QAYIT, SEVGİ DÜNYAM

Sən mənim ömrümün yarıdan çoxu,

sən mənim könlümün cənnət payısan.

Qayıt, istəyimi gözümdən oxu,

qayıt, ürəyimi verrəm, qayıtsan.


Qayıt, sevgi dünyam, mən sənsiz kiməm?

Yarımçıq nəğməyəm, qırılmış siməm.

Səninlə bütövəm, səninlə xoşam,

sənsiz qanadları qırılmış quşam.

 

Sən yoxsan, özümü itirmişəm mən,

səsimi, sözümü itirmişəm mən,

bir ruhsuz bədənəm, bədənsiz ruham,

gedib mənzilinə yetməyən aham.

 

Qayıt, sevgi dünyam, mən sənsiz yetim,

harda qərar tutum, haraya gedim.

Ümidim, pənahım, sevincim sənsən,

eşq adlı əvəzsiz bir incim sənsən.

 

Qayıt sevgi dünyam, qayıt, əzizim,

qayıt, müqəddəsim, qayıt, təmizim.

Qayıt, qəlbimdəki haraya qayıt.

qayıt, ucaltdığın saraya qayıt.

 

Sənsiz gözlərimdən silinməz kədər,

sənsiz ruhum ölər, ümidim sönər.

Qayıt, bu qayıdış məğrurluq, hünər,

Qayıt, müqəddəslər qayıda bilər.

 

NƏ BİLƏYDİM

 

Gəlmədin, göz bəbəyim,

can yoldaşım, gəlmədin...

                                            Bir türk şərqisindən

 

Sənsiz keçən bir günümə dözmürdüm,

sənsiz keçən günüm indi il olmuş.

Xoşbəxtliyim yanımdaymış, görmürdüm,

indi kiməm, mən başına kül olmuş?

 

Heyf, dərdsiz anlarımı, sən demə,

görməmişəm, mən gözləri kor olmuş,

sən gedəndən baxtım düşüb tilsimə,

sən gedəndən dünya mənə gor olmuş.

 

İndi məndən uzaqsansa üfüqcən,

bilməmişəm qiymətini demək, mən.

Səhvimi gec anlasam da, qəmin kəm,

adın düşməz, sözün düşməz dilimdən.

 

Taleyimçün qınamıram heç kəsi,

bu həsrətin günahkarı mən özüm.

Qulağımdan əskilməyən o səsin

acı dadan ağısına, qoy dözüm.

 

Mən çiynimdən öz səadət quşumu

öz əlimlə uçurtmuşam əbədi.

Bəlkə də bir kəmtaleyəm, nə bilim,

bəlkə dünya yaranandan belədi?

 

 

UMU-KÜSÜ VAXTIMI

 

Mən bir eşqi girov qoydum yolunda,

sən bağladın qara gəlmiş baxtımı.

Heç bilmədim harda, nə vaxt xərclədim

sənsiz keçən ömür adlı vaxtımı.

 

İndi qəlbim odu sönmüş bir ocaq,

indi ruhum səmt itirmiş bir uçaq.

Gəl, qızınım nəfəsinlə bir azca,

gəl, ölürəm, heç insafın yoxdumu?

 

Sənə xoşsa bu üzüntü, bu qubar,

içimdəki duyğumu da qır, qopar.

Küsməyin də ölçüsü var, həddi var,

canım-gözüm, umu-küsü vaxtımı?

 

 

SƏNSİZLİK

 

Oturmuşam sakit bir otaqda,

                                tək-tənha.

Dörd yanım

sənsizlikdən doğan xiffətlə dolu.

Bu sayaq yaşamaqdan bezikmişəm,

                         dözə bilmirəm daha.

Durub, sənsizlikdən qaçmaq istəyirəm,

Qapımla, pəncərəmlə birgə

məni sənli hisslərimə qısqananlar

xəyalən kəsirlər yolu.

Yaman darıxıram,

çatışmır havam.

Təngiyir nəfəsim,

boğulur səsim.

Açıram pəncərəni taybatay.

Çölün içəriyə axan

soyuq havasından,

fərqinə varmadan,

ciyər dolusu uduram.

Aldatmaq istəyirəm özümü,

ancaq bir az da

toxtamıram, rahatlanmıram.

Zərrəcə azalmır

ürəyimdəki qəm, kədər.

Deyəsən bu narahat ömrümü

hədər yaşayıram, hədər.

Heç nədən qorxmuram,

heç nəyi danmıram.

Bu bir etirafdır.

Sən demə, məni ağrıdan

havasızlıq yox, sənsizliyinmiş.

Nə deyim, yəqin

duyğusu olmayan

sevgi ilə yaşamayan

                    insanlar

çətin məni anlayar,

                      çətin!

 

 

BİLMİRƏM

 

Sənsiz bu xəzan dünyama

gözümü aça bilmirəm.

Qanadı qırılmış quşam,

arxanca uça bilmirəm.

 

Getməz karvanım, saxlanıb,

dərddən ürəyim dağlanıb.

Sən yoxsan, baxtım bağlanıb,

gəlmirsən, aça bilmirəm.

 

Səsimə qəm, saçıma dən

ərməğandı həmdəmimdən.

Xoşam, bu tale hökmündən

qurtulub qaça bilmirəm.

 

Ay insafsız, bu sənsənmi,

sən mən olsan, dözərsənmi?

Gəlib bir də dönərsənmi

başımda taca, bilmirəm?

 

Nəfəsimdə, canımdasan,

ürəyimdə, qanımdasan,

sən ki, mənim yanımdasan,

bəs niyə quca bilmirəm?!

 

 

 

DƏLİ KÖNLÜM

 

Bir quş kimi qanadlısan,

asimanlar dolaşırsan.

Mən piyada, sən atlısan,

ha çapırsan, yarışırsan,

dəli könlüm, dəli könlüm.

 

Bir xoş gündə, bir xoş anda

yar xəbərsiz can alanda.

Bir baxışdan odlananda

gizli-gizli alışırsan,

dəli könlüm, dəli könlüm.

 

Öz nəşən, öz ələmin var,

yüz dərdin var, yüz qəmin var.

Yardan ayrı de, kimin var,

mənə ondan danışırsan,

dəli könlüm, dəli könlüm?

 

Gah qışımsan, gah yazımsan,

ovsun dolu avazımsan.

Sən mənim bəxt ulduzumsan,

əlçatmazda sayrışırsan,

dəli könlüm, dəli könlüm.

 

Hər vüsalda bir hicran var,

hər ürəkdə bir viran var.

Səni yardan ayıran var,

nə coşursan, nə daşırsan,

dəli könlüm, dəli könlüm?

 

 
GÖZLƏRİN

 

Məni ovsunlayır

nazəndə gözlərin.

Piyalə içində

gəzəndə gözlərin.

 

Aman, bir sehrdir,

ədadır, əmrdir.

Cansızı dirildir

süzəndə gözlərin.

 

Atdığı kəməndlə

düşəndən bu bəndə,

hal qoymaz nə səndə,

nə məndə gözlərin.

 

Qalaram çətində,

ölərəm o gündə,

göz yaşı gölündə

üzəndə gözlərin.

 

QƏNİRSİZ GÖZƏL

 

Səni nə xoş anında

xəlq edibdi Yaradan.

Qənirsiz gözəl kimi

doğulmusan anadan.

 

Bu nə mənalı tale,

bu nə ədalı ömür?

Sən hamıya biganə,

ətraf səninçün ölür.

 

Gözəl, həm lal baxışın,

həm nəvazişin gözəl,

sakit durun gözəl,

adi yerişin gözəl.

 

Bu bir sirri-xudamı,

gəlirsən, dünya gülür?

Bu nə dərdi – bəladı,

sənsiz qəlblərə dolur?

 

Hər ürəyə məlhəmsən,

hər məclisə yaraşıq,

Üzündən nur saçılır,

gözlərindən gur işıq.

 

Nə böyük hikmət yaşar

o gözlərin gölündə,

o sehrli məkanda

ölüm mən də öləndə?

 

Qız, bu hüsnü-camalla,

gözəlliyin tacısan.

Görən, hansı xoşbəxtin

dərdinin əlacısan?

Bu sərməst aşiqinin

dərman ol nicatına.

Bir təbəssüm ehsan et,

durum salavatına.

 

Deyim, şükür, Xudaya,

bu mələkdir, ya xilqət?

Allahumməsəlli

əla Muhəmməd

və ali Muhəmməd!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə