“Xocalı Simfoniyası”

(Rekviyem poema)

İlahi! Sən Onlara rahatlıq ver...

İlahi! Təskin et!..

Sən onlara səma nəğmələri göndər,

təsəlli səp...

 

                                ***

Yox, Rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın altında

                           dipdiri ölülər var!

Diksinə bilər Onlar...

Alt-üst etmə torpağı, ey Rüzgar,

Onlar onsuz da yazıq!

Tələf olubdur, Onlar!

 

                               ***

Hə, Rüzgar... Bəli, Rüzgar!

Orda Ölülər yatır...

Orda Ölülər dip-diri! Oyaqdır,Ölülər...

Zikkələri,səsləri oyaqdır!

Əlavə zınqırov istəmir,

onların nə təngizar qulaqları,

nə yorğun-arğın-üzgün

                                 bədən hücrələrindən

üzülən zuzələr! Yox, istəmir Onlar daha,

Dünayadan axan səsləri!!!

Onların sümük xatirəsində,

indi yalnız

diri-diri

torpağa əndərilmiş Böyük Hürkü,

şaşqın qışqırıqlarının yaddaşı yaşayır!

Bir də ki... “ Lənət sənə Faşizm!”-

“Lənət sənə...

lənət sənə!..” -  hayqırıqları yaşayır!..

 

                             ***

Hə, Rüzgar! İndi Onlar dərin uğultularda

Simvolik Marsilyoza vıyıltısı oxuyur...

Sivil dünya bir şey anlasın deyə!

Xor oxuyurlar Onlar

         Vəhşətə!!!

Dünya bir şey eşidə bilsin deyə!

 

                             ***

 

Hə,Rüzgar! Eşidə bilirsənmi,

Səslərin ən mükəmməli

Əsrin Simfoniyasını? - Ölülər himnini!-

         Onlar yerin mantiya qatından

         Məkrin Oyun işinin

         məcmusunu-

         məşum nəğmələrinin

                                  Odasını oxuyur...

              

                                ***

 

Hə, Rüzgar! Al Onların güclü faciəsini

qarışdır fırtınalı hirsinə, Səsləri....

Apar ötür onlara da –

O tay, bu tay Okeanı  zəbt edib oturmuş,

Zorunlara! Atları Əflatun Fironlara da!

 

                              ***

 

Bəli, cahan!

O torpağın adı Məlul Xocalı!

Çəpəri qalın çəkilib...

Hə Ruzgar, hərdən soruşuram Ondan

xəyalən:

“-Xocam!.. Məğlubum!.. Necəsən?

Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi –

Bəd Qonşu?-

Drammatik “Yazıq Erməni” ilə

Məşhur Qırmızı Qospodin?” –

O! Qospodi! Nə nazik əndişədə olmuşdur

Köhnə Sovet humanisti?-

Moto-atıcı daşıyan

kütləvi qırğın maşını?-

       “Möhtəşəm” bir Alay!!!

 

                           ***

 

Ah, mənhus düşüncə!

Necə yəni, Allah yaradanı sın,

Bir gecədə yox edəsən?!

Əhsən ,ey İnsan,əhsən,

Sən bu antik işinlə

Xirosima dəhşəti, Xatın faciəsini də

Çox-çox arxada qoydun!

 

                             ***

 

Bəs əsiri-yesirlər?Bir deyil, on deyil,

Min-mindir,yüz mindir əsirlər!

Sarsılan, əzilən həyatlar -

                             yüz min,yüz min,

yüz min,yüz min...yüz mindir!

 

                          ***

Ah,fırlanır bəbəklər çuxurunda,

Çuxurundan indicə çıxacaqdır,bəbəklər!

Çün, yaşamaq-ehtiyacdır!

Yaşamaq - su istəmək, çörək dadmaq,

Sevməkdir, sevilməkdir - yaşamaq!

                        ***

 

O! Məryəm Anaaa! Müqəddəs!...

Mən səni çox sevirəm...

Bəlkə Sən cavab verəsən,

Nədir bu? Nə demək “ Xof və İnsan?”-

Hardan axır axı kilsə zəngləri?

Zor edir, zorunluqla soxulur

müsəlman obasına.

Sizlərdə beləmi zorakıdır Kəlisa?-

Allahın müqəddəs evləri?..

Yəqin elə onunçun da özünüz öz əlinizlə

Mıxladınız çaharı-mıx gözəlim İsanı!

O! Mariya! Gözəl Ana! Belə isə,

Faydasızdır sizlərdən etina gözləmək,

Ah,hava...sevən...müqəddəs!..

 

                                ***

Ah! Boğulur,cocuqlar,

Yorulur torpağın altında

                                       Cocuqlar!

Əlləri,qolları yorulur...

Heç bir şey anlamır,Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

Cocuqlar bir təhər ovunar

Havasız...nəşəsiz...

Torpağın altında...

O! Məryəm!....

Ancaq ki, ana məməsi istəyir

körpələr torpağın altında!

Heç bir şey anlamır inqalar!..

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

 

                             ***

Ah!..

Səslərə ürpəşirəm,

Şum edilmiş inslanların Kütləvi Qırğınına

      daraq çəkə bilmirəm....

                            Bax, ona ağlayıram,

                                     Məryəm Anaa!..

Axı Dünya özbaşında!

Axı Dünya çox məşğul!

Amma...hava istəyirmiş ....uşaqlar,

Məryəm Anaa!...

Allahın mələk qızı...

 

                          ***

 

Ah, Rüzgar! Dostum ol!... Bura bax...

Sən torpağı süpürüb ötəndə,

şayəd görə bilirsənmi hərdənbir

belibükük əkinçi-biçinçi kölgələri...

Öpə bilirsənmi sən arada,

boşuna yellənən sünbüllü zəmiləri?

Bəs

O Nəhəng Ananı-Ən Nəhəng Qüssəni

Gördünmü?

Görmədiiiiin?..

O sənə heç bir şey demədiii?

Demədimi,

Bütün Oyaq Kölgələr – hamısı ah?!..

Yox! Dedi! Mən eşidirəm Onu!

Eşidə bilirəm

Onların hamısını!

Bir-birinin ətəyini dartışdıran

Heç bir şey anlamadan

burnunu qurdalayıb

zırıldayan uşaqların

Ölüm Şərqilərini

Mən eşidə bilirəm!

 

                      ***

Və varındısa... sən allah, ey Rüzgar,

fırça gətir!

Mən bu Qlobal Ahın şəklini çəkərəm!

Çəkə bilərəm Onu-

Bəşəriyyət önündəki

Zülmün Nəhəng Pannosunu!

Çün, indicə Dünya üçün

himn oxuyub qalxacaq,

O məğrur, əsrarəngiz, Yek Ana-

Mübarizə Simvolu Vətən qızı! O Fosfor!..

Zühr etmiş bir güclü biçarə...

Of allah, uçan dodaqlarıyla

“İnsan”-ı hayqıracaq,

o məsum tifilləri,

Yer üzünün bütün həlaklarını,

Zilləti hayqıracaq!

 

***  

 Hayqıracaq!

Tələb edəcək Gözləri...

Tələb edincə, eyvah,

Boğazının bütün telləri ilə

rüsvay edəcək təzədən o Kölgə

Cahanın Canavar İştahlı

Cümlə Adamyeyən Kolunun...

Cümlə Yırtıcılarını!  

 

                   ***

Kilsə zəngləri çalxanır

                             beynində yenə də...

Nədən bu? Güc edir busəs ona.

Gic edir...

İlahi! Sən Onu sakit et!

Gözlərində alov var,

Alov alışır Onun, bu ilahi Fosforun...

Bütün sümüklərində; Xocalı yanırmış,

Xocalı alovda... Of, allah, allah, allah,

Xəritənin göbəyi – Qədim Mesopotamiya –

Bağdad da yanırmış!..

                    Onun göz çuxurlarında...

Bir yandan da çəkic döyür beynində,

Ona yad ahənglər

Ağır qalay kimi basır,

Cənghacəng-canqacunq səslər...

Yorur Onu yeknəsəq yad ahəng!

                                O bunu istəmir!

Səsləri səslərə qarışdırmaq istəmir!

Onun qulaqlarında

yerlə yeksan olub qalmış

uşaqlarının səsi, yiyəsiz avazlar,

toz kimi, qum kimi ələnən

                       azan səsləri yaşayır!

Özü demiş,bu Kəllə Kəlisanın

                            ona yad notlarını

eşitmək istəmir! Yox, eşitmək istəmir!

Bütün Allah Evləri –

                     Allah məbədlərindən

yüksələn səsləri

o daha eşitmək istəmir!!!

 

***  

 

Beynində iğtişaş var!

O yenə də yüyürüb, yüyürüb...

Yüyürəcəkdir müdam...

            O nə isə edəcəkmiş...

Kimi isə edam da edəcəkmiş...

                                Ay allah!

Fəqət gücü çatmayır!

O heçdir, puçdur artıq,

ay allah!..........

O artıq bihudə varlıqdır.....

 

***

 

İlahi! Kömək ol! O təkdir!.. Anadır...

Tək qalıb... torpağın üstündə...

Biçarədir...

O elə köməksiz, elə müti ki!...

O Ruhdur!.. Güc gəlib torpağa...

Lağımlar, yarğanlar incidib...

Necə də sinirli, sehirli gəlibmiş...

Gəlmiş ki,

            Laylasını üst qatda oxusun!..

Gəlmiş ki,

Eşitsin Onu Dünya üst qatda!..

Onunla bərabər hönkürsün

bu məşum nağıla

İnsan olan bəşər də!...
Axı qalın yorğan çəkir,

Nəhəng faciə üstünə

Üst Qatlar!

 

***

 

Ax, nədən bu?..

Cızdağı çıxır Onun,

qəsbkar cəng-vüng-cəngləri

eşitmək istəmir!..

Adamlarsız pəncərələr,

evciklər, küçələr

yetim baxan yuvalar başından ələnən

O zorun səs selini istəmir!

Boşuna

            humanizm yelləyən

                                          sədanı istəmir!

Külə dönən Obasından,

Məskənindən közərən

Yad kölgələr – yalan titrəmələrə

Sümük qəfəsində O,

Qətrə qədər hörmət də bəsləmir!!!

Və təcəlla edib ki, o Fosfor...

 batqın arzularını yonub töksün

Torpağa,

Və elə Torpaq üçün

bütün həyəcanı ilə

həzin... layla...

dua tərənnümləri oxusun...

Və son nəqarat, son epiloq kimi O,

elə hey hayqırsın: Cavabdehsiz!

Cavabdehsiz, Cavabdehsiz,

Cavabdehsiz, belində hərb gəzdirən

Cahanşümul Şümürlər!

Müntəzirsiz cavaba, Cahan Goreşənləri!

Dünyanı bazar bilən

Müsrəsna “Alış-veriş Əmiləri!”...

 

***

 

Ah, göyərçin balaları neylədiz?

Neylədiz, Nəfəsləri? Əmilər!..

Hanı Səslərrr?!!...

Amma sərçə deyildi Onlar,

                                   Əmilər!

 

***

Heç girirmi yuxunuza

sönən işıqlar, həyatlar,

lal baxan ləpirlər...

Üşüdürmü Sizləri hərdənbir

                           xərək-xərək Ölülər?

Təbəssümü qəfil kirimiş olan

Uşaqların məzlum pıçıltıları?

                              Əmilər!!!..

 

***

 

Ah, yetim baxır nəbatat...

O küknar hələ də ağlayır...

Yonur tökür saşlarını yoncalar,

o balaca qız üçün.

Çöl boyu qaçışan

“can gülüm can” oynayan uşaqlarçün

Darıxır yoncalar... ağaclar!

Bu ayrılıq felinə Sizsiniz günahkar,

                        Bəşəri Zalımlar!

 

***

 

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

                        Dü-şü-nünn!!!..

Dünya yalnız sizin deyil!

            Düşünün!!!!!!

Düşünməyə çox dəyər!....

 

                        ***

 

Ah, yetim baxır o Bağçabağ...

O qızın qıvırcıq tellərindəki

yaş danəciklərini...

                        parıltını...

danələri...axtarır...Bağçabağ!..

Ah, nə yazıq!...

 

***

 

İlahi! Sən onları rahat et....                            

 

 

 

                                                                    



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə