Bakıda 1969-cu ildən nəşr edilən "Qobustan" rüblük incəsənət toplusunun ilk baş redaktoru xalq yazıçısı Anar olub. O, 1989-cu ildə Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala xalq şairi Fikrət Qoca rəhbərlik edib. 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru vəzifəsini tanınmış şair Ələkbər Salahzadə aparıb. İki ilə yaxındır ki, “Qobustan”a istedadlı jurnalist, yazıçı, tərcüməçi Vaqif Əlixanlı rəhbərlik edir. Jurnalın oxuculara indiyə kimi 168 nömrəsi təqdim edilib.
“Media kapitanları” rubrikasının bugünkü qonağı olan Vaqif Əlixanlı SalamNews-un suallarını cavablandırıb.
- Vaqif müəllim, "Qobustan" bütün sənət sahələrinə aid yazılara səxavətlə yer ayırır. Amma bu materiallarda tənqid yükü çox yüngüldür və ya heç yoxdur. Doğrudanmı ölkəmizdə bütün sənət sahələrində nailiyyətlər zirvə həddindədir?
- “Qobustan” rübdə bir dəfə çıxan sənət toplusudur. Çox təəssüf ki, yeganə sənət toplusudur və təbii ki, gündə, yaxud həftədə çıxan bir qəzetin yükünü daşıya bilməz. Dediyiniz operativliyi yalnız qəzet yerinə yetirməyə qadirdir. Bununla belə, ölkəmizin mədəni həyatında baş verən və ən gözədəyən olaylar barədə bir qədər geniş söz açmağa imkan tapırıq. Əgər siz deyən kimi “tənqid yükünü də çiyinlərimizə götürsək”, “qılıncımızı sıyırıb” bugünkü incəsənətimizin olan-olmaz işartılarının üstünə getsək, bunun xeyirdən daha çox zərəri olar. Tənqid xətrinə yazılmış tənqidə ehtiyac görmürəm. Bir də ki, fikir vermisizsə, toplumuzun axır saylarında biz “dəyirmi masa” formatında müzakirələr keçiririk. Bu qəbildən yaman-yaxşı TV-seriallarını, yeni dramaturgiyanı müzakirəyə çıxarmışıq. Gələn sayımızda isə Azərbaycan kinosunun problemlərindən söz açan belə bir müzakirəni nəzərdə tuturuq. Bilirsiz, nihilizmə çəlit vuran sırf tənqidin heç vaxt tərəfdarı olmamışam, bundan sonra da fikrim yoxdur. Sən bunun caiz saydığın yolunu göstərməlisən. Məncə, heç kəs hesab eləməz ki, biz bütün sənət sahələrində guya zirvədəyik. Əbəttə, Muğam istisna olmaqla.
- "Qobustan"ın mərhum baş redaktoru Ələkbər Salahzadə şeirlərinin birində deyirdi: “Bir buyruqla işə düşən dişli çarxlar handan-hana yavaşıdı. Bu, ötən əsr Daş dövrünün Dəmirlə Daş savaşıdı”. Şairin ictimai-siyasi hadisələrə işarə etdiyi bu məqamlar ölkənin media həyatında, ya da “Qobustan”da hiss olundumu?
- Sözsüz. Onu deməliyəm ki, ölkə mediasında çağdaş dünyamızda baş verən dəyişmələrin ab-havası hiss olunmaya bilməz. Əgər beşcə saniyənin içərisində biz ən uzaq ölkəylə, tutaq ki, Avstraliya ilə əlaqə qura biliriksə, bunun təsiri necə ola bilər ki, duyulmasın? Dünya get-gedə mənim doğulduğum 70 evlik dağ kəndini xatırladır. Kompüterin bircə düyməsini basmaqla sən Qrenlandiyada buzların hansı sürətlə əridiyini, ya haranı sel basıb, harada meşələrin od tutub yandığını öyrənirsən. Amma, bu ildırım sürətinə baxmayaraq, dünya, məncə, bir-birinə məhrəm olmaqdan, yavuqlaşmaqdansa, get-gedə yadlaşır. Təkcə insanlar deyil, ayrı-ayrı məmləkətlər belə təklənir, əli qoynunda qalır. Bütün kainat, yerli-göylü başa düşmədiyimiz, yalnız ucundan-qulağından mənsidiyimiz dəyişmələrin yanında dediyiniz ictimai-siyasi həyatdakı dəyişmələr nədir ki?! Lap elə götürək bu günkü mediamızı, – KİV-ləri. Mənim fikrimcə, istər televiziya mühitində, istər çap üzü görən mətbuatda peşəkarlıq kafidən aşağıdır. Savadsızlıq indiki tamaşaçının da, oxucunun da “gözünə-qulağına girir”. Qaldı “Qobustan”a. Topluda nəzərə çarpan, ya çarpmayan, necə deyərlər, “qələm çırpıntıları” barədə. Bunu, məncə, “Qobustan”ın oxucularından soruşmağınız daha yaxşı olar. Hər ilin axırında biz toplunun oxucu və müəlliflərlə birgə “hesabat” görüşünü keçiririk. Hər kəsin iştirakına şad olardıq. Onu da deyim ki, 2015-in yığıncağınqda mərhum şair Ələkbər Salahzadə adına keçirdiyimiz Avanqard Şeir müsabiqəsinə də yekun vurulacaq.
- Jurnalın yayım durumu, maliyyə vəziyyəti, texniki təchizatı, reytinqi və digər cari məsələlərlə bağlı danışın, lütfən.
- Toplumuzun saydığınız əhvalını soruşmasaz yaxşıdı. Mən, demək olar ki, “Qobustan”ın hər sayındakı “Ön söz”də, yəni “Qırx sətirdə” dərgimizin yayımından, daha doğrusu, yayımsızlığından az qalıram “saznan” danışım. Bölgələr bir qırağa, çıxın Bakının köşklərindən “Qobustan”ı soruşun. Tapmayacaqsız, çünki yayımla bağlı idarələr bununla məşğul olmur. “Qobustan” nə olan-qalan kitabxanalara, nə də kitab dükanlarına verilir. Abunəçilərə belə vaxtında çatdırılmır. Belədə yayım durumundan, yaxud reytinqdən nə söhbət gedə bilər? Fikir versəniz, bizim köşklərdə rus dilində, hardansa gətirilmə qaş almaqdan, nə bilim dodaq boyasına və sairəyə həsr olunmuş saysız-hesabsız jurnallara rast gəlmək olar. Bizim sənət dərgilərimizdən savayı.
Məgər biz istəmirik ki, “Qobustan” keyfiyyətli kağızda, özü də ən müasir mətbəədə çap üzü görsün? Ya rəngli çıxsın? Bunların hamısı toplumuzun maliyyə vəziyyətindən asılıdır. Bu gün ki, qəpiyi-qəpiyə calayıban çap üzü görürük – buna da şükür. Toplunun reytinqi barədə ancaq təsəvvür həddində danışa bilərik. Hər halda kompüter və internetin, saytların at oynatdığı bir vaxtda, “Qobustan” sözün əsl mənasında aranıb, çox çətinliklə də olsa tapılırsa, deməli, müəyyən dərəcədə onun populyarlığından danışa bilərik. “Qobustan”ı tapmayanların nəzərinə çatdırırıq ki, toplumuz heç yanda tapılmasa, ya köşklərə qəsdən paylanmayıbsa, hər sayımızı Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasından əldə etmək olar.
- Ölkəmizdə digər respublikalarda olduğu kimi, ayrıca, nəfis “Teatr”, “Ssenari”, “Kino”, “Musiqi” və s. incəsənət yönlü jurnallar çap olunmur və bu yükü “Qobustan” daşımalı olur. Onda bəs niyə jurnal aylıq çıxmır və ya forması, həcmi dəyişdirilmir?
- Baxmayaraq ki, “Qobustan” üç ayda bir dəfə çıxır, dediyiniz yükü daşımağa məcburuq. Daha doğrusu, bu bizim üçün duz yükü yox, bal yüküdür. Yəni bu yükü biz böyük həvəslə daşıyırıq. Qaldı sizin dediyiniz ayrı-ayrı sənət jurnallarına, yəni ayrıca “Teatr”, “Musiqi”, “Kino” dərgilərinə, niyə də olmasın? Olsun. Mən ikiəlli razıyam. Amma bütün bu sənətlərə ayrıca jurnallar həsr etmək onda olar ki, həmin sahələr inkişaf etsin, irəli getsin. Məsələn, muğam sənəti kimi. Yerdə qalan sənətlər – teatr, kino, simfonik musiqi, lap elə son illərin təsviri sənəti barədə adam ağız dolusu danışmağa çətinlik çəkir. Burda təəccüblü heç nə yoxdur. Çünki təbii haldır, sənət həmişə qabarmalar, çəkilmələr dövrünü yaşayır. Bu da heç kəsdən, heç nədən asılı deyil. Hər fəsildə bir dəfə çıxan toplunun aylığa çevrilməsi, yaxud da onun formasının, həcminin dəyişdirilməsi isə bizdən asılı deyil. Dediklərinizin hamısı gedir bağlanır möhtərəm “İmkan bəyə.”
- Mütəxəssis naşirlərin rəyi budur ki, “Qobustan” artıq başqa qiyafədə çıxmalıdır.
- Üz qabığını nəzərdə tutursuzsa, toplunun hər sayında bu qiyafə dəyişir və bu necə deyərlər, “təğyiri-libasda” bilgisayarın imkanlarından gen-bol istifadə olunur. Mən deyərdim ki, bəlkə də bəzən həddini aşır. Toplunun içərisinə gəldikdə isə, çapın, şəkillərin keyfiyyəti mətbəənin gücündən asılıdır. Fərli-başlı, rəqəmsal, yüksək əyarlı mətbəələri isə dindirmək mümkün deyil, ağızlarından başqa avaz gəlir – çap xərcini deyirəm. Hər halda, bu barədə düşünməyə dəyər.
- Ötən əsrin 70-80-ci illərində incəsənətə dair yazıları oxumağa təşnə olan sənətsevərlər “Qobustan”la nəfəs alırdılar. Bu nəşr, bir növ, televizoru əvəz edirdi. Elektron KİV-lərin və digər informasiya daşıyıcılarının tüğyan etdiyi indiki vaxtda jurnal bu rolu yenə oynaya bilirmi? Bəs, necə olmalıdır?
- Ötən əsrin 70-80-ci illərindən üzü bəri çox şey dəyişib və dəyişməkdədir. Hamımız bilirik ki, öz yoluna, yaradıcılıq istiqamətinə və yazı istiqamətinə görə “Qobustan” vaxtilə nəşrlər arasında tək idi. Elektron KİV-lərin, siz dediyiniz kimi, tüğyan elədiyi bir zamanda “Qobustan” yenə o rolu oynaya bilər və oynamalıdır. Hər halda, bu “kompüter” əyyamının bir vaxt sonu çatacaq, çünki istər əqli, istər sağlamlıq baxımından oxucular yenidən “kitaba” qayıtmalıdır və artıq qayıtmaqdadırlar. Çünki texniki baxımdan ən zirvədə olan inkişaf, nə qədər paradoksal olsa da, qatı savadsızlıq gətirir. İnternet sərhəd tanımır, ayrı-ayrı ölkələri, şəhərləri, insanları bir göz qırpımında birləşdirsə də, insan daha artıq təklənir, tənhalaşır. Kompüter proqramları cəhətdən ən inkişaf etmiş ölkələrdən olan Hindistan, qəribədir ki, kitab mütaliəsinə görə də hazırda birinci sıradadır. Mənə elə gəlir ki, “Qobustan” 70-ci illərdəki rolunu oynamaq üzrədir.
- Vaqif müəllim, mətbuatın hər üzünü görmüş bir yaradıcı insan kimi deyə bilərsizmi əlinizdə lazımi imkanlar olsaydı, jurnalınızla bağlı hansı yenilikləri reallaşdırardınız?
- “Qobustan”ı müntəzəm oxuyanlar yəqin ki, toplunun axır bir-iki il ərzində necə dəyişdiyinin fərqindədirlər. Yeni bölmələr, fəsillər və eləcə də yazıların keyfiyyəti baxımından. Hər sayımızda bütöv bir fəsli ayrı-ayrı bölgələrə, hətta kəndlərə, həmin torpağın yetişdirdiyi tanınmış qələm, sənət adamlarına, el yaradıcılığına, abidələrinə həsr eləyirik. Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyil axı. Bu vaxtacan Gəncəyə, Lənkərana, Dərdəndə, Balakənə, Buzovna kəndinə həsr etdiyimiz bölmələr oxucularımız tərəfindən rəğbətlə qarşılanıb. Qış sayımızda Cəbrayıldan danışacağıq. Materialların təqdimatında da başqalarından fərqlənməyə çalışırıq. Ümumiyyətlə, jurnala gətirdiyimiz yeniliklərdən qoy oxucularımız desinlər, özümüzü tərifləmək düz çıxmır. Qaldı əlimizdə olan imkana. Nə imkan varsa, ona min şükür.
- Redaksiya heyətinə daxil olan şəxslər yaradıcılıq prosesində sizə nə dərəcədə yardımçı olurlar?
- Kimin gücü nəyə çatırsa, o qədər. Ondan artığını tələb etməyin onsuz da bir lüzumu yoxdur. Ümumiyyətlə, mən deyərdim ki, bizdə incəsənətdən yazan jurnalistika çox zəifdir, yaxud fərqli sənətşünaslıqda bir-iki nəfəri çıxmaq şərtiylə, demək olar ki, tam seyrəklikdir.
- Jurnalınızın gələcəyi ilə bağlı, şübhəsiz ki, planlarınız var.
- Mənə əvvəldən demək düşmür. Sağlıq olsun. Bir də ki, danışmaq yox, əməldə göstərmək lazımdır. Dilin varsa, dilçəyin də olmalıdır.
Şirməmməd Nəzərli