Heç gül olmaz tikansız,
Heç şad qüssəsiz.
Nəsimi
Biz yazırıq, pozuruq,
yazılmayan yazı var,
Yer altının yer üstə
gizli əlifbası var.
Yaxşının yanında pis,
pisin də arxası var.
Gül bitib qanqala bax,
tikan qarmaqarışıq.
Gülün gül bədənində
tor hörübdü sarmaşıq.
Gülə bir ləkə bəsdi,
saralacaq, solacaq,
alağı vur, təmizlə,
alaq yenə qalxacaq.
Gülün arxası-bağban,
su verir, alaq vurur.
Alağın arxasında
Yer durur,torpaq durur.
Bəlkə yerə yazılır,
göyün riyaziyyatı?
Tanrım, bəlkə bu yolla
öyrədirsən həyatı.
Yer üstə-biz yuxulu,
ayaq altda-yer oyaq,-
Göz ilə dərk eləsək,
ağıl ilə oxusaq.
Bakı.2006
“Azərbaycan” dərgisi. Bakı. 2006. №4. s. 44-45