TABUT

Oğlu neynirsən, anam?
Gəl sənə tabut verim,
oğlundan da qiymətli.
Ağlını alsın başdan,
ağlından da qiymətli.

 

 

Onsuz da bu ölkədə
oğullar ya “müxalif”,
ya “narkoman”, ya “oğru”.
Bu yaxşıdı bəlkə də,
anam, neynirsən oğlu?

Gəl sənə tabut verim,
ta bir dərdin qalmasın.
Özü hazır qəbirdi;
qəbir dərdin qalmasın.

Sənə tabut verim ki,
evin-eşiyin olsun.
Sənə tabut verim ki,
yekə beşiyin olsun...

 ...yekə beşiyin olsun,
qol dolusu qucaqla;
belə qucaqlamazdın...
Yıxıl üstünə ağla;
heç belə ağlamazdın...

Yekə beşiyin olsun,
əyil qızıl balınca
bu həyatı pıçılda...
Layla de bayılınca,
bir bayatı pıçılda:

-Əzizim vətən oğlum!
Tank oğlum, kotan oğlum!
Beşiyini səhv salıb
Tabutda yatan oğlum!..

Oğlu neynirsən, anam?
Gəl sənə tabut verim,
Təsəllin, səbrin olsun.
Ta bir dərdin qalmasın,
Hazırca qəbrin olsun.

Evin-eşiyin olsun!
Təzə beşiyin olsun!..
...təzə beşiyin olsun, -
sən anasan, bir də doğ!

Fərqi yoxdur hardasan -
-tabutda, qəbirdə -- doğ!
Oğul doğma bir daha!

Gəl bu dəfə bir daş doğ,
yonub bir büt düzəldək.
Gələn dəfə ağac doğ,
kəsib tabut düzəldək.

Unut, ya da ağacı.
Daşı, bütü unut, doğ!
Oğlunu yaddan çıxart,
Bu tabutu unut, doğ!

Özünü gücə salma,
bizi də xərcə salma,
gəl sən elə tabut doğ!..
Gəl sən elə tabut doğ!!!

SƏNDƏN DƏLİCƏSİNƏ AYRILMAQ İSTƏYİRƏM

 

İndi nə sevgimin ağlımı görməyə gözü,

nə də ki, ağlımın sevgimə deməyə sözü...

Bitmiş hər şey!

İndi fikirlərim də

qalxıb səninlə bağlı

verəcəyim qərara

etiraz etmək üçün

pərən-pərən düşüblər...

...Əslində mən səni

dəlicəsinə deyil,

cahilcəsinə sevdim;

bir yəhudi tasarrufu ilə

qorudum, övdüm;

buddistcəsinə sitayiş etdim,

inandım.

Sənlə yaşamağın sonunda

həp çarmıxa çəkilmək vardı;

nəhayət özümü isəvi sandım.

Bizim dəlicəsinə

bir işimiz olmadı,

artıq heç nə qalmadı...

...İndi

gəl İslama bir "hə" de,

vurma daha baş-ayaq.

Heç olmazsa sonunda

sənlə DƏLİCƏSİNƏ BİR AYRILIQ yaşayaq!

 

Bir az da onlar...

Gücüm yetmir, İlahi,

bu ömrü yaşamağa.

Bu ömürtək uzanıb,

sayıqlayan ümidi

özümlə daşımağa.

 

Bu ümidi məndən al,

yatıb qalanlara ver.

Bu ömürdən bir az kəs,

“güc”ü olanlara ver.

 

Bir az da mən yaşayan

ömürdən yaşasınlar.

Bu ömrün sevincindən,

qəmindən yaşasınlar...

 

Görsünlər bir ümidə

sevinmək necə olur...

Görsünlər bu sevinclə

öyünmək necə olur...

 

Görsünlər necə olur

bir ac qarnın yuxusu...

Hər gecə

o yuxuya girən

aclıq qorxusu...

 

Görsünlər xəcalətdən

dənçik sözlə doluykən

söz udmaq necə olur!..

Dost-tanışın zəngini,

doğma övladlarının

gözlərinin rəngini

unutmaq necə olur...

 

Gizlən-qaç oynasınlar

evdəki “özgələr”lə,

stol, stul, divanla,

qapıyla, güzgülərlə...

 

Onda baxıb görərlər

bir ürək oynayanda

çöhrə necə qızarır!..

“Oynadılma” vərdişli

bir çörək oynayanda

bağdaşqurma oturmuş

süfrə necə qızarır!..

 

Gücüm yetmir, İlahi,

...bu düyünü, tənliyi

ver indi onlar çözsün!..

Onların “dözdüyünü”

mən necə çəkmişəmsə,

indi mən çəkənlərə

bir az da onlar dözsün!..

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə