Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə Kürdəmir şəhərində oxucuların görüşü keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan görüş 3 saata yaxın davam edib. Aprel ayının 3-də Çingiz Abdullayev və AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Kürdəmir şəhərində olublar. Öncə Kürdəmir şəhər İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Xalq yazıçısını qəbul edib. İcra başçısı görüş zamanı kürdəmirlilərin yazıçıya böyük rəğbətindən söz açıb. Daha sonra Heydər Əliyev Mərkəzində Çingiz Abdullayevin 55 yaşı münasibətilə hazırlanmış tort kəsilib. Sonra görüş başlayıb. AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirin aparıcılığını muzeyin Aran regional şöbə müdiri, jurnalist Yaqut Bahadurqızı həyata keçirib. Yaqut xanım Xalq yazıçısının həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verib. Qonaqların arasında Çingiz Abdullayevin bir neçə kitabının tərcüməsini etmiş Təbəssüm Muxatrova da olub. Oxucuların böyük marağına səbəb olan görüşdə Cingiz Abdullayev çıxış edib. Səhnədə qurlaşdırılmış monitorda Xalq yazıçısının romanları əsasında çəkilmiş bir neçə filmdən fraqmentlər göstərilib. Oxucuların böyük əksəriyyəti söz alaraq Xalq yazıçısına sevgilərini bildiriblər. Bir xanım oxucu isə Çingiz Abdullayevin 93 kitabını oxuduöunu böyük sevinc hissilə dilə gətirib.