“Zahidin bir barmağın kəssən,
dönüb həqdən qaçar.
Gör bu gərçək aşiqi sərpa
soyarlar, ağrımaz!”
I İmadəddin Nəsimi
Altı yüz ildir idrak
çırpınır pələng kimi,
Nərə çəkir,
ağlayır,
tapa bilmir ki,
bilmir-
o bir sirr-xudanı.
Təpədən dırnağadək
soyalar bir adamı:
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları çatılmasın
bir xırda vergül qədər,
Diri-diri soyulsun,
əqidədən keçməsin.
Altı yüz ildir bəşər
ağrılardan inildər.
Altı yüz ildir bəşər
düşünər,
çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.
Altı yüz ildir,
altı,
Nəsimini soyurlar,
Qanlı yaralarına
Hələ duz da qoyurlar .
“Uf” da demir
Nəsimi.
Əmmaməlilər baxır
dəli suçlular kimi.
Təpədən dırnağadək
soyurlar,
özləri qorxur neçin?
Göylərə göz dikirlər.
Şəhidi görməməkçin,
İlahi də görünmür!-
Onun qorxusu nədi?
Niyə azad eləmiş
hər ağrıdan şəhidi?
Şəkki-şübhə başını
qaldırdı,
dedi,
“Ay aman,
Tanrı dəhşətə gəlmiş,
qaçmış yaratdığından!
Təpədən dırnağadək
əqidə olan kəsi
Dırnaqdan təpəyədək
soydu xəncər tiyəsi,
Şəhid ,odur,
nə dindi,
göz yaşı tökdü nə də.
O oldu yer də,
göy də,
ilahi də,
bəndə də.
Amalıyla ağrısı
birləşib
daha güclü
bir qanadla
Tanrı tutası yerə
uçub, o bülənd oldu.
Küfr edən də çox oldu,
duyub bilən də oldu.
II
Yarımölümdən ötrü
azmı ağlayan olmuş,
Azmı könlə,
beyinə
qorxu qurşunu dolmuş?
Xırda yarasının da
ağrısını
doğmaca balasıyla
bölənlər.
Ölümün gəlişini
eşidəndə ölənlər,
Bir qəzəbli baxışın
ucunda tir-tir əsən
Adam görsən, Nəsimi,
əlbət, heç nə deməzsən
Ləkələməzsən əsla
Yazmaq istedadını,
Ölmək istedadını,
Dinməzsən ucalardan,
Enməzsən ucalardan.
EPİLOQ
O, altı yüz il qabaq
Dərisindən çıxaraq
Göylərə baxa-baxa,
Dözüb hər məşəqqətə,
Getdi əbədiyyətə,
Al qanı axa-axa,
Yeridi,
Gücü artdı.
Tarixləri qızartdı.
1969
Əli Kərim.Seçilmiş Əsərləri. Bakı.
“Azərnəşr”. 1991. s.104-107