“Kitabçı” jurnalı gələn həftədən satışda olacaq. Məzmunu və formatı etibarilə olduqca yeni, yenilikçi bir sənət,ədəbiyyat, kitab dərgisidir. Jurnalın redaksiya heyətində, müəllifləri sırasında çağdaş Azərbaycan ədəbiyyatının ən yeni və ən istedadlı imzaları var. Aylıq rəngli nəşr olan “Kitabçı” hansı zərurətdən yarandı? Nə kimi hədəfləri var? Bütün bu suallarla bağlı jurnalın baş redaktoru Səlim Babullaoğluya müraciət etdik.
-Ondan başlayım ki, bizdə şükür Allaha jurnal çoxdur, özü də qlamur jurnallar daha çoxdur. Üz qabıqlarında da ya model-müğənni şəkli, ya da maşın... Yox, biz bunun əleyhinə deyilik. Sadəcə faktdır bu. Və həmin jurnalların arasında çox az qism nəşr var ki, ədəbiyyata, kitaba , yaxud söz sənətinə layiqli yer ayırır. Əgər o nəşrləri vərəqləsəz görərsiz ki, kitab və əhli-kitab orda ögey uşaqlar kimi küncə qoyulub. Üstəgəl, bizdə yazıçıların və kitabla bağlı adamların qəribə, bir qədər miskin, uğursuz obrazı var. Belə bir klişe var cəmiyyətdə. “Kitabçı” nın yaranma səbələrindən başlıcası bunun belə olmadığını anlatmaq və göstərməkdir. Başqa tərəfdən kitabla bağlı, kitaba yer ayıran əksər nəşrlər bir neçə baxımdan zövqsüzdür, müasir dərgiçilik ənənələri baxımdan qənaətbəxş deyil və bəlkə də az əvvəl dedyim klişeni yaradan səbəblərdən biri də budur. “Kitabçı” həm də bu klişeni dağıtmaq üçünür.
Ktabla əlaqəli adamlar-istər yazarlar və alimlər olsun, istər naşirlər, istər rəssamlar olsun, istər redaktorlar, cildçilər, dizaynerlər- bu adamlar hörmətəlayiq, ciddi və dəyərli adamlardır. Daha bir səbəb, belə deyək kitab bazarına təklif olunan kitabları saf-cürük edə biləcək ekspertlər qrupunun formalaşması məsələsidir ki, bu da vacib məqamdır. Normal yazar-naşir münasibətlərinin formalaşması, sivil hala gəlməsi məsələsi bu səbəblər sırasındadır . Çünki “Kitabçı” təkcə jurnal deyil, eyni zaman da kitablar nəşr edəcək müəssisədir. Göründüyü kimi bizim səbəblərimiz və hədəflərimiz bir deyil.
-Kollektiv, komanda haqqında məlumat verin, kimlərlə işləyəcəksiz, işləyirsiz?
Ondan başlayım ki, jurnalın şef-redaktoru tanınmış ədəbiyyatşünas, eyniz zamanda olduqca peşəkar redaktor Seyfəddin Hüseynlidir və mətnlərlə işlmək kimi ağır yük məhz onun boynundadır. Koordinasiya işləri ilə redaktorlardan biri kimi istedadlı yazıçı və şair Fərid Hüseyn məşğuldur. Ümumiyyətlə isə çağdaş ədəbiyyat və sənət mühitimizin çox istedadlı imzaları- Zahir Əzəmət, Tehran Əlişanoğlu, Mahir Qarayev, Qismət, Aygün Aslanlı, Xəyal Rza, Rəbiqə Nazimqızı, Ceyhun Əli kimi yazarlar, ekspetlər, məsləhətçilər qrupumuz var. Jurnalın yaradıcı işində tanınmış yazıçı, eyni zamanda vaxtilə “Press fakt” kimi maraqlı qəzetin yaradıcısı olmuş Məqsəd Nur yaxından iştirak edir.
Bizim jurnalla Polşa, Rusiya, Türkiyə, Ukrayna, Böyük Britaniya, İran, Gürcüstan , Yaponiya kimi ölkələrdən daimi yazı yazanlar olacaq. Artıq yazırlar. Özü də bu adamlar öz ölkələrinin tanınmış adamlarıdır, mütəxəssisləridir.
İnanıram ki, bizə qoşulanlar çox olacaq.
-İnternet əsrində kitabdan danışan kağız jurnal... Bir qədər çətin olmaz?
- Yox, məncə. Başqa qəzetlər , jurnallar çıxırsa demək bu məsələ o qədər də aktual deyil. Niyə çətin olsun ki? Bir də biz yalnız kitabdan danışmayacayıq. Bilrisiz, bu kitabçılar, yazıçılar, ciddi ədəbiyyatçılar qədər maraqlı adamlar yoxdur. Onalrın yalnız ədəbiyyatla bağlı deyil, həyatın bütün sferaları ilə bağlı olduqca maraqlı görüşləri, düşüncələri var. Məsələn mən hərdən bu qlamur jurnalları vərəqləyirəm, ordakı reklam mətnlərinə baxıram və təəsssüf hissi keçirdirəm. O gün bir ayaqqabı reklamına baxıb italyan yazıçısının sözünü xatırladım. O deyirdi ki, yaxşı əsər yaxşı ayaqqabı kimidir, əzilmiş kağız topasını sevmir. Bilirsiz də, təzə ayaqqabılarda içərisinə kağız qoyurlar. Ayaqqabı geyildisə, o kağız atılmalıdır. Kitab varsa-artıq əlyazma da yoxdur, əzilmiş kağızlar yoxdur. O atılır, lazımsız olur. Məsələn niyə reklamda belə hazırcavab deyimlərdən istifadə olunmasın.Yaxud Kafkanın sığorta və vəkillər haqqında o qədər deyimi var ki. Yəni, bunları deməkdə məqsədim odur ki, biz həyatımzın hər sahəsinə kitabın, kitabçıların eynəyindən baxacayıq. Reklama da, mətbəxə də. İnanıram ki, “Kitabçı” maraqlı kreativ layihə olacaq.
Söhbətləşdi : Xəyalə