məkkəyə öz adamlarını göndərməyi qərara aldılar.
Həcc mövsümü idi. Məkkə kənar yerlərdən gələn zəvvarlarla dolmuşdu. Kəbə evini tavah edib bütpərəst ayinlərini yerinə yetirən zəvvarlar şəhər küçələrini dolaşır, alver edir, şairlərə, nağılçılara qulaq asır, istirahət edirdilər.
Yasaq olmasına baxmayaraq müsəlmanlar imkan düşən kimi Allahın yeni dinindən, Onun Rəsulundan söhbət açır, nazil olmuş ayələri onlara oxuyurdular. Dodaq büzənlər də olurdu, sadəcə maraqlananlar da, ilahi kəlamların cazibəsinə düşüb islamı qəbul edənlər də.
Həzrət Məhəmməd(s) Məkkə yaxınlığındakı Üqbə təpəsində idi. Kəbə yolunun üstündə dayanıb fikirlərini aşılamaq üçün zəvvarları gözləyirdi. Şəhərdən kənar olduğu üçün təhlükəsizlik naminə həzrət Məhəmməd(s) özü buranı seçmişdi. Müsəlmanlara da gözdən uzaq yerdə zəvvarlara yanaşmağı tapşırmışdı.
Altı nəfər zəvvarın ona yaxınlaşdığını görən həzrət Məhəmməd(s) sözə özü başladı:
-Haradan gəlmisiniz?
-Mədinədən gəlirik. Xəzrəc qəbiləsindənik.
-Çox yaxşı, Mədinə mənim üçün Məkkə qədər doğmadır. Nəccar oğullarını tanıyırsınızmı?
-Yaxşı tanıyırıq. Amma indi şəhərdə elə qarışıqlıq var ki, heç kim heç kimi tanımaq istəmir. Hər qəbilə başçısı öz adamlarını başına yığıb rəis mənəm deyir.
Həzrət Məhəmməd(s) onları diqqətlə dinləyib sonra buyurdu.
-Sizə Allahın yeni dini haqqında danışacam. İslam adlanan bu dini qəbul edənlər bir-birləri ilə qardaş olur. Siz bura bütlərə səcdə etməyə gəlmisiniz. Ancaq tavah etdiyiniz o evin əsl sahibi Allahdır. Yerin göyün sahibi odur. Allahdan başqa səcdə ediləsi məbud yoxdur. Həzrət Məhəmməd(s) bu sözləri deyib Qurandan ayələr oxudu. «Fatihə» surəsinin sehri altı nəfər mədinəlini heyrətə gətirdi.
-Mən isə, – deyə həzrət Məhəmməd(s) özünü təqdim etdi. Allahın yer üzündə rəsulu, sonuncu peyğəmbəriyəm. Allah-taala sizə söylədiyim o ayələri vəhy vasitəsi ilə mənə nazil edib. Mənim vəzifəm insanları düz yola dəvət edib onları Allahın böyüklüyünə inandırmaqdır.
Mədinəlilər tərəddüd etmədən İslamı qəbul edib həzrət Məhəmmədə(s) beyət etdilər. Mədinəlilərin ağsaqqalı Əbu Əmmamə beyətdən sonra üzünü həzrət Məhəmmədə tutub inamla danışmağa başladı.
-Şəhərimizdə vəziyyət olduqca ağırdır. İki böyük qəbilə bir-birlərinə qənim kəsilib, qanlı Buas döyüşündən sonra da ara sakitləşmir. Biz bu düşmənçiliyi aradan qaldırmaq üçün yeni din olan İslamı qəbul etməkdən və səni hami seçməkdən başqa çarə tapa bilmədik.
Bu hadisədən bir il vaxt keçirdi. Bütün bunlar həzrət Məhəmmədin(s) yadında idi. İndi isə bir dəstə Mədinəli onu gizli görüşə çağırırdı. Görüş Məkkə yaxınlığında Əqəbə deyilən yerdə keçirilməli idi.
Həzrət Məhəmməd(s) həm sevinirdi, həm də həyəcanlı idi. Bir il əvvəl görüşdüyü altı nəfər mədinəli öz işlərini görmüşdülər. Budəfəki heyət on iki nəfər idi. Onlar İslamı qəbul edib bura gəlmişdilər. Məqsəd yeni dini daha da genişləndirmək, Mədinəni İslamın mərkəzinə çevirmək idi. Ötən ilki mədinəlilərdən beşi yeni heyətdə idi. Qalan yeddi nəfərdən beşi Xəzrəc, ikisi isə Ovs qəbiləsindən idi. Bir il əvvəl bir-birinin qanına susamış iki qəbilənin adamları Allahın Rəsulu önündə din qardaşı idilər.
Mədinəlilər birlikdə and içib həzrət Məhəmmədə(s) beyət etdilər. Andın hökmünə görə onlar Allaha şərik qoşmayacaq, batinləri və zahirləri təmiz olacaq, nəcis və murdar olmayacaqlar, yalan danışmayacaqlar, heç kimin malına göz dikməyəcəklər (oğurluq etməyəcəklər), heç kimin namusuna təcavuz etməyəcəklər (zina etməyəcəklər), qızlarını öldürməyəcəklər, heç kimə iftira (böhtan) deməyəcəklər; İnad və lovğalıqdan çəkinəcəklər, ağır və öldürücü riba (sələm) verməyəcəklər, Allahın əmrlərinə itaət edəcəklər və ibadətdə səhv etməyəcəklər.
Onlar bu hökmləri Mədinədə yaymalı, yeni dinin üstünlüklərini, İlahi bir din olduğunu, həzrət Məhəmmədin(s) Allahın Rəsulu olduğunu şəhər əhalisinə çatdırmalı idilər. Mədinəlilər Quran oxumaq üçün onlarla bir nəfərin getməsini xahiş etdilər.
Həzrət Məhəmməd(s) yanındakı səhabələrini nəzərdən keçirdi. Baxışları Həbəşistandan təzə qayıtmış Məsəb ibn Omeyrin üzərində dayandı. O, İslamı ilk qəbul edənlərdən biri idi. Məmnunluqda razılıq verdi. Mədinəlilərdən isə bir nəfər – Zəkvan ibn Qeys Allah Rəsulunun xidmətində dayanmaq üçün Məkkədə qaldı. Bununla da birinci Əqəbə görüşü başa çatdı.
***
Həzrət Məhəmməd(s) nəzərlərini səmaya tuşlayıb gümüşü rəngli hilal Ayı görəndə əllərini üzünə çəkib zikr etdi. Qum üstündə bardaş qurub oturaraq peyğəmbərə diqqət kəsilmiş müsəlmanlar onun hərəkətini təkrar edərək yerbəyerdən «Allahu məssəlli əla Mühəmmədin və Ali Mühəmməd» -deyə uca səslə dilləndilər.
Həzrət Məhəmmədin(s) yadına bir neçə gün əvvəl Məkkə müşriklərinin «Əgər həqiqi peyğəmbərsənsə Ayı parçala, sənə inanaq» sözləri düşdü. Həzrət Məhəmməd(s) onlara elə həmin an nazil olmuş ayələrlə cavab verdi: «Və inyərəvayətənyu-rizu və yəqulu sihrun-mustəmirr».
Əgər müşriklər (Məhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib“(Bu, uzun müddət) davam edən bir sehrdir”- deyərlər.
(Qurani-Kərim. «Əl-Qəmər» («Ay») surəsi. 2-ci ayə)
Həzrət Məhəmmədin(s) ovqatı yaxşı idi. Şeybi Əbu Talibdən gələndən ilk dəfə idi ki, üzü gülürdü. Əbu Talibin, Xədicənin vəfatı, uğursuz Taif səfəri həzrət Məhəmmədi tamam üzmüşdü. On iki nəfər Mədinəlinin Əqəbədə onunla görüşü olmasaydı, kim bilir hadisələr necə cərəyan edəcəkdi.
Bütün baxışlar həzrət Məhəmmədə(s) tuşlanmışdı.. Aralığa sükut çökdü. Həzrət Məhəmməd(s) bir qədər fikrə getdi. Sonra nəzərlərini müsəlmanların təbəssümlü çöhrələrində, ümid və inam dolu baxışlarında gəzdirdi.
Kəbə tərəfdəki evlərdən gələn qarışıq səslər açıq-aydın eşidilirdi. Yenə sərxoş bağırtıları, qadın qəh-qəhələri, tükürpədən sözlər, söyüş və hədyanlar… müsəlmanlar isə ilahi bir eşqin təsiri altında öz peyğəmbərlərinə diqqət kəsilmişdilər. Ayın parlaq işığında qumsallıqda oturmuş bu bir dəstə adamın sifətindəki maraq və həyəcanı aydın görmək olardı.
Həzrət Məhəmməd(s) Allah-taala tərəfindən nazil olan ayələri söyləyirdi. İlahi kəlamların təsirindən, sehrindən müsəlmanlar gecədən xeyli keçməsinə baxmayaraq həzrət Məhəmmədi(s) dinləyirdilər.
Həzrət Məhəmməd(s) coşğun bir ruhla danışırdı. Dinləyənlərin gözləri önündə keçmiş peyğəmbərlərin başına gələn əhvalatlar canlanırdı. Onlar az qala nəfəslərini belə dərmədən həzrət Məhəmmədi(s) dinləyirdilər. Onun dilindən qopan hər bir söz öz ilahi gücü ilə yaddaşlara köçürülürdü.
Hamı dərindən nəfəs aldı. Yerlərində qurcalanıb nəsə demək istəyirdilər ki, həzrət Məhəmmədin(s) yenidən baxışlarının məchul bir nöqtəyə zilləndiyini görüb diqqətlərini yenə bir yerə cəmlədilər. Allahın Rəsulu sözlərinə ara versə də, vəhy olunanları hələ deyib qurtarmamışdı. Katiblər aydın ay işığında və şam şöləsində həzrət Məhəmmədin(s) dilindən çıxanları qələmə alırdılar.
Həzrət Məhəmməd(s) sözünü qurtarsa da, müsəlmanlar hələ də yüksək bəlağətlə və az qala birnəfəsə deyilmiş ilahi kəlamların təsiri altında idilər. Suala, izaha ehtiyac duyulmurdu.
***
Dan yeri sökülməkdəydi. Həzrət Məhəmməd(s) yuxudan oyansa da, adətinin əksinə olaraq hələ də yatağından qalxmamışdı. Bədəni tərin içində idi. Uzaq səfərdən qayıtmış bir səyyah kimi yolun ağrısını canından çıxarmaq üçün dincəlmək, yenə də dincəlmək istəyirdi. Əvvəlcə yuxuda, yoxsa oyaq olduğunu müəyyənləşdirmək üçün əl-qolunu tərpətdi. Əzələləri halsız və taqətsiz idi. Sonra gözünü geniş açıb yataq otağının tavanını, ay işığının seli axan pəncərəni baxışları ilə süzdü. «Yox, bu yuxu deyil, öz evimdə, yatağımdayam» deyə həzrət Məhəmməd öz-özünə pıçıldadı. «Axı bir az əvvəl mən başqa yerdə idim. Necə oldu ki, bir göz qırpımında evə qayıtdım.»
Həzrət Məhəmməd(s) bir neçə an əvvəl olduğu yerləri, görüşdüyü adamları, eşitdiyi sözləri xatırladı. Əvvəldən axıra kimi hər şey yadında idi. Bu xatırlama onu vahimələndirdi. Yenə ona elə gəldi ki, yuxudadır. Əsl həqiqi həyat bir müddət əvvəl ayrıldığı aləmdir. Yenə baxışlarını tavanda, divarlarda gəzdirdi. Heydən düşüb süstləşmiş əllərini tərpətdi, barmaqları ilə döşəyə toxundu. Bu təmasdan damarlarına elə bil həyat eşqi axdı. Qəlbi sürətlə döyünməyə başladı. Axı, Qüdsdə Əksa məbədində olanda da beləcə barmaqları ilə ehmalca bu qədim məbədin divarlarına toxunmuş, eyni təması hiss etmişdi.
Sübh namazının vaxtı idi. Həzrət Məhəmməd(s) dəstəmaz alıb ibadətinə başladı… Səcdəyə endikdən sonra qamətini düzəldib ayağa qalxanda elə bil yenidən göylər aləmini gəzib dolaşdı.
İki rükətli qısa sübh namazı başa çatdı. Həzrət Məhəmməd(s) son dua kimi meracda ona hədiyyə edilmiş ayələri pıçıldadı.
Otağa dərin bir sükut çökmüşdü. Həzrət Məhəmməd(s) sübh namazından sonra yenə bir yerdə qərar tuta bilmir, gecə başına gələnləri xatırlayır. Bir insan kimi görüb eşitdiklərinə özü də heyrətlənirdi. O, gözlərini yumub uşaq vaxtı quzu otararkən başına gələn bir hadisəni xatırladı: «Siz nə edirsiniz?! Həzrət Məhəmməd(s) başı üzərində dayanmış ağ kölgəyə bənzər məxluqların onun sinəsinə tərəf əyildiyini görəndə qışqırmaq istədi. Ancaq səsi çıxmadı. Sözlər fikrində fırlandı. O artıq bu məxluqların hənirtisini, soyuq əllərinin təmasını sinəsində hiss etdi. Yenə qışqırmaq, başını qaldırıb ayağa qalxmaq istədi. Ancaq bu hiss də yalnz fikrində dolaşdı. Heç bir ağrı hiss etməsə də, narahat idi. Həzrət Məhəmməd(s) sinəsində əvvəlcə bir ağırlıq hiss etdi. Bir anlığa elə bil dünyanın ağırlığı onun köksünə çökdü. Açıqca hiss etdi ki, sinəsi yarılıb, döş qəfəsi açılıb. Ağ libaslı məxluqların əllərinin təmasını daxilində hiss etdi. İstədi başını qaldırıb sinəsinə baxsın. Bütün gücünü toplasa da bacarmadı. Üç cüt ağ əli yalnız biləkdən yuxarı seyr edə bildi. Barmaqlar isə onun köksündə ləng hərəkətlə nəsə edirdi. Əməliyyat uzandıqca həzrət Məhəmməd(s) özünü daha rahat hiss etməyə başladı. Köksünə elə bil nur doldurulmuşdu. Damarlarından axan sanki qan yox, nur idi. Artıq ağ kölgələrə bənzəyən mələklər kənara çəkilib işlərini başa çatdırdıqları üçün bir-birlərini müjdələyirdilər. Mələklərin müraciəti ilə həzrət Məhəmməd(s) ayağa qalxdı. Ona elə gəldi ki, bədəni işıq saçır. Köksündə elə bil nurlu şam yanırdı. Mələklər təzimlə həzrət Məhəmmədin(s) əllərindən tutdular.»
Həzrət Məhəmməd(s) xəyaldan ayılıb yerindən dikəldi. Bir daha dərk etdi ki, müqəddəs Ramazan gecəsindəki Hira dağında ilk vəyhin nazil olması da, bugecəki qeyri-adi səyahət də təsadüfi deyil.
Adətən o sübh namazından sonra yatmırdı. Evindən Kəbəyə, Kəbədən Qüdsə necə getdiyini bir də fikirləşdi. Qeyri-ixtiyari «Əl-Fatihə» surəsinin iki ayəsini pıçıldadı: «Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi rəbbil aləmin».
Bundan sonra özünə gəldi. Nəzərləri pəncərəyə tuşlandı. Hava işıqlanmışdı. Günəşin şəfəqləri kiçik gözlu pəncərədən içəri nur seli kimi axırdı. Otaqda var-gəl etməyə başladı. Dərin düşüncəyə qərq oldu «İndi mən neyləyim. Gördüklərimi, eşitdiklərimi necə danışım. Adamlar mənə inanacaqlarmı. Əbu Süfyan, Əbu Cəhl, Əbu Ləhəb, Nadr ibn Haris kimilərinin dilinə yeni bəhanələr düşməzmi? Axı, mənim gördüklərim və eşitdiklərimi yalnız qəlbinin gözü açıq olan adamlar duyub anlaya bilərlər. Mən bu cəhalət bataqlığına yuvarlanmışları necə inandırım ki, Buraq adlı atın belində göyün yeddi qatına çıxarılmışam. Mən necə deyim ki, Adəm peyğəmbəri, Yəhya peyğəmbəri, Yusif peyğəmbəri, İdris peyğəmbəri, Musa peyğəmbəri, İsa peyğəmbəri öz gözlərimlə görüb onlarla söhbət etmişəm. İnanacaqlarmı məkkəlilər mənə? İnanacaqlarmı Allahın kəramətinə? Onlara necə deyim ki, Buraqın yalmanından öz əllərimlə tutmuşdum. O atın hərarətini hələ də ayaqlarımda hiss edirəm. Göylərin istisi-soyuğu hələ də qanımdadır. Cənnətin əsrarəngiz gözəlliyi gözlərimin içindədir. Peyğəmbərlərin səsi hələ də qulaqlarımdadır. Sidrətül-Müntəhanın ilahi nuru hələ də qarşımdadır. Mən bu nadanlara necə izah edim ki, cənab Cəbrayıl ərşi-əlaya məni tək buraxdı. Yerin-göyün sahibi ilə cəmi iki ox məsafəsində olduğumu, bir sirr kimi saxlayacağım əmanət sözləri necə danışım. Yox! Merac görüb eşitdiklərimi danışmaq üçün mənə bəxş olunub. Mən həqiqəti deyəcəm. Dediklərimin dərk olunub-olunmaması mənlik deyil. Kimin qəlbində inam işığı varsa, məni Allahın elçisi kimi qəbul edirsə, məni duyacaq.
Sübh namazından sonra qonşu otaqda həzrət Məhəmmədin(s) var-gəl edib öz-özünə danışması gənc həzrət Əlinin(ə) nəzərindən yayınmadı.
-Namazın qəbul, səhərin xeyirli olsun, ya Rəsulallah.
Həzrət Məhəmməd(s) həzrət Əlini görcək cəld bir hərəkətlə ona yaxınlaşıb boynunu qucaqladı.
Həzrət Əli(ə) həzrət Məhəmmədi(s) ilk dəfə idi ki, belə pəjmürdə görürdü.
-Nə olub sizə, ya Rəsulallah – deyə həzrət Əli(s) heyrətlənərək nələrin baş verdiyini tez bir zamanda öyrənməyə çalışdı.
-Bu gecə mən göylərin seyrinə çıxmışdım.
-Necə? – deyə heç nədən xəbərsiz həzrət Əli(ə) maraqla soruşdu.
-Cənab Cəbrayıl məni Buraq adlı atın belində Kəbədən Qüdsə – Aqsa məbədinə oradan da göylərə apardı.
Birinci səmada həzrət Adəmlə görüşdüm. Ətrafında kölgələr vardı. Cənab Cəbrayıl dedi ki, övladlarıdır. Həzrət Adəm sağ tərəfinə baxanda gülür, sol tərəfinə baxanda ağlayırdı. Cənab Cəbrayıl bildirdi ki, sağ tərəfindəki cənnətə, sol tərəfindəki cəhənnəmə yollananlardır. Ona görə də o sağa baxanda gülür, sola baxanda ağlayır. İkinci səmada həzrət Yəhya və İsa Peyğəmbərlə, üçüncü səmada Yusif peyğəmbərlə, dördüncü səmada İdris peyğəmbərlə, beşinci səmada Harunla, altıncı səmada həzrət Musa peyğəmbərlə görüşdüm. Yeddinci səmada həzrət İbrahimi gördüm. O, kürəyini Beyti Mamura söykəyərək dayanmışdı. Hər gün oraya yetmiş min mələk gəlirdi. Ondan sonra mənə Cənnəti göstərdilər. Oradan Sidrətül-Müntəhaya getdik. Ora ilahi nurlar ilə işıqlanmışdı. Cənab Cəbrayılı Mümtaz heyəti gördü. Orada əsrar pərdəsi qaldırıldı. Yerin, göyün sahibi ilə aramızda iki ox məsafəsi qədər yer qaldı. Ulu Yaradandan mənə vəhy nazil oldu ki, onu bir mən bilirəm, bir də Allah-taala özü. Bu sirdir. Elə orda mənə üç ərmağan verildi. Xüsusi üç ayə, ümmətindən şirk qoşmayanların Cənnətə girəcəyi müjdəsi və beş vaxt namaz.
Həzrət Məhəmməd(s) sözünü qurtarıb gözucu həzrət Əliyə baxdı. Həzrət Əli heyranlıqla gözlərini geniş açıb bu möcüzəli sözlərin cazibəsinə düşmüşdü. Danışmaq, sual verib həzrət Məhəmmədin sözünü kəsmək istəmirdi. O, həzrət Məhəmmədin daxilən dolduğunu, kükrəyib daşdığını, gördüklərindən vəcdə gəldiyini duymuşdu. Ancaq onun birdən-birə söhbətini kəsməsi həzrət Əlinin diqqətini yayındırdı.
-Mənə inanırsanmı, ya Əli?
Həzrət Əli qəfil verilmiş bu sualdan diksindi. Bilmədi nə desin. Axı, onun qəlbində həzrət Məhəmmədə qarşı inam o qədər güclü idi ki, onu təsvir eləmək çətin idi.
-Ya Rəsulallah, mənim qəlbimdə qum zərrəsi qədər də sənə və sənin dediklərinə şübhə yoxdur. Bu barədə heç danışmağa dəyməz.
-Ya Əli, bilirəm, amma yenə and içirəm ki, danışdıqlarım gözlərimlə gördüklərimdir, – deyə həzrət Məhəmməd bildirdi. Sonra əlavə edərək: – Mən sənə meracda gördüyüm bir mənzərəni də danışacam. Bu Sidrətül-Müntəhadır. Səmaları və cənnətləri qucaqlayan ulu varlıq ağacıdır. Ora peyğəmbərlərin və mələklərin çata bildikləri elmin sonudur. Sidrətül-Müntəha ərşi əlanın altındadır. Oradan o tərəfə qeyb aləmidir. Allahdan başqa heç kimin elmi ora daxil ola bilməz.
Həzrət Əli yenə heyranlıqla həzrət Məhəmmədi dinləyirdi.
-Ya Əli, məni narahat edən bir məsələdir. – deyə həzrət Məhəmməd söhbətinin səmtini dəyişib baxışlarını həzrət Əliyə zillədi. Onun gözləri də, allanmış yanaqları da, işıq saçan alnı da, ağarmış saqqalı da elə bil nur dənizində islanmışdı.
-Mən gördüklərimi açıqlamaqdan ehtiyat edirəm, ya Əli. Adamlar inanacaqlarmı bu həqiqətə?!
Həzrət Əli susdu. O bilirdi ki, həzrət Məhəmməd onu suala tutsa da sonda özü qərar verəcək. Gözlədiyi kimi də oldu. Həzrət Məhəmməd həzrət Əlinin susduğunu görüb öz sualına özü cavab verdi:
-Qəlblərində inam olanlar inanacaq, olmayanlardan isə inciməyə dəyməz. Onlar heç Allahın nazil etdiyi kəlamlara inanmırlar. Bu hadisəyə necə inanacaqlar. Buna baxmayaraq bu hadisəni hamıya danışmaq, yaymaq gərəkdir. Qoy bilsinlər ki, Allah-taala öz Rəsulunu hansı mərtəbəyə çatdırıb. Qoy bilsinlər ki, Allah qarşısında peyğəmbərlərin ən istəklisi mənəm. Qoy bilsinlər ki, mən həmişə böyük Allahın nəzarətindəyəm. Mənə zərər yetirməyə Allah izn verməz. Bir daha dərk etsinlər ki, Allahın kəlamlarını insanlara yalnız mən çatdıra bilərəm.
Həzrət Əli həzrət Məhəmmədin sözünə qüvvət verdi:
-Güvənin əhdnaməni yeməsi məsələsindən sonra insanlar bizə tərəf axışır. Onlar artıq dərk etməyə başlayıblar ki, yalnız ilahi kəlamların gücü ilə pisliklərdən uzaq ola bilərlər.
Həzrət Əlinin(ə) böyük coşğunluqla dediyi bu sözlər həzrət Məhəmmədin qəlbinə bir təsəlli bəxş etdi.
- Əli, merac mənə görüb eşitdiklərimi danışmaq üçün bəxş olunub. Mən də, sən də, digər müsəlmanlar da qoy danışsınlar. Müşriklərin suallarına cavab verməyə kifayət qədər əsasım var.
***
Ya Əbu Bəkr, xəbərin var, deyirlər Məhəmməd bir gecənin içində Məkkədən Qüdsə gedib Əksa məbədindən göyə merac edib. Özündən əvvəlki peyğəmbərlərlə görüşüb, Allahla söhbət edib.
-Əbu Bəkr Əbu Cəhlin gülə-gülə dediyi bu sözlərin sətiraltı mənasını dərk etsə də, bir anlığa dinmədi. Müsəlmanlar Həbəşistana köçəndən bəri Əbu Süfyan da, Nadr ibn Haris də, Əbu Ləhəb də, Əbu Cəhl də dişlərini ona qıcamışdılar. Haşim oğullarından olmayan, varlı, imkanlı Əbu Bəkri hər vasitə ilə özlərinə tərəf çəkmək istəyirdilər. İş o yerə çatmışdı ki, o da digər müsəlmanlar kimi Allaha rahat ibadət etmək üçün yerini yurdunu tərk edib Həbəşistana getmək istəyirdi. İndi də Əbu Cəhllə mübahisə etməyin yersiz olduğunu görüb cavab verməyə bir qədər tərəddüd etdi. Bir də ki, hələ səhərin gözü təzə açılmışdı. Həzrət Məhəmmədlə görüşməmişdi. Merac məsələsindən xəbəri yox idi. Əbu Bəkr Əbu Cəhlin yaz böcəyi kimi işıldayan gözlərindən, gülüb qəşş eləməyə hazır olan seyrək saqallı sifətindən hiss etdi ki, bu azğınlaşmış insana tutarlı bir cavab verməsə, ondan əl çəkəsi deyil.
-Hə, Məhəmmədin meracına necə baxırsan, daha yerdə işlərinizi qaydaya salmısınız, göyə çıxmağa dəyər.
Əbu Cəhlin həyasızcasına danışıb gülməsi Əbu Bəkri sərt və ötkəm bir halda ona cavab verməyə vadar etdi.
-Əgər o özü söyləyibsə, doğrudur.
Sonra fikrini daha tutarlı sözlərlə tamamladı:
-Mən həzrət Məhəmmədi bundan mühüm işlərdə təsdiq etmişəm. Edirəm və edəcəm də. O mənə Allahın elçisi olduğunu bildirib, inanıb beyət etmişəm. Böyük mələk cənab Cəbrayılı gördüyünü, onunla söhbət etdiyini deyib, yenə inanıb təsdiqləmişəm. Allahdan vəhy nazil olduğunu söyləyib, yenə inanıb beyət etmişəm. Mən də onun kimi müsəlmanam. Allahın himayəsində və hasarındayam. Bu gün desə ki, göyə merac etmişəm, yenə ona şübhə etməyəcəm.
Əbu Bəkr sözünü tamamlayıb söhbətini bitirdiyini hiss etdirmək üçün sərt bir halda üzünü yana çevirib oradan uzaqlaşdı. Həzrət Məhəmmədi görməyə tələsdi.
Hər gün bir yenilik axtarıb onu söhbət mövzusu etməyə çalışan məkkəlilər bir günün ərzində həzrət Məhəmmədin gecə gəzintisindən, göylərə merac etməsindən danışırdı. Müsəlmanlar bunu Allahın möcüzəsi kimi qəbul edir, diqqət və həyəcanla merac söhbətinə qulaq asırdılar.
Buraq adlı atın təsviri, həzrət Məhəmmədin bu atın belində böyük mələk cənab Cəbrayılın və digər mələklərin müşayəti ilə Kəbə evindən Qüdsə – Aqsa məbədinə getməsi buradan səmaya merac etməsi əhvalatı müsəlmanları riqqətə gətirirdi.
Məkkə müşrikləri isə merac hadisəsindən sonra müsəlmanlara daha çox gülməyə, onları lağa qoymağa başladılar
-«Hələ heç göyə çıxmağı demirik, karvanların bir aya getdiyi yolu Məhəmməd bir gecədə necə qət etdi?» Əbu Cəhlin, Əbu Süfyanın əlinə fürsət düşmüşdü. Harda olurdularsa, onlar bu sualla merac əhvalatını heçə endirmək istəyirdilər.
Əbu Cəhl həzrət Məhəmmədi evindən səsləyib çağırır, küçədə gedəndə arxasınca düşüb qışqıra-qışqıra «Ey Məhəmməd, əgər əsl peyğəmbərsənsə, gəl camaat arasında sübut et görək bir gecədə Məkkədən Qüdsə necə gedib gəldin. Əgər bunu sübut etsən sənin göyə çıxmağına da inanacağıq.» Əbu Cəhlə qoşulan Məkkə müşrikləri həzrət Məhəmməddən sübut istəyirdilər. «Bizə sübut lazımdır, sübut», deyə bağırırdılar. Kəbə ətrafına toplaşan tacirlər, bekar-behtin adamlar həzrət Məhəmməddən cavab gözləyirdilər.
-Ya Rəsulallah, adamlar arasına çıxa bilmirik. Hamı «sübut» deyib çar çəkir, göstər kəramətini, dua et, Allah-taala bir möcüzə ilə müşrikləri susdursun. – Həmzə Həzərti Məhəmməddən rica etdi. Ömər ibn Xəttab da, Əbu Bəkr də, Həzrət Əli də Həmzənin sözünə qüvvət verib həzrət Məhəmməddən xahiş etdi ki, bir möcüzə ilə susdursun müşrikləri.
Həzrət Məhəmmədin səhabələri ilə birlikdə Səfa təpəsinə gəlməsi məkkəlilərin ora axışmasına səbəb oldu.
Mən sənin göyə çıxmağını demirəm, sadəcə bir gecənin içində Məkkədən Qüdsə necə getdiyini sübut elə – Həmzə, Ömər ibn Xəttab və Həzrət Əli həzrət Məhəmmədin yanında olduğundan Əbu Cəhl nisbətən sakit tərzdə danışdı. – Biz səndən ayrı bir şey yox, öz dediklərinə sübut istəyirik – Əbu Cəhl bu sözlərlə özünü sığortalamaq, pis niyyətdə olmadığını Həmzəyə çatdırmaq istəyirdi.
Aralığa sükut çökdü. Baxışlar, nəzərlər həzrət Məhəmmədə tuşlandı. Hamı onun nə deyəcəyini gözləyirdi.
Əbu Cəhl, Əbu Süfyan özlərindən məmnun idilər. Onlara elə gəlirdi ki, həzrət Məhəmmədin yalanının üstünü açıblar. Daha bundan sonra o özünü peyğəmbər adlandırmaz. Düşünürdülər ki, Məkkədən Qüdsə bir gecənin içində gedib gəlmək mümkünsüzdür.
Həzrət Məhəmməd heç nə olmayıbmış kimi sakit və təmkinli idi. O bir qədər fikirləşdikdən sonra üzünü Əbu Cəhlə tutaraq buyurdu:
-Eşit, ey Əmr ibn Hişam, siz də eşidin, ey Məkkə əhli – Həzrət Məhəmməd bir anlığa sözünə ara verdi. Sonra aramla dilləndi: – Böyük Allah-taala bütlərdən fərqli olaraq hər şeyə qadirdir. Çünki yerin də, göyün də yaradıcısı, sahibi odur. Küreyi ərz o böyük qüdrət sahibinin bir kəlmə «ol» sözü ilə yaranıb. Allah istəsə, məni nəinki bir gecənin içində Qüdsə, dünyanın hər hansı bir nöqtəsinə bir göz qırpımında çatdıra bilər.
Ya Məhəmməd, mənə sübut lazımdır, sübut – deyə hövsələsiz Əbu Cəhl mülayim bir səslə yerindən dilləndi. Yanındakı əyanlara göz vurub əlavə etdi: – Qüdsə gedib gələndə yolda nə gördün? Bircə kəlmə bunu de, qurtaraq səninlə.
Həzrət Məhəmməd əhvalını pozmadan:
-Mənim gecə seyri zamanı görüb eşitdiklərimi qəlbinin gözləri kor olanlar duyub dərk edə bilməzlər. Allahı inkar edənlər onun qüdrətindən bixəbər olanlardır. Ya Əmir ibn Hişam, sən bu işdə israrlı olduğun üçün deyirəm. Məkkə ilə Qüds arasındakı yolda böyük bir karvan gördüm. Karvanın əsas yükü ipəkdir. Öndə gələn dəvənin rəngi ağdır. Karvan Məkkəyə çərşənbə axşamı çatacaq.
Həzrət Məhəmməd bu sözləri o qədər inamla dedi ki, ona rişxənd etmək istəyən adamlar heyrətdən yerlərində donub qaldılar.
Əbu Cəhl ətrafdakıların özlərini unudub həzrət Məhəmmədin təsiri altına düşdüyünü görəndə qeyri-ixtiyari yerindən bağırdı:
-İnanmayın ona, yalan deyir.
Ancaq Həmzənin sərt, qəzəbli baxışları ilə rastlaşıb səsini boğdu.
-Nə olar, iki gün də gözləyərik – deyə Əbu Süfyan çıxış yolu tapdı.
Həzrət Məhəmməd və səhabələri Səfa təpəsini tərk etdilər. İki gün az qala bütün Məkkə əhalisi gözlərini karvan yolundan çəkmədi. Çərşənbə axşamı karvan gəlib çıxdı. Hər şey həzrət Məhəmmədin dediyi kimi idi.
Bu hadisədən sonra müşriklərdən heç kim merac hadisəsi barədə danışmadı.
***
Bisətin on üçüncü ili idi. Həcc mövsümü yaxınlaşırdı. Merac hadisəsindən sonra sadə məkkəlilərin həzrət Məhəmmədə münasibəti dəyişmişdi. İndi o çox nadir hallarda evdən çıxırdı. Məkkəlilər, zəvvarlar, tacirlər onu axtarır, yeni zühur etmiş peyğəmbərlə söhbət etməyə can atırdılar. Bəzən onun evinin qarşısında görüşə gələnlərin növbəsi yaranırdı.
Həzrət Məhəmmədin hər duasında bir möcüzə görənlər yeni dini qəbul edirdilər. Həbəşistana köç etmiş müsəlmanlar da dəstə-dəstə geri qayıdıb Mədinəyə yollanırdılar. Mədinədən hər gün xoş xəbərlər alınırdı. Artıq Ovs və Həzrəc qəbilələri arasında gedən qanlı çəkişmə səngimişdi. Hər iki qəbilədən olan müsəlmanlar sülh yaratmaqla İslamın nüfuzunu artırmışdılar. Mədinə İslamın mərkəzinə çevrilməkdəydi. Məsəb ibn Umeyrin dəvəti ilə Məkkədə işgəncəyə məruz qalan müsəlmanlar gizli surətdə dəstə-dəstə Mədinəyə köçürdülər. Məkkədə yalnız İslamı yeni qəbul edənlər qalmışdı.
Məsəb ibn Umeyr göndərdiyi xəbərə görə, böyük bir heyət zəvvar adı ilə Məkkəyə gəlib həzrət Məhəmmədi ziyarət etməli idi.
Həmin gün gəlib çatmışdı. Mədinədən gələn 75 nəfər zəvvar həzrət Məhəmmədlə gizli görüşmək üçün yenə Əqəbəyə toplaşmışdı. Onların gəlişinin əsas məqsədi həzrət Məhəmmədi Mədinəyə dəvət etmək idi.
Həzrət Məhəmməd olduqca həyəcanlı idi. Çox məxfi təşkil olunmuş bu görüşdən Məkkə müşriklərinin xəbər tutmasını istəmirdi. Qarşıdurma yaranmasından, nahaq qan tökülməsindən ehtiyatlanırdı. Bütün günü zikr və dua edirdi ki, əmin-amanlıq olsun. Hamı həzrət Məhəmmədin danışmasını gözləyirdi. Onun mübarək simasını ilk dəfə görən mədinəli müsəlmanlar zühur etmiş sonuncu peyğəmbəri seyr etməkdən həzz və zövq alırdılar. Ancaq gözlənilənin əksinə olaraq ilk sözə həzrət Məhəmmədlə Əqəbəyə birlikdə gəlmiş Abbas başladı. İslamı qəbul etməsə də, Haşim oğullarının ağsaqqalı olan Abbas həm də həzrət Məhəmmədin himayəçisi idi. O sözünü kəsə dedi. Bildirdi ki, biz onu qoruyuruq. Əgər siz də onu qoruya biləcəksinizsə biyət edin.
Abbas yaxşı bilirdi ki, Məkkə müşrikləri həzrət Məhəmmədi Mədinədə də rahat buraxmayacaqlar. Ona görə də sözünü deyəndən sonra mədinəlilərin nə deyəcəyini gözlədi.
-Deyilənləri eşitdik. Biz Allahın Rəsulunun öz mübarək səsini eşitmək istəyirik. Onun yolunda canımızdan və var-dövlətimizdən keçməyə hazırıq, -deyə mədinəlilər ümumilikdə dilləndilər.
Həzrət Məhəmməd ilk sözə özü barədə başladı: «Mən sizin kimi bəşər övladı olsam da, Allahdan vəhylə nazil olan göstərişləri sizə ötürən zaman onu şəksiz qəbul edin. Əgər özümdən bir əmr vermiş olsam, deməli, mən də bir insanam, özünüz baxın. Mənim sözlərimin heç birini inamı sınanmamış adama deməyin. Mənim sözlərim Allah kəlamını pozmur. Allahın kəlamı mənim sözlərimi ləğv edir.»
Həzrət Məhəmməd Mədinədə baş verən qəbilə davasına işarə edərək uca səslə dedi:
- «İstəyirsinizmi sizə ehsan və namazdan yaxşı bir əməli nişan verim?.. İki adam arasında sülh yaradın. Düz yolu tapan bəşəriyyət məhv olmaz. Yalnız müharibə və münaqişə onu məhv edə bilər. Hər hansı bir tayfa yalnız münaqişəyə uyduqda yolunu azır.» Böyük Allaha həmd və şükürlər olsun ki, İslamı qəbul edəndən sonra sizin şəhərdə münaqişələrə son qoyulub. Ötən il bir-birinin üstünə qılınc çəkən, bir-birinin evini odlayan, canına qəsd edən iki böyük tayfanın nümayəndələri bu gün burda din qardaşı kimi yanaşı dayanıblar. Siz məni Mədinəyə dəvət etmisiniz. Bu məni sevindirir. Siz qadınlarınızı və uşaqlarınızı qoruduğunuz kimi məni qoruyacaqsınızsa, and içib beyət edin.
İlk yaxına gələn mədinəli Bera ibn Mərur oldu. O iki əli ilə həzrət Məhəmmədin əlini sıxıb dedi:
-Beyət etdik, ya Rəsulallah. Onsuz da biz döyüş içində böyümüş adamlarıq. Səni qorumaq üçün malımızdan, dövlətimizdən və canımızdan keçməyə hazırıq. Yəsrib bu gündən sənin şəhərindir – Mədinətün Nəbi.
Bera ibn Mərurdan sonra mədinəlilərdən bir neçə nəfər həzrət Məhəmmədin şəninə təriflər söylədi. Hamı bir-bir həzrət Məhəmmədin əlini sıxıb ona beyət etdi.
-Ey Allahın peyğəmbəri, bütün bunların əvəzində sən bizə nə vəd edirsən, – deyə kimsə yerindən dilləndi.
-Behişt, – deyə həzrət Məhəmməd fikirləşmədən cavab verdi. Həzrət Məhəmmədin bu sözü də coşğunluqla qarşılandı.
Aralığa yenə sükut çökdü. Həzərti Məhəmməd yetmiş beş nəfərlik heyətin andiçmə mərasimindən sonra son sözünü demək istəyirdi.
-Allahın yeni dininin əsas məqsədi insanları pis əməllərdən, günahlardan çəkindirməkdir – deyə həzrət Məhəmməd buyurdu – «Günahdan çəkinmək – yüksəlişin nişanəsidir.»
Gördüyünüz hər işdə Allaha arxalanın «Allahın öz bəndələrinə məhəbbəti ananın balasına məhəbbətindən artıqdır. Allahın qorxusundan qafil olmayın, çünki bütün yaxşılıqların mənbəyi odur.»
Ətrafda tam sakitlik idi. Həzrət Məhəmmədin bəlağətli səsi dalğa-dalğa ətrafa yayılırdı. Mədinəlilər az qala nəfəslərini dərmədən Allahın Rəsulunun kəlamlarının dinləyirdilər. Həzrət Məhəmməd aramla danışmaqda idi:
Məkkəlilər məndən möcüzə istəyirlər. Deyirlər əgər peyğəmbərsənsə, möcüzə göstər, inanaq. Mən onlara da demişəm, sizə də deyirəm. Düzdür, «Allahın başqa peyğəmbərləri möcüzə göstərmişdilər, mənim möcüzəm isə Qurandır ki, əbədi olaraq qalacaqdır. Quran barəsində mübahisə etmək kafirlikdir. Quranın hər bir ayəsində zahiri və batini məna var.»
Həzrət Məhəmmədin sözləri mədinəlilərin qəlbində dərin izlər buraxdı. Onlar coşğunluqla Allahın Rəsulunu alqışladılar. Əllərini qılınclarına ataraq son nəfəslərinə kimi onu müdafiə edəcəklərinə təkrar söz verib and içdilər.
Axırda Mədinədə işlərə rəhbərlik etmək üçün 12 nəfərdən ibarət heyət seçildi.
***
Gecə yarısı qapının döyülməsi Əbu Süfyanı təşvişə saldı. O, Əbasını geyinib əmrinə müntəzir dayanmış xidmətçinin üstünə çımxırdı:
-Get, gör kimdir, ağlın kəsməyən adam olsa, de ki, yatmışam.
Çox çəkmədi ki, xidmətçi geri qayıtdı. O, tək deyildi. Əbu Cəhl iri əndamını sürüyə-sürüyə xidmətçinin arxasınca gəlirdi. Əbu Süfyanın təşvişi bir az da artdı. «Heç xeyir xəbər gətirənə oxşamır» – deyə öz-özünə mızıldandı.
-Yəsribdən gəlmiş 75 nəfər zəvvar Əqəbədə Məhəmmədlə görüş keçirib islamı qəbul ediblər. Hamısı da tayfa, qəbilə başçıları. Geri qayıdıb bütün Yəsribi müsəlman edəcəklərinə söz veriblər. - Əbu Süfyan Əbu Cəhli dinləsə də, fikrində islamı yeni qəbul etmiş adamlara necə divan tutmaq barədə fikirləşirdi. Onların əldən çıxması Yəsribin islamlaşması demək idi.
-Onlar hələ buradadırlar? – deyə Əbu Süfyan bayaqdan üyüdüb tökən Əbu Cəhlin sözünü kəsdi.
-Bilmirəm. Görüş o qədər məxfi keçirilib ki, heç kimin heç nədən xəbəri yoxdur. Bu eşitdiklərimi də təsadüfən bir nəfər dilindən qaçırdı. Öz adamlarımı arxasınca saldım. «Gördüm» deyən olmadı.
Yarı yuxulu, yarı oyaq Əbu Süfyan əlini yelləyib əsnəyə-əsnəyə Əbu Cəhlin sözünü kəsdi:
-İndi ki tapa bilmədin, qalsın səhərə, bir dəstə düzəlt göndər arxalarınca, hamısını qılıncdan keçirsinlər.
Səhəri gün müşriklərin atlı dəstələri Məkkə–Mədinə yolunda nə qədər at qovsalar da gecə ikən gizli yolla getmiş ənsarların izinə düşə bilmədilər.
Azğınlaşmış Məkkə müşrikləri yeni dinin yayılmasının qarşısını almağın yeganə yolunu həzrət Məhəmmədi məhv etməkdə görürdülər. Onlar başa düşürdülər ki, həzrət Məhəmmədin özü də Mədinəyə getməyə hazırlaşır. Artıq Ömər ibn Xəttab, Həmzə və digər müsəlmanlar Mədinədə idilər. Nüfuzlu müsəlmanlardan Məkkədə həzrət Məhəmmədin yanında qalan həzrət Əli və Əbu Bəkr idi.
***
Həbəşistandan gələn bir xəbər Əbu Süfyanı sarsıtmışdı. Qızı Ümmü Həbibə əri Xalid ibn Səid öldüyündən, Həbəşistan kralı Nəcaşinin razılığı ilə onu həzrət Məhəmmədə əqd etmişdilər. İndi Əbu Süfyanın qızı Ümmü Həbibə həzrət Məhəmmədin zövcəsi hesab olunurdu.
-Yox, mən bu izdivaca imkan vermərəm. – deyə Əbu Süfyan ilan kimi yerində qıvrılıb açıldı. – Nə gözəl adətdir qızı anadan olan kimi öldürmək. Həbibəni anadan olan kimi öldürsəydim belə fəsadlar törətməzdi. Burda məndən gizlin İslamı qəbul etdi, məndən gizlin Həbəşistana qaçdı, indi də oldu Məhəmmədin – mənim düşmənimin zövcəsi. Bu xəbəri eşitməkdən ölüm mənə daha sərfəli idi – Əbu Süfyan öz-özünə danışıb qeyzləndi. – «Yox, mən bu izdivaca yol vermərəm. Məhəmməd öz ölüm hökmünü özü verdi. O hələ elə bilir ki, mən onu Mədinəyə sağ buraxacam. Yox, Məhəmməd, sənin oyunlarına dözdüyümüz yetər. Elə günü bu gün Darün-nədvada sənin ölüm hökmün oxunacaq. Bu dəfə Haşim oğulları səni müdafiə edə bilməyəcək.» – Əbu Süfyan qəti qərara gəlib evdən çıxmaq istəyəndə arvadı Hind və bacısı Ümmü Cəmil qarşısını kəsdi.
-Mənim daha Həbibə adlı qızım yoxdur. – Hindin hökmlə dediyi bu sözə Əbu Süfyan əhəmiyyət verməyərək dilucu dedi:
-Mən bu hökmü o İslamı qəbul edəndən vermişəm.
-Adam tap, göndər Həbəşistana, Həbibəni qanına qəltan etsin. – deyə Hind əsəbi halda dilləndi. Sonra az qala qışqıra-qışqıra: – Mən həcv yazıb, məclislərdə Məhəmmədin əleyhinə şeir oxuyacam, mənim qızım ona ərə gedəcək. Müqəddəs bütlərimiz bu zülmü götürməz.
-Öldürülməli Məhəmməddir, Həbibə yox. Hamını yoldan çıxaran, adamları öz dinindən edən odur – deyə Ümmü Cəmil Əbu Süfyanın və Hindin diqqətini həzrət Məhəmmədə yönəltdi.
-Siz sakit olun, mən öz işimi yaxşı bilirəm, – deyə Əbu Süfyan tələsdiyini bildirib evdən çıxdı.
Elə həmin axşam Əbu Süfyanın və Əbu Cəhlin təşəbbüsü ilə Məkkənin qırx nəfər başbiləni məşvərət üçün Darün-nədvaya toplaşdı.
Şuranın toplanmasının əsas təşəbbüskarı Əbu Süfyan olsa da, həmişəki kimi yenə susurdu. Həbəşistandan aldığı xəbərin təsirindən süstləşib yumağa dönmüşdü. Oğlunu itirmiş Əbu Ləhəb qəzəbli idi. Əbu Cəhl yerində vurnuxurdu. Nadr ibn Haris, As ibn Bail və Utbə ibn Rəbiə, Ykbə ibn Əbu Maayt, Əmr ibn As, Əsvəd ibn Əbdi Yəqus, Əsvəd ibn Müttəlib, Əbu Cəhlin oğlu Əkrəmə və başqaları sakit dayansalar da, daxillərində həzrət Məhəmmədə qarşı kin və qəzəb kükrəməkdəydi. Darün-nədvaya toplaşanların demək olar ki, hamısı onunla düşmənçilik edənlər idi. Haşim oğullarından təkcə Əbu Ləhəb dəvət olunmuşdu.
Hamı birinci Əbu Cəhlin danışacağını bildiyindən nəzərlərini ona tuşlamışdı. Əbu Süfyan nə qədər ürəyi sözlə dolu olsa da, özünü Məkkənin rəisi kimi apararaq fikrini sonda bildirməyə hazırlaşırdı.
Əbu Cəhl hövsələsiz olsa da, danışmağa tələsmirdi. Mövzunun ciddiyliyi onu da düşünməyə vadar etmişdi. Ancaq ona yönələn baxışların təsiri altında yerində qurcalanıb boğazını arıtladı. Birbaşa mətləbə keçdi:
-İndi, deyirsiniz neyləyək, Məhəmmədlə? Qohum-əqrabamızı yoldan çıxaran dinimizə hədyanlar deyən, övladlarımızı əlimizdən alan bu adamla haqq-hesab çəkməyin vaxtı çatmayıbmı?
Aralığa sükut çökdü. «Övladlarımızı əlimizdən alan» fikrini özünə şamil edən Əbu Süfyan başını qaldırıb tərs bir nəzərlə Əbu Cəhli süzdü.
-Müzakirə etdiyimiz mövzunun nə qədər ciddi olduğu hamınıza məlumdur. Ona görə də gəlin bir az dərindən fikirləşək, – deyə Utbə ibn Rəbiə yerindən dilləndi. Sonra sözünə əlavə edərək: – nə üçün Məhəmməd fürsət ola-ola Həbəşistana qaçmadı və yaxud dünən mədinəlilərlə birlikdə şəhəri tərk etmədi. Bir neçə nəfərlə Məkkədə qalmağının səbəbi nədir?
-Onda qorxu deyilən şey yoxdur. Bütün əzablara, işgəncələrə, təmkinlə dözür. Heç birimizi saymır. Ancaq öz Allahı ilə danışır – Nadr ibn Harisin dediyi bu sözlər məclisdə bir canlanma yaratdı. Hamı söz alıb həzrət Məhəmmədin əleyhinə danışmaq istəyirdi.
Əbu Cəhl: – O Allahından, icazəsiz heç bir iş görmür. Yəqin Məkkədən çıxmağı barədə Allahından buyruq almayıb. İndi biz elə etməliyik ki, Məhəmmədin Allahı da mat qalsın bu işə.
-Ərəb adətilə zəncirləyib ataq zindana, üstünə də bir dəli damğası yapışdıraq qurtarsın getsin. Ondan sonra dəlinin sözünə kim əhəmiyyət verəcək – deyə Utbə ibn Rəbiə öz fikrini bildirdi.
-Artıq gecdir, ya Utbə, bütün Mədinə əhli İslamı qəbul edib, səbirsizliklə onun yolunu gözləyirlər. -Nadr ibn Harisin dediyi bu fikri hamı təsdiqlədi.
Onda aparıb izsiz bir səhraya ataq. Göz nəzarətində saxlayaq ki, heç hara gedə bilməsin – As ibn Vailin dediyi bu sözlər bəyənilmədi.
Əbu Cəhl yenidən qızışdı:
-Gəlin mənim fikrimi qəribliyə salmayın. Bu adam hamının düşmənidir. Əlimizdən çıxsa, başımıza əngəl olacaq. Mədinyə gedib bütün qəbilələri üstümüzə qaldıracaq. Onun ölməkdən başqa çarəsi yoxdur.
Əbu Süfyan məmnunluqla Əbu Cəhlin fikrini təsdiqlədi.
-Kim öldürsün, Haşim oğulları ilə düşmənçilik etməyə kim razı olar? – Utbə ibn Rəbiə bu sözləri deyib Əbu Ləhəbə baxdı. Sonra sözünə əlavə edərək: – Mən etiraz etmirəm onun öldürülməsinə, ancaq bu işi kim öz boynuna çəkəcək? Sabah Haşim oğullarına kim cavab verəcək? – Ortalığa yenə sükut çökdü. Ərəblərdə ən ağır iş olan qan davasına heç kim girişmək istəmirdi.
Bu dəfə sükutu Əbu Süfyan pozdu:
- Məhəmməd hamımızın düşmənidir. Çox düzgün buyruldu ki, onun ölməkdən başqa çarəsi yoxdur. Ancaq görürəm bu işi görməkdə ehtiyatlanırsınız. Mənim belə bir təklifim var. Hər qəbilədən bir nəfər onun öldürülməsində iştirak etsin. Belə olsa, Haşim oğulları heç kimi suçlu tutmaz. O ki, qaldı qan bahasına onun əvəzini ödəyərik. Bununla da iş bitər. Özümüz də, bütlərimiz də qurtularıq.
Qısa müzakirələrdən sonra hamı Əbu Süfyanın çıxardığı qərarı bəyəndi. Bu bədnam qərarı həyata keçirmək üçün hazırlıq görməyə başladılar.
Darün-nədvada çıxarılan bədnam qərar cənab Cəbrayıl vasitəsi ilə həzrət Məhəmmədə(s) bəyan edildi. Onun Məkkəni təcili tərk etməsi barədə buyruq gəldi. Həzrət Məhəmməd(s) yaxın dostu Əbu Bəkri mujdələdi. Mədinəyə getmək barədə hazırlıq görməsini tapşırdı. Son sözünü isə daim yanında qalıb onu mühafizə edən həzrət Əliyə(s) dedi. Mədinəyə hicrət etmək barədə Allahdan buyruq aldığını, Məkkə müşriklərinin Darün-nədvaya toplaşıb onun öldürülməsi barədə qərar çıxartdıqlarını həzrət Əliyə(s) bildirdi.
-Bu gecə mən Məkkəni tərk edəcəm. Sən mənim əbama bürünüb yerimdə yatacaqsan. Qoy kafirlər elə zənn etsinlər ki, mən evdəyəm. Əgər gecə hücum edib evə soxulsalar özünü müdafiə elə. Ancaq inanmıram ki, onlar sənin üstünə qılınc çəkələr. Onların işi mənimlədir. Xəbər tutana kimi mən Əbu Bəkrlə birlikdə Məkkədən uzaqda olacam.
Allah xofundan başqa qorxu bilməyən həzrət Əli(s) tərəddüd etmədən bu təklifi qəbul etdi…
* * *
Qara paltarlı, qara yaşmaqlı qatillərin sübh tezdən otağa soxulmağı ilə həzrət Əlinin(s) yerindən sıçraması bir oldu.
-Mənəm, Əli ibn Əbu Talib, döyüşmək istəyirsinizsə gəlin kişi kimi döyüşək – deyə həzrət Əli(s) uca səslə dilləndi.
Əli qılınclı qatillər yerlərindəcə quruyub qalmışdılar.
-Bu necə ola bilər. Sən hardan gəlib çıxdın. Biz Məhəmmədi öldürməyə gəlmişik.
-Rəsulallah Allahın himayəsindədir, sizin ona gücünüz çatmaz, bacarırsınızsa, məni öldürün.
-Yox, biz Əbu Talibin oğlunun üstünə qılınc çəkmərik. Bizə Məhəmmədi ver – deyə qatillər dilləndilər.
* * *
-Onlar lap yaxınlıqdadırlar. Budur, gəlirlər. Məhv olduq. Ya Rəsulallah bir çarə – deyə Əbu Bəkr həyacan və təşviş dolu nəzərlərini həzrət Məhəmmədə(s) tuşladı.
Əbu Bəkrin həyacanlandığını görən həzrət Məhəmməd(s) onun qolundan tutaraq ehmalca sıxdı, sonra pıçıltı ilə:
-Səbrli ol, ya Əbu Bəkr. Unutma ki, Allah bizimlədir. Artıq hərəkət lazım deyil. Ancaq səbr elə və qəlbində dua et.
-İzlər bura gəlir çıxır, – deyə Məkkə müşriklərinin ləpirçisi Qərizə ibn Əlqəmə ayaq saxladı.
-Burdan hara gedə bilərlər, – müşriklər bir-birlərinə baxdılar.
-Odur, yuxarıdakı mağarada gizlənmiş olarlar, – deyə müşriklərdən biri sevincək dilləndi.
-Ey Məhəmməd! Mağaradan çıx!.. Könüllü olaraq gəl təslim ol! – Dəstənin başçısı amiranə bir səslə dilləndi.
Həzrət Məhəmməd(s) və Əbu Bəkr dua etməkdə idilər. Müşriklərin onları səsləməsi hər ikisinin təşvişini artırdı.
-İndi ki, özləri gəlmirlər, çıxın yuxarı, qılınc qabağında gətirin bura, – deyə atlı dəstəyə başçılıq edən əmr verdi.
Düşmənlər bir neçə addımlıqda idilər. Həzrət Məhəmməd(s) ömrünün bəlkə də ən çətin anlarını yaşayırdı. Ancaq daxilən sakit idi. Hiss edirdi ki, bu qədər zikr və duadan sonra düşmənlərin əlinə belə asanlıqla keçə bilməz.
Müşriklər mağaranın qarşısında idilər. Onların ayaqları görünür, səsləri açıq-aydın eşidilirdi. Əgər, onlardan kimsə başını mağaradan içəri salıb baxsaydı, həzrət Məhəmmədi(s) də, Əbu Bəkri də açıq-aydın görərdi.
Yenidən dağın ətəyindəki adamların səsi eşidildi:
-Hə, nə oldu? Ordadırlar?..
Mağaranın ağzındakı müşriklər bilmirdilər ki, nə etsinlər. Qarşılarını kəsən hörümçək toru və düz mağaranın girəcəyindəki göyərçin yuvası onları çaşdırmışdı.
-Mənə elə gəlir ki, heç dünya yaranandan bura insan ayağı dəyməyib, – deyə müşriklərdən biri o birinə dedi. Digəri onun fikrini təsdiqlədi: – Bu hörümçək torunu yarmamış, göyərçin yuvasını ayaqlamamış necə içəri keçmək olar? Sonra hər ikisi üzünü dağın ətəyindəkilərə çevirib bir ağızdan dedilər:
- Burda yoxdurlar.
Bu kəlmələr həzrət Məhəmmədin(s) də, Əbu Bəkrin də həyəcanına son qoydu
Artıq müşriklər çıxıb getmişdilər. Həzrət Məhəmməd(s) və Əbu Bəkr isə hələ də mağaradan çıxmır, girəcəyi sarmış hörümçək toruna, ayaq altındakı göyərçin yuvasına baxıb heyrətlərini gizlətmirdilər.
-Ya Rəsulallah, bu necə ola bilər, biz mağaraya girəndə burda nə hörümçək toru var idi, nə də göyərçin yuvası.
Həzrət Məhəmməd(s) amiranə bir səslə: Ya Əbu Bəkr, bax, gözlərinlə gör Allahın möcüzəsini.
Əbu Bəkr əllərini Allah dərgahına açıb zikr etdi: «La İlahə İlləllah» Ey Rəbbim, sənə inanmayan kafirdir.
***
Məkkə müşrikləri səhranı dörd dolaşsalar da həzrət Məhəmmədi(s) tapa bilməyib bərk qəzəblənmişdilər. Artıq Məkkədə incitməyə, işgəncə verməyə müsəlman qalmamışdı. Həzrət Əli(ə) də həzrət Fatiməni kənizi ilə birlikdə götürüb şəhəri tərk etmişdi.
Hirsindən bir yerdə qərar tuta bilməyən Əbu Süfyan Məkkənin ən qəddar adamlarını bir yerə toplayıb elan etdi:
-Məhəmmədin ya ölüsünü, ya dirisini tapıb gətirənə yüz dəvə bəxşiş verirəm
Qızı Ymmü Həbibənin hərəkətindən sonra Əbu Süfyan əsl qisasçıya çevrilmişdi. Nəyin bahasına olursa olsun həzrət Məhəmmədi(s) məhv etmək fikri onu rahat buraxmırdı.
***
İntəhasız səhra dənizi sanki dalğa-dalğa aşıb daşırdı. Günəş yanar kürə kimi səmadan asılıb od püskürür, bütöv səhranı elə bil yanar közə çevirirdi. Bir cüt dəvə qaynar qum dalğalarını yara-yara irəliləyirdi. Düşmənlərin təqibindən qurtulmuş həzrət Məhəmməd(s) uzun yolun məşəqqətlərinə baxmayaraq daxilən sakit və rahat idi. Yol boyu keçmiş həyatı gözləri önündə canlanır, öz-özü ilə söhbət edirdi. Taifdə keçirdiyi günlərin ağrısı hələ canından çıxmamışdı. Həzrət Məhəmməd(s) Taifdə bir nəfər qulu – Qadəsi yadına salıb ağrı-acısını unutdu. Onun gülümsər çöhrəsini nəzərində canlandırdı. Ona elə gəldi ki, bir qulun imanı bir şəhərin imanından çox imiş.
Həzrət Məhəmməd(s) sığınacaq yeri bildiyi Mədinə barədə düşündü. Ona beyət edən mədinəlilərin son sözlərini xatırladı: «Bu gündən Yəsrib sənin şəhərindir – Mədinətün Nəbi.» Artıq onun qəlbində Mədinənin İslamın mərkəzi olacağına zərrə qədər də şübhə qalmamışdı.
-Ya Rəsulallah!..
Əbu Bəkrin səsi həzrət Məhəmmədi düşüncələrdən ayırdı.
-Arxadan gələn o qaraltıya bir baxın, – deyə Əbu Bəkr yenidən dilləndi.
Həzrət Məhəmməd(s) əlini gözünə günlük edib uzaqdan böyüməkdə olan qaraltıya baxdı. Onun atlı çapar olduğu aydınca görünürdü.
-Dayanaq, – deyə həzrət Məhəmməd(s) onsuz da atlının onlara çatacağını dəqiqləşdirib amiranə bir surətdə dilləndi.
-Kimdir görən təkbaşına izimizi tutub gəlir? – Əbu Bəkr sual dolu nəzərlərini həzrət Məhəmmədə(s) yönəltdi. Onun dinmədiyini görüb öz sualına özü cavab tapmaq üçün gözlərini qıyıb daha diqqətlə yaxınlaşmaqda olan atlıya tərəf baxdı.
-Surağə ibn Malik?.. – deyə Əbu Bəkr heyrət və həyəcan dolu baxışlarını yenidən həzrət Məhəmmədə(s) tuşladı.
-Odur, – deyə həzrət Məhəmməd(s) kəsə cavab verib əllərini Allah dərgahına açdı.
-Bu cəng adamını kim yolundan azdırdı? O, bizim işlərə qarışmırdı axı... – Əbu Bəkr öz-özünə pıçıldadı.
Atlı yaxınlaşırdı. Qumluqda çətinliklə yüyürən atın qara nəfəs olması artıq eşidilirdi. Həzrət Məhəmməd duasını bitirib nəzərini atlıya tuşladı. Elə bil onun bütün daxili gücü baxışlarında toplanmışdı. Arada 25–30 metr məsafə var idi. Surağənin istidən pörtmüş sifəti, şikar üstünə şığıyan quzğun kimi gözləri açıqca görünürdü. Onun bir əli atın yüyənində, bir əli qılıncın dəstəyində idi.
Qəfildən at ağır bir daş kimi qumluqda batmağa başladı. Qum atın dizlərini keçməkdə idi. Surağə ibn Malik nə qədər çalışsa da nə özünü, nə də atını xilas edə bilmirdi. Qum yarğanı atı və atlını sanki sorurdu.
-Ya Məhəmməd, sənin nifrinin məni bəlaya saldı. Dua et xilas olum. And içirəm ki, sizinlə heç bir işim olmayacaq. Gedib arxadan gələn dəstəni də geri qaytaracam.
Həzrət Məhəmməd(s) bir qədər düşünüb yenidən əllərini Allah dərgahına açdı.
…Onlar qarşı-qarşıya dayanmışdılar. Həzrət Məhəmmədi(s) öldürmək fikri ilə yola çıxmış cəngavər indi Allahın Rəsuluna təzim edirdi.
-Nəfs məni aldatdı, ya Məhəmməd, Əbu Süfyanın fitnəsinə uyub yolumu azdım. Sənin əsl peyğəmbər olmağına şübhəm qalmadı. Nəyim varsa bağışlayıram sənə, – Surağə ibn Malik qılıncını, qalxanını, kamanını, su tuluğunu, torba ilə dolu ərzağı həzrət Məhəmmədin qarşısına qoydu. -Sonra sözünə əlavə edərək: – səndən bir ricam var. Mənə bir amannamə yazıb ver ki, gələcəkdə sənin hüzuruna gələ bilim.
Həzrət Məhəmməd Surağə ibn Malikin bağışladıqlarını geri qaytarıb ona parça üzərində bir amannamə yazıb verdi.
***
Mədinə əvvəlki kimi döyüş meydanı, qan ocağı deyildi. Yeni din bu şəhərə sülh, əminanlıq gətirmişdi. Şəhər bayram libasında idi. Hamı intizarla Allahın sonuncu peybəmbərinin, yeni dinin banisinin yolunu gözləyirdi. Həzrət Məhəmmədin(s) Məkkədən nə vaxi çıxdığını bütün şəhər əhli bilirdi. Ancaq onun mağarada üç gün gizlənməsindən heç kimin xəbəri yox idi. Ona görə də gecikmə hamını narahat edirdi. Həmzə, Məsəb ibn Umeyr, Əmmar, Zeyd ibn Haris və həzrət Məhəmmədin(s) digər yaxın səhabələri, eləcə də Mədinənin nüfuzlu müsəlmanları – ənsarlar narahat idilər. Onlar həzrət Məhəmmədin Məkkə müşriklərinin əlinə keçməsindən ehtiyatlanırdılar. Hesablamalara görə dəvə ilə Məkkədən çıxan hər kəs indi Mədinədə olmalı idi.
Həmzənin tapşırığı ilə artıq ikinci gün idi ki, bir neçə atlı həzrət Məhəmmədi(s) qarşılamaq üçün Məkkə yoluna çıxır, yaxın məntəqələrə, kəndlərə kimi gedirdilər. Bu atlı dəstələrinə könüllü qoşulan daha çox idi. İki gün özünə yer tapa bilməyən Həmzə digər nüfuzlu müsəlmanlarla birlikdə Mədinənin bir neçə kilometrliyindəki Qəba məntəqəsinə yollandı. Həzrət Məhəmmədi burda qarşılamaq qərarına gəldi. Şəhər əhalisinin bir qismi də onlara qoşuldu.
Bütün günü gözləri yol çəkən Mədinəlilərdən kimsə az qala qışqıraraq: «Odur, mən gördüm gəlirlər.» – dedi. Hamı həyəcanla uzaqdan qum təpələri arasında görünən qaraltılara baxdı. Qəbada yaşayanlar da, Mədinədən gələn şəhər sakinləri də, yaxın səhabələr də sevinc və fərəh içərisində idilər. Hamının üzü gülür, bir-birlərini təbrik edirdi. Həzrət Məhəmmədin(s) üzünü görməyənlər daha həyəcanlı idilər. Onların nəzərində həzrət Məhəmməd(s) qeyri-adi bir insan idi. Allahın Rəsulunu, yer üzünün sonuncu peyğəmbərini görmək onların qəlbində qarşısıalınmaz bir istəyə çevrilmişdi.
Həzrət Məhəmməd(s) Qəbaya yaxınlaşdıqca ordakı izdihamı görür, sevincdən kövrəlir, ulu yaradana şükürlər edirdi. Allah-taalanın izni ilə o bütün təhlükələrdən qurtularaq mənzil başına gəlib çatmışdı. Yol boyu daim öz həyatını, başına gələn hadisələri xatırlayan həzrət Məhəmməd(s) indi görəcəyi işlər barədə düşünürdü. Ancaq bir hiss onu yenə xəyalən Məkkəyə qaytarırdı.
Həzrət Əlinin(s) və kiçik qızı həzrəti Fatimənin(ə) aqibətinin necə olacağı onu rahat buraxmırdı. Həzrət Məhəmmədi(s) ilk qarşılamağa çalışan cavan atlılar artıq ona yetişmişdilər.
-«Allahın Rəsulu Yəsrib torpağına xoş gəlib!…»
-«Ya Rəsulallah sənin şəhərin səni gözləyir.»
-«Sənin mübarək üzünü görmək mənim ən böyük arzum idi.»
Cavan atlıların dediyi bu sözlərin müqabilində həzrət Məhəmməd(s) onları salamlayır və Allaha şükürlər edirdi.
Təntənəli ilk görüş mərasimi başa çatmışdı. Uzun, məşəqqətli yol gəlmiş həzrət Məhəmməd(s) və Əbu Bəkr dincəlmək üçün Qəbanın ən məhşur sakini Ömər ibn Aufun dəvətini qəbul etdilər.
-Sənin şəhərin səni gözləyir ya Rəsulallah, bir az dincəlin, sonra gedəyin.
Həmzənin bu sözündən sonra həzrət Məhəmməd(s) dinmədi. Onun bu susmağı açıq-aşkar etiraz əlaməti idi.
Həmzə həzrət Məhəmmədin(s) ürəyindən keçənləri duyaraq dilləndi:
-Əli və Fatimə gəlməyincə, biz də heç hara tərpənməyəcəyik.
Beləcə, həzrət Məhəmməd(s) bir müddət Qəbada qalmalı oldu. Mədinəlilər dəstə-dəstə bura gələrək Allahın Rəsulunu ziyarət edir, onun səsini eşitməkdən, sözünü dinləməkdən feyz alırdılar.
Həzrət Məhəmmədin(s) təşəbbüsü ilə Qəbada məscid tikintisinə başlandı. Cəmi bir neçə günə inşa olunan bu məscid üstü açıq idi, adamboyu çəkilmiş hasardan ibarət idi. Tikintisində həzrət Məhəmmədin(s) özünün şəxsən iştirak etdiyi bu məscid islam tarixində ilk məscid hesab olunur.
Günlər ötdükcə həzrət Məhəmmədin(s) gözləri yol çəkirdi. Ancaq narahatlığını biruzə vermir, ziyarətə gələnləri qəbul edib onları yeni dinin qaydaları ilə təlimatlandırır, səhabələri ilə birlikdə namaz qılır, Allaha şükürlər edirdi. Nəhayət on dörd gündən sonra həzrət Əli(s), həzrət Fatimə(ə) və kənizi gəlib Qəbaya çatdılar.
Qəbada olan bütün müsəlmanlar həzrət Məhəmmədlə(s) həzrət Əlinin(ə) görüşündən mütəəssir olmuşdular. Onlar ilk dəfə Allahın Rəsulunun kövrəlib ağladığını gördülər. «Şükürlər olsun sənə ya Rəbbim mənim ən əziz adamlarımı sağ-salamat mənə yetirdin» – deyə həzrət Məhəmməd(s) Allah dərgahına əl açıb dua etdi.
***
Tarixi anlar yaxınlaşmaq üzrə idi. Uzun məşəqqətli yol, Sur dağındakı mağara, sərkərdə Surağə ibn Maliklə qarşılaşma, yolda rast gəldikləri irili-xırdalı hadisələr, Qəbada qaldığı günlər, məscid tikintisi, həzrət Əli və həzrət Fatimə ilə görüş anları artıq arxada qalmışdı. Ağ rəngli dəvə öz sahibini–yeni dinin banisini, Allahın yer üzündə sonuncu peyğəmbərini tarixi anlara qovuşdurmaq üçün aramla irəliləyirdi. Mədinə öz qoynunu həzrət Məhəmmədin üzünə açıb, onu hədsiz intizarla gözləyirdi.
Qəbanı tərk etmiş həzrət Məhəmmədi yüz nəfərdən artıq insan müşayət edirdi. Neçə illərdən bəri həzrət Məhəmmədlə birlikdə əzab-əziyyət çəkmiş bu insanlar da sevinc və fərəh içərisində idilər.
Yeni bir dövr başlayırdı. İnsanları haqqa-ədalətə, halallığa, düzlüyə, təmiz əxlaqa, ləyaqətli həyat tərzinə çağıran İslam dövrü. Bu dövrün ilk ilinin, ilk ayının, ilk həftəsinin, ilk günü…
Allahın izni ilə yaranan İslam dini ilk vəhyin nazil olduğu gündən indiyə kimi insanları Allahın birliyinə, «siratəl müstəqim» yoluna dəvət etmiş, pisliklərdən uzaqlaşmağa çağırmışdır. Əsrlər ötsə də nə təfriqələr, xəyanətlər, hakimiyyət davaları, təriqət ayrılıqları, məzhəb bölünmələri, nə də daxili çəkişmələr, xarici müdaxilələr, irili-xırdalı bütün döyüşlər, müharibələr Allah kəlamları üzərində qərar tutan İslamı sarsıda bilməmişdir.
Bəşəriyyətin nicatının, dünyanın xilasının, dinindən, təriqətindən, məzhəbindən, irqindən, milliyyətindən asılı olmayaraq Böyük Allahın göstərdiyi düzgün yolla getməkdə olmasını tarix özü sübut etməkdədir.
Allahın sonuncu dini olan İslamı ərsəyə gətirən, bütün məşəqqətlərə dözərək Allahın kəlamlarını insanlara çatdıran, yer üzünün sonuncu peyğəmbəri -Allahın Rəsulu olan, bəşəriyyət tarixində ən böyük insanlardan biri hesab edilən həzrət Məhəmməd Səllalahü Əleyhi və Alihi Vəsəlləmin mübarək adı əbədi olaraq yaşayacaqdır.