Xalq şairi Ramiz Rövşənin bu gün 75 yaşı tamam olur. Əvvəlki onilliklər boyu gerçəkdəkindən xeyli yaşlı sanılan, demək olar, heç vaxt "gənc şair" anlayışına uyğun bilinməyən Ramiz Rövşənin, maraqlıdır ki, indi bu yaşı - 75 illiyi də çoxlarına qəribə gəlir, inandırıcı görünmür. Çox güman ki, səbəb onun şeirlərindədir: yaradıcılığının əvvəlki dövrlərində bəlli cəhətlərilə öz müəllifindən çox-çox yaşlı, müdrik, "dünyanı yormuş" birinin əsərlərini xatırladan, son zamanlar isə məzmunundakı diriliyi, canlılığı ilə daha gənc bir imzaya məxsusluq ovqatı yaradan şeirlərində! Ancaq faktın ən mühüm keyfiyyətlərindən biri də qaçılmazlığıdır ki, həmin keyfiyyət Ramiz Rövşənin bu gün tamam olan 75 yaşına da aiddir. Həm də özünün bütün xalis halları, doğma rəngləri ilə: gah gəncliyə xas qaynarlığı, coşqunluğu, "dünyayla dalaşmaq" çılğınlığı, gah da "öz yerində durub" "dünyayla barışmaq" cəhdləri, qocafəndi bir təmkin içində "ömür tamamdı, gördüm" pıçıldamağıyla...
Azərbaycanda təkcə ədəbiyyatın yox, ümumən mədəniyyətin, incəsənətin, ictimai həyatın da son 50 ilini Ramiz Rövşənin özü-sözü hesaba qatılmadan düşünmək, onsuz ölçüb-biçmək son dərəcə çətindir. Ötən yarım əsrdə poeziyamız da, nəsrimiz-esseistikamız da, tərcümə sənətimiz də, kinodramaturgiyamız da, ictimai mühitimiz də, elə gündəlik yaşamımız da Ramiz Rövşənin əngin və parlaq istedadından bol-bol bəhrələr alıb, hədsiz qiymətli töhfələr dadıb.
Əvvəllər "doğma oxucusunu xeyli gec tapması"na dair ortaq bir rəy mövcud olan Ramiz Rövşənin son 30 ilə yaxın müddətdə ən geniş, ən hazırlıqlı, ən sabitqədəm oxucu auditoriyası ilə əhatə olunduğu barədə də yekdil qənaət var indi. Əslində isə hər iki hal bənzərsiz istedaddan, orijinal yaradıcılıqdan, ali əyarlı sənətkarlıqdan qaynaqlandığı üçün qətiyyən bir-birindən ayrı, bir-birinə zidd deyil, bütövlük, kamillik göstəricisidir.
Ramiz Rövşənlə "525-ci qəzet"i xeyli narahat, təlatümlü, təzadlı bir zamanın, mürəkkəb dövrün qəliz sınaqlarından uğurla keçən sıx tellər, yaradıcı əlaqələr, eləcə də güclü dostluq münasibətləri bağlayır. Şair son üç onillik boyu "525"in həm təəssübkeş oxucusu, həm sadiq, sevimli müəllifi, həm də fəal, etibarlı məsləhətçisi olub. Bu doğmalıq indi də qalmaqda, bu bağlılıq öz bəhrələrilə yenə də həm bizi, həm oxucularımızı vaxtaşırı sevindirməkdədir. Yaxşı ki, o bəhrələrdən məhz bu günə - Şairin 75 illiyinə düşənlər də var. Bu möhtəşəm yubiley münasibətilə əzizimiz Ramiz Rövşənə ürəkdən gələn təbriklərimizi, ən xoş arzularımızı ünvanlayır, oxuculara isə Şairin bir neçə şeirini təqdim edirik.
İlk dəfə "Köhnə qorxular" kitabında yer almış bu şeirlərə Ramiz Rövşən özü belə bir maraqlı tanıtım-təqdimat yazıb:
"Bu günə qədər heç bir kitabımda çap olunmayan bir çox şeirlərin toplandığı "Köhnə qorxular" adlı yeni kitabımda, əslində, mənim 75 illik ömrümün bütöv mənzərəsi var. Burdakı (kitabdakı - red.) ən "qocaman" şeiri 58 il bundan əvvəl - 17 yaşımda, ən "cavan" şeiri isə keçən il - 74 yaşımda yazmışam. Cavanlıq şeirlərimin gənc oxucularımın ürəyindən xəbər verəcəyinə, yaşlı oxucularımın isə qocalıq şeirlərimdən təskinlik tapacağına inanıram".
“525”
***
Ramiz RÖVŞƏN
BİZ SEVGİDƏN DOĞULANLAR DEYİLİK
Deyirlər ki, hər adam
oxunmamış kitabdı...
Əgər adamları kitablar kimi
yığa bilsəydik rəflərə -
qadınlar ayrı, kişilər ayrı;
xalalı, bibili, əmili, dayılı.
Babalar, nənələr
cildi sökülmüş,
varaqları yarpaq-yarpaq tökülmüş
kitablar kimi.
Balalar, nəvələr
üstünə qəşəng
şəkillər çəkilmiş
kitablar kimi.
Arabir götürüb varaqlasaydıq
hansınısa əvvəlindən sonuna,
hansınısa sonundan əvvəlinə -
Görərdik, hamısı necə oxşayır
bir-birinə.
Hamısının
əvvəli də eyni, sonu da eyni, -
ortası qarmaqarışıq.
Bilmək olmur
kim kimə düşməndi,
kim kimə aşiq?
Görərdik ki, ömür boyu sən demə
nənəmiz babamızı sevməyib,
babamız nənəmizi.
Amma dünyaya bir qoşun
colma-cocuq gətiriblər;
içində də bizi.
Biz sevgidən doğulanlar deyilik,
Onunçün də, pis oğlanlar deyilik.
Quzu kimi fağırıq,
bizim hay-küyümüz yox.
Bizim dəcəlliyimiz,
ərköyünlüyümüz yox.
Quzu kimi duza gedənlərdənik,
Lap bıçağın altına da
özü gedənlərdənik.
Beləcə, gedəcəyik
dərimiz soyulanacan.
Cildi qopmuş köhnə bir kitab kimi
rəfə qoyulanacan...
1967
ŞƏHƏRLƏRƏ OXŞAYIR ADAMLAR
Şəhərlərə oxşayır adamlar.
İllah ki, axşamlar,
işıqlar keçəndə.
Xatirələr küçə-küçə oyanır içində.
Tramvaylar, maşınlar
keçir o küçələrdən.
Tanış üzlər boylanır
sənə pəncərələrdən.
Hamısı gedir, itir
küçənin lap uzaq bir döngəsində.
Küçənin o başındakı
ağacın kölgəsində
bir qızla bir oğlan öpüşür indi.
Amma ağac özü yoxdu,
ağac özü kəsilib neçə ildi...
Şəhərlərə oxşayır adamlar;
qocalar, cavanlar.
Kimisi Gəncə kimi köhnə,
Kimisi Sumqayıt kimi təzə.
Kimisi kürəyini dağa söykəyib,
Kimisi ayaqlarını sallayıb dənizə.
Bir ucdan tikiləni də var,
bir ucdan söküləni də.
Mən şəhər deyiləm hələ,
Bir balaca qəsəbəyəm.
Bəlkə də buna görə
Hirsliyəm, əsəbiyəm.
Qəsəbə də deyiləm, yox, bapbalaca bir evəm.
Yox, heç ev də deyiləm,
xırda bir akvariumam bir evdə,
ya da akvariumda lap xırdaca bir balıq...
Qoy xətrinə dəyməsin
Kürün də, Xəzərin də.
Üzmək istəyirəm, üzmək,
dünya dənizlərində.
Sonra ayaq açıb
dünyanı gəzmək istəyirəm.
Daha nələr istəyirəm, nələr?
...Şəhərlərə oxşayır adamlar...
Mən də şəhər olmaq istəyirəm, şəhər.
Bakıdan daha böyük,
Parisdən daha gözəl...
1967
ÖMRÜN İKİ TƏRƏFİ
İki tərəfi var hər ömrün, iki;
göründüyün tərəf, gördüyün tərəf.
Hansına düşəcək, nə biləsən ki,
ömrün axırında öldüyün tərəf?
Bəlkə də, -
səni bu tərəfdə asdıracaqlar,
sonra o tərəfdə basdıracaqlar.
Bir qız sevəcəksən sən bu tərəfdə,
ona deyəcəksən:
- Dünyada təksən!
Sonra o tərəfdə bir pinti evdə
bir qadınla ömür çürüdəcəksən.
Nə qəlbin yanacaq hicran odunda,
nə də sevdiyin qız yadın olacaq.
Çünki elə o qız da, o qadın da,
hər ikisi eyni adam olacaq.
İki tərəfi var hər ömrün, iki...
Hər iki tərəfdə
yeri olmayan,
Nəfəsi gəlsə də, diri olmayan
sənin kimiləri o qədərdi ki.
Sən o fərsizlərin sırasındasan;
nə fərqi, beşinci, ya onuncusan.
Xorda oxuyanlar arasındasan;
ən arxa cərgədə
ən sonuncusan.
Nədir oxuduğun? Bilmirsən... heyif!..
Bir də ki, heç sizi dinləyənmi var?
Nə çoxdu o xorda
bir söz deməyib
Yalandan ağzını açıb-yumanlar.
Nə fərqi, başdasan, yoxsa axırda,
Hamıdan birisən sən də o xorda.
Hamıdan birisən, -
nə pis, nə yaxşı,
Amma yox, naşükür olmağa dəyməz.
Şükür, hər şeyin var -
evin-eşiyin, arvad-uşağın,
bir də ki, içində gizlədiyin səs.
Bu illər uzunu bu cür, gizlicə
Necə saxlamısan o səsi -
necə?
O səs nə saf qalıb sənin içində!
Saf qalıb -
bu qədər hirsin, acığın,
ağrının, acının, qəmin içində;
zili içindədi, bəmi içində.
O səsdi hamıdan gizlədiyin sirr,
o səsdən qiymətli axı nəyin var?
Arvaddan, uşaqdan xəlvət, arabir
o səslə zümzümə eləməyin var:
- Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar...
1977
ÜMİD YERİ
Qulaq eşitmirsə ağız deyəni,
necə danışasan, eşidiləsən?
Nə yaxşı, heç kəsin xəbəri yoxdu,
heç kəs də bilmir ki, sağsan hələ sən.
Dünən dörd yanını kəsənlər belə
indi elə bilir, sən daha yoxsan.
Dünən səndən qorxub əsənlər belə
indi elə bilir, sən daha yoxsan.
Amma nə yaxşı ki, sən hələ varsan,
sən hələ dirisən bu yer üzündə.
Ümidin hər yerdən üzüləndə də,
bir ümid yerisən bu yer üzündə.
Dünyadan sən necə bezəsən axı,
hələ yazılmayan varaqların var.
Bir qoca ağaca bənzərsən axı,
hələ bar gətirən budaqların var.
Görmüsən, güvənib yarpaqlarına
kölgəndə uzanıb yatanları da.
Sonra da oyanıb, budaqlarına
yerdən daş götürüb atanları da.
Amma bar verməkdən bezmirsən yenə,
Heç kəsdən inciyib-küsmürsən yenə.
Adam, barmağına tikan batanda,
çiçəkdən küsürmü, sən də küsəsən?
Ağac, budağından yarpaq qopanda,
küləkdən küsürmü, sən də küsəsən?
Sən bir ağac kimi budaq-budaqsan,
Kiminə açılan yaşıl qucaqsan,
Kiminin evində yanan ocaqsan,
Fərqi yox -
lap əli baltalı olsun, -
Kim səndən nə qırıb aparacaqsa,
qoy elə bu başdan halalı olsun...
2012
HUŞSUZLUQ
Bu sənin çıxdığın sonuncu qapı,
arxanca boylanan son pəncərədi.
Sənin oxuduğun o son kitabın,
yadında qalıbmı, adı necədi?
Hər şey unudulub, çıxıbdı yaddan,
hər şeyi toz basıb... illərin tozu.
Sənin yaddaşın da qalıb toz altda;
illər huşsuzusan, illər huşsuzu.
Çoxdan bir-birinə qarışıb, itib
köhnə hadisələr, köhnə sifətlər.
Ağlını başından alan sevgilər,
içini yandıran o köhnə dərdlər.
Ömür tüstü kimi uçub, əriyib,
bir az gözlərində qalıb acısı.
Ayları, illəri kəsib doğrayıb,
atıb zibilliyə vaxtın qayçısı.
Barış bu halınla... incimə vaxtdan...
Bəlkə huşsuzluqdu ömrün şənliyi.
Əl çək yaddaşını qurdalamaqdan,
burax zibillikdə eşələnməyi.
Daha yaddaş sənin nəyinə gərək?
Baxma ötən ömrə tamarzı kimi.
Hər köhnə sevgidən qalan xatirə
yeyilmiş konfetin kağızı kimi.
Yeyilib, yaşanıb, boşalıb ömür,
Kim bilir, nə qalıb ömrün dibində?
Bəlkə ömrün sonu elə bu gündür,
çıx, gəz, avaralan əlin cibində.
Qoy heç nə ummasın bir kimsə səndən,
Sən də elə buna sevin ki, sağsan.
Hansı sınıqları calayacaqsan?!
Hansı yırtıqları yamayacaqsan?!
Kiminsə yükünü çəkməyə sənin
nə heyin, nə gücün, nə tabın qalıb.
Bu cındır dünyanı tikməyə sənin
nə daşın, kərpicin, nə sapın qalıb.
Hər nəğmən -
qəlbində yatan sirr idi,
Açdığın sirlərlə doluydu ömrün.
Bənnaydın? Dərziydin? Ya şair idin?
Bir usta ömrüydü sənin bu ömrün.
Bu ömrün sonuna çatırsan, nə qəm,
son dəfə əl elə göydə aya da.
Çoxdan köhnəlibdi cənnət, cəhənnəm,
bir usta lazımdı o dünyaya da.
2017