Təranə RƏHİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

                                                                                           NİGAR RƏFİBƏYLİ 100
POEZİYA SEVGİSİ, SEVGİ POEZİYASI

 Orta məktəb illərində bizə çağdaş milli ədəbiyyatımızın bir neçə qadın şairini tanıtmışdılar: Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün və Hökumə Billuri. Bu sıralamada adı həmişə birinci çəkilən Nigar Rəfibəylinin o zaman nə tərcümeyi-halının ağır kədər qatını bilirdik, nə yaşının gənc çağlarında siyasi rejimin təzyiqlərinə, təqiblərinə məruz qaldığından, nə də mənsub olduğu nəslin, soy-kökün əsilzadəliyi ucbatından, millətinə sədaqəti üzündən çəkdiklərindən xəbərimiz vardı. Lakin şairin o vaxt əzbərlədiyimiz bir neçə şeiri bu poeziyanın mayasında, cövhərində dərin bir ağrının, dərdin, kədərin varlığından xəbər verirdi. Şairin misralarında məharətlə «gizlənən» kədər bu şeirlərin müəllifinin çəkilməz qəm yükü daşıdığını, hansısa nisgili, həsrəti illərlə qəlbində əzizlədiyini pıçıldayırdı. 80-ci illərdə unudulmaz bəstəkar Emin Sabitoğlunun şairin sözlərinə bəstələdiyi «Neyləyim» mahnısının çox sürətlə məşhurlaşması, Akif İslamzadənin yanıqlı səsi ilə bütün Azərbaycanı evbəev dolaşması, könülbəkönül fəth etməsi də bu həzin kədərin əsrarəngiz poetik ahəngi ilə bağlı idi. «Mən işıq qızıyam, işıq övladlı» deyən şairin fotoşəkillərində, portretlərində də işıqlı çöhrəsinin nurunu bir qədər də artıran xəfif təbəssümünün altında kölgədə qalmış bu kədəri sezmək olur.

Nigar Rəfibəylidən söz düşəndə qeyri-ixtiyari şairin «Günəşdən gənclik istədim» şeiri yada düşür. Bu şeirdə zərif ruhlu şairin yaşantılarının, arzularının, xarakterinin, bütövlükdə ömür yolunun yığcam və aydın mənzərəsini görmək mümkündür:

Günəşdən gənclik istədim,

Dənizdən coşğun həvəs.

Meşədən dinclik istədim,

Küləkdən ilıq nəfəs.

Güllərdən ətir istədim,

Quşlardan iti qanad.

Yarpaqdan çətir istədim,

Ömürdən coşğun həyat.

Dağdan əzəmət istədim,

İnsanlardan məhəbbət.

Nə istədim, nə istədim –

Verdi mənə təbiət…

Allah Nigar Rəfibəyliyə hər şeyi – Ondan istədiyini də, istəmədiyini də səxavətlə vermişdi. Hamıya gün kimi aydındır ki, mənsub olduğumuz soy-kökü, doğulduğumuz ailəni seçmək imkanımız olmur. Nigar xanımın Allahdan istəmədən ona bəxş etdiyi xoşbəxtliklərdən birincisi dövrünün nüfuzlu şəxsiyyətlərindən biri, əzəmətli əsilzadə bir nəslin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə qubernatoru olmuş, Azərbaycanın ilk ali təhsilli cərrahı Xudadat bəy Rəfibəylinin ailəsində dünyaya göz açması ilə bağlı idi. Yaşadığı şərəfli ömürdə öz soy-kökünün adını əməlləri ilə, uca şəxsiyyəti ilə daha da yüksəklərə qaldıran N.Rəfibəyli şeirlərində ulu bir nəslin yadigarı olduğunu iftixarla dilə gətirir:

Mən könül mülkünün tacidarıyam,

Xəyal dünyasının şah nigarıyam.

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

İlk olaraq genlərdən, qan yaddaşından ruhuna axan kübarlıq, ziyalı ailə mühitində günbəgün zənginləşən mənəvi dünyası N.Rəfibəylinin gələcəkdə milli ədəbi şəxsiyyət kimi formalaşmasında başlıca amil rolunu oynadı. Lakin eyni zamanda, bolşevik işğalından sonra milli hökumətin səlahiyyətli nümayəndəsi kimi dərhal cəzalandırılan atasının və şanlı soy-kökünün adı müəyyən vaxt dönəmində şairi kommunist rejiminin təbliğatçılarının «diqqət mərkəzində» saxladı. N.Rəfibəylinin gənc yaşlarında yaradıcılığında milli ideologiyanı əks etdirən, «əksinqilabi mövqedən yazılmış» şeirlərinə hücum edən sovet mətbuatı onu «öz ulularının işini davam etdirən», «Musavatçı mülkədarın qızı» kimi təqib edirdi. Belə bir vəziyyətdə şairin bədii nailiyyətlərinin, sənət uğurlarının, sövet dövrü ədəbiyyatının görkəmli sənətkarlarından biri səviyyəsinə yüksəlməsinin hansı mürəkkəb situasiyaların, ziddiyyətlərin içindən keçdiyini təsəvvür etmək çətin deyil. Onun həyat yolundakı maneələri dəf etmək bacarığı isə bu maneələrdən daha güclü olan xarakteri ilə bağlı idi.

İngilis yazıçısı Cefris yazırdı: «Kamil qadın yüz əlli ildə bir dəfə yaranır.» Gözəllik – qeyri-adi işığı ilə hamını cəlb edən sima, yüksək intellekt, bədii istedad, ali zəka, evdarlıq səliqə-sahmanı, fövqəladə bir analıq duyğusu, xoş xasiyyət və s. bu kimi dəyərli keyfiyyətlərin vəhdətini nadir halda bir qadının şəxsində görmək olur. Nigar Rəfibəyli isə bu keyfiyyətlərin hamısını məharətlə öz varlığında cəmləşdirmişdi. O, gözəl qadın və şair kimi oxucularını həm çöhrəsinin nuru, həm də sənətinin işığı ilə əfsunlayırdı. Yüksək intellekti, kübarlığı, milli dəyərlərə sədaqəti, möhkəm, güclü xarakteri də bu işığa əlavə rəng çaları qatırdı. Şairin vəfatından ötən otuz ildən artıq vaxt dönəmində onun poeziyasına oxucu sevgisinin, rəğbətinin nəinki azalmaması, getdikcə daha da artması təkcə inci misraların ahəngdar düzümü, orijinal fəlsəfi yükü, məntiqi fikir axını ilə bağlı deyil, şəxsiyyət amili ilə də sıx əlaqəlidir.

N.Rəfibəyli poeziyası əzəmət, vüqar, milli qeyrət hisslərinə köklənən, Yaradana, Vətənə, təbiətə, insana sevgidən güc alan, millətinə, torpağına, «ala gözlü»sünə, övladlarına, ağaca, yarpağa, dənizə… bəslədiyi ülvi məhəbbətin qanadlarında göylərə ucalan bir poeziyadır. Bu poeziyanın əsas zinəti isə onu yaradanın qəlbindəki işıqdır. Şairin bütün şeirlərindən bu işıq selinin süzülüb keçdiyini müşahidə edirik:

Mən işıq övladı, işıq qızıyam,

Dünyanı qaranlıq görə bilmərəm.

Zülmətlə girərəm pəncə-pəncəyə,

İşıq yandıraram qara gecəyə.

«İşıqlı şeirlər»

N.Rəfibəylinin poetik dünyasının üfüqləri hüdudsuzdur, o heç bir sədd, heç bir çərçivə tanımır. Onun şeirlərinin fikir tutumu kimi mövzuları da sərhədsizdir. Şairə görə, «Güllü bir bağça da şeir ola bilər, Adi bir mətbəx də…» N.Rəfibəylinin «Mətbəx şeirləri» bu məntiqin bariz örnəyi kimi dərin təsir bağışlayır. «Mətbəx şeirləri»nin lirik «mən»i şairliklə qadınlığı bir araya sığdıran ali varlığın yaşantılarını dilə gətirir: Bu varlıq bəzən mətbəx aləmində darıxıb «səhəri dəniz qırağında qayaların üstündə açmaq», «ciyərləri dolusu dəniz havasıyla nəfəs almaq», «sahillərin gözə görünməyən səfasıyla» baş-başa qalmaq istəyir, sinəsini «səhər rüzgarına» açmaq, Abşeron dağlarına həzin nəğmələr qoşmaq arzusuyla çırpınır. Lakin ətrafına göz gəzdirib qadınlığın ayrılmaz qayğısı olan mətbəxi görür və buna təəssüflənmək yerinə «bunlar nədən şeir olmasın?» deyir. Bu orijinal yanaşma «Mətbəx şeirləri»nin əsas bədii məntiqini təmin edir:

Şeirin mövzuları

gəlməz saya –

Yalnız şair gözlərilə

Baxılarsa bu dünyaya…

N.Rəfibəylinin lirik qəhrəmanının dünyaya «kiçik mətbəx pəncərəsindən» baxan gözləri pəncərə önündəki boylu-buxunlu qovağın ilin dörd fəslində dəyişən halını izləyir, onun «əzablarla gözlədiyi» bahara sağ-slamat çıxmaq üçün şaxtayla, ayazla mübarizəsini müşahidə edir və sonda bu qənaətə gəlir:

Ürək geniş olarsa,

Xəyal dərin olarsa,

Nə arzular ölər,

nə fikir sönər…

Könüldə bir işıq,

bir atəş varsa,

Balaca bir mətbəxdən də

böyük bir dünya görünər…

«Mətbəx şeirləri»

Elə bir şair tapmaq olmaz ki, vətənə şeir həsrət etməsin, doğulub boya-başa çatdığı torpağı, yurd yerini, yaşadığı doğma şəhəri, ölkəni vəsf etməsin. N.Rəfibəylinin poetik yaradıcılığında da vətən sevgisi zirvədə yer alır, vətən qoxulu misralar üstünlük təşkil edir. Şair vətəni yalnız gözəlliklərindən zövq aldığı üçün, səfalı təbiətində dincəldiyi üçün sevmir, o, qürbətdə vətənin hər halı üçün qəribsəyir, Bakının Qara şəhəri üçün də, «əsəbi» küləkləri üçün də darıxır:

Qəribsəyir könlüm bu axşamüstü,

Gözəl mənzərələr qalır geridə.

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də!

«Qürbətdə axşam»

Şairin təkcə vətən mövzusunda yazdığı şeirlərdə deyil, məhəbbət, müharibə, təbiət və siyasi lirikasında da Vətən obrazı aydın görünür. «Komandan», «Əlvida», «Borcluyam», «Təranə qucağında bizə bahar gətirdi», «İnsan hərarəti», «Yaxşı yol», «Düşmən güllə yağdırırdı işığa», «Dənizdə bir qız çimirdi», «Eşq olsun» şeirləri müxtəlif mövzuları əhatə etsə də, onların hər birində Vətən sevgisiнин izharı var. Məsələn, «Əlvida» şeirində şairin lirik qəhrəmanı istirahət etdiyi Baltik sahilləriylə vidalaşır, «suda qanad açan yelkən»ə, qumda qalan ayaq izlərinə, dənizdən əsən rüzgara, «sahilə düzülən qağayılar»a, «yollara tökülən xəzəl»ə, şimalın «soyuq təbiətli gözəl»inə «əlvida» deyir. Lakin bu ayrılıqda kədər motivi yoxdur. Çünki bu ayrılıq vüsala yol açır, lirik qəhrəmanı başqa bir dənizə – doğma şəhərdəki Xəzərə qovuşdurur:

Baltik dənizinin qumlu sahili,

Əlvida, xoş keçdi sizdə günlərinm…

Bir başqa sahilə gedirəm indii,

Gözləyir həsrətlə məni Xəzərim.

«İnsan hərarəti» şeirində də şimalın soyuğunda darıxan, qürbətin qış mənzərələrindən zövq almayan lirik qəhrəman vətən həsrətini dilə gətirir:

Cənubda Xəzər sahilində qalıb

fikrim, xəyalım.

Bakının iliklərimə işləyən

Əsəbi küləklərini istəyirəm.

Axşamları boz dumana bürünən

Qaraşəhəri istəyirəm.

Dağüstü parkdan Bayıl burnuna qədər

Muncuq-muncuq düzülən

çıraqların işığını görürəm.

Bakının

axşam yaraşığını görürəm.

Məhəbbət mövzusunda yazılmış «Yaxşı yol» şerinin lirik qəhrəmanı isə səyahətləri sevən, tez-tez uzaq ölkələrə səfərə çıxan sevgilisinə uğurlu yol arzulayır, lakin ondan zərif bir təmənnası var:

Hara gedirsən get,

Mənim vətənə bağlı ürəyimiı

Getdiyin uzaq yollara

Aparma, əzizim, aparma.

Nigar Rəfibəylidən danışanda onun bədii ilhamının mənbəyində yer alan, poetik hisslərinin, düşüncələrinin zirvəsini fəth edən Rəsul Rza sevgisindən bəhs etməmək mümkün deyil. Rəsul Rzanın layiqli bir ömür-gün yoldaşı, qəlb həmdəmi, sənət dostu kimi N.Rəfibəylinin həyatında və ədəbi fəaliyyyətində önəmli rolu danılmazdır. Rəsul Rza sevgisi Nigar xanımın yaradıcılığını zinətləndirmiş, şairin ölməz sənət örnəklərinin yaranmasına səbəb olmuşdur. N.Rəfibəyli lirikasının şah əsəri olan «Neyləyim» öndə olmaqla, şairin ülvi məhəbbət ətirli bütün misraları bu sevgidən qidalanıb, sonsuz səmimiyyəti ilə ürəklərə yol tapıb.

Ümumiyyətlə, ədəbiyyat tariximizdə silinməz izlər qoymuş hər iki böyük sənətkarın bir-birinin yaradıcılıq imkanlarının genişlənməsində, poetik dünyasının zənginləşməsində, eləcə də möhtəşəm sənət uğurlarına yol açmasında qarşılıqlı xidmətləri olmuşdur. Nigar Rəfibəyli Rəsul Rzanın «könül mülkü»nün «şah nigarı» olduğunu bilir və bunu son dərəcə zərif poetik deyimlə şeirlərində ifadə edirdi. Rəsul Rza poeziyasında Nigar Rəfibəyli obrazı həmişə aydın görünür. Ədəbiyyatşünas-tənqidçi Gülrux Əlibəylinin müşahidə etdiyi kimi, «Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və insə duyğular tərənnüm edən poeziyası nəinki milli ədəbiyyat tariximizdə möhkəm yer tutmuş, eyni zamanda böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığına əsaslı təsir etmişdir.»
N.Rəfibəylinin böyük qadın ürəyi, şəfqətli ana qəlbi vardı. Bu qəlb təkcə üç övladı üçün döyünmürdü, yalnız onların gələcəyi üçün narahat deyildi, bütünlükdə millətinin övladlarına sevgiylə, qayğıyla dolu idi. Şairin dostlarının, həmkarlarının, müasirlərinin dərdlərinə, könül ağrılarına misilsiz qadın-ana qayğısı onlarla şeirlərində öz bədii əksini tapıb. Dost itkisinə ürəkdən yanan, dost kədərinə bütün qəlbiylə həmdərd olan şairin «Şair Hüseyn Arifə», «Müşkünaz xanımın əziz xatirəsinə», «Rəfiqəm mənim», «Sənin», «Musa» adlı şeirləri bu qəbildəndir. Müşkünaz xanıma ünvanladığı şeirdə böyük Cavidin ilham məbədinin həyata gözlərini yumması acı bir tarixi şairin yadına salır. N.Rəfibəyli tarixin vərəqlərində gizlətdiyi 37-ci il faciəsinin acı nəticələrinin zaman-zaman millətimizin qəlbini göynədəcəyini, bu dəhşətli tarixin əsrin vicdanında qara ləkə kimi qalacağını ürək ağrısı ilə yazır. Müşkünaz xanımın timsalında 37-ci il qurbanlarının ailəsinin yaşadığı dəhşətləri təsirli poetik dillə oxuculara çatdıran şair H.Cavidin ömür-gün yoldaşının ölümünü dövrə, zamana ağır töhmət hesab edir:

Əsrin vicdanında qalar bu ləkə,

Adsız şəhidlərin tökülən qanı,

Soyuq vicdanları oyadar bəlkə,

Oyadar qanlara batan dünyanı…

Dünyadan cəfakeş bir ana getdi,

Ağır töhmət qoyub zamana, getdi.

«Müşkünaz xanımın xatirəsinə»

1977-ciildə xalq şairi Hüseyn Arif yeganə oğlu Arifin gənc yaşda vəfatıyla sarsılanda sənət dostları şeirləriylə şairin yaralı ürəyinə məlhəm qoydular. Nigar Rəfibəyli «Şair Hüseyn Arifə» və «Sənin» adlı iki şeirilə şairin bu ağır günlərində dərdinə təsəlli oldu. Gənc Arifin erkən ölümünə ürəkdən yanan, ana qəlbi sızlayan şair yazır:

Bir damcı təsəlli olsaydı sənə,

Bir dərya göz yaşı axıdardım mən,

Başının üstündən qara buludu

Qəlbimin ahıyla dağıdardım mən.

«Şair Hüseyn Arifə»

«Qoy şair ilhamı çatsın dadına», «Təsəlli yazdığın şeirlər olsun» – deyə şair dostunu qələmə sarılmağa, dərdini sözlə ovutmağa, «sənət sarayına daş qoyaraq», Arifin adını şeirlərdə yaşatmağa səsləyir.

N.Rəfibəylinin şair xəyalları, ana arzuları, qadın ümidləri… ümman qədər geniş, səma qədər sonsuzdur. Bir şeirində «arzularım böyük, meydan darısqal» deyir. Bu sovet rejiminin millətimiz üçün daraltdığı meydandırmı, yoxsa daha dəhşətli müharibələrin anaları gözüyaşlı qoyduğu, soyuq silahların bəşəriyyəti məhv olmaq təhlükəsinə sürüklədiyi siyasi oyunlar meydanıdır?! Bu sualın cavabını şairin bütünlükdə poeziyasında axtarmaq lazımdır. Bir həqiqət isə aydındır ki, şairin yaşadığı dövr, bu dövrün amansız qanunları həqiqətən onun yaradıcılıq meydanını daraltmış, təkcə yazıçı Anarın qeyd etdiyi kimi, «analıq vəzifəsi, böyük evin qayğıları» deyil, siyasi rejim də «yaza biləcəklərinin yüzdə birini yazmasına» imkan verməmişdir.
…Nigar Rəfibəyli möhtəşəm söz dünyasına, sənət adlı müqəddəs aləmə – daxili mənəvi tələbatla, bədii istedadın təhrikilə və böyük poeziya sevgisi ilə qədəm qoymuşdu. Elə buna görə də dövrünün bir çox mötəbər sənət mükafatlarını, fəxri adlarını almasına rəğmən, təravətli bədii yaradıcılığının ən böyük şöhrət tacı, ən ali mükafatı heç vaxt qocalmayan, zaman keçdikcə dəyərini daha da artıran xalq sevgisi oldu. Tarix sənətkara verilən fəxri adları, mükafatları zaman keçdikcə yaddaşlardan silə bilir, unutdurur, lakin əsil sənətin qəlblərdə yandırdığı işığı əsrlərin tufanı da söndürə bilmir. Əksinə, bu işıq getdikcə istisini, nurunu daha da artırıb sönməz məşələ çevrilir, könüllərin mənəviyyata gedən yolunu aydınladır. Poeziya sevgisindən doğulan, sevgi poeziyası ilə qəlblərdə əbədiyaşarlıq hüququ qazanan Nigar Rəfibəylinin şeiriyyət dünyası kimi…

 

ƏDƏBİYYAT:

  1. Rəfibəyli N. Seçilmiş əsərləri. I cilddə. Bakı: «ŞƏRQ-QƏRB», 2004.
  2. Rəfibəyli N. Seçilmiş əsərləri II cilddə, Bakı: Azərnəşr, 1993.
  3. Rəfibəyli N. Bir həzin axşamda düşsəm yadına. Bakı: Gənclik, 1982.
  4. Rəfibəyli N. Bizə bahar yaraşır. Bakı: Gənclik, 1978.
  5. Rəfibəyli N. Günəşdən gənclik istədim. Bakı: Gənclik, 1974.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə