DƏMİR YUMRUQ
Düyülüncə,
Əsl gücü duyulunca,
baxıb-baxıb gördülər ki,
əsl rəhbər silahıdı,
əsl cəbhə silahıdı.
Dəmir yumruq!
Ən qədim olan silahdı,
Ən müasir, son silahdı,
Dəmir yumruq!
Gördülər ki,sənin olub,onun olub,
Mənim olub,Dəmir yumruq.
Nə qədər ki,yumruqlar var,
hamısını yenib,olub-
Dəmir yumruq!
Bu yumruqlar indiyəcən
elə bil yumruq deyilmiş,
yeni olub-Dəmir yumruq!
Yurdun başına dönür, bax,
Düşmən başına enir, bax,
poladlaşıb Dəmir yumruq,
Poladların
qan qardaşı, can qardaşı... Dəmir yumruq!
Azərbaycan özü bu gün
Dönüb olub-Dəmir yumruq.
İndən belə yaşamalı zamandı lap,
Zalım gəlsə bata bilməz,
Ölüm gəlsə bata bilməz.
Həyat olub, ömür olub Dəmir yumruq!
Harda Haqqı tapdayan var!
Harda özgə torpağına göz dikən var,
“İmdad” deyə, ondan-bundan
kömək umub döyükən var,
Yaxşı bilsin,
Onun da ilan başını,
Əzəcəkdir həmin yumruq,
Dəmir yumruq, Dəmir yumruq!
Bayquşu sahibi sanıb,
qarşısında quyruğunu düyənləri,
quyruğunu düydükcə də,
öz-özünü öyənləri,
Bu dünyaya it olaraq gələnləri,
Onun-bunun fitvasıyla
üstümüzə hürənləri,
bu dünyada it olaraq qalanları,
bu dünyadan it olaraq gedənləri
Vur yumruğum,dəmirim, vur!
İndi özünsən rəhbəri
Başlayan Nuh tufanında
Gəminin,vur!
Olun bütün haqsızların
Qənimi, vur
Kəsilsin qoy düşmənlərin
Olan səsi-səmiri, vur
Batır yaman həvəsləri-həniri, vur
Vur, Gözünə dönüm,yumruq,
Canım yumruq,gözüm yumruq!
Yüksəlincə,ucalınca,
Hamı gördü 44 günə
Qarabağı alasıdır Dəmir yumruq,
Düşmənlərin başı üstə qərar tutub,
Zirvələrdə səngərlənib,
Qədim Şuşa qalasıdır,Dəmir yumruq!
Belə olur Haqq yumruğu ,Xalq yumruğu!
Belə yumruq eyləyərlər bax,yumruğu!
Yumruqlara dərs də keçir,
necə yumruq olmaq olar!
Xalqı necə birləşdirib,
necə yumru olmaq olar!
Istəyəndə necə dönüb
xalq qəzəbi,
Haqq qüruru,
Haqq yumruğu olmaq olar!
Biz qələbə çalammazdıq,
Bizdən ötrü
Komandanın hər bir sözü
Əmr kimi olmasaydı.
Yumruğumuz yumruğuna oxşamasa,
Dəmir kimi olmasaydı!
Havadadır!Davadadır!
Elə düşmən başı yox ki,
Onu tapmasın,əzməsin,
İgid həngi, mərd sayağı!
Arxasında Ərdoğantək
Qardaş durub, mərd dayanıb,
Yarı gülə,
yarı bülbülə oxşayıb,
“Xarıbülbül”ə oxşayıb,
Qarabağın çiçəkləri
açıldıqca açılacaq,
Düzəlməyən çox işləri düzəldəcək,
Aşılmayan aşrımlərı aşıracaq,
Dəmir yumruq!
Qələbənin bayrağıtək dalğalanıb,
Qələbənin simvolu tək yaşayacaq,
Dəmir yumruq!
AND
Döyüşlərə yollandılar,
Ata-ana qarşısında
and içirtək
Ana vətən qarşısında
And içdilər.
Səməndər quşları kimi
qorxmadılar od tutmaqdan,
hələ ana bətnindəykən
oda düşüb yanmışdılar.
Bax, ölməzlər qan edəndə
anla, belə qan edirlər.
Qoymurlar öz yarasını sağalmağa...
qərtməyini qoparırlar, qanadırlar.
Onlar dünyaya gəldilər
pələng kimi
baş qoparıb, baş yeməyə,
Biz yarandıq
belə ölməz igidlərə,
şəhidlərə baş əyməyə!
Ölmədilər,
səslərini nə vaxt
duymaq istədikdə
Zirvələrdən səsimizə
qıy verdilər.
Belə uca görünməzdik,
boyumuza boy verdilər!
Gör nə igid kökümüz var,
Əslimiz var!
Şəhidlərin goru haqqı!
Gör nə gözəl
dünənimiz, bu günümüz
Sabahımız- nəslimiz var,
Şəhidlərin goru haqqı!
Şəhidlərin goruna siz
gor deməyin,
Məqbər deyin!
Şəhidlərin məqamına
Bütün Ərzin səslərini
Uca Allaha çatdıran
Minbər deyin!
Yaxşı baxın,
Hər tərəfdə
Bir kişilik məbədinə
dönüb onlar,
Pozulmayan bir əbədi
Azərbaycan sərhədinə
dönüb onlar!
Xudafərin körpüsünün yançağında
gedib gördüm onları mən,
Hamsı qol-qola vermişdi,
Hamsı yan-yana durmuşdu,
Üzü o yana durmuşdu,
Üzü bu yana durmuşdu!
İgid gördüm, şəhid gördüm
minlərlə mən,
yüzlərlə mən,
onlarla mən,
Qarabağda hər qarışda
qarşılaşdım
onlarla mən!
Ölməmişdi heç birisi,
Yenə haya çatırdılar,
Yenə hoya yetirdilər.
Duruşlarından anladım,
Yerişlərindən anladım,
Yürüşlərindən anladım,
Zəngəzura gedirdilər!
Dona-dona gedirdilər.
Yana-yana gedirdilər
Göyçə səmtdə durmuşdular
İravana gedirdilər!
Böyükdürlər, iridirlər,
Diridirlər!
Qorxu-hürkü
bilməməyə and içiblər,
Əbədilik yaşamağa, yaşatmağa,
Ölməməyə
and içiblər!
And içəndə
öz andına
sadiq qalır mərd oğullar!
Özlərindən qabaq sanki
yağılarla
içdikləri and vuruşur.
Nə qədər ki, sağdırlar, sağ,
özləri nərə çəkirlər,
Elə ki, həlak oldular,
yerlərinə
qoyduqları ad vuruşur!
Şəhidləri, igidləri
belə ölməz görən gündən,
belə dönməz görən gündən
Elə bil ki, mərmi olub
and içimdə,
Yerdə qalan düşmənləri
mən qıracam,
Şəhidlərin goru haqqı!
And içirəm!
...Şəhidlərin hamısını
Mən Şuşada gedib gördüm,
sağ-salamat!
Ordan haqqa baxırdılar
başımızın üstdə uçub,
açıb qanad!
Heç nəyi yalan demirəm,
Şəhidlərin goru haqqı!
bu eşqlə ki, yaşayırıq,
yox, sən də ölən deyilsən,
yox, o da ölən deyildir,
yox, mən də ölən deyiləm,
Şəhidlərin goru haqqı!
Şəhidlərin adı haqqı!
Şəhidlərin canı haqqı!
Şəhidlərin qanı haqqı!
BİR NƏFƏR
Dünya bir nəfərçün sanki xəlq olub.
O milyon nəfərli, o bir nəfərli...
Bahar da gələndə yer üzərinə,
Gəlir xatirinə o bir nəfərin.
Bəlkə bir nəfərdi Haqqın əsəri,
Qalanları hələ bir müəmma, sirr,
Biri- birinə də bütün bəşəri,
Bu qədər bağlayan o bir nəfərdir.
Hamının başına, gözünə dönür,
Çəkir qayğısını ölənə kimi.
O bir nəfəri də saxlayır Allah,
Onun tək bir nəfər gələnə kimi!
Nələr baş verməzdi o bir nəfərsiz,
Kainatmı, yermi, göymü olardı,
Neyləyərdik o bir nəfər olmasa,
Onsuz məgər bircə şeymi olardı?!
Təkcə insanlar yox, necə olmağı
Ondan dağ öyrənir, qaya öyrənir.
Vəfa göstərənlər vəfa göstərir,
Dua eyliyənlər dua öyrənir.
Yerin altını da, üstünü də o,
Baxsana, duysana, görsənə, bilir.
Nədənsə bir nəfər olduğu halda,
Gözə hamı kimi görsənə bilir.
Nədən bilirsən ki, onun ruhundan,
Ərzə səpələnmir bu işıq, bu nur,
Günəş Dan yerindən boylanmayır ha,
Günəş bir nəfərin köksündən dogur!
İki adam olmur məsciddə axı,
İmamlıq eyləyən
Mehrabda, Lələ!
Elə bil yağanda gənəşib yağır,
Yağış da, dolu da o bir nəfərə.
Gəlsin ucalara getmək istəyən,
Varar Allahına mənlə varan, bil!
Mən də Yunus kimi qoca dərvişəm,
Mən də məndə deyil,
“Mən” də varam, bil!
Nə bir nəfər olub, nə də min nəfər,
Kim aşiq olmayıb, kim əfəl olub...
Ərənlər bir ikən min nəfərdilər,
Ərənlər min ikən bir nəfər olub...
...Sənin məsləhətin, hökmünlə Tanrım,
Bəsimdir dünyada bir dəfə olsam.
Mən dönüb yüz nəfər, min nəfər ollam.
Mən sənin dediyin bir nəfər olsam!
DAN YERİ
Dünyada nə varsa Sözə bağlıdır,
Amma ki, Sözün də sahibi var, bil!
Məni də bağrına basdı, ağlatdı,
Bu köhnə Məlumla,
O köhnə Məchul!
Qoyanda qoymuşam gözümün üstə,
Bir bax, mindirmişəm Sözü boynuma.
Söz mənim könlümə yol salıb gedır,
Qol salıb gedirəm Sözün boynuna!
Sözdü ... Sözdü qədim,ulu, əminəm,
Kim qalxmaq istəsə haqq dərgahına,
Sürünəcək ,dizin-dizin gedəcək.
Bir zaman saldığım yolu əminəm,
Özüm gedəmməsəm, Sözüm gedəcək!
Bizimki həyatdı... Ölümdən keçib,
Alan oğul gərək dözüm, ölümdən...
Gedirik, söz mənim əlimdən tutub,
Gedirik, mən turub
Sözün əlindən!
Mən də azdan-çoxdan sözümü dedim,
Dedim, nə olacaq görüm axırı.
Baxma solmağına, saralmağına,
Bəlkə solmaq deyil gülün axırı?!
Yatacaq ürəyə, Sözüm o başa,
Sözüm Dan yeridi-Sözüm Obaş, ha!
Ömrün mənasına varıb baxıram.
Yetəcək...çatacaq, Sözüm o başa,
Sözün bu başından durub baxıram.
BİR ADAMIN MİN ŞƏKLİ
O əzəl deyilən Haqq binası var,
Mənim də bu binam o binadandı.
Bu haqqı kim duyub, kim anlamasa,
Mən necə deməyim, o, bir nadandı!
Əyməz tərəzini daş, əyməsəniz,
Könül yıxmasanız, iş əyməsəniz.
Deməyin, o Haqqa baş əyməsəniz,
Baxmır üzümüzə o Bir, nədəndi?!
O buna günəşdi, o bina Dandı,
Hər kəs ki, Barat tək o binadandı,
Hər kəs ki, Kəbədən- o Minadandı,
O, bir adam deyil, o, min adamdı.
MƏNİM NƏYİM VAR
Mən elə bilirdim dostumdur hamı,
Aman nə qədərmiş düşmənim mənim.
Dövlət axtaranlar, var axtaranlar,
Arxamca bu qədər düşməyin mənim,
Mənim şairlikdən başqa nəyim var!
Ən incə hisslərə toxuna bilir,
Sarıdır sazımın əzəli simi,
Könlümcə çalına, oxuna bilim,
Lap elə Nizami, Fizuli kimi!
Mənim şairlikdən başqa nəyim var!
Ağıllı adamam...dəli adamam,
Fikrim yox Allahın yerində olam.
Kimsəli, kimsəsiz, qərib adamam,
Kəfənim varmı ki, gorum da ola,
Mənim şairlikdən başqa nəyim var!
Yeddi qat olsa da bu göylər, yerlər,
Bircə yer bəsimdi, bircə göy bəsim.
Kimlərinsə nəyi yox ki, deyirlər,
Mənimsə bəsimdi, bircə şey mənim,
Mənim şairlikdən
Başqa nəyim var?!
O necə varlı ki, necə karlı ki,
Heç nə anlamayır, heç nə duymayır?
Şairlikdən başqa ay övladlarım,
Məndən yalvarıram, heç nə ummayın,
Mənim şairlikdən başqa nəyim var!
Nə olsun hələ ki, nuru sözalır,
Gözlərim qaralır yola baxanda.
Gələcək, gələcək mən dediyim gün,
Mənim nəyim yox ki, belə baxanda,
Mənim şairlikdən başqa nəyim var!
İşini şeytanla yollaşdırırsan,
Nə vermir, nə almır, nə satmayırsan.
Fələk, sən də tez-tez əlləşdirirsən
Sən də üst-başımda nə axtarırsan,
Mənim şairlikdən başqa nəyim var?!
İKİ SUAL
Elə yaşamışam, ömür sürmüşəm,
Üstümdən istəyən qara çəkəmməz.
Məni fikirlərim Dara çəkəntək,
Heç kim indi daha Dara çəkəmməz!
Ömrüm keçməyib ha... külək qovubdu,
İzimin əlində dəyənəyi var.
Səs gəlir başımdan:
“Dümappaqdı saç,”
Səs gəlir içimdən: “Nə oturmusan,
Təzə nə yazmısan, təzə nəyin var?!”
Qələm tapmayanda mən barmağımla
Ağzıüstə döşənib yola yazaydım.
Kaş elə hər yanda öz qələmimə
Belə sarılaydım, belə yazaydım!
Heç kim yazdığına qibtə etmirəm,
Allah nə verirsə, odu yazdığım.
Nadan ağ saçımla maraqlanmayır,
Guya maraqlanır; gəlir yazığı?
İnsan yaşamaqdan doymur ki, doymur,
Yaratmaqdan necə?
Yoxsa unudur?
Könlümcə yazmağa-pozmağa qoymur,
Hökmən gizli bir əl əlimi tutur.
Necə unutmuşlar gör bunu hələ,
Sürərdim, çapardım necə atımı...
Paxıllar mənə də tor qürur hələ,
Bayıra tökürlər içalatımı.!
Fəxr edən necə də azdı şairlə,
Demir ki, ortaya bax, saz qoyan var.
Məni göməşdirir, heç nə yazmayım,
Mənə gizli-gizli bir göz qoyan var!
Ay Allah, bu qədər Ölümlə Həyat,
Belə, bir-birinə yaxın olarmı?
Həyat gəlib deyir: Nədi yazdığın,
Ölüm gülüb deyir: baxım, olarmı?!
YAXA
Hardan qənşərinə çıxdım bilmirəm,
Ya bişmiş yaxamın,
Ya xam yaxamın.
Mənə də Allahın yazığı gələ,
Əlindən qurtara yaxam yaxamın!
Baxıb sevinmədi könül doyunca,
Bir qırıq...
Bu cırıq yaxamla bir an.
Bəlkə bilməmişəm ömür boyunca,
Elə öz yaxammış yaxamı cıran?!
Günəşin köynəyi göylər, üfüqlər,
Cırılır onun da qürüb yaxası.
Kim ki, bu dünyada böyükdü, nəsə,
Özündən böyükmüş cırıq yaxası?!
Kaş elə bir gülüb min ağlayaydım,
Gələn bir bəlanı duyaydım gərək.
Özümə baxtında gün ağlayaydım,
Yaxasız köynəklər geyəydim gərək!
Gözünü dikəndə gözümə dikdi,
Nə fərqi, bir nəfər olsun, ya hamı.
Məni atım-atım etmək istəyən,
Atım-atım etdi əvvəl yaxamı.
Sən də saqqız sanıb, a zalım, çeynə,
Saqqız qıra dönüb,
Qır saqqız olub.
Mən necə yaşayım, mən necə ölüm,
Həyat bir tərəfdən, ölüm bir yandan
Yapışıb yaxamdan qırsaqqız olub!?
Görsə yezidin də yazığı gələr,
Özüm can verirəm...yaxam diridir.
Məni öldürəndə yaxam öldürür,
Məni dirildəndə yaxam dirildir?!
Bu dünya yaxasız adamla dolu,
Çalışır hər şeyi
Söhbət-söz etsin.
Çalışır yaxamdan bir azca cırsın,
Özünə yaxamdan yaxa düzəltsin.
Elə yox oluram, var oluram ki,
Nə bir oram qalır, nə də ki, buram.
Elə darılıram, az qalıram ki,
Özüm öz-özümün yaxamı cıram.
Yıxmağa qaçmayın, yıxan var məni,
Bu yaxa deyilən nə müdhiş zalım!
Günahım bumu ki, yaxam var mənim,
Yaxamı yaxamdan necə qurtarım?!
MƏMUR VƏ MAMIR
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
M.Araz
Olmayır çoxunun qəlbi yerində,
Bayquş səsi olur səsi-səmiri...
Min ildir dünyanın hər bir yerində
Didir, parçalayır məmur məmuru.
Dönüb neçəsinin mayası suya,
Bu ondan artırır, o bundan kəsir.
Qoymur boy atmağa yazıq bəşəri,
Kəsəndə bəşərin boyundan kəsir.
Mamırlıq gəzməyin, mamır hardadı,
O məmur harında, harın məmurda
İnana bilmirik, bilə bilmirik
Bəlkə məmuru var mamırların da?!
Kiminsə fikrindən stol, taxt keçir,
Gözləri dikilir sərvətə doğru...
Mənimsə gözlərim axtarıb gəzir
Məmur mamırı yox, mamır məmuru
Məmurluq deyilən bir ayrı şeymiş,
Mamırlıq başqadı, başqa, görürəm.
Məmməd Araz kimi şairləri mən
Qayada görürəm, daşda görürəm.
Ayrı yeri varmış düşün, mamırın,
Mən də bilməyirdim bunu, haqq üçün.
Sipərmiş ağacın, daşın mamırı,
Günəş şuasından qorunmaq üçün.
Adamına baxır, işinə baxır
Olur, məmurlar da şəhid olurlar.
Qayanı qoruyur, daşı qoruyur,
Ölür, mamırlarda şəhid olurlar.
Mamır məmurlarla mənim nə işim,
Dərd bu ki, kor şeytan məmura dönsün.
Qəflət yuxusunda yatdığı bəsdi,
Qoy dönmək istəyən mamıra dönsün!
ONLAR
Qanlı-qanlı cəbhələri gördülər,
Başlar üstdə şimşək-şimşək çaxdılar.
İgid kimi döyüşlərə girdilər,
Şəhid - şəhid ürəklərdən çıxdılar.
Şirin-şirin canlarından keçdilər,
Verib-verib torpağa can, daşa can.
Hamımızın əlimizdən tutdular,
Deyə-deyə torpağa “can!”, daşa “can!”
Qoymadılar Vətən qalsın pis günə,
Hər birinin varmış bir yox, min dərdi
Yaraşaraq bu torpağın üstünə,
Altını da yaraşığa mindirdi.
Qayasına dırmandılar Şuşanın,
Minə-minə buludunun atına.
Ana girdi, bacı girdi, yar girdi,
Hər şəhidin tabutunun altına!
Nə yaxşı ki,bu torpaqda yenə də,
Kişi oldu, olan məlun olmadı.
Sinəsindən yara alan hər əsgər,
Elə öldü...ölən məlum olmadı!
YURD EVİ
Vətən müharibəsində həlak olmuş Pərvin
İskəndərovun və onun 1-ci Qarabağ
müharibəsində şəhid olmuş atası
Pərviz İskəndərovun xatirəsinə.
Ata da, oğul da şəhid olubdu,
Düşməməli bu ev yiyəsiz hala.
Bu evi muzeyə çevirmək gərək,
Bu evi qoymayaq yiyəsiz qala!
Özünü daşlayır kimsə daşlasa,
Onun pəncərəsi, qapısı baha!
Təzədən nə vaxtsa döyüş başlasa,
Bu ev də hazırdı şəhid olmağa?
Nə var, doğma evdə, beşikdəkidi,
Kimsə yaxasını qaçıb çəkməyə.
Bu ev Vətən üçün keşik çəkibdi,
Biz gedək bu evə keşik çəkməyə!
Unutmaqmı olar Haqqın evi tək,
Çox-çox bəlalara şahid ocağı!
Ali məktəbimdi, Akademyamdı,
Hər bir şəhid evi, şəhid ocağı!
Gözümə görünmür, çoxu nə deyir,
Mənsə deyirəm ki, darılma heç vaxt
Eh, bu gün yerimək çoxuna deyil,
Tək sənə yaraşır...
