50 illik yubileyini qeyd edən, dəyərli şairimiz AFAQ ŞIXLInı AYB.az saytı adından ürəkdən tədbrik edirik, uzun, sağlam, xoşbəxt ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Afaq Şıxlı - həkim, şair, tərcüməçi

 

Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin, Azərbaycan Jurnalistlər Birliyinin,

Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü,

Rusiya Poeziya Akademiyasının müxbir üzvü,

AYB-nin Moskva bölməsinin katibi,

“Nicat” – Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədri.

 

Afaq Şıxlı (Şıxlinskaya) 1969-cu il 25 iyunda Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

1984-cü ildə Bakı şəhəri 12 saylı orta məktəbi (on beş yaşında) qızıl medalla və 15 saylı musiqi məktəbini (fortepiano) əla qiymətlərlə bitirib.

1990-cı ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitunun II müalicə-profilaktika fakültəsini “həkim-terapevt” ixtisası üzrə tamamlayaraq Azərbaycan Respublikasında ikinci ən gənc həkim olmuşdur. 2000-ci ilədək Bakı şəhərində 8 saylı BŞX-da həkim-terapevt işləmişdir.

2018-ci ildə Moskva Ədəbiyyat institutunun Ali Ədəbiyyat kurslarını əla qiymətlərlə bitirmişdir.

Hazırda Rusiya Federasiyasının Moskva şəhərində, “İdrak” BGM Azərbaycan dili və ədəbiyyatını tədris edir.

 

Ailəlidir. İki övlad anasıdır.

Şeir yazmağa 8 yaşında “Belə bir məsəl var...” adlı Azərbaycana həsr olunmuş şeiri ilə başlamışdır.

1982- ci ildən 12 saylı məktəbin nəzdində fəaliyyət göstərən Gənc şairlər dərnəyinin öncə üzvü, sonra sədri olmuşdur.

1986-cı ildə böyük şairimiz Səməd Vurğunun 80 illik yubileyinə həsr olunmuş müsabiqədə iştirak etmiş, oxuduğu məktəbin şagirdləri arasında qalib olmuş və Qazaxda S. Vurğun günlərində şairə ithaf etdiyi şeiri ilə çıxış etmişdir.

 

Çoxsaylı şeilərin, hekayə və publisistik yazıların, eləcə də, rus ədəbiyyatı və türk dünyası ədəbiyyatından bədii tərcümələrin müəllifidir.

Əsərləri Türkiyə türkcəsinə, rus, ingilis, fransız, yapon dillərinə, eləcə də türk xalqlarının dillərinə tərcümə olunub; bir çox dünya ölkələrinin mətbuatında yayımlanmaqdadır.

 

Türk Akademi Şiir Ailesinin Onur belgisi, Ümumrusiya Azərbaycan Konqresinin fəxri diplomu, AYB-nin M. Muşfiq adına mükafatı, Dədə Qorqud fondunun “Mehriban Ana” ordeni, Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatla təltif olunmuşdur.

 

“Qəlbimin dedikləri” (2003), “Sevərsənmi...” (2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” (2011), “Ömrümün beşinci fəsli” (2013), “Dostlarım, bana da bahar gönderin!” Türkiyə türkcəsində. (2013. Şiir vakti. Türkiye), “Bədii tərcümələr” (2014. Saratov), “Sənə demədiklərim” (2015), “V poiskax sebya” Rus dilində. (Moskva), “Sakura dueti” İngilis və yapon dillərində (2017, Yaponiya) kitablarının müəllifidir.


 

CANIM VƏTƏN!

 

Övladları dərbədiyar,

Torpaqları dağım-dağım,

Arzuları param-parça olan Vətən!

Gözü yolda,

Ümidləri bircə zəfər harayına

qalan Vətən!

Ağrıların necə yaman,

yaraların necə dərin!

Hanı sənin igidlərin,

hanı sənin ərənlərin!

Ağlasığmaz bu dərdlərin,

dəhşətlərin

öhtəsindən necə gəldin,

Anam mənim?

Doğma diyar!

Talesizim!

Sənin böyük ürəyində -

hər bir şəhid balanın da öz yeri var,

sızıldayır sızım-sızım,

Bilirəm mən…

Azərbaycan!

Anasını qorumayan oğulları doğan Vətən!

Kədərini ağartmayıb sinəsində boğan Vətən!

Övladları dərbədiyar,

Torpaqları dağım-dağım,

Ümidləri param-parça olan Vətən!

 


 

QÜRBƏTƏ GEDƏN KİŞİ

 

...Səni kimdən soruşsun

yazıq ağbirçək anan –

o gözüyaşlı qadın?

Evdə hər gün, hər saat “ah”la çəkilir adın.

Hər dəfə söz düşəndə,

qohumlara, yadlara nə cavab versin axı

yarıtmadığın yarın?

Gözləri yolda qalıb

bir günahı olmayan körpəcə balaların!

 

Yad ellərdə puç olub, alışmamış həsrətə,

Səni gözləyənlərin

nisgili, intizarı çevrilməmiş nifrətə,

Qayıt!

Olma veyil sən!

Peşiman olanlardan

nə birinci deyilsən,

nə sonuncu deyilsən!

Keçib daha səninki, ömrün payız ayıdır...

Köçəri quşlar belə

bir gün geri qayıdır! –

Budur dünyanın işi!

Qayıt öz ocağına,

qürbətə gedən kişi!

 


 

NƏDƏN MƏNİM DEYİLSƏN!

 

Nədən mənim deyilsən,

ey mənim ayrı dünyam -

Kövrək nağıllarımın ağ atlı şəhzadəsi!

Ey ağlımı çaşdıran,

başımı hərləndirən ətirli mey badəsi!

Xəyalını qurduğum,

baxışlardan sorduğum,

ey istəyim, ey arzum!

 

Bəlkə görmürsən məni,

Bəlkə görüb keçirsən?

Bəlkə də inamını itirənlər çox olub,

hələ ölçüb-biçirsən?

Kim bilir ürəyindən necə küləklər əsib.

Yoxsa ki,  yollarını ölən ümidlər kəsib?

Sən – mənə nur gətirən,

kədərimi götürən

sevinc dolu fəsilsən!

Hər zaman gözlədiyim,

Tanrıdan gecə-gündüz yalvarıb istədiyim,

Nədən mənim deyilsən?

 

Bütün ömrüm uzunu təkcə sənin olmuşam,

bunu bilməsən belə!

Yenə də sevəcəyəm məni sevməsən belə!

Bax, ömrüm, yolun üstə saf ürəklə çıxmışam.

Gəl,

səni,

yalnız səni görməkçün darıxmışam!

 

 

 


 

O GÜNLƏRDƏN GƏLƏN DOSTUM

 

Hərdən mənə elə gəlir -

ötüb-keçən saatlara qarışaraq

itmişəmmiş...

Sənsə məni axtarmısan.

Uzaqlarda qalan gözəl günlərimin

ən dəyərli anlarını

gəlişinlə,

bu günümə qaytarmısan.

Hərdən mənə elə gəlir -

nələrinsə həstərini çəkirəmmiş,

qəribsəmiş uşaq kimi...

Sənsə mənə yar olmusan.

Bu nisgilli ürəyimi ovutmaqçün

bəhanələr düşünməkdən bezməsən də,

yorulmusan...

 

O günlərdən gələn dostum!

Səni yaman özləmişəm!

Gec də olsa,

nə zamansa dönüşünü bildiyimçün,

səbr eləyib gözləmişəm.

Gəncliyimin saflığını, şuxluğunu,

ümidlərin çoxluğunu,

ürək dolu gülüşləri,

xoş niyyətli bu bəxtəvər görüşləri

mənə geri verən dostum!

Nə yaxşı ki, qayıtmısan

bu amansız zamanıma!

Mənim üzaqgörən dostum!


 

BACARMIRSAN

MƏNİM KİMİ DARIXMAĞI

 

Bacarmırsan mənim kimi darıxmağı -

İçin-için,

Titrək-titrək,

Və hərdən də

hayqırıqlar qoparan bir fırtınatək...

Gecə-gündüz yola-izə boylanaraq,

öz-özünə “Döz!” deyərək,

Nisgilini ürəyində gizləyərək...

Zaman-zaman ayrılığa üsyan edib

ağlayaraq,

kövrələrək...

Gözləməkçün min bir səbəb gətirərək,

Ümidini damla-damla toplayaraq,

ovuc-ovuc itirərək...

 

Daha nə söyləyim axı;

Yox, incimə,

Bacarmırsan mənim kimi darıxmağı...


 

***

Atamın telefonunu götürmüşəm,

Yadigar kimi.

Baxıram tez-tez,

Zəng gözləyirəm

Atam hələ var kimi.

 

Son zəngi həkimdən gəlib,

Evinə zəng çalıb son dəfə.

Axşamüstü

telefonu yiyəsiz qalıb, son dəfə.

 

Şəkillərin çoxu -

Mənim göndərdiklərim.

(Elə ürəyində də

Ayrı idi yerim...)

 

“Əziz balam” deyəndə

Unudulardı qəribliyimin acısı.

“Əziz balam” - ondan mənə qalan

səkkiz saniyəlik səs yazısı.

 

Daha iki telefon daşıyıram mən,

İkiürəkli adamlar kimi!

Sönməyə qoymuram onu,

Hələ də atam var kimi...

 

 


 

HANI SƏNİ SEVƏN ADAM?

 

Hanı səni sevən adam?

Bəlkə ölüb? Bəlkə hələ doğulmayıb?

Bəlkə elə deyilənlər ağ bir yalan,

Heç əzəldən

Sevgi adlı söz olmayıb?

 

Hanı səni sevən adam?

Hansı ucsuz diyarlarda dolaşmada

Batıb- çıxan bir gün kimi?

Bəlkə o da

Qismətiylə savaşmada,

Sənin kimi?

 

Bəlkə o da səhv doğulub, -

Öz canından özgələrə can verməyə?

Bəlkə o da məhkum olub

Dustaq olan talelərə

Yön verməyə?..

 

Hanı səni sevən adam?

Olsa idi,

Gəlişiylə

Hər şey nura bürünərdi...

Olsa idi,

Çətin anda

Gözlərinə görünərdi...

 

Yoxdur səni sevən adam, -

Belə dönük,

Bir xatirən düşmür yada!

Yoxdur səni sevən adam!

Yoxdur səni sevən adam

Əllərindən yapışmağa,

Əl üzdüyün bu dünyada!


 

ANAM ƏVVƏLKİ DEYİL...

 

Düşüncələr anamı harayasa aparır,
Fikir, xəyal içində...
Hərdən nəsə danışır dodağının ucunda...
Kölgə kimi dolaşır ayağının ucunda...
Üzümə göz diksə də
Görmür məni elə bil.
Yorğundu baxışları,
Seyrəlib alqışları, 
Anam əvvəlki deyil.

 

Çiçək ətri qoxuyur,
Əynində məxmər donu...
Durub-durub öpürəm,
Qucaqlayıram onu.
Bu kiçicik otaqda 
O – böyük dünyam mənim.
Ruhundan ruhum doğub
Bədənindən – bədənim.

 

Ana! 
Məni bir az sev!
“Əzizim” de, sevindir!
Bu mənzil yox, ürəyim sənin könül evindir.
Uğur deyə nəyim var –
Sənin zəfərlərindir!
Ana!
Gözlərim dolur
Səni qərib ellərdə yadıma salan kimi.
Bəsləmədin, amma sev məni öz balan kimi!

 

…Üzünün qırışında zaman fəryad qoparır,
Fikri durna qatarı...
Ruhu sual içində,
Ömrü bələni aşır.
Yanımda ola-ola getdikcə uzaqlaşır,
Uşaqlaşır elə bil.
Dəyişir yerişləri,
Dəyişir baxışları...
Anam əvvəlki deyil...


 

GÖZƏL SEVMƏYİ ÖYRƏN!

 

Bilirəm ki,

mənimtək qəribliyin, təkliyin

qəmində boğulmusan...

Bilirəm ki,

görünüb qaya kimi, daş kimi

içində - ovulmusan...

Haqsızlığa, doğruya həsrət qalıb ürəyin,

Göylərə sovrulmusan...

Amma Səməndər kimi,

yanıb külün içindən

yenidən doğulmusan!

 

Mənim azad sevgilim!

Düşün,

bir yuxu imiş ötüb keçən necə il!

Düşün, bunca çəkdiyin,

yaşadığın əzablar

sənin ömründən deyil!

Səninçün bitdi artıq bu həyat imtahanı.

Dünyaya gözlərini yenidən açdığında

məni sev,

məni tanı.

Elə sev ki,

bu eşqi alqışlasın təbiət!

Sözünlə yaşat məni,

Eşginlə məni kövrəlt!

Bilmədiyin nə varsa sevgi səhifəsində

su kimi çək başına,

baxma ömrün yaşına.

 

Məndən başqa hər şeyi,

amma hər şeyi unut.

Odlu kəlmələrinlə

donan könlümü ovut.

Günəş öz sevgisini

çiçəyə verən kimi,

Nurundan kainata çələnglər hörən kimi,

Üfüqlərdə dan kimi,

Al şəfəqlər saçaraq

Yeri oyadan kimi

Sən də oyat qəlbimi!

Bizə yar olsun daha incə, zərif duyğular!

 

Gəl!

Gəl ki, gəlişinlə

məni həyata qaytar!

İstəyirəm eşqinlə qanad açım göyə mən!

İkimizin xətrinə

Gözəl sevməyi öyrən!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə