Mən səni unuda bilərəmmi heç?
Səni
görən kimi vuruldum sənə,
Mən səni unuda bilərəmmi heç?
-Məni unutdunmu?-Deyirsən mənə.
Mən səni unuda bilərəmmi heç?
Gəzdirdim könlümdə, gözümdə səni
Vəsf etdim şeirimdə, sözümdə səni.
Qorudum, saxladım özümdə səni,
Mən səni unuda bilərəmmi heç?
Zirvədə izin var, qayada yazın...
Göylərdə əks edir səsin, avazın.
Mənim var ömrümdə olar-olmazım,
Mən səni unuda bilərəmmi heç?
Üstümdə sevdandan çətrin var sənin.
Canımda, qanımda ətrin var sənin,
Yanımda bu boyda xətrin var sənin,
Mən səni unuda bilərəmmi heç?
Ay mənim Şirinim, ay mənim Leylim!
Hər iki dünyada sənədir meylim,
Ay mənim həmişə məndən gilelim
Mən səni unuda bilərəmmi heç?
MƏN YORDUM BU YOLLARI
Yollar məni yormadı, mən yordum bu yolları.
Bu hava, bu da quru, bu da ki, su yolları...
Harda qırıldılarsa, onlara körpü oldum.
Sonlardan sonra gələn sonlara körpü oldum
Günlərdən-günə vardım, aylardan -aya vardım...
Alıb ayaqlarıma yolları mən apardım.
Elə yollardır mənim dövlətim də, varım da...
Gəzirəm bu dünyanı yollar ayaqlarımda.
Dostlarım
Öydüm, yenə doymadılar
dostlarım.
Söydüm, yenə doymadılar
dostlarım.
Acığımdan kəndir aldım
özümçün...
Qoymadılar, qoymadılar
dostlarım.
Bəziləri çevrildilər,
döndülər.
Yağı damıb qurtardıqca titrəyən
Çıraq kimi öləziyib söndülər.
Bəzi vaxtlar paltar kimi atılıb,
Bəzi vaxtlar geyildilər dostlarım.
Sürtüldülər, yeyildilər dostlarım.
Salam-kəlam yoxa çıxdı bir anda.
Sanki dostum deyildilər dostlarım.
Vaxtlı-vaxtsız vaxtımı da
aldılar.
Çəkib məni vaxtsızlığa
saldılar.
Qarışqatək daraşdılar canıma,
Ac qurd kimi susadılar qanıma,
Doymadılar, doymadılar dostlarım.
Gedib aldım dar ağacı özümçün,
Deyəcəkdim axır ki, son sözümü..
Öz əlimlə asacaqdım özümü,
Qoymadılar, qoymadılar dostlarım.
Ölüm nəydi? Axır mənə onu da
Qıymadılar, qıymadılar dostlarım.
SƏRHƏD POZUNTUSU
Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair və ilaxır...
Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm,keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair və ilaxır...
Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Ölüm də olsa sərhəd,
gözümü qırpmadan mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm,öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.
QƏBİRQAZAN
Külüngü,kürəyi qoyub yanına,
Qucub dizlərini göy otun üstə.
Nə fikrə getmisən, a Qəbirqazan?
Dərin dəryalardan xəyalın dərin...
Qazılan torpağa, açan yarpağa
Nə böyük heyrətlə baxır gözlərin?!
Günahmı etmisən, a Qəbirqazan?
Gün düşüb, alnında çiçəkləyib tər,
Gün aydın, usta!
Allah uzadandır sənin ömrünü,
Bu göy çəmənlikdə bir bahar günü
Mənim də qəbrimi qazaydın, usta.
Amma yorulmusan, bir azca dincəl!
Mən də bu güllərə sürtüm üzümü,
Əsən küləklərə qoşum özümü,
Dostumun oğlunun toyuna çatım.
Düşür sümüyümə zurnanın səsi,
"Cəngi"si, "yallı"si, "tərəkəmə"si,
Bir hava çaldırıb, bəlkə oynadım.
Şıtqa bur, ovça çal, döyülsün qaval!..
Onsuz da bu dünya oynadır məni.
Gözümü açmağa vermiyir macal,
Oynada-oynada göynədir məni.
Nə yazib - xoş yazıb o Taleyazan.
Sən də çox düşünüb özünü yorma.
Mən - qəbir yiyəsi, sən - Qəbirqazan...
Qucub dizlərini, boynunu burma.
Onsuz da ölənin qəbrini qazmaq
Qaydadır, adətdir, a Qəbirqazan!
Quyu qazmırsan ki, gizlində mənə?!
Söz gəlsin sənə.
Kiş-kiş!..Bizdən uzaq!Yolundan azmaq,
Böyük qəbahətdir, a Qəbirqazan.
Bəlkə, tənha qalmaq səni qorxudur?
Sənə də bir Qəbirqazan tapılar.
Ayıl bu sükutdan, ölüm - yuxudur!
Amandır, qaralma buludlar kimi
Gələndə ilk bahar göy otlar kimi
İnsanın torpaqdan göyərməyi var.
Göyərmək - ləzzətdir, a Qəbirqazan!
8 may 1988
Şərəfə
Bu -dostlar...
Bu da -tostlar...
Məni dingildədirlər,
Qədəh cingildədirlər,
Olumum şərəfinə,
Olumumdan başlanan
yolumun şərəfinə.
Mən də ki, dayanmışam
yolumun finalında,
Arvad çiyinlərimdə,
oğul-uşaq dalımda.
Deyirəm:- Yaxşı baxın,
tanıyın mən Adəmi,
Mən özüm də şərəfə
qaldırıram badəmi.
PALID
Bütün ağaclardan ucasan,uca,
Yazda da,qışda da haman palıdsan.
İstini,soyuğu almazsan vecə,
Yaman palıdsan.
Bir kimsə arayış verməyib sənə,
Təsdiq eləməyib adın palıddır.
Baxıb bir özgəsi möhür yerinə,
Deməyib: - Bəlkə də,bu şabalıddır.
Üzsüz adamları üzün görməyib,
Ucalmaq xətrinə əyilməmisən.
Aslan qoltuğunda ömür sürməyib,
Çaqqal tərifilə öyülməmisən.
Elə buna görə haman palıdsan,
Yaman palıdsan.
Kökün torpaqdadır, əlin günəşdə,
Nə xoşbəxt bir tale olub qismətin.
Görmüşəm başını həmişə ərşdə,
Məğrur övladısan sən təbiətin.
Yaxşı ki,ağacsan,deyilsən insan,
Ömr elə o ki var,ucal o ki var.
Sən insan olsaydın, bir az suyundan,
Bir az da havandan oğurlardılar.
Ağac yaranmısan,ağac olub qal,
Kölgə sal bu yerə,zinət ol bura.
Nə kütə boyun əy,nə hütə alçal,
Qoy səni görənlər min ildən sonra
Desinlər yenə də: - Haman palıdsan.
Yaman palıdsan.
Mənim sevdiklərim, çox sevdiklərim
Mənim sevdiklərim, çox sevdiklərim
Qara siyahıya məni saldılar.
Hayıf alasılar qıraqda qaldı,
Hamının hayfını məndən aldılar.
Mənim sevdiklərim, çox sevdiklərim
Elə unutdular insafı, dini.
Bir günün içində azı on kərə
Mənə yaşatdılar 37-ni.
Mənim sevdiklərim, çox sevdiklərim
Şirinə, şərbətə qatdılar məni.
Sonra da kənara atdılar məni.
Mənim sevdiklərim, çox sevdiklərim
Məni oşam-oşam oşaladılar,
Məni param-param paraladılar.
Gördülər hamıya şirinləşmişəm,
Üstümdən xətt çəkib qaraladılar.
Mənim sevdiklərim, çox sevdiklərim
Məni özlərinə yaxınlaşdırıb,
Məni öz- özümdən araladılar.
Mənim sevdiklərim, çox sevdiklərim
Pislik etmədilər mənə, bəlkə də,
Amma ki, ruhumu yaraladılar.
Mənim sevdiklərim, çox sevdiklərim
Ömrümə, günümə qənim oldular.
Könüldən getməyən, gözdən getməyən
Kədərim oldular, qəmim oldular.
Mənim sevdiklərim, çox sevdiklərim
Harda olsalar da, mənim oldular.
Necə olsalar da, mənim oldular.