Yanvarın 24-də ADİL MİRSEYİDİN 2-Cİ FƏRDİ SƏRGİSİ KEÇİRİLƏCƏK

 

Yanvarın 24-də saat 19.00-da tanınmış sənət adamı – şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq. Beləki Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.

İşadamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatılacağı “satış-sərgi”yə bütün maraqlananlar dəvətlidir.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri millət vəkili Qənirə Paşayeva ümidvar olduğunu bildirib ki, sənətsevər ictimaiyyətimiz Adil Mirseyidin gözəl sənət əsərlərini seyr etməyə və onları ailələrinə, doğmalarına hədiyyə etmək üçün sərgiyə gələcək, öz dəstəklərini göstərəcəklər. Hər kəs dəvətlidir.

Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında (Azərbaycan prospekti 11/19 – “Türk Hava Yolları”nın mərkəzi ofisi, DİN və Mərkəzi Univermağın yaxınlığı) keçiriləcək (Başlanır: saat 19.00).

Azərbaycan Yazıçılar Birliyinin üzvlərini tanınmış rəssam və şair Adil Mirseyidin sərgisinə dəstək olmağa dəvət edirik!
AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə