Həsrətindən hana qurub,

ilmə-ilmə arzular toxudum

çiçəklərin al gülündən…

Vətən arzum, gül arzum

hanadan gülən arzum,

gül üzümə, gül, arzum!

*******************

Bu nə eşq, bu nə sevda

bu nə dəlilik Allah?

Yığış gəl bizə, Səndə!

Yer, göy Biz olaq Allah!

****************

Silinib xatirələr…

quruyub göz yaşları.

Susuz qalıb arzular…

tikan olub, gözümü tökür ümidlər…

darıxmır…

səndən yazmır qələmim.

Sən mənim ağ kitabımsan, gülüm!

***************************

İlahi bu dağ, nə dağ?

Yarım, gəlimmi, sən de?

Ətəyində gül gördüm

dərim, gəlimmi , sən de?

******************

 

Təzə dərdi məlhəm bilib,

Köhnə dərdin üstə sərdim.

Gülləndi dərdim.

İlahi, gəl, dər gülünü,

Güldü dərdim.

***********************

Xeyli vaxtdır yaman üşüyür ürəyim

Qışın boranı-qarı kəsdirib qapısını.

Günəşi batıb, ayı çıxmır, ulduzları sönüb
gün görmür könlüm.
Sabahlarım qaranlığa açılır,
bar vermir bağım-bağatım
Acı dadır barı bostanımın
tağı tapdanıb.
Qurudum qurumur, çürüyür əlimin əməyi.
Namazımın günortası, əsri qəzalı.
Gözlərim zillənib, əllərim uzanan uzaq bir nöqtəyə.....
Ağ süd kimi nəisə axır üzərimə....
Ümid doğur o uzaq nöqtə,
Dözülməz sancı çəkir o uzaq nöqtə...
Məndən məni doğur ....

                         O uzaq nöqtə....

 

*********************************

 

Dərd doğub, dərd böyütdü səni

nə olar bircə dəfə gül

 şəklini çəkim.

Dönə- dönə baxa bilim

gülən dərdimə.

 

Yenə dolub gözlərim ,qəlbim kimi

 Dolanır başımda dünya kir-kirə kimi.

 Əzir, döğrayır düşüncələrimi, bir buğda dəni kimi.

Dondurur sevinci baxışlarımda, gülüşü dodaqlarımda.

Qıymır bir ovuc torpağı mənə, qarışıb ona

 Cücərəm bir bahar gün işığında.

 

 

********************************************

Dilədim…

Bir bülbülsüz gülşən gördüm yas içində.

 Bir çeşməsiz çəmən gördüm toz içində.

Bənövşəni ağlar gördüm qar içində.

Qəlbimi çırpınan gördüm qan içində.

Nalə çəkdim, ah elədim.

Tanrıdan dilək dilədim.

Gülşənə bülbül istədim,

 Çəmənə çeşmə dilədim.

 Bir günəşli yaz istədim.

İstəklərim sıralandı…

 Növbə yetdi öz könlümə.

     Gülüm səni bu könlümə yar dilədim.

*****************************************

Göydə yağış, yerdə yağış

 Qalmışam yağış altında.

 Qəlb qırıb, könül sındırıb

 Qalmışam qarğış altında.

 Göydən yağan yağış deyil

Sınan qəlbin ah-naləsi.

Hara qaçım, hara gedim

Yerdə, göydə küsüb məndən.

Yerlə göyün arasında

Qalmışam yağış altında.

 

 

**********************************

İçim od tutub yanır, Aman Allah

İçimə bir leysan tök.

Bir sevgi ölüb içimdə,

Onu sən oxşa, onu sən ağla.

Oy qəlbimi, elə ordaca göm,

Bu kimsəsiz ölünü.

   uyusun  qırmızı məzarında,

                     qırmızı yuxularımın

                      qırmızı sonu.     

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə