Anamın məni döyməsi,
məndə qalıb şeir oldu.
Mən böyüdükcə anam,
qulaqlarımı çəkən əllərini şeirlərimdən oxudu.
Mən böyüdüm.
Anamın qara yaylıqla tanışlığı məndən başladı.
Anamın dərdləri artdı,çoxaldı,
Boyu boyuma uyğun dərd qocaltdı anamı.
Heç kim demədi,
bu qadın yazıqdı...
Elə mən də demədim.
Heç kim demədi,
bu qadın bir belə dərdi necə çəkdi,necə yedi?
Heç mən də demədim.
Anamın qəribə ağlamağı var,
Əlini ağzına tutub içini çəkə-çəkə ağlayar.
Anamın gülməyidə qəribədi.
Alatoran xatırlayıram,
görəsən necə idi?...
Mənim yerişimdə dərddi anama,
duruşumda,baxışımda.
Bircə şeirlərim dərd olmur ona,
Bilir ki,yüngülləşirəm yazanda.
Anamın məni döyməsi,
məndə qalıb şeir oldu...
********
Sən ağ dildə,ağ günlərin xatirələr nəğməsi
Mənsə yarımpərdəyəm,
Qara dildə qara gün,
Qara piano evim.
Gedim bir az əylənim
Özgə barmaqlarıyla.
Gedim bir az unudulum
köhnəlmiş əşyaların,
Toz basmış otağında ...
*******
Bu gecə yağışı mənlə qalmadı,
Getdi yağış şeirlə qucaq-qucaq.
Bu gecə göylər də mənlə qalmadı,
Getdi göylər şeirlə Allah-Allah ...
Yalquzaq adamam, adamam adam,
Ulasam göylərin yuxusu qaçar.
Biz tərəf qaradı siz tərəf ağ-ağ,
Bu necə qıfıldı necə açılar?
Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.
Qəşş edib yıxıldı ayrılıq sözü,
ayrılıq üzümü görüncə Vallah.
Bir damcı su çəkən olmadı dilə
gedirəm kəlməsi gəlincə Allah!
GÖYLƏR ADAMI
Bu adam başını alıb gedəcək,
Qoymayın yağışlar aparsın onu.
Deyin arakəsmə pərdələriylə,
Qoy, Allah özündən qoparsın onu.
Adamsan adamlar düzünə qayıt,
Bir şeir nədir ki, belə uzaqsan?
Sən, özü havalı ay adam oğlu,
O göylərdə bir şeirlik qonaqsan.
Bir damcı su üzü, su üzü bulud,
Su adam,yaş adam - mənə, qulaq ver.
Bir gün yalvararsan arada qalsan,
Mənə bir kəfənlik qara torpaq ver.
Bir ana laylası köçündən sonra,
Bu şeir adamı yükünə ağır.
Bir ana dilində şeirləşəndən,
Bu adam göylərdən özünə yağır.
Gəl, adam bir az da, gəl Elçin olaq,
Payızı,şəhəri,gəl verim sənə.
Gəl, anam yazıqdı gözümdən uzaq,
Qısılar bir küncə ağlayar yenə.
AYRILIQDAN NOTLAR
Hərəmiz bir nota kökləndik,
Mən Do ya, sən Mi yə...
Mən həmişə birinci aktavada Do oldum,
qulağına ağır gəldi avazım.
Sən də ikinci aktavada Si olunca,
ayrılığın musiqisi qulaqlarımı deşdi, deşdi...
Bir də başqa notlar vardı...
küçədə hürən itin Fa sı,
Səsimizə çıxan qonşunun Re si,
Sabahsı gün qaş-qabağmızın Si si...
nə bilim,
günlərimiz belə gəlib keçərdi...
Hardan biləydim,
Hardan biləydim ki,
Bu gün səni sevmədiyim mahnıdan xatırlayacam?!
Bilsəydim,
Do notuna köklənməzdim.
Bilsəydim,
qonşumuzun səsini birdəfəlik alardım,
ən azından evimizi satardım.
Bilsəydim,
küçədəki ac itə bir parça çörək atardım...
Hardan biləydim...(?!)
Bizim ayrılığımız "ölüm marşı" na oxşadı
Ağır-ağır,
Qürur-qürur...
Bizim ayrılığımız "muğamsayağı" oldu
Kədər-kədər,
Nisgil-nisgil.
Bizim ayrılığımız
dilləndikcə yarımpərdələr üstündə
həzin-həzin,
Kövrək-kövrək,
Titrək-titrək,
Mən göynədim şeir yazdım
sənsizlikdən şair oldum.
Bu axşam,
Bir barmaq yarpaqlar vurdu,
Bir barmaq yağışlar vurdu,
Üstəlik,
bir barmaqda yoxluğun vurar...ayrılıqdan, notlar...