SƏNƏ AGAH

 

Könlüm sənə düşgün, sevgim sənə agah,

Kim pünhan edib eşqin, gər kim sənə agah?

 

Saldım sənə mehri, çəkdim bu qədər qəhri,

Eşqin dəli sehri, tilsim sənə agah.

 

Bu sevgidi dürrüm, xoşbəxtliyim hürrüm,

Könlümdəki sirrim, him-cim sənə agah.

 

Kimdir bizə əngəl, hər maneəni dəl,

Aç qəlb qapımı gəl, sim-sim sənə agah.

 

Bəxtindi Müzəffər, dildə adın əzbər,

Sən ömrümə sərvər, hissim sənə agah.

 

08.02.2020

 

AZDIRIR

 

Xalq seçir ağdan-qaranı,

Gözü azdıran azdırır.

Həqiqəti deyən dili,

Sözü azdıran azdırır.

 

Yollar müqəddəs, uludur,

Gediş-gəlişlə doludur,

Ünvanımız haqq yoludur,

İzi azdıran azdırır.

 

Əyrilər çaxnaşma salır,

Tənəsini düzlər alır,

Düzlər elə düzdə qalır,

Düzü azdıran azdırır.

 

Bizi öyüb aldadırlar,

Bəxtimizə zər atırlar,

Şeytana da şər atırlar,-

Bizi azdıran azdırır.

 

10.02.2020

 

ÇIXIŞ QAPISI

 

Elə doğulandan qapılardayıq,

Dünya özü boyda baxış qapısı.

Qapıdan qapıya ötürür bizi,

Daima açıqdır qarğış qapısı.

 

Qapı var cilvəli, zərzibalıdır,

Gedişli-gəlişli, dəbdəbəlidir,

Bütün qapılardan  cazibəlidir,

Bəhsə-bəhs, rəqabət, yarış qapısı.

 

Qapı var ah ilə, dərd ilə dolub,

Qapı var daima kef damaq çalıb...

Gəlib açanı yox, qapalı qalıb,

Ədalət, sədaqət, barış qapısı.

 

Qapı var keçənə qurulmuş tələ,

Qapı var tayba-tay açılmış yelə,

Çoxunun üzünə bağlıdır hələ,

Bəxt-qismət qapısı, naxış qapısı.

 

Dünya böyüksə də, ömür yolu dar,

Kimlərə əzabdır, kimlərəsə yar,

Əbədi getməyin bircə yolu var,

Ölümdür dünyanın çıxış qapısı.

 

12.02.2020

 

TÖHFƏ KİMİ

Məmmədəmin Rəsulzadəyə

 

O doğuldu Vətənin qismətinə töhvə kimi,

Yeni azadlığımın həsrətinə tohvə kimi.

 

Büs-bütün həsr elədi ömrünü öz millətinin,

Həm ötən, həm gələcək qüdrətinə töhvə kimi.

 

Himnimi, bayrağımı  əzmi ilə bəxş elədi,

Xalqımın tarixinə, dövlətinə töhvə kimi,

 

Yurdum odlar məkanı, cilvəli şərqin Günəşi,

O da dan ulduzu, öz millətinə töhfə kimi.

 

Müstəqillik vərəsə, etdi vəsiyyət o bizə,

Varisik ölkəmizin sərvətinə töhvə kimi.

 

Ta o gündən əbədi Məmmədəmin rəhbərimiz,

Müstəqil yurdumuzun şöhrətinə töhvə kimi.

 

Ondan əxz eylə, Müzəffər, Vətəni sevməyi, O

Verdi canın Vətənin xidmətinə töhvə kimi.

 

13.02.2020

 

DƏMİR YUMRUĞUM

 

Nə qədər fəxr eləsəm azdı yenə, yurdum ilə,

Qəhrəman xalqım ilə, şanlı, cəsur ordum ilə,

Yanaşı cəng elədik cəbhədə boz qurdum ilə,

Birləşən əllərimiz döndü dəmir yumruğuma.

Tanrının möcüzəsi endi dəmir yumruğuma.

 

Aslana tülkü açıb cəng, bu nə haqsız davadır?

Otuz ildir dilənir, atdığı boş-boş havadır.

Sığınıb qoltuğa, zənn eylədiyi boş çabadır,

Hikkəmiz, hiddətimız çöndü dəmir yumruğuma,

Tanrının möcüzəsi endi dəmir yumruğuma.

 

Hər qarış torpağa həkk oldu zəfər tarixmiz,

Vətənə sevgi çələngiydi hünər tariximiz,

Dirçəliş mənliyimizdir bu təpər tariximiz,

Yurda eşqim, vüqarım sindi dəmir yumruğuma,

Tanrının möcüzəsi endi dəmir yumruğuma.

 

Ordumuz bəxş elədi xalqımıza şanlı şərəf,

Aldıq öz haqqımızı, çüki bizik haqlı tərəf,

Gücümüz, qeyrətimizlə elədik düşməni dəf

Dünya heyrətlə baxır indi dəmir yumruğuma,

Tanrının möcüzəsi endi dəmir yumruğuma.

 

GÖRÜNÜR

 

Şair Elşən Əzimin Kəlbəcərdə şair Məhəbbət Kəlbəcərlinin

doğulduğu evi göstərərək “Görünür” rədifli şer

söyləməsini dinləyərkən.

 

Elşən Əzim, qədəmlərin mübarək,

Yurda dönüş,- o xoş zaman görünür.

Otuz illik həsrət sona yetişdi,

Gözlərində sevinc ümman görünür.

 

Xalqımızın bu birliyi, qüdrəti,

Kəlbəcərə yaz gətirdi əbədi.

Məhəbbətin1 doğulduğu məbədin,

Hər kərpici yurda həyan görünür.

 

Dayanmısan zirvələrin qaşında,

Vüsal dəmli yurd havası başında...

Bu yerlərin torpağında, daşında,

Şəhid ruhu,- müqəddəs qan görünür.

 

Ətri gəlir yenə o xoş çağların,

Qayıdacaq bar-bəhəri bağların.

Ətəyində yaz oynayan dağların,

Zirvəsində bəyaz duman görünür.

 

Əsli safdır dağı bulud əmənin,

İlmələri güllənibdir çəmənin,

Bu yerlərdə Sücaətin, Bəhmənin,

Sıranızda yeri yaman görünür.

 

İnam etdi xalımızı müzəffər,

Oyandırdı ruhumuzu bu zəfər,

Hər birimiz gələcəyə səfərbər,-

Üfüqlərdə ağaran dan görünür.

 

20.11.2021

 

DE, KÖNÜL

 

Səfərin var, yükünü tut, nə rahatsan, de könül,

Qatlanarmı, ürəyə hər yükü çatsan, de könül.

 

Ələ əvvəlcə əməllərdə olan borclarını,

Nə qalar yerdə ələnmişləri atsan, de könül?

 

Sənə vermişsə günahlardan arınmaq məqamı,

Taleyin cilvəsinə sən niyə matsan, de könül?

 

Hər yolun öz məramı, məqsədi, əndişəsi var,

Tanrı dərgahına bəs, sənmi siratsan, de könül?

 

Uyuyub xatirələr, açma qapanmış  yaranı,

Sağalarmı sən onu bir də qopartsan, de könül?

 

Bağla bu barxananı, aç yeni ünvanlara yol,

Sor Müzəffər yenə də: Harda azadsan, de könül?

 

19.10.2021

 

GƏLİB

 
Qarabağ dərdlərinə qeyrətimiz çarə gəlib,

Bu zəfər müjdəsi  Haqqdan bizə işarə gəlib.

 

Cəmi 44 günə aldıq gözəlim məmləkəti,

Bu müqəddəs amal uğrunda hamı surə gəlib.

 

Dost zəfər müjdəsini təbrikə, alqışlamağa,

Qarı düşmən yenə fürsət tapıb inkarə gəlib.

 

Gücümüz aləmə səs salsa da bu qovğada, həm,

Vətənə sevgi, məhəbbət yenə də karə gəlib.

 

Otuz illik qarı həsrət gömülüb yetdi sona,

Əbədi eşq ilə taxtında vüsal şurə gəlib.

 

Vermərik bir daha fürsət yağılar dirçələlər,

Bu inam ilə Müzəffər  elə qəhmarə gəlib.

 

27.09.2021

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAŞ AÇA BİLMƏDİM...

 

Mənə yazdığın yazıda,

Tanıdım xəttimi, Tanrım.

Yarıtmadım bir ömürü,

Aşmadım həddimi, Tanrım.

 

Mən yubandım keçdi həyat,

Çox arzular qaldı boyat...

Bəxt badəmə sevinc də qat,

Düzəldim qəddimi, Tanrım.

 

Demirəm ki, heç gülmədim,

Hər ölənimlə ölmədim,

Gəldim baş aça bilmədim,-

Dünya çox bəddimi, Tanrım?

 

Baxma bəxtin  xatasıyam,

Mən muradın butasıyam,

Bir gün kama çatasıyam,-

Sınadım cəddimi, Tanrım.

 

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə