“Berceste” aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Azərbaycanın görkəmli şairəsi Nigar Rəfibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş Türk Dünyası Ədədbiyyatı adlı xüsusi buraxılışı (2013-cü il, dekabr, 138-ci sayı) işıq üzü görmüşdür. Dərginin redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur.Dərginin üz qabığında Azərbaycan poeziyasının istedadlı, bənzərsiz şairi, ustad sənətkar Nigar Rəfibəylinin rəsmi verilib.Nigar Rəfibəylinin xatirəsinə həsr olunan dərgi İmdat Avşarın tərcüməsində şairənin “Vida”, “Ayrılıq”, “Neyləyim”, “Rəfiqəm mənim”, “Dağları duman alanda”, “Qəzəl”, “Müşkinaz xanımın əziz xatirəsinə” şeirləri ilə başlanır.“Azərbaycan ədəbiyyatı” bölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılın, Zaur Qəriboğlunun, Fərid Hüseynin, Vaqif Aslanın, Vaqif Məmmədovun, Günel Mövludun, Dilqəm Əhmədin, Rafail Tağızadənin, Ramiz Əsgərin, Vaqif Bəhmənlinin, və başqalarının şeirləri yer alıb.Anadan olmasının 100 illiyi münasibətilə Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi İmdat Avşarın və Ömər Küçükmehmetoğlunun tərcüməsində nəşr olunub.
Bölmədə həmçinin Anarın “Yaxşı padşahın nağılı” povesti, Günel Anarqızının “Şuşam” hekayəsi, Pərvin Nurəliyevanın “Turbo Tima” hekayəsi, Aydın Tağıyevin “Adəm kişinin oğlu” hekayəsi, Afaq Şıxlının “Bir ömrün son gecəsi” hekayəsi, Şərif Ağayarın “Anaxanım” hekayəsi, Sahilə İbrahimovanın “Mən deyildim” hekayəsi, Əjdər Olun tanınmış şəxsiyyətlər haqqında lətifələri oxucuların müzakirəsinə verilib.
Dərgidə Türkiyə ədəbiyyatından Əli Akbaşın “Quş süfrəsi” şeiri, Bəkir Oğuzbaşarın “Türkiyədən Türkistana” şeiri, Ömər Küçükmehmetoğlunun “Arayış” şeiri, Mehmet Qaradaşın “ Türklüyün dərin mənasını axtararkən türkologiyaya və dastanlara baxmaq” elmi məqaləsi işıq üzü görüb.
Xüsusi buraxılışda Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Krımdan, Özbəkistandan, Dağıstandan, Krımdan, Uyğur bölgəsindən, Tuvadan, Başqırdıstandan, Tatarıstandan olan yazarların, şairlərin, elm adamlarının əsərləri oxuculara çatdırılır.
“Berceste” aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin Nigar Rəfibəylinin xatirəsinə həsr olunan Türk Dünyası Ədəbiyyatı Xüsusi buraxılışında Azərbaycan, başqırd, qazax, qırğız, Krım tatarı, Kazan tatarı, özbək, qaraçay, tuva, türkmən dillərindən əsərləri Türkiyə türkcəsinə İmdat Avşar, İbrahim Türkxan, Saliyə İbrahimova, Ufuk Tavkula, Abdulbahab Kara, Geyruzə Qaripova, Ömər Küçükmehmetoğlu, Xalid Aşlar, Tolqonay Temirkanov tərcümə etmişlər.
Məlahət Qənbərova