(Şeir şəhid Elmir Əliyevin xatirəsinə həsr olunur)
Sən dünyadan gedəndən qəm-kədərdir yoldaşım
Qəlbi dağ-dağ dağlanan anan olsun baş daşın
Ağlar qoydu bacısın, qırdı belin qardaşın
Yandı bağrım, belə qəm sinəmi dəldi laylay
Mənim balaca balam kəfəni geydi laylay
Bu nə yaman gedişdi, söndü evim-eşiyim
Sən hara tələsirdin, ay mənim sonbeşiyim?
Rahat yat, Şəhid balam, anan çəkər keşiyin
Məni viran eylədi balamın dərdi laylay
Üzünü də görmədim, tabutu gəldi laylay
Bu çarəsiz dərdimə dağlar, daşlar ağlasın
Qız gəlin qəm-kədərdən qara yaylıq bağlasın
Nolar yazıq bacısın bircə yol haraylasın,
Dayağıydı qardaşın, çiynində getdi laylay
Neylədim mən fələyə bu dərdi verdi laylay?
Hələ də gözləyirəm, gəl, mənim Elmir balam,
Ürəyimdən keçəni bil, mənim,Elmir balam,
Ananın göz yaşını sil, mənim Elmir balam,
Sənsiz mənə cənnət də səhradı, çöldü laylay
Öldü, arzularım da səninlə öldü laylay