Qalx, şəhidim, qalx!
Hər şey əvvəlkitək nizama düşsün,
Getsin öz işinə qada da, dursun:
Qoy ata yanında oğul dayansın,
Qoy oğul yanında ata da dursun!
Heç vaxt çıxarmayaq bu evi yaddan,
Müqəddəs yer kimi anaq arabir.
Qoy yaxşı görsünlər nədi ehtiram,
Qoy yaxşı bilsinlər ziyarət nədir?!
Yaşayıb... yaşayır, yaşayacaqdır,
Bu ev ürəyimdə, bu ev canımda.
Oğluyam...oğluyam mən də bu evin,
Öz ata evimdi bu ev mənim də!
Olsam Araz ollam, Həkəri ollam,
Doğmamtək salaram qolu boynuna.
Lazımsa bu evin nökəri ollam,
Lazımsa gedərəm mal-qoyununa!
Hamının gözünə görünsün gərək,
Günəşdi, seçilmir zərrədən bu ev.
Köçüb şəhidlərlə birgə elə bil,
Yaşayır şəhidtək ölmədən bu ev?
Rəsmidi özünə bənzər evlərin,
Əzizdən əzizim kimidi bu ev.
Bu Vətən evidi, bu zatən evim,
Daha hamımızın evidi bu ev!
Vətən-atanındı, Vətən-oğulun,
Ata-oğlunundur, oğul-atanın.
İndi çox güman ki, evdə olarlar,
Bir az da, bir az da yaxın get, şair,
Çağır oğulunu...
Çağır atanı!
YAXIN
Məni yaxınlarım gəlib həmişə
Ən çətin işlərdən xilas eyləyib.
Hardadı kiminsə belə yaxını?
Mənə gör nələri bağışlamayıb,
Mənə gör nələri miras etməyib.
Bir uçrum başında hayıma çatıb,
Görüb çıxarmışam yaddan adımı.
Gəlib yuxumda da tapıbdı məni,
“Sənin yaxınınam, tanımadınmı?!”
Aparmaq istəyib məni də gəlib,
Gah o axın çəkib,
Gah da bu axın.
Məni tək qoymayıb, mənə hər zaman
Gah o, yaxın olub, gah da bu yaxın!
Necə yox edibsə dərd-azarımı,
Bir də baxmışam ki, ah-ünüm yoxdu.
Çox dosta, yoldaşa yox ehtiyacım,
Mənim yaxınımdan yaxınım yoxdu!
Nələr öyrətmədi həyatım mənə,
Var olmaq-olanda yoxun olmaqmış.
Adamlıq var-halla ölçülməyir ki,
Adamlıq- yaxına yaxın olmaqmış.
Təşəkkür edirəm, məni hər yana
Aparan o çıraq, yol yaxınıma.
Uzaqlar özündən uzaqlaşdırır,
Yaxınlar çağırır gəl, yaxınıma!
Nə yaxşı yaxınla mən yaxın oldum,
Mən onu gəzməmiş o məni gəzdi
Mənim yaxınımın ünvanı bəlli,
Bir adı qələmdi, bir ada sözdü!
Dostdan, doğmadan da artıq iş gördün,
Çıxartdın əlini yağının boşa...
Məni tək qoymadın ömrü- billahi,
Yaxınım, çox sağ ol, yaxınım, yaşa!
...Məhşər günündə də tək qalmayacam,
Haray qoparacaq görsə dardayam.
Onda da bir yaxın tapılacaqdır,
Qolumdan tutacaq: “Qorxma, burdayam!”
***
Bu çöl varılmaq üçündü,
Varılmadan çölmü olur?
Bu qol sarılmaq üçündü,
Sarılmadan qolmu olur?
Öz sinəni ahına gər,
Girsən könül bağına gir.
Dərdiyini ruhunla dər,
Dərilməyən gülmü olur?
Yerindən barı durasan,
O yara sarı durasan.
Öpəsən, yarı yorasan,
Yorulmadan yarmı olur?
Deyirlər ki, öl dibində,
Sevin, ağla, gül, dibində.
Evin olsun kol dibində
Bənövşəsiz kolmu olur?
Qoyma ki, yolun tutulsun,
Lap indi də gün tutulsun.
Əl tut ki, əlin tutulsun,
Tutulmayan əlmi olur?
Canım qurban olsun mərdə,
Sağ, sol yox ər oğlu ərdə!
Döyüşəndə igidlərdə
Sağmı olur, solmu olur?
Bulduğunu göz-qaşla bul,
Qurduğunu qur, başla, qur!
Barat, vaxtdı, yol başla, dur,
Gedilmədən yolmu olur.
***
Mənə doğma bu Yer də,
O Göy də... mən də içmişəm.
Bu yerdə içən deyiləm,
O Göydə mən də içmişəm.
Allahın Neyiydim onda,
“Əzəl” adlanan o gündə.
Ruhların toyuydu onda,
O toyda mən də içmişəm.
Səhərdi, bax, gecə keçib,
Olan olub, keçən keçib.
Övliyalar necə içib
O “boyda”, mən də içmişəm.
Dünya söylənilən puçdu,
Sevgidən savayı heçdi.
Eşqim şeyx Sənan eşqi,
A sevda, mən də içmişəm.
Adam içir bircə kərrə,
Adam deyir bircə kər: “hə!”
Çox yox, Barat, bircə zərrə
O Meydən mən də içmişəm!
***
Qansızı qana bələdi, cansızı cana gətirdi,
Tanrı elə bundan ötrü məni cahana gətirdi.
Məni də Dara çəkdilər sanki Mənsur Həllac bilib,
Nəsimi Dardan düşəndə növbəni mənə ötürdü.
Mən öz bağrımın başında bağ saldım, baxça bəslədim,
Mən də əkdiyim ağaclar çox şükür ki, bar yetirdi.
Girib sənət çəmənində bir bağbana döndü könlüm,
Dərdiyin dərdi, götürdü, gördüyün gördü, götürdü.
Demişdilər könül olar dönüb ağlın ağlı olsa,
Ağlım könülə döndüksə gördüm ağlımı artırdı.
Diqqətlə fikir verənlər nə yazdım, oxuya bilər,
Mən keçdiyim yollar, izlər bənd- bənddi, sətir-sətirdi.
Yerə bağlılığım qədər kainata da bağlıyam,
Qardaş, bu cür şairliyi mənə yetirən yetirdi.
Əvəzimə şair olmaq fikirindən də keçmədi heç
Ay durduğu yerdə durdu, Günəş yerində oturdu.
Səssizlər səsini buldu, dönüb sarı bülbül oldu,
Əsillər əslini tapdı,
Çünki nəfsini itirdi.
Mən ocaqda isinirəm, ocaqlar məndə isinir,
Görmürsənmi canım yanır, yanğısı çıtır-çıtırdı!
Heç vaxt məqsədim olmadı
Elə-belə şeir yazmaq,
Barat hər şeir yazanda qələmi qana batırdı.
OLMASA
Mən bu aləmdə olmazdım
Başqa aləmim olmasa,
Bir məramımmı olardı
Başqa məramım olmasa!
Çatammazdım bir zirvəyə,
Çəkilməzdim heç bir başa,
Başda ürəyim olmasa,
Başda qələmim olmasa.
Allahın izni ilə nə vaxt
Nəfəsim dəyincə
Bir çiçək, gülmü açardı, daşda,
Kərəmim olmasa!
Yad danası saxlayır tək
Çatım əlimdə qalardı,
Axardımı damarımdan
Eşqdə öz qanım olmasa.
Hansı enişlə gedərdim,
Hansı gedişlə gedərdim,
Mənim də özüm aşdığım
Yoxuş, bələnim olmasa!
Əlifbasız qalmazdımmı,
Vurulduğum hərflərdən
Birisi ən əvvəl əlif,
Daha sonra mim olmasa!
Hayana çıxa bilərdim,
Adicə səs eşitsəydim,
İsa Muğanna sayağı
Eşitdiyim Ün olmasa!
Olmasa başqa bir Barat,
Şairmi çıxardı məndən,
Qələmim qələm olmazdı,
Başqa qələmim olmasa!
ANAMIN ÇÖRƏYİ
Məni ölümdən deyil,
Ölümlərdən qoruyub,
Hər dəfə oysanata
Keçib ana, çörəyin!
İndi bildim hamını
Niyə belə doyurur,
Bu qədər müqəddəsdi
Neçin ana, çörəyin!
Bir tikə kəsən kimi,
Canımın canı olub,
Qaynayıb damarımda,
Qanımın qanı olub.
Süfrəmin dadı olub,
Ağzımın tamı olub,
Məni doyurmaq üçün
“acıb” ana, çörəyin?!
Sənin dualarınla baş
Olmuşam baş ilə,
Yeyib səpdiyin dəni
Quş olmuşam quş ilə.
Düşmən məni daş ilə,
Mən düşməni aş ilə...
Alır hələ düşməndən
Öcü ana, çörəyin!
Nəfəsinlə yoğurub
Yapmısan seçdiyini,
Bərəkətlə tapmısan
Evini-eşiyini...
Oğlun aylar- illərlə
Yüz dəfə ölçdüyünü
Bircə dəfə nə gözəl
biçib ana, çörəyin?
Çörəksiz qalmamışam
Heç zaman bircə an da,
Necə ki, sağ olmusan,
var olmusan cahanda.
Çörək bişirmək üçün
Urva, un olmayanda,
Bişib ana ürəyin, bişib ana, çörəyin!
OLMUR
Bir arzuya məhəbbəti
itirib çatmaq olmur,
Köksünü yar həsrətiylə
ötürüb yatmaq olmur.
Heç birini bir tərəfə
Götürüb atmaq olmur,
Məhəbbətdən doymaq olur,
Həsrətdən doymaq olmur!
Bir cansıza canım, deyib,
Sənə taydı, gördülər
Guya səni öyüb, sevib,
babalına girdilər.
Bir də gördüm səni əyib,
Kimə isə verdilər,
Məhəbbəti əymək olur,
Həsrət əymək olmur!
Bilmirsən səbəbi nədi,
Məhəbbətdən qaçırsan,
Bəzən tək qalmış həsrəti.
Yarım!-deyib qucursan.
Kiminləsə məhəbbəti
bölüşməyə məcbursan,
Məhəbbətə qıymaq olur,
Həsrətə qıymaq olmur!
Məhəbbət qəlbin həmdəmi,
Həsrətsə dağın-daşın.
Məhəbbət qurtaran yerdə
Həsrət qaynayır, daşır,
Məhəbbətdən uzaqlaşan
Həsrətlə yaxınlaşır...
Hər birinə can qurban, can,
Günahkar saymaq olmur!
Məhəbbəti öldürəmmir,
Özünü öldürürsən,
Nə dərdin var, azarın var,
Həsrətə bildirirsən.
Fələyə əl qaldırırtək
Əlini qaldırırsan,
Məhəbbətə əl qaldırmaq,
Həsrətə dəymək olmur!
BƏRƏKƏT
Nəyi ki, Allah verir,
Allah bərəkət versin!
Nə istəsən bax, verir,
Allah bərəkət versin!
Dağdır, çeşmədir-sudur,
Bax, bir, hamsı ruzudir!
Bərəkət elə budur:
“Allah bərəkət versin!”
Ömrüm ömrünmü olsun,
Allah əmrimi olsun?
Ömrüm bir günmü olsun?
Allah bərəkət versin!
Bir gəl, bura yeri, bir,
De ki, “Urra! Yeridir”.
Qalan Ura yeridir,
Allah bərəkət versin!
Sən dolub zənbil ol gəl,
Sən arı-zənbur ol, gəl!
Sən dolu sünbül ol, gəl,
Allah bərəkət versin!
Çoxu başa düşmədi,
İşim başa düş, nədi?
İndi də lap heç nədi,
Allah bərəkət versin.
Barat, cığır, iz qalıb,
Elə sanma az qalıb.
Yaz, sənə də söz qalıb,
Allah bərəkət versin!
DOĞMA AĞRILAR
Yazıqsan, yanarsan ocaqda, demir.
Mənə bu ağrılar anamdan keçib.
Uzaq dur, a bala, uşaqsan, demir,
Mənə bu ağrılar anamdan keçib.
Canım can ha deyil, canım ağrıdı,
Qəmim qəm ha deyil, qəmim ağrıdı.
Anamı ağrıdan həmin ağrıdı,
Mənə bu ağrılar anamdan keçib!
Ucu-bucağı yox karvandı, neynim,
Özgəsi ha deyil, doğmamdı neynim.
Mənim ən istəkli balamdı, neynim.
Mənə bu ağrılar anamdan keçib.
Sanki, hər ağrıya ürək dəm tutur,
Həvəssiz tutmayır, ürəknən tutur.
Məni də tutanda ürəkdən tutur,
Mənə bu ağrılar anamdan keçib.
Çıxıram danışım, kürsü-ağrıdı,
Oxuram, hər sözün hamsı ağrıdı,
Baxıram o Əzəl-irsi ağrıdı,
Mənə bu ağrılar anamdan keçib.
Bir də görürsən ki, dizimə keçir,
Yeriyə bilmirəm, izimə keçir.
Boylana bilmirəm, gözümə keçir,
Mənə bu ağrılar anamdan keçib.
Tutanda başımı çiynimdən salır,
Huşumu o saat beynimdən alır.
Nə var , çırpışdırıb əlimdən alır,
Mənə bu ağrılar anamdan keçib.
İtibdi neyləyim ağlı dərmanın,
Mənə nisyə satmır nağdı dərmanı.
Hardadı mən deyən ağrı dərmanı,
Mənə bu ağrılar anamdan keçib.
Dərhal ölərdim ki, ağrımasaydım,
Deyib-gülərdim ki?! Ağrımasaydım!
Mən kim olardım ki, ağrımasaydım.
Mənə bu ağrılar anamdan keçib.
Ağrıyırdı... ağrımaza gülmürdü,
Anam vallah, ağrımasa gülmürdü,
Qorxurdu ki, ağrım aza, gülmürdü,
Mənə bu ağrılar anamdan keçib.
Heç kimi ağrıdan deyildin anam,
“Ağrın ürəyimə! “ deyirdin anam,
Mən sənə də, ağrına da qurbanam,
Mənə bu arzu da anamdan keçib,
Mənə bu ağrılar anamdan keçib.
***
Yaz başlayır o saat, qış varıb çıxıb gedir,
Nə zaman ki, açılır donu şeirlərimin.
Səhərim-axşamımdı, axşamım-səhərimdi,
Əvvəlidir biləsən sonu şeirlərimin.
Həsrəti həsrətimdi, sevinci sevincimdi,
Kədərimdi, qəmimdi qəmi şeirlərimin.
Elə ki, ürəklərdə başlayır Nuh tufanı,
Bilirəm, zamanıdı gəmi şeirlərimin.
O dəyqə yazan kimi ortaya çıxartmıram,
Hələ bişsin istərəm xamı şeirlərimin.
Qoymur məni də heç vaxt Allahı unutmağa,
Var mürvəti, imanı, dini şeirlərimin.
Yaz, deyir, axırımız görək nolacaq şair,
Yoxdu, biləsən yoxdu günü, şeirlərimin.
Şeir hayandan gəlir-deyəndə, şeirim gəlir,
Pişvazına duraydı hamı şeirlərimin.
Bu qədər ki, yaşadım, bu qədər ki, öldüm mən,
Yaşayacam torpağı sanı şeirlərimin.
Gözlərim Şəhriyartək yollara dikiləndə,
Onu axtarır gözü, Onu, şeirlərimin?
Hiss edirəm Qeybdən vururlar damarıma,
Mənə nə gözəl düşür qanı, şeirlərimin.
Ürəklər öldürəmməz, küləklər söndürəmməz,
Yananda haqdan yanır şamı şeirlərimin?!
Bəzən döyüşə girir, Koroğlutək cəng edir,
İgidtək şəhid olur...tanı şeirlərimi?
Bəşərin baxtı kimi, Allahın taxtı kimi,
İstərəm gəzsin gəzən məni-şeirlərimi.
Nə vaxt könlün istəyir Baratı görmək üçün,
Gəl yanına aparım səni şeirlərimin!
ŞEİRLƏRİM
İlk gündən səhv etmədi, ona-buna uymadı,
Arayanda Allahı aradı şeirlərim.
Olmadı olan zaman bir adamdan ötəri,
Yarayanda hamıya yaradı şeirlərim.
Qalxdı Ərşi-Əlaya... uçundu neyçün uçub,
Başladı qanadlandı uçanda göyçün uçub
Baxmadı körpü uçub, bildi ki, neyçün uçub,
Keçdi mücahid kimi Arazı, şeirlərim.
Köklər nə istəyir ki, bəhrə olsun bağ üçün,
Əkinlərə axmağa su darıxır haqq üçün!
Dağların qucağından “Süd arxı” çəkmək üçün
Yapmağa Fərhad gərək, qayadı şeirlərim.
Neyləsin bu oba-el, harası qanayanda,
Namərd oğlu köməyə gələsi olmayanda.
Vətən yaralananda, yarası qanayanda,
Dözmədi, yaralandı, qanadı şeirlərim.
Sevincin can qardaşı, dərdin can qardaşıdı,
Şərəfin şərəfidi, şanın şan qardaşıdı
Əlincənin arxası,Ərkin can qardaşıdı,
Heç zaman uçmayacaq qaladı şeirlərim.
Haqqım yoxdu, haqqım yox işinə qarışmağa,
Üz saxladım xətrinə dəyəndə, barışmağa.
Elə yerlərə getdim utandım soruşmağa,
Soruşam ki, buralar haradı, şeirlərim?
Pərvanə nə çəkirsə o qədər də şam çəkir,
Hər nə yük var yüklənir, adamsa adam, çəkir!
Gəldi, çıxdı o saat, gördü yaman qəm çəkir,
Sevindirmək istədi Baratı, şeirlərim!
AĞ YUXU
Mən yuxudan təzə xəbər tutmuşam,
Mən yuxudan bir az qabaq qalxmışam.
Mən ovcumda nələr...nələr tutmuşam,
Mən yuxudan bir az qabaq qalxmışam.
İnciyən döy, şah, yuxuya vermişəm,
Qara qəlbi ağ yuxuya vermişəm.
Mən yuxunu bax, yuxuya vermişəm,
Mən yuxudan bir az qabaq qalxmışam.
Heysizlikdən bir hey çıxmır, görmüşəm,
Yersizlikdən bir göy çıxmır, görmüşəm
Yatmağınan bir şey çıxmır, görmüşəm,
Mən yuxudan bir az qabaq qalxmışam.
Öləcəkdim nadanlarla yanaşı,
Olacaqdım ən azından ya naşı...
Qəbirdəcə qalacaqdım, nə yaxşı,
Mən yuxudan bir az qabaq qalxmışam.
Gedəcəyim yol qalx, dedi, deyəsən,
O, qalx, dedi, “Ol” qalx, dedi, deyəsən?
Bəsdi yatdın, el qalx, dedi, deyəsən,
Mən yuxudan bir az qabaq qalxmışam.
Mənə yuxu dərmanı da versələr,
Yatmayacam lap indi də, ölsələr!
“Yat, yat, Barat “deməzdilər bilsələr,
Mən yuxudan bir az qabaq qalxmışam!
AT BALASI
Qazan xan oğlu Uruza belə
deyərmiş: “Bəri gəlgil,qulunun oğlum!”
Keçmişdə nə gözəl adət var imiş,
Hansı kişininsə oğlu olanda,
Öyünərmiş “oğlum-qulunum!” deyə,
Bağrına basanda, ağrın alanda!
Nə gözəl zamanlar var imiş onda,
At gedər, dalınca qulun gedərmiş.
Niyə yenilməzmiş Oğuz kişisi,
Çünki arxasınca oğlu gedərmiş.
O atın dalınca gedən qulunmu,
Baxın tanış olun... olun, oğulmuş.
Sən demə, Oğuzam deyəndən ötrü
Oğul-qulun imiş,
Qulun- oğulmuş?!
Açarmış kişilik yolunu, sevib,
Bayram paltarını oğuz geyərək...
Oğlunu öpərmiş qulunum, deyib,
Qulunu oxşarmış-
Oğlum deyərək!
At kimi kişnərmiş dindiyi zaman,
Oğullar alovmuş, od parçasıymış.
Tanrım, adətə bax, səadətə bax,
Hər oğul elə bil at balasıymış.
Gəlir, səsi gəlir Oğuz babamın,
“İstədiyi qədər könül şad olsun”
Oğul balanıza “quzum” deməyin,
Böyüyüb... böyüyüb qoyun olmasın!
Deyəndə siz Tanrı qulunum, deyin,
Böyüyüb...böyüyüb... at-murad olsun!”
YAZILARIN ƏN GÖZƏLİ
O da yazır, bu da yazır haqqımızda,
Qoy yazsınlar azdan-çoxdan, haqqımızdı.
Bu dünyada yazıların ən gözəli
Allah, sənin alnımıza yazdığındı!
Biri yazır, şair, vallah, sən barədə
Filankəsin yazdığından olmaz, olmaz!
Boş durmayır, yazır neçə nəkarə də,
Ağız birdi, hər ağızda necə avaz.
Kimlərsə də öz ağlına gələnləri
Bir də yazır, beş də yazır, nə olsun ki?
Bir başqası öz ağzına gələnləri
Yazmaqdadır yuxarıya danos təki.
Kimlərinsə yazdığını o, bu yazır,
Yoxsa çaşıb bunlardanmı yazı umaq?
İtini də təriflədən bir alçaqdan,
Murdar oğlu murdardanmı yazı umaq?!
Qələm tutur, xətt tökənlər yazır... yazır,
Sözə hörmət-həyğat bumu, savab bumu?
Bəzən olur, ət tökənlər yazır...yazır,
Yazasılar mısıb durur, cavab bumu?!
Durub sözlə kirmişcənə baxışırıq,
Mənə haqqın yazısıtək həmdəm yoxdu.
Biri çatıb kiminsə də ciblərinə
Pul basır ki, yaz məndən də...
Səndən yoxdu!
Yazhayazdı... dərə yazır dağ haqqında,
Dağ da çaşıb elə hərdən dərə haqda.
Ortalıqda bir xəbər yox bir yazıdan,
Ortalıqda bir xəbər yox hələ haqdan!
Qələmini götürərək yazan nə çox,
Sındıraraq başqasının qələmini.
Kimsə dönüb böyük kəlam sahibinə,
Oğurlayıb başqasının kəlamını!
Kimsə məndən bir kəlmə də yazmayanda
Sənsən Əzəl, dedim,sənsən Göy, a baxtım!
Yazan bilər... pozan bilər deyə-deyə,
Yerə deyil, dönüb-dönüb göyə baxdım.
Həriflərə, təriflərə baxıb duydum.
Bəşər çoxdan öz yollunu azıb, deyən?
Kim haqdasa qalaq-qalaq yazılar var,
Oxuyan yox,bunadamı yazı deyəm?!
Çox əydilər qəddimizi bu qədsizlər,
Çox əyrilər görmədinmi düzü pozur.
Allah heç vaxt elə belə yazı yazmır,
Hər kəs onun yaxşı yerin özü pozur.
Eh, sənin də o çaldığın saz ha deyil,
Bir yazıdır, yaz, var olsun ozan əlin,
Dost,sənə də dediyimin dəxli yoxdur,
Yaz, sənin də qoy var olsun yazan əlin!
Biləsiniz mən də adi bir adamdım,
Necə dönüb birdən axı şair oldum?
Çünki bircə yazını mən yazı sandım,
Mən Allahın yazdığına qail oldum.
...O da yazır, bu da yazır haqqımızda,
Qoy yazsınlar azdan-çoxdan haqqımızdı.
Bu dünyada yazıların ən gözəli
Allah, sənin alnımıza yazdığındı?
ŞAİR ÇİNARI
Bu odu-ocağı, bu baxça-bağı
Mindir yaraşığa, min yaşa, çinar!
Nə vaxtsa qeyd etsən min illiyini,
Çağırsan gələrəm mən yaşa, çinar?
Söz yox vüqarına, gözəlliyinə,
Gözümü kol-kosdan çəkdimmi, çəkdim.
Mən səni əkəndə əvvəl dibinə
Öz alın tərimi tökdümmü, tökdüm.
Bir gün deyirəm ki, gəlsin elə gün,
Bayramın başlasın görüm sənin də.
Nəvə-nəticəmi başına topla,
Üstünə kölgə sal kötücəmin də,
Üstünə kölgə sal yadicəmin də,
Üstünə kölgə sal iticəmin də.
Ovçu əl saxlayır ovu qaçanda,
Sığınsa altına deyir, çinarın.
Görsünlər boş yerə əkməmişəmmiş,
Ziyarətgah olub şair çinarı.
Odur bax, ürəyim-nəzrim başında,
Səni min arzuyla bil, əkmişəm mən
Gəlsinlər, görsünlər Ərzin başında
Ocaq əkmişəm mən, pir əkmişəm mən!
Görüncə biləcək arif adamlar,
Mənsiz kimi şeymiş sənsiz qapım da.
Başqası əkəndə meyvə ağacı,
Tanrım, çinar əkdim
mən öz qapımda!
Kəsməkdən ötəri şərin kökünü,
Mənim axtardığım xeyirsən, çinar.
Bəlkə də deyirəm indiyənəcən
Yazdığım ən gözəl şeirsən, çinar!
Böyütdüm, qayğını mən necə çəkib,
Səni adam sanır adam baxanda.
Görsünlər bir suyun mənəcə çəkib,
Görsünlər boyunu hardan baxanda,
Görsünlər boyumu,hardan baxanda!
Kim səni əkməyi ağlıma salıb,
Gələndə qeybdən gəlibdi əmr.
Mən də zəhmət çəkib demir, əkmişəm.
Çinar əkməmişəm belə baxanda,
Sənə də, mənə də ömür əkmişəm.
Kim bilir bəlkə də, sənin eşqinlə
Nə vaxtsa qəbrimdən ölüb çıxaram.
Kölgəndə mənə də yer saxlayarsan,
Birdən demək olmaz, gəlib çıxaram.
***
Tapmaq olmur biləsən
Eşqi dilənmək ilə.
Qalxmaq olar ayağa
Eşqə dirənmək ilə!
Eşqlə güllənmək olar,
Sanma küllənmək olar.
Nura bələnmək olar,
Eşqə bələnmək ilə!
Sən keçəsən qarşımdan,
Mənsə keçəm başımdan.
Bal dadımaz heç zaman
Ağız sulanmaq ilə!
Şahmata ki, uyarsan,
Oynayaqmı?-deyərsən.
Şahı da mat qoyarsan,
Eşqi qullanmaq ilə.
Yaxşı bilsin harambaz,
Qara-qorxu yaramaz.
Eşqi bulandırammaz,
Bu su bulanmaq ilə!
***
Mən gündə göyə çıxıram,
Mən enib göydən gəlirəm.
Ey göyə çıxmaq istəyən,
Mən dönüb göydən gəlirəm.
Yazıram şeir- qəzəl də,
Zəhər də dadır, əsəl də.
İlk dəfə “Bəzmi-əzəl”də,
Çalınan neydən gəlirəm.
Ayaqlara sərilirəm,
Başa layiq görülürəm.
Gündə ölür, dirilirəm,
Vaydan yox, toydan gəlirəm.
Gözləyin, gözləyin, bir az,
Muraza yetəcək Muraz.
Gədə-gudaya qalammaz,
Mənimdi meydan, gəlirəm.
Niyə yerlərə düşmüşəm,
Bu qədər göyə köçmüşəm?
“Bəli!” deyib and içmişəm,
O haqq-saydan gəlirəm.
Sanma danışan Baratdı,
Danışdıran var nə vaxtdı.
“Sidrətül-müntəha” adlı
Bir Əlif-beydən gəlirəm!
ŞAİRLƏ DANIŞANDA
İtlə-qurdla nə təhər danışırsız danışın,
Bir az ehtiyat edin, şairlə danışanda.
Şair görmürsünüzmü Haqq adından danışır,
Bir az ehtiyat edin, şairlə danışanda.
O fikir dəryasına
bata-bata danışır,
Qalxa-qalxa danışır,
Yata-yata danışır.
