Elə darıxıram ki,
az qala evdən çıxıb
sənin arxanca gəlsin
mənim ayaq izlərim
Ay balaca xanımım,
Mən sən boyda sevməyi
Axı harda gizlədim?
Vallah, qəlbin qəribədi
Nə qıfıl düşür, nə açar
Gəl,mənlə söz güləşdirmə
Bir qucaqlıq canın var.
Elə gülümsədin ki,
bütün bu ağlamaqlar
dodaqlarında itdi
Eh, balaca xanımım,
Sənlə müqayisədə
xoşbəxtlik çox bəsitdi
Durub səndən baxanda
Darıxmaq da gözəldi
Özümdən qaçan hisslərim
Sənə çatıb gözlədi
Gözlədi ki, yapışıb
tutasan barmağımdan
“Səni sevirəm” sözün
Beləcə, bir öpüşlə
alasan dodağımdan.
Eh anam da deyir ki,
“Qonşu qızı gözəldir
Əlindən hər iş gəlir”.
Başa sala bilmirəm
mənim yorğun ürəyim
bircə sənlə dincəlir.
Vallah, mən öyrəşmişəm
Qucaqlayıb saçını
gecələr tək yatmağa
Neynirəm bir oyanmağı,
gecələr bir yatmağı?
Mənə bircə əl lazımdır
əllərindən tutmağa.
Ay balaca xanımım,
nəyə lazım evdarlıq?
Lap yemək duzlu olsun
...Soyuq çay, çirkli yataq
Neynirsən bu daş-qaşı
Bu isti xəz paltonu?
Geyin köhnə çəkməni
Gəl gedək xoşbəxt olaq.
Aqşin Evrən