QİSAS SEVDASI
Şuşa torpağına hər gün dağ basıb,-
Zalımlar gözümdə yaş oynatdılar.
Açdım qucağımı vətənsizlərə,
Qərib beşiyi tək boş oynatdılar.
Döyüş meydanında qada var,qan var,
Tərsinə ötüşür vədələr,anlar.
Başsız bədənlərə bu toy tutanlar,-
Gör neçə bədənsiz baş oynatdılar.
Nişan al,qurşun sıx,yerə oturt da,
Qisas sevdası var ulayan qurdda.
Qartalı çarmıxa çəkilən yurdda,-
Yuvası dağılmış quş oynatdılar.
VƏFALI İT HAQQINDA BALLADA
Qıvrılıb yatıbdır qapı ağzında,
Yiyəsiz bir evdə kənizdir bu it.
Köpək baxışından nur yağır sanki,
Belə nə göyçəkdir,təmizdir bu it.
Yoxdur it könlünü oxşayan,alan,
Şirin arzuları,istəyi talan.
Köçən sahıbindən əmanət qalan,-
Köhnə xatirədir,bir izdir bu it.
Hürüb ulamağı üsyandır şərə,
Hanı qalxdığı dağ,endiyi dərə?
Köpək vəfasıyla düşüb dillərə,-
Hamıya doğmadır,əzizdir bu it.
BU YOLDA ÖLÜM VAR,AYRILIQ YOXDUR
Mənə də o güldən şeh süz bir udum,
Bəlkə pöhrələndi solğun umudum.
Səni yarı sevim,yarı unudum,-
Desinlər,məhəbbət bəlasıdır bu!
Ocağım torpaqdır,vallah,pirim dən,
Sünbül saçlarımdan kimə verim dən?!
Bir yetim nəğmə tək sözsüz yerimdən,-
Qırıldım,dedilər,Qu yasıdır bu!
Ömür saatını ha tərsinə qur,
Yaşanmış günlərə əl tut,dayaq dur.
Bu yolda ölüm var,ayrılıq yoxdur,
Eşqin ən gözəli,əlasıdır bu!
O QƏRİB AHUNU SÜRÜDƏN AYIR
Dağlar xumarlanıb dumanda,çəndə,
Sən də güzarını sal bizim kəndə.
Muğan çöllərinə şehli çəməndə,-
Yaraşıq payıdır izi çeyranın.
Onda ayrı göz var,ayrı baxış var,
Belə gözəllikdə harda naxış var?
Nazını çəkməyə aləm yığışar,
Bu bala çeyranın,quzu ceyranın.
Ovçu tələ qurub,ovunu sayır,
O qərib ahunu sürüdən ayır.
Baxanda adamın qanı qaynayır,
Sevda çeşməsidir gözü ceyranın.
SƏNƏ HARDAN BAXSAM...
İnandım dağların etibarına,
Sənə hardan baxsam,dağ şəklindəsən.
Gəl şəkil çəkdirək quzey qarına,
Görsünlər bu eşqin ağ şəklindəsən.
Bəzəksən ən gözəl şeir sətrinə,
Sevməyi öyrəndim sənin xətrinə.
Hamı bihuş olub çiçək ətrinə,-
Bağbanı divanə bağ şəklindəsən.
Gəlsə adım sənin dilinə ağır,
Məni baxışınla,gözünlə çağır.
Çöhrəndən sevdalı qəriblik yağır,
Əlirza Həsrətin sağ şəklindəsən.