“Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Murad Hüseynovun anası Şəhla xanımın timsalında bütün əsgər analarına həsr olunur...
Evi isti olsa da,
özünü soyuq səngərdə sanar,
əsgər anası.
Xörəyi soyuyar qarşısında,
keçmişə boylanar,
qüssə içində gülümsəyər və
öz-özünə söylənər:
-“Ac deyilsən ki, balası?”
Yığar, bükər, bağlayar,
hər şeyin ən yaxşısını
ona saxlayar...
Bir gözü gülər, bir gözü ağlar,
həmişə narahat, səksəkədə olar,
əsgər anası.
Hər kəsdən əvvəl oyanar,
Yaradana dua edər uzun-uzun,
balasını tapşırar, əsgər anası.
Telefonu həmişə yanında saxlayar,
gecələr baş ucuna qoyar,
bütün zəngləri onunku sanar və
zəng gəlincə ürəyi çırpınar,
səsini duyunca sanki, yenidən doğular,
əsgər anası.
Günləri sayar, təqvimi vərəqləyər,
yağışda üşüyər, qarda titrəyər,
əsgər anası.
...O bir vəfalı qadın, cəfakeş ana,
Vətən üçün oğul böyüdər,
Buna görə adı Vətənlə qoşa öyülər
Ana Vətən olar,
Vətən Ana,
Cənnət ayağının altında,
O mübarək qadın,
əsgər anası...