Allahın ətəyindən
tuta-tuta danışır,
Bir az ehtiyat edin, şairlə danışanda.
Adi desən adidir,
Ali desən alidir,
Orada da, burda da,
Dediyi söz “Bəli” dir.
Ən dəli ağıllıdır,
Ən ağıllı dəlidir,
Bir az ehtiyat edin, şairlə danışanda!
Siz onu o qədər də
acı dilli bilməyin,
İstəsəniz danışar
Şirin dilnən, ölməyin!
Verməyin ehtiyatı,
Heç vaxt əldən verməyin,
Bir az ehtiyat edin,
şairlə danışanda!
Öyrənin şairlərlə
Nə halda danışmağa,
Təkcə həqiqətdə yox,
Xəyalda danışmağa
Başı qarışıb, deyir,
Baharla danışmağa,
Bir az ehtiyat edin, şairlə danışanda!
Ərk edilən dostlara,
tanışlara baxmayın
Qanmazlara baxmayın,
qəmişlərə baxmayın.
Kiminlə necə gəldi
Danışmağa baxmayın,
Bir az ehtiyat edin, şairlə danışanda!
Qəzəblənib eyləyər,
yumruğudur qılıncı,
Sanmayın qılıncların
qırığıdır qılıncı...
Çox itidir, çox iti,
Çox yumrudur qılıncı,
Bir az ehtiyat edin, şairlə danışanda!
Biləsiniz ki, susub
Alim şairi görüb.
Qaçır, o saat qaçır,
Ölüm şairi görüb.
Hazır qıfıl hərləyək
Gəlin, şairi görüb,
Bir az ehtiyat edin, şairlə danışanda!
Yaxşı olar yanılıb,
Ondan dad etməsəniz,
Nəyə gərək Baratı
Siz Barat etməsəniz!
Nədən, kimdən desəniz,
Ehtiyat etməsəniz,
Bir az ehtiyat edin, şairlə danışanda!
MƏNİM ADIM
Əsl Yuxarının nə olduğunu,
Boylandım mən gördüm atdan yuxarı.
Mənə “Durma, tez ol, atlan!” dedilər,
Sanki söylədilər atlan, yuxarı!
Mən çıxanda çıxdım od davasına,
Uçmadım uçanda ad havasına!
Çıxmadım heç zaman ad davasına,
Mən ada baxmadım altdan yuxarı!
Bax, yarımçıq deyil, tamdı, tam, adım,
Adamın adıdı ay adam, adım!
Əcdad tanımadım, ad tanımadım,
Ad adlı əcdaddan, zatdan yuxarı!?
Bəlkə səhv edirəm, deyirəm əbəs,
Kiminsə verdiyi ad ada dəyməz!
Fələyin özü də ad verə bilməz,
Mənə qazandığım addan yuxarı!
UMDUQLARIMA
Kim desə yaxşıdı o yamaq yaxşı,
O, yaxşı yamandı, o, yaman yaxşı.
Nadandan ummaqdan ummamaq yaxşı,
Ta heç nə ummuram umduqlarımdan!
Yoxladıq dayazı, bildik dərini,
Tanıdıq ağıllı, gördük dəlini,
Verməz dədəsinə bildiklərini,
Ta heç nə ummuram umduqlarımdan!
Göz gözü görməyən dumanam daha,
Nə umsam özümdən umanam daha,
Umanda Allahdan umaram daha,
Ta heç nə ummuram umduqlarımdan!
Nəyisə kimdənsə umdum-harınmış,
Bildim kim uzaqmış, kim simsarımmış,
Ən böyük düşmənim umduqlarımmış,
Ta heç nə ummuram umduqlarımdan!
Soya dəxli olmaz soydammış demə,
Hərəsi bir seymiş şey tammış demə.
Adamlıq umduğum şeytanmış demə,
Ta heç nə ummuram umduqlarımdan!
Barat, umduğuna lənət etmişəm,
Bu necə sənətdi, sənət etmişəm.
Atamla, babamla qələt etmişəm,
Ta heç nə ummuram umduqlarımdan!
YIR- YIĞIŞ
Gündüzü, gecəni yığışdırıram,
Əlimə keçəni yığışdırıram,
Qapını-bacanı yığışdırıram,
Amma, yığışdıra bilmirəm şeiri!
Nə var eli elə sığışdırmağa,
Qaçdım evi evə sığışdırmağa.
Nə var səni bağdan yığışdırmağa,
Alma, yığışdıra bilmirəm şeiri!
Yazıb bitirəmmir qələm sevgimi,
Gözəl, qoymaram ki, ölə sevgimi.
Gözlə, yığışdırıb gəlləm sevgimi,
Ölmə, yığışdıra bilmirəm şeiri!
Demə, vurulmuşam bunun nəyinə,
Yetmir harayıma,çatmır hoyuma.
Bu dərdi sən Allah, çox ürəyinə,
Salma, yığışdıra bilmirəm şeiri!
Sanma ki, azalır, bitir ilhamım,
Həm dayanır, həm də gedir ilhamım.
Məndən bir az öndə gedir ilhamım,
Gülmə, yığışdıra bilmirəm şeiri!
Kimdi bu dünyada hər dəm narahat,
Bəndən narahatdı, bəndən narahat.
Ey Allahım, heç vaxt məndən narahat,
Olma, yığışdıra bilmirəm şeiri!
AYAQ
Şair, bir gözəlin əhvalını duy,
Gör necə qocalıb, sən də bax, buyur.
Bir vaxt ayağına baş qoyurdular,
İndi ayağını güclə sürüyür.
Döz, deyir, kövrəlib özü-özünə,
Söz deyir... elə bil, sözü ağlayır.
Dizləri coxuna qan ağladırdı,
İndi o dizlərin özü ağlayır.
Həyat qoyub onu ayağı yalın,
Deşir tikan kimi oy, ayağını!
Elə bil ki, ayaq onu aparmır,
Götürüb aparır o, ayağını.
Sanki dəli olub düşüb çöllərə,
Ondan ötrü ev yox, oda yox daha.
Hanı ayağını göz üstə qoyan,
O da çoxdan köçüb, o da yox daha!
Hər kim görsə onun gözündən qabaq,
Əvvəl ayağına dikərdi gözün.
Nədən gözlərini çəksə də, hər kim,
Çətin, o ayaqdan çəkərdi gözün!
Ceyran ayağına bənzəri vardı,
Gözləri tökərdi dolu ayağı.
Dünyanın ən gözəl gözəli bəlkə.
Onun əndamıydı, onun ayağı.
O ayaqdan ötrü hamı ölərdi,
Olmazdı bu qədər çirkin donda heç.
Harda torpaq üstə ayaq qoyanda,
Torpaq söyləyirdi: öpüm, sonra keç?
Mənim də kaş belə sevənim olsa,
Batardı çoxları yasa, deyərdi.
O gözəli görən nola, ayağın,
Mənim gözüm üstə basa, deyərdi.
Var-yoxu dartdığı ayaqlarıdı,
Dönüb, vara baxın,
A yoxa baxın!
Bir vaxt toya qaçan gözəli indi
Güclə yasa dartan ayağa baxın! Barat Vüsal