“Azadlıq” qəzetində (26 dekabr 2013) dərc edilmiş yazıda Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin bəyanatını ixtisarla verilmiş mətnini və Ə.Əylislinin buna cavabını oxuyanlarçün hər şey aydın olacaq. Vicdanı, ağlı və insafı olan hər kəs görər ki, Mətbuat Xidmətinin Ə.Əylislinin yalan və uydurmalarına konkret faktlarla ifşa edən yazısının heç bir maddəsini təkzib edə bilməyən Ə.Əylisli adəti üzrə təhqiblərə, söyüşlərə, yeni böhtanlara əl atır, ürəyinin çox illik nisgilini yenidən üzə çıxararaq “37-ci ildə salamat qalanların övladlarını Yazıçılar İttifaqına sədr qoymaq olmaz” – deyə sərsəmləyir.

Əkrəm kimilərin ən böyük istəyi odur ki, 37-ci ildə Azərbaycan ziyalılarının böyük qismiylə bir yerdə hamısı məhv ediləydi və odur ki, indi də 37-dən salamat çıxanların övladlarını 37-ci il sayağı mənəvi cəhətdən məhv etməyə çalışır. Şükür ki, vaxt o vaxt deyil və belələrinin ayrı şeyə gücü çatmır. Satqınlıqdan kim danışsa da Əkrəmin bu sözü dilinə gətirməyə heç bir  haqqı yoxdur. Ömrü boyu o kimləri satmayıb ki? Onu dost sayan adamları, həmkarlarının az-çox uğur qazananlarını, həmişə ona xeyirxahlıq göstərən dövlət adamlarını (əlbəttə onlar iş başında olmayanda), “Yazıçı” nəşriyyatını, xalqın ən layiqli nümayəndələrini və nəhayət xalqın özünü.

Bədiiliyi bəhanə edib «Daş yuxular»ına bəraət qazandırmağa  çalışmasın. Başdan-ayağa erməni maraqlarına xidmət edən, Azərbaycanlıları bütün dünya qarşısında ən pis şəkildə qələmə verən bu yazının aşağı bədii səviyyəsi də Əkrəmin özündən başqa hamıya məlumdur. Təki özü də bunu  anlasın,  xalqına və dönük çıxdığı adamlara böhtan atmasın, öz adını başqalarına qoymasın.

Vaxtiylə  “Drujba narodov” jurnalına verdiyi danosla kitabxanalarda tanış olmaq mümkündür. “Drujba narodov” №3, 1989.

Şübhəsiz bu konkret faktlara Ə.Əylisli yaxşı bacardığı söyüşlərə, təhqirlərə, böhtanlara cavab verməyə cəhd edəcək. Odur ki, bu polemikaya son qoyuruq. Bircə onu vurğulayırıq ki, bu heç də iki yazıçının davası deyil, Əkrəm Əylislinin şərlərinə və yalanlarına qarşı Yazıçılar Birliyinin  təkzibolunmaz həqiqətləridir.

 

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti

26.12.2013

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə