Milan, 11 fevral (AzərTAc). İtaliyanın Milan şəhərində bu ölkədə fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Cüzeppe Verdi adına Konservatoriyanın birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasına həsr olunmuş konsert proqramı təqdim edilmişdir.


Assosiasiyanın sədri Mais Nuriyev və konservatoriyanın professoru, bəstəkar Davide Qualtyeri çıxış edərək konsertin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına töhfə verəcəyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, azərbaycanlı incəsənət xadimlərinin İtaliyanın müxtəlif şəhərlərində keçirilən bu cür tədbirlərdə iştirak etmələri xalqlarımız arasında mövcud sıx əlaqələrin bariz nümunəsidir.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qoca konsertin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, belə bir tədbirin keçirilməsi İtaliya ictimaiyyətinin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olması üçün yaxşı imkan yaradır.
Konsertdə Azərbaycanın xalq şairləri Səməd Vurğunun, Məmməd Arazın və Fikrət Qocanın şeirləri Davide Qualtyeri tərəfindən bəstələnmiş musiqi ilə müşayiət olunaraq tamaşaçılara italyan və Azərbaycan dillərində təqdim edilmişdir.
Həmçinin Bakıdan gələn musiqiçilərin milli alətlərimizdə ifası Milanın məşhur Akademik Rəqs üzrə Müəllimlər Assosiasiyasının tələbələrinin Mais Nuriyevin xoreoqrafiyası əsasında hazırlanmış rəqsləri ilə müşayiət olunmuşdur.
Konsert proqramı Fikrət Qocanın “Vals” şeirinin Milanın Cüzeppe Verdi adına Konservatoriyasının tələbələri tərəfindən xorla ifası ilə başa çatmışdır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Cüzeppe Verdi adına Konservatoriyanın prezidenti xanım Mariya Qratsiya Mazokki, ölkəmizin İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abuşova, professorlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Milan

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə