Çap qurğusu

bir-bir udur vərəqləri,
bir-bir qaytarır geri.

 

vərəqlər həmən vərəqdi -

üstündə yazılar və təsvirlər.

silsən də vərəqdən təsvirləri

yenə də izi qalar.

keçilən hər yolda

zamandan bir az qalar.

bəzən ilişər vərəqlər;

ya vərəqdə naqislik var,

ya da qurğuda.

ilişən vərəqlər əzilər, cırılar...

nəsə. bir işə yaramaz,

atılar qutuya

üstündə anlaşılmaz təsvirlər.

yarımçıq hər şeydə

bir çatışmazlıq var.

ayrıca baxsan,

adama elə gələr

qurğu

öz-özünə işləyir.

 

amma

qurğuya verilən komanda var;

komanda gələr başqa qurğudan.

 

o qurğunu da düzəldən

zəka var,

o zəkanı da yaradan qüvvə.

 

hər yaranışın

təsviri cızılar idrakda əvvəlcə –

işə yarıyır fəlsəfə.

 

hər yaranışın

təsviri cızılar əvvəlcə

vərəqə köçən təsvirlər kimi;

vərəqlə birgə atılıb, atılmasa da.

 

hardansa...

hardansa ağlıma bir fikir gəlir:

hər yazılan vərəq, deyəsən,

gec-tez atılır axı,

bir işə yarayıb – yaramasa da.


Quş, balıq və insan

gəlin belə bir iş tutaq

qəribə də olsa:

 

yolaq o quşun lələklərini, -

təkcə qanadlarından. yolaq

ələ oxşasın, insan əlinə. sonra

oturub tamaşa edək uçmaq ehtirasının

necə yavaş-yavaş söndüyünə.

 

beləliklə,

bir quşluq məkan

boş qalsın səmada,

bir uşuş trayektoriyası

yerlə səma arasında.

 

və rahatca

o quşla əl-ələ

gəzək dəniz sahilində.

 

çaparaq

sahilə yetişən dalğadan

yıxılan bambalaca rəngbərəng balığı

qaytarmayaq dənizə. dayanıb əl-ələ

o quşla tamaşa edək gözəlliyə, həm də

gözəllik içində çapalaya-çapalaya ölən

dəniz sevgisinə.

 

beləcə,

bir balıqlıq yer çoxalsın dənizdə,

bir gözəl ölüm sahildə.

 

o gözəl, o bambalaca balığı

yem edək o quşa,

o quşu buraxıb sahildə

qayıdaq şəhərə;

azalıb-çoxalmanın sinisoud əyrisinə -

sahilə çırpılaraq yox olan dalğalara bənzəyən.

 

kədərli mənzərə alındı deyəsən. amma

gözəllik də vardı bu mənzərənin içində.

 

o bambalaca balıq

onsuz da

yem olacaqdı bir gün o quşa,

o quş tuş gələcəkdi qəfil gülləyə.

bizsə...

 

bizsə nə quşuq, nə də ki balıq.

həm də

bir az quşuq, bir az da balıq.

 

biz daha çox

sahilə can atan dalğa kimiyik

(“sahiləcən yaşayan dalğa” da deyə bilərik)

və azalıb-çoxalmada;

ümman istəyi, uçmaq həvəsi,

eniş, yoxuş və sairə.



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə