"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Xalq yazıçısı Elçindir.  Elçin müəllimin sevdiyi əsər Migel de Servantesin "Lamançlı Don Kixot” romanıdır.

  – Migel de Servantesin "Lamançlı Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?

 – Fərid, mən məziyyət, yaxud keyfiyyət ölçüləri ilə "Don Kixot” əsərinə yanaşmağı, onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər və keyfiyyətlər meyarından çox-çox yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri qiymətləndirmək olar, mənim aləmimdəki "Don Kixot” isə həmin "adilikdən” yüksəkdə dayanan bir əsəridir.

  – Sizcə, Don Kixot niyə məhz cəngavərlik romanları oxumaqdan ağlını itirir və döyüşçü olmaq qərarına gəlir?

 – Yox,  burda söhbət ağlını itirməkdən getmir. Sən hesab edə bilərsən ki, kimsə ağlını itirib, amma həmin adam üçün onun düşüncələri çox normal ola bilər. Yəni "Don Kixot” dəli və ya ağıllı, qüvvətli yaxud zəif olmağın sərhədlərini müəyyən etməyən bir əsərdir, onun dahiyanəliyi də elə bundadır.

Bir dəfə iclasımız gecəyə qədər uzandı, iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə də İncəsənət Muzeyinin yanında xətrini istədiyim görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən, haralardasan? Dedi ki, burda yox idim. Soruşdum ki, hara getmişdin? Cavab verdi ki, səndən həmişə müsbət dalğalar gəlir, ona görə də sənə deyə bilərəm. Tam səmimi və ciddi şəkildə barmağını göyə uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim ki, o, bəzən qəribə şeylər danışır, ona görə də bir söz demədim, başqa məsələlərdən danışdıq və sağollaşıb ayrıldıq. Gecə bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə nə var, nə yox, kimləri görürsən? Dedim bayaq filan yazıçını gördüm. O saat soruşdu ki, necədi, deyirlər bir az qəribə olub. Dedim ki,  hə, bayaq mənə də deyirdi ki, Merkuriyə getmişdim. İlyas Əfəndiyev heç nə demədi, sonra da başqa söhbətə keçdik. Bir azdan yatmağa gedəndə, birdən dayanıb, gülümsəyərək: "Bura bax, – dedi, – nə bilirsən, bəlkə, o, elə düz deyir?”. Bu söhbət ona görə yadıma düşdü ki, ağlı itirmək şərti bir məsələdir, xüsusən də bu ifadəni Don Kixota şamil eləmək, mənə görə düzgün deyil. Don Kixot ağlını itirmir, o, etiraz edir – həyata, yaşayışa, ümumiyyətlə, həyatın özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə yox, ümumiyyətlə, həyatın özünə qarşı.

  – Əsərin parodiya kimi qələmə alınması məsələsinə münasibətiniz necədir?

 – XV-XVI əsrdə İspaniyada cəngavərlik romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli idi. Bu günə gəlib çatmayıb, yəni tarixin sınağından çıxmayıblar. Tədqiqatçıların çoxu deyir ki, "Don Kixot” həmin əsərlərə parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman parodiya deyil. Düzü, mən fikirləşirəm ki, Servantes heç özü də bilməyib ki, o, necə bir əsəri qələmə alıb, ona elə gəlib ki,  sadəcə, romanlara parodiya yazıb.

  – Sizin müsahibələrinizdən birindən oxumuşdum ki, "Don Kixot”u başqa planetə "göndərmək istəyirsiniz...”

 – Bir dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənimlə görüş keçirirdilər. Onda rəhmətlik Aslan Aslanov həmin universitetin rektoru idi. Orda mənə sual verdilər ki, siz başqa bir planetə getsəydiniz, yer üzündəki həyatı əks etdirən hansı əsəri  özünüzlə aparardınız?  Cavab verdim ki, "Don Kixot”u. Çünki həyat nədir, sevinc nədir, insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik nədir, bədbəxlik nədir, xəyanən, sədaqət, məhəbbət və sair nədir? – "Don Kixot” bu suallara cavab verir: həyat mənasız bir şeydir. "Don Kixot” deyir ki, bu həyatda nə varsa sevincindən tutmuş kədərinəcən hamısı nisbi şeylərdir, insanlar illüziyanın içərisində yaşayırlar və dünyada əbəs yerə məna axtarırlar, çünki həyatda heç bir məna yoxdur və olmayıb da. Yəni yaşayış bünövrədən mənasız bir şeydir. Ona görə də deyirəm ki, Servantes özü də bilməyib ki, nə yazıb, hansı bəşəri suallara cavab verib. Fikir ver, əsərdə insana aid nə varsa hamısı saxtadır – sevgi, qəhrəmanlıq, sevinc, məğlubiyyət – hər şey.

  – Elçin müəllim, sizcə, əsərdə Don Kixotun ən böyük məğlubiyyəti hansıdır?

 – "Don Kixot”un ən böyük məğlubiyyəti ölüm ayağında yenidən özünə gəlməsi və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə, "mənim Don Kixotum”a aiddir. Mariana Svetayevanın məşhur məqaləsi vardı: "Mənim Puşkinim”. Həmin əsərdə Sevetayeva hər kəsin tanıdığı Puşkindən fərqli bir Puşkindən danışır. Mənim də "Don Kixotu”m kiminsə nəzərindəki "Don Kixot”a uyğun gəlməyə bilər, bu çox normaldır. Yeri gəlmişkən Mixail Bulqakovun "Don Kixot” adlı dramı var. Bulqakov böyük yazıçıdır, söz yox, ancaq o da roman haqqındakı ümumi fikirdən kənara çıxa bilməyib, çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə ilişib qalıb. "Don Kixot” haqqında yazılan elə bir bədii əsərə rast gəlməmişəm ki, xoşuma gəlsin. Amma "Don Kixot” barədəki musiqi əsərlərini bəyənirəm, Xüsusən Ştrausun "Don Kixot” haqqında simfonik poemasını, bir də Qara Qarayevin "Don Kixor qravürləri”ni. Qara Qarayev əvvəl o əsəri Qriqori Kozintsevin "Don Kixot” filmi üçün bəstələmişdi, sonra onu ayrıca işlədi.

  – Maraqlıdır, niyə bədii ədəbiyyatda yox, musiqidə "Don Kixot”a müraciətlər sizi sənətkarlıq baxımından qane edir?

 – Çünki Don Kixot aləminə konkret yanaşmaq mümkün və düzgün deyil. Mənə görə "Don Kixot”u məhz qeyri-konkretlik səciyyələndirir. Musiqi dinləyicinin improvizasiyası üçün imkan yaradır. Don Kixotun çoxlu şəkillərini çəkiblər, mən çox rəssamların bu mövzuda işləri ilə tanışam, amma onların – həmin rəsm əsərlərinin heç biri mənim aləmimdəki Don Kixot deyil, Çünki Don Kixotun qeyri-konkret obrazını tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan kimi mahiyyətində qeyri-konkretlik var.

  – Sizcə, Don Kixot bütün etdikləri ilə nəyə nail olmaq istəyir?

 – Don Kixot insanları mənasızlıqdan xilas etmək istəyir və arzusuna da çatmır. Və insanlar yenə də şərti sevinc və şərti kədərləri ilə yaşayıb, ölüb, çıxıb gedirlər.

  – Bu yaxınlarda dövri mətbuatda sizin tərcümə və təqdimatınızda Frans Kafkanın "Don Kixot” barəsində "Sanço Pansa haqqında həqiqət” adlı miniatürünü oxudum. Miniatürdə vurğulananlara münasibətinizi bilmək istərdim...

 – Həmin miniatürdə Kafka yazır ki, "Axşam və gecə saatları onu rısarlardan, quldurlardan bəhs edən romanlarla əyləndirərək, heç vaxt da bununla öyünməyən Sanço Pansa, gələcəkdə Don Kixot adlandıracağı bu əcinnəsini illər boyu o qədər özündən uzaqlaşdırdı ki, həmin Don Kixot bir-birinin ardınca divanə hərəkətləri törətməyə başladı və sevilib-seçilmiş bir hədəfi olmadığı üçün – həmin hədəf isə məhz Sanço Pansa olmalı idi – bu hərəkətlərlə heç kimə bir zərəri dəymədi. Azad bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən müşayiət etdi”. Kafkanın fikrincə, Don Kixotu Sanço Pansa yaradıb. Sanço Panso kimdir? O qarınqulu, aciz, boş-boş şeylərdən həzz alan, adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit birinin Don Kixotu yaratmasını iddia etmək çox təəccüb doğuran, ancaq eyni zamanda maraqlı olan bir fikirdir.

– Norveç Kitab Klubu "Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib.  Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib. O cümlədən, Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu dahi ispan yazıçısı Migel de Servantesin "Don Kixot” əsəri toplayıb, birinci yeri qazanıb. İstərdim ayrı-ayrı zövqlərin eyni nöqtədə birləşməsinin səbəbindən danışasınız...

 – Mən şübhə eləmirəm ki, o seçimi edənlərin hərəsinin özünün ayrıca bir "Don Kixot”u var. Onlardan biri bu əsəri yaxşı parodiya nümunəsi kimi, digəri hansısa başqa bir, sənin dediyin həmin məziyyətə, keyfiyyətə görə qiymətləndirib. Mənim üçün "Don Kixot” səmavi kitablardan sonra ən böyük əsərdir.

   – Cəmiyyət cəngavərlərdən qurtulsun deyə (həm də) "Don Kixot” yarandı. Bəs Don Kixotlardan qurtulmaq üçün necə bir qəhrəman yaranmalıdı?

 – Fərid, səninlə mənim Don Kixotlarımız bir-birindən fərqlidir. Mən Don Kixotluqdan xilas olmaq haqqında düşünmürəm və dünyanın da "Don Kixot” həqiqətindən qaçası yeri yoxdur. 

 – Don Kixot hərdən Sanço Pansaya deyir ki, çalış çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div bilib deşir, qırmızı çaxır yerə dağıldıqca isə, elə hesab edir ki, axan divin qanıdır. Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo – ispan zadəganı kimi aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən axıracan elə bil, müdrikliklə sadəlövhlüyün mübarizəsi gedir...

 – Sadaladığın məqamlarda söhbət müdriklik və sadəlövhlükdən getmir, mənim fikrimcə reallıq və irreallıqdan gedir. Don Kixotun iki adı və iki dünyası var – real və irreal. Sonda o irreal dünyadan real dünyaya qayıdır və başa düşür ki, onun bütün zəhməti heç imiş. Və o bunu – dünyanın puç olmasını bizə öz taleyinin timsalında göstərir.

  – Sizə görə Donkixotluq nədir: İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək?  Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək? Ona pislik edənlərə təmənnasız yaxşılıq etmək?  Bəlkə, bunların hamısını özündə ehtiva edən bəşəri bir dəyər?

 – Sualında sadaladıqlarının heç biri mənim üçün Don Kixotluq deyil. Xüsusən də sualının sonunda vurğuladığın "bəşəri dəyər”i Don Kixot qəbul etmir. Don Kixotluq dərində gizlədilmiş təhtəlşüur protestdir: insanın özünü aldatmasına, hisslərin saxtalığına, dəyərlərin mənasızlığına qarşı.

  – Bütün məğlubiyyətlərə rəğmən nikbinliyi zərrəcə əskilməyən bu əsərin sonunda Don Kixot ölür. İstərdim, aqibətin labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.

 – Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və Don Kixotluqdan yenidən Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən Alonso Kexanodur.

  – Xorxo Luis  Borxesin "Don Kixot haqqında magiya” essesində belə bir sual var: nəyə görə Don Kixotun "Don Kixot”un oxucusu olması, Hamletin isə "Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tip fikirlər belə bir qənaətə gəlməyimizə kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə, uydurmayıq”. Elçin müəllim, Borxesin Don Kixot haqqındakı bu fikrinə münasibətinizi bilmək istərdim...

– Borxesin "Magiyalar” silsiləsindən yazdığı o esse çox məşhurdur və "onun Don Kixotu” "mənim Don Kixotum”a nisbətən yaxındır. "Don Kixot”u "Hamlet”lə müqayisə etməsi təbibdir, çünki onların arasında yaxınlıq var.

 – Bu əsərdə çoxlu səyahətlər təsvir edilir, ancaq müəllif romanı həbsxanada qələmə alıb...

 – Bu, prinsipial məsələ deyil, həbsxanada belə azadlıq haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim, məzuniyyətə çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm də müalicə alım. Və birdən-birə başladım silsilə hekayələr yazmağa, özü də məcburi köçkünlərin həyatı haqqında. "Bayraqdar”ı, "Qarabağ şikəstəsi”ni yazdım. Onların sonunda yazdığım məkanı qeyd eləmişdim. O vaxt mətbuatda qara-guruh kompaniyası başladı ki, Elçinə baxın, özü Kislovodska gedib, sanatoriyada dincələ bilir, ancaq qaçqınların həyatından yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan yazıçısı hətta müalicəyə gedəndə də qaçqınlar haqqında düşünür, onların həyatından yazır.

 – "Bütün dünyada bu əsərdən dərin və qüvvətli əsər yoxdur, bu hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın ifadə edə biləcəyi ən acı kinayədir.... ...insan dühasının yaratdığı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır”. Bu fikirləri Dostoyevski "Don Kixot” əsəri barədə deyirdi...

 – Dostoyevski "Don Kixot”u ona görə sevirdi ki, hər ikisi – həm Don Kixot həm də Dostoyevski dünyada baş verənlərin tənqidlə düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun yolçularıdır. Servantes yox ha, Don Kixotla Dostoyevski.

 – Rejissorlardan bəziləri "Don Kixot”da azadlıq məsələsini qabardır, digəri insanın reallıq hissini itirməsi məsələsini. Siz bu əsərin ekran və səhnə həyatında hansı rakursun qabardılmasını vacib hesab edirsiniz?

 – "Don Kixot” haqqında çəkilən filmlərin arasında və gördüyüm tamaşalarda "mənim Don Kixotum” olmayıb.

 – Yazıçı olaraq Don Kixotun yaradıcılığınıza təsirini hiss etmisinizmi?

 – Bunu konkret olaraq deyə bilmərəm ki, "Don Kixot”dan təsirlənib nəsə yazmışam, ancaq təhtəlşüurumda yəqin ki, hansısa təsiri var. Xüsusən "Baş” romanımda və son hekayələrimdə "Don Kixot”la yaxınlıq hiss edirəm.

 – Don Kixotun romantik məhəbbət etiraflarına Dulsineya alma zərbələri ilə cavab verir. Sizcə, müəllif niyə alma simvolundan istifadə edir?

 – Bu çox maraqlı sualdır. Mən bu əsəri tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən oxuyuram. Sonuncu dəfə – 4-5 il əvvəl "Don Kixot”u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva Adəmi alma ilə aldadıb. Servantes bəlkə də, alma məsələsini düşünərək yazmayıb, təhtəlşürün gücü ilə yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb çıxarıb.

 – Servantes zamanında İspaniyada zadəganlar üç əsas təbəqəyə bölünürdülər. Yuxarı təbəqə – senyorlar, orta təbəqələr kabalyerolar və aşağı təbəqələr – hidalqolar. Sizcə, müəllif niyə qəhrəmanını hidalqolar arasından seçib?

 – Ola bilər ki, türməyə düşməsi, qolunun kəsilməsi, hətta casusluq da etməsi bunda müəyyən rol oynayıb. Servantes macərapərəst bir adam olub və ona görə də əsas qəhrəmanı özünə bab sinifdən seçib.

 –  Sizcə, Don Kixot əsərinin meydana çıxması ilə, intibahın sevgi, qəhrəmanlıq ideyalarının süquta uğraması arasında əlaqə varmı?

 –"Don Kixot” renessansa da yüksəkdən baxan bir əsərdir. Don Kixotun nəzərləri ilə renessansa baxanda, o da illüziyadan başa bir şey deyil.  İnsanın ən üst mərtəbəyə qalxması, yaxud ən gözəl dövrdə yaşaması hələ hər şey demək deyil. İnsan o aldanışların fövqündə dayana bilmir, ona görə də qədim zamanlardan insanın sevinci həmin sevinc, kədəri həmin kədərdir və bütün zamanlarda belə olub. Yəni nə dünən bu gündən yaxşı idi, nə sabah bu gündən yaxşı olacaq, nə də bu gün dünəndən və sabahdan gözəldir.

 – Siz "Şekspir” pyesində yazırsınız ki, yalanla həqiqətin, dəliliklə ağlın qəti sərhəddini çəkmək mümkün deyil, bunu müəyyən edən meyar, ölçü yoxdur. Bu əsərinizi Don Kixot ideyalarının davamı kimi başa düşmək olarmı?

 – Mən "Şekspir”ə "Don Kixot”un davamı deməzdim. "Şekspir”ə "mənim Don Kixotum”un dünyagörüşünə uyğun ideyaların daşıyıcısı demək daha düzgün olar.

  – İkibaşlılıq, qeyri-müəyyənlik daha çox postmodernist düşüncəyə məxsusdur, Don Kixot romanındakı ikibaşlılıq və qeyri-müəyyənlik onu postmodernist bir əsər saymağa əsas verirmi? 

 – Bütün "izm”lərin, mənim aləmimdə, məhdud dövrü yoxdur. Həmin "izm”lərin izini klassik ədəbiyyatda görmək olar. Bu  mənada, postmodernizm, bəlkə də, özünü "Don Kixot”da daha çox ifadə edir, nəinki müasir postmodernist əsərlərdə.

 

 

 Söhbətləşdi: Fərid Hüseyn



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə