Biz yaşlandıq...
Sənsə elə əvvəlkitək gözəl qaldın!
Surətində o məsumluq...
Dalğalanan qara saçın...
Heç bilmədin,
sən gedəli
yetimləmiş dəftərinə, kitabına layla çaldı
anan, bacın...
Səni geri qaytarmadı
Nə ağılar, nə yalvarış..
Bir tarixə sığışmayan ömrün - ağa bürünmüş qış!
Günlər ötdü,
İllər keçdi,
Biz dəyişdik...
Gah yükləndik günahlarla,
Gah da günah təmizlədik!
Sənsə,
elə aydan arı-sudan duru gözlərinlə gülümsədin...
Nə bir könül yaraladın,
Nə bircə yol yalan dedin.
Adın kimi amalın da ülvi oldu, təmiz oldu,
Xəyalların yelkən kimi,
Arzuların dəniz oldu.
Şeirlərin sevilərək dildən-dilə dolandıqca
Səmalarda məmnun qaldın,
Ilham aldın.
Özü üçün yaşayanlar unuduldu,
Sənsə, əziz Vətən oğlu,
hər ürəkdə
məhəbbətlə xatırlandın!
20.01.14.
Moskva