AYB.az Firuzə Məmmədlinin yeni şeirlərini təqdim edir.

      İLLƏRİN

 

Birdən-birə nə düşmüşdü yadına,

Vərəqlədin keçmişini illərin?!

Saydın, seçdin, seçmələdin nə yaxşı

Əllisini, yetmişini illərin?!

 

Bu seçdiyin ürəyincə deyilsə,

Ələ gələn gərəyincə deyilsə,

Donluq olub, çörəyincə deyilsə,

Nə gəzirsən itmişini illərin?!

 

Nəyi vardı, xəlbirlədin, ələdin,

Acısını şirininə caladın.

Çağaydımı, – laylaladın, bələdin,

Daha vaxtı ötmüşünü illərin?

 

Söz gəlişi dedim bunu, incimə,

Hövüllənmə savaşına, dincinə.

At zamanın sənə düşən küncünə

Gəlmişini, getmişini illərin.

 

Nə qədər ki, yerişinlə dirisən,

Canım-gözüm, beş adamdan birisən.

Çəkmə, çəkmə... Çəkəməzsən geri sən

Ömrü talan etmişini illərin.

 

Eh, il vardı, vaxt əlində saz idin,

Bir sarışın, bir alagöz qız idin.

Gərək onda arayaydın, gəzəydin

Düzü əyri bitmişini illərin.

 

Karvan gedib, izi qalıb yollarda,

Zaman adda tozu qalıb yollarda.

Qaytar geri, gözü qalıb yollarda,

Qəfil yada düşmüşünü illərin.

 

                                     

     BAHAR RİTMLƏRİ

 

Gün – bulud əsiri, dan yeri küskün,

Yağır, yal-yamacın çəməni yağır.

Göydən Yer üzünə kəkotu, yarpız,

Göydən Yer üzünə səməni yağır.

 

Hələ yumuludur bahar əlləri,

Qaranquş gəlməyib, dimdiyində su.

Novruz xonçasından bağ ətri gəlir,

Gəlir, gözlərində bahar yuxusu.

 

İncimi səpilir qar dənəsində?! –

Bənövşə dodağı qaçır torpağın.

Gecikmiş qış baba hər dənəsində

Elə bil mirvari saçır torpağa.

 

Üşüyür qar altda aldanmış çiçək,

Bu sazaqlı gün də nahaq deyilmiş.

Əyninə qar geyib gülən təbiət,

Aprel yalanıymış, bahar deyilmiş.

 

...Elə cilvələnir aşığın təbi,

Əli üzüləmmir saz ətəyindən.

Açır boxçasını axır ki düzlər,

Bənövşə tökülür yaz ətəyindən.

 

Sinəsi atlanan çəməndən, çöldən,

Çiçək ətri gəlir, yaz ətri gəlir.

Daha şairlərin qələmindən də

İncə, lətafətli söz ətri gəlir.

 

               

            BAXIR

 

                      Güzgüdəki «mən»ə

 

Oy, bu gözlər mənimdimi?!

Mənə yaddaşlardan baxır.

Sevinci yox, kədəri yox, –

Ürəyi daşlardan baxır.

 

Qanadlanıb, milyon kərə

Uçuşu çırpılıb yerə.

Bəlkə, bəlkə buna görə

Həsrəti quşlardan baxır?!

 

Nitqi bağlı dildir daha,

Ağlaya da bilmir daha.

Axıb gildir-gildir daha,

Quruyan yaşlardan baxır.

 

Nə şövqü var, nə həvəsi,

Nə meyardı, nə tərəzi.

Hara dönsə, savaş gəzir, –

Ağılsız başlardan baxır.

 

             ***

 

Səbrimin ətəyilə

Gözümü sildim, yetər.

Bir ümidin yolunda

Ölüb-dirildim, yetər.

Sirdi, hikmətdi, nədi...

Öyrənib, bildim, yetər.

Daha bildiklərimi

Bəyan etmək vaxtıdır.

 

Yerini bilməyənlər

Özünü başda görür.

Haqqa nahaq deyənlər

Sülhü savaşda görür.

Əli gəlmir atmağa,

Günahı daşda görür.

Daşatan zamanlara

Qiyam etmək vaxtıdır.

 

Dayan, qisas adamı,

Zamanla az kəllələş.

Dəniz kimi hirsini

Qumlara yaz, kəllələş.

Bəlkə bəxtin gətirdi,

Qəbrini qaz, kəllələş.

Doğru, dürüst, hər nə var,

Yalan etmək vaxtıdır.

 

                                 2015


            ƏLİM

 

                           Əllərim var idi, danışan, gülən,

Əllərim var idi, - çəhrayı pilə.

Bəs hansı dözümdən göyərdi görən

Üşüyən əllərim, donan əllərim.

                                                  Firuzə Məmmədli

 

Çöhrəmin xəcalətinə

Örtükdü, boyaydı əlim.

Səsi göylərdən gələrdi, –

Alqışdı, duaydı əlim.

 

Bir uğura sultan idi,

Bir hücuma qalxan idi.

Gen dünyada arxam idi,

Bir isti yuvaydı əlim.

 

Haram yoxdu çəkdiyində,

Biçdiyində, əkdiyində.

Ömrün səhra təkliyində

Ləhləyən dəvəydi əlim.

 

                           

              ***

 

Çəkib bağladım qapısın,

Nə bilim, kimindi bu ev.

Pəncərə gözü də baxmaz,

Hansı miskinindi bu ev?

 

Maşa burda, kömür burda,

Niyə ocaq sönüb burada?

Kimin sonu gömüb burda?

Kimin ilkinindi bu ev?

 

Qapısını açanı yox,

Qəfil döyüb qaçanı yox.

«Harda»sı yox, «haçan»ı yox,

«Yox»un, itkinindi bu ev.

 

2015

